Məhkəmə qərarları › İş №1(099)-330/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-330/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-330/2024 29.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Astara rayonu Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşaq atası, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Astara rayonu Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən isttifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 3,209 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində daşımaqla saxlamış, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, 03 noyabr 2023-cü il tarixdə saat 16:30 radələrində Astara rayonu Şahağacı kəndində küçədə saxlanılaraq Polis Şöbəsinə gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş, ümumi təmiz çəkisi 3,209 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində anası ilə Astara rayonu, Pensər kəndində girov qoyduğu mobil telefonunu götürmək üçün getmiş, Pensər kəndində telefonunu girov qoyduğu şəxsin yanına getməmiş polis əməkdaşları onu sazxlamışlar. Polis əməkdaşları onu Astara RPŞ-nə gətirmiş, polis şöbəsində polis əməkdaşları ona təziqlər edərək onun üzərinə narkotik vasitə heroin qoaraq ona məxsus olmasını bildirmişlər, o da heç bir sənədə imza etməmmiş, sadəcə videoçəkiliş zamanı üzərindən çıxan narkotik vasitə heroinin ona məxsus olmasını demişdir. Polis şöbəsinə gedərkən onun üzərində heç bir narkotik vasitə olmamışdır.Narkotik vasitələrinin satışı ilə məşğul olmamış, heç kəsən narkotik vasitə satmamışdır. Günahı olmadığı üçün məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında təqsirləndirilən şəxsin verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki,narkotik vasitə olan heroindən uzun müddətdir ki, istifadə edirmiş. Narkotik vasitəni Lənkəran şəhərində «Kiçik bazar» adlanan yerdə tanımadığı şəxslərdən alırmış. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində marşrutla Lənkəran şəhərinə oradakı «Kiçik bazar» adlanan yerə getmişdir. Orada tanımadığı bir nəfərə yaxınlaşıb ondan heroin istəmişdir. Onun da narkomana oxşadığını, onun kimi narkotikdən əziyyət çəkdiyini görüb onda heroin olduğunu güman edərək həmin şəxsdən istifadə etməsi üçün heroin istəmişdir. Həmin şəxs ondan nə qədər istədiyini soruşduqda 60 manatlıq verməsini istəmişdir. O da gedib təxminən 20-30 dəqiqədən sonra yanına gələrək ona bir ədəd büküm vermişdir. O da qarşılığında ona 60 manat pul vermişdir. Həmin şəxsin ona verdiyi narkotikin çəkisi təxminən 3 qramdan çox olarmış. Çünki o həmin şəxsdən heroinin nə qədər olmasını sorruşduqda 3 qramdan çox olduğunu demişdir. Bundan sonra o, narkotiki həmin şəxsdən alıb şalvarının sağ yan cibinə qoymuşdur ki, evə gedəndən sonra istifadə edər. Onun həmin narkotik vasitəni kiməsə satmaq məqsədi olmamışdır. O, oradan çıxıb yaşadığı Şahğacı kəndinə getmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 16:30 radələrində Astara rayonu, Şahağacı kəndində olan zaman mülki geyimli şəxslər onku saxlayıb özlərini təqdim edən zaman o, dərhal başa düşmüşdür ki, üstündəki narkotik vasitə olan heroinə görə onu tutmaq istəmişlər. Bu zaman o, qaçmaq istəyərkən onlar onu saxlamışlar. Həmin vaxt küçədə gediş-gəliş çox olduğuna və adamların həmin yerə toplaşdığına görə polis əməkdaşları tərəfindən onun üzərinə rayon polis şöbəsində şəxsi axtarış keçirilməsi təklif olunmuş və o da razılıq verdikdən sonra polis əməkdaşları tərəfindən Astara RPŞ-yə gətirilmişdir. Polis Şöbəsində xidməti otaqlardan birində müdafiəçi Umud Cəfərovun iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxs axtarış keçirilməmişdən əvvəl onun üzərində qanunsuz əşya və predmet olubolmaması soruşulmuşdur. O da üzərində olan narkotik vasitə olan heroini onlara təqdim etmişdir. Polis əməkdaşlarının onunla apardıqları sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar olunan narkotik vasitə ona məxsusdur. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “saxlanılan zaman üzərində narkotik vasitə olmammış, polis əməkdaşları ona təzyiq etmişlər və o, məcbur olaraq narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Valid Azayevin ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Astara rayonu Şahağacı kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə olan heroin gəzdirməsi barədə məlumat aldıqdan sonra onun saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Astara rayonu Şahağacı kəndində yaşadığı evin yaxınlığında yolun kənarında piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşmışlar. Ona yaxınlaşıb özlərini təqdim edəndən sonra onun üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə şübhəli olduğunu, bu səbəbdən də üzərində şəxsi axtarış keçirməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs qaçmaq istədikdə onu tutmuş, rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçisinin iştirakı və videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin naroktik vasitə heroin olduğunu, onu həmin gün Lənkəran şəhərində “Kiçik bazar” adlanan yerdə 60 manata aldığını və istfadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş və həmin protokola imzalar etmişlər. Şahid qismində dindirilmiş Şahid2 və X1 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə kimyəvi ekspertizasının 04 noyabr 2023-cü il tarixli 19/981 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuşbir bükümdə kütlə....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -3,209 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonrakı qalıq heroin narkotik vasitə 3,159 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edır. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli 1024 ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhətgörülür. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli 1073 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə naroktik vasitə heroin aşkar edilib götürülmüşdür. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Astara rayon məhkəməsinin 05 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” olunmasının əvvəli 03 noyabr 2023-cü il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Astara rayon məhkəməsinin 04 noyabr 2023-xcü il tarixli qəarı ilə Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat axtarış tədbiriin keçirilməsi barədə Astara RPŞ-nin qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətində görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin 11 mart 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən təyin edilmiş 2 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, 16 dekabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan 04 noyabr 2023-cü il tarixli «maddi sübut kimi tanınma haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 3,159 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Astara rayon polis şöbəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. İş materiallarında olan 19 dekabr 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla şəxsi axtarış keçirilməsi protokolunun görüntüsünü özündə əks etdirən 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Astara rayonu Şahağacı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 dekabr 2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Şahağacı kənd qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi ata və anasından ibarətdir, yaşadığı müddət ərzində nümayəndəliyə heç bir şikayət daxil olmamış yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 19 dekabr 2023-cü il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqında» qərarla Təqsirləndirilən şəxs narkotik vasitəsinin əldə etdiyi naməlum şəxs barəsində cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi heroin narkotik vasitə “külli miqdar” kimi qiymətləndirilir. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, yaşayış yerindən müsbət xarakterizə olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu hal isə, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən resedivi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Astara rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 3,159 qram heroin narkotik vasitəsi məhv edilməli, iş materiallarına əlavə edilmiş şəxsi axtarış keçirilməsi protokolunun görüntüsünü özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 03 noyabr 2023cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 noyabr 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış – Ağcabədi Rayon Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 3,159 qram heroin narkotik vasitəsi məhv edilsin. - İş materiallarına əlavə edilmiş şəxsi axtarış keçirilməsi protokolunun görüntüsünü özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar