Məhkəmə qərarları › İş №1(099)-320/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-320/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-320/2023 07.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 13 avqust 1976-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan şəhəri B.Talıblı küçəsi ev 21 mənzil 4-də qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda satış məqsədi ilə narkotik vasitəni və psixotrop maddəni əldə edib, daşıyaraq yaşadığı Salyan şəhəri B.Talıblı küçəsi 21 nömrəli evin 4 nömrəli mənzilində qanunsuz olaraq saxlamış, 27 dekabr 2022-ci il tarixdə saat 13 radələrində polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı qeyd olunan ünvandakı mənzilinə baxış keçirilərkən yataq otağında olan mebelin orta hissəsindən 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 42,866 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,655 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd polietilen torbada təmiz çəkisi 280,0 qram, 5 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,26 qram, 3,08 qram, 3,06 qram, 2,63 qram və 2,76 qram cəmi 12,79 qram olmaqla, ümumi təmiz çəkisi 292,79 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli qurudulmuş marixuana və üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə edib, daşıyaraq yaşadığı Salyan şəhəri B.Talıblı küçəsi 21 nömrəli evin 4 nömrəli mənzilində saxlamış, 27 dekabr 2022-ci il tarixdə saat 13 radələrində polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı həmin ünvandakı mənzilinə baxış keçirilərkən yataq otağında olan mebelin aşağı hissəsindən 1 ədəd 1957-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kalibrli, 82403 nömrəli, TOZ-8 modelli, texniki cəhətdən saz olmaqla atəş üçün yararlı, odlu yivli silah olan tək-tək atılan ov tüfəngi və 37 ədəd zavod üsulu ilə istehsal olunmuş, həmin modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, 5,6 mm kiçik kalibrli, atəş üçün yararlı, döyüş sursatı hesab olunan patronlar aşkar olunaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Salyan şəhəri B.Talıblı küçəsi ev 21 mənzil 4-də qeydiyyatda olmaqla yaşayır. Narkotik vasitələrin əldə edilib saxlanmasına görə əvvəllər məhkum edilmişdir. Mütəmadi olaraq narkotik vasitələrdən istifadə etmişdir. Bir müddət əvvəl üzdən tanımadığı və adını bilmədiyi İran İslam Respublikası vətəndaşının mobil nömrəsini tapmış və onunla Whatsap sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayıb ondan müxtəlif növ narkotik vasitələr almışdır. Alacağı narkotik vasitələr heroin və psixotrop maddə metamfetaminə görə iranlının göndərdiyi kart hesabına 1270 manat pul ödəmişdir. Tutulmamışdan 3-4 gün əvvəl həmin İran vətəndaşı narkotik vasitələr heroin və metamfetaminin olduğu torbanı Bakı şəhəri “Masazır” qəsəbəsi ərazisinə qoydurduğunu və gedib oradan götürməyini bildirmişdir. O da dediyi yerə gedib həmin narkotik maddələri götürmüş və gətirib Salyan şəhərində yaşadığı evdə saxlamışdır. Həmçinin, 20 il bundan əvvəl yaşadığı küçənin ərazisində yerləşən yarımtikilidən 1 ədəd odlu silah olan tüfəngi və onun patronlarını tapıb yaşadığı evə gətirərək saxlamışdır. Silahın patronlarını saydıqda onların 37 ədəd olduğunu müəyyən etmişdir. 27 dekabr 2022-ci il tarixdə saat 11:30 radələrində Salyan şəhəri B.Talıblı küçəsi ərazisində yaşadığı evin qarşısında olarkən polis əməkdaşları onu saxlayıb rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində qanunsuz olaraq narkotik vasitələrin və odlu silahın saxlanmasında şübhəli olduğuna görə şübhəli şəxs qismində tutulmağı ona elan olunmuşdur. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməyi təklif edildikdə, üzərində heç nəyin olmadığını, lakin yaşadığı evdə özünə məxsus olan narkotik vasitələr heroin və psixotrop maddə metamfetamin, habelə odlu silah olduğunu bildirmişdir. Bundan sonra, yaşadığı Salyan şəhəri B.Talıblı küçəsində yerləşən 21 nömrəli evin 4 nömrəli mənzilinə videoçəkiliş vasitəsilə baxış keçirilməsinə başlanılmışdır. Mənzilin yataq otağında mebelin orta gözündə olan 1 ədəd sellofan bükümdə olan kütləni təqdim edib “kakos” kimi tanıdığı narkotik vasitə heroin, 1 ədəd bükümdə olan kütlənin isə psixotrop maddə metamfetamin olduğunu, habelə mebelin aşağı gözündə olan ov tüfəngi və 37 ədəd patronu təqdim edib özünə məxsus olduğunu bildirmişdir. Narkotik vasitələr və silahla patronlar qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, evindən aşkar olunan heroin və metamfetamin, həmçinin silahla patronlar onun özünə məxsusdur, lakin aşkar edilən qurudulmuş marixuana ona məxsus deyil, hansı qaydada evindən aşkar olunmasından məlumatı yoxdur. Əməlindən peşimandır, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin məhkəmə zamanı və məhkəməyədək icraat zamanı verdiyi ifadələr arasında ziddiyyətlər olduğuna görə onun ibtidai istintaqa verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadədə o, göstərmişdir ki, evindən aşkar olunan qurudulmuş marixuana narkotik vasitəsi də onun özünə məxsus olmuşdur. Məhkəmə hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “evindən aşkar edilmiş narkotik vasitələrdən qurudulmuş marixuana ona məxsus olmaması” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Salyan rayon polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 27 dekabr 2022-ci il tarixdə Salyan şəhəri B.Talıblı küçəsi ev 21 mənzil 4-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə odlu silah, döyüş sursatı, narkotik vasitə və psixotrop maddə saxlaması barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 11:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlayaraq polis şöbəsinə aparmışlar. Orada üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Lakin şofahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evdə narkotik vasitələr və odlu silah vardır. Bundan sonra onun yaşadığı Salyan şəhəri B.Talıblı küçəsi 21 nömrəli yaşayış evinin 4 nömrəli mənzilinə gedərək baxış keçirmişlər, mənzilin yataq otağında mebelin orta gözündə olan 1 ədəd sellofan bükümdə olan kütləni təqdim edib “kakos” kimi tanıdığı narkotik vasitə heroin, 1 ədəd sellofan torbada və 5 ədəd kibrit qutularında olan kütlələri təqdim edib narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bükümdə olan kütlənin isə psixotrop maddə metamfetamin olduğunu, habelə mebelin aşağı gözündə olan ov tüfəngi olan odlu silah və 37 ədəd patron aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələri bir neçə gün əvvə iranlıdan 1270 manata almış, həm özü qəbul edəcək, həmdə satmaq fikrində olmuş, Odlu silah və patronları isə təqribən 20 il əvvəl tapmışdır. Bundan sonra həmin əşyalar qablaşdırılaraq götürülmüş və protokol tərtib edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Salyan rayon polis şöbəsinin əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 27 dekabr 2022-ci il tarixli 18/13xx-xx/1347 saylı rəyində qeyd edilmişdir ki:

1. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi – 42,866 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.

2. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan kağız paketdə 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi – 1,655 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.

3. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd boz rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric – mikroçəki) onun miqdarını və digər maddələr ilə eyniliyini müəyyən etmək mümkün deyildir.

4. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan kağız paketdə 1 ədəd polietilen torba bağlamada təmiz çəkisi – 280,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.

5. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan kağız paketdə 5 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri – 1,26 qram, 3,08 qram, 3,06 qram, 2,63 qram, 2,76 qram, ümumi çəkisi – 12,79 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ümumi çəkisi – 292,79 qram olan marixuanalar eyni tərkiblidir.Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Ekspertiza tədqiqatından sonrakı qalıq heroin 42,816 qram, metamfetamin psixotrop maddəsi 1,615 qram və marixuanna narkotik vasitəsi 292,97 qram. Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 99 (doxsan doqquz) 48 (qırx səkkiz) qəpik. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 28 dekabr 2022-ci il tarixli 767R saylı rəyində qeyd edilmişdir ki: - Tədqiqata təqdim edilmiş 82403 №-li silah, keçmiş “SSRİ” dövlətində 1957-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 5,6 mm kalibrli, TOZ-8 modelli tək-tək atılan ov tüfəngidir, odlu yivli silahdır. Həmin silah quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silah hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamışdır. Silahın təyinatı hər hansı bir dəyişikliklərə məruz qalmamışdır. - Tədqiqata təqdim edilmiş 37 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 5,6 mm kiçik kalibrli patronlardır, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. - Tədqiqata təqdim edilmiş 5,6 mm kalibrli, 82403 №-li, TOZ-8 modelli ov tüfəngindən eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən gülləgiliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gülləgilizlərlə müqayisə edildi. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır. İş materiallarında olan 28 dekabr 2023-cü il tarixli 1315 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 27 dekabr 2023-cü il tarixli videoçəkilişlə «baxış keçirmə və götürmə haqqında» protokoldan və məhkəmə baxışı zamanı videoçəkilişə keçirilmiş baxışdan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən heroin və qurudulmuş marixuanaya bənzər, həmçinin metamfetaminə bənzər kütlələr, bundan əlavə odlu silah və 37 ədəd patron aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitələri və psixotrop maddəni 3-4 gün əvvəl Bakı şəhəri ərazisində İran İslam Respublikası vətəndaşından 1270 manata almış, odlu silahı isə təxminən 20 il bundan əvvəl yaşadığı küçədə yerləşən yarımtikilidən taparaq əldə etmiş və aparıb yaşadığı evdə saxlamışdır. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 30 dekabr 2023-cü il tarixli qərarlarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 42,816 qram narkotk vasitə heroin, 1,615 qram psixotrop maddə metamfetamin və 292,67 qram narkotik vasitəsi marixuanna, 1 ədəd elektron tərəzi və 1 ədəd 1957-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kalibrli, 82403 nömrəli, TOZ-8 modelli, texniki cəhətdən saz olmaqla atəş üçün yararlı, odlu yivli silah olan tək-tək atılan ov tüfəngi və ekspert tədqiqatları nəticəsində qalıq qalmış, zavod üsulu ilə istehsal olunmuş, həmin modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, 5,6 mm kiçik kalibrli, atəş üçün yararlı, döyüş sursatı hesab olunan 30 ədəd patronlar maddi sübut kimi tanınmış saxlanılmasından ötrü Salyan rayon polis şöbəsinin saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan 27 dekabr 2022-ci il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Salyan rayon məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 27 dekabr 2022-ci il tarixdən hesablanmmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, aşkar olunmuş 42,816 qram narkotik vasitə heroinin mənbəyini müəyyən etmək məqsədilə ilə cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4, 234.1, 66.3-cü maddələri ilə təqsirli bilinib 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu yoxdur. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 17 yanvar 2023-cü il tarixli «müsadirə edilmiş, tapılmış və könüllü təhvil verilmiş nömrəli silahın nəzarətə götürülməsi barədə» arayış arayışdan görünür ki, 1957-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kalibrli, 82403 nömrəli, TOZ-8 modelli ov tüfəngi DİN-in baş informasiya Analitik mərkəzində talanmış və itirilmiş silahların uçotları üzrə müəyyən edilməmişdir. İş materiallarında olan Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi MMC-nin 09 yanvar 2023-cü il tarixli yaşayış yeri haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri B.Talıbov küçəsi 21 nömrəli mənzil ev 4-də qeydiyyatda olmaqla yaşayır, yaşadığı müddət ərzində nümayəndəliyə onun barəsində şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə etmişdir. Məhkəmə, onun ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 228.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, əməlini etiraf etməsini məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Salyan Rayon Polis Şöbəsində saxlanılan ekspertiza 42,816 qram narkotk vasitə heroin, 1,615 qram psixotrop maddə metamfetamin və 292,67 qram narkotik vasitəsi marixuanna, 1 ədəd elektron tərəzi məhv edilməli və 1 ədəd 1957-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kalibrli, 82403 nömrəli, TOZ-8 modelli ov tüfəngi xüsusi müsadirə olunmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin əvvəlinin 27 dekabr 2022-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,

h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 dekabr 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Salyan Rayon Polis Şöbəsində saxlanılan ekspert təhqiqatından sonrakı qalıq- 42,816 qram narkotk vasitə heroin, 1,615 qram psixotrop maddə metamfetamin və 292,67 qram narkotik vasitəsi marixuanna və 1 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış - Salyan Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd 1957-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kalibrli, 82403 nömrəli, TOZ-8 modelli ov tüfəngi xüsusi müsadirə olunsun və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininə təhvil verilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar