Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-329/2023 14.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim - X13 oğlunun sədrliyi ilə, hakimlər – X4 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1975-ci il tarixdə Naxçıvan MR-da doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Şirvan şəhəri, T.Ələkbərov küçəsi ev 1-37-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,411 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 dekabr 2022-ci il tarixdə saat 19:10 radələrində Şirvan şəhəri, T.Ələkbərov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı 2,411 qram çəkidə narkotik vasitə heroin əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümdə aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,728 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və Şirvan şəhər polis şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 dekabr 2022-ci il tarixdə, saat 12:00 radələrində Şirvan şəhəri, T.Ələkbərov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı 1,728 qram çəkidə narkotik vasitə heroin əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək öz ifadəsində göstərmişdir ki, o birinci dəfə, yəni 06 dekabr 2022-ci il tarixdə tutularkən evdə olmuş, Məhərrəm adlı şəxsin onu həyətdə soruşduğunu bilmiş, həmin vaxtadək 3 ay evdə müalicə olunduğundan ailə üzvlərinə həmin şəxsə onun evdə olmadığının deyilməsini bildirmiş, lakin həmin şəxs təkidlə onu istədiyinə görə çölə çıxmış, bu zaman polislər həyətə daxil olaraq onu saxlayıb polis şöbəsinə gətirmişlər. Sonra prokurorluğa aparılmış, oradan buraxılaraq ekspertizaları keçmiş və evə getmişdir. Sonra ikincə dəfə, yəni 28 dekabr 2022-ci il tarixdə yenidən 6 nəfər əməliyyatçılar evə gəlib yatdığı yerdən onu götürərək polisə gətirmişlər və təsir göstərərək onu «yüklə»mişlər. Sonra barsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılmış, orada barəsində 3 ay həbs qətimkan tədbiri seçildikdən sonra ekspertizadan keçirilib polis şöbəsinə gətirilmişdir. Daha sonra Şüvəlana aparılmış, orada üzərində olan xəsarətlərə görə onu istintaq təcridxanasına qəbul etmək istəməsələr də üzərində olan xəsarətlərlə bağlı təhvil-təslim aktı tərtib olunmuş və oraya qəbul edilmişdir. O təcridxanada da həkim müayinəsindən keçirilmişdir. İkinci dəfə polislər onu evdən çıxaranda həyat yoldaşı həmin anları telefonla çəkmiş, lakin əməliyyatçılar yoldaşının əlindən telefonu alıb onun yaddaşını silmişlər. Oğlu isə az da olsa həmin vaxt onun evdən aparılmasını çəkmiş və həmin görüntülər məhkəməyə göndərilmişdir. Onun üzərində hər iki halda saxlanılarkən narkotik vasitə olmamış, üzərindən aşkar olunmuş narkotik vasitələri polis əməkdaşlarının onun üzərinə qoymuşlar. İki dəfə ekspertizadan keçirilmiş və üzərində xəsarətlər olmuşdur. O əməliyyatçılar tərəfindən döyüldüyünə və yenə də döyüləcəyindən qorxduğuna görə təyin olunmuş müdafiəçiyə üzərindən aşkar olunmuş narkotik vasitələrin onun olmadığını deməmişdir. Əməliyyatçılar Fərman, İsmayıl, Təbriz, rəis müavini Fariz tərəfindən döyülərək təzyiq və təsirə məruz qalmışdır. Döyülməyi ilə bağlı istintaq zamanı şikayət etmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində ibtidai istintaq zamanı ilkin izahatlarında özünü təqsirli bilməyi, istintaqın sonunda isə təqsirli bilməməyilə bağlı heç bir söz deyə bilməyəcəyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində 06 dekabr 2022-ci il tarixdə və 28 dekabr 2022-ci il tarixdə polis şöbəsində olarkən ona fiziki zor tətbiq olunduğunu, hər iki tarixlərdə üzərində narkotik vasitə olmadığını, üzərindən aşkar olunmuş narkotik vasitələri polis əməkdaşlarının onun üzərinə qoyması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq onun ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmış və tam sübuta yetirilmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Şirvan ŞPŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 28 dekabr 2022-ci il tarixdə onlara Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitələr əldə edib üzərində saxlayaraq istifadə etməsi və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, qeyd olunan məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, T.Ələkbərov küçəsinə getmiş və Təqsirləndirilən şəxs yolun kənarında görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edib, barəsində qanunsuz yolla narkotik vasitələr əldə etməsi, saxlaması və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Araşdırma aparılması Təhqiqat bölməsinə həvalə olunduğundan onu həmin bölməyə gətirmişlər. Orada Təqsirləndirilən şəxs vəkillə təmin olunmuş və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə varsa könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Onun üzərində başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroini yaşadığı küçədə yerdən tapdığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra həmin heroinə bənzər kütlə ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən qablaşdırılmışdır. O Təqsirləndirilən şəxs həmin vaxtadək bir dəfə də narkotik vasitə ilə tutulduğunu eşitmişdir. Onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, lakin onun narkotik vasitələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq olunmamış, o, üzərində olan narkotik vasitəni xəstəsi olduğu üçün istifadə etmək məqsədilə özündə saxladığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı Tahir Ələkbərov küçəsində, darvazalarının yanında görüb saxlamışlar. Onların Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə real məlumatları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, o hər iki epizod üzrə, yəni 06 dekabr 2022-ci il və 28 dekabr 2022-ci il tarixdə keçirilən əməliyyatlarda iştirak etmişdir. Hər iki halda Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitələr əldə edib üzərində saxlayaraq istifadə etməsi və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, qeyd olunan məlumatların yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarlar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. O əməliyyat qrupunda olmuşdur. Təqsirləndirilən şəxs hər iki halda yaşadığı T.Ələkbərov küçəsində saxlanılaraq polis şöbəsinə dəvət olunmuşdur. Sonuncu onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmiş, orada vəkillə təmin olunmuş və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı hər iki halda ona üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə varsa könüllü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs hər iki halda əynində olan şalvarın cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Onun üzərində başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. O, hər iki halda təqdim etdiyi narkotik vasitə olan heroini yaşadığı küçədə yerdən tapdığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra həmin heroinə bənzər kütlələr ekspertizaya göndərilmiş və heroin olduqları müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da sonradan bu öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs qarşı hər iki halda zor tətbiq olunmamış, o, narkotik vasitə istifadəçisi olduğunu bildirmiş, hər iki halda üzərindən heroin aşkar olunmuşdur. Onlar Təqsirləndirilən şəxs yaşadığı T.Ələkbərov küçəsində saxlamış, onun evinə daxil olmamış, onu döyməmişlər. Ola bilər ki, Təqsirləndirilən şəxs saxlanılmazdan əvvəl küçədə kiminləsə dalaşmış, ona görə saxlanıldıqdan sonra bədənində xəsarət aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan heroinə bənzər kütlələrin çəkisini xatırlamır, Təqsirləndirilən şəxs narkotik vasitəni şalvarının cibindən çıxarıb təqdim etmiş, şəxsi axtarış videoçəkilişlə aparılmış, müdafiəçi onun yanında olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etməsi barədə isə məlumatı yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında 06 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 06 dekabr 2022-ci il tarixdə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüş və Təqsirləndirilən şəxs qeyd olunan maddənin narkotik vasitə heroin olmasını və həmin maddənin özünə məxsus olmasını bildirmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında 28 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 28 dekabr 2022-ci il tarixdə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüş və Təqsirləndirilən şəxs qeyd olunan maddənin narkotik vasitə heroin olmasını və həmin maddənin özünə məxsus olmasını bildirmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 07 dekabr 2022-ci il tarixli, 18/1299 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,411 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 29 dekabr 2022-ci il tarixli, 18/1348 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,728 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 21 yanvar 2023-cü il tarixli, 293 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə olunmuş Şirvan şəhər mərkəzi xəstəxanası publik hüquqi şəxsin 13 yanvar 2023-cü il tarixli, 28 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nin narkoloji kabinetində «opioidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi» diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarına əlavə olunmuş əməliyyat tapşırığına cavab olaraq verilmiş Şirvan şəhər polis şöbəsinin məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs üzərindən 06 dekabr 2022-ci il tarixdə və 28 dekabr 2022-ci il tarixdə aşkar edilərək götürülmüş narkotik vasitə heroinləri onun haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması ilə bağlı bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdə saat 19:50-də Şirvan şəhər polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı İsmail Qasımov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş Şirvan şəhər prokuroru, baş ədliyyə müşaviri Kamal Talıbovun vəsatətin müdafiə olunmasından imtina olunması haqqında 08 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina olunmuş və Təqsirləndirilən şəxs saxlanıldığı müvəqqəti saxlama yerindən dərhal azad olunmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş qətimkan tədbirinin seçilməsi haqqında 08 dekabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, Şirvan ŞPŞ-nin İB-nin baş müstəntiqi Xəzər Eldarov tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, o, həmin qərarla həmin gün saat 17:25-də tanış olmuş və qərarın surətini almışdır. Cinayət işinin materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2022-ci il tarixdə saat 12:40-da Şirvan şəhər polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı Kənan Osmanlı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş Şirvan şəhər Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Şirvan şəhər prokurorluğunun müstəntiqi Sabir Hüseynlinin 19 mart 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə Şirvan ŞPŞ-də zor tətbiq edilməsi ilə əlaqədar toplanmış material üzrə Şirvan ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid2, CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 və qeyrilərinin əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndi tətbiq edilərək təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, 01 iyul 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının 1 nömrəli Sahə inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2492 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı və biri azyaşlı olmaqla üç uşağından ibarətdir. Cinayət işinin materiallarına əlavə edilmiş Əli Bayramlı şəhər Məhkəməsinin 04 iyul 2003-cü il tarixlə qətnaməsinin və 05 avqust 2003-cü il tarixli AZ-İ seriyalı, 001085 nömrəli övladlığa götürmə haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs övladı, 28 iyul 2002-ci il tarixdə doğulmuş X5 babası X7 və nənəsi X3 övladlığa verilmiş və ona Həmzəyev soyadı, Eldar adı, Eldar ata adı verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş SX seriyalı, ******* nömrəli hərbi biletin və Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətlərindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən Müharibəsində iştirak etmiş və Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2020-ci il tarixli 2368 nömrəli sərəncamı ilə «Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. Cinayət işinin materillarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.1-1-ci maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, həmçinin yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, valideynlərinə övladlığa verdiyi X2 Vətən Müharibəsində iştirak etməklə «Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən 06 dekabr 2022-ci il tarixdə aşkar olunmuş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 2,361 qram qalığı və üzərindən 28 dekabr 2022-ci il tarixdə aşkar olunmuş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 1,678 qram qalığının hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizaların dəyəri olan cəmi 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1- 1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə 06 dekabr 2022-ci il tarixdən 08 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutlduğu 2 (iki) gün müddət təyin olunmuş azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 28 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserdə qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə ekspertiza xərci olan cəmi 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik pul Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən 06 dekabr 2022-ci il tarixdə aşkar olunmuş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 2,361 qram qalığı və üzərindən 28 dekabr 2022-ci il tarixdə aşkar olunmuş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 1,678 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.
Məhkəmə qərarları › İş №1(099)-329/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-329/2023
14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver