Məhkəmə qərarları › İş №1(099)-321/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-321/2022

28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-321/2022 28.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1963-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvələr məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Lənkəran rayonu, Nərimanabad kəndində qeydiyyatda olan, faktiki həmin rayonun Göyşaban kəndində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Əli” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda müxtəlif növdə narkotik vasitə və psixotrop maddənin əldə edilməsi, saxlanması və daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilməli olan külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd vermiş, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş hər biri külli miqdar təşkil edən 2225,0 qram tiryəkdən kustar üsulla hazırlanmış heroin, 110,0 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək, təsiredici maddəsinin ümumi miqdarı 4,0 qram (bir həbdə 0,04 qr) olub 10 ədəd konvalyutda hər birində 10 ədəd, ümumi sayı isə 100 ədəd olan metadon həbləri narkotik vasitələri və 1220,0 qram metamfetamin psixotrop maddəni Ələt-Astara magistral yolun Astara rayonu ərazisindən keçən hissəsində üzərində “15” rəqəmi əks olunmuş dəmir yol hərəkəti lövhəsinin yanında gizlədilməsi barədə ona məlumat verməsindən sonra o, həmin maddələri gizlədilmiş yerdən əldə edərək üzərində saxlayıb daşımaqla faktiki yaşadığı Lənkəran rayonu, Göyşaban kəndi ərazisinə gətirmiş, bu barədə əməliyyat məlumatı almış Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının 05 yanvar 2022-ci il tarixdə, saat 16:40 radələrində keçirdikləri əməliyyat tədbirləri zamanı saxlanılaraq ünvan 1 ünvanında yerləşən həmin idarənin şöbəsinin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış keçirilərkən əlində tutduğu sellofan torbanın içərisindən yuxarıda qeyd olunan külli miqdarda narkotik vasitələri, psixotrop maddə, həmçinin üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi ilə birlikdə aşkar edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni narkotik vasitələrin satışında deyil, şəxsi istifadəsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü narkotik vasitələrdən istifadə edir. 05 yanvar 2022-ci il tarixdə Lənkəran şəhərində, Lənkəran Rayon Məhkəməsinin yaxınlığında olan çayxanada 30 manat müqabilində Sabir adlı şəxsdən 1 qram heroin almış, onun yarısını qəbul etmiş, qalanını isə üzərində saxlayaraq yaşadığı evə aparmışdır. Bir müddət sonra, elə həmin gün polis əməkdaşları gələrək onu polis şöbəsinə aparmışlar. Onun üzərinə külli miqdarda narkotik vasitələr qoymuş, ona təzyiq göstərərək həmin maddələri İrandan almasına dair ifadə verməyinə məcbur etmişlər. Üzərində cəmin 1 qram heroin olmuş, həmin əməlindən peşimandır, nəzərə alınmasını xahiş edir. Lakin, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, özünü təqsirli bilərək göstərmişdir ki, 2020-ci ilin may ayında sosial şəbəkə «İnstagram» vasitəsi ilə “Əli” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Əli Azərbaycan Respublikası ərazisinə qaçaq yolla narkotik vasitə keçirəcəyi təqdirdə Lənkəran şəhəri ərazisində həmin narkotik vasitələri bir yerə qoyaraq ona göndərə biləcəyini soruşmuşdur. Bir müddət fikirləşəndən sonra Əlinin bu təklifi ilə razılaşmışdır. Əli qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirəcəyi narkotik vasitəni götürdükdən sonra istənilən bir əraziyə qoyub şəklini çəkərək watcap vasitəsi ilə şəklini ona atacağı təqdirdə Əli ona kart və ya digər vasitələrlə 500 manat göndərəcəyini bildirmişdir. Bir qədər fikirləşdikdən sonra, maddi vəziyyətinin çətin olduğu üçün Əli ilə razılaşmış, bu barədə ona zəng vuraraq bildirmişdir. Sonuncu da, ona narkotik vasitəni Azərbaycan ərazisinə keçirdikdən sonra ona zəng edəcəyini bildirmişdir. 04 yanvar 2022ci il tarixdə axşam saat 19 radələrində Əli whatsapp vasitəsi ilə ona zəng edərək Ələt- Astara magistral yolunun Bakı istiqamətində gedən hissəsində, 15-ci kilometirliyində, “15” sözü yazılmış lövhənin altına bir ədəd torbada narkotik vasitə qoyduğunu bildirmişdir. Həmin narkotik vasitəni götürdükdən sonra sabah Lənkəran şəhəri ərazisində tanınan istənilən bir yerə həmin narkotik vasitə olan torbanı qoyub şəklini çəkərək ona göndərməsini bildirmişdir. Bunları edəndən sonra 500 manat pulu kart və ya digər bir yolla ona göndərəcəyini bildirmişdir. Bundan sonra, küçəyə çıxaraq taksi vasitəsi ilə Ələt-Astara yolunun 15-ci kilometirliyinə getməyi qərarlaşdırmışdır. Göyşaban kəndində onu tanıdıqları üçün həmin kəndin taksiləri ilə getmək istəməmiş, bir qədər yol kənarı ilə Lənkəran şəhəri istiqamətində hərəkət edərək yolun kənarında taksi saxlayaraq, tanımadığı sürücü ilə Əlinin dediyi Ələt-Astara yolunun 15-ci kilometirliyinə gələrək avtomaşından düşmüş, “15” sözü yazılmış lövhənin altında bir ədəd torbanı görərək götürmüşdür. Sonra yolu əks istiqamətinə keçərək digər taksi ilə yaşadığı evə qayıdaraq bağlamanı evin yaxınlığında olan kolluqda gizlətmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 Əli ilə razılığına uyğun narkotik maddələri göndərmək məqsədi ilə evdən çıxıb həmin torbanı götürərək Göyşaban kəndi ərazisində piyada gedərkən polis əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin dövrüyyəsində şübhəli olmasını bildirməklə polis şöbəsinə aparmışlar, orada baxış keçirilərkən əlindəki bağlamanın içərisindən külli miqqarda müxtəlif növdə narkotik vasitələr və metamfetamin, həmçinin elektron tərəzi aşkar edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşı Şahid1 oğlu ifadəsində göstərmişdir ki, 05 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə əldə edərək satışı ilə məşğul olması və üzərində saxlaması barədə məlumatı daxil olmuş, əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. 05 yanvar 2022-ci il tarixdə, saat 16:40 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran rayonu, Göyşaban kəndində piyada hərəkətdə olarkən saxlanılmış, ona saxlama səbəbi izah olunduqdan sonra Regional şöbənin inzibati binasına gətirilmişdir. Orada vəkilin iştirakı ilə videoçəkiliş keçirilməklə üzərində axtarış keçirilmiş, axtarışdan əvvəl üzərində qanunsuz əşya olduğu halda təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlindəki selofan bağlamada narkotik vasitələr olmasını bildirərək bağlamanı təqdim etmişdir. Bağlamanın içərisində bir neçə bükümlər olmuş, birinin içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər kütlənin, bir ədəd bükülüdə kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlənin, bir ədəd bükülüdə narkotik vasitə tiryəkə bənzər kütlənin, həmçinin 100 ədəd metadon həblərinə bənzər tabletlər və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, həmin narkotik vasitələri Əli adlı İran vətəndaşı göndərmiş, həmin maddələri Lənkəran ərazisində dediyi yerdə gizlədərək məlumat verəcəyindən sonra ona 500 manat pul göndərəcəyinə razılaşmışlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-fiziki kimyəvi ekspertizasının 06 yanvar 2022-ci il tarixli 19/13 saylı rəyində qeyd edilmişdir ki: tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 1 büküm....” sözlər və imzalar olan bağlamanı açdıqda, 1 ədəd sellofan torbada təmiz çəkisi: -2225,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd sellofan torbada təmiz çəkisi –1220,0 qram olan ağ rəngli maddə metamfetamindir. 1 ədəd bükülüdə təmiz çəkisi: -110,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, 10 ədəd konvalyutda olmaqla ümumi sayı 100 ədəd olan qəhvəyi rəngli dairəvi fornalı həblər metodondur və həblərin təsiredici maddəsinin ümumi miqdarı:-4,0 qramdır(bir həbdə 0,04 qr); Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs Qüdrət oğlunun üzərindən aşkar edilmiş 1 ədəd elektron tərəzi......” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğuna görə tədqiqata təqdim olunmuş heroinlə müqayisəli tədqiqat(eynilik) aparmaq mümkün olmadı. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir.Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı İ).Tiryək “ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına( Siyahı İ) daxildir. Metadon adlı dərman Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra №6) daxildir. Heroinin təmiz çəkisi-2225,0 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-2224,95 qram. Metamfetaminin təmiz çəkisi-1220,0 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-1219,95 qram. Tiryəyin çəkisi-110,0 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-109,95 qram. Metadon 100 ədəd, cəmi tədqiqata sərf edildi-10 ədəd, qalıq -90 həb. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan 07 yanvar 2022-ci il tarixli 11 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-isifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 07 yanvar 2022-ci il tarixli 19 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, saxlanılandan sonra Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan 05 yanvar 2022-ci il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı bir ədəd sellofan torbada narkotik vasitə heroin, tiryək, 100 ədəd metadon narkotik vasitələri, metamfetamin psixotrop maddə və elektron tərəzi aşkar edilmişdir. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 02 fevral 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspert təhqiqatından sonrakı qalıq 2224,95 qram heroin, 109,95 qram tiryək, 90 ədəd metodon həbləri narkotik saitələri, həmçinin 1219,95 qram psixotrop maddə metamfetamin və 01 ədəd üzərində heroin izləri olan elektron tərəzi maddi sübut kimi tanınmış saxlanılmasından ötrü Lənkəran şəhər-rayon polis şöbəsinin saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» qərardan görünür ki, “Əli” adlı İran İslam Respublikası vətəndaşı barəsində hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrı icraatda cinayət işi ayrılmışdır. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxsn ətrafında əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin 05 yanvar 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan 05 yanvar 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 05 yanvar 2022-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 mart 2020-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 10 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Lənkəran şəhər Psixatriya Xəstəxanasının 11yanvar 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan Lənkəran rayonu, Göyşaban kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli yaşayış yeri və ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Göyşaban kəndində yaşayır, ailə arvadı, iki oğlu, gəlini və xx.xx.2010 və xx.xx.2012-ci il tarixli nəvələrindən ibarətdir, yaşadığı müddət ərzində kənd sakinləri tərəfindən yazılı şikayət daxil olmamış, pis və zərərli vərdişlərə audəçiliyi vardır, yaşayış yeri üzrə kafi xarakterizə olunur. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edib, özündə saxlamaqla daşımasına görə pul qazanmaq niyyətində olması, onun məhz narkotik vasitəni əvəzli olaraq yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş, lakin ona Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə düzgün ittiham verilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli (hazırki işə münasibətdə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin .... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi»ilə törədilir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, o, “Əli” adlı İran sakininin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaydada keçirib Azərbaycan Respublikasına gətirdiyi yuxarıda qeyd olunan narkotik vasitəni Ələt-Astara magistral yolun Astara rayonu ərazisindən keçən hissəsinə gətirib, yolun kənarında basdırılmış, üzərində məsafəni göstərən “15” rəqəmi əks olunmuş dəmir lövhənin yanından (dövlət sərhəddindən xeyli məsafə kənarda) götürmüşdür. Məhkəmə tərkibi işin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində rolunun qiymətləndirilməsində ibtidai istintaq orqanının səhvə yol verdiyini hesab edərək aşağıdakı əsaslara görə sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini düzgün saymır. Buna görə də, ilk olaraq Təqsirləndirilən şəxs qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakının növü dəqiq müəyyən edilməli və bundan sonra əməli tövsif edilməlidir. Qeyd olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamda “Əli” adlı şəxslə yanaşı təqsirləndirilən şəxsin də, qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakını – cinayətin icraçısı olaraq qiymətləndirmişdir. Azərbaycan Respublikası CM-in 32.2-ci maddəsinə əsasən “Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır”. Qanunun qeyd olunan normasına əsasən şəxs üç halda, yəni birincisi cinayəti bilavasitə törətdikdə, ikincisi başqa şəxslə birlikdə onun törədilməsində bilavasitə iştirak etdikdə və nəhayət cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətdikdə cinayətin icraçısı sayılır. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu bəndinin təhlili göstərir ki, icraçılıq fəaliyyəti cinayətin obyektiv cəhətinin qismən və ya tam icra edilməsində, cinayətin obyektiv cəhətinin bilavasitə icrasına kömək göstərilməsində də ifadə oluna bilər. Belə ki, qeyd olunan plenum qərarının həmin bəndə əsasən qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Qanunun qeyd olunan normanın məzmunundan, habelə Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqedən görünür ki, cinayətin icraçısının hərəkəti cinayətin icrasına başlanan andan icranın başa çatma anınadək olan dövrü əhatə edir. Yəni cinayət başa çatdıqdan sonra hər hansı bir şəxsin həmin cinayətdə bu və ya digər formada iştirakı yalnız köməkçi qismində (əgər cinayətin icraçı tərəfindən törədiləcəyi köməkçinin qəsdi ilə əhatə olunursa) ola bilər. Cinayətin icra edilməsi dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı cinayətinin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 16-cı bəndin dördüncü yarımbəndinə əsasən “Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir”. Məhkəmə baxışı zamanı “Əli” adlı şəxsin Azərbaycan Respublikasının gömrük sərhədindən narkotik vasitəni nə vaxt və hansı üsulla, tək və ya başqaları ilə birlikdə, yaxud da, kim(lər)insə vasitəçiliyilə keçirməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən “Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinə münasibətində əməli Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. CMP-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəx Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “üzərində cəmi 1 qram heroin olması, polis tərəfindən üzərinə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əlavə edilməsi, polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün guya “Əli” adlı İran vətəndaşından külli miqdarda narkotik əldə etdiyini etifaf etməsinə məcbur olması” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin və metamfetamin psixotrop maddəsini əldə etmişdir. Məhkəmə, onun ifadəsində göstərdiyi bu xüsusatları ona cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddələr “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2011-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu hal isə, CM-in 18.2.2-ci maddəsinə əsasən təhlükəli residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, CM-in 65.2-ci maddəsinə görə təhlükəli resedivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Lənkəran Rayon Polis Şöbəsində saxlanılan ekspert təhqiqatından sonrakı qalıq- 2224,95 qram narkotik vasitə heroin, 1219,95 qram psixotrop maddə metamfetamin, 109,95 qram narkotik vasitə tiryək, 90 ədəd olan qəhvəyi rəngli dairəvi formalı metodon həbləri, 01 ədəd üzərində heroin izləri olan elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin əvvəlinin 05 yanvar 2022-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 yanvar 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Lənkəran Rayon Polis Şöbəsində saxlanılan ekspert təhqiqatından sonrakı qalıq- 2224,95 qram narkotik vasitə heroin, 1219,95 qram psixotrop maddə metamfetamin, 109,95 qram narkotik vasitə tiryək, 90 ədəd olan qəhvəyi rəngli dairəvi formalı metodon həbləri və 01 ədəd üzərində heroin izləri olan elektron tərəzi məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar