Məhkəmə qərarları › İş №1(099)-330/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-330/2022

16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-330/2022 16.06.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxx 1986-cı ildə Astara rayonu, Təngərüd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Təngərüd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 29,120.2.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs təxminən son 4-5 il ərzində onu və bacısı Şahid1 ərə getməmələri ilə əlaqədar dəfələrlə nalayiq sözlərlə təhqir etməsi, sonuncu dəfə isə bu hislərin təsiri altında Zərərçəkmiş şəxs maddi ziyan vurmaq məqsədilə Astara rayonu, Təngərüd kəndində yaşadıqları evin (bundan sonra – yaşadıqları ev) həyətyanı sahəsində əkilmiş naringi ağaclarını 02 yanvar 2022-ci il tarixdə qırmasına görə Çeçenistan Respublikasından qayıdıb 05 yanvar 2022-ci il tarixə keçən gecə saat 01-02 radələrində yaşadığı evə gələrək onu nalayiq sözlərlə təhqir etməsi səbəbindən hiddətlənib, psixi-emosional sferasında yaranmış bezikmə, hirslilik və kinlilik kimi halların təsiri altında qisas almaq niyyətilə öldürmək qərarına gəlmiş, bu məqsədlə həmin gün saat 07 radələrində yaşadıqları evdə atası Şahid2 Xanı oğlunun həyətə çıxmasından istifadə edib sonuncunun və digər şəxslərin ona mane olmasının qarşısını almaq üçün evin giriş qapısını içəridəki cəftədən bağladıqdan sonra pilləkənin altından götürdüyü balta ilə yatdığına görə aşkar surətdə köməksiz vəziyyətdə olmuş Zərərçəkmiş şəxs üzünün sağ yarısına bir dəfə, sol bilək və sol baldır nahiyələrinin hər birinə bir dəfə, sağ baldır nahiyəsinə isə iki dəfə olmaqla, cəmi beş dəfə qəsdən zərbələr vurub sağ ord (sifət), sol baldır, sol diz oynağı, sol əl, sağ diz qapağı, sol bazu nahiyələrində çapılmış yaralardan ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sağ diz qapağının sınığı, sol əlin İV və V barmaq vətərlərinin zədələnməsindən ibarət, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra yenidən zərbələr vurmaq istəyərkən sonuncunun baltanı onun əlindən alması və bundan sonra qonşu otaqdan səs-küyə yuxudan oyanıb gəlmiş Şahid1 onu hadisə yerindən kənarlaşdırması nəticəsində cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı dindirilərkən və Zərərçəkmiş şəxs ilə üzləşdirilərkən verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, atası Şahid2 Xanı oğlu (bundan sonra - atası), qardaşı Zərərçəkmiş şəxs (bundan sonra - İlkin) və bacısı Şahid1 (bundan sonra – Nargilə) ilə birlikdə Astara rayonu, Təngərüd kəndində yerləşən evdə (bundan sonra – yaşadıqları ev) yaşamışlar. İlkin işləmək üçün daha çox Dağıstan və Çeçenistan Respublikalarında yaşamış, təxminən son 4-5 il ərzində mütəmadi olaraq onu və Nargiləni ərə getməmələrinə görə həm onlarla yaşadığı müddətdə, həm də mobil telefonla danışarkən “ərsiz fahişələr” və digər nalayiq sözlər deməklə təhqir etmiş, atasını da təhqir etmişdir. Nargiləyə İlkinin onları təhqir etməsinə dözə bilmədiyini, ərə getmədiklərini bəhanə etməkdə məqsədinin onları yaşadıqları evdən çıxarmaq olduğunu, buna görə də İlkinə maddi ziyan vurmaq istəyini, bu məqsədlə sonuncunun həyətyanı sahədə yeni əkdiyi naringi ağaclarını qıracağını demiş, Nargilədən İlkinin yaşadıqları evin həyətyanı sahəsində yeni inşa etdirdiyi evi yandırmasını israrla istəmişdir. Bundan sonra 02 yanvar 2022-ci il tarixdə o, İlkinin həyətyanı sahədə əkdiyi naringi ağaclarının bir neçə ədədini qırmış, Nargilə isə İlkinin həyətyanı sahədə yeni inşa etdirdiyi evin ikinci mərtəbinin döşəməsinin az hissəsini yandırmışdır. Sabahı gün səhər atası İlkinə bu barədə mobil telefon vasitəsilə məlumat vermişdir. Telefon danışığı zamanı İlkinə həmin hərəkətləri onunla və Nargiləyə nalayiq sözlər dediyinə görə birlikdə etdiklərini demişdir. İlkin bu halı aydınlaşdırmaq üçün Çeçenistan Respublikasından qayıdıb 05 yanvar 2022-ci il tarixə keçən gecə saat 01 radələrində yaşadıqları evə gəlmiş, həyətyanı sahədə yeni inşa etdirdiyi evə baxdıqdan sonra onu, atası və Nargiləni nalayiq ifadələrlə təhqir etmiş, yenə də ona və Nargiləyə “ərsiz fahişə” demiş, onları məcburi qaydada psixiatriya xəstəxanasına yerləşdirəcəyini bildirmişdir. İlkinin mütəmadi olaraq onu və Nargiləni nalayiq sözlərlə təhqir etməsindən əsəbiləşib bu hislərin təsiri altında əvvəllər özünə qapanıb intihar etmək istəsə də, Nargilə onu sakitləşdirmiş, sonuncu dəfə isə İlkini öldürmək qərarına gəlmişdir. Lakin bu barədə atası və Nargiləyə deməmişdir. Axşam atası və İlkin evin girişindəki otaqda, o və Nargilə isə içəridəki otaqda yatmışlar. Saat 07 radələrində atasının yuxudan durub həyətə düşməsi və Nargilənin yatmasından istifadə edib İlkini yatdığı yerdə öldürmək qərarını qətiləşdirmiş, bu məqsədlə atasının ona mane olmasının qarşısını almaq üçün evə giriş qapısını içəridəki cəftədən bağlamış, evin içərisindəki pilləkənin altında saxladıqları baltanı götürüb qardaşı İlkinin yatdığı otağa daxil olmuş, baltanın kəsici hissəsi ilə yatmış sonuncunun boyun nahiyəsinə zərbə vurmaq istəsə də, zərbə İlkinin üzünün sağ tərəfinə dəydiyinə görə sonuncu həmin anda yuxudan oyanıb baltanı əlindən almağa çalışmışdır. O, yenə də balta ilə İlkinin boyun nahiyəsinə zərbə vurmaq istəsə də, sonuncu əl-qol hərəkətləri ilə ona müqavimət göstərdiyinə görə balta ilə vurduğu ikinci zərbəsi İlkinin sol biləyinə dəymişdir. Balta ilə İlkinin boyun nahiyəsinə zərbə vurmaq cəhdlərinin baş tutmadığını görüb bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmuşdur. Həyətdə olmuş atası İlkinin qışqırıq səslərini eşidib evə daxil olmaq istəsə də, giriş qapısının içəridən bağlı olması səbəbindən evə daxil ola bilməmişdir. İlkin baltanı əlindən aldığı an evin digər otağında yatmış Nargilə yaranmış səs-küyə yuxudan oyanıb onların olduğu otağa gəlmiş, onu kənara çəkib həyətə çıxarmışdır. Bu anda atası evə daxil olmuşdur. Nargilə İlkinə tibbi yardım göstərməyə çalışmış, atasının yaşadıqları evə çağırdığı, qonşuluqda yaşayan Şahid3 İlkinin xəsarətlər aldığını gördüyünə görə təcili-tibbi yardıma zəng edib kömək istəmişdir. İlkin təcili-tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Törətdiyi cinayət əməlindən səmimi peşimandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 06 yanvar 2022-ci il tarixli protokol və ona əlavə edilmiş bir ədəd diskin yaddaşına köçürülmüş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs 05 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs balta ilə zərbələr vurmasını və iş üzrə əhəmiyyət kəsb edən digər halları hadisə yerində göstərmişdir (İ cild, səh. 60-62). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq etmiş, iş üzrə cinayət hadisəsinin törədilmə mexanizmi barədə Təqsirləndirilən şəxs ilə eyni məzmunda göstərmiş və əlavə olaraq qeyd etmişdir ki, ailə üzvləri, o cümlədən bacıları Nadirə və Nargilə ilə münasibətləri həmişə yaxşı olmuş, onlara nalayiq sözlər deməmiş, eləcə də ərə getməmələrinə görə irad bildirməmişdir. Əksinə, 2004-cü ildən daha çox Dağıstan və Çeçenistan Respublikalarında yaşayıb işləmiş, ailə üzvlərinə maddi cəhətdən köməklik etmiş, ailə üzvlərinin Astara rayonun, Təngərüd kəndində yaşadıqları evin (bundan sonra – yaşadıqları ev) həyətində yeni iki mərtəbəli ev inşa etdirmişdir. Çeçenistan Respublikasında olarkən bacısı Nadirə mobil telefon vasitəsilə ona 02 yanvar 2022-ci il tarixdə naməlum şəxslərin onun həyətdə əkdiyi naringi ağaclarını sındırdığını və yeni tikdirdiyi evin döşəməsini yandırdığını, 03 yanvar 2022-ci il tarixdə isə həmin hərəkətlərin bacısı Nargilə tərəfindən törədildiyini demişdir. Bunun səbəbini aydınlaşdırmaq üçün Çeçenistan Respublikasından qayıdıb 05 yanvar 2022-ci il tarixə keçən gecə ailə üzvlərinin yaşadığı evə gəlmiş, Nadirədən ona dediyi hərəkətlərin kim tərəfindən törədildiyini soruşmuşdur. Sonuncu cavabında həmin hərəkətlərin Nargilə deyil, özü tərəfindən törədildiyini demişdir. Nadirənin iş üzrə ona qarşı cinayət əməlini törətməsinin səbəbini bilmir. Nadirə ilə barışmır, ona qarşı şikayət və tələbi vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs ifadəsində onlarla bağlı bildirdiyi işin müvafiq halları, əlavə olaraq Şahid1 və Şahid2 isə Təqsirləndirilən şəxs cinayət hadisəsini törətməsinin səbəbi barədə sonuncu ilə eyni məzmunda göstərmişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - “Baxış keçirilməsi haqqında” 02 yanvar 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Şahid2 DİN-nin “102” xidmətinə verdiyi müvafiq məlumat əsasında sonuncunun Astara rayonu, Təngərüd kəndində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən orada bir neçə ədəd naringi ağaclarının qırıldığı və yeni inşa edilmiş evin ikinci mərtəbəsinin döşəməsində yanıq izlərinin olduğu müəyyən edilmişdir (İ cild, səh. 144-150). - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 05 yanvar 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, iş üzrə cinayət hadisəsi Astara rayonu, Təngərüd kəndində yerləşən, Şahid2 məxsus yaşayış evində baş vermişdir. Baxış zamanı üzərində qanabənzər ləkələr olan bir ədəd balış üzü, bir ədəd dəsmal, cinayətin aləti olan bir ədəd balta, döşəmədəki qanabənzər ləkələrdən pambıq tamponlar vasitəsilə hopdurulmuş nümunələr qablaşdırılaraq götürülmüşdür (İ cild, səh. 7-19). - “Götürmə aparılması haqqında” 05 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş, hər biri bir ədəd olan ətək (yubka), corab və qısaqol köynək qablaşdırılıb götürülmüşdür (İ cild, səh. 47, 48). - “Götürmə aparılması haqqında” 06 yanvar 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol köynək qablaşdırılıb götürülmüşdür (İ cild, səh. 71, 72). - Məhkəmə-tibbi ekspertizasının 06 fevral 2022-ci il tarixli, 35 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş sağ diz qapağının sınığı, sol əlin İV və V barmaq vətərlərinin zədələnməsindən ibarət xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, sağ diz qapağının sınığı, sağ ord (sifət), sol baldır, sol diz oynağı, sol əl, sağ diz qapağı və sol bazu nahiyələrində çapılmış yaralardan ibarət xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Həmin xəsarətlər çapıcı alətin, ola bilər ki, baltanın təsirindən əmələ gəlmiş, törənmə müddəti 05 yanvar 2022-ci il tarixə uyğun gəlir (İ cild, səh. 213-216). - Məhkəmə-tibbi ekspertizasının 07 yanvar 2022-ci il tarixli, 07 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir (İ cild, səh. 94, 95). - Məhkəmə tibbi-kriminalistik ekspertizasının 18 fevral 2022-ci il tarixli, 20- MTKŞ/2022 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məxsus qısaqol köynəyin ön səthinin sağ yarısında aşkar edilmiş bir ədəd cırılmış zədə küt yaranma mexanizmi ilə paltarın həmin nahiyəsinin kəskin dartılması nəticəsində törənmişdir. Ekspertizaya təqdim olunmuş balta zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı baltadır və soyuq silah hesab edilmir (İ cild, səh. 223-225). - Məhkəmə tibbi-bioloji ekspertizasının 23 fevral 2022-ci il tarixli, 29/2022-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus kalqotka, ətək və qolsuz jilet, həmçinin Zərərçəkmiş şəxs məxsus qısaqol köynək, hadisə yerindən götürülmüş balış üzü, dəsmal kəsiyi, iki ədəd pambıq tampona hopdurulmuş nümunə və bir ədəd balta üzərində aşkar olunmuş qan ləkələrində qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” antigeni, Təqsirləndirilən şəxs məxsus kalqotka və qolsuz jilet, Zərərçəkmiş şəxs məxsus qısaqol köynək, hadisə yerindən götürülmüş balış üzü və dəsmal kəsiyi üzərində, həmçinin beta aqqlyutinini də alınmışdır. Bu qan ləkələri Abeta (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olmuşdursa) məxsus ola bilər (İ cild, səh. 228-233). - Astara RPŞ-nin 14 fevral 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, iş üzrə cinayət hadisəsinin baş verməsindən bir neçə il əvvəl Zərərçəkmiş şəxs ilə bacıları Nargilə və Təqsirləndirilən şəxslar arasındakı münasibətlər sonuncuların ərə getməmələrinə görə pozulmuş, 02 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə Təqsirləndirilən şəxs Astara rayonu, Təngərüd kəndində yaşadıqları evin həyətində əkilmiş bir neçə ədəd narıngi ağaclarını qırmış və sonuncunun təkidi ilə Şahid1 isə Zərərçəkmiş şəxs həmin həyətdə yeni tikdirdiyi evin döşəməsinin az hissəsini yandırmışdır. Buna görə də sonuncu Çeçenistan Respublikasından qayıdıb 05 yanvar 2022-ci il tarixə keçən gecə ailə üzvlərinin Astara rayonu, Təngərüd kəndində yaşadığı evə gəldikdən sonra göstərilən hadisə ilə bağlı Nadirə və Şahid1ları yenə də nalayiq söyüşlərlə təhqir etmiş, bu sözlərə tab gətirə bilməyən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsnı öldürmək qərarına gəlmişdir (İ cild, səh. 210, 211). - Komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 04 aprel 2022-ci il tarixli, 827 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs (bundan sonra - o) hazırda və iş üzrə təqsirləndirildiyi əməlin törədildiyi zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmamışdır. O, həmin əməl törədilərkən və hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, həmin əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və 22.1-ci maddələrinin təsiri altına düşmür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. O, iş üzrə əməli törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Hadisədən əvvəlki dövrdə Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs ona qarşı etdiyi hərəkətlər (uzun illərdir onu nalayiq ifadələrlə təhqir etməsi, ünvanına “fahişə” kimi ifadələr işlətməsi, ona qarşı qanunazidd hərəkətlər etməsi və s.) nəticəsində psixi-emosional sferasında bezikmə, hirslilik, kinlilik kimi hallar yaranmışdır. Təqsirləndirilən şəxs qeyd olunan xüsusatlarla əlaqədar Zərərçəkmiş şəxs qisas almaq məqsədilə hazırki cinayət əməlini törətməyi əvvəlcədən planlaşdırmışdır (İİ cild, səh. 36-39). Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmundan görünür ki, o, iş üzrə törətdiyi cinayət əməlini etiraf etməklə əməlinin hüquqi tövsifi ilə bağlı özünü müdafiə etmək üçün dəlil irəli sürməmişdir. Azərbaycan Respublikası CM-in 29,120.2.9-cu madddəsində təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayət əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 120.2.9-cu maddəsi ilə məsuliyyət o zaman yaranır ki, təqsirkar şəxs aşkar surətdə köməksiz, yəni yatmış vəziyyətdə olan zərərçəkmiş şəxsin ona müqavimət göstərə bilmək imkanına malik olmadığını dərk edir. Məhkəmə göstərilən hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkəti törətməsi əməlində Azərbaycan Respublikası CM-in 29,120.2.9-cu maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.9-cu maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 verdikləri ifadələr, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 05 yanvar 2022-ci il tarixli protokol, “Götürmə aparılması haqqında” 05 və 06 yanvar 2022-ci il tarixli protokollar, məhkəmə-tibbi ekspertizasının 06 fevral 2022-ci il tarixli, 35 nömrəli rəyi, məhkəmə tibbi-kriminalistik ekspertizasının 18 fevral 2022-ci il tarixli, 20-MTKŞ/2022 nömrəli rəyi, məhkəmə tibbibioloji ekspertizasının 23 fevral 2022-ci il tarixli, 29/2022-MTBŞ nömrəli rəyi, komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 04 aprel 2022-ci il tarixli, 827 saylı rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış əşyalar, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.9-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 29,120.2.9-cu maddəsi ilə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 175). - Astara RİHB-nın Təngərüd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, atası Şahid2, bacısı Şahid1 və qardaşı Zərərçəkmiş şəxs ilə birlikdə Astara rayonu, Təngərüd kəndində yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (İ cild, səh. 198, 199). Azərbaycan Respublikası CM-in 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi cəzanı yüngülləşdirən haldır. Məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs cinayət hadisəsini qardaşı Zərərçəkmiş şəxs təxminən son 4-5 il ərzində mütəmadi olaraq onu və bacısı Şahid1 ərə getməmələrinə görə “ərsiz fahişələr” və digər nalayiq sözlər deməklə təhqir etməsi, yəni zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsi barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil sonuncu və Şahid2 məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadələri ilə yanaşı, Astara RPŞ-nin 14 fevral 2022-ci il tarixli məktubu, komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 04 aprel 2022-ci il tarixli, 827 saylı rəyinin Nadirə Qəfərovanın iş üzrə cinayət hadisəsini törətməsinə səbəb olmuş hallardan bəhs edən hissəsi, eləcə də əvvəlcə 02 yanvar 2022-ci il tarixdə həmin hislərin təsiri altında Təqsirləndirilən şəxs yaşadıqları evin həyətində Zərərçəkmiş şəxs əkdiyi bir neçə ədəd naringi ağaclarını sındırması, Şahid1 isə Təqsirləndirilən şəxs təkidi ilə yaşadıqları evin həyətində Zərərçəkmiş şəxs yeni inşa etdirdiyi evin ikinci mərtəbəsindəki döşəmənin müəyyən hissəsini yandırması, bu halı aydınlaşdırmaq üçün Çeçenistan Respublikasından qayıdıb 05 yanvar 2022-ci il tarixə keçən gecə yaşadığı evə gəlmiş Zərərçəkmiş şəxs yenə də Təqsirləndirilən şəxs ünvanına nalayiq sözlər deməsindən ibarət işin faktiki halları ilə tamamilə təsdiq edilir. Məhkəmə bu nəticəyə gələrkən ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda və “Sübutların qiymətləndirilməsi haqqında” 09 aprel 2022-ci il tarixli qərarda müvafiq nəticəyə gəldiyini də nəzərə alır. Məhkəmə göstərilən halları Azərbaycan Respublikası CM-in 59.1.8-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə cinayət hadisəsini Zərərçəkmiş şəxs etdiyi qanunsuz hərəkətlərin təsiri altında törətməsi kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, törətdiyi cinayət əməlini tam olaraq etiraf etməsi və həmin əməlindən səmimi peşiman olmasını isə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun iş üzrə törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, iş üzrə cinayət əməlini zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsi, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, törətdiyi cinayət əməlini tam olaraq etiraf etməsi və həmin əməlindən səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in: - 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. - 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. - 63.4-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətə cəhdə görə Azərbaycan Respublikası CM-in 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla təyin edilən cəza müddəti həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası CM-in 59.1.8-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal olduğuna və cəzanı ağırlaşdıran hal olmadığına, eləcə də Azərbaycan Respublikası CM-in 29,120.2.9-cu maddəsi ilə 120.2.9-cu maddənin sanksiyasında nəzərdə tutulmuş ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi həmin Məcəllənin 63.4-cü maddəsinə əsasən mümkün olmadığına görə təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti Azərbaycan Respublikası CM-in 29,120.2.9-cu maddəsində nəzərdə tutulmuş yuxarı həddini təşkil edən 20 ilin dörddə üçünün dörddə üçündən, yəni 11 il 3 aydan artıq ola bilməz. Məhkəmə hesab edir ki,: Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həmin cəzanın başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 05 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində Astara Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Astara rayon prokurorluğunda saxlanılan, cinayətin aləti olan bir ədəd balta, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş, hər biri bir ədəd olan ətək (yubka), corab və qısaqol köynək, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol köynək, hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd dəsmal və bir ədəd balış üzü, qanabənzər ləkələrə hopdurulmuş iki ədəd pambıq tamponlar məhv edilməlidir. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokola əlavə edilmiş bir ədəd diskin yaddaşına yazılmış videogörüntülər iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.9-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 05 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Astara rayon prokurorluğunda saxlanılan, cinayətin aləti olan bir ədəd balta, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş, hər biri bir ədəd olan ətək (yubka), corab və qısaqol köynək, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol köynək, hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd dəsmal və bir ədəd balış üzü, qanabənzər ləkələrə hopdurulmuş iki ədəd pambıq tamponlar məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokola əlavə edilmiş bir ədəd diskin yaddaşına yazılmış videogörüntülər iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar