Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-316/2023 13.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx xxxxxxxx 1994-cü ildə Əli-Bayramlı (Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Şirvan şəhəri, Xanlar küçəsi, ev 17-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,089 qram narkotik vasitə olan heroin əldə etmiş, saxlamış və həmin maddələri 23 dekabr 2022-ci il tarixdə, saat 21 radələrində Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində hərəkət etməklə üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında həmin gün saat 21:35 radələrində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində saxlanıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən 01 ədəd bükümdə külli miqdarda-2,089 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, Şirvan şəhəri, Xanlar küçəsi, ev 17-də qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi qaydada fəhləliklə məşğul olmuşdur. O, narkotik vasitələrdən istifadə etmir. Tutulmamışdan bir gün əvvəl, yəni 22 dekabr 2022ci il tarixdə Şirvan ŞPŞ-dən əməliyyatçılar ona zəng edib qardaşı Mahirin axtarışda olması ilə bağlı onu polis şöbəsinə çağırsalar da, o, polis şöbəsinə getməmişdir. Yeni evləndiyi üçün Şirvan şəhərində, xatırlamadığı ünvanda yenicə kirayədə qaldığı evdə olarkən 23 dekabr 2022-ci il tarixdə, gecə saat 21 radələrində Şirvan şəhərində kirayədə qaldığı evdə olarkən polis əməkdaşları qapıya gəlib qapını döysələr də, o, qapını açmamış, sonra polis əməkdaşları qapını qırıb içəri daxil olub onu və həmin vaxt evində qonaq olan iki nəfər dostunu tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsinə aparılarkən üzərində narkotik vasitə olmamışdır. Polis şöbəsində rəis müavini ona “qardaşın gəlsə səni buraxarıq” demişdir. Bundan sonra bir nəfər tanımadığı polis əməkdaşı qarşısına içərisində narkotik maddə olan bir ədəd bükümü qoyub həmin bükümü cibinə qoymasını, üzərində axtarış aparılarkən bükümdə olan narkotik maddənin, yəni heroinin özünə məxsus olmasını və yerdən tapmasını deməsini, əgər razılaşmasa evindən narkotik və silah çıxacağını, həm də balaca qardaşının da tutulacağını bildirmiş, o da polislərin bu təzyiqlərinə görə, yəni balaca qardaşının tutulmamasına görə razılaşmışdır ki, üzərində axtarış aparılarkən cibinə qoyulmuş heroinin özünə məxsus olmasını bildirəcəkdir. Bundan sonra vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü cibində olan bir bükümdə olan heroini çıxarıb polislərə təqdim edib həmin heroini küçədə yerdən tapdığını və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Orada polis əməkdaşların ona qarşı təzyiqləri olduğu üçün o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını bildirmişdir. Əslində isə üzərində aşkar olunmuş heroin ona məxsus deyil, həmin narkotiki cibinə tanımadığı polis əməkdaşı qoymuşdur. Həmçinin polislər ona cibinə qoyulmuş heroinə görə onun CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağını bildirmiş, o da razılaşmış, lakin sonradan ona məlum olmuşdur ki, ona CM-nin 234.1-1-ci maddəsi ilə ittham verilmişdir. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, üzərində aşkar olunmuş heroinlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən (ilkin verdiyi izahatına əsasən heroindən) istifadə etməyə başlamışdır. 23 dekabr 2022-ci il tarixdə, səhər saatlarında yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən yolun kənarında yerdə bir ədəd sellofan bükümdə heroin tapmış, özü istifadə etməsi üçün heroin bükümünü cibinə qoymuşdur. Həmin gün saat 21 radələrində Şirvan şəhəri, L-nt İbrahimov küçəsində piyada hərəkət edərkən bir neçə nəfər polis əməkdaşı onu saxlayıb üzərində narkotik vasitələr gəzdirməsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə aparmışlar. Saxlanılarkən üzərində heroin olduğu üçün o, əvvəl polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmək istəməmiş, lakin sonra razılaşıb onlarla birlikdə Şirvan ŞPŞ-nə getmişdir. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış, axtarış zamanı özü əynindəki şalvarının cibindən bir ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim edib bükümdə heroin olmasını bildirmişdir. Sonra aşkar olunmuş heroin polis əməkdaşları tərəfindən zərfə qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Həmin vaxt şifahi sorğu zamanı o, aşkar olunmuş heroini yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. O, narkotikdən istifadə etsə də, narkotiklərin satışı ilə məşğul olmamışdır. O, polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Həmçinin o, 22 dekabr 2022-ci il tarixdə evində iş görərkən ehtiyatsızlıqdan pilləkəndən yıxılaraq sifət və ayaq nahiyəsindən xəsarət almışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində narkotik maddə olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olduğunu bildirmişdir. Əslində üzərində aşkar olunmuş heroini üzərinə tanımadığı polis əməkdaşı qoymuşdur. Tutulduqdan sonra polis əməkdaşların ona qarşı təzyiqlər etməsi ilə bağlı şikayət etməmiş, həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən o, məhkəmədə (Şirvan Şəhər Məhkəməsində) üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını demiş, onun belə deməsinə səbəb polis əməkdaşlarının ona qarşı olan təzyiqləri olmuşdur. Həmçinin tutularkən bədəni üzərində olan xəsarətləri tutulmamışdan əvvəl, yəni 22 dekabr 2022-ci il tarixdə evində tikinti işləri görərkən ehtiyatsızlıqdan pilləkəndən yıxılaraq sifət və ayaq nahiyəsindən xəsarət almışdır. Həmin xəsarətlər ona polis əməkdaşları tərəfindən yetirilməmişdir. O, üzərində aşkar olunmuş heroinlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir və həmin ittiham üzrə ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Şirvan ŞPŞnin əməkdaşıdır. 23 dekabr 2022-ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik maddələr əldə etməsi, istifadəsi və üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatına əsasən özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 21 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Şirvan şəhəri, L.İbrahimov küçəsində saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib Şirvan ŞPŞ-nə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Mustafa Əsgərov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd büküm çıxarıb təqdim edib bükümün içərisində heroin olduğunu, özünün istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroini bir müddət əvvəl küçədən yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Şirvan ŞPŞ-nin əməkdaşının 23 dekabr 2022-ci il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi və daşıması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin gün saat 21:35 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Şirvan şəhəri, L.İbrahimov küçəsində saxlanılıb şöbəyə gətirilmişdir. İşdə olan, təhqiqat orqanının “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 23 dekabr 2022-ci il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi və daşıması barədə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Şirvan Şəhər Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərarı ilə təhqiqat orqanının “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 23 dekabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 dekabr 2022-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Şirvan ŞPŞ-nin TB-nin təhqiqatçısı Mustafa Əsgərov tərəfindən müdafiəçi Ulduzə Əhmədovanın iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir bükümdə heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin heroin olduğunu, Şirvan şəhərində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 24 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, “… Təqsirləndirilən şəxs üzərindən …” sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen kəsiyi bükümündə, təmiz çəkisi 2,089 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 2,039 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, məhkəmə-tibb ekspertizasının 26 dekabr 2022-ci il tarixli, rəyi ilə müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədən səthində aşkar olunan xəsarətlərsol paraorbital nahiyədə qançır-küt əşya təsirindən törənmiş, müxtəlif şəraitdə, eləcə də müayinə olunanan (Təqsirləndirilən şəxs) dediyi tarix və şəraitdə-yıxılma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. Həmçinin həmin rəyə əsasən məhkəmə-tibbi ekspert tərəfindən müayinə zamanı Təqsirləndirilən şəxs 22 dekabr 2022-ci il tarixdə ehtiyatsızlıqdan pilləkəndən yıxılması nəticəsində üz nahiyəsindən xəsarət aldığını bildirmişdir. İşdə olan, Bakı İstintaq Təcridxanasının Şirvan şəhər prokurorluğuna ünvanlanmış 27 dekabr 2022-ci il tarixli Xüsusi məlumatda göstərilir ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən tibbi müayinədən keçirilərkən bədəni üzərində qançırlar aşkar edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs verdiyi izahatında göstərmişdir ki, o, həmin xəsarətləri həbs olunmamışdan əvvəl almışdır. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 26 fevral 2023-cü il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət olması faktında cinayət hadisəsi müəyyən edilmədiyindən həmin xüsusat üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, habelə ekspertiza tədqiqatından sonra qalıq 2,039 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Şirvan ŞPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 yanvar 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutu və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (polis əməkdaşları onu küçədə yox, kirayə yaşadığı evdə tutması, tutularkən üzərində narkotik vasitənin olmaması, üzərindən aşkar olunmuş heroinin ona məxsus olmaması və həmin heroini cibinə polis əməkdaşı tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olmasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (həmin vaxt o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını, özünün şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir) təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni polis əməkdaşları onu küçədə yox, kirayə yaşadığı evdə tutması, tutularkən üzərində narkotik vasitənin olmaması, üzərindən aşkar olunmuş heroinin ona məxsus olmaması və həmin heroini cibinə polis əməkdaşı tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (həmin vaxt o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərindən aşkar olunmuş heroinin özünə məxsus olması və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddənin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Şirvan Şəhər Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilib ittihama uyğun ifadə vermişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayəti törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 2,089 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübuta və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,089 qram heroini əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Şirvan Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 dekabr 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Şirvan şəhər 1 №li İƏD üzrə Nümayəndəlikdən verilmiş 17 oktyabr 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, Xanlar küçəsi ev 17-də qeydiyyatda olmaqla yaşamış və yaşadığı müddətdə qənaətbəxş (nümayəndəliyə ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 23 dekabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli, habelə onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutlar otağında saxlanılan 2,039 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 23 dekabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 2,039 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-316/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-316/2023
13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver