Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-322/2024 15.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 03 avqust 1964-cı ildə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu olan, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,624 qram narkotik vasitə olan heroin əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 25 sentyabr 2023-cü il tarixdə, saat 12 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, M.F.Axundov küçəsində saxlanıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibindən bir ədəd bükümdə külli miqdarda-2,624 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, əvvəllər evli olmuş, sonradan boşanmış, hazırda sübaydır və tutulan vaxtadək ünvan 1-də qeydiyyatda olmaqla tək yaşamış, heç bir yerdə işləməmiş, 2-ci qrup əlildir. O, beş il olar ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən heroindən istifadə etmişdir. Əvvəllər üzərində narkotik maddələr saxladığına görə məhkum olunmuş, sonuncu dəfə 2020-ci lin sentyabr ayında məhkum olunmuş, 2012-ci ilin oktyabr ayında cəza çəkdiyi yerdən buraxılmış, həmin vaxtdan Hacıqabul şəhərində-evində olmuşdur. 25 sentyabr 2023-cü il tarixdə, günorta saatlarında yaşadığı evin yaxınlığında küçədə olarkən (ünvan 1 ünvanında) iki nəfər polis əməkdaşı onu tutub rayon polis şöbəsinə aparmışlar. Polis əməkdaşları tərəfindən tutularkən üzərində narkotik maddə olmamışdır. Polis şöbəsində olarkən Samid adlı polis əməkdaşı cibinə bir büküm heroin qoymuş, sonra polis əməkdaşları onu döyməsələr də, ona qarşı təzyiqlər edərək cibinə qoyulmuş heroinin özünə məxsus olmasını deməyə məcbur etmişlər. Sonra polis əməkdaşları vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparmış və cibinə qoyulmuş bir ədəd bükümü özü çıxarıb polislərə təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində heroin kütləsi aşkar olunmuşdur. Orada şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş heroini yerdən tapdığını, şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. O, polis əməkdaşlarının ona qarşı təzyiqləri altında belə demiş, sonra belə də ifadə vermişdir. Əslində isə tutulan vaxt üzərində narkotik maddə olmamış, cibinə heroini Samid adlı polis əməkdaşı qoymuşdur. Üzərində aşkar olunmuş heroinlə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, uzun illərdir ki, narkotiklərdən istifadə etməyə başlamışdır. Əvvəllər üzərində narkotik maddə saxladığına görə məhkum olunmuşdur. 25 sentyabr 2023-cü il tarixdə, saat 12 radələrində Hacıqabul şəhərində, dəmiryolunun kənarında gəzərkən yerdə sellofan bükümdə heroin tapmış və həmin heroini istifadə etməsi üçün əynindəki gödəkcənin cibinə qoymuşdur. Təxminən 40-45 dəqiqə sonra, yəni 25 sentyabr 2023-cü il tarixdə saat 12:45də Hacıqabul şəhəri, M.F.Axundov küçəsindəki evinə qayıdan zaman evlərinin yaxınlığında iki nəfər polis əməkdaşı onu saxlayıb üzərində narkotik maddələr saxlamaqda şübhəli olduğu bildirilib polis şöbəsinə aparılmışdır. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı özü əynindəki gödəkcəsinin cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində heroin aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş heroini Hacıqabul şəhərində dəmiryolunun kənarında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş heroin elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində narkotik maddə olmamış, üzərində aşkar olunmuş heroini cibinə Samid adlı polis əməkdaşı qoymuşdur. Üzərində aşkar olunmuş heroinlə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Hacıqabul RPŞ-nin əməkdaşıdır. 25 sentyabr 2023-cü il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş və bu məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 12 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, M.F.Axundov küçəsində saxlanılıb ona üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğu bildirilib Hacıqabul RPŞ-nə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Mübaşir Heybətov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən bir ədəd büküm və həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş heroin kütləsi elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Hacıqabul RPŞ-nin əməkdaşının 25 sentyabr 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs narkotik maddə əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 25 sentyabr 2023-ci il tarixdə, saat 12:45-də Hacıqabul şəhəri, M.F.Axundov saxlanılıb Hacıqabul RPŞ-nə gətirilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 26 sentyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmiş, həmçinin tibbi müayinə zamanı Təqsirləndirilən şəxs 25 sentyabr 2023-cü il tarixdə tutulub polis şöbəsinə gətirildiyini və heç kimin onu döymədiyini və xəsarət almadığını bildirmişdir. İşdə olan, “Şəxsi axtarış keçirilməsi və götürmə barədə” 25 sentyabr 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Mübaşir Heybətov tərəfindən müdafiəçi Füzuli Eyvazovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən 1 ədəd büküm çıxarıb təqdim etmiş və həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlənin heroin olduğunu, yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 25 sentyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs üzərindən ...” sözlər və imzalar olan kağız paketdəki 1 ədəd sellofan torbacıqda təmiz çəkisi 2,624 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 2,574 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında” 28 sentyabr 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 2,574 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Hacıqabul RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 21 oktyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İşdə olan, “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 05 oktyabr 2023-cü il tarixli arayışı ilə müəyyən edilir ki, 03 avqust 1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin konsultativ-poliklinika şöbəsinin narkoloji kabinetində 2008-ci ildən qeydiyyatdadır. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 14 oktyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik və ya xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmayıb. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübut, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tutulan vaxt üzərində narkotik maddənin olmaması, üzərində aşkar olunmuş heroinin ona məxsus olmaması və həmin heroini cibinə polis əməkdaşının qoymasına və polis əməkdaşlarının təzyiqi ilə üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını deməyə məcbur edilməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tutulan vaxt üzərində narkotik maddənin olmaması, üzərində aşkar olunmuş heroinin ona məxsus olmaması və həmin heroini cibinə polis əməkdaşının qoymasına və polis əməkdaşlarının təzyiqi ilə üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını deməyə məcbur edilməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübut, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlər (şəxsi axtarış zamanı üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri (həmin ifadələrində o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını, həmin heroini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir) ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddənin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Hacıqabul Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bilmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadələrin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi xeyli miqdar, 2 qramdan 800 qramadək külli miqdar və 800 qram və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Təqsirləndirilən şəxs götürülmüş 2,624 qram narkotik vasitə olan heroin külli miqdar təşkil edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Hacıqabul Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 25 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə, məhkəmə hökmlərinin və qərarın surətləri ilə müəyyən edilir ki, Ukrayna Respublikası Zaporojye vilayəti, Berdyansk Rayon Məhkəməsinin 28 aprel 1999-cu il tarixli hökmü ilə Maşiyev X3 Respublikası CM-nin 81-ci maddənin (soygunçuluq) 3-cü hissəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Ukrayna Respublikasının Amnistiya haqqında 10 avqust 2001-ci il tarixli qanununun 6-cı maddəsinə əsasən 05 iyul 2001-ci il tarixdə 01 il 02 ay 29 gün sınaq müddəti müəyyən edlməklə şərti olaraq azad edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 04 iyun 2008-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 28 mart 2011-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 ay 18 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və 16 fevral 2012-ci ildə cəzasını tam çəkib qurtarmışdır. Hacıqabul Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 01 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 04 iyun 2008-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş, lakin 10 sentyabr 2020-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi yaradır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən, onun bu əməli cinayətlərin residivini yaradır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətlərin residivini yaratdığından ona ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. İşdə olan, Hacıqabul şəhər İƏD üzrə nümayəndə tərəfindən verilmiş 06 oktyabr 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 1-də qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş (nümayəndəliyi ondan ərizə və şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair 23 yanvar 2022-ci il tarixli qərarına aid arayışla müəyyən edilir ki, 03 avqust 1964-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “Əlil və ya sağlamlıq imkanlarının məhdudluğu” ilə bağlı əlavə müalicəyə ehtiyacı olması əsası ilə (əsas diaqnozun fəsadlarının dəqiqləşdirilməsi üçün xəstəyə əlavə müalicə təyin edilməsi ilə bağlı) əlilliyin dərəcəsinin müyyən edilməsindən imtina edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Habelə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı ağırlaşdıran halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının müddəti ittiham olunduğu CM-nin 234.1-1-ci maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növü-azadlıqdan məhrumetmə cəzasının son həddinin (səkkiz ilin) yarısından (dörd ildən) az olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 25 sentyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Hacıqabul RPŞ-nin maddi sübutlar otağında saxlanılan 2,574 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 25 sentyabr 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 2,574 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-322/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-322/2024
15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver