Məhkəmə qərarları › İş №1(099)-326/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-326/2023

17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-326/2023 17.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 14 avqust 1990-cı il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şirvan şəhəri, Heydər Əliyev küçəsi, ev 46, mənzil 24-də qeydiyyatda olmaqla, Şirvan şəhəri, Şəhidlər küçəsi ev 28-də yaşamış, 25 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şirvan Şəhər Məhkəməsinin 28 noyab 2022-ci il tarixli, 4(032)-380/2022 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə ev dustaqlığı, Şirvan Apellyasiya Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 4(106)- 108/2022 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbirləri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda- 2,060 qram psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamaqla daşımış, 25 noyabr 2022-ci il tarixdə, saat 19:50 radələrində Şirvan Şəhər Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Şirvan şəhəri, Şəhidlər küçəsində saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 21:05-də üzərində şəxsi axtarış keçirilən zaman həmin bir ədəd bükümdə külli miqdarda- 2,060 qram psixotrop maddə olan metamfetamin əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları 25 noyabr 2022-ci il tarixdə saat 19 radələrində Şirvan şəhəri, Şəhidlər küçəsində yaşadığı evin yaxınlığında olan zaman onu saxlamışlar və Şirvan Şəhər Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, sağ yan cibindən balaca bükümdə az miqdarda metamfetamin aşkar olunmuş və zərfləşdirilərək məhkəmə-kimyəvi ekspertizasına göndərilmişdir. Üzərindən aşkar olunan psixotrop maddə ekspertizadan qaytarıldıqdan sonra ona məlum olmuşdur ki, barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi qaldırılmış, ibtidai istintaq orqanı tərəfindən ona bu məzmunda məlumat verilməmişdir. Ekspert rəyində göstərilən miqdarda- 2,060 qram üzərində psixotrop maddə-metamfetamin olmamış, çox az miqdarda, yəni 01 qramdan az olmuşdur. Barəsində həbs qətimkan tədbiri seçiləndə məhkəmə qarşısında faktiki olaraq üzərindən aşkar olunan psixotrop maddənin miqdarı ilə ekspert rəyindəki miqdarla kəskin fərqləndirməsini bildirməsinə baxmayaraq, ona əks-reaksiya verilmiş və bildirilmişdir ki, “sən üzərində olan narkotik vasitəni çəkmişdin ki, onun miqdarını da biləsən”. Polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman aparılan videoçəkilişdən üzərindən aşkar olunan narkotik vasitənin çox cüzi miqdarda olmasını müşahidə etmək mümkündür. Onu saxlayan polis əməkdaşları təzə olduqlarından, eyni zamanda özüdə küçələrinə təzə gəldiyindən onları tanımamış, sadəcə uşaqlıqdan Şahid1 və küçələrində yaşayan Şahid2 tanımışdır. Əməlindən peşman olduğunu bildirir və Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə yüngül cəza verilməsini xahiş edir. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunan metamfetamini hadisə günü səhəri məhəllələrindən tapmış, tərəzidən yaxşı anlayışı olduğu üçün üzərindən aşkar olunan metamfetaminin külli miqdardan çox az miqdarda olduğunu bilmiş, ancaq üzərində olan metamfetamini tərəzidə çəkməmişdir. Üzərindən aşkar olunan metamfetamin 1 balaca bükümdə olmuş və ondan istifadə etməmişdir. Üzərində olan 1 büküm metamfetamini açmamış, polislər onu saxlamışlar. Üzərindən aşkar olunan psixotrop maddə metamfetamin tərəzidə çəkilməmiş, sadəcə zərfləşdirilmişdir. Metamfetamin istifadə etməmiş, marixuanadan istifadə etmişdir. Polis Şöbəsində ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Əvvəllər Rusiya Federasiyasında yaşamış, təxminən 2022-ci ilin avqust ayının axırında Şirvan şəhərinə gəlmişdir. Hal-hazırda 1 uşağı var, ikinci uşağı isə yaxında dünyaya gələcəkdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, 27 noyabr 2022-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilərkən özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilmiş, uzun müddətdir ki, psixotrop maddədən istifadə etmişdir. 25 noyabr 2022-ci il tarixdə Şirvan şəhəri, Şəhidlər küçəsində yol ilə gedən zaman yerdə bir ədəd sellofan bükümün olduğunu görmüş, həmin büküm diqqətini cəlb etmiş, bükümü yerdən götürmüş, bükümün içərsinə baxan zaman bükümdə psixotrop maddə olan metamfetaminin olduğunu görmüş, psixotrop maddə istifadəçisi olduğu üçün həmin bükümü istifadə etmək məqsədi ilə cibinə qoymuşdur. Həmin bükümdə olan psixotrop maddədən istifadə etməmişdir. 25 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində Şirvan şəhəri, Şəhidlər küçəsində yaşadığı evin yaxınlığında olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Üzərində narkotik vasitə və ya psixotrop maddə olması barədə onlarda məlumat olmasını demişlər. Üzərində psixotrop maddə olduğu üçün polis əməkdaşlarından yayınmaq istəmiş, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları üzərində şəxsi axtarış keçirtmək istədiklərini bildirmişlər. Həmin vaxt ətrafda insanlar olduğu üçün şəxsi axtarış aparılmasına etiraz etmiş, polis əməkdaşları onu Şirvan Şəhər Polis Şöbəsinə dəvət etmişlər. Etiraz etməmiş, polis əməkdaşları ilə Şirvan Şəhər Polis Şöbəsinə getmiş, polis şöbəsində Təhqiqat Bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1, bir müddət sonra vəkil Emil Quliyev gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə olan psixotrop maddə olan metamfetamini çıxarıb masanın üzərinə qoymuş, həmin bükümdə psixotrop maddə olan metamfetaminin olduğunu bildirmişdir. Sonra əynində olan mavi rəngli şalvarın sol yan cibindən özünə məxsus olan “Samsung Duas” markalı mobil telefonu, əynində olan şalvarın arxa cibindən “Samsung J2 Prime” markalı mobil telefonunu çıxardıb masanın üzərinə qoymuş, üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir narkotik vasitə və ya psixotrop maddə, həmçinin qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq təqdim etdiyi psixotrop maddəni Şirvan şəhəri, Şəhidlər küçəsindən yerdən tapdığını bildirmişdir. Sonra təqdim etdiyi 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, protokol tərtib olunmuş, bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Üzərinidən aşkar olunmuş 1 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamini istifadə etmək üçün üzərində saxlamış, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı bir qanunsuz hərəkətlərə yol verilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində üzərindən aşkar olunan metamfetaminin balaca bükümdə olmaqla çəkisinin az olduğunu bildirməsi ilə bağlı hissədə verdiyi ifadəsinin cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə ağır cinayətə görə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 25 noyabr 2022-ci il tarixdə xidmətdə olarkən Şirvan şəhəri, Heydər Əliyev küçəsi, ev 46-da qeydiyyatda olmaqla Şirvan şəhəri, Şəhidlər küçəsi, ev 28-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, üzərində daşıması və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Tərəfindən məlumatla bağlı Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuş, sonra isə həmin qərarın icra olunması ilə bağlı Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı polis baş serjanıtı Şahid2, Təhqiqat Bölməsinin təhqiqatçısı X2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. 25 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Şəhidlər küçəsinə getmişlər. Həmin küçədə olarkən saat 19:50-də Təqsirləndirilən şəxs görüb daxil olmuş məlumatın yoxlanılması məqsədilə sonuncuya yaxınlaşmışlar, özlərini təqdim edib barəsində narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, daşınması və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib üzərində şəxsi axtarış aparılacağını demişlər. Bu zaman Təqsirləndirilən şəxs bir qədər səs-küy saldığı üçün sonuncunu Şirvan Şəhər Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməmiş, onlarla birlikdə Şirvan ŞPŞ-nə getmiş, polis şöbəsində olarkən Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil X1, vəkil Emil Quliyev gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmişdir. Buna hər hansı bir etirazının olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs də heç bir etirazının olmadığını bildirmiş, sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümdə psixotrop maddə olan metamfetaminin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxıldıqda içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən olunmuş, sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli şalvarının sol yan cibindən 1 ədəd “Samsung Duas” markalı mobil telefonu təqdim etmiş, verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini Şirvan şəhəri, Şəhidlər küçəsindən yerdən tapmışdır. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan büküm qablaşdırılaraq götürülmüş, həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə ona dəfələrlə əməliyyat məlumatı daxil olmuş, sonuncu dəfə Təqsirləndirilən şəxs saxlanılaraq Şirvan ŞPŞ-nə gətirilmiş, məlumatın təsdiqini tapdığını bildirmişdir. Şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 Şahid1 göstərdiyi xüsusatları olduğu kimi təsdiq edərək eyni məzmunlu ifadə verib, məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs şahidlər Şahid1 və Şahid2 düzgün ifadə verdiklərini bildirmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -25 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatının daxil olduğu barədə raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (səh. 3-4, 5-6, 10, 30-32). -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 25 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:50-də şübhəli şəxs qismində tutulmuşdur (i.v. 26-27). -“şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında” 25 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür (i.v. 30-32). -məhkəmə-kimyəvi ekspertizasının 26 noyabr 2022-ci il tarixli, 18/1267 nömrəli rəyindən görünür ki, «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen bükümdə, təmiz çəkisi 2,060 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir ( i.v. 38-41). -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir ( i.v. 52-53). -Şirvan Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 4(032)-380/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 4(106)-108/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbirləri seçilmişdir (i.v. 88-92). -məhkəmə-narkoloji ekspertizasının 06 fevral 2023-cü il tarixli, 648 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 119-120). -Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 5(032)-177/2022 nömrəli qərarında görünür ki, Şirvan ŞPŞ-nin CAB-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ünvan 1 ünvanında qeydiyyatda olan və Şirvan şəhəri, Şəhidlər küçəsi ev 28 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi haqqında 25 noyabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir (i.v. 82-83). Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində üzərindən aşkar olunan metamfetaminin balaca bükümdə olmaqla çəkisinin az olduğunu bildirməsi ilə bağlı ifadələri obyektiv həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi ağır cinayətə görə məsuliyyətindən kənarda qalmasına hesablanaraq bildirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin faktiki hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri, digər ittiham sənədləri və sübutları ilə tamamilə təkzib edildiyindən, obyektiv həqiqəti özündə əks etdirmədiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində narkotik vasitəni yerdən tapdığını, şəxsi istifadə etməsi üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zor, hədə-qorxu tətbiq edilmədiyini bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşları Şahid1 və Şahid2 da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən cibindən metamfetamini çıxarıb təqdim etmiş, şifahi sorğu zamanı psixotrop maddənin ona məxsus olmasını, küçədə yerdən tapdığını bildirmiş, hər hansı etirazı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Mövcud olan halda məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlillər-narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması, metamfetamini üzərində şəxsi istifadə məqsədi ilə saxlaması barədə ifadəsində göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş metamfetaminə dair niyyətinin satış deyil, şəxsən istifadə etmək olması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil əslində obyektiv həqiqəti özündə ehtiva edir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni küllü miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası 28 iyun 2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı «Metafetamin» olan maddə psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 2,060 qram psixotrop maddə olan metamfetamini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Cinayət işi materiallarında olan “şübhəli şəxs qismində tutma haqqında” 25 noyabr 2022ci il tarixli qərardan (i.v. 12) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə şübhəli şəxs qismində tutulduqdan 1 (bir) gün sonra, yəni “Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında” 26 noyabr 2022-ci il tarixli qərarla (i.v. 1) material üzrə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmış, istintaq orqanı sonuncunun üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, qəbul etdiyi “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 27 noyabr 2022-ci il tarixli qərarla (i.v. 50) yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisinin 2,060 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2 qramdan çox olmasına istinad etməklə sonuncunun törətdiyi əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə tövsif etmiş və həmin maddə ilə ona ittiham elan etmişdir. Halbu ki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamış, həmçinin istifadəsində olan telefon nömrələri ilə aparılmış danışıqlar və ötürülmüş məlumatlar ələ keçirilməmiş, narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı mötəbər və obyektiv həqiqəti özündə əks etdirən ittiham sübutları əldə edilməmişdir. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: -həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, -məhkəmə-narkoloji ekspertizasının 06 fevral 2023-cü il tarixli, 648 nömrəli rəyində Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunması, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülməsi, -onun üzərindən aşkar edilmiş metamfetaminin bir ədəd bükümdə, təmiz çəkisi 2,060 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 0,060 qram çox olması, -onun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş metamfetaminin satış deyil, şəxsən istifadə etmək məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını göstərməsi, -ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddələr və ya narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş metamfetaminə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı mötəbər məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), metamfetaminin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, istifadəsində olmuş mobil telefona baxış keçirməsi haqqında 03 dekabr 2022-ci il tarixli protokollarda (i.v 94- 95) iş üçün əhəmiyət kəsb edən hər hansı bir məlumatın aşkar olunmaması, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirməməsi, -göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş metamfetamini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin metamfetamindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyini bildirmiş və Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə göstərilənlərə əsasən ibtidai istintaq orqanı və ittiham tərəfinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi ilə bağlı irəli sürdüyü dəlilləri əsassız, sonuncunun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş metamfetamini şəxsi istifadə məqsədi ilə əldə etməsi, üzərində saxlaması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili isə əsaslı və işin faktiki halları ilə uzlaşan obyektiv nəticə hesab edir. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və obyektiv nəticəni özündə ehtiva edən mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Şahid1 və Şahid2 şahid qismində verdiyi ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, məhkəmə-kimyəvi ekspertizasının 26 noyabr 2022-ci il tarixli, 18/1267 nömrəli, məhkəmə-narkoloji ekspertizasının 06 fevral 2023-ci il tarixli, 648 nömrəli rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər iş üzrə maddi sübut qismində tanınmış metamfetaminin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-ci ildə Füzuli- Qubadlı Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 0N ay inzibati xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmiş, xx.xx.2011-ci ildə Füzuli Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 04 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2014-ci ildə Salyan Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli qərarı ilə CM 76-cı maddəsinə əsasən 07 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2015-ci ildə cəza müddəti başa çatmışdır. məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmişdir (i.v. 117-118). -«Şirvan Şəhər Mərkəzi Xəstəxanası» X11 03 dekabr 2022-ci il tarixli, 1224 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatı yoxdur (i.v. 93). -Şirvan ŞİHB-nın Hacıqəhrəmanlı qəsəbə İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 19 yanvar 2023-cü il tarixli, 015 və 016 nömrəli arayış, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində bir az yaşlı uşaqları vardır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (i.v. 98-99). -“Şirvan şəhər Mərkəzi Xəstəxanası” X10 daxil olmuş 11 aprel 2023-cü il tarixli, 17 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı Güləndam Mustafayeva 30 həftəlik hamilədir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, himayəsində bir azyaşlı uşağının olması (CM-nin 59.1.4-cü maddəsi), yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlini qismən etiraf etməsini, arvadının hamilə olmasını, ailə, maddi və sosial vəziyyətini (CM-nin 59.2-ci maddəsi) məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-cü maddəsinə əsasən (ağır cinayət törətmələri nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə tərkibi, Azərbaycan Respublikası CPM-in 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 2,010 qram təşkil edən psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd manat) qəpik məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 4(106)-108/2022 nömrəli qərarı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,010 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar