Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-311/2023 30.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər-Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Ləınkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə -CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 3,165 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə olan heroini məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 18 noyabr 2022-ci il tarixdə, saat 20 radələrində Şirvan şəhəri, İsmət Qayıbov küçəsində saxlanılaraq polis şöbəsinə aparılmış, şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı 3,165 qram çəkidə külli miqdar narkotik vasitə olan heroin əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-1-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik istifadəçisidir. 18 noyabr 2022-ci ildə saat 15 radələrində Şirvan şəhəri, İsmət Qayıbov küçəsində piyada hərəkətdə olarkən yerdə içərisində heroin olan bir ədəd sellofan büküm tapmış, bükümü götürüb şalvarının cibinə qoymuşdur ki, istifadə etsin. Lakin, həmin narkotikdən istifadə etməmişdir. Həmin gün saat 20 radələrində Şirvan şəhəri, İsmət Qayıbov küçəsində polis əməkdaşları tərəfindən saxlanılmış və Şirvan şəhər polis şöbəsinə aparılmışdır. Vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə olan narkotik vasitə olan heroini və bir ədəd “Samsung A6” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, polis şöbəsinə gətirilərkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Qubadlı, Zəngilan və Laçın rayonları uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etdiyi üçün medallarla təltif olunmuş və hazırda aylıq müharbə veteranı kimi 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. Törətdiyi əməldən peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli təqsirləndirilən şəxsin etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 18 noyabr 2022-ci il tarixdə, saat 20 radələrində Vasif Şirvan şəhəri, İsmət Qayıbov küçəsində saxlanılaraq şəhər polis şöbəsinə aparılmış, özünün razılığı ilə videoçəkilişlə vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində heroin olan 1 ədəd sellofan bükümü və 1 ədəd “Samsung A 6” markalı mobil telefonu təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, heroini Şirvan şəhəri, İsmət Qayıbov küçəsindən yerdən tapmış və öz istifadəsi üçün şalvarının cibində saxlamışdır. Narkotik vasitə qablaşdırılmış, bu barədə protokol tərtib olunub imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 19 noyabr 2022-ci il tarixli, 18/1236 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdə 01 ədəd sellofan kəsiyi bükümündə, təmiz çəkisi 3,165 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 06 fevral 2023-cü il tarixli, 650 N-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 18 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan əməliyyat tapşırığının cavabından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir məlumat əldə olunmamışdır. İş materiallarında olan «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 02 dekabr 2022-ci il tarixli, 1238 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Şirvan- Salyan regional filialının 6 dekabr 2022-ci il tarixli **********0 N-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs müddətsiz olaraq aylıq 80.00 manat miqdarında Vətən müharibəsi iştirakçısı kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. 23 fevral 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın 7-ci bəndinə əsasən Təqsirləndirilən şəxs aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,115 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan ŞPŞ-nın maddi sübutların saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuş, 20 noyabr 2022-ci il tarixdə onun əməli həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmiş və barəsində 21 noyabr 2022-ci il tarixdə Şirvan Şəhər Məhkəməsinin qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 25 noyabr 2022-ci il tarixli Şirvan Apelyasiya məhkəməsinin qərarı ilə Şirvan Şəhər Məhkəməsinin qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün hər hansı bir dəlil gətirməmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Ona görə də, Təqsirləndirilən şəxs qeyd olunan maddə üzrə təqsirli bilinərək ona cəza təyin olunmalı və o, cəzasını çəkməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Vətən müharibəsinin iştirakçısı olmasını və buna görə müddətsiz olaraq aylıq 80.00 manat miqdarında Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-1-ci maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddənin sanksiyasında üç idən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində müəyyən edilmiş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan - 18 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və hazırda Şirvan ŞPŞ-də saxlanılan 3,115 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı bir əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 18 noyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 3,115 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-311/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-311/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver