Məhkəmə qərarları › İş №1(099)-33/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-33/2022

06.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-33/2022 06.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Balabəy oğlu, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs müəyyən edilməmiş tarixdə və yerdə İran İslam Respublikasının (bundan sonra - İran İR) şəxsiyyəti müəyyən edilməmiş vətəndaşı və qeyrilərinə onların qabaqcadan əlbir olan bir qrup şəxs halında İran İR-dən Azərbaycan Respublikası ərazisinə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirəcəkləri külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və onlara aid olmayan güclü təsir edən maddələri Astara rayonu ərazisində gizlədiləcəyi yerdən götürəcəyi barədə qabaqcadan vəd verdikdən, onlarla həmin kütlələrin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanmasi və daşınması barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən və həmin kütlələrin cinayətkar qrupun İran İR-də olan üzvləri tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında göstərilən üsul və məqsədlə İran İR-dən Azərbaycan Respublikası ərazisinə keçirilib gizlədildiyi müvafiq yer barədə məlumat aldıqdan sonra ümumi cinayətkar niyyətə uyğun olaraq, Astara-Ələt magistral avtomobil yolunun Astara rayonu ərazisindən keçən 12-ci kilometrliyində yerləşən dirəyin altında gizlədilmiş yerdən götürməklə əldə etdiyi, nəticədə Azərbaycan Respublikası ərazisinə göstərilən üsulla keçiriləcəyini qabaqcadan bildiyinə görə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməsinə köməklik etdiyi, üç ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 40,0 qram, 330,0 qram və 1000,0 qram olmaqla, ümumi təmiz çəkisi 1370,0 qram, yəni külli miqdar təşkil edən, xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroin (bundan sonra – heroin), dörd ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 430,0 qram, 450,0 qram, 980,0 qram və 990,0 qram olmaqla, ümumi təmiz çəkisi 2580,0 qram, yəni külli miqdar təşkil edən narkotik vasitə olan tiryək (bundan sonra – tiryək), iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 165,0 qram və 275,0 qram olmaqla, ümumi təmiz çəkisi 440,0 qram, yəni külli miqdar təşkil edən, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranı (bundan sonra – həşiş qətranı), təsiredici maddəsinin ümumi miqdarı 107,76 qram olmaqla külli miqdar təşkil edən, cəmi 2694 ədəd həbdən ibarət sintetik narkotik vasitə olan metadon (bundan sonra - metadon), üç ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 32,041 qram, 735,0 qram və 937,512 qram olmaqla, ümumi təmiz çəkisi 1704,553 qram, yəni külli miqdar təşkil edən, xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin (bundan sonra - metamfetamin) və təsiredici maddəsinin ümumi miqdarı 651,15 qram olmaqla külli miqdar təşkil edən, cəmi 4341 ədəd kapsuladan ibarət güclü təsir edən maddə olan preqabalini (bundan sonra preqabalin) ünvan 2 ünvanında yerləşən yaşadığı evə daşımış və orada saxlamışdır. 06 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra - BNMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yaşadığı evin özünə məxsus yataq otağındakı dolabın içərisindən göstərilən kütlələr və üzərində metamfetamin izləri müəyyn edilmiş bir ədəd elektron tərəzi aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, İran İR-də cəza çəkərkən tanış olduğu, İran İR vətəndaşı olan “Rəsul” adlı şəxslə (bundan sonra - “Rəsul”) 2021-ci ilin təxminən aprel ayında mobil telefon vasitəsilə danışarkən sonuncudan ona Azərbaycan Respublikası ərazisində satışını həyata keçirməsi üçün külli miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələr göndərməsini xahiş etmişdir. “Rəsul” onun xahişini qəbul etmiş, iş üzrə tutulmamışdan təxminən on gün əvvəl ona yaxın günlərdə İran İR-dən külli miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələr göndərəcəyini demişdir. 03 may 2021-ci il tarixdə axşam saatlarında “Rəsul” ona zəng vurub İran İR-dən Azərbaycan Respublikası ərazisinə bir neçə şəxs vasitəsilə qaçaqmalçılıq yolu ilə keçirdiyi, torbada olan külli miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri elektron tərəzi ilə birlikdə təxminən 1-2 saat sonra Astara-Ələt magistral avtomobil yolunun Astara rayonu ərazisindən keçən 12-ci kilometrliyində yerləşən dirəyin altına qoyulacaq yerdən götürüb ona məlumat verməsini, deyəcəyi əraziyə qoyub həmin yerin fotoşəklini çəkib ona göndərməsini tapşırmışdır. Buna görə də yaşadığı evdən çıxıb “Rəsul”un dediyi yerə getmiş, orada dirəyin altına qoyulmuş bir ədəd torbanı götürüb ünvan 2 ünvanında yerləşən yaşadığı evə gətirmişdir. Orada torbanın içərisinə baxdıqda bir neçə bükümlərdə narkotik vasitələr, metamfetaminlər, güclü təsir edən maddələr və bir ədəd elektron tərəzinin olduğunu görmüş, “Rəsul”a zəng edib həmin kütlələri yaşadığı evə gətirdiyini və deyəcəyi yerə qoyacağını bildirmiş, sonuncu həmin bükümləri hər dəfə deyəcəyi yerə qoyacağı müqabilində 1000-1200 manat, beləliklə cəmi 7000-8000 manat məbləğində pul qazanacağını demişdir. Həmin torbada olmuş kütlələri yaşdığı evin yataq otağındakı dolabın içərisində gizlətmişdir. 06 may 2021-ci il tarixdə axşam saatlarında yaşadığı evdə olarkən bir neçə mülki geyimli şəxs onu çağırmış, ona özlərini polis əməkdaşları olduqlarını, yaşadığı evə qanunsuz olaraq narkotik vasitələr və digər qanunsuz predmetlər saxlamasında şübhəli olduğuna görə baxış keçirmək istədiklərini demişlər. Polis əməkdaşları onun yazılı razılığı ilə, videoçəkiliş aparılmaqla yaşadığı evə baxış keçirərkən yataq otağındakı dolabın içərisində torbada gizlətdiyi üç ədəd bükümlərdə olan heroin, iki ədəd bükümlərdə olan həşiş qətranı, dörd ədəd bükümlərdə olan tiryək, üç ədəd bükümlərdə olan metamfetamin, çoxlu sayda metadon həbləri və pregabalin kapsulaları, bir ədəd elektron tərəzini təqdim etmiş, həmin kütlələri əldə etməsi və bununla bağlı “Rəsul”la razılaşdığı şərtlər barədə hazırki ifadəsində göstərdiyi məzmunda bildirmişdir. Həmin kütlələr və elektron tərəzi qablaşdırılıb götürülmüş, göstərdikləri barədə tərtib edilmiş protokola imza etmişdir. İş üzrə törətdiyi cinayət əməllərindən səmimi peşimandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, BNMİ-nin CBRŞ-da əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid3 və polis nəfəri işləyən Şahid4 ifadələrində iş üzrə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri və yaşadığı evə baxışın nəticələri ilə bağlı sonuncu ilə eyni məzmunda ifadələr vermiş, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etmiş və əlavə olaraq göstərmişlər ki, 05 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs BNMİ-nin əməliyyat müvəkkili Şahid1 daxil olmuş, Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu barədə daxil olmuş əməliyyat məlumatı üzrə qəbul etdiyi əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar əsasında Şahid1 və BNMİ-nin CBRŞ-da əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid2 ilə birlikdə Lənkəran şəhərində yaşadığı evdə saxlamışlar. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1 və 337.2-ci maddələrinə əsasən məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş BNMİ-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı Şahid3 ilə eyni məzmunda ifadə vermişdir (İ cild, səh. 157-160). Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 06 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatının rəsmiləşdirilməsi barədə raport, “Təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun yazılı ərizəsi və yaşadığı evə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və yaşadığı evə baxış keçirilməsinin əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (İ cild, səh. 4-7, 13, 22-25). - Lənkəran Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qərarının surətindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 06 may 2021-ci il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir (İ cild, səh. 128). - Materialların məhkəmə ekspertizasının 16 fevral 2020-ci il tarixli, 7/436-6/1846 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üç ədəd bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 40,0 qram, 330,0 qram və 1000,0 qram olmaqla, ümumi təmiz çəkisi 1370,0 qram təşkil edən, xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kütlələr heroin, dörd ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 430,0 qram, 450,0 qram, 980,0 qram və 990,0 qram olmaqla, ümumi təmiz çəkisi 2580,0 qram təşkil edən kütlələr tiryək, iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 165,0 qram və 275,0 qram olmaqla, ümumi təmiz çəkisi 440,0 qram təşkil edən, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış kütlələr həşiş qətranı, təsiredici maddəsinin ümumi miqdarı 107,76 qram təşkil edən cəmi 2694 ədəd həblər sintetik narkotik vasitə olan metadon, üç ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 32,041 qram, 735,0 qram və 937,512 qram olmaqla, ümumi təmiz çəkisi 1704,553 qram təşkil edən, xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış kütlələr metamfetamin və təsiredici maddəsinin ümumi miqdarı 651,15 qram təşkil edən cəmi 4341 ədəd kapsulalar preqabalindir. Tədqiqata təqdim edilmiş bir ədəd elektron tərzinin üzərində metamfetamin izləri vardır. Ekspert tədqiqatından sonra heroin, tiryək, həşiş qətranı və metamfetaminin ümumi qalıq çəkiləri müvafiq olaraq 1369,85 qram, 2849,8 qram, 439,90 qram və 1704,403 qram, metadon həbləri və preqabalin kapsulalarının qalıq sayları müvafiq olaraq 2669 ədəd və 4311 ədəd təşkil edir. Ekspertiza xərci 88,70 manatdır (İ cild, səh. 49-54). - Məhkəmə-narkoloji ekspertizasının 23 avqust 2021-ci il tarixli, 3028 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, həmin xəstəlikdən əziyyət çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 135, 136). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxsə narkotik vasitə, psixotrop maddə və ya güclü təsir edən maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və ya kənar keçirmələrinə köməklik etmə, həmin Məcəllənin 234.4.1 və 234.4.3, 240.3.2ci maddələrində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda müvafiq olaraq narkotik vasitə, psixotrop maddə və güclü təsirli maddələri əldə etmə, saxlama və ya daşıma cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən metadon, heroin, həşiş qətranı və tiryək narkotik vasitələr, metamfetamin psixotrop maddədir. Metadon, heroin, metamfetamin, tiryək və həşiş qətranının şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı hədləri müvafiq olaraq 0,02 qram, 0,15 qram, 0,15 qram, 0,5 qram və 1,0 qram, külli miqdarının (qramla) aşağı hədləri isə müvafiq olaraq 1,6 qram, 2,0 qram, 2,0 qram, 100,0 qram və 50,0 qramdır. “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən preqabalin güclü təsir edən maddədir, külli miqdar (qramlarla) daxil olmaqla aşağı həddi 5,0 qramdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CMin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Şahid3 və Şahid4 ifadələri, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsi, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi haqqında protokol, ona əlavə edilmiş videogörüntülər, materialların məhkəmə ekspertizasının 16 fevral 2020-ci il tarixli, 7/436-6/1846 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 23 avqust 2021-ci il tarixli, 3028 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları, sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metadon, heroin, tiryək, həşiş qətranı, metamfetamin və preqabalin qalıqları, bir ədəd elektron tərəzi, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2016-cı il tarixli, 7(101)14/2016 nömrəli qərarı və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 may 2020-ci il tarixli, 7(003)488/2020 nömrəli qərarının surətlərindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs İran İslam Respublikası Ədliyyə Nazirliyi Rəşt şəhəri Ədliyyə İdarəsi İnqilab məhkəməsi 4-cü şöbə məhkəməsinin 26 iyun 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması qaydasında Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və barəsində 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs həmin əməli barəsində məhkumluq yaratmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 may 2020-ci il tarixli qərarı ilə sonuncu həmin cəzanın çəkilməmiş 2 (iki) il 2 (iki) ay 2 (iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (İ cild, səh. 123, 147-153). Beləliklə, Azərbaycan Respublikası CM-in 15.4, 83.1, 83.3.4 və 83.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2016-cı il tarixli qərarı ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ağır cinayət əməlinə görə məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş altı illik müddətin axımı barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi 11 may 2020-ci il tarixdən başlandığı halda, hazırki iş üzrə cinayət əməllərini həmin müddət bitmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən törətdiyinə görə iş üzrə məhkumluğu olan şəxsdir və əməlində cinayətlərin təklükəli residivi mövcuddur. Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2016-cı il tarixli qərarı ilə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi hazırki iş üzrə cinayət əməllərini həmin müddət ərzində törətdiyinə görə ləğv edilməli, ona Azərbaycan Respublikası CM-in 66.3 və 67.1ci maddələrinin tələblərinə əməl edilməklə qəti cəza təyin edilməlidir. - Lənkəran ŞİHB-nın Lənkəran şəhər 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, ailə üzvləri anası və qardaşından ibarətdir, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (İ cild, səh. 142, 143). Məhkəmə hesab edir ki,: Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası əməlində cinayətlərin təhlükəli residivi olduğuna görə Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyasının həmin Məcəllənin 65.2-ci maddəsində təhlükəli residivə görə müəyyən edilmiş həddən az olmayan həddində, cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 06 may 2021-ci il tarixdən hesablanmalı və Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərarı (İ cild, səh. 114-116) ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkiləri müvafiq olaraq 1369,85 qram, 2849,8 qram, 439,90 qram, 1704,403 qram təşkil edən heroin, tiryək, həşiş qətranı, metamfetamin, qalıq sayları müvafiq olaraq 2669 ədəd və 4311 ədəd təşkil edən metadon həbləri və preqabalin kapsulaları, bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi barədə protokola əlavə edilmiş bir ədəd diskin yaddaşına yazılmış videogörüntülər cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında” 09 sentyabr 2021-ci il tarixli qərarla cinayətkar qrupun digər üzvləri barəsində Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə başqa cinayət işinin ayrıca icraata ayrıldığı (İ cild, səh. 212-214) nəzərə alınmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 may 2020-ci il tarixli, 7(003)488/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2016-cı il tarixli, 7(101)14/2016 nömrəli qərarı ilə ona İran İslam Respublikası Ədliyyə Nazirliyi Rəşt şəhəri Ədliyyə İdarəsi İnqilab məhkəməsi 4-cü şöbə məhkəməsinin 26 iyun 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması qaydasında təyin edilmiş 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 (iki) il 2 (iki) ay 2 (iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə təyin edilmiş 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2016-cı il tarixli, 7(101)14/2016 nömrəli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 (iki) il 2 (iki) ay 2 (iki) gün hissəsi qismən birləşdirilərək hökmlərin məcmusu üzrə qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 06 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkiləri müvafiq olaraq 1369,85 qram, 2849,8 qram, 439,90 qram, 1704,403 qram təşkil edən heroin, tiryək, həşiş qətranı, metamfetamin, qalıq sayları müvafiq olaraq 2669 ədəd və 4311 ədəd təşkil edən metadon həbləri və preqabalin kapsulaları, bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi barədə protokola əlavə edilmiş bir ədəd diskin yaddaşına yazılmış videogörüntülər cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar