Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-310/2023 10.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Ələskər oğlunun iştirakları ilə, xx xxxxx 1984-cü il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvəllər Şirvan Şəhər Məhkəməsinin 12 iyun 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 32.5 177.2.1, 32.5 177.2.3-cü maddələri ilə 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 15 oktyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Şirvan şəhəri, G.Mehmandarov küçəsi dalan 4, ev 2-də qeydiyyatda olmaqala tutulana qədər həmin ünvanda yaşamış, Şirvan Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 4(032)- 373/2022 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-37,092 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və Şirvan Şəhər Polis Şöbəsinin Cinayət-Axtarışı Bölməsinin əməkdaşlarının 19 noyabr 2022-ci il tarixdə, saat 12:15 radələrində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Şirvan şəhəri, G.Mehmandarov küçəsində hərəkət edən zaman saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 13:20-də şəxsi axtarış aparılan zaman üzərində satış məqsədi ilə qanunsuz saxladığı külli miqdarda-37,092 qram narkotik vasitə heroin əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmiş, polis əməkdaşları onu 19 noyabr 2022-ci il tarixdə Şirvan şəhəri, G.Mehmandarov küçəsi dalan 4, ev 2-də olarkən həyətinə daxil olaraq tutmuşlar, Şirvan Şəhər Polis Şöbəsinə aparmışlar, cinayət işinin materiallarında onun küçədə gəzərkən əynində olan cins şalvarının balaca cibində böyük bükümdə narkotik vasitə ilə tutulmağı ilə bağlı hissələr yanlışdır. Polislər onu Polis Şöbəsində aparıb orada 1 il 1 aydı çöldə qalmağını, CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilərək həbs olunmalı olduğunu bildirmişlər, etiraz etdikdə başqa cür mümkün olmadığını, Polis Şöbəsindən CM-nin 234.1-ci maddəsi ilə ittiham verilib gedən olmadığını demişlər. Polislər ona görə onu tutmuşlar ki, əvvəllər polislər tərəfindən tutulanda ailə üzvləri polislərdən dövlət orqanlarına şikayət etmişlər, həmin şikayətlərdən sonra polislərin onunla ədavəti olmuşdur. Məhkəmədən ona ədalətli cəza verilməsini xahiş edir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, polislər tərəfindən saxlanılarkən faktiki olaraq üzərində narkotik vasitə olmamış, əvvəllər narkotik vasitə istifadə etmişdir. Cinayət işi materiallarında olan üzərimdə şəxsi axtarış aparılan zamanı etirafedici ifadələr verməyi, o cümlədən cibindən narkotok vasitə çıxararaq polislərə təqdim etməyilə bağlı onu deyə bilmişdir ki, polislər- Şahid2, Fariz və digərləri ona 1 kq narkotik vasitəni aparıb evinə qoyacaqları ilə hədələmişlər, buna görə onların dedikləri ilə razılaşmışlar. İbtidai istintaq zamanı üzərində olan narkotik vasitəni tapmağı ilə bağlı ifadəni hədə altında vermiş, həmin təzyiq nəticəsində alınan ifadədir. Üzərində iran pul vahidi olmuş, müxtəlif dövlətlərə məxsus pul vahidləri kolleksiyası vardır. Əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə 2021-ci ildə cəzası çəkib azadlığa çıxmışdır. Əvvəllər həbs olunanda polislərdən ailə üzvləri tərəfindən dövlət qurumlarına şikayətlər edilməsi polislərin ona olan ədavətinə səbəb olmuşdur. Əvvəllər narkotik vasitəyə görə məhkumluğunun olması, eyni zamanda narkotik vasitə istifadəçisi olduğu üçün özünü CMnin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Elan edilmiş şəxsi axtarış keçirilməsi və maddi sübutun götürülməsi protokolla bağlı bildirmişdir ki, üzərinə şəxsi axtarış keçirilən zamanı aparılan videoçəkilişdən qabaq polislər ona Şirvan Şəhər Polis Şöbəsində hədə-qorxu gəlmişlər və buna görə də videoçəkilişdə polislərin dediyi hərəkətləri etmək məcburiyyətində qalmışdır. Polislər tərəfindən döyülməyi faktı ilə Şirvan Şəhər Prokurorluğuna izahatını vermiş, məhkəmə tibbi ekspertizasından keçirilmiş və barəsində ekspert rəyi də verilmişdir. Şirvan Şəhər Prokurorluğunda qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından məhkəmə nəzarəti qaydasında şikayət etməmişdir. Şirvan Şəhər Prokurorluğunda qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul olunmuş qərarda qeyd edilmiş məhkəmə-tibbi ekspertizasının 26 dekabr 2022-ci il tarixli, 2943 nömrəli ekspert rəyi ilə bağlı bildirmişdir ki, ekspert onu müayinə etmiş, o cümlədən İstintaq Təcridxanasında qəbul olunarkən müayinə olunmuş, əməliyyatçılar və prokurorluq izahatını almış, bədəni üzərində heç bir xəsarətin olmamasının rəydə qeyd olunmamasının səbəbini bilməmişdir. Elan edilmiş izahatı ilə bağlı isə izahata qol çəkdiyini, oxumadığını, vəkilinə döyülməyi ilə bağlı heç nə demədiyini, Şirvan şəhər prokurorluğuna izahat versə də heç bir xeyrinin olmadığını bildirmişdir. Şahid1 Qabil oğlu onu polis şöbəsində döyməmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, 21 noyabr 2022-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilərkən özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilmiş, heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə almamış, uzun müddətdir narkotik vasitə heroin istifadə etmiş, əvvəllər məhkum olunmuşdur. 19 noyabr 2022-ci il tarixdə səhər saatlarında yaşadığı məhlədə gəzərkən yerdə bir ədəd sellofan büküm görmüş və həmin büküm diqqətini cəlb etdiyi üçün onu yerdən qaldırıb içinə baxmış, bükümün içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Özü heroindən istifadə etdiyi üçün həmin bükümü cibinə qoymuşdur. Həmin gün saat 12 radələrində yaşadığı küçədə piyada hərəkət edərkən bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitələrin gəzdirilməsində şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparacaqlarını demişlər. Üzərində heroin olduğu üçün buna etiraz etmiş və polis əməkdaşları onu Şirvan Şəhər Polis Şöbəsinə dəvət etmişlər, etiraz etməmiş və polis əməkdaşları ilə Şirvan Şəhər Polis Şöbəsinə getmişlər. Polis şöbəsində Təhqiqat Bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bir müddət sonra vəkil İlqar Tapdıqov gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyini təklif etdikdə, o əynində olan açıq mavi rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən 215000 İran İslam Respublikasının pulu olan tümən aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş İran İR-nın 215000 tüməni isə xarici pulların kolleksiya kimi yığmağının həvəskarı olduğunu və bu səbəbdən həmin pulları üzərində saxlamışdır. Bundan başqa üzərindən hər hansı bir narkotik vasitə və ya psixotrop maddə, həmçinin qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq təqdim etdiyi narkotik vasitə heroini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra təqdim etdiyi narkotik vasitə heroin təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Protokol tərtib olunmuş, bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o tutulan zaman üzərində heroin olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu, döyüldüyü üçün o, üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu bildirmişdir. Əslində üzərində heroin aşkar olunmamışdır. Ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin narkotik vasitədən istifadə etdiyi üçün özünü təqsirli bilir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis şöbəsinə gətirilən zaman üzərində narkotik vasitə olmadığını, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olunduğunu, döyüldüyü, zor tətbiq olunduğunu, üzərindən-cibindən çıxan narkotik vasitənin ona məxsus olduğunu deməyini tələb etdiklərini, polislər tərəfindən zorla üzərinə narkotik vasitə qoyulduğunu, üzərində şəxsi axtarış keçirilən zaman aparılan videoçəkilişdə dediyi xüsusatları polislər işgəncə verdikdən sonra olmuş hadisələr barədə qorxduğundan müdafiəçisinə məlumat verə bilmədiyini dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid1 Qabil oğlu ifadəsində göstərmişdir ki, 19 noyabr 2022-ci il tarixdə xidmətdə olarkən Şirvan şəhəri, G.Mehmandarov küçəsi dalan 4, ev 2-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitələr əldə edib üzərində saxlamaqla, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı o, İTB-nin sahə polis nəfəri Şahid2 və TB-nin təhqiqatçısı X4 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra həmin gün saat 12:15 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, G.Mehmandarov küçəsinə getmişlər. Həmin yerdə olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim edib, barəsində qanunsuz yolla narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirərək, sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs ilk öncə yayınmaq istəsə də, sonra etiraz etməyib onlarla birlikdə Şirvan Şəhər Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində raportla rəhbərliyə müraciət etdikdən sonra raport üzrə araşdırma aparılması Təhqiqat Bölməsinə həvalə olunmuşdur. Təhqiqat Bölməsində təhqiqatçı Xalid Bunyadov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş və vəkil gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı sonuncunun üzərindən 215000 tümən (iran pulu) aşkar olunmuşdur. Bundan başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini sellofan bükümdə yaşadığı evin yaxınlığında yerdən tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Verilən suallara cavab olaraq Şahid1 Qabil oğlu həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı dəfələrlə məlumat daxil olmuş, lakin Təqsirləndirilən şəxs narkotik vasitələri satdığı şəxslər tərəflərindən müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində narkotik vasitə olunmuşdur. Təqsirləndirilən şəxs evində tutmamışlar, sonuncunu evinin yaxınlığındakı küçədə saxlamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis baş serjantı Şahid2 Şahid1 Qabil oğlu ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq edərək eyni məzmunlu ifadə verib, məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması və dövriyyəsinə dair şübhələrin olması və buna görə Şirvan ŞPŞ-nə gətirilməsi haqqında 19 noyabr 2022-ci il tarixli raport, sonuncunun üzərində şəxsi axtarış keçirilməsi barədə protokol və həmin protokola əlavə edilmiş video disk iş üzrə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın keçirilməsinin əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrində və təqsirləndirilən şəxsin öz ifadəsində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (səh. 4-6; 11,30-32). - “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:10-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 26-27). - “şəxsi axtarış və götürmə aparılması haqqında” 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə olan heroinin olduğunu, onu yaşadığı evin yaxınlığında yerdən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir (i.v. 30-32). - məhkəmə kimyəvi ekspertizasının 20 noyabr 2022-ci il tarixli, 18/1242 nömrəli rəyindən görünür ki, «…Təqsirləndirilən şəxs üzərindən …» sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə, təmiz çəkisi 37,092 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir (i.v. 38-40). - “cinayət əməlinin tövsif olunması barədə” 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə tövsif edilmişdir (i.v 53-54). - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 55-56). - Şirvan şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il traixli, 4(032)-373/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 noyabr 2022-ci il tarixdən hesablanmışdır (i.v. 72-73). - Şirvan şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il traixli, 5(032)-176/2022 nömrəli qərarından görünür ki, Şirvan Şəhər Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında 19 noyabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir (i.v. 99-100). - “sübutların qiymətləndirilməsi haqqında” 18 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən, yaşadığı mənzildən aşkar olunmuş və tədqiqatdan sonra ümumi çəkisi 36,992 qram qalan narkotik vasitə heroin sübut kimi tanınmış və saxlanılması üçün Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir (i.v. 130-138). - məhkəmə-narkoloji ekspertizasının 23 yanvar 2023-ci il tarixli, 332 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 128-129). - Şirvan ŞPŞ-nin əməliyyat tapşırığına verilmiş 16 dekabr 2022-ci il tarixli cavabında görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə əməliyyat məlumatları və məxfi agentlərdən əldə olunmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən olunmuşdur (i.v. 72-73). - “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X11 03 dekabr 2022-ci il tarixli, 1246 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMX-nın narkoloji kabinetində “Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatdadır (i.v. 93). - “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X11 05 aprel 2023-cü il tarixli, PHŞ-6-35/2- 155/2023 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMX-nın PHŞ-in ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -Məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması, üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Qabil oğlu və Şahid2 ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a) şəxs CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b) şəxs belə hərəkətləri qanunsuz etməlidir; c) narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları” nın müvafiq bəndlərinə əsasən heroin narkotik vasitə, metamfetamin isə psixotrop maddə hesab edilir. Həmin “Siyahılar”da İ Siyahının 5-ci bəndinə əsasən heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi isə 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş heroinin ümumi çəkisinin külli miqdarda olması, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının olması onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onun qeyd edilən kütlələri satış məqəsi ilə qanunsuz əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrində, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə bildirdiklərini iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı” “Bobek Polşaya qarşı” və Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. - Bundan əlavə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı zor tətbiq olunduğu, döyüldüyünü, üzərindən-cibindən çıxan narkotik vasitənin ona məxsus olduğunu deməyini tələb etdiklərini, üzərindən aşkar olunan narkotik vasitənin onun olmadığını, polislər tərəfindən zorla üzərinə qoyulduğunu, üzərində şəxsi axtarış keçirilən zaman aparılan videoçəkilişdə dediyi xüsusatları polis əməkdaşları tərəfindən döyüldüyü üçün deməsi barədə etirafedici ifadə verməsi barədə göstərdiyi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materiallarında olan Şirvan Şəhər Prokurorluğunun 06 yanvar 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2022-ci il tarixli, xx/xx-5660 nömrəli xüsusi məlumatda 22 noyabr 2022-ci il tarixdə, təxminən saat 15:15 radələrində Şirvan ŞPŞ-nin MSY-nin əməkdaşları tərəfindən təhvil verilən Təqsirləndirilən şəxs izahat verilən zaman Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən döyüldüyünü bildirməsi qeyd edilmiş, həmin məlumat əsasında aparılan araşdırma zamanı alınmış məhkəmə-tibbi ekspertizasının 26 dekabr 2022-ci il tarixli, 2943 nömrəli rəyində Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarətin aşkar edilmədiyi qeyd edilmiş, Təqsirləndirilən şəxsə Şirvan ŞPŞ-də zor tətbiq edilməsi ilə əlaqədar toplanmış material üzrə əməliyyat müvəkkili Şahid1 və qeyrilərinin əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. “İ.H.Avstriyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” 19 noyabr 2022-ci il tarixli protokol, həmin protokola əlavə edilmiş videoçəkliş, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının 20 noyabr 2022-ci il tarixli, 18/1242 nömrəli rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 12 iyun 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 32.5, 177.2.1, 32.5, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 15 oktyabr 2021-ci il tarixdə cəza müddəti başa çatmışdır (i.v 89-91). -Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 dekabr 2022-ci il tarixli, 7246 və 783 nömrəli arayış, xasiyyətnamədən və digər sənədlər görünür ki, Təqsirləndirilən şəxs oğlu ailəlidir, bir az yaşlı uşağı vardır və yaşayış yeri üzrə normal xarakterizə edilmişdir.(i.v. 94-95) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 12 iyun 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.1, 32.5, 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 15 oktyabr 2021-ci il tarixdə başa çatmışdır. Göründüyü kimi onun məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinin tələblərinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, baxılan iş üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ağır cinayətləri törətmiş Təqsirləndirilən şəxs əməli əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələblərinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirlən hal Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar qismində nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cinayətlərin residivinə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 19 noyabr 2022-ci il tarixdən hesablanmalı və Şirvan Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 4(032)-373/2022 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, onun “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X11 poliklinika şöbəsinin narkoloji kabinetində “Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 36,992 qram təşkil edən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 19 noyabr 2022-ci il tarixdən hesablansın. Şirvan Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 4(032)-373/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, onun “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X11 poliklinika şöbəsinin narkoloji kabinetində “Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 36,992 qram təşkil edən heroin məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-310/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-310/2023
10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver