Məhkəmə qərarları › İş №1(099)-318/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-318/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-318/2024 23.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə İran İslam Respublikasında doğulmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası Parsabad rayonunda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3, 318.1 və 29,318.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilməs, saxlanılması və daşınaraq İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq o, İran İslam Respublikasında digər şəxsdən 11248,4 qram qurudulmuş marixuananı ümumi cinayətkar niyyətlə əldə etmiş, saxlamış, özü ilə daşıyaraq 11 iyun 2023-cü il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzaratindən kənar, qaçaqmalçılıq yolu ilə Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin İmişli rayonunda yerləşən 2-ci sərhəd zastavasının xidməti ərazisindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçirərək ərazidə gizlətmiş, həmin tarixdə saat 22:30 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda, qeyd olunan hərbi hissəsinin İmişli rayonu ərazisində yerləşən 2-ci sərhəd zastavasının xidməti sahəsindən təkrarən Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmiş, özünün iştirakı ilə qeyd olunan külli miqdarda narkotik vasitə gizlədildiyi yerdən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azhərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3, 318.1 və 29,318.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ailə üzvləri ilə birlikdə İran İslam Respublikasının Parsabad rayonunda yaşayır. 2023-cü ilin yanvar ayında atası vəfat etmişdir. Atasının dəfn və yas mərasiminin keçirilməsi ilə əlaqədar olaraq ailəsi borca düşmüşdür. Ona görə də ailəsinin borcunu ödəmək məqsədi ilə Bakı şəhərinə gələrək işləyib, pul qazanmaq qərarına gəlmişdir. Lakin onun sənədləri olmadığına görə Azərbaycana qanuni yolla gələ bilməmişdir. Həmçinin anası Azərbaycana getməsinə razılıq verməmişdir. Lakin o, Azərbaycan öz Vətəni olduğundan sərhəddən qanunsuz yolla keçərək Azərbaycana ketmək niyyətindən dönməmişdir. Ona görə də 11 iyun 2023-cü il tarixdə saat 22 radələrində Araz çayını üzərək sərhəddən qanunsuz olaraq Azərbaycan tərəfə keçmişdir. Həmin vaxt əlində hər hansı bir əşya, o cümlədən narkotik vasitə olmamışdır. Araz çayından Azərbaycan tərəfə keçdikdən sonra bir siqaret çəkmişdir. Sonra sərhədi keçərkən mobil telefonunun düşdüyünü bilmiş və telefonu tampaq üçün gəldiyi istiqamətdə geri qayıdarkən təxminən 20 nəfərdən ibarət olan sərhədçilər onu tutmuşlar. Onu döyərək İrandan Azərbaycana narkotik gətirməsini demiş və onu zastavaya aparmışlar. Gecə zastavada qalmışdır. Səhəri gün ona yemək vermişlər, sonra isə tutulduğu sahəyə aparmışlar. Həmin sahəni axtarıb, oradan narkotik tapmışlar. Narkotiki İrandan onun gətirməsini demişlər. Lakin o, narkotik gətirmədiyini bildirmişdir. Hərbiçilər onun ayağının altına döymüşlər, vurub dişini sındırmışlar. Ona görə də məcbur olub narkotik vasitənin guya ona məxsus olmasını etiraf etmişdir. Ramiz adlı şəxs onu İran- Azərbaycan sərhədinə gətirməmişdir. Sərhədçilər onun mobil telefonunda Ramizin adını gördüklərinə görə onu Ramizin göstərişi ilə narkotik gətirməsi barədə ifadə verməyə məcbur etmişlər. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən ifadəsində göstərmişdir ki, Ramiz adlı İran İslam Respublikasının vətəndaşı ona içərində narkotik vasitə olan bağlamanı Azərbaycan Respublikasına keçirəcəyi halda 50 milyon İran İslam Respublikası rialı pul verəcəyini demişdir. O, Ramiz adlı şəxsin təklifi ilə razılaşmışdır. 11 iyun 2023-cü il tarixdə saat 22 radələrində Ramizlə birlikdə İran İslam Respublikası tərəfdən Araz çayına yaxınlaşmışlar. Ramiz əlindəki bağlamanı ona verərək bağlamanı o taya, yəni Azərbaycan tərəfə keçirməsini, orada bir yerə qoymasını, qoyduğu yerin məkanını telefon vasitəsi ilə ona göndərməsini və İran İslam Respublikası tərəfə qayıtmasını demişdir. O, həmin bağlamanı götürərək Azərbaycan Respublikasına keçmişdir. Bağlamanı ərazidə gizlətdikdən sonra geriyə İran İslam Respublikasına qayıdarkən sərhədçilər tərəfindən saxlanılmışdır. Sonra onun gizlətdiyi bağlama öz iştirakı ilə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən «N» saylı hərbi hissənin hərbi qulluqçusu Şahid1 göstərdi ki, 11 iyun 2023-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə keçiriləcəyi barədə daxil olmuş məlumat əsasında hərbi hissənin 2-ci sərhəd zastavasının 2-3-cü sahələrinə onun və kapitan Şahid2 iştirakları ilə «pusqu» sərhəd naryadı xidməti təşkil edilmişdir. 11 iyun 2023-cü il tarixdə saat 22 radələrində bir nəfər şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçməsini müşahidə etmişlər. Şübhəli şəxsin üzərində bağlamalar olmasını və həmin bağlamanı əraziyə qoyaraq geriyə İran İslam Respublikasına qayıtmaq istəməsini görmüşlər. Onlar dərhal həmin şəxs istiqamətində hərəkət edərək ona "dayan" komandası vermiş və şübhəli şəxsi saxlamışlar. Saxlanılan şəxs İrandan Azərbaycana içərisində külli miqdarda narkotik vasitə olan 02 ədəd bağlama keçirdiyini və həmin bağlamaları əraziyə qoyduğunu etiraf etmişdir. Saxlanılan şəxs daha sonra sərhəd zastavasına aparılmışdır. Bir neçə dəqiqə sonra əraziyə həyəcan qrupu gələrək axtarış aparmağa başlamışdır. Axtarış tədbirləri aparılarkən 13 iyun 2023-cü il tarixdə saat N radələrində 2-ci sahədə kolluq və qamışlıq ərazidən 02 ədəd qara rəngli bağlamalar saxlanılan şəxsin və hal şahidlərinin iştirakları ilə aşkar edilərək götürülmüşdür. Bundan sonra saxlanılan şəxs və bağlamalar sərhəd zastavasının inzibati binasına aparılmışdır. Baxış zamanı bağlamaların içərisində külli miqdarda narkotik vasitələr olması müəyyən edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən hərbi qulluqçu Şahid2 da Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, 12 iyun 2023-cü il tarixdə «N» saylı hərbi hissənin hərbi qulluqçusu kapitan Zaur Kamilov tərəfindən dəvət olunmaqla hərbi hissənin 2-ci sərhəd zastavasının xidməti sahəsində aşkar olunmuş bağlamanın ərazidən götürülməsində və bağlamalara baxış keçirilməsində Şahid4 və o, hal şahidi qismində iştirak etmişlər. Onların iştirakları ilə 2-ci sahədə kolluq və qamışlıq ərazidən 02 ədəd polietilen bağlamalar aşkar olunaraq götürülmüş və sərhəd zastavasına aparılmışdır. Zastavada bağlamalara baxış keçirilərkən içərisindən 11800 qram narkotik vasitə marixuanaya oxşar maddələr olması müəyyən edilmişdir. Aşkar olunaraq götürülmüş narkotik vasitəyə oxşar maddələr qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 da Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. 12-13 iyun 2023-cü il tarixli baxış keçirilməsi və götürmə aparılması barədə protokolundan görünür ki, 13 iyun 2023-cü il tarixdə saat N radələrində «N» saylı hərbi hissənin 2-ci sərhəd zastavasının 2-ci sahəsində kolluq və qamışlıq ərazidə iki ədəd polietilen bağlamalar aşkar edilərək götürülmüşür. 13 iyun 2023-cü il tarixli baxış protokolundan görünür ki, 13 iyun 2023-cü il tarixdə «N» saylı hərbi hissənin 2-ci sərhəd zastavasının 2-ci sahəsində aşkar edilərək götürülmüş iki ədəd bağlamalar açıldıqda içərilərindən 11800 qram narkotik vasitə olan marixuanaya bənzər maddələr olması müəyyən edilmişdir. Məhkəmə bioloji ekspertizasının 14 iyun 2023-cü il tarixli, 7/863 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bağlamalarda ümumi təmiz halda çəkisi 11248,4 qram narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İran İslam Respublikasının vətəndaş Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, saxlaması və özü ilə daşıyaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələridən kənarda qanunsuz olaraq keçməklə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına keçirməsi, sonra isə İran İslam Respublikaksına qayıtmaq məqsədi ilə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənarda təkrar qanunsuz olaraq keçməyə cəhd etməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən təqsmirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitə keçirməməsi, Azərbaycan Respublikasına işləmək məqsədi ilə gəlməsi, onun saxlanıldığı ərazidə aşkar olunan qurudulmuş marixuananın sərhədçilər tərəfindən qoyulması barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi nəzərə almır. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəx Təqsirləndirilən şəxs əməli CMnin 206.3.2, 234.4.1, 234.4.3, 318.1 və 29,318.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsn cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 318.1 və 29,318.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 11 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə təqsirləndirilən şəxsə CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza da təyin edilməli, CM-nin 52.1-1-ci maddəsinə əsasən məhkumluğu ödənilədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Döəvlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan 11247,9 qram qurudulmuş marixuana məhv edilməlidir. Ekspertiza xərci 72 manat təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 318.1 və 29, 318.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 318.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 29, 318.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkumluğu ödənilədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan 11247,9 qram qurudulmuş marixuana məhv edilsin. Ekspertiza xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar