Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-314/2025 29.07.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), X8 və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkum olunmamış, İmişli şəhəri, Həsənoğlu küçəsi ev 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 9,064 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla İmişli şəhəri, A.Ələsgər küçəsi, “Nərgizim” şadlıq sarayının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdə saat 12:20-də İmişli şəhəri, A.Ələsgər küçəsi, “Nərgizim” şadlıq sarayının yaxınlığında olan zaman saxlanılaraq İmişli Rayon Polis Şöbəsinə gətirilmiş, həmin tarixdə saat 13:48-dən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən 01 ədəd sellefon bükümdə külli miqdarda 9,064 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmir. 11 fevral 2025-ci il tarixdə saat 11-12 radələrində uşağını məktəbdən götürərək evinə qoymuş, yenidən evdən çıxıb qardaşı uşağını da məktəbdən götürməyə getdiyi vaxtı yolda mülki geyimli şəxslər ona yaxınlaşaraş ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildirərək onu saxlayıb İmişli RPŞ-nə aparmışlar. Şöbədə o polis əməkdaşlarına onun gətirilməsinin səbəblərini soruşduqda ona «sən zakazsan, getməlisən» sözlərini demişlər. O polislərə heç bir cinayət etmədiyini demiş, polis əməkdaşları ona psixi təziqlər və təhqirlər edərək, tanışlarını, son günlərdə kimlərlə əlaqə saxladığı şəxsləri də idarəyə gətirəcəklərini demişlər, o da məcbur qalıb razılaşmışdır. Polis əməkdaşları ona üzərinə bir büküm qoyacaqlarını, onun sifariş olduğunu, getməli olduğunu demişlər. O, heç bir cinayət törətməmiş, heç kəsdən narkotik vasitə almamış və heç kəsə narkotik vasitə satmamışdır. Tikintidə fəhlə işləyir, əvvələr narkotik vasitə qəbul etməmişdir. Ona sifarişin yuxarıdan gəldiyini, getməli olduğunu bildirmişlər. Polis əməkdaşları ona bir neçə gün əvvəl Şəmkirdə “razborka” etdiyini, ona görə tutduqlarını demişlər. O, da məcbur qalıb, polis əməkdaşlarının ona verdikləri metamfetaminin özünə məxsus olmasını videoçəkilişdə və ifadələrində bildirmişdir. Günahı olmadığı üçün ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o özünü qismən təqsirli bilərək göstərmişdir ki, 10 fevral 2025-ci il tarixdə İmişli şəhəri ərazisində rayon bazarının yaxınlığından tanımadığı şəxsdən 50 manat pul müqabilində şəxsi istifadəsi üçün “patı” adı ilə tanıdığı psixtorop maddə əldə etmişdir. 11 fevral 2025-ci il tarixdə saat 12:20-də İmişli şəhəri, A.Ələsgər küçəsində yerləşən “Nərgizim” şadlıq saryının yaxınlığında olan zaman polis əməkdaşları onu saxlayaraq rayon polis şöbəsinə aparmışlar. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofanda olan metamfetamini təqdim etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, «polis əməkdaşları tərəfindən saxlanılarkən ona «sən zakazsan, getməlisən» sözlərini deməsi, heç vaxt narkotik vasitə qəbul etməməsi, polis əməkdaşlarının onun üzərinə bir bükümdə psixotrop maddə qoyması, əgər qəbul etməzsə yaxınlarını da şöbəyə gətirəcəkləri» xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünün müdafiə xarakteri daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları onun cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatları işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid ifadəsində göstərmişdir ki, 10 fevral 2025-ci il tarixdə İmişli şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bərədə əməliyyat məlumatı daxil olmuş və bununla bağlı əməliyyat qurupu yaradılmışdır. 11 fevral 2025-ci il tarixdə saat 12-13 radələrində Təqsirləndirilən şəxs olacağı İmişli şəhəri, A.Ələsgər küçəsi ünvanına getmişlər. Həmin ərazidə bir qədər müşahidə apardıqdan sonra saat 12:20-də İmişli şəhəri, A.Ələsgər küçəsində yerləşən “Nərgizim” şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs görərək yaxınlaşıb saxlamanın səbəbini bildirərək İmişli Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən onlarla birlikdə İmişli Rayon Polis Şöbəsinə gəlmişdir. Şöbədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” adı ilə tanıdığı maddə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilərkən, bükümün içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs metamfetaminə oxşar maddəni İmişli şəhərində bazarın yaxınlığında tanımadığı, şəxsdən 50 manat qarşılığında öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin satış fakti müəyyən edilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 11 fevral 2025-ci il tarixli 18/284 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflət üçün №6” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd büküm Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi-9,064 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 9,064 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq – 8,964 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat. İş materiallarında olan 11 mart 2025-ci il tarixli 81/MEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki,1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmətibbi ekspertizasına əsasən, qərarda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 11-xx.xx.2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilmədi. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş sol saidin çapıqları müayinədən təxminən 1-1,5 il artıq müddətdə əmələ gəlmişdirlər, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduqları onların üçün əmələ gəlmə mexanizmi, şəraiti, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Təqsirləndirilən şəxs hər iki kürək nahiyyəsində aşkar edilmiş ovalvari formalı, ətraf dəri örtüyündən fərqlənən bir qədər tündləşmiş sahələr və həmin sahələrin fonunda bir birinə paralel yerləşmiş çoxsaylı xırda ölçülü cızıqlar “hicamət” adlanan təbabət prosedurundan sonrakı vəziyyətə xarakterik olub, sağlamlığa zərər vurma dərəcəsinin təyinində nəzərə alınmır. İş materiallarında olan 27 fevral 2025-ci il tarixli 667/K nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatına əsasən ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirik: Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan Amfetamin və Metamfetamin aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. İş materiallarında olan 12 fevral 2025-ci il tarixli 777 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisənsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 11 fevral 2025-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində “patı” adı ilə tanıdığı maddə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü, şalvarının sağ yan cibindən 01 ədəd “Tecno” markalı mobil telefonu və həmin şalvarın arxa sağ cibindən 30 manat pul vəsaitini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilərkən, bükümün içərisində ağ rəngli, kristallik formada, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Tecno” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb edildiyindən götürülmüşdür. 30 manat pul isə özünə qaytarılmışdır. İş materiallarında olan 28 fevral 2025-ci il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş “Tecno” markalı mobil telefona baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı yazışmalar, danışıqlar və dijgər məlumatlar müəyyən edilməmişdir. İş materiallarında olan 11 fevral 2025-ci il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 fevral 2025ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 11 fevral 2025-ci il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 13 fevral 2025-ci il tarixli «maddi sübut kimi tanınması haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 8,964 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan 06 mart 2025-ci il tarixli Respublika Psixatriya Xəstəxanası Publik Hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicə olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan İmişli şəhəri İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 fevral 2025-ci il tarixli yaşayış yeri və ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən, nikah şəhadətnamənin surətindən və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, Həsənoğlu küçəsi 2 saylı evdə qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2013-cü il tarixli X2 və xx.xx.2024-cü il təvəllüdlü X4 adlı azyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 13 aprel 2025-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarı ilə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Tecno” markalı mobil telefon onun müdafiəçisinə qaytarılmışdır. İş materiallarında olan «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» 13 aprel 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetamin psixotrop maddəsinin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən ayrıca material ayrılmışdır. Məhkəmə toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs metamfetamini satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin sözü gedən maddənin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, onu satmaq niyyətində olması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktı nə ibtidai araşdırma zamanı, nədə ki, məhkəmə baxışında toplanmış sübutlarda öz təsdiqini tapmamışdır. İstintaq orqanı ittihamda satış məqsədini yalnız ona görə göstərmişdir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddə metamfetaminin 2 qramdan artıq olmaqla külli miqdar təşkil edir, başqa digər hər hansı bir sübut isə olmamışdır. Əgər iş materiallarında belə sübutlar olsaydı, bundan sonra şəxsin metamfetamini satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, həmçinin psixotrop maddənin miqdarı da nəzərə alınmalı idi. Sözü gedən maddənin külli miqdar təşkil etməsi məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, həmin maddənin miqdarının çox olması o halda sübut növü kimi qəbul edilə bilər ki, satış məqsədini təsdiq edən digər sübutlar da mövcud olsun. İbtidai araşdırma orqanı belə bir sübuta istinad etməmiş və iş materiallarında da belə bir sübut növü müəyyən olunmamışdır. Bununla da istintaq orqanı yalnız ehtimala əsaslanmaqla Təqsirləndirilən şəxs satış məqsədi barədə müvafiq ittiham vermişdir. Halbuki, qanunvericilik yalnız ehtimala əsaslanmaqla şəxsə hər hansı ittiham verilməsini qadağan edir. Belə bir halda metamfetaminin külli miqdar təşkil etməsi həmin maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən amil kimi qiymətləndirilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il, №15-li Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 37-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilir ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər satış məqsədi ilə törədilsin. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin deyil, həmin Məcəllənin 234.1-1-ci maddələsinin dispozisiya şərtlərinə uyğun gəlir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetamini satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-in 28.1 və 28.4-cü maddələrində göstərilir ki, məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs psixotrop maddənin hazırlanması üçün üzərində hər hansı bir avadanlığın olmaması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktının müəyyən edilməməsi nəzərə alınaraq sözü gedən maddələrin satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanunauyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallırdır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk məhkumluğun, gənc olmasını, məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olmalı, ərazi narkoloji tibb müəssisənsində dispanser qeydiyyatına alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Azərbaycan Respublikası DİNnin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 8,964 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 11 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 fevral 2025-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji tibb müəssisənsində dispanser qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 8,964 qram metamfetamin psixotrop maddəsi məhv edilsin. İş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş materiallarına əlavə olunmuş şəxsi axtarış keçirilmə və əşyaların götürülməsi çəkilən videoçəkilişləri əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-314/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-314/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver