Məhkəmə qərarları › İş №1(099)-322/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-322/2022

13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-322/2022 13.06.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi- hakim Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər: Musayev Aqil Əlisa oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1977-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lənkəran rayonu Girdəni kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayında şəxsiyyəti məlum olan İran İslam Respublikasının (bundan sonra -İİR) vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 2806,647 ( 2 kiloqram 806 tam mində 647) qram narkotik vasitə heroini və bir ədəd üzərində heroin izləri olan elektron tərəzini əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli yolla keçiriləcək narkotik vasitəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə həmin şəxslərə köməklik etməsi barədə razılığa gəlmişdir. Aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və şəraitdə İİR-dən Azərbaycan Respublikasına qaçalmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməklə 2022-ci ilin yanvar ayında Lənkəran-Boradigah yolunun Lənkəran rayonu Girdəni kəndi ərazisindən keçən hissəsində - körpüdən sonra qoyulan “60 km/saat sürətdən yuxarı sürətlə hərəkət etmək qadağandır” yol nişanının altına qoyulub orada gizlədilmiş həmin narkotik vasitənin yeri barədə ona məlumat verildikdən sonra 5 yanvar 2022-ci il tarixdə satış məqsədilə qanunsuz olaraq qeyd olunan külli miqdarda narkotik vasitə heroini və bir ədəd elektron tərəzini Lənkəran rayonu əraizində magistral yolun kənarında gizlədilmiş ona məlum olan yerdən götürüb əldə edərək üzərində saxlamaqla onları daşıyaraq özünə məxsus, Lənkəran rayonu Girdəni kəndində yerləşən fərdi yaşayış evinə apararaq alət çantasındə saxlamış, satışını realizə etmək üçün elektron tərəzidə çəkərək narkotik vasitə heroindən 0,263 qram, 0,296 qram, 0,292 qram, 0,508 qram və 0,288 qram bükümlərə ayırıb onları sellofan kəsiklərində bükərək satış məqsədilə üzərində, qalan narkotik vasitə heroini isə təmiz çəkisi 2805 qram olan bükümə ayırıb elektron tərəzi ilə birlikdə əl çantasının içərisinə qoyub saxlayaraq daşımış, üzərində gəzdirdiyi qeyd olunan narkotik vasitə heroindən 07 yanvar 2022-ci il tarixdə vahid niyyətlə 3 (üç) ədəd bükümdə, ayrı-ayırılıqda təmiz çəkiləri 0,263 qram, 0,296 qram, 0, 292 qram, ümumi təmiz çəkisi 0,851 qram olan sellofan bükümlərdə 20 manat müqabilində Lənkəran rayonu Girdəni kəndində tanışı Şahid4 satmışdır. Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid4 07 yanvar 2022-ci il tarixdə saat 20 radələrində Lənkəran rayonu Girdəni kəndində saxlanılmış, üzərində keçirilən şəxsi axtarış zamanı Fariz Baxşıyevdən aldığı qeyd edilən narkotik vasitə heroin əynində olan şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs 08 yanvar 2022-ci il tarixdə, saat 17 radələrində Lənkəran rayonu Girdəni kəndində saxlanılaraq üzərində keçirilən şəxsi axtarış zamanı 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,508 qram və 0,288 qram, ümumi təmiz çəkisi 0,796 qram olan narkotik vasitə heroin, əynində olan idman şalvarının sağ yan cibindən, bir ədəd bağlamada, təmiz çəkisi 2805 qram olan külli miqdarda narkotik vasitə heroin və özü ilə gəzdirdiyi qara rəngli alət çantasının içərisindən üzərində heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci il yanvar ayının 5-də tanımadığı iran vətəndaşının ona göndərdiyi narkotiki Lənkəran rayonu Girdəni kəndi ərazisindən keçən körpünün “60” yazısı olan yol nişanının altından götürmüşdür. Paketin içərisində elektron tərəzi də olmuşdur. İranlı ona demişdir ki, narkotki gəlib götürəcək şəxs elektron tərəzini də götürəcəkdir.. Həmin narkotikdən özü də istifadə etməyə başlamış və kənddə X5 və yadında qalmadığı digər şəxslərə də pay vermişdir. 8 yanvar 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı Girdəni kəndində polis əməkdaşları tərəfindən saxlanılmıış və şöbəyə aparılmışdır. Əlində olan qara rəngli əşya çantasından 2,905 qram heroini və şalvarının cibindən 3 bükümdə olan heroini çıxarıb təqdim etmiş və həmin naroktiki “Whatsapp” la tanış olduğu Hüseyn adında iranlının göndərdiyini demişdir. Saxlanılarkən yanında kimsə olmamışdır. İranlıdan narkotiki hissəhissə ödəmək şərtilə 12 min manat qarşılığında almışdır. Həmin puldan 200 manatı İranlının kartına yollamışdır. Narkotiki öz istifadəsi üçün almışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməlləri özünün qismən etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin cinayət-axtarış bölməsinin əmliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatına əsasən Şahid4 07 yanvar 2022-ci il tarixdə saat 20 radələrində Lənkəran rayonu Girdəni kəndində saxlanılmış və üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən üç ədəd sellofan bükümdə heroini çıxarıb təqdim etmişdir. Elsevər həmin narkotiki şəxsi istifadəsi üçün Lənkəran rayonu Girdəni kənd sakini Təqsirləndirilən şəxs aldığını bildirmişdir. 08 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs əlində qara rəngli çanta ilə Lənkəran rayonu Girdəni kəndində saxlanılaraq Lənkəran ŞRPŞ-ya aparılmışdır. Fariz əynində olan qara rəngli şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümdə heroini təqdim etmiş, İran vətəndaşı vasitəsilə ölkəyə keçirtdiyi narkotik vasitə heroindən götürərək üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs əlində olan əşya çantasını açaraq çantada olan bir bağlamanı və ağ rəngli bir ədəd elektron tərəzini təqdim etmiş, bağlamada narkotik vasitə heroin olduğunu, əlaqə saxladığı İran vətəndaşının köməkliyi ilə satmaq məqsədilə ölkəyə keçirtdiyini, həmin bağlamanın Lənkəran rayonu Girdəni kəndində yerləşən “60 km/saat sürətlə yuxarı sürətdən hərəkət etmək qadağandır” nişanının altında qoyulduğunu və həmin bağlamanı həmin nişanın altından götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 büküm elektron tərəzidə çəkildikdə çəkisi 0,93 qram, bir ədəd bağlama elektron tərəzidə çəkildikə isə çəkisi 2905 qram olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin əməkdaşları Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, əvvəllər heroindən istifadə etmişdir. Son zamanlar isə narkotikdən istifadəsini dayandırmışdır. Farizlə eyni məhəllədə yaşayır. Əvəllər istifadə etmək üçün heroini Farizdən almışdır. O, hər gün 0,1-0,2 qram narkotik vasitə heroin istifadə etmişdir. Aldığı heroinə görə Farizə 10 manat pul verəcək idi. Məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 09 yanvar 2022-ci il tarixli 19/31 N-li rəyindən görünür ki, tədqiqata tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd içərisində narkotik vasitə heroinə bənzər kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,508 qram və 0,288 qram, ümumi təmiz çəkisi 0,796 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Lənkəran rayonu Girdəni kənd sakini Təqsirləndirilən şəxs üzərindən üzərində gəzdirdiyi “drel” çantasının içərisində qara rəngli sellofana bükülmüş bir büküm içərisində narkotik vasitə olan heroinə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd bağlamadakı,1 ədəd torbada təmiz çəkisi 2805,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış nakrotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Lənkəran rayonu Girdəni kənd sakini Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi “drel” çantasından aşkar olunmuş elektron tərəzi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroin izləri vardır. Heroin iz şəkilli olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş heroinlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd, içərisində narkotik vasitə heroinə bənzər kütlələr.....”və “Lənkəran rayonu Girdəni kənd sakini Təqsirləndirilən şəxs üzərindən üzərində gəzdirdiyi “drel” çantasının içərisində qara rəngli sellofana bükülmüş bir büküm içərisində narkotik vasitə olan heroinə bənzər kütlə...” sözlər və imzalar olan 1 ədəd zərfdəki və 1 ədəd bağlamadakı 3 büküm heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 fevral 2022-ci il tarixli 19/63 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərlərində “Təqsirləndirilən şəxs məxsus 3 büküm heroin və 1 ədəd elektron tərəzi Rəy № 19/31.....” və “Təqsirləndirilən şəxs məxsus 3 büküm heroinlər Rəy № 19/27.....” sözlər və imzalar olan 1 ədəd paketdəki və 1 ədəd zərfdəki 6 büküm heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 09 yanvar 2022-ci il tarixli 29 N-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqında tədqiq edilmiş 08 yanvar 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən mavi rıngli sellofana bükülmüş iki ədəd, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan büküm təqdim etmiş və həmin kütlələri İran vətəndaşından əldə etmişdir. Daha sonra o, qara rəngli əşya çantasının açıb çantanın içərisində olan bir ədəd bağlamanı və bir ədəd elektron tərəzini təqdim etmişdir. Bağlamada narkotik vasitə heroin olduğunu, Lənkəran rayonu Girdəni kəndində yerləşən “60 km/saat sürətdən yuxarı sürətlə hərəkət etmək qadağandır” nişanının altından götürdüyün bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, qanunla qadağan edilmiş hər hansı bir predmet aşkar edilməmişdir. Qara rəngli əşya çantasından aşkar edilərək götürülmüş bir ədəd bağlama elektron tərəzidə çəkildikdə bağlamanın ümumi təxmini çəkisi 2905 qram, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd sellofan büküm elektron tərəzisə çəkildikdə isə həmin bükümlərin ümumi təxmini çəkisi 0,93 qram olmuşdur. Daha sonra iki ədəd kütlə, bir ədəd bağlama və bir ədəd elektron tərəzi ayrıca qablaşdırılmış və imzalanmışdır. Məhkəmə istintaqında tədqiq edilmiş “ifadələrin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni Lənkəran rayonu Girdəni kənində olan körpüdən sonra quraşdırılmış “60 km/saat sürətdən yuxarı sürətlə hərəkət etmək qadağandır” yol nişanının altından götürdüyünü bildirmişdir. İş üzrə Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bağlamada və iki sellofan kəsiyi bükümündə, eyni tərkibli, külli miqdarda ekspertizadan qaytarılmış 2805,596 qram heroin, bir ədəd, üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Lənkəran ŞRPŞ-yə təhvil verilmişdir. İş üzrə şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü əks etdirən 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş üzrə bir ədəd elektron tərəzinin aşkar olunduğu qara rəngli alət çantası, “Xiaomi” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün təqsirləndirilən şəxsin arvadı X1 qaytarılmışdır. Həmin mobil telefonda olan səsli ismarıcları özündə əks etdirən 01 (bir) ədəd CD-R disk maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 3 aprel 2022-ci il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında heç kimə narkotik vasitə satmamasına dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxs ifadəsində üzərində qanunsuz saxlayıb daşıdığı heroini heç kimə satmaması ilə bağlı göstərdiyi xüsusat məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 ifadəsində dəfələrlə Farizdən öz istifadəsi üçün heroin aldığını göstərmişdir. Artıq bu hal təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən Təqsirləndirilən şəxs üzərində və qara rəngli çantasında külli miqdarda heroinin, habelə elektron tərəzinin aşkar edilməsi, ona göndərilən külli miqdarda narkotik vasitənin heroinin «Hüseyn» adlı iranlının tapşırığı ilə sonuncunun dediyi yerdən götürüb üzərində qanunsuz daşımaqla saxlaması və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitənin qaçaqmalçılıq yolu ilə qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır» Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən İİR-dən Azərbaycan Respublikasına qanunsuz qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və onun bu əməli düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli (hazırki işə münasibətdə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin.... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi» ilə törədilir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, “Hüseyn” adlı İİR vətəndaşının Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddindən gömrük nəzarətindən gizli qaydada məlum olmayan vaxtda keçirdiyi yuxarıda qeyd olunan narkotik vasitəni Təqsirləndirilən şəxs satış məqsədi ilə Lənkəran rayonu, Girdənin kəndinin ərazisindən keçən körpünün “60” yazısı olan yol nişanının altından qanunsuz olaraq əldə edib saxlamaqla daşımıışdır. Məhkəmə tərkibi işin faktiki hallarına əsasən təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində rollarının qiymətləndirilməsində ibtidai istintaq orqanın səhvə yol verdiyini hesab edərək aşağıdakı əsaslara görə sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini də düzgün saymır. Buna görə də, ilk olaraq Təqsirləndirilən şəxs qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakının növü dəqiq müəyyən edilməli və bundan sonra həmin növə uyğun olaraq əməlləri tövsif edilməlidir. Qeyd olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamda “Hüseyn” adlı şəxslə yanaşı təqsirləndirilən şəxsin də, qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakları–cinayətin icraçısı kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası CM-in 32.2-ci maddəsinə əsasən “Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcədə bu Məcəllənin nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır”. Qanunun qeyd olunan normasına əsasən şəxs üç halda – birincisi cinayəti bilavasitə törətdikdə, ikincisi başqa şəxslə birlikdə onun törədilməsində bilavasitə iştirak etdikdə və nəhayət cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətdikdə cinayətin icraçısı sayılır. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu bəndinin təhlili göstərir ki, icraçılıq fəaliyyəti cinayətin obyektiv cəhətinin qismən və ya tam icra edilməsində, cinayətin obyektiv cəhətinin bilavasitə icrasına kömək göstərilməsində də ifadə oluna bilər. Belə ki, qeyd olunan Plenum qərarının həmin bəndinə əsasən qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhəddinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhəddindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhəddini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Qanunun qeyd olunan normasının məzmunundan, habelə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqedən görünür ki, cinayətin icraçısının hərəkəti cinayətin icrasına başlanan andan icranın başa çatma anınadək olan dövrü əhatə edir. Yəni cinayət başa çatdıqdan sonra hər hansı bir şəxsin həmin cinayətdə bu və ya digər formada iştirakı yalnız köməkçi qismində (əgər cinayətin icraçı tərəfindən törədiləcəyi köməkçinin qəsdi ilə əhatə olunursa) ola bilər. Cinayətin icra edilməsi dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Bu cinayət-hüquqi normaları hazırki iş üzrə müəyyən edilmiş hallarla əlaqələndirdikdə görünür ki, baxılan işdə narkotik vasitənin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini yaradan hərəkətlər həmin maddənin Azərbaycan Respublikasına gömrük sərhəddindən (İİR-lə Azərbaycan Respublikası arasında olan dövlət sərhəddindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir. Bu o deməkdir ki, şəxsin qaçaqmalçılığı icra etməkdə və bu cinayəti bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (CM-in 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun əvvəla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri bilavasitə yerinə yetirməsi, ikincisi həmin hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 16-cı bəndin dördüncü yarımbəndinə əsasən “Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhəddindən keçirildiyi andan bitmiş hesab edilir”. Məhkəmə baxışı zamanı “Hüseyn” adlı şəxsin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddindən narkotik vasitəni nə vaxt və hansı üsulla, tək və ya başqaları ilə birlikdə, yaxud da, kim(lər)insə vasitəçiliyilə keçirməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən “Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın məzmununu nəzərə alaraq hesab edir ki, iş üzrə qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini “Hüsen” adlı şəxs təkbaşına icra etmişdir. Təqsirləndirilən şəxs isə həmin hərəkətləri “Hüseyn” ilə birgə icra etməmiş, o, yalnız cinayətin predmeti olan əşyaların dövlət sərhəddin nəzarət-buraxılış məntəqələrindən kənarda keçirildiyi andan (qaçaqmalçılıq cinayəti başa çatdırıldaqdan) sonra Lənkəran rayonu, Girdənin kəndinin ərazisindən keçən körpünün “60” yazısı olan yol nişanının altından qanunsuz əldə edib, saxlamaqla həmin (qrup deyil, bir nəfər tərəfindən törədilən) cinayətdə (qaçaqmalçılıqda) köməkçi qismində iştirak etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsi müəyyən olunduğu üçün onun sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini də düzgün olubolmamasını müəyyənləşdirilməsi üçün işin faktiki hallarının cinayətdə iştirakçılıq institutunun mahiyyəti baxımından təhlilini də, zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən «Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur». Qeyd olunan normaların müqayisəli təhlilindən görünür ki, “qabaqcadan əlbir olan bir qrup şəxs” cinayət-hüquq kateqoriyasını “bir qrup şəxs” anlayışından fərqləndirən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə bu iki anlayış tamamilə üst-üstə düşür. Ona görə də, nə qədər ki, CM-in 34.1-ci maddəsi cinayətin “bir qrup şəxs” tərəfindən törədilməsini onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilməsi kimi təsbit etmişdir, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər (ən azı iki nəfər) tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təfsirolunmalıdır. Analoji hüquqi mövqe «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu, habelə “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli Plenumunun 10 və 11-ci bəndlərində, habelə Ali Məhkəmənin 2016, 2018 və 2019cu illər üçün dərc olunmuş bülletenlərinin 3 (səh. 40-44), 1 (səh. 28-33) və 4 (səh. 35-37) nömrəli buraxlışlarında dərc olunmuş qərarlarda da əks olunmuşdur. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı hazırki iş üzrə Təqsirləndirilən şəxs elan olunmuş yekun ittihamda qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin məhz “Hüseyn” adlı şəxs tərəfindən icra olunduğu qənaətinə gəlmişdir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri məhz “Hüseyn” adlı şəxs təkbaşına icra etmiş, Təqsirləndirilən şəxs isə bu əməldə (cinayət başa çatdıqdan sonra) köməkçi qismində iştirak etmişdir. Qanunvericinin bu cür, yəni bir icraçı və bir köməkçi olan (ən azından iki icraçı olmadığı) vəziyyətdə əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qəbul etməməsi CM-in 33.2 və 33.3-cü maddələrinin məzmunundan da aydın olur. Belə ki, CM-nin 33.2-ci maddəsi birgə icraçılıq olduğu halda cinayətin 32-ci maddəyə istinad edilmədən CM-nin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddə ilə tövsif edilməsini təsbit etdiyi halda, CM-nin 33.3-cü maddəsi cinayətdə təşkilatçı, təhrikçi və köməkçi iştirak etdiyi hallarda (əgər bu iştirakçılar həm də icraçı deyillərsə) onların əməllərinin CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə (iştirakçıların razılaşdırdıqları və bu razılaşmaya uyğun olaraq icraçının yerinə yetirdiyi əməlin CM-nin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmasından asılı olaraq) tövsif edilməsini tələb edir. Qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən ibtidai istintaq orqanının hazırki cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin məhz “Hüseyn” adlı şəxs tərəfindən törədilməsini müəyyən etdiyini, həmin cinayətin törədilməsində digər şəxs(lər)in iştirakını müəyyən etmədiyini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı bir qrupa deyil, məhz “Hüsen”ə kömək etmişlər. Buna görə də, təqsirləndirilən şəxs həmin cinayətdə köməkçi olması “qabaqcadan əlbir olan bir qrup şəxs”ə deyil (Hüseyndən başqa icraçı müəyyən edilməyib), yalnız bir şəxsə – “Hüseyn”ə yönəlmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinə münasibətdə əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs CM-nin qeyd olunan maddələri ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 8 yanvar 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 9 yanvar 2022-ci il tarixdə CMin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Lənkəran Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 8 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 11 yanvar 2022-ci il tarixli 37 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi arvadı Rəvanə Baxşiyevadan və 13 oktyabr 2007-ci il təvəllüdlü qızı Jasmin, 28 avqust 2009-cu il təvəllüdlü (13 yaş) oğlu Asiman və 26 iyun 2013-cü il təvəllüdlü (9 yaş) qızı Alsudan ibarətdir. İş materiallarında olan Lənkəran rayonu, Girdəni kənd İƏD üzrə nümayəndəliyinin 11 yanvar 2022-ci il tarixli xasyiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmış uşağının olmasını 00cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 32.5, 206.2-ci maddəsi “az ağır”, 234.4.1 və 234.4.3-cü maddələri isə “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 32.5, 206.2-ci maddənin sanksiyasında üç ildən beş ilədək azadlıqdan məhrum etmə, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qaçaqmalçılıq cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, gömrük nəzarətindən kənar qadağan olunmuş əşya və maddələrin ölkəyə gətirilməsi daxili ictimai asayişi, əhalinin sağlamalığını və başqa mühüm dəyərləri ciddi təhlükə altına alır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 8 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən, işüzrə maddi sübut kimi tanınmış və hazırda Lənkəran ŞRPŞ-də saxlanılan 2805,596 qram heroin, bir ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalı, elektron tərəzinin aşkar olunduğu qara rəngli alət çantasının, “Xiaomi” markalı mobil telefonun təqsirləndirilən şəxsin arvadı X1 qaytarılması nəzərə alınmalı, həmin mobil telefonda olan səsli ismarıcları özündə əks etdirən 01 (bir) ədəd CD-R disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 100 (yüz) manat təşkil edir, həmin məbləğ təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələrilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 8 yanvar 2022-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Lənkəran ŞRPŞ-də saxlanılan 2805,596 qram heroin, bir ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın, elektron tərəzinin aşkar olunduğu qara rəngli çantanın, “Xiaomi” markalı mobil telefonun təqsirləndirilən şəxsin arvadı X2 qaytarılması nəzərə alınsın, həmin mobil telefonda olan səsli ismarıcları özündə əks etdirən 01 (bir) ədəd CD-R disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatın dəyəri 100 (yüz) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar