Məhkəmə qərarları › İş №1(099)-33/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-33/2023

14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-33/2023 14.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçilər Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx xxxxxxxx 1986-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2amış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə və xx xxxxxxxx 1987-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı şəəri Binəqədi rayon məhkəməsinin 10 fevral 2021-ci il tarixli hökmünə əsasən 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, işsiz, Lənkəran rayonu, Liman şəhəri, T.Bağırov küçəsi ev 12 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla araşıdırılan digər şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən digər şəxsdən naməlum vaxtda və şəraitdə külli miqdarda 12,021 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etdikdən sonra satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə Təqsirləndirilən şəxs1 psixotrop maddə metamfetaminin külli miqdarda 5,455 qram hissəsini 02 ədəd bükümdə ayırıb qanunsuz olaraq üzərində saxlayaraq daşımış, Təqsirləndirilən şəxs2 psixotrop maddə metamfetaminin 6,566 qram hissəsini ayırıb 02 ədəd bükümdə olmaqla qanunsuz olaraq üzərində saxlayaraq daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 11 aprel 2022-ci il tarixdə saat 23:00-da Lənkəran şəhəri, “Ləvəngi” dairəsinin yaxınlığında saxlanılaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirilmiş, Polis Şöbəsində üzərlərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 2,813 qram və 2,642 qram olmaqla ümumilikdə külli miqdarda 5,455 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sol yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 3,231 qram və 3,335 qram olmaqla ümumilikdə külli miqdarda 6,566 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Anar onun qaynıdır. Tutulandan bir həftə əvvəl özünü Razin Ruslan kimi təqdim edən bir nəfər ona zəng edərək görüşmək istədiyini bildirmiş və onlar Lənkəranda görüşmək barədə razılaşmışlar. 11 aprel 2022-ci il tarixdə onlar Lənkərana gələrək Ləvəngi dairəsində Xan lənkəran restoranında görüşmüşlər. Onlar 5 nəfər olmuşlar. Həmin vaxt yemək yeyərkən onlardan biri bir nəfər yoldaşları da olduğunu deyib, çölə çıxmış, sonra da içəri daxil olub, onu və Anarı tutaraq, Lənkəran Rayon Polis Şöbəsinə aparıb, orada üzərlərinə videoçəkilişlə axtarış keçirilmişdir. Onu döyərək narkotiki onun boynuna qoymuşlar. O İranlı Siyamək adlı şəxsi tanımamış, onunla narkotik barədə heç bir danışığı olmamışdır. Bir həftə əvvəl Anarla birlikdə Cəlilabad rayonunun Qarazəncir kəndinə ocağa getmişlər. Lakin, oradan bağlamada narkotik götürməmişdir. İstintaq vaxtı ondan ifadə alınarkən ona hər hansı təsir və ya təzyiq olunmamışdır. İfadəsində göstərilənlər düz olmadığından o ifadəyə imza etməmişdir. Məhkəmədə həbs məsələsinə baxarkən ona heç bir təsir olmamışdır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 həyat yoldaşının qardaşı olduğunu, metamfetamindən istifadə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir həftə öncə Təqsirləndirilən şəxs2 tanıdığı Siyamək adlı İran İslam Respublikası vətəndaşından özü istifadə etmək üçün psixotrop maddə metamfetamin aldığını, Təqsirləndirilən şəxs2 da ondan bədənində olan ağrılara görə psixotrop maddə metamfetamin almasını xahiş etdiyini, Anara Siyaməkin malı Azərbaycandakı adamlarının vasitəsi ilə Cəlilabad rayonu, Qarazəncir kəndində yol kənarına yerləşdirəcəyini bildirdiyini, o Anara Siyaməkə özü istifadə etmək üçün 2 ədəd bükümdə psixotrop maddə metamfetamin sifariş etdiyini və Siyaməkdən əlavə 2 ədəd büküm də psixotrop maddəni onuncun alacağını, həmin gün birlikdə Cəlilabad rayonu Qarazəncir kəndinə getdiklərini, orada Siyaməkin bildirdiyi yerə çatdıqdan sonra qara rəngli paketi götürdüyünü, 2 ədəd bükümdə psixotrop maddəni Anara verdiyini, 2 ədəd bükümdə psixotrop maddəni isə özü üçün götürdüyünü və 11 aprel 2022-ci il tarixdə saat 23:00-da Anarla birlikdə Lənkəran şəhəri, Ləvəngi dairəsinin yaxınlığında olduğu zaman 5 nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etdiklərini, daha sonra polis əməkdaşları onları Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə dəvət etdiklərini, orada videoçəkiliş vasitəsi ilə onun və Anarın üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı üzərində “şüşə” kimi tanıdığı psixotrop maddə olmasını etiraf etdiyini və əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən 200 manat pulu, 2 ədəd şəffaf sellofan bükümü təqdim etdiyini, 2 ədəd şəffaf sellofan bükümlərin içərisində “şüşə” psixotrop maddə olduğunu bildirdiyini, bükümlərə keçirilən baxış zamanı bükümlərin içərisində kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar maddələr olmasının aşkar edildiyini, şifahi sorğu zamanı həmin maddələri şəxsi istifadə üçün təxminən 1 həftə öncə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Siyamək” adlı şəxsdən 100 manata aldığını, ödənişi hazırda xatırlamadığı bank kartına köçürməklə həyata keçirdiyini, həmin Siyamək adlı şəxsin anket məlumatlarının ona məlum olmadığını, həmin şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxladığını, həmin şəxsi görmədiyini, Siyamək adlı şəxsin sözü ilə həmin maddələri Cəlilabad rayonunun Qarazəncir kəndində yerləşən xatırlamadığı plakatın yaxınlığından götürdüyünü, həmin yerdən götürdüyü maddələrin hazırda üzərindən aşkar olunan maddələr olduğunu, əlavə heç bir maddənin olmadığını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirdiyini, daha sonra Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildiyini, Təqsirləndirilən şəxs2 üzərində “şüşə” kimi tanıdığı psixotrop maddə olmasını bildirib, əynində olan tünd göy rəngli şalvarın sol arxa cibindən 74 manat nağd pulu və 2 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etdiyini bildirmişdir. Dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o Raufla bir yerdə Cəlilabad rayonuna narkotik vasitə dalınca getməmişdir. Saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Xan Lənkəran restoranına adamlarla görüşməyə gedərkən boş ciblə getmişdir. Görüşdüyü adamları tanımamışdır. O Xan Lənkəran restoranına yeznəsi Təqsirləndirilən şəxs1lə çörək yeməyə getmişdir. Rauf ona heçnə deməmişdi. Onlar restorandakı kabinetdə 5 nəfər olmuşlar. Polis əməkdaşları onları restoranda saxlamışlar. Onda narkotik vasitə olmamışdır. Ona təziq göstərildiyindən ondan narkotik vasitə olduğunu qəbul etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində saxlanılmamışdan bir həftə əvvəl Raufla birlikdə Cəlilabad rayonu Qarazəncir kəndinə getdiklərini, orada Siyaməkin Raufa bildirdiyi yerə çatdıqdan sonra Rauf qara rəngli paketi götürdüyünü, ona 2 ədəd bükümdə metamfetamin verdiyini, 11 aprel 2022-ci il tarixdə saat 23:00-da qohumu Təqsirləndirilən şəxs1 ilə birlikdə Lənkəran şəhəri, Ləvəngi dairəsinin yaxınlığında olduğu zaman 5 nəfər polis əməkdaşları onları saxlayaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə dəvət etdiklərini, orada vəkilin iştirakı ilə videoçəkilişlə ilkin olaraq Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirildiyini, Rauf axtarış zamanı onun üzərindən “şüşə” kimi tanıdığı psixotrop maddə olmasını etiraf etdiyini və əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən 200 manat pulu, əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü çıxararaq masanın üzərinə qoymaqla təqdim etdiyini, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin maddələri şəxsi istifadəsi üçün təxminən 1 həftə öncə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Siyamək” adlı şəxsdən 100 manata aldığını, ödənişi hazırda xatırlamadığı bank kartına köçürməklə həyata keçirdiyini, həmin Siyamək adlı şəxsin anket məlumatlarının ona məlum olmadığını, həmin şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxladığını, həmin şəxsi görmədiyini, Siyamək adlı şəxsin sözü ilə həmin maddələri Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən xatırlamadığı plakatın yaxınlığından götürdüyünü, həmin yerdən götürdüyü maddələrin hazırda üzərindən aşkar olunan maddələr olduğunu, əlavə heç bir maddənin olmadığını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 200 manat nağd pul vəsaitləri iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Daha sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklig olunduğunu,bu təklifdən sonra o, üzərində “şüşə” kimi tanıdığı psixotrop maddə olmasını bildirib, əynində olan tünd göy rəngli şalvarın sol arxa cibindən 74 manat nağd pulu, əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 2 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etdiyini, təqdim etdiyi bükümlərin içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə olmasını bildirdiyini, 2 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edildiyini, şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bükümləri Təqsirləndirilən şəxs1 təxminən 1 həftə öncə götürdüyünü, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini, satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunan cinayət əməllərini törətmələri özlərinin məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdikləri ifadələrindən başqa, dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq olunmuş ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə onlara tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 aprel 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etmələri, saxlama və daşımaları barədə məlumat daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edilmiş və Lənkəran rayonuna yola düşmüşlər. Lənkəran şəhəri, Ləvəngi dairəsində gecə saatlarında barələrində məlumat daxil olan şəxsləri müəyyən edib onlara yaxınlaşıb özlərini təqdim edib, onları Lənkəran Şəhər Rayon Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçının otağında vəkillərin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı hər ikisinin üzərindən 2 bükümdə psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Daha sonra onlardan aşkar edilərək götürülmüş metamfetamin qablaşdırılaraq üzərləri möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 səmimi etiraf edərək, narkotik vasitəni Siyamək adlı şəxsdən əldə etdiklərini bildirmişlər. Sorğu zamanı Anar saxlanılandan bir həftə öncə Cəlilabad rayonuna getdiklərini, orada Raufun böyük bir bağlama götürdüyünü və Raufla getdiyinə görə ona iki bükümdə metamfetamin verdiyini bildirmişdir. Sonra da bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən onlara hər hansı təsir və ya təzyiq olunmamışdır. İstintaq zamanı verdiyi ifadəsi düzdür. Dindirilmiş şahidlər Şahid3 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar hər ikisi ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan 12 aprel 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 11 aprel 2022-ci il tarixdə saat 23:00-da Lənkəran şəhəri, “Ləvəngi” dairəsinin yaxınlığında saxlanılaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində üzərlərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən 02 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər, Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sol yan cibindən 02 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış və götürmə “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkilişlə həyata keçirilmiş və 1 ədəd “DVD” diskə yazılaraq protokola əlavə edilmişdir. İşdə olan ibtidai istintaq orqanının 02 avqust 2022-ci il tarixli qərarından görünür ki, DVD diskdə olan videoçəkilişdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə qeyd edilən təqsirləndirilən şəxslərin üzərlərinə şəxsi axtarış keçirilməsi haqqında istintaq hərəkətlərinin qeydə alındığı diskdə olan görüntülər nümayiş etdirilərkən də şəxsi axtarış keçirilməsi haqqında istintaq hərəkəti protokolunda qeyd edilən xüsusatların videogörüntülərlə üst-üstə düşməsi təsdiq olunur. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 aprel 2022-ci il tarixli, 6/2058 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş... yazısı olan paketdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,813 qram və 2,642 qram, ümumi təmiz çəkisi 5,455 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş... yazısı olan paketdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,231 qram və 3,335 qram, ümumi təmiz çəkisi 6,566 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə bir-biri ilə eynilik təşkil edirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. İşdə olan ibtidai istintaq orqanının 13 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş ümumilikdə 12,021 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 11,821 qram çəkidə psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş 12 aprel 2022-ci il tarixli, 1755 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 psixostumulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş 12 aprel 2022-ci il tarixli, 1754 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostumulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Aslılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda psixotrop maddə əldə etdikləri mənbənin, şəxsiyyəti istintaqa məlum olmayan “Siyamək” adlı şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə istintaq tapşırığına verilən cavab məktubunda qeyd edilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 psixotrop maddələri əldə etdiyi mənbənin, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin müəyyən edilməsi və istintaqa təmin edilməsi istiqamətində tədbirlər keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin prosesual məcburiyyət tədbirinin seçilməsi ilə əlaqədar keçirilmiş məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cinayətini qismən etiraf etmiş və narkotik vasitəni özü istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Cinayət işinin materialarına əlavə edilmiş Lənkəran Rayon Prokurorluğunun köməkçisi Pünhan Quliyevin tərtib etdiyi qərardan görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs1 polis əməkdaşı tərəfindən döyülməsi və ya işgəncələrə məruz qalması araşdırılmış və CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində saxlanılarkən üzərlərində psixotrop maddə olmadığını, onlara təzyiq nəticəsində həmin bükümlərdə olan metamfetaminin onlara aid olması barədə ifadələr verdiklərini bildirmişlər. Məhkəmə onların bu ifadələrini özlərini ağır ittihamdan qurtarmaq məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən, işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan habelə məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakları ilə vermiş olduqları ifadələri, dindirilmiş şahidlərin ifadələri, cinayət işinin materiallarında olan müdafiəçilərin iştirakları ilə videoçəkilişlə keçirilmiş şəxsi axtarış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş onlardan aşkar edilərək götürülmüş metamfetaminlərin eyni tərkibdə olması barədə ekspertiza rəyləri, X2 barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar olaraq keçirilmiş məhkəmə prosesində verdiyi izahatı, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə təkzib olunduğundan həmin ifadələrə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vəkillərin iştirakı ilə verdikləri ilkin ifadələrini işin hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərdən aşkar edilərək götürülmüş psixotrop maddələrin şəxsi istehlak miqdarından əhəmiyyətli dərəcədə çox olmaqla, ayrı-ayrı bükümlərə ayıraraq üzərlərində daşımaları halının olması, onların qeyd edilən metamfetaminləri məhz satış məqsədi ilə əldə etmələrinə dəlalət edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi Araz Məmmədovun vəsatətinə əsasən Şahid5 və X3 əlavə şahid qismində dindirilmişlər. Onlar ifadələrində təqsirləndirilən şəxslərin Lənkəran şəhəri ərazisində olan Ləvəngi dairəsində küçədə deyil, onlarla birlikdə Xan restoranının otaqlarının birində saxlandıqlarını bildirmişlər. Məhkəmə şahidlərin bu ziddiyyətli ifadələrini həqiqətə uyğun olmayan, təqsirləndirilən şəxslərin müdafiəsinə hesablanan, məhkəmədə heç bir sübutla təsdiq edilməyən ifadələr olmaqla, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, təqsirləndirilən şəxslərin qeyd edilən məsələ barədə heç bir fikir bildirmədikləri ibtidai istintaq zamanı vermiş olduqları ifadələri, istintaq hərəkəti protokolları və işin faktiki halları ilə təkzib edidiyindən həmin ifadələrə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində olan cinayət işinə mahiyyəti üzrə baxılarkən dövlət ittihamçısı onlara verilmiş CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə olan ittiham üzrə cinayət təqibindən imtina etdiyindən barələrində həmin maddə üzrə cinayət işinin icraatına hissəvi xitam verilmişdir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onların tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidirlər. Ona görə də onlar CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində cəzalanmalıdırlar. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 1986cı ildə Masallı rayonunda anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2amışdır. Himayəsində 2018-ci il təvəllüdlü Zəhra adlı qızı və 2019-cu il tarixli Hüseyn adlı oğlu vardır. Yaşayış yeri üzrə mənfi tərəfdən səciyyələndirilir. Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 1987-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olmaqla orada yaşamışdşr. Yaşayış yeri üzrə mənfi tərəfdən səciyyələndirilir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarlarının surətlərindən görünür ki, həmin qərarlara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həbs etmənin əvvəli 11 aprel 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunsa da onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmünə əsasən CM-in 228.1-ci madəsi ilə təqsirli bilinərək 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarı ilə 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halın olmasını müəyyən etmədi. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmünə əsasən CM-in 228-ci madəsi ilə təqsirli bilinərək 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarı ilə 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş qəsdən ağır cinayət törətmişdir. CM-nin 18-ci maddəsinə əsasən onun əməlində cinayətlərin sadə residivi halı mövcuddur. Ona görə də bu hal CM-nin 61-ci maddəsinə əsasən ona cəza təyin edilərkən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və CM-nin 65.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərədə tutulan ciddi cəzanın yarısından az olmamaqla müddəasına əsaslanmaqla ona cəza təyin edilməlidir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alıb belə nəticəyə gəlir ki, onlara təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulan aşağı həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin edilməli və onlar həmin cəzanı çəkməlidirlər. CM-in 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 isə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onların tutulduğu vaxtdan, 11 aprel 2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı və Təqsirləndirilən şəxs2 barəsində CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və DİN-nin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan qalıq çəkisi 11,821 qram psixotrop maddə metamfetamin məhv edilməli və 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi 114 manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 57 manat alınmaqla dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: İ. Təqsirləndirilən şəxs1 CM-nin 234.4.1 və 234.4.3-ci maddələri ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. O ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İİ. Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. O ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan qalıq çəkisi 11,821 qram psixotrop maddə metamfetamin məhv edilsin. 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi 114 manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 57 manat alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar