Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-318/2022 29.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili X12, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərər çəkmiş şəxslərin hüquqi varisləri X3, X8 və X13 iştirakı ilə, xx xxx 1997-ci ildə Cəlilabad rayonunun Porsava kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 05 mart 2020-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 05 fevral 2022-ci ildə saat 12:20 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla, nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, “BMW 540” minik markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobillə, Ələt-Astara–İran sərhədi yolunun Cəlilabad rayonu ərazisindən keçən 148-ci km\də Ələt qəsəbəsi istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni 3.24 ”Maksimum sürətin məhdudlaşdırılması” yol nişanın tələblərinə əməl etməli, nəqliyyat vasitəsini 70 km\saat sürətdən artıq sürətlə idarə etməməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, eləcə də hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, yolun sağ ehtiyat hissəsinə çıxmış, həmin anda idarəetməni itirdiyindən idarə etdiyi avtomobil yolun sol hissəsinə doğru istiqamətlənməklə əks hərəkət zolağına çıxmış, bu zaman Astara rayonu istiqamətində sağ zolaqla hərəkətdə olan vət. X5 idarə etdiyi “Vaz 21074” minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən “BMW 540” minik markalı avtomaşının qabaq sol hissəsi arxadan Astara rayonu istiqamətində hərəkətdə olan vət. Şahid1 idarə etdiyi “X29” yük markalı ** JZ *** dövlət qeydiyyat nişanlı avtomaşının sol yan hissəsinə çırpılmış, nəticədə ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin, yəni “Vaz 21074” minik markalı avtomaşının sürücüsü X5, həmçinin həmin avtomobildə olan sərnişinlər X21 və X6 ölümü ilə nəticələnən, eyni zamanda sərnişinlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 sağlamlığına həyat üçün təhlükəli olan ağır, Zərərçəkmiş şəxs1 isə sağlamlığına az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus “BMW 540” minik markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobili olmuş, lakin həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi- hüququ olmamışdır. 05 fevral 2022-ci ildə saat 12 radələrində idarə etdiyi “BMW 540” markalı avtomobillə Ələt-Astara magistral yolu ilə Ələt qəsəbəsi istiqamətində saatda təxminən 70 km sürətlə hərəkətdə olmuş, Cəlilabad rayon ərazisindən keçdikdə əks istiqamətdən hərəkətdə olarkən tanımadığı minik avtomobilin ötmədə olduğunu görüb, həmin anda idarə etdiyi avtomobilin sükanını bir qədər sağa doğru istiqamətləndirmiş, bu zaman avtomaşının sağ hissəsi yolun sağ ehtiyat hissəsinə çıxmaqla, idarəetməni itirmiş, nəticədə idarə etdiyi avtomobil yolun əks hərəkət zolağına doğru istiqamətlənməklə, əks istiqamətdən hərəkətdə olan “Vaz 21074” markalı avtomaşınla toqquşmuş, idarə etdiyi avtomobilin Astara rayonu istiqamətində arxadan gələn yük avtomobilə çırpılmasını sonradan bilmiş, hadisə zamanı avtomaşında olan sərnişin Balasər və özü xəsarət almış, digər sərnişinlərin xəsarət almalarından isə sonradan məlumatı olmuşdur. Təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3la barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 müalicəsinə maddi yardım göstərilməsini və zərər çəkmiş şəxslərin hüquqi varisləri ilə barışığa cəhd edilməsini, hadisə zamanı özünün xəsarət almasını, gənc olmasını və ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini nəzərə alaraq məhkəmədən barəsində ədalətli hökm verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 05 fevral 2022-ci ildə saat 12:20 radələrində Qorxmazın idarə etdiyi “Vaz 21074” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə Astara rayon istiqamətdə saatda 60 km sürətlə sağ zolaqla hərəkətdə olmuş, Cəlilabad rayon ərazisindən keçərkən təxminən 100-150 metr məsafədən, Ələt qəsəbə istiqamətində hərəkətdə olan “BMW 540” minik markalı avtomaşının öz qarşısında olan bir neçə nəqliyyat vasitəsini yüksək sürətlə ötməklə gəldiyini görmüş, həmin avtomaşınla aralarındakı məsafə yaxınlaşdıqda, ani olaraq “BMW markalı avtomaşın yolun əks zolağına çıxaraq avtomobillər toqquşmuş, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış, hazırda müalicəsinin davam etdiyini, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə digər hazırkı ifadəsində göstərmişdir ki, 05 fevral 2022-ci ildə saat 12 radələrində Qorxmazın idarə etdiyi “Vaz 21074” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə Astara rayonu istiqamətdə sağ zolaqla hərəkətdə olarkən Cəlilabad rayonu ərazisindən keçən ani olaraq avtomobilin nəyəsə çırpıldığını hiss etmiş, hadisə nəticəsində ağır xəsarət aldığından huşunu itirmiş, ayıldıqda xəstəxanada olduğunu görmüş, sonradan Kamran adlı şəxsin idarə etdiyi “BMW 540” markalı avtomaşınla əks yola çıxması nəticəsində toqquşma hadisəsinin baş verdiyini bilmişdir. Hazırda təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı şikayəti olmadığını bildirmiş, lakin ona dəymiş maddi ziyanın ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 05 fevral 2022-ci ildə saat 12:20 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “BMW 540” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə Ələt qəsəbə istiqamətdə sağ zolaqla hərəkətdə olmuş, Cəlilabad rayon ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ağır bədən xəsarətləri almış, ayıldıqda xəstəxanada olduğunu görmüş, nə baş verdiyini soruşduqda Kamranın idarə etdiyi “BMW 540” markalı avtomaşınla Vaz 21074 minik markalı avtomaşının toqquşduğunu bilmiş, hadisə zamanı huşunu itirdiyindən hadisənin hansı şəraitdə necə baş verməsini xatırlamamışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmiş və məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, mərhum Tural Adıgözəlov onun oğludur. 05 fevral 2022-ci ildə saat 12 radələrində oğlu Turalın Ələt-Astara yolunda yol qəzasına düşməsini eşidib Cəlilabad RMX-na getmiş, orada olarkən Turalın ağır bədən xəsarətləri almaqla dünyasını dəyişdiyini bilmiş, hadisə isə Kamran adlı şəxsin idarə etdiyi “BMW 540” minik markalı avtomaşınla Qorxmaz adlı şəxsin idarə etdiyi “Vaz 21074” minik markalı avtomaşınla toqquşması nəticəsində baş vermişdir. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, mərhum Mürsəl Quliyev doğma oğludur. 05 fevral 2022-ci ildə saat 12 radələrində yaşadığı evdə olarkən oğlu Mürsəlin Ələt-Astara yolunda yol qəzasına düşməsini eşidib Cəlilabad RMX-na getmiş, orada olarkən Mürsəlin ağır bədən xəsarətləri almaqla dünyasını dəyişdiyini bilmişdir. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, mərhum Qorxmaz İsmayılzadə onun oğludur. 05 fevral 2022-ci ildə saat 12 radələrində yaşadığı evdə olarkən oğlu Qorxmazın Ələt-Astara yolunda yol qəzasına düşməsini eşidib Cəlilabad RMX-na getmiş, orada olarkən Qorxmazın yolnəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişdiyini bilmiş, hadisə isə Kamran adlı şəxsin idarə etdiyi “BMW 540” markalı avtomaşınla Qorxmaz adlı şəxsin idarə etdiyi “Vaz 21074” markalı avtomaşınla toqquşması nəticəsində baş vermişdir. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 05 fevral 2022-ci ildə saat 12:20 radələrində idarə etdiyi “X29” yük markalı ** JZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara avtomobil yolu ilə Astara rayonu istiqamətində saatda 55-60 km sürətlə sağ zolaqla hərəkətdə olarkən qarşısında eyni istiqamətdə “Vaz 21074” markalı avtomaşın sağ zolaqla hərəkətdə olmuş, Cəlilabad rayon ərazisindən keçdikdə Ələt qəsəbəsi istiqamətində hərəkətdə olan “BMW 540” markalı avtomaşının öz qarşısında olan bir neçə avtomaşınları yüksək sürətlə ötdükdən sonra sonuncu avtomobili ötmək istədikdə, ani olaraq əks yola çıxmaqla “Vaz 21074” markalı avtomaşınla toqquş, həmin vaxt təhlükəni hiss etdiyindən dərhal avtomaşının əyləcini basmaqla sükanı sağa doğru istiqamətləndirmiş, bu zaman “Vaz 21074” markalı avtomaşın “BMW” markalı avtomaşınla toqquşduqdan sonra, sonuncu avtomaşının qabaq sol hissəsi “X29” yük markalı avtomaşının sol yan hissəsinə çırpılmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxslərin, zərər çəkmiş şəxslərin hüquqi varislərinin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan Cəlilabad RMX-nın 05 fevral 2022-ci il tarixli 146 saylı tibbi müayinə aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan DİN-nin BDYPİ QİS-in 17 fevral 2022-ci il tarixli 016-20372-1222 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 21 fevral 2022-ci il tarixli 08 saylı rəyindən görünür ki, X1 meytində aşkar edilmiş xəsarətlər – qarnın ağır küt travması, qaraciyərin zədələnməsi, qarnın ön divarında qançır, sol çənə bucağı nahiyyəsində, döş qəfəsinin ön səthində, boyun və sağ diz oynağı nahiyyəsində sıyrıqlar. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 05 fevral 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. X1 ölümünə səbəb qara ciyərin zədələnməsi nəticəsində əmələ gəlmiş kəskin qanitirmə olmuşdur.X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 15 fevral 2022-ci il tarixli 09 saylı rəyindən görünür ki, X4 meytində aşkar edilmiş xəsarətlər – qarnın ağır qapalı küt travması, qaraciyərin zədələnməsi, qarnın ön divarında qançır, sağ said sümüklərinin açıq sınığı, sağ said nahiyəsində əzilmiş yara, sağ almacıq, burun və üst dodaq nahiyəsində sıyrıq. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 05 fevral 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. X4 ölümünə səbəb qara ciyərin zədələnməsi nəticəsində əmələ gəlmiş kəskin qanitirmə olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 15 fevral 2022-ci il tarixli 10 saylı rəyindən görünür ki, X2 meytində aşkar edilmiş xəsarətlər – ağır qapalı kəllə-beyin travması, baş-beynin yumuşaq qişasına qansızma, baş beyin toxumasının əzilməsi, sol bud sümüyünün və hər iki baldır sümüklərinin qapalı sınığı, başın sağ alın nahiyəsində, alt dodaq və sol çənə bucağı nahiyyəsində əzilmiş yara, hər iki yanaq və hər iki gözyuvası ətrafı nahiyədə, boyun nahiyəsində, döş qəfəsinin ön səthində, sol bel-sağrı nahiyəsində, hər iki baldır və sol bud nahiyəsində, sağ diz oynağı və sol said nahiyəsində sıyrıqlar. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 05 fevral 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. X2 ölümünə səbəb baş-beyin toxumasının əzilməsi, başbeynin yumuşaq qişasına qansızma olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 21 fevral 2022-ci il tarixli 142 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Bəybala oğlunun bədəni üzərində - sol dirsək sümüyünün qapalı sınığı, sağ 1-ci, sol 9-10-11-ci qabırğaların yerdəyişən sınığı, döş qəfəsinin sol yan səthində qançır müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 05 fevral 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 17 fevral 2022-ci il tarixli 135 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində - qarının qapalı küt travması, dalağın çıxarılması ilə nəticələnən cırılmış yarası, sol almacıq nahiyəsində əzilmiş yara, sol gözün alğı qişasına yayılmış qansızma müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 05 fevral 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 26 fevral 2022-ci il tarixli 94\MEŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində-baş-beyinin hemorragik əzilməsi, alın, sol təpə, sol gicgah, ənsə, əsas və xəlbir sümüklərinin sınıqları, sol ənsə və sagital tikişlərin aralanması, sağdan İİİ-Xİ qabırğaların sınığı və sol tərəfli minimal pnevmotoraks, sağ kürək sümüyünün yerdəyişməyən sınığı, başın ənsə nahiyəsinin və sol bazunun səthi əzilmiş-cırılmış yaraları, sağ göz qapaqları, sağ gözaltı nahiyənin qançırı və həmin gözün ağlı qişasına qansızma müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 05 fevral 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 22 fevral 2022-ci il tarixli 8\374 saylı rəyindən görünür ki, “BMW 540” minik markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “BMW 540” minik markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “BMW 540” minik markalı avtomobili 3.24 ”Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 70 km\saata qədər məhdudlaşdırılmış yolda 100 km\saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 ”Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan məhkəmə-trosoloji ekspertizasının 15 mart 2022-ci il tarixli 8\386 nömrəli rəyindən görünür ki, ilkin kontakt anında toqquşma “BMW 540” minik markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq nisbətən sol hissəsi ilə Vaz 21074 minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq nisbətən qabaq sol yan hissəsi arasında təxminən 10-15 dərəcə bucaq altında baş vermişdir. Təqdim edilmiş “BMW 540” minik markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr öz ilkin formasını itirdiyindən onun “X29” yük markalı ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobillə hansı bucaq altında toqquşmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş “BMW 540” minik markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “X29” yük markalı ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (sol yan qoruyucuda, arxa sol təkərdə, arxa sol təkər diskində) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontakda olması, dəyməsi, o cümlədən avtomobillərin bir-biriləri ilə toqquşması nəticəsində yaranmağa xarakterikdir. Təqdim edilmiş “BMW 540” minik markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq bamperdə, kapotda, qabaq sol qanadda, qabaq sol dirəkdə, qabaq sol təkərdə) “Vaz 21074” minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotda, qabaq sol qanadda, qabaq sol qapıda, arxa sol qapıda, qabaq bamperdə, qabaq sol dirəkdə, qabaq sol təkərdə) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontakda olması, dəyməsi, o cümlədən avtomobillərin birbiriləri ilə toqquşması nəticəsində yaranmağa xarakterikdir. Təqdim edilmiş “BMW 540” minik markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr qabaqdan arxaya, nisbətən soldan sağa doğru, “Vaz 21074” minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr qabaqdan arxaya, nisbətən soldan sağa doğru, “X29” yük şmarkalı ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr qabaqdan arxaya doğru istiqamətlənmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin verdiyi etirafedici, zərər çəkmiş şəxslərin, zərər çəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin isə təsdiqedici) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəylərini, maddi sübutu, həmçinin işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndi və 64-cü maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan qeyd olunan yol hərəkəti qaydalarını pozması nəticəsində yuxarıda göstərilən nəticələrə səbəb olmuş yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmədə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından o, qanunauyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə təqsirləndirilən şəxs X10 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun həbsə alındığı gündən, yəni – 28 fevral 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Cəlilabad rayon məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli həmin gündən, yəni 28 fevral 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınan“X29” yük markalı ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobil, “BMW 540” minik markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobil və “Vaz 21074” minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahiblərinə verilmişdir. İş materiallarında olan ərizələrdən görünür ki, zərər çəkmiş şəxslər və zərər çəkmiş şəxslərin hüquqi varisləri Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş cəza verilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Vəlizadə X11 rayonunun Porsava kəndində qeydiyyatda olmaqla valideynləri və iki qardaşı ilə birlikdə həmin kənddə yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə barışmasını Azərbaycan Respublikası CM-in 59.1.12-ci, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş ziyanın azaldılmasına köməklik göstərilməsini CM-in 59.1.14-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də təqsirini etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, onun gəncliyini, eyni zamanda cəzasını ağırlaşdıran halların olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını və ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə yuxarıda göstərilən yüngülləşdirici halların olmasını, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının orta həddində cəza təyin edilməsini, həmçinin müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ona təyin olunacaq əsas cəzanı Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq X29” yük markalı ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobil, “BMW 540” minik markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobil və “Vaz 21074” minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərində olması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 256 (iki yüz əlli altı ) manat Təqsirləndirilən şəxs alınaraq dövlət hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 28 fevral 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 256 (iki yüz əlli altı ) manat Təqsirləndirilən şəxs alınaraq dövlət hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq X29” yük markalı ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobil, “BMW 540” minik markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobil və “Vaz 21074” minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli
3. Müşfiq Məmmədov