Məhkəmə qərarları › İş №1(099)-33/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-33/2024

29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-33/2024 29.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4 və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1994-cü ildə Masallı rayonu, Mahmudavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, telefon aksesuarları dükanında satıcı işləmiş, məhkum olunmamış, Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 01 ədəd bükümdə 11,093 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri qəbul etməkdə, üzərində gəzdirməkdə və satışında şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Masallı rayonu Mahmudavar kəndi ərazisində saxlanılaraq Masallı RPŞ-nin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 11,093 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, 11 mart 2023-cü ildə saat 11 radələrində Mahmudavar kəndi yaxınlığında yol kənarında beş nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini təqdim etmədən, onlarla birlikdə Masallı RPŞ-yə getməli olduğunu bildirmişlər. Həmin vaxt üzərində yalnız mobil telefonu olmuşdur. Şöbədə isə ona ruhani olub-olmaması, iran mövzusuyla bağlı, dini təhsilinin olub-olmaması ilə sorğu-sual etmişlər. Görmüşlər ki, yalnış məlumatları var. Sonra keçmişlər təhdidlərə. Psixoloji təhdidlər edərək, demişlər ki, “nə deyirik elə, yoxsa döyərik, başqa maddələrlə göndərərik 15-20 il həbsdə qalarsan”, bu kimi şiddətli təhdidlər etmişlər. Özü xəstə olduğundan döyülsə ölə biləcəyini düşündüyündən, ölümlə üz-üzə qalmışdır. Həm də şöbədə aldadılmışdır. Belə ki, polislər ona 3-4 ay ərzində narkotiklə həbs olunub, araşdırılacağını, daha sonra evə buraxılacağını ona demişlər. Onu bu formada aldatmışlar. Onu rəisin otağına çıxarmışlar, ordan çıxanda rəis göstəriş vermişdir ki, yüngülvari qoyarsız. Daha sonra Nəsiminin otağına aparmışlar. Orada isə onunla səmimi və mehriban davranmışlar, çay gətirmişlər. Həmin vaxt çay içməyə təkid etmişlər. O isə polislərlə birlikdə çay içmişdir. Sonra görmüş ki, ona verilən çay stəkanının altında salfetka var, digərlərində isə yoxdur. Həmin vaxt çayına nəsə qatmışlar və çayı ona içirmişlər. Sonra isə başqa otağa aparıb ifadə yazdırmışlar. Polislər nə demişlərsə ifadəsində də onu yazmışdır. Ordan sonra isə çəkiliş otağına aparmışlar. Çəkilişdən qabaq isə cibinə narkotik qoymuşlar ki, tələb olunanda çıxarıb özünə məxsus olduğunu desin. Çəkilişdə isə artıq özündə olmamış, çayına nəsə qatıb içirmişlər. Çəkilişdən sonra saxlama yerinə aparmışlar, müstəntiq ora gəlmişdir. Həmin vaxt müstəntiq sənədlərdə CM-nin 234.1-ci maddəsi ilə sənədləşdirdiyini yazmışdır. Lakin, orada digər dustaqlar ona başa salmışdır ki, 11 qram narkotikin cəzası 5 ildən 12 ilə kimidir. Lakin 234.1-lə sənədləşdirilsən 3-4 aya çıxa bilərsən. Bundan sonra isə sanksiya məhkəməsinə çıxarılmışdır. Orada barəsində 4 ay həbs qətimkan tədbiri seçilmişdir. Həmin vaxt isə artıq aldadıldığını başa düşmüşdür. Orada da müstəntiq demişdir ki, 234.4.3-lə cinayət işi başlamışdır. Həmin vaxt etiraz etmiş, günahsız olaraq 5 ildən 12 ilədək həbsə göndərilməməsini demiş, lakin faydası olmamışdır. Daha sonra təcridxanaya göndərilmişdir. Sənədlərə isə etiraz etmiş imza etməmişdir, çünki narkotiklə heç bir əlaqəsi olmamışdır. Polis şöbəsində ona fiziki xəsarət yetirilməmiş, təhdid olunmuş və aldadılmışdır. Aldandıldığını bilmədiyinə görə barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə heçnə deməmişdir. Satışla bağlı heç bir sübut təqdim edilməmiş, heç bir dəlil olmadan bu maddə ilə ittiham olunması əsassızdır, bu maddənin üzərindən götürülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nın 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4 aydır ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən telefon aksessuarları mağazasında satıcı kimi işləyir. Qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin edir. Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən həyət evində tək kirayə qalır. Arvadı qız övladları ilə birlikdə Masallı rayonu Mahmudavar kəndində yerləşən fərdi yaşayış evində anası ilə birlikdə qalır. Atası isə vəfat etmişdir. 25 fevral 2023-cü il tarixdə səhər saat 08 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində kirayə qaldığı evdən çıxaraq işə gəlməyə başlamışdır. Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “İnşaatçılar” metrostansiyasının qarşısında olan zaman zibil qutusunun kənarında şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddənin olduğunu görmüşdür. Televiziya kanallarında filmlərə baxan zaman narkotik vasitələri görmüş və həmin sellofan bükümdəki maddənin narkotik vasitə heroin olduğunu bilmişdir. Aşağı əyilərək həmin şəffaf rəngli sellofan bükümü götürmüş və kənara çəkilərək həmin bükümü açmışdır. Həmin bükümü qoxulamış və ondan xüsusi iy gəldiyini hiss etmişdir. Daha sonra həmin bükümün ağzını bağlamış və əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Daha sonra isə metro ilə iş yerinə gəlmişdir. Gün ərzində iş yerində olmuş və narkotik vasitə heroini üzərində saxlamışdır. Üzərində narkotik vasitə heroin olması barədə heç kimə məlumat verməmişdir. Axşam saatlarında işdən çıxaraq kirayə qaldığı evə gəlmişdir. Narkotik vasitə heroini isə göy rəngli cins şalvarında saxlamışdır. 05 mart 2023-cü il tarixdə axşam saatlarında kirayə qaldığı evdə olan zaman narkotik vasitədən istifadə etmək qərarına gəlmişdir. Narkotik vasitə heroini istifadə qaydasını bilməmiş, sadəcə olaraq filmlərə baxan zaman və digər insanlardan eşitdiklərinə əsasən narkotik vasitənin buruna çəkilmək yolu ilə istifadə edildiyini bildirmişdir. Şəffaf rəngli sellofan bükümü açdıqdan sonra narkotik vasitə heroinin 1-2 dəfə üzərindən müəyyən qədər götürmüş və istifadə etmişdir. Daha sonra isə həmin şəffaf rəngli sellofan bükümün ağzını bağlayaraq göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. 06 mart 2023-cü il tarixdə səhər saat 08 radələrində Bakı şəhərində yerləşən “Beynəlxalq Avtovağzal”-ın ərazisində olan yol maşını ilə Masallı rayonu Mahmudavar kəndində yerləşən fərdi yaşayış evinə gəlmişdir. Fərdi yaşayış evində olan zaman üzərində narkotik vasitə heroin olmasından ailə üzvlərinin xəbəri olmamışdır. 11 mart 2023-cü il tarixdə saat 11 radələrində Mahmudavar kəndində yerləşən fərdi yaşayış evindən çıxaraq kənd ərazisində piyada hərəkət etməyə başlamışdır. Narkotik vasitə heroin də üzərində olmuşdur. Saat təxminən 12 radələrində Masallı rayonu Mahmudavar kəndi ərazisində yolun kənarı ilə piyada hərəkət edən zaman 5 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə üzərində daşımaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişdir. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşdur. Həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları onlarla birlikdə Masallı RPŞnə getməli olduğunu bildirmişdir. Heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə RPŞnə gəlmişdir. RPŞ-nə gəldikdən sonra həmin beş nəfər polis əməkdaşı onu xidməti otağa gətirmişdir. Xidməti otaqda polis geyimində olan bir nəfər özünü Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Xalid Qurbanov kimi təqdim etmişdir. Baş təhqiqatçı Xalid Qurbanov qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq RPŞ-nə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində X5 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra baş təhqiqatçı Xaliq Qurbanov onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir Baş təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. Həmin vaxt əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd qara rəngli “Huaweı” firmasına məxsus smartfon markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən isə 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, 15 gün əvvəl Bakı şəhərində yerləşən “İnşaatçılar” metrostansiyasının qarşısında tapdığını, üzərindən müəyyən qədər götürüb istifadə etdiyini, başqa heç kimə istifadə etmək üçün vermədiyini və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra baş təhqiqatçı təqdim etdiyi şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroini elektron tərəzidə çəkmiş və həmin bükümün çəkisinin 11,41 qram olduğunu müəyyən etmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etmədiyini, ifadənin müstəntiq tərəfindən ona əvvəlcədən yazıdırılmış ifadəyə baxaraq yazıldığını, özünün isə imza etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Masallı RPŞnin CAB-nin rəisi vəzifəsində xidmət edir. Daxil olmuş əməliyyat məlumatında xx.xx.2023cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə üzərində gəzdirməsi və istifadəsində şübhəli olması qeyd olunmuşdur. Həmin məlumat üzrə tərəfindən “təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs onun və əməliyyat qrupunun digər üzvlərinin iştirakı ilə Masallı rayonu, Mahmudavar kəndi ərazisində saxlanılmışdır. Həmin vaxt orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından və buna görə də onu Masallı RPŞ-nə dəvət etmişdir. Təqsirləndirilən şəxs razılaşmış və o Masallı RPŞ-nin inzibati binasında təhqiqatçının otağına gətirilmişdir. Həmin vaxt axtarış aparılmasında iştirak etməkdən ötrü müdafiəçi dəvət olunmuşdur. Daha sonra video-çəkiliş aparmaqla onun üzərində axtarış aparılmağa başlamışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd qara rəngli “Huaweı” firmasına məxsus smartfon markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən isə 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, 15 gün əvvəl Bakı şəhərində yerləşən “İnşaatçılar” metrostansiyasının qarşısında tapdığını, üzərindən müəyyən qədər götürüb istifadə etdiyini, başqa heç kimə istifadə etmək üçün vermədiyini və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroini elektron tərəzidə çəkmiş və həmin büküm zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən və polis şöbəsinə gətirilərkən heç bir etiraz etməmiş, qəti olaraq ona qarşı heç bir təsir və ya təzyiq göstərilməmişdir. Daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitəni kiməsə satması deyilməmişdir. Şöbədə olarkən Rövşən onun otağına gətirilməmiş, ona çay verilməmişdir. Onun bu barədə bildirdikləri tamamilə yalandır. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid5 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İşdə olan, Masallı RPŞ-nin CAB-ın rəisi Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satış məqsədilə üzərində gəzdirilməsində və istifadəsində şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 4) İşdə olan, «əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə» 11 mart 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Masallı RPŞ-nin CAB-ın rəisi Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c 1, i.v 5) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» 1.03.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 13) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və əlavə edilmiş video-çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin heroinə bənzər kütləni təxminən 15 gün əvvəl Bakı şəhəri, İnşaatçılar metrostansiyasının yaxınlığından tapdığını, bir qismini istifadə etdiyini, qalan hissəsini isə üzərində gəzdirdiyini bildirmişdir. (c İ, i.v 26-27) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 19/294 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:-11,093 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi -11,093 qr, ədqiqata sərf olundu 0,05 qr, qalıq 11,043 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. (c İ, i.v 33-35) İşdə olan, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(050)-35/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində dörd ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. (c İ, i.v 64-65) İşdə olan, 13 mart 2023-cü il tarixli maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərardan görünür ki, ekspert təhqiqatı nəticəsində qalıq qalmış 11,043 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Masallı RPŞ-nin Təchizat Qrupuna təhvil verilmiş, üzərinə keçirilmiş şəxsi axtraşın video-çəkilişin əks olunduğu 01 ədəd DVD disk cinayət işi matriallarına əlavə edilmişdir. (c İ, i.v 70) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 282 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 80) İşdə olan, məhkəmə-tibbi ekspertizasının 13 mart 2023-cü il tarixli, 225 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır. (c İ, i.v 85-86) İşdə olan, Masallı RİHB-nın Mahmudavar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası, anası, arvadı, xx.xx.2016-cı il təvəllüdlü və xx.xx.2018-ci il təvəllüdlü qızlarından ibarətdir. Ərazidə yaşadığı dövrdə müsbət xarakterizə edilmişdir. (c İ, i.v 91-92) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnanmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 116) İşdə olan, xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 11,093 qram heroini satış məqsədi ilə saxladığı, özü kimi tüfeyli həyat tərzi keçirən narkotik vasitə istifadəçiləri ilə tez-tez görüşdüyü, onları narkotik vasitələr iə təmin etdiyi və özünün də onlarla birlikdə narkotik vasitələr qəbul etməsi barədə məlumatlar daxil olmuşdur. Onun narkotik vasitəni aldığı şəxsin şəxsiyyəti və olduğu yer haqqında hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. (c İ, i.v 117) İşdə olan, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(050)-94/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməklə üzərinə şəxsi axtarış keçirilməsi barədə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Masallı RPŞ-nin CAB-nın rəisi polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş 11 mart 2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. (c İ, i.v 127-128) İşdə olan, xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli, 7882 nömrəli Azercell Telekom MMC tərəfindən göndərilən CD-R formatlı diskə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir xüsusat aşkar edilməmişdir. (c İ, i.v 129-131) İşdə olan, cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 13 aprel 2023cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və həmin cinayət işi icraatına qəbul edilərək istintaqı aparılması qərara alınmışdır. (c İ, i.v 145) İşdə olan, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidməti Xüsusi Həkim Ekspertiza Komissiyası tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs sağ ağ ciyərin yuxarı payının infiltrativ vərəmi, dağılma mərhələsi diaqnozu qoyulmuşdur. (c İ, i.v 218) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində heç bir narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, narkotik vasitə polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş, polis əməkdaşları tərəfindən ona təhdidlər edildiyi və aldadıldığı üçün həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin təhdidlər edilməklə alındığını, yəni tutulduqdan sonra polis əməkdaşlarının psixoloji təzyiqinə məruz qaldığını, təzyiqin isə polis əməkdaşları tərəfindən döyülə biləcəyi, başqa ağır maddələrlə göndəriləcəyi, uzun müddət həbsdə qalacağı və bu qəbildən olan sair məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonrakı qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonrakı mərhələlərində iddia etdiyi hallarla bağlı vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişdir. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs iki aya yaxın müddət ərzində aparılmış ibtidai araşdırma zamanı psixoloji təzyiqlərə və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı öncə təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq söyləydiyi səsli nitqində təqdim etdiyi bükümün özünə məxsus olduğunu, saxlanılmamışdan təxminən 15 gün qabaq Bakı şəhərində İnşaatçılar metrostansiyası yaxınlığında tapdığını, istifadə etmək məqsədilə üzərində saxladığını, polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərin edilmədiyini, zor tətbiq olunmadığını, təsir edilmədiyini bu barədə etirazının olmadığını, daha sonra müdafiəçisi tərəfindən verilmiş suallara cavab olaraq söylədiyi səsli nitqində təqdim etdiyi bükümün özünə məxsus olduğunu, yerdən tapdığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, üzərinə narkotik vasitə qoyulmadığını bildirmişlər. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz psixoloji təzyiq, aldatma və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən psixoloji təzyiqə, aldadılmaya və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra psixoloji təzyiqə, aldadılmaya və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar, məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə əlyazma qaydasında icra etdiyi izahatında (cild İ – i.v.29), xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 42-44) və xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 53-55) şəxs qismində verdiyi ifadələrində, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatında, (cild İ – i.v. 64-65) eləcə də üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətində təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə heroini tapdığını, həmin narkotik vasitəni istifadə etmək məqsədilə üzərində saxladığını bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeydşərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Masallı Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onun müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs icazəsi və onun müdafiəçisinin iştirakı ilə video-çəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə dair protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bununla yanaşı onun barəsində Masallı Rayon Polis Şöbəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründəki ifadələrindən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən pis rəftara və hədəqorxuya məruz qalmasını bildirməklə özünə qarşı verdiyi həmin ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitənin ona aid olduğunu, həmin narkotik vasitəni tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış narkotik vasitə ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman 11,093 qram çəkidə narkotik vasitə heroini əldə etməsini, saxlamasını və üzərində gəzdirməsini, həmin maddənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Çünki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut olaraq keçirilmiş 11 mart 2023-cü il tarixli şəxsi axtarış və götürməyə dair protokol, həmçinin bu protokolun tərkib hissəsi olan video-görüntülər və maddi sübut, şahid ifadələri və ekspert rəyləri CPM-nin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında təqdiq edilmiş sənədlərdən görünür ki, 11 mart 2023-cü il tarixdə cinayət işinin başlanmasından əvvəl Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması haqqında və ona dövlət hesabına müdafəçi ayrılmasına dair qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar Masallı Rayon Vəkil Bürosunun vəkili Tofiq Şahmarov Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu isə həmin vəkilin onu müdafiə etməsini ifadə edərək bu barədə tərtib olunmuş protokolu vəkillə birlikdə imzalamışdır. Məhkəmə iclasında tədqiq olunmuş şəxsi axtarış və götürməyə dair 11 mart 2023cü il tarixli protokoldan və ona əlavə edilmiş video-görüntülərdən görünür ki, müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 11,093 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Məhkəmə qeyd edir ki, həmin video-görüntüdə, Təqsirləndirilən şəxs üzərində hərhansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar və vəkil tərəfindən, habelə onun özü tərəfindən video-görüntüdə ona qarşı hər-hansı qanunsuzluq edilməsini ifadə etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 04 mart 2011-ci il tarixli qərarının 28-ci bəndinə əsasən Məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bu protokol məhkəmə tərəfindən CPM 125-ci maddəsinin tələblərinə uyğun qaydada yoxlanıldıqdan sonra mötəbər sübut kimi qəbul edilir. Çünki, Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Təqsirləndirilən şəxs qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə ona işgəncə verilməsini, təhdidlər edilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda onun bütün hüquqları, o cümlədən müdafiəçinin iştirakı təmin edilməklə tutulmasına dair protokol tərtib olunduqdan sonra şəxsi axtarışı həyata keçirilmiş, şəxsi axtarışın keçirilməsində hər-hansı qanun pozuntusu müşahidə olunmamışdır. Məhkəmə tərkibi eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxsə istinad edilən əməlin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticənin düzgün qiymətləndirilməsi üçün işin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının ona elan olunmuş ittihamın dispozitiv əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsi ilə bağlı ardıcıl və məntiqi təhlil aparılmalıdır. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətlərdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə törədilmədə ifadə olunur. Cinayət törədilən zaman qüvvədə olmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961- İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5-ci sətrinə əsasən heroin narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi isə 2 qramdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin şamil edilməsinə münasibət bildirən məhkəmə tərkibi aşağıdakı dəlillərə görə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, ibtidai istintaq orqanı əməlin hüquqi tövsifində səhvə yol vermişdir. Belə ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda – bir ədəd bükümdə ümumi təmiz çəkisi 11,093 qram olan narkotik vasitə olan heroin əldə etmə, saxlama və daşıma ittihamı irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olubolmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs saxlandığı andan narkotik vasitəni şəxsi istehlak üçün əldə edildiyini etiraf etmişdir. İbtidai araşdırmanın sonrakı müddəti ərzində də (şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində) təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istehlak üçün əldə etdiyini bildirməsinə baxmayaraq qeyd olunan ifadənin də Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədildiyini təsdiq etməsi ilə bağlı əsassız qənaətə gəlinmişdir. Bundan başqa, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitə heroini kiməsə satması, ümumiyyətlə onun həmin vasitənin “alqı-satqısı” barədə üçüncü şəxslərlə sövdələşməsi, bu məqsədlə kiminləsə danışıqlar aparması və bu qəbildən sair fəal hərəkətlər etməsi təsdiq edilməmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə digər məqamı da vurğulamağı zəruri hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən hazırkı cinayət işi təqsirləndirilən şəxs barəsində toplanmış ilkin materiallar əsasında o, CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 13) və şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünü ona CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək, aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi barədə etirafedici ifadə vermişdir. (cild 1, iş vərəqə 42-44, 53-55). İbtidai istintaqın sonrakı gedişində təqsirləndirilən şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dəlalət edə biləcək hər hansı sübut əldə olunmamışdır. Bununla belə, ibtidai istintaqın ilkin mərhələsində əldə edilmiş eyni sübutlara əsaslanmaqla təqsirləndirilən şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitə heroinin çəkisinin külli miqdar təşkil etməsi xüsusatı təqsirləndirilən şəxsin ittiham edildiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən yetərli mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair materialların məhkəmə ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən külli miqdarda narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə külli miqdarda narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.4.3- cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı üçüncü şəxslərlə danışıq aparması, yazışması, bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotop maddələrin satışı ilə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, qeyd olunan məqsədlər üçün “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Mübahisəsiz olaraq müəyyən edilir ki, opioidlərin qəbulundan yaranan asılılıq sindromu olan təqsirləndirilən şəxs şəxsi istifadə üçün bir büküm narkotik vasitə əldə etmişdir. Belə əməl isə həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 11-ci bəndində ifadə olunmuş hüquqi mövqe ilə tam uyğun olmaqla yalnız satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməlidir. Bundan başqa məhkəməyədək icraat zaman toplanmış istintaq materiallarından, o cümlədən “Sübutların qiymətləndirilməsi haqqında” 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittihamın əsasında (arxasında) yalnız sonuncudan aşkar olunmuş bir ədəd bükümdə heroinin külli miqdarda olmaqla və şəxsi istehlak miqdarından çox olmasından irəli gələn ehtimal və subyektiv mülahizə dayanmışdır. İttiham tərəfi – istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə münasibətdə Təqsirləndirilən şəxs niyyətinin qiymətləndirilməsində hələ cinayət təqibinin əvvəlində irəli sürdüyü ehtimalı və subyektiv mülahizəni CPM-nin 124.1-ci maddəsi baxımından mötəbər dəlillə əsaslandırmaq üçün bir sıra istintaq hərəkətləri (dindirmə) icra etmiş və əməliyyat orqanına yazılı tapşırıq vermişdir. Nə iş üzrə dindirilmiş şəxslərin ifadələri (cild İ şübhəli şəxs – iş v. 42-44; təqsirləndirilən şəxs – iş v. 53-55; Şahid1 – iş v.104-107; Şahid3 – iş v. 108-111; Şahid5 – iş v. 122-125), nə də ki, əməliyyat tapşırığına alınmış cavab məktubu (xx.xx.2023-cü il tarixli məktub – iş v. 117) ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Buna baxmayaraq istintaq orqanı iki aya yaxın müddətdə apardığı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizəsini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, məhz həmin ehtimal və mülahizə əsasında “Sübutların qiymətləndirilməsi haqqında” 13 aprel 2023-cü il tarixli qərarı ilə 11 mart 2023-cü ildə irəli sürdüyü ittihamı qüvvəsində saxlamışdır. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar olunmuş heroinin bir ədəd bükümdə qablaşdırılmaqla ümumi kütləsinin külli miqdar 11,093 qram təşkil etməsinə münasibət bildirərək qeyd edir ki, bu hal narkotik vasitələr qəbul edən opioidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunan Təqsirləndirilən şəxs həmin maddəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hallar kimi çıxış edə bilməz. Belə ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, yuxarıda qeyd edildiyi kimi istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 11 mart 2023-cü ildə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd bükümdə narkotik vasitə heroin istisna olmaqla, onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Eləcə də, Təqsirləndirilən şəxs ifadələrində belə ondan aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu və həmin vasitəni satmaq kimi məqsədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs belə məzmunda ifadələr verməsinə baxmayaraq, ibtidai istintaq orqanı onun dəlillərini nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını təsdiq edə biləcək heç bir sübutu əldə etməmişdir. Qeyd olunanları, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitədən mütəmadi istifadə etməklə narkomaniya xəstəliyinə düçar olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin başqa narkotik vasitə “ehtiyatı” olmadığı halda bir ədəd bükümdə olan 11,093 qram heroini əldə edib, üzərində saxlayıb daşımaqda məqsədinin məhz “satış” olması kifayyət qədər ağlabatan və inandırıcı deyil. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroini şəxsi istifadəsi üçün əldə etməsi ilə bağlı bildirdiklərini ittiham tərəfi qəbul etməsə də, CPM-nin 21.3-cü maddəsi baxımından həmin halı təkzib etməli olduğu halda, nə ibtidai araşdırma dövründə, nə də ki, məhkəmə baxışı zamanı qeyd olunan halı təkzib edə bilməmişlər. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin opioidlərdən qəbulu nəticəsində narkomaniya xəstəliyinin aşkar olunmasını, habelə istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razlığının olması və ya buna cəhd etməsi, həmçinin narkotik vasitələrin satışı üçün zəruri avadanlığa (tərəzi, kağız və ya sellofan kəsiyinə və s.) malik olması hallarının istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı satış məqsədilə narkotik vasitə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar CM-nin 234.1-1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 11 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1, 132.1.4-cü maddələrinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,043 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 11 mart 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,043 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar