Məhkəmə qərarları › İş №1(099)-315/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-315/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-315/2025 10.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakları ilə, xx xxxxxx 2009-cu il tarixdə Salyan rayonu Qaraçala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmamış, Salyan rayonu Şəkərli kəndində qeydiyyatda olmaqla Yeni Uluxanlı kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlnun Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda Salyan rayonu Yeni Uluxanlı kəndində yerləşən, ailəsinin yaşadığı, həmçinin çoban işlədiyi fermanın yaşayış sahəsində atası X3 anası Şahid1 heç bir əsaslı səbəb olmadan mütəmadi olaraq döydüyünün, nalayiq sözlərlə təhqir etdiyinin şahidi olduğundan sonuncu dəfə 2024-cü il dekabrın 17-dən 18-nə keçən gecə saatlarında atası Röyal Hüseynovun yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmaqla anası Şahid1 ona siqaret gətirməsini tələb edərək anasının onun tələbini bir qədər gecikdirməsi cüzi səbəbindən yaranan mübahisə zamanı Şahid1 nalayiq sözlərlə təhqir etmiş, bu təhqirlərə dözməyən anasının ağlayaraq yaşayış sahəsinin digər otağına keçdiyini görüb bundan hiddətlənərək atasından qisas almaq məqsədilə onu öldürmək qərarına gəlmiş, bu məqsədlə yaşadıqları evdə saxlanılan, atası Röyal Hüseynova məxsus, zavod üsulu ilə istehsal edilmiş “Toz” markalı, “K 138413” nörməli, 16 çaplı, qoşalüləli, yivsiz, odlu ov tüfəngini və iki ədəd patronlarını götürmüş, patronları tüfəngin patron yuvasına yerləşdirərək silahı atəşə hazır vəziyyətə gətirdikdən sonra silahı evin girişdəki otaqda olan atası Röyal Hüseynovun baş nahiyəsinə doğru hədəfləyib qəsdən atəş açmaq istədikdə birinci patron açılmamış, sonra ikinci dəfə atəş açaraq atasına dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan, sağlamlığa ağır zərər vurmaya aid, başın ənsə nahiyəsinin toxuma çatışmazlığı ilə geniş defekti, kəllə sümüklərinin çoxsaylı qəlpəli sınıqları, baş beyinin əzilib-dağılması və hissəvi evakuasiyası ilə müşayiət olunan, həyat üçün təhlükəli olan, kor odlu silah-güllə (qırmalar) yarası xəsarətləri yetirməklə Röyal Hüseynovu qəsdən öldürmüş, yəni həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2022-ci ildən atası Röyal, anası Mətanət və bacısı Aygün ilə Salyan rayonu Yeni Uluxanlı kəndində yerləşən, Şəmsəddin adlı şəxsə məxsus qoyunçuluq fermasında çoban evində yaşamış və qoyunları otarıb onlara qulluq etməklə məşğul olmuşlar. Atası fermada çobanlıq etmiş, eyni zamanda hər gün spirtli içki qəbul etmiş və “nəşə” çəkmişdir. Atası həftədə bir-iki dəfə səbəbsiz yerə anası Şahid1 ilə dalaşmış, onu döymüş, söyüb incitmişdir. Həmçinin səbəbsiz yerə onu da tez-tez təpikyumruqla vuraraq döymüşdür. Atası Röyal 2024-cü ilin dekabr ayının əvvəlində anası Mətanəti evdə olan tüfənglə öldürmək istədiyindən anası pəncərədən qaçıb çıxmış və səhərə qədər fermanın yaxınlığındakı gölün kənarında yerləşən qamışlıqda gizlənmişdir. Hətta bir dəfə atası narkotik vasitənin təsiri altında olmaqla onun başından tutub başını odun sobasının içərisinə salmağa çalışmışdır. Atası sonuncu dəfə 2024-cü il dekabr ayının 14-15 günlərində anasını qoyunları yaxşı ayıra bilmədiyinə görə təpik-yumruqla döymüşdür. Atasının bu hərəkətlərinə dözə bilməyib ağlamışdır. Anasına onun canını atasının əlindən qurtaracağını demişdir. 17 dekabr 2024-cü il tarixdə atası gündüz saatlarında spirtli içkilər içmişdir. Gecə o yatdığı zaman atasının anasını döyməsini, anasının qışqırıq səslərini eşitmişdir. Əsəbiləşərək otaqda olan tüfəngi götürmüş, çarpayının yanındakı patron qabının içərisindən patron götürüb tüfəngin içərisinə yerləşdirmişdir. Atasının olduğu otağa keçdikdə atasının ayaq üstə arxası qapıya tərəf dayandığını görmüşdür. Tüfəngi atasının başının arxa tərəfinə tuşlayıb birinci dəfə atəş açmış, lakin tüfəng açılmamış, ikinci dəfə tətiyi çəkib atəş açanda atasının başının arxasından güllə dəymiş və atası üzü üstə yerə yıxılmışdır. O, tüfəngi yerə atmış və ağlamışdır. Anası cəld gəlib onu qucaqlamış və sakitləşdirməyə çalışmışdır. O anasına atasının meyitini başqa yerə aparıb gizlətmək lazım olduğunu, lakin ətrafda kameralar olduğundan atasının meyitini bütöv şəkildə heç haraya apara bilməyəcəklərini demiş və meyiti doğramağı təklif etmişdir. Anası onun təklifi ilə razılaşmışdır. Sonra atasının meyitinin əynindəki paltarları çıxarmışlar. Meyitin əynində yalnız qara rəngli poluver qalmışdır. Anası izləri itirmək üçün dərhal həmin paltarları və tüfəngin qundaq hissəsini ayırıb yataq otağındakı sobanın içərisinə salıb orada yandırmışdır. Patronları isə yataq otağındakı patron qabının içərisinə qoymuşlar. O, qan yayılmaması üçün meyitin altına ləyən qoymuş, bıçaqla və balta ilə meyiti hissələrə kəsmişdir. Meyitin hissələrini anası ilə kisələrə yığmışlar. Saat 06:00 radələrində meyiti doğrayıb meşoklara yığmışlar. Saat 12 radələrində anası ilə bacısı atasının meyitinin hissələri olan kisələri, tüfəngin digər hissəsini atın belinə yığaraq kanala tərəf getmişlər. Ancaq o, qorxduğu üçün getməmişdir. Onlar meyiti, tüfəngin hissəsini və atasının mobil telefonunu aparıb əkin sahəsinin kənarında olan su kollektorunun içinə tullamışlar. Sonra isə anası evə qayıdıb izləri itirmək məqsədilə ləyəni, döşəməni yumuşdur. Anası onun atası Röyalı öldürülməsi barədə heç kimə məlumat verməməyi tapşırmışdır. Atasını soruşanlara onun ova getmək adı ilə evdən çıxıb itkin düşdüyünü demişlər. Onlardan şübhələnməmələri üçün anası «102» xidmətinə zəng edərək atası Röyalın itkin düşməsi barədə məlumat vermişdir. Evlərinə polislər gəlib onları sorğu-sual etmişlər. Onlar hadisəni polislərdən gizlətmişlər. Sonradan isə artıq atasının ölməsi məlum olmuşdur. xx.xx.2025-ci il tarixdə anası onu qorumaq məqsədilə cinayəti öz boynuna götürsə də, sonradan törətdiyi əməli etiraf etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəmə istintaqında verdiyi ifadəsində göstərdi ki, mərhum Röyal Hüseynov onun doğma qardaşıdır. X10 rayonu Yeni Uluxanlı kəndində Şəmsəddin adlı şəxsin fermasında çoban işləmiş, fermada oğlu Dəniz, arvadı Mətanət və qızı ilə yaşamışdır. Qardaşı Röyal spirtli içkilər içmişdir. xx.xx.2025-ci il tarixdə saat 18-19 radələrində qardaşı Mövlan Hüseynov ona zəng edərək Röyalın yoxa çıxdığını bildirmişdir. O isə qardaşının yoxa çıxmasında qardaşının arvadı Mətanətdən şübhələnmişdir. Bir neçə gün keçməsinə baxmayaraq qardaşı tapılmadığından 22-23 dekabr 2024-cü il tarixlərində onun yaşadığı fermaya gedib Mətanətlə söhbət etmişdir. Mətanət ona Röyalın dostu ilə evdə yeyib-içdiyini, sonra gah axşam radələrində, gah gecə saat 01 radələrində kimləsə telefonla danışıb tüfəngi götürüb evdən çıxıb getdiyini demişdir. Daha sonra isə ona guya Şirvan milli parkının ərazisində olan göldən naməlum meyit tapıldığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə səhər saat 11:00-da Salyan Rayon Polis Şöbəsinə getmiş və Mətanətgilin orada olduqlarını görmüşdür. Sonra qardaşı Mövlan ona zəng edərək Röyalın meyitinin tapıldığını xəbər vermişdir. Qohumları ilə birlikdə Yeni Uluxanlı kəndinə getdikdə orada polis və prokurorluq əməkdaşlarının oldluqlarını görmüşlər. Mətanətin Röyalı öldürüb sonra meyitini hissələrə ayırdığını öyrənmişlər. Sonra isə Dənizin öz atasını öldürdüyünü demişlər. Lakin o, Dənizin atasını öldürməsinə inanmır. Hesab edir ki, qardaşı Röyal arvadı Mətanət tərəfindən öldürmüşdür. Lakin Təqsirləndirilən şəxs anasını məsuliyyətdən qurtarmaq üçün cinayəti öz boynuna götürmüşdür. Təqsirləndirilən şəxsla barışmamışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən X4 göstərdi ki, Röyal Hüseynovla 2006cı ildə ailə qurmuşlar. Röyal müxtəlif fermalarda çobanlıq etmişdir. 2022-ci ildən isə Salyan rayonu Yeni Ulxanlı kəndində yerləşən Şəmsəddin adlı şəxsə məxsus qoyunçuluq fermasında işləməklə həmin fermadakı çoban evində yaşamışlar. Qızı Aygün və oğlu Dəniz də onlarla birlikdə yaşamışlar. Röyal daima spirtli içkilərdən istifadə etmiş və marixuana çəkmişdir. Sərxoş vəziyyətdə olmaqla evdə tez-tez dava-dalaş saliış, onu söymüş, döymüş və incitmişdir. Röyal sonuncu dəfə 14-15 dekabr tarixlərdə onu döymüşdür. 17 dekabr 2024-cü il tarixdə Röyal evdə yenidən spirtli içki qəbul etmişdir. Gecə saatlarında Röyal yenidən onu söyməyə başlamışdır. Bu zaman oğlu Dəniz evdə olan qoşalüləli tüfəngi götürmüş, tüfəngin lüləsinə iki ədəd patron qoyaraq Röyalın baş nahiyəsinə atəş açmışdır. Röyal atəş nəticəsində başından xəsarət alaraq ölmüşdür. Sonra Dəniz atasının meyitini bıçaq və balta ilə hissələrə bölərək kisəyə yığmış və aparıb su kollektoruna atmışdır. O, «102» xidmətinə zəng edərək guya əri Röyalın itkin düşməsi barədə məlumat vermişdir. Lakin sonradan Röyalın meyiti tapılmışdır. O, Röyalın öldürülməsində və meyitinin hissələrə bölünüb gizlədilməsində iştirak etməmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 da anası Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid4 göstərdi ki, Röyal Hüseynov doğma qardaşıdır. Röyal Salyan rayonu Yeni Uluxanlı kəndində yerləşən fermada çoban işləmiş və ailəsi ilə orada yaşamışdır. Röyal həm də spritli içki içmişdir. Röyalı sonuncu dəfə 15-16 dekabr 2024-cü il tarixlərdə görmüşdür. 19 yanvar 2025-ci il tarixdə Röyalın arvadı Mətanət ona zəng edərək Röyalın iki gün əvvəl evdən çıxıb getdiyini və ondan xəbər olmadığını bildirmişdir. 6 yanvar 2025-ci il tarixdə isə Röyalın meyiti tapılmışdır. Onun tüfənglə atəş açılmaqla öldürülməsi məlum oldu. Qardaşının öldürülməsini oğlu Dəniz öz üzərinə götürmüşdür. Lakin hesab edir ki, onun qardaşı Röyalı arvadı Mətanət öldürmüşdür. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şahid1 Röyal Hüseynovun öldürülməsindən sonra onun meyitinin hissələrini Salyan rayonu Yeni Uluxanlı kəndi ilə Varlı kəndinin sərhəddindən keçən “SK-5” kollektorunda gizlətdikləri yeri göstərmişdir. Kollektora baxış zamanı onun içərisindən Röyal Hüseynovun meyitinin hissələri və paltarları aşkar edilərək götürülmüşdür. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Salyan rayonu Yeni Uluxanlı kəndindəki Şəmsəddin Novruzova məxsus çoban evidir. Evdə 1 ədəd aliminium ləyən, balta, 34 ədəd patronlar aşkar edilmişdir. Videomateriallara baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Röyal Hüseynovun işlədiyi fermanın müşahidə kameraları tərəfindən xx.xx.2024-cü il tarixdə qeydə alınmış videogörüntülərdə saat 11:10-da Şahid2 at belində Şahid1 isə onun yanı ilə yavaş sürətdə hərəkət etdikləri, atın belində ki əşyaların isə qara rəngli parça ilə örtülü olduğu görünür. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə videoçəkiliş aparılmaqla şübhəli şəxs qismində verdiyi ifadəsi yerində yoxlanılarkən o, yaşadıqları evdə atası Röyalı öldürdüyü, sonra isə onun meyitini hissələrə böldüyü yeri və şəraiti göstərmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 3 nömrəli rəyindən görünür ki, X3 meyiti müayinə olunarkən başın ənsə nahiyəsinin toxuma çatışmazlığı ilə geniş defekti, kəllə sümüklərinin çoxsaylı qəlpəli sınıqları, baş beyinin əzilib-dağılması və hissəvi evakuasiyası ilə müşayiət olunan, həyatla bir araya sığmayan kor odlu silah-güllə (qırmalar) yarasının giriş dəliyi, ölümündən sonra meyitin kriminal parçalanması müəyyən edilmişdir. Bu xəsarətlər birlikdə həyatidir, patronu qırma ilə doldurulmuş odlu silahdan (tüfəngdən) açılan atəş nəticəsində qırmaların kompakt təsirindən əmələ gəlmişdir, qərarda qeyd olunan vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yetirilə bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Röyal Hüseynovun ölümünə səbəb başın ənsə nahiyəsinin toxuma çatışmazlığı ilə geniş defekti, kəllə sümüklərinin çoxsaylı qəlpəli sınıqları, baş beyinin əzilib-dağılması və hissəvi evakuasiyası ilə müşayiət olunan həyatla bir araya sığmayan kor odlu silah-güllə (qırmalar) yarası olmuşdur. Röyal Hüseynovun meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı zamanı 0.7 % etil spirti aşkar edilmişdir. Bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 17 A nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət izi aşkar edilməmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 48/2025-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilən mərhum Röyal Hüseynova məxsus mayka, trusik və pulover üzərində qrup mənsubiyyətinə görə Röyal Hüseynova məxsus ola bilən insan qanı ləkələri aşkar olunmuşdur. Balta, ləyən üzərində qan, torpaq kütlələri üzərində qana şübhəli hər hansı ləkə aşkar olunmamışdır. Məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2025-ci il tarixli,28/2025-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Röyal Hüseynova məxsus pulover, mayka və alt tumanı üzərində olan zədələrin forması və morfoloji əlamətlərinə əsasən demək olar ki, onlar hamısı kəsilmiş zədələr olub, hər hansı bir iti kənara malik alətin (alətlərin) yaxud əşyanın (əşyaların) təsirindən törənmişlər. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 662 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, ona ittiham verilmiş əməl barəsində anlaqlı hesab edilməlidir, əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt) olmamışdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 5 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur və məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2025-ci il tarixli, 3/151, 3/161 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd predmet 1956-cı ildə zavod üsulu ilə istehsal edilmiş, “TOZ” markalı, “K 138413” №-li qoşülüləli odlu ov tüfənginin hissəsidir-yivsiz lüləsidir, təyinatı üzrə istifadəyə yararlıdır, üzərində sonradan əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 10 ədəd metal predmet yivsiz lüləli odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, 16 kalibrli patronun daxilinə doldurulan atəş kompanentlərinin bir hissəsidir-qırmalardır. Həmin qırmaların üzərində atıldığı tüfəng lüləsinin kanalının divarından qalmağa xarakterik izlər vardır, həmçinin bərk küt maneəyə (bədənə,başa) dəymə nəticəsində yaranan deformasiya əlamətləri vardır. Müvafiq elmi metodika olmadığında qırmaların nə vaxt və hansı məsafədən atıldığını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş 01 ədəd plastmasa oxşar materialdan hazırlanmış predmet yivsiz lüləli odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, 16 kalibrli patronun daxilinə doldurulan atəş kompanentlərinin bir hissəsidir, tıxacdır (konteynerdir). Həmin tıxac atəş prosesində istifadə olunan zaman üzərində atıldığı tüfəng lüləsinin kanalının divarından qalmağa xarakterik sürtünmə izləri vardır, həmçinin bərk, küt maneəyə (bədənə,başa) dəymə nəticəsində yaranan deformasiya əlamətləri vardır. Lakin izlər xüsusi əlamətlərə malik olmadığından, onun hər hansı silahdan o cümlədən “K 138413” №-li ov tüfənginin lüləsində atılıb-atılmadığını müəyyən etmək mümkün deyil. Müvafiq elmi metodika olmadığında tıxacın nə vaxt atıldığını müəyyən etmək mümkün deyil. Tədqiqata iki ədəd qutuda təqdim edilmiş daxili komponenti qırmalarla təchiz olunmuş 34 ədəd patron 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz lüləli odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə hazırlanmış patronlardır, istifadəyə yararlıdır, pistonlarında silahın vurucusunun izi aşkar edilmədi. Patronların daxilində olan tıxac və qırmalarla tədqiqata təqdim edilmiş tıxac və qırmalar kalibrinə, rənginə, formasına, ölçüsünə, hazırlanma üsuluna və s. əlamətlərinə görə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş qoşalüləli ov tüfənginin lüləsinin kanallarında atəşin əlavə faktoru olan tam yanmış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin lülədən atəş açılmışdır. Müvafiq elmi metodika olmadığından açılan atəşin vaxtını müəyyən etmək mümkün deyildir. Salyan Rayonlararası Psixiatriya Xəstəxanasından daxil olan xx.xx.2025-ci il tarixli, 23 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda olmamışdır. Salyan Rayon Polis Şöbəsindən daxil olmuş HK-1/2444 nömrəli materialdan görünür ki, Şahid1 xx.xx.2024-cü il tarixdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək əri Röyal Hüseynovun xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində evdən çıxaraq itkin düşdüyünü bildirmişdir. Salyan Rayon Polis Şöbəsinin məktubundan görünür ki, X8 xx.xx.2024-cü il tarixdə itkin düşdüyü üçün onun barəsində rayon polis şöbəsində xx.xx.2025-ci il tarixdə 720001 nömrəli axtarış işi açılmış və Röyal Hüseynovun hissələrə bölünmüş meyiti xx.xx.2025-i il tarixdə Salyan rayonu Yeni Uluxanlı kəndi ərazisində yerləşən əkin sahəsindəki su kollektorunun içərisindən aşkar edildiyindən barəsində açılmış 720001 nömrəli axtarış işinə xx.xx.2025-ci il tarixdə xitam edilmişdir. Salyan Rayon Polis Şöbəsindən daxil olmuş məktubdan görünür ki, X8 xx.xx.2013cü ildə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək babası Oruc Hüseynovdan yadigar qalmış 1 ədəd “Toz” markalı, qoşa lüləli, 16 kalibrli, 13843 nömrəli ov silahının onun adına rəsmiləşdirilməsini xahiş etmiş və həmin tarixdə ona H-64 nömrəli şəhadətnamə verilmişdir. Salyan Rayon Qeydiyyat Şöbəsindən daxil olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Röyal Hüseynov və Şahid1 arasında bağlanmış nikah xx.xx.2015-ci ildə Salyan Ryaon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 45 nömrəli aktla dövlət qeydiyyatına alınmış, nikahın pozulması və ya etibarsız hesab edilməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Salyan rayonu Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla Salyan rayonu Yeni Uluxanlı kəndində yaşamış və yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuşdur. İşdə olan hüquqi sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə doğulmuşdur. Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-28-29- 3-28/2-1164/2025 nömrəli məktubdan gönürür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 1477 nömrəli arayışından gönürür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə narkoloji qeydiyyatda yoxdur. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ov tüfəngindən atəş açmaqla atası Röyal Hüseynovu qisas almaq niyyəti ilə qəsdən öldürməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmamasını CM-nin 59.1.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, cinayəti odlu silahdan istifadə etməklə törətməsini isə CM-nin 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən edərkən CM-nin 85.5-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, həmin maddənin tələbinə görə azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Eyni zamanda CM-nin 85.5.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 07 yanvar 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Salyan rayon prokurorluğunda saxlanılan 10 ədəd metal predmet, 1 ədəd plastmasa oxşar materialdan hazırlanmış predmet, 1 ədəd 1956-cı ildə zavod üsulu ilə istehsal edilmiş “TOZ” markalı, “K 138413” №-li qoşülüləli odlu ov tüfənginin yivsiz lüləsi, 34 ədəd patron, mərhum X5 məxsus pulover, mayka, tursik, hadisə yerindən götürülmüş ləyən və balta, torpaq nümunələri, 10 ədəd kisə, 1 ədəd sellofan torba məhv edilməlidir. Ekspertiza xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Salyan rayon prokurorluğunda saxlanılan 10 ədəd metal predmet, 1 ədəd plastmasa oxşar materialdan hazırlanmış predmet, 1 ədəd 1956-cı ildə zavod üsulu ilə istehsal edilmiş “TOZ” markalı, “K 138413” №-li qoşülüləli odlu ov tüfənginin yivsiz lüləsi, 34 ədəd patron, mərhum X5 məxsus pulover, mayka, tursik, hadisə yerindən götürülmüş ləyən və balta, torpaq nümunələri, 10 ədəd kisə, 1 ədəd sellofan torba məhv edilsin. Ekspertiza xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar