Məhkəmə qərarları › İş №1(099)-325/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-325/2022

12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-325/2022 12.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas ŞabanovValeh İxtiyar oğlu, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx xxxxxxxx 1982-ci ildə Ağdam rayonu Poladlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Ağdam rayonu Poladlı kəndində qeydiyyatda olmaqla Ağcabədi şəhəri Ağabəyli kəndi ərazisində yerləşən 556 ailəlik qəsəbə, bina 7, mənzil 34-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 17 fevral 2005-ci il tarixdə ailə həyatı qurduğu arvadı Zərərçəkmiş şəxs2 ilə davamlı olaraq ailə münasibətləri zəminində münaqişə etmələri səbəbindən Ağcabədi rayon məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə rəsmi qaydada boşandıqdan sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs2 və sonuncunun atası Zərərçəkmiş şəxs1 ilə şəxsi münasibətlər zəminində aralarında davam edən münaqişə ilə əlaqədar 09 dekabr 2021-ci il tarixdə saat 13:30 radələrində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və oğlu Şahid2 yaşadıqları Ağcabədi rayonu, Ağabəyli kəndi ərazisində yerləşən 556 ailəlik qəsəbədə 7 saylı binanın 2-ci girişinə daxil olmalarını görüb onları izləyərək binanın 2-ci mərtəbəsi ilə 3-cü mərtəbəsinin arasındakı pilləkəndə onlara yaxınlaşmış, bu vaxt Zərərçəkmiş şəxs1lə yenidən aralarında yaranmış mübahisə zamanı sonuncunun onu təhqir etməsi səbəbindən, həmçinin həmin vaxtadək Zərərçəkmiş şəxs2 ilə nikahından olan övladları Şahid2 və Tural Cəfərovun ona qarşı olan nifrət hislərini aşılamaqla dəfələrlə onların həqiqi ataları olmadığını demələrinə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 səbəbkar olmalarını düşündüyündən, eyni zamanda Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs1 ona qarşı sair qərəzli hərəkətlərinə görə qisas almaq niyyəti ilə binanın 2-ci mərtəbəsi ilə 3-cü mərtəbəsinin arasındakı pilləkən keçidində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə əvvəlcədən əynində olan şalvarın kəmərində saxladığı, soyuq silah hesab edilməyən, açılıb-qatlanan turist bıçağını sağ əli ilə çıxarıb Zərərçəkmiş şəxs1 onu atası və babası olmaqla özlərinə əziz sayan, yaxın qohumları-qızı Zərərçəkmiş şəxs2 və nəvəsi Şahid2 gözləri qarşısında onlara xüsusi əzab və iztirab verdiyini dərk edərək, buna əhəmiyyət verməyib xüsusi qəddarlıq və müstəsna dərəcədə rəhmsizlik nümayiş etdirməklə, Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədilə həmin bıçaqla qəsdən ona bir neçə zərbə vurmuş, sonra isə əvvəlcədən iki şəxsin qəsdən həyatdan məhrum edilməsinə yönəlmiş cinayətkar niyyətini başa çatdırmaqla Zərərçəkmiş şəxs2 onu özlərinə əziz sayan yaxın qohumları-atası Zərərçəkmiş şəxs1 və oğlu Şahid2 gözləri qarşısında onlara xüsusi əzab və iztirab verdiyini dərk edərək, buna əhəmiyyət verməyib xüsusi qəddarlıq və müstəsna dərəcədə rəhmsizlik nümayiş etdirməklə binanın üçüncü mərtəbəsində dayanmış Zərərçəkmiş şəxs2 hücum edərək həmin bıçaqla qəsdən sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə sonuncuya həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid olan, döş qəfəsinin sağ yarısının döş boşluğuna keçən hemopnevmatoraksla nəticələnən deşilmiş-kəsilmiş yarası kimi cəmi bir ədəd və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərər vurmaya aid olan sol bazunun kəsilmiş yarası kimi cəmi bir ədəd bədən xəsarətləri yetirmiş, lakin Zərərçəkmiş şəxs1 yaralı vəziyyətdə ona aktiv müqavimət göstərərək Zərərçəkmiş şəxs2 növbəti zərbələri endirməsinin qarşısını aldığından və nəticədə sonuncunun onun əlindən çıxaraq həmin mərtəbədə yerləşən mənzilə daxil olub qapını arxadan bağlaması səbəbindən cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, bununla kifayətlənməyərək geri qayıdıb 2-ci mərtəbə ilə 3-cü mərtəbə arasındakı pilləkən keçidində yenidən Zərərçəkmiş şəxs1 qəsdən bıçaqla zərbələr vurmaqla ümumilikdə ona həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid olan döş qəfəsinin sağ yarısından döş qəfəsini dəlib keçərək sağ tərəfli hemopnevmatoraksla nəticələnən deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sol yarısından döş boşluğuna keçən deşilmiş-kəsilmiş yara, qarnın sol yarısından boşluğa keçərək dalağın və mədə divarının zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yara kimi cəmi üç ədəd və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərər vurmaya aid olan döş qəfəsinin sağ yarısında kürəkaltı nahiyədə deşilmiş-kəsilmiş yara, bazunun yuxarı 1/3-nin iç səthinin, sol dirsək oynağının arxa səthinin yuxarı hissəsinin, sol dirsək oynağının arxa səthinin aşağı hissəsinin kəsilmiş yaraları kimi cəmi dörd ədəd bədən xəsarətləri yetirmiş, lakin həmin vaxt Təqsirləndirilən şəxs xalası qızı Şahid6 onun yanına çataraq əlindəki bıçağı alması səbəbindən, eyni zamanda bina sakinlərinin səs-küyə çıxması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həmin binada yaşayan ailə üzvləri X3 və qonşuları Şahid3 tərəfindən sonuncuya məxsus olan mənzilə aparılaraq onlara ilkin tibbi yardım edilməsi, daha sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılmaları və onlara vaxtında ixtisaslı tibbi yardım göstərilməsi səbəbindən sonuncuların həyatlarını xilas etmək mümkün olduğundan Təqsirləndirilən şəxs cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, bununla da iki şəxsi - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 2005-ci ildə X4 ilə evlənmiş, üç övladları vardır. O işləmək üçün Rusiya Federasiyasında olduğu müddətdə arvadı Zərərçəkmiş şəxs2 ondan boşanmaq barədə Ağcabədi rayon məhkəməsinə ərizə vermişdir. Aynurə əvvəlcə sosial yardım almaq üçün boşandığını desə də, sonradan onun həqiqətən də boşandığını başa düşmüşdür. 19 may 2021-ci il tarixdən məhkəmədə boşanma prosesi başlamış, hər məhkəmə iclasında qayınatası Zərərçəkmiş şəxs1, arvadı Zərərçəkmiş şəxs2 və uşaqları onu təhqir edib ünvanına nalayiq sözlər işlətmişlər. X5 və yaxınlarını internet vasitəsilə alçaltmışdır. Aynurə ondan polisə şikayət etdirməklə dəfələrlə həbs etdirmişdir. Sonuncu dəfə də Zərərçəkmiş şəxs2 şikayəti əsasında 15 noyabr 2021-ci il tarixdə aliment borcuna görə ona 10 gün müddətində inzibati həbs vermişlər. Təxminən 06 dekabr 2021-ci il tarixdə saat 18 radələrində o, yaşadığı qəsəbənin həyətində oğlu Şahid2 görüb ona pul vermək istəmiş, lakin Röyal ona atası olmadığını demişdir. Bu da onun əsəblərini lap korlamış, artıq hər şeydən bezmiş vəziyyətə gəlmişdir. Zərərçəkmiş şəxs2 1140 manat aliment borcu olmuş, həmin borca görə onun Azərbaycan Respublikasından çıxışına qadağa qoyulmuşdur. O istəmişdir ki, Zərərçəkmiş şəxs2 aliment şikayətini geri götürsün ki, o, Moskva şəhərinə gedib pul qazana bilsin. 09 dekabr 2021-ci il tarixdə saat 14 radələrində 556 ailəlik qəsəbədə 7-ci binanın qabağında dayandığı zaman qayınatası Zərərçəkmiş şəxs1, arvadı Zərərçəkmiş şəxs2 və ortancıl oğlu Şahid2 7-ci binanın 2-ci blokuna girdiklərini görmüşdür. Zərərçəkmiş şəxs2 yaxınlaşıb ondan alimentə görə ölkədən çıxmaq qadağasını götürməsini xahiş etməyi, həm də aralarındakı narazılığın, boşanmasının səbəbini aydınlaşdırmağı fikirləşmişdir. Keçmiş qayınatası Zərərçəkmiş şəxs1, arvadı Zərərçəkmiş şəxs2 və ortancıl oğlu Şahid2 onu görüb pilləkənlə yuxarı qaçmağa başlamışlar. O, ikinci mərtəbə ilə üçüncü mərtəbənin arasında onlara çatıb söhbət etmək istəməsini, qorxmamalarını, onlarla işinin olmadığını bildirmişdir. Bu zaman qayınatası Zərərçəkmiş şəxs1 təpiklə onun sol qolundan vurub ünvanına nalayiq ifadə işlətmişdir. O, dəfələrlə təhqir olunmasını dözə bilməyib cibində olan, açılıb qatlanan bıçağı çıxarıb açmış, Zərərçəkmiş şəxs1 bir neçə dəfə bıçaqla zərbələr vurmuşdur. Zərbələrin Zərərçəkmiş şəxs1 hansı nahiyələrinə dəydiyni və dəqiq neçə dəfə zərbə endirdiyini xatırlamır. Ancaq o yadındadır ki, Zərərçəkmiş şəxs1 arxasını ona çöndərib pilləkəndə uzanmışdır. Zərərçəkmiş şəxs1 ona yalvarmış, onu vurmamasını demişdir. Sonra Zərərçəkmiş şəxs1 bir də bıçaqla vurmuşdur. Həmin vaxt Aynurə yuxarı pilləkəndə olmuşdur. O, əsəbi halda Aynur Cəfərovanın yanına qaçmış, Aynurə yalvarıb onu vurmamasını demişdir. Aynurəyə “uşaqlarımı öyrətmisən ki, ataları mən deyiləm, indi de görüm uşaqlarımın atası kimdi?”- deyərək Aynurənin kürək nahiyəsindən bir-iki dəfə bıçaqla zərbə vurmuşdur. Aynurə ona yalvarmış, onu uşaqları Xəyalın xətrinə vurmamasını demişdir. Bu sözdən sonra Aynurədən aralaşmışdır. Bu anda Azimin üstünə gəldiyini görüb təpiklə onu vurub pilləkənə yıxmış və bir neçə dəfə də bıçaqla vurmuşdur. Bundan sonra Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng edib qayınatasını və arvadını bıçaqla vurduğunu, polisə təslim olmaq istədiyini, heç yerə getməyərək gözləməsini, polis işçilərinin gəlib onu aparmalarını demiş və hadisə yerində dayanıb gözləmişdir. Az sonra polis işəiləri hadisə yerinə gələndə polisə könüllü təslim olmuşdur. Aynurəni və Azimi öldürmək məqsədi olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, qızı Zərərçəkmiş şəxs2 2005-ci ildə Təqsirləndirilən şəxsla ailə qurmuş, üç övladları doğulmuşdur. 2021-ci ilin fevral ayında Təqsirləndirilən şəxs Rusiya Federasiyasından qızı Zərərçəkmiş şəxs2 zəng edib orada vətəndaşlıq almaq istəməsini, rusiyalı bir qadınla evlənib vətəndaşlıq ala bilməsi üçün formal olaraq boşanmalarını demiş və onlar bu barədə razılaşmışlar. Qızı Zərərçəkmiş şəxs2 Ağcabədi rayon məhkəməsinə ərizə ilə müraciət etmiş və İlhamiz ilə boşanmışlar. Bundan sonra Aynurə ilə İlhamizin münasibətləri pisləşmişdir. 09 dekabr 2021-ci il tarixdə qızı Aynurə ilə birlikdə Təqsirləndirilən şəxs aliment borcuna görə Ağcabədi rayon icra şöbəsinə getmişlər. İcra şöbəsindən çıxdıqdan sonra saat 13 radələrində qızı Aynurə, o və nəvəsi Röyal yaşadıqları yeddinci binanın qabağına getmişlər. Binanın qabağında İlhamizi görmüşlər. Qızı Aynurə və nəvəsi ondan qabaqda getmişlər. Onlar dəhlizə daxil olan zaman İlhamizin onlara tərəf gəldiyini görmüş, qızı Aynurəyə qaçın, şərəfsiz bloka gəlir-demişdir. Aynurə həmin vaxt ikinci mərtəbədə olmuş, o özü də yuxarı qaçmağa başlamışdır. İlhamiz birinci mərtəbə ilə ikinci mərtəbə arasındakı pilləkəndə ona çatmış, o isə İlhamizə tərəf çönərək ona oradan rədd olub getməsini demiş və onu geri itələdikdə İlhamiz sağ əlindəki bıçaqla onun sol böyrünə bir zərbə vurmuş və sonra yuxarı, qızı Aynurəyə tərəf qaçmışdır. O da onlara tərəf qaçmışdır. İlhamiz Aynurəyə çataraq başını sol əli ilə yuxarı qaldırıb sağ əlində də bıçağı saxlamışdır. Ancaq özünü itirmiş, İlhamizin qızını bıçaqla necə vurmasını görməmişdir. O çatanadək İlhamiz Aynurəyə artıq bir neçə bıçaq zərbəsi vurmuşdur. O, İlhamizə çatıb bıçaq olan əlini tutmuş, İlhamiz isə geri çönüb bıçaqla onun sağ qoluna zərbə vurmuş, o, pilləkənlərdən aşağı yumalanmış, ikinci mərtəbə ilə üçüncü mərtəbə arasında dayanmışdır. Həmin vaxt ikinci mərtəbədə yaşayan Saraygilin mənzilinin qapısının açıq olmasını görüb özünü birtəhər həmin mənzilə salmışdır. Saraya İlhamizin onun qızının başını kəsəcəyini demiş və yenidən mənzildən pilləkənlərə çıxmış və üçüncü mərtəbəyə doğru qalxmağa başladıqda ikinci mərtəbədə İlhamiz yenidən onun qabağına çıxmış, həmin vaxt ona dəqiq bilmədiyi sayda bir neçə bıçaq zərbəsi vurmuşdur. İlhamiz ona bıçaq zərbələri vurduqdan sonra hiss etmişdir ki, ona təpik də vurur, ancaq bədəni keyidiyi üçün dəqiq olaraq yadında qalmamışdır. İlhamiz ona bir-iki təpik zərbəsi vurduqdan sonra çıxıb getmişdir. Sonrasını dəqiq olaraq xatırlamır. O, özünə gəldikdə dördüncü mərtəbədə olmasını görmüş, həmin vaxt halı özündə olmadığı üçün baş verənləri dəqiq xatırlamır. Təqsirləndirilən şəxs şikayətçidir, məhkəmədən ona ağır cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəmədə göstərdi ki, 2005-ci ildə Təqsirləndirilən şəxsla ailə qurmuş, həmin evlilikdən üç övladları vardır. Ər-arvad kimi yaşıdıqları dövrdə aralarında daimi münaqişə olmuşdur. Təqsirləndirilən şəxs Rusiya Federasiyasında olduğu müddətdə o, 2021-ci ilin mart ayında boşanma barədə Ağcabədi rayon məhkəməsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs 2021-ci ilin may ayında Ağcabədi rayonuna qayıtdıqdan sonra o və uşaqları qorxduqları üçün qəsəbədə yaşadıqları evdən çıxıb Ağcabədi rayonunun Hacılar kəndində olan ata evinə getmişlər. İlhamizdən polisə şikayət etmişdir. İlhamizi polis şöbəsinə aparmışlar. Bir gün saxladıqdan sonra onu sərbəst buraxmışlar. 11 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxsla rəsmi olaraq boşanmış, boşandıqdan sonra da onunla aralarındakı münaqişə davam etmişdir. Təqsirləndirilən şəxs aliment borcu yarandığından o, 09 dekabr 2021-ci il tarixdə səhər saatlarında Ağcabədi rayon icra şöbəsinə getmişdir. İcra şöbəsindən çıxdıqdan sonra 13 radələrində atası Azim və oğlu Röyal ilə birlikdə yaşadıqları binanın qabağına gələrək binanın ikinci girişindən içəri daxil olmuşlar. Atası Zərərçəkmiş şəxs1, o və oğlu Şahid2 ikinci mərtəbənin pilləkəninə çatanda Təqsirləndirilən şəxs qaça-qaça binanın girişindən içəri daxil olmasını görmüşdür. İlhamizi atası Zərərçəkmiş şəxs1 də görmüş, qışqıraraq “qaçın İlhamiz gəlir”- demişdir. Onlar tez qaçıb üçüncü mərtəbəyə çatanda Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs1 çatmışdır. Atası İlhamizə mane olmağa çalışmışdır ki, onlara tərəf gəlməsin. Bu zaman İlhamiz əlindəki bıçaqla atası Azimə iki zərbə vurmuşdur. Azim İlhamizə heç bir müqavimət göstərə bilməmişdir. İlhamiz Azimə iki bıçaq zərbəsi vurduqdan sonra pilləkənləri qalxaraq ona tərəf gəlməyə başlamışdır. O qaçmaq istəmiş, üçüncü mərtəbəyə qalxan axırıncı pilləkəndə İlhamiz ona çatmış, çiynindən itələyib onu yerə yıxaraq əvvəlcə boynunun arxasından, daha sonra sol qolundan bıçaqla vurmuşdur. İlhamiz ikinci bıçağı ona vurduqdan sonra atası Azim İlhamizi arxadan tutaraq özünə tərəf çəkmişdir ki, ondan aralasın və onlar ikisi də pilləkənlərdən aşağı yumalanmış, ikinci mərtəbə ilə üçüncü mərtəbənin ortasında dayanmışlar. O, tez oğlu Röyalı üçüncü mərtəbədəki qonşu Veneranın evinə salmış, oğlunun ardınca özü də həmin mənzilə daxil olmuşdur. İlhamiz onların ardınca gələrək qapıya təpiklə zərbələr vuraraq qapını açmağa çalışmışdır ki, içəri girsin. Sonradan İlhamizin səsi kəsilmiş və daha qapını döyməmişdir. Daha sonra Lətafət adlı qonşu həmin mənzilə gəlib atası Azimin ona görə narahat olmasını, dördüncü mərtəbədə olmasını, gedib atasını görməsini demişdir. O, Lətafət adlı qonşu ilə birlikdə dördüncü mərtəbədəki qonşunun evinə getmiş, atası Azim də orada olmuşdur. Bir müddət sonra təcili tibbi yardım evə gəlmişdir. Həmin vaxt İlhamiz binanın qarşısında gözləmişdir. Polis işçiləri oraya gələrək İlhamizi özləri ilə aparmışlar. Həmin vaxt oraya təcili tibbi yardım avtomobili gəlmiş və həkimlər atası ilə onu avtomobilə mindirib xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza verilməsini xahiş edir. Şahid2 məhkəmədə göstərdi ki, atası İlhamiz ilə anası Aynurə tez-tez dalaşmışlar. 9 oktyabr 2021-ci il tarixdə anası Aynurə ilə atası İlhamiz boşanmışlar. 09 dekabr 2021-ci il tarixdə səhər saatlarında anası Aynurə və babası Azim ilə birlikdə icra şöbəsinə getmişlər. Saat 13 radələrində onlar icra şöbəsindən çıxıb yaşadıqları 556-cı qəsəbənin 7-ci binasınına getmişlər. Binanın girişindən içəri daxil olmuşlar. Binanın birinci mərtəbədə olduqları zaman babası Azim onlara tez yuxarı çıxmaları, İlhamizin onlara tərəf gəlməsini demişdir. Babası Azim, anası Aynurə və o, tez ikinci mərtəbəyə qaçmışlar. Atası İlhamiz ikinci mərtəbədə onlara çatmış, arxa tərəfdən babası Azimin çiynindən tutaraq özünə tərəf çöndərib sağ əli ilə öz şalvarının kəmərinin altından bıçaq çıxararaq, sol əli ilə babasını tələyib divara vurmuşdur. Babası divara dəyib yerə yıxıldıqdan sonra İlhamiz bıçaqla babası Azimin sol tərəfindən zərbələr vurmağa başlamışdır. Bu vaxt anası Aynurə və o, qışqıra-qışqıra üçüncü mərtəbəyə qalxmışlar. İlhamiz babasından uzaqlaşıb onların dalınca üçüncü mərtəbəyə gəlməyə başlamışdır. Üçüncü mərtəbənin ikinci pilləkənində atası İlhamiz anası Aynurəni arxadan itələyib yıxmış və bıçaqla onun sağ çiyninə bir dəfə, sol çiyninə də bir dəfə, sağ və sol ayaqlarına isə dəqiq xatırlamadığı sayda zərbələr vurmuşdur. O isə donub yerində qalmış, heç nə edə bilməmişdir. Necə olmuşdursa, atası İlhamiz dayanmışdır. İlhamiz dayanan kimi anası Aynurə ilə o, qaçıb üçüncü mərtəbədə yaşayan Leyla adlı qonşunun evinə girmişlər. O, qonşunun evinə girib qapının gözlük hissəsindən çölə baxan zaman atası İlhamizin gəlib qonşunun qapısının ağzında bir az gözlədikdən sonra aşağı düşüb yenidən babası Azimə tərəf getməsini görmüş, sonrasını isə görməmişdir. O, Leyla adlı qonşunun evində 10 dəqiqə gözlədikdən sonra Kəmalə adlı qonşuları gələrək İlhamizin getməsini, babası Azimin isə dördüncü mərtəbədəki qonşunun evində olmasını, vəziyyətinin də ağır olmasını demiş və birlikdə dördüncü mərtəbəyə qalxmalarını təklif etmişdir. Anası ilə o, dördüncü mərtəbəyə qalxdıqda babası Azimin xalası Rəna Qəhrəmanovanın dördüncü mərtəbədə olmasını görmüşdür. Onlar dördüncü mərtəbədəki qonşuda bir az gözlədikdən sonra təcili yardım gələrək anası Aynuru və babası Azimi xəstəxanaya aparmışlar. Şahid X3 məhkəmədə göstərdi ki, bacısı Zərərçəkmiş şəxs2 ilə əri İlhamizin münasibətləri pis olmuş və onlar təxminən hadisədən iki ay əvvəl rəsmi olaraq boşanmışlar. Bundan sonrada Aynurə ilə İlhamizin aralarında münaqişə davam etmişdir. Aynurə uşaqları ilə onlarla eyni binada yaşamışlar. 09 dekabr 2021-ci il tarixdə saat 13 radələrində evdə olduğu zaman səs-küy eşidib çölə çıxanda ikinci mərtəbənin pilləkənində atasının yerdə qan içində oturaq vəziyyətdə olduğunu, İlhamizin isə onu bıçaqla vurduğunu görmüşdür. O, qışqıraraq İlhamizi kənara itələyib atasından uzaqlaşdırmışdır. İlhamiz əlindəki bıçaqla ona hücum etmək istəsə də, hücum etməmiş, qaçıb getmişdir. O, atasını orada qoyaraq bacısı Zərərçəkmiş şəxs2 ilə bacısı oğlu Şahid2 axtarmışdır ki, birdən onlara da nəsə edər. Ancaq onları tapmamış, birinci mərtəbəyə düşəndə görmüşdür ki, İlhamiz binanın girişinin qarşısında dayanmışdır. Bacısı Aynurənin telefon nömrəsinə zəng vurmuşdur ki, onu tapsın, ancaq telefonu qonşu açıb Aynurənin yaralı halda onlarda olmasını demişdir. Bacısını dördüncü mərtəbəyə qonşunun evinə aparmış, orada onların yarasını təmizləyib ilkin tibbi yardım göstərdikdən sonra təcili-tibbi yardım vasitəsilə onları xəstəxanaya aparmışlar. Şahid9 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qonşusudur. O, Ağcabədi rayonu Ağabəyli kəndində yerləşən 556 ailəlik qəsəbədə 7-ci binanın 2-ci mərtəbəsində, Zərərçəkmiş şəxs2 isə 5-ci mərtəbədə yaşayır. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində evdə mətbəxində olduğu zaman dəhlizindən səs-küy eşitmiş və bu anda evin qapısı qəfilətən açılmış, Aynurənin atası Azim özünü içəri salmış, ay balam, balam-deyərək mənzildən çıxmışdır. O, özünün itirmiş və Azimin arxasınca dəhlicə çıxmamışdır. Həmin anda pilləkəndə qışqırıq, səs-küy eşitmişdir. Sonradan qonşuları İlhamizin bıçaqla arvadı Aynurəni və qayınatası Azimi bıçaqla pilləkəndə vurduğunu bilmişdir. Şahid, Zərərçəkmiş şəxs2 ilə qonşuluqda yaşayan Şahid10 da ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində Şahid9 göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid3 məhkəmədə göstərdi ki, Zərərçəkmiş şəxs2 onun qonşusudur. 09 dekabr 2021-ci il tarixdə saat 13 radələrində yaşadığı evdə olduğu zaman qapının qarşısından gələn səs-küyə çıxmış, qapını açanda Aynurənin ağası Azimin qapının qarşısında olduğunu və başından qan axdığını görmüşdür. Azim İlhamizin onu bıçaqladığını bildirmiş, 5-ci mərtəbəyə qalxmaq istəsə də, qalxa bilməmişdir. Azimə kömək edib onu öz evinə aparmışdır. Azimin paltarını yuxarı qaldırdıqda onun bədəninin müxtəlif yerlərində yaralar olduğunu görmüşdür. Azimdən 5 dəqiqə sonra qızı Aynurə və onun oğlu Röyalda onun yaşadığı mənzilə gəlmişlər. Aynurə yaralı olmuşdur. Onları İlhamizin bıçaqla vurması məlum olmuşdur. Təxminən 10 dəqiqə sonra təcili-yardım gəlmiş və onları xəstəxanaya aparmışlar. Şahid4 da məhkəmədə həyat yoldaşı Şahid3la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid6 məhkəmədə göstərdi ki, Təqsirləndirilən şəxs onun xalası oğlu, eyni zamanda əri Şahid8 qardaşıdır. Təqsirləndirilən şəxs ailəsi ilə onların ailələri eyni bir binada yaşamışlar. Təqsirləndirilən şəxs ilə arvadı Zərərçəkmiş şəxs2 münasibətləri son vaxtlar pisləşmiş və onlar 2021-ci ildə boşanmışlar. Bundan sonra onların aralarında narazılıq davam etmiş, Aynurə dəfələrlə polisə Şikayət etməklə İlhamizi həbs etdirmişdir. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində yaşadığı evdə olan zaman binanın həyətindən səs-küy eşitmiş, tez aşağı binanın həyətinə düşmüşdür. Qonşulardan binanın ikinci girişində İlhamizin dalaşmasını eşidib, həmin girişə daxil olmuş və üçüncü mərtəbəyə qalxdıqda Aynurənin yaralı halda yıxıldığın, onun atası Azimin isə yaralı vəziyyətdə ikinci mərtəbə ilə üçüncü mərtəbənin ortasındakı keçidin künc tərəfində ayaqüstü sağ tərəfə əyilmiş vəziyyətdə olduğunu, İlhamizin isə əlində bıçaq onun qarşısında dayandığını görmüşdür. O, tez İlhamizin qarşısına keçib ona yalvararaq əlindəki bıçağı almış, daha sonra pilləkənlərlə onu aşağı aparmışdır. İlhamiz «102» xidmətinə zəng edərək arvadını və qayınanasını bıçaqla vurduğu, polis könüllü təslim olmaq istədiyini və polis işçilərinin gəlib onu aparmalarını demişdir. Az sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. İlhamiz polislərlə birlikdə getmişdir. Aynurəni və Azimi isə təcili yardım avtomaşını ilə xəstəxanaya aparmışlar. Məhkəmədə şahid kimi dindirilən Şahid8 və Şahid5 ibtidai istintaqda verdiyi, məhkəmə istintaqında tədqiq olunan ifadələrində Şahid6 göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 103/2022 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədənində - döş qəfəsinin sağ yarısından döş qəfəsinə dəlib keçərək, sağ tərəfli hemopnevmatoraksla nəticələnən deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sağ yarısında kürəkaltı nahiyədə deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sol yarısından döş boşluğuna keçən deşilmiş kəsilmiş yara, qarının sol yarısından boşluğa keçərək dalağın, mədənin divarının zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yara, bazunun yuxarı üçdə birinin iç səthinin, sol dirsək oynağının arxa səthinin yuxarı hissəsinin, sol dirsək oynağının arxa səthinin aşağı hissəsinin kəsilmiş yara xəsarətləri aşkar olunmuşdur. Həmin xəsarətlər deşici-kəsici alətin təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə kənar şəxslər tərəfindən bıçaqla yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs1 bədənində olan xəsarətlərdən, döş qəfəsinin sağ və sol yarısından döş boşluğuna keçərək, hemopnevmatoraksla müşahidə edilən deşilmiş-kəsilmiş yaralar, qarın boşluğa keçərək dalağın və mədənin divarının zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yaralar dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, döş qəfəsinin sağ yarısının, sol bazunun və sol dirsək oynağında olan kəsilmiş yaralar isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 98/2022 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədənində - döş qəfəsinin sağ yarısının döş boşluğuna keçən hemopnevmatoraksla nəticələnən deşilmiş-kəsilmiş yara və sol bazunun kəsilmiş yara xəsarətləri aşkar olmuşdur. Həmin xəsarətlər deşici-kəsici alətin təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə kənar şəxslər tərəfindən bıçaqla yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs2 bədənində olan xəsarətlərdən, döş qəfəsinin sağ yarısının döş boşluğuna keçən hemopnevmatoraksla nəticələnən deşilmiş-kəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol bazunun kəsilmiş yara xəsarətləri isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji eskpertizasının xx.xx.2022-ci il tarixli, 114/37 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən anlaqlı olmuş, əməli CM-nın 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ttiham olunduğu cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuş, fizioloji (psixoloji) affekt halında olmamışdır. Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2022-ci il tarixli, 261 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/2115;2125 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu batıcı xassəyə malik olan turist bıçağıdır, istifadə üçün yararlıdır, soyuq silah hesab edilmir. İş materiallarında olan telefon məlumatından görünür ki, Təqsirləndirilən şəxs hadisədən dərhal sonra-xx.xx.2021-ci il tarixdə saat 13.01-də Azərbaycan Respublikası DİN-nin «102» xidmətinə zəng edərək Ağcabədi rayonu 556 saylı qəsəbədə arvadını və qayınatasını bıçaqla vurması barədə məlumat vermişdir. İş üzrə tərtib edilmiş ittiham aktında Təqsirləndirilən şəxs hadisə barədə DİN-nin «102» xidmətinə zəng edərək törətdiyi cinayət əməli barəsində məlumat verməklə könüllü gəlib təqsirini boynuna alması CM-nin 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət səciyyələnir. İş materiallarında olan sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2005, xx.xx.2010 və xx.xx.2014-cü illərdə doğulmuş uşaqları vardır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutı ayrı-ayrılıqda və ümumilikdə təhlil edib, onlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və onun atası Zərərçəkmiş şəxs1 onların birbirlərinin gözləri qarşasında, həmçinin Zərərçəkmiş şəxs2 övladı, Zərərçəkmiş şəxs1 isə nəvəsi olan Röyal Cəfərovanın gözü qarşısında, onlara əzab və iztirab verməsini dərk etməklə xüsusi amansızlıqla öldürməyə cəhd etməsi, həmçini iki şəxs öldürməyə cəhd etməsi, əmlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmişdir. Məhkəmə hadisə zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə davamlı olaraq yetirmiş olduğu bıçaq xəsarətlərinin sayını, xarakterini, ağırlıq dərəcələrini və yetirilmə nahiyələrini nəzərə alaraq onun zərərçəkmiş şəxsləri öldürmək məqsədinin olmaması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, könüllü gəlib təqsirini boynuna almasını isə CM-nin 59.1.10-cu maddəsinə əsasən onun cəzasənı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 29,120.2.4 və 29,120.2.7-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, azadlıqdan məhrum etmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 09 dekabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddətini müəyyən edərkən Azərbaycan Respublikası CM-nin 63.3-cü və 60.1-ci maddələrinin tələblərini nəzərə alır. Belə ki, CM-nin 120.2.4 və 120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməyə cəhdə görə cəzanın müddəti həmin maddələrdə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin, iyrimi ilin dörddə üçündən, yəni on beş ildən çox ola bilməz. Bundan əlavə CM-nin 59.1.10-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən hal olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətə görə qanunda nəzərdə tutulmuş cəzanın son həddi on beş il müəyyən edildiyindən ona təyin edilən cəzanın müddəti on beş ilin dörddə üçündən, yəni 11 il 3 aydan artıq ola bilməz. İş üzrə maddi sübut kimi tanınmaqla Ağcabədi rayon prokurorluğunda saxlanılan 01 ədəd bıçaq, pambıq tampona hopdurulmuş 04 ədəd qanabənzər nümunələr, 01 ədəd döşəkçə, 01 ədəd mütəkkə, 01 ədəd gödəkçə, 01 ədəd uzunqol kofta, 01 ədəd jaket, 01 ədəd şalvar, 01 ədəd mayka, 01 ədəd jaket, 01 ədəd palto, 01 ədəd şalvar, 01 ədəd gödəkçə və 01 ədəd qısaqol kofta məhv edilməlidir. Ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Ağcabədi rayon prokurorluğunda saxlanılan 01 ədəd bıçaq, qanabənzər nümunələr və paltarlar məhv edilsin. Ekspertiza xərci 65 (altmış beş) manat təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar