Məhkəmə qərarları › İş №1(099)-318/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-318/2025

04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-318/2025 04.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1986-ci ildə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, X1 qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1989-cu ildə Bərdə rayonu Qaradırnaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özünü İran İslam Respublikası vətəndaşı (bundan sonra İİR vətəndaşı) kimi təqdim edən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xüsusilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələri İİR vətəndaşının gizlətdirdiyi yerdən 2500 (iki min beş yüz) manat müqabilində götürərək, daşıyıb sonuncunun dediyi yerə qoyacaqlarına razılaşaraq 02 fevral 2025-ci il tarixdə saat 02:30 radələrində Masallı-Yardımlı yolunun 40-cı kilometrliyində Yardımlı rayonu ərazisindən xüsusilə külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, həmçinin külli miqdarda narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd kisəni qanunsuz əldə edib Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək daşımışlar. 02 fevral 2025-ci il tarixdə saat 03 radələrində Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı-Yardımlı yolunun 39-cu kilometrliyində, Yardımlı rayonu ərazisində həmin avtomobildə saxlanılmışlar, saxlanıldığı yerdə, yuxarıda qeyd olunan avtomobilə baxış keçirilən zaman avtomobilin salonundakı 1 (bir) ədəd kisədən 9 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qr, 1000 qr, 995 qr, 995 qr, 990 qr, 1000 qr, 840 qr, 985 qr, 980 qr olmaqla ümumilikdə 8785 qram çəkidə xüsusilə külli miqdarda xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 990 qr və 915 qr olmaqla ümumilikdə 1905 qram çəkidə xüsusilə külli miqdarda xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin, həmçinin 6 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2005 qr, 2300 qr, 990 qr, 1000 qr, 960 qr, 2000 qr olmaqla ümumilikdə 9255 qram çəkidə külli miqdarda orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində gösətmişdir ki, “Nima Nəcəfi” adlı İİR vətəndaşı ilə “WhatsApp” proqramı vasitəsi ilə tanış olmuş, 01 fevral 2025-ci il tarixdə İİR vətəndaşı zəng edərək ona 2 kq marixuananı 2000 manat müqabilində Masallı rayonu İstisu ərazisindən götürəndən sonra dediyi yerə aparmasını təklif etmiş, o da maddi imkanı zəif olduğu üçün razılaşmışdır. Tanışı Təqsirləndirilən şəxs2 özü ilə sürücü kimi aparmışdır, ona Masallı rayonunda İstisuya aparılması ilə razılaşmış, lakin əvvəlcə narkotik barədə məlumat verməmişdir. Elə həmin gün Əlövsətin idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Masallıya yola çıxmışlar. Təqsirləndirilən şəxs2 ilk olaraq heç bir söz deməmiş, lakin yolda «Hacıoğlu» restoranında ona narkotik barədə bildirmişdir. Masallıda olarkən İİR vətəndaşı ona narkotikin Yardımlı rayonunda olduğunu demişdir. Yardımlı rayonuna getmişlər,artıq 02 fevral 2025-ci il saat 02:30 radələrində orada yol kənarında çirkab suların axıdılması üçün kanal olmuşdur, o həmin əraziyə düşmüş, orada olan bağlamaya baxış keçirtmiş və avtomobilə geri qayıdaraq İİR vətəndaşı ilə əlaqə saxlayıb narkotikin 2 kq deyil, daha çox olduğunu bildirmiş və İİR vətəndaşı ilə həmin narkotik vasitəsinin 5000 manat müqabilində götürülməsinə razılaşmışdır. Yenidən düşüb narkotik vasitəsini götürüb maşına yükləmiş və yola çıxmışlar. Təxminən 600-700 metr aralandıqdan sonra yolda olarkən polis əməkdaşları onları saxlamışlar. Onun götürüb avtomobilə qoyduğu kisə ağ rəngdə olmuş, həmin kisəni avtomobilin ön oturacağına qoymuş, lakin çəkiliş zamanı həmin kisənin avtomobilin arxa oturacağında və sarı rəngli kisə olması müəyyən olunmuşdur. Bundan başqa İİR vətəndaşı ilə marixuananın və metadon həblərinin götürülməsi ilə bağlı razılaşma olsa da sonradan kisədə heroin və psixotrop maddə metamfetamin olması aşkar olunmuşdur. Polis əməkdaşları onu döyərək cinayəti boynuna almasına məcbur etmişlər. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, bildirmişdir ki, İİR vətəndaşı ilə narkotik götürmək barədə razılaşdıqdan sonra Təqsirləndirilən şəxs2lə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində görüşmüş, İİR vətəndaşının narkotik daşıması təklifini bildirmiş və onunla birlikdə gedib-getməyəcəyini soruşmuş, Təqsirləndirilən şəxs2 ona vaxt verməsini, fikirləşib cavab deyəcəyini bildirmiş və həmin gün gecə saatlarında Əlövsət əlaqə saxlayaraq razılaşmışdır. Masallı rayonuna çatmağa az qaldıqları vaxt telefonunda internet olmadığı üçün İİR vətəndaşı ilə Təqsirləndirilən şəxs2 məxsus mobil telefonla əlaqə saxlamış, bundan sonra İİR vətəndaşı Əlövsətin telefonunda istifadə olunan “WhatsApp” proqramına narkotiklərin yerləşdiyi konumu göndərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tədqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “avtomobilə qoyduğu kisə ağ rəngdə olması, lakin çəkiliş zamanı həmin kisənin sarı rəngli kisə olması, polis əməkdaşları onu döyərək cinayəti boynuna almasına məcbur etmələri” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı ifadələrində göstərdikləri sözü gedən xüsusatları cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki tanıyır. 31 yanvar 2025-ci il tarixdə Elvin ona zəng vuraraq Masallı rayonundan yük götürmək lazım olduğunu, bir nəfər şəxsin onları qarşılayacağını, lazım olduqda da orada qala biləcəyini demişdir. O taksi sürücüsü işlədiyi üçün orada qala bilməyəcəyini, anasının evdə tək olmasını demişdir. Səhəri gün saat 19 radələrində idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Bakı şəhərindən çıxıb üzü Masallı rayonuna getmişlər. Yolda olanda Elvin ona narkotik vasitə barədə məlumat vermişdir. Masallı rayonuna çatdıqdan sonra Elvin narkotiki göndərən şəxslə əlaqə saxladıqdan sonra həmin şəxs onlara telefonla başqa məkan göndərmişdir. Konuma baxdıqda Yardımlı ərazisi olması müəyyən olunmuş, onlar da Yardımlı rayonuna getmişlər. Artıq 02 fevral 2025-ci il saat 02 radələrində Yardımlı ərazisində konumda olan yerə çatdıqdan sonra Elvin avtomobildən düşüb orada arx deyilən yerə getmiş, heç bir şey götürmədən qayıdaraq avtomobilə əyləşib həmin şəxslə əlaqə saxlayaraq orada heç nə tapa bilmədiyini bildirmişdir. Biraz irəliyə gedib yenidən qayıdarkən həmin ərazidə avtomobili saxlamış, Elvin yenidən avtomobildən düşüb həmin əraziyə getmiş, orada olan bir ədəd kisəni götürüb avtomobilə qoymuş, yolda qayıdarkən polis əməkdaşları onları tutmuşdurlar. Polis əməkdaşları onları avtomobildən düşürdərkən avtomobildə Elvinin ayaqaltında olan kisəni götürərək öz avtomobillərinə qoymuşlar. Elvinlə 2 kiloqram narkotik vasitəsinin daşınması ilə bağlı 2000 manata razılaşmış, həmin puldan ona 1000 manat çatacaqdı. Məhkəmədən barəsində ədalətli qərar verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Yardımlı rayon polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 02 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələr əldə etməsi barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. 02 fevral 2025-ci il tarixdə saat 03 radələrində əməliyyat qrupu ilə birlikdə Masallı-Yardımlı yolunun 39-cu kilometrliyində Yardımlı rayonu ərazisində həmin şəxsləri “Toyota Prius” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışlar. Avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2, sərnişin isə Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Onlara külli miqdarda narkotik vasitələr əldə etməkdə şübhəli olduqlarını demişlər və narkotik vasitələr əldə edib-etmədiklərini soruşmuşlar. Onlar avtomobildə narkotik maddələr olduğunu bildirmişlər. Bundan sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində yoxlama aparmış və qeyd olunan avtomobilə baxış keçirilmişdir. Şifahi sorğu zamanı saxlanılan şəxslər İİR vətəndaşı ilə əlaqə saxlayaraq Yardımlı rayonu ərazisində gizlətdiyi içərisində narkotik vasitələr olan kisəni əldə edərək 5000 (beş min) manat müqabilində Bakı şəhərinə aparacaqlarını və hazırda həmin narkotik vasitələrin avtomobilin salonunda olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs1 İİR vətəndaşı ilə “WhatsApp” proqramı ilə əlaqə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitələri İİR vətəndaşının onlara göndərdiyi konumdan götürdüklərini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 avtomobildə daşıdıqları içərisində narkotik vasitələr olan 1 ədəd kisəni təqdim etmişdir. Həmin kisə avtomobildən götürülərək yerə qoyulmuşdur. Həmin kisədən 15 ədəd bükülü və 1 ədəd sellofan torbada 2 ədəd bükülü olmaqla ümumilkdə 17 ədəd sellofan bükülü aşkar olunmuşdur. Aşkar olunmuş bükümlərdə narkotik vasitə marixuana və heroinə oxşar maddələrin olması müəyyən edilmişdir. Şahid qismində dindirilmiş Yardımlı rayon polis şöbəsinin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə kimyəvi-bioloji ekspertizasının 02 fevral 2025-ci il tarixli 19/39 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri və Toyota Prius markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana, heroin və psixotrop maddə metamfetaminə oxşar kütlələr....” sözlər və imzalar olan bir ədəd kisədəki, 9 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: - 1000,0 qr: -1000,0 qr: -995,0 qr: -995,0 qr: -990,0 qr: 1000,0 qr: 840,0 qr: 985,0 qr: 980,0 qram: ümumi təmiz çəkisi:-8785,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər, 2 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri:-990,0; -915,0 qram: ümumi təmiz çəkisi:-1905,0 qram olan ağ rəngli kristiallardan ibarət maddələr metamfetamindir, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 6 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: -2005,0 qr: -2300,0 qr: -990,0 qr: - 1000,0 qr: -960,0 qr: 2000,0 qram: ümumi təmiz çəkisi:-9255,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. -Heroinin ümumi təmiz çəkisi-8785,0 qr., cəmi tədqiqata sərf edildi-0,9 qr.(hər ob. 0,1 qr), qalıq-8784,1 qr.(1-9 №-li ob.) -Metamfetaminin ümumi təmiz çəkisi-1905,0 qr., cəmi tədqiqata sərf edildi-0,2 qr.(hər ob. 0,1 qr), qalıq-1904,8 qr.(10-11 №-li ob.) -Marixuananın ümumi təmiz çəkisi-9255,0 qr., cəmi tədqiqata sərf edildi-0,6 qr.(hər ob. 0,1 qr), qalıq-9254,4 qr.(12-17 №-li ob.) Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. (Siyahı İ) Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” siyahısına daxildir. (Siyahı İ) Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 130 (yüz otuz) manat qəpikdir. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 fevral 2025-ci il tarixli 423 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hadisəni törətdiyi anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 hadisəni törətdiyi anda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 fevral 2025-ci il tarixli 424 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hadisəni törətdiyi anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 hadisəni törətdiyi anda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 06 mart 2025ci il tarixli 118 rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 06 mart 2025ci il tarixli 119 rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokol və həmin tədbirin videoçəkilişindən görünür ki, 02 fevral 2025-ci il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Toyota Prius” markalı **-EE- *** dövlət qeydiyyat nişanlı avtomobildə Yardımlı rayonu ərazisində saxlanılmışlar. Yardımlı rayonu ərazisinə hansı məqsədlə gəlmələrini soruşulmuş, onlar İİR vətəndaşı ilə əlaqə saxlayaraq onun Yardımlı rayonu ərazisində gizlətdiyi içərisində narkotik vasitələr olan kisəni əldə edərək pul müqabilində Bakı şəhərinə aparacaqlarını və hazırda həmin narkotik vasitələrin avtomobilin salonunda olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 həmin avtomobildən daşıdıqları içərisində narkotik vasitələr olan 1 ədəd kisəni təqdim etmişdir. Həmin kisə avtomobildən götürülərək yerə qoyulmuşdur. Kisədən ümumilkdə 17 ədəd sellofan bükülü aşkar olunmuşdur. Həmin bükülülərdə heroin, qurudulmuş marixuana və psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar edilmişdir. İş materiallarında olan 04 fevral 2025-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan və səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs1 070 *** ** ** “Samsung Galaxy J2” markalı mobil telefon və həmin nömrə ilə qeydə alınmış “WhatsApp” proqramında İran İslam Respublikası mobil operatoruna məxsus +98 921 *** ** ** saylı mobil nömrəni “Salman” adı ilə qeyd etmiş, Təqsirləndirilən şəxs2 məxsus 070 *** ** ** saylı mobil nömrəni “Əlövsət” kimi qeyd etmiş və həmin şəxslərlə aşağıda göstərilən danışıqları aparmışdır: Salman- “Elvin qardaşım danış o uşaqnan, çıxırsan, çıx, çatdın Masallının girəcəyinə mənə denən, deyim qoysunlar ora” Təqsirləndirilən şəxs1 İİR vətəndaşına: “maşın hazırdır, bizə yüngülvari benzin pulu lazımdır, olsa lap bu dəqiqə çıxarıq ” “yaxşı qardaşım problem yoxdur, pul göndərtdirə bilirsən indi, nəsə gücün çatan, fərqi yoxdur nə qədər, nəyə gücün çatır, denən mənə zəng vurum maşın gəlsin” “qardaşım nə qədər pul verəcəksən, konkretdə, dediyini verirsən” “biz gedib orda problemnən rastlaşmayacağıq ki, getdik dəydik qayıtdıq da, düzdür, əminsən də, iki oğlan göndərirsəndə bu işin dalıycan, konkret olsunda, day riskə gedirik ” “ hə əla olardı qardaşım, heç görməmişəm, çəkməmişəm” “Hə qardaşım biz beş dəqiqəyə çıxırıq” “Bir də gör nə deyirəm qardaşım icazə verərsən qaradan da götürüm özümə, verməzsənsə sataram pulunu verərəm” “Biz çıxdıq da” “Məndə internet olmayacaq, şoferin nömrəsi ilə yazacam sənə, yeridə ora atarsan” Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 arasında 31 yanvar 2025-ci il tarixdə olan danışıqlar: Elvin - “necəsən qaqaş, haralardasan, sənnən bir söhbətim var, üz üzə olsa lap əla olar” Əlövsət -“salam, axşamın xeyir, mən işdəyəm, şəhərdəyəm, keçərəm bu gün o tərəfə, evdə olacaqsan.” Elvin - “hə qardaşım, keçərdin bura, üz-üzə danışardıq, tez keçsən lap yaxşı olardı, ikimizin arasında olan söhbətdir, bir daş altda, bir daş üstə olmalıdı, təxmini nə vaxt gələrsən” Əlövsət - “Gör nə deyirəm, şey-şüyün zadın var, qalıb nəsə, özümüzə, başımızı açmaq üçün çəkməyə” Elvin - “yox mən də yoxdu heçnə, bir dənə rahat danışa bilsəydin, danışardıq, mükəmməl bir söhbətim var, ləzzətli bir söhbətim var aramızda, qardaş-qardaşa bir dənə söhbət edərdik, düzdü riski öz yerində, amma mən səni əli boş qoymaram, həm maddi, həm mənəvi, tez gəlsəydin, tez söhbətimizi həll eliyərdik, möhtəşəm olardı” Əlövsət - “çalışdığım qədər tez gələcəm” 01 fevral 2025-ci il tarixdə olan danışıqları: Elvin - “salam qardaşım, necəsən, nə var nə yox, indi düzəltdirmişəm, telefonum işləmirdi, xarab olmuşdu, indi danışım qardaşım, xəbərləşərəm səninlə” Əlövsət - “əleyküm salam həci, heç nə bir az nigaran qaldım, nə oldu bu, hara itdi batdı, bir dənə danış hə yox elə, xəbər denən mənə” Elvin - “gözlə qardaşım indi xəbər deyir narahat olma” “Əlövsət gəlirsən qaqaş, gəl gedək də, səs atdı mənə, çıxaq, Masallının girişində xəbər edəcəklər bizə” “Uzağa getmiriydə Masallıya gedirik” Əlövsət - “gəlirəm brat, gəlirəm gedək” “Həci təxminən neçə kilometr olar” “Konum varsa bir dənə at mənə baxım” Elvin - “ala Masallını vurda neçə kilometr nədi, 300 kilometr nağd fikirləş, 300 getmək, 300 gəlmək, 600 nağd qoy qabağına” “məndə pul yoxdu, var idi səhər səhər 120 manat vurmuşam, hələ ki, yoxdu, ama olacaqda, gedəy-gələy olacaqda pulumuz, bizə nə lazımdı, bir dənə benzin, ekanom maşındı, getdiy Bakıya çatan kimi pul vurulur karta” “gəlirsən qardaşım” Əlövsət - “mən burdayam, şaurmanın yanındayam” Elvin - İİR vətəndaşı “Salman”ın +98 921 *** ** ** saylı mobil nömrəni Əlövsətə göndərmiş və “nömrəsi qalsın səndə, məndə internet olmayacaq, nə lazım olsa sənin telefonunla danışarıq, elə bir başa konumu da sənə atar” səs yazısını göndərmişdir. İş materiallarında olan 04 fevral 2025-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan və səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs2 1 ədəd “Poco M3 Pro” markalı mobil telefonda 070 *** ** ** və 050 *** ** ** saylı mobil nömrələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs2 həmin nömrələrdə “WhatsApp” proqramından da istifadə etmişdir. Təqsirləndirilən şəxs2 070 *** ** ** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” proqramına İran İslam Respublikası mobil operatoruna məxsus +98 921 *** ** ** saylı mobil nömrədən səslər göndərilmiş, o da həmin mobil nömrəyə səslər göndərmişdir. Təqsirləndirilən şəxs2 məxsus nömrələrdən Təqsirləndirilən şəxs1 tərəfindən İİR vətəndaşı ilə 01 fevral 2025-ci il tarixdə aşağıdakı danışıqlar aparılmışdır: Elvin İİR vətəndaşına - “Qardaşım bu nömrə ilə əlaqə saxlayarsan, yaxşı, mən bu nömrə ilə yazacam sənə, biz yoldayıq, Bakını çıxırıq” “bir saata ordayıq” İİR vətəndaşı Əlövsətin telefonuna - “yaxşı eləyirsən, yavaş-yavaş səliqə ilə gedin, çatdız qardaşınıza xəbər edin, mən də konumu atım sənə” Elvin İİR vətəndaşına - “Yaxşı qardaşım yaxşı, Masallıya çatacaqda sənə deyəcəm konum at, bir saata sənə xəbər deyəcəm” “Qardaşım mən 4-5 dəqiqəyə girirəm Masallıya” İİR vətəndaşı Əlövsətin telefonuna - “WhatsApp” proqramına konum göndərmiş “qardaşım o yol qoşadır, otaban deyil, yolun qırağındadır, götürdün qardaşınla əlaqə saxla” Elvin İİR vətəndaşına - “yaxşı qardaşım, arxayın ol, biz uzağı yarım saata ordayıq, gör nə deyirəm biz inşallah Bakıya çatan kimi pul teması düzəlirdə, yoxsa necə, sən kurs qoy, biz Bakıya çatan kimi pul otursun, sonra sənə söhbət eliyərəm nə var nə yox” İİR vətəndaşı Əlövsətin telefonuna - “Nigaran olma, Elvin danışmışam hər şeyi, sən çatmasan pul havadadır, nigaran olma, salamatçılıqnan qayıt hər şey alınacaq” “Sən hansı kənndə oleysən mən fəqət ona deyim ki, şey olandan sonra gəlsin ora, gəlsin sizə tərəf, istəsən görərsən, danışarsan onunla, əlbəl pulunu verər, yada karta atar, necə istəsən o cür edərsən”. Elvin İİR vətəndaşına - “Sən məsləhət görsən gələr üzbəüz görüşərik, yox məsləhət görmürsənsə kart ataram” İİR vətəndaşı Əlövsətin telefonuna - “qardaşım nə qədər qalır çatasan ora, mənə hələ bir denən” Elvin İİR vətəndaşına - “qaqaş yol bütün dumandır, gediriydə perevallardır, sən belə deməmişdin qardaş, sən demişdin yola yaxın bir yerə, biz hara gəlib çıxmışıq, biz Yardımlıdayıq, çatırıq, inşallah 5 dəqiqəyə orda olarıq, çox asta gedirik, dumandır, göz gözü görmür, xırda-xırda avarennini yandırmışıq gedirik” “Sən narahat olma çatan kimi, götürən kimi xəbər edəcəyəm biz çıxdıq.” İİR vətəndaşı Əlövsətin telefonuna - “qardaşım elə gediş tərəfdədi, baxsan ora yolun qırağındadı, nigaran olma” səs yazısını göndərmişdir. İş materiallarında olan «maddi sübut kimi tanınması haqqında» 04 fevral 2025-cil qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 1 ədəd kisədə içərisində 9254,4 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 8784,1 qram çəkidə xüsusilə külli miqdarda narkotik vasitə heroin və 1904,8 qram çəkidə xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış saxlanılmasından ötrü Yardımlı RPŞ-nin sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan «maddi sübut kimi tanınması haqqında» 21 aprel 2025-cil qərarı ilə Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung Galaxy J2” markalı və Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Poco M3 Pro”markalı mobil telefonlar Yardımlı RPŞ-nin sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan 02 fevral 2025-ci il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həbs olunmasının əvvəli 02 fevral 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 07 fevral 2025-ci il tarixli Respublika Psixatriya Xəstəxanası X8 məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xəstəxanada müəlicə olunmamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 yanvar 2024-c il tarixli qərarı ilə zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam ödədiyi, zərərçəkmiş şəxslə barışdığı üçün hökmlə təyin edilmiş əsas və əlavə cəzadan azad edilmişdir. 06 fevral 2024-cü il tarixdə cəzadan azad edildiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Sabunçu rayon, Bilgəh qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 fevral 2025-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, X1 qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi anası, arvadı və xx.xx.2012-ci il təvəllüdlü X4 adlı azyaşlı uşağından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 22 aprel 2025-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla iş üzrə şəxsi axtarış, baxış keçirilməsinin və digər istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 2 (iki) ədəd DVD və 6 (altı) ədəd CD disk maddi sübut tanınaraq iş materiallarına əlavə olunmuşdur. İş materiallarında 22 aprel 2025-ci il tarixli «cinayət işinin ayrılması və icraata qəbul edilməsi» haqqında qərardan görünür ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri narkotik vasitə və psixotrop maddələrin mənbəyinin müəyyən edilməsi ilə Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə baxışında dövlət ittihamçısı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsindən imtina etdiyinə görə məhkəmə tərəfindən həmin hissədə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilmiş və məhkəmə istintaqı CM-in 234.4-1-ci maddəsi ilə davam etdirilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onlar tərəfindən törədilmişdir, bu cinayətlərə görə onlara ittiham verildiyi CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidirlər və onların təqsirliliyi kifayət qədər sübuta yetirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsilərinn xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri–əldə edib, özlərində saxlamaqla daşımasına görə pul qazanmaq niyyətində olması, onların məhz narkotik maddələri əvəzli olaraq yayılmasına yönəldilmiş hərəkəti kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 234.4-1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Əlövsət Mustafaevin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 ilk məhkumluğunu, yaşayış yerindən müsbət xarakterizə olmasını, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs2 əməlini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Əlövsət Mustfayevin cəzalarını ağırlaşdıran halları müəyyən etmir. Odur ki, təqsirləndirilən şəxslərə cəza təyin ediləsi halda yuxarıda göstərilən yüngülləşdirici hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, törətdiyi əməllərə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4-1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 və Əlövsət Mustafaev ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidirlər. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Əlövsət Mustafaevə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəylərinə görə Təqsirləndirilən şəxs1 və Əlövsət Mustafaevə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - Yardımlı RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 1 ədəd kisədə içərisində 9254,4 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 8784,1 qram çəkidə xüsusilə külli miqdarda narkotik vasitə heroin və 1904,8 qram çəkidə xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung Galaxy J2” markalı və Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Poco M3 Pro”markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılmalı, cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış, baxış keçirilməsinin və digər istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 2 (iki) ədəd DVD və 6 (altı) ədəd CD disklər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 65 (altmış beş) manat tutularaq dövlət nəfinə keçirilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəlinin 02 fevral 2025-ci il tarixdən hesablanmasını əsaslı sayır. Göstərilənlərə əsasən, CPM-nin 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 fevral 2025-ci il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 fevral 2025-ci il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Yardımlı RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 8787,1 qram narkotik vasitə heroin, 1904,8 qram psixotrop maddə metamfetamin və 9254,4 qram narkotik vasitə marixuana məhv edilsin. - Yardımlı RPŞ-də saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd «Samsung Galaxy J2» markalı və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Poco M3 Pro” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılsın. İş materiallarına əlavə olunmuş şəxsi axtarış keçirilməsinin və digər istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 2 (iki) ədəd DVD və 6 (altı) ədəd CD disklər cinayət təqibi üzrə materialların saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Cavanşir Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar