Məhkəmə qərarları › İş №1(099)-324/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-324/2024

08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-324/2024 08.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçi-Astara Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxxxxx 1982-ci ildə Lənkəran rayonun Şağlaküçə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Lənkəran rayonunun Şağlaküçə kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-11,722 qram psixotrop maddə olan metamfetamin əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında 11 sentyabr 2023-cü il tarixdə, saat 14 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, Lənkəran rayonunun Şağlaküçə kəndinin ərazisində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcəsinin cibindən bir ədəd bükümdə külli miqdarda-11,722 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində anadangəlmə ağır xəstə olan iki azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Lənkəran rayonunun Şağlaküçə kəndində qeydiyyatda olub yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, təsərrüfat işləri ilə məşğul olmuş, həm də dini ibadətlə məşğul olmaqla cümə günləri kənd qəbiristanlığında yasin oxumaqla əldə etdiyi gəlirlə ailəsini dolandırmışdır. Ona verilmiş ittihamda göstərilənlər tamamilə əsassızdır. O, dini ibadətlə məşğul olmuş, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və narkotiklərin satışı ilə məşğul olmamış, hətta siqaret belə çəkməmişdir. 11 sentyabr 2023-cü il tarixdə, günorta saatlarında kənd icra nümayəndəsi ona zəng edib icra nümayəndəliyinə gəlməsini, rayon polis şöbəsinin əməkdaşlarının onunla görüşək istədiklərini bildirmişdir. Sonra o, evdən çıxıb kənd icra nümayəndəliyinə gedərkən küçədə bir neçə polis əməkdaşı onu tutub rayon polis şöbəsinə aparmışlar. Onun nəyə görə tutulmasını soruşanda polis əməkdaşları ona «ibadət edənlərin həbs olunmasına bizə göstəriş verilib» demişlər. Polis şöbəsində adını bilmədiyi bir nəfər polis əməkdaşı ona psixoloji təsir edib hədə-qorxu gələrək təqdim etdiyi bir ədəd bükümdə narkotik maddəni üzərinə götürməyi, özünə məxsus olmasını yerdən tapdığını deməyi tələb etmiş, o da qorxusundan polislərin ona təqdim etdiyi bir ədəd bükümü cibinə qoymuş, həmin bükümün içərisində hansı növ narkotik maddə olmasını bilməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə onun üzərində axtarış keçirilmişdir. Axtarış zamanı o, polislərin əvvəldən ona dedikləri kimi hərəkət edib cibində olan bir ədəd bükümü çıxarıb polislərə təqdim edib bükümün içərisində narkotik maddə olduğunu, yerdən tapdığını bildirmişdir. Təqdim etdiyi bükümün içərisində tanımadığı narkotik maddə aşkar olunmuş, polislərin deməsindən bilmişdir ki, həmin maddə metamfetamindir. Üzərində aşkar olunmuş narkotik maddə (metamfetamin) ona məxsus deyil, həmin narkotik (matamfetamin) polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. Polis əməkdaşlarının ona qarşı belə hərəkət etmələrinin səbəbini bilməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin narkotik maddə (matamfetamin kütləsi) qablaşdırılıb götürülmüş, daha sonra isə sənədləşmə aparılmışdır. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, siqaret belə çəkməmiş və narkotiklərin satışı ilə də məşğul olmamışdır. O, üzərində aşkar olunmuş narkotik maddə ilə (matamfetaminlə) bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 11 və 12 sentyabr 2023cü il tarixli ifadələrində göstərmişdir ki, 11 sentyabr 2023-cü il tarixdə, gündüz saatlarında Lənkəran şəhər “Mərkəzi bazar” ərazisində olarkən yerdə bir ədəd büküm görüb götürmüş və bükümün içərisində nə oduğu maraqlı gəldiyi üçün bükümü üzərində saxlamışdır. Həmin gün saat 14 radələrində yaşadığı kənddə yolla piyada hərəkət edərəkən polis əməkdaşları onu saxlayıb üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu bildirilib polis şöbəsinə aparılmışdır. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı özü əynindəki gödəkcəsinin cibindən bir ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim edib həmin bükümü yerdən tapdığını, içərisində nə olmasını bilmədiyini bildirmişdir. Təqdim etdiyi bükümün içərisində tanımadığı maddə aşkar olunmuş və orada olan polis əməkdaşları həmin maddənin metamfetamin olduğunu bildirmişlər. Şifahi sorğu zamanı o, aşkar olunmuş maddəni gündüz saatlarında bazar ərazisində yerdən tapdığını, həmin maddənin nə olmasını bilmədiyini, narkotik və psixotrop maddələrdən istifadə etmədiyini, tapdığı maddədən heç kəsə satmadağını, vermədiyini və narkotik vasitələrin satışı ilə də məşğul olmadığını bildirmişdir. Sonra üzərində aşkar olunmuş maddə (metamfetamin) polis əməkdaşları tərəfindən zərfə qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs 21 dekabr 2023-cü il tarixli ifadəsində göstərmişdir ki, yaşadığı kənddə, 11 sentyabr 2023-cü il tarixdə, saat 13:30-da o, çörək almaq üçün piyada dükana gedərkən polis əməkdaşları tərəfindən tutulub polis şöbəsinə aparılmışdır. Polis şöbəsində adını bilmədiyi polis əməkdaşı ona psixoloji təsir edib verdiyi bir ədəd bükümdə olan narkotik maddənin videoçəkiliş zamanı özünə məxsus olmasını bildirməyi tələb etmiş, o da qorxusundan videoçəkilişlə üzərində axtarış zamanı həmin bir bükümdə olan narkotik maddənin özünə məxsus olmasını, yerdən tapdığını bildirmişdir. Həmin narkotik maddə ona məxsus deyil, həmin narkotik maddəni üzərinə tanımadığı polis əməkdaşı qoymuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 11 və 12 sentyabr 2023-cü il tarixli ifadələrini təsdiq etməyib, 21 dekabr 2023-cü il tarixli ifadəsini təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində heç bir narkotik və psixotrop maddələr olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsində üzərində aşkar olunmuş maddəni (metamfetamini) bazar ərazisində yerdən tapması barədə yazılanlar doğru deyil. Tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər edərək, döyülməsi halları olmasa da, ona qarşı psixi qaydada sözlə təhdid və təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş maddənin (metamfetaminin) özünə məxsus olduğunu bildirmişdir. Əslində üzərində aşkar olunmuş maddəni (metamfetamini) üzərinə tanımadığı polis əməkdaşı qoymuşdur. Həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən o, məhkəmədə (Lənkəran Rayon Məhkəməsində) üzərində aşkar olunmuş maddənin (metamfetaminin) özünə məxsus olmasını demiş, onun belə deməsinə səbəb polis əməkdaşlarının ona qarşı olan təzyiqləri olmuşdur. Üzərində aşkar olunmuş maddə (metamfetamin) ona məxsus deyil, həmin maddəni (metamfetamini) üzərinə polis əməkdaşı qoymuşdur. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və bununla bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin əməkdaşıdır. 11 sentyabr 2023-cü il tarixdə ona, Lənkəran rayonun Şağlaküçə kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, saat 14 radələrində əməliyyat-axtarış tədbiri keçirilmiş və əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ərazidə-Şalaküçə kəndinin ərazisində saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib rayon polis şöbəsinə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Emil Nurizadə tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcəsinin cibindən bir büküm çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütləni (metamfetamini) Lənkəran şəhəri, “Mərkəzi bazar” ərazisində yerdən tapdığını, maraq üçün bu maddəni üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs əldə etdiyi metamfetaminin mənbəyi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, həmin mənbəni, eləcə də Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını təsdiq edən faktları müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahidlər X8 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şağlaküçə kənd İƏD üzrə nümayəndəsi vəzifəsində işləyir, Təqsirləndirilən şəxs Şağlaküçə kənd sakini kimi tanıyır, münasibətləri yaxşı olmuşdur. 11 sentyabr 2023-cü il tarixdə, günorta saatlarında Lənkəran ŞRPŞ-nin hazırda adını xatırlamadığı bir əməkdaşı ona zəng edib Şağlaküçə kənd sakini Təqsirləndirilən şəxs soruşub onunla işi olduğunu demiş, amma nə işlə bağlı onu axtardığını bildirməmişdir. Həmin vaxt iş yerində olmadağından o, Təqsirləndirilən şəxs zəng edib icra nümayəndəliyinə gəlməsini, özünün də nümayəndəliyə getdiyini deyib nümayəndəliyə getmiş, həmin vaxt o, Nailə polis tərəfindən axtarıldığını bildirməmişdir. İcra nümayəndəliyində Naili gözləsə də, o gəlib çıxmamış, bir az sonra isə onun polis əməkdaşları tərəfindən tutulub rayon polis şöbəsinə aparılması, daha sonra isə Nailin narkotiklə bağlı tutulması barədə məlumat almışdır. İşdə olan, Lənkəran ŞRPŞ-nin əməkdaşının 11 sentyabr 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Lənkəran rayonun Şağlaküçə kənd sakini Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələr əldə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında 11 sentyabr 2023-cü il tarixdə, saat 14 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran rayonunun Şağlaküçə kəndinin ərazisində saxlanılıb polis şöbəsinə gətirilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 13 sentyabr 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 11 sentyabr 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Emil Nurizadə tərəfindən müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən bir ədəd büküm çıxarıb təqdim etmiş, həmin bükümün içərisində metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetamini Lənkəran şəhər “Mərkəzi bazar” ərazisində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 12 sentyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf sellofana bükülümüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi-11,722 qram olan ağ rəngli kristallardan ibarət olan maddəmetamfetamindir. Ekspertiza tədqiqatından sonra qalıq metamfetamin 11,622 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 23 dekkabr 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 11,622 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 sentyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur və məcburu müalicəyə ehtiyacı yoxdur. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 21 dekabr 2023-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən təqsirləndirilən şəxsin əldə etdiyi psixotrop maddənin mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Ehtibar Əhmədov, Şahid3 və Şahid4 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tutulan vaxt üzərində psixotrop maddənin (metamfetaminin) olmaması, polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı psixi təzyiqlərin olması və tanımadığı polis əməkdaşı tərəfindən cibinə qoyulmuş bir bükümdə psixotrop maddənin (metamfetaminin) üzərinə götürməsinə məcbur edilməsi, üzərində aşkar olunmuş psixotrop maddənin (metamfetaminin) ona məxsus olmaması və həmin maddəni (metamfetamini) cibinə tanımadığı polis əməkdaşı tərəfindən qoyulmasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Ehtibar Əhmədov, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (həmin vaxt o, üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını, yerdən tapdığını və maraq üçün üzərində saxladığını bildirmişdir) təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni 11 sentyabr 2023-cü il tarixdə, günorta saatlarında kənd icra nümayəndəsi vasitəsilə polis əməkdaşlarının onu kənd icra nümayəndəliyinə çağırmasını bilib icra nümayəndəliyinə gedərkən yolda polis əməkdaşları tərəfindən tutulması, tutulan vaxt üzərində psixotrop maddənin (metamfetaminin) olmaması, polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı psixi təzyiqlərin olması və tanımadığı polis əməkdaşı tərəfindən cibinə qoyulmuş bir bükümdə psixotrop maddənin (metamfetaminin) üzərinə götürməsinə məcbur edilməsi, üzərində aşkar olunmuş psixotrop maddənin (metamfetaminin) ona məxsus olmaması və həmin maddəni (metamfetamini) cibinə tanımadığı polis əməkdaşı tərəfindən qoyulmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Ehtibar Əhmədov, Şahid3 və Şahid4 (Şahid4 həm də ifadəsində göstərmişdir ki, polis əməkdaşlarının Təqsirləndirilən şəxs soruşub onunla görüşmək istədiklərini desələr də, onunla hansı səbəbdən görüşmək istəmələrini ona deməmiş, sonra o, Nailə icra nümayəndəliyinə gəlməsini desə də, polis əməkdaşlarının onunla görüşmək istədiklərini bildirməmişdir) ifadələri, maddi sübut, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını, yerdən tapdığını və maraq üçün üzərində saxladığını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 11 və 12 sentyabr 2023-cü il tarixli ifadələri ilə (ifadələrində o, üzərində aşkar olunmuş üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını, yerdən tapdığını və maraq üçün üzərində saxlamasını bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək və iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-11,722 qram psixotrop maddə olan metamfetamin əldə edib üzərində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında 11 sentyabr 2023-cü il tarixdə, saat 14 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Lənkəran rayonunun Şağlaküçə kəndinin ərazisində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd bükümdə külli miqdarda-11,722 qram metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs iş üzrə verdiyi ilkin ifadələrində bildirmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış və üzərində aşkar olunmuş psixotrop maddəni (metamfetamini) yerdən tapdığını və maraq üçün üzərində saxlamışdır. Eyni zamanda məhkəmə istintaqı zamanı, eləcə də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. İş üzrə ifadə vermiş şahidlər (o cümlədən polis əməkdaşları) göstərmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlayıb daşıması barədə məlumat daxil olmuş və onun kiməsə narkotik vasitələr satması barədə konkret məlumatlar əldə edilməmişdir. Həmçinin saxlandığı vaxt Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş metamfetamini yerdən tapdığını və maraq üçün üzərində saxladığını bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində verilmiş izaha əsasən 28 iyun 2005-ci il tarixli Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, bu qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən bu halların, yəni təqsirləndirilən şəxsin 11,722 qram metamfetamin əldə edilməsinin satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir. Metamfetamin 0,15 qramdan artıq hissəsi xeyli miqdar, 2 qramdan 400 qramadək külli miqdar və 400 qram və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi psixotrop maddə olan metamfetaminin miqdarı 11,722 qram olmaqla külli miqdar təşkil edir, lakin Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddənin külli miqdarda olması onun bu maddəni məhz satış məqsədi ilə əldə etməsi kimi qiymətləndirilməsinə əsas vermir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma cinayətini, yəni CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayəti törətməsi heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayət əməlini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Habelə məhkəmə cinayət qanunvericiliyinin müddəaları baxımından da hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir, onun hərəkətlərində CM-nin 234.2-ci maddəsinin (bu əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin) tərkib əlamətləri də yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti və cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin obyektiv cəhəti təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq narkotik və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri etməkdən ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma hərəkətlərin edilməsi başa düşülür. Hazırki iş üzrə təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma hərəkətləri, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri təşkil edir. Bu isə o deməkdir ki, təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri etməsini, yəni psixotrop maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi tələb olunur. Lakin hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma ilə bağlı hərəkətləri, yəni psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi təsdiq olunmur. Habelə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməyə dair ittiham verilsə də, təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə tədqiq olunmuş sübutları, işin faktiki hallarını və cinayətin ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində (eləcə də həmin Məcəllənin 234.2-ci maddəsində) nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərildiyi kimi psixotrop maddəni satış məqsədi ilə əldə edilməsinə dair fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqlarının və X3 X2 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-11,722 qram metamfetamin əldə edib, saxlayıb üzərində daşımış və daxil olmuş əməliyyat məlumatı əsasında 11 sentyabr 2023-cü il tarixdə, saat 14 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Lənkəran rayonunun Şağlaküçə kəndinin ərazisində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcəsinin cibindən bir ədəd bükümdə külli miqdarda-11,722 qram metamfetamin aşkar edilib götürülmüş və bununla da o, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən (bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə) satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri bu cinayətin törədilməsi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Lənkəran ŞİHB-nın Şağlaküçə kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 02 oktyabr 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran rayonunun Şağlaküçə kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə özünü nümunəvi aparmış və kənd sakinlərinin hörmətini qazanmış, ondan nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. Lənkəran rayon Şağlaküçə İƏD üzrə Nümayəndəliyindən verilmiş 02 oktyabr 2023cü il tarixli arayışla Təqsirləndirilən şəxs himayəsində 01 aprel 2006-cı il təvəllüdlü X11 və 26 fevral 2008-ci il təvəllüdlü X9 vardır. İşdə olan, Azərbaycan Respublikası TƏBİB PHŞ X12 X15 X4 22 aprel 2023-cü il tarixli tibbi arayışları ilə müəyyən edilir ki, 01 aprel 2006-cı il təvəllüdlü X11 “Koqnitiv pozuntusu (ensefalopatiya)” diaqonzu ilə xəstədir, psixoloji qeydiyyat alınması məsləhət görülür. 26 fevral 2008-ci il təvəllüdlü X9 “Yüngül dərəcəli əqli geriliyi. Nitq və davranış pozuntusu” dianozu ilə xəstədir, psixoloji qeydiyyat alınması məsləhət görülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan və psixi xəstəlikdən əziyyət çəkən uşağının olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan 11,622 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X5 X6 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 11,622 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar