Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-331/2025 08.10.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Balakən rayonu, Sarıbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Balakən rayonu. Sarıbulaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxsin və qeyrilərinin sifarişi ilə ona göndərilən maddələrin satışının həyata keçirilməsi üçün naməlum tarixdə, vaxtda və şəraitdə sonuncular vasitəsi ilə Biləsuvar rayonu ərazisində gizlədilən külli miqdarda 8220 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib sərnişin kimi əyləşdiyi “Toyota Prius” markalı, **-CJ-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində saxlamaqla Bakı-Qazax avtomobil yolunun Ucar rayonu ərazisindən keçən 272-ci kilometrliyinə daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 mart 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 05:10-da qeyd olunan yerdə saxlanılaraq elə həmin yerdə onun sərnişin kimi əyləşdiyi X3 idarə etdiyi “Toyota Prius” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə 15 mart 2025-ci il tarixdə saat 05:21-dən etibarən özünün iştirakı ilə keçirilən baxış zamanı onun qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı və özünün avtomobilin arxa yük yerindən çıxarıb təqdim etdiyi bir ədəd paketdə olan üç ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 545 qram, 515 qram və 565 qram olmaqla, ümumilikdə külli miqdarda 1625 qram çəkidə, bundan başqa, bir ədəd idman çantasında olan on üç ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 550 qram, 550 qram, 500 qram, 495 qram, 530 qram, 415 qram, 420 qram, 515 qram, 560 qram, 550 qram, 505 qram, 490 qram və 515 qram olmaqla ümumilikdə külli miqdarda 6595 qram çəkidə olmaqla ümumilikdə on altı ədəd bağlamada 8220 qram çəkidə tərkibinə görə eyni olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, cəzaçəkmə müəssisəsində tanış olduğu Davut adlı İİR vətəndaşı vasitəsilə əlaqə yaratdığı Məhəmməd adlı şəxs bir neçə dəfə zəng edərək ona narkotik vasitənin daşınması ilə bağlı təkliflər etsədə, o razı olmamışdır. Sonuncu dəfə 10-11 mart 2025-ci il tarixlərində ona bu cür təkliflə zəng edilmiş, anası xəstə olduğundan və özünün də maddi sıxıntıları olduğundan təkliflə razılaşmışdır. Razılaşmaya əsasən 8 kq narkotik vasitə olan marixuananı Astara rayonu ərazisindən götürüb göstərilən yerə aparacaq və qarşılığında 3-4 min manat qazanc əldə edəcəkmiş. Balakən rayonunda tanış olduğu taksi fəaliyyəti ilə məşğul olan Əli adlı şəxslə Astara rayonuna getmiş, ancaq həmin şəxsin narkoitk vasitədən xəbəri olmamışdır. Astara rayonundan narkotik vasitəni götürüb Ucar rayonuna getmiş, orada mağazaya düşən vaxt polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan vaxt təslim olmuş və heç bir maneə törətməmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Ucar rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin Toyota Prius markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə külli miqdarda narkotik vasitə gizlətməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumata əsasən, 15 mart 2025-ci il tarixdə əməliyyat-axtarış tədbirləri aparılmış, Təqsirləndirilən şəxs həmin gün saat 05:10 radələrində Bakı-Qazax sərhədi avtomobil yolunun Ucar rayonu ərazisindən keçən hissəsində saxlanılmışdır. Avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs avtomobilin yük yerindən bir ədəd rəngli sellofan torbanı, bir ədəd idman çantasını təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra həmin sellofan torba və idman çantasının içərisinə baxılmış, sellofan torbanın içərisində üç, idman çantasının içərisində isə on üç ədəd üzəri yapışqanlı lentlə sarınmış bağlama olduğu müəyyən olunmuş, həmin bağlamalar yoxlanılmış, hər birinin içərisidə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi avtomobilin sürücüsünün narkotik vasitə ilə əlaqəsi olmadığını bildirmişdir. Şəxsə qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı: - «Şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsi barədə» 15 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində, avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. O, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd "Redmi" markalı mobil telefonu, əynində olan boz rəngli cins gödəkçənin sol yan cibindən şəxsiyyətini təsdiq edən sənədi, ümumvətəndaş pasportunu sürücülük vəsiqəsini çıxararaq təqdim etmiş. Sonra onun üzəri yoxlanılmış, yoxlama zamanı sonuncun təqdim etdiyi əşyalardan əlavə üzərindən əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş əşyalar iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi avtomobili idarə edən Əli Çantayevin üzəri yoxlanılmış onun üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılımış hər hansı əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs sərnişin kimi əyləşdiyi X3 idarə etdiyi “Toyota Prius” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə keçirilən baxış zaman Təqsirləndirilən şəxs avtomobilin yük yerindən bir ədəd rəngli sellofan bağlamanı, bir ədəd idman çantasını təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra həmin sellofan torba və idman çantasının içərisinə baxılmış, sellofan torbanın içərisində üç, idman çantasının içərisində isə on üç ədəd üzəri yapışqanlı lentlə sarınmış bağlama olduğu müəyyən oldunmuş, həmin bağlamalar yoxlanılmış, hər birinin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən oldunmuşdur. Bundan sonra həmin bağlamalar elektron tərəzidə çəkilmiş, ümumilikdə 9 kiloqram 250 qram olduğu müəyyən olunduqdan sonra bir ədəd sellofan torbanın, bir ədəd idman çantasının içərisində müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (i.v. 12-16) - «Şübhəli şəxsin tutulması haqqında» 15 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:10-da ARCM-in 234.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( i.v. 29) - «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 16 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. ( i.v. 74-75) - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2025-ci il tarixli, 4(005)- 351/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. ( i.v. 92-96 ) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2025-ci il tarixli, 16/268 nömrəli rəyində göstərilir ki, Tədqiqata təqdim olunmuş sarı rəngli sellofan paketdəki 3(üç) ədəd üzərləri yapışqan lentlə bağlanmış sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 545qram, 515 qram, 565qram, ümumi təmiz çəkisi 1625 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Avtomobildə aşkar olunan kütlələr” yazı və imzalar olan yük çantasındakı 13 (on üç)ədəd üzərləri yapışqan lentlə bağlanmış sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 550 qram, 550 qram, 500 qram, 495 qram, 530 qram, 415 qram, 420 qram, 515 qram, 560 qram, 550 qram, 505 qram, 490 qram, 515 qram, ümumi təmiz çəkisi 6595 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tərkiblərinə görə eynidirlər. Qalıq : 8 kq 216,8 qram. ( i.v. 45-49) - Məhkəmə-narkoloji ekspertizasının 07 aprel 2025-ci il tarixli, 1931 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. ( i.v. 171-172) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi tərəfindən verilmiş məktubdan görünür ki, xx xxxxxx 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. ( i.v. 165) - «Mobil telefona baxış keçirilməsi haqqında» 19 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı mobil telefon aparatına baxış zamanı mobil telefonun yaddaşının “kontaktlar” bölümündə İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus: +98 (919) ***-**-** nömrəsinin “Həkim İran” adı altında, +98 (912) ***-**-** nömrəsinin “X8” adı altında, +98 (919) ***-**-** nömrəsinin “Natamam” adı altında və +98 (905) ***-**-** nömrəsinin “Əli Bete” adı altında qeydiyyata alındığı aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefonun “WhatsApp” proqramı vasitəsi ilə 14 mart 2025-ci il tarixdə saat 23:20-dən 15 mart 2025-ci il tarixdə saat 04:55-dək olan müddət ərzində telefonda “X8” adı altında qeydə alınmış İran İslam Respublikasının mobil telefon operatoruna məxsus +98 (912) ***-**-** telefon nömrəsi ilə çox saylı telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir. ( i.v. 128) - «Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında» 16 mart 2025-ci il tarixli qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş iki ədəd kisədə qablaşdırılan tədqiqatdan sonra qalıq çəkisi 8 kq 216,8 qram olan narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut hesab edilsin və saxlanılmasından ötrü AR DİN-in BCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilsin. ( i.v.102-103) - «Sübutların qiymətləndirilməsi haqqında» 14 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş iki ədəd kisədə qalıq çəkisi 8 kq 216,8 qram olan narkotik vasitə qurudulmuş marixuananın iş üzrə maddi sübut hesab edilməsi və saxlanılmasından ötrü AR DİN-in BCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmışdır. (i.v. 173-182) - Bir ədəd «redmi» markalı mobil telefon cihazı, Təqsirləndirilən şəxs üstünün yoxlanılmasını və avtomobilə baxış keçirilməsini, eləcə də təqdim olunan əşyaya baxış aparılmasını özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut hesab edilmişdir.( i.v. 173-191) Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə CPM-in 126.6-cı maddəsinin tələbləri baxımınından təqsirləndirilən şəxsin ifadəsini təhlil etdikdə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin narkotik vasitə dolu torbanı götürməsinə dair etirafedici ifadəsi iş üzrə dindirilmiş şahidin ifadəsi, maddi sübutlar, ekspert rəyi, istintaq və məhkəmə hərəkətinin protokolları və ona əlavə edilmiş disklərlə təsdiq edildiyindən onun ifadəsi və ittihamın yuxarıda sadlanan sübutları mötəbər sübutlar kimi qəbul edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə “ qurudulmuş marixuana” narkotik vasitədir və onun 5 qramdan artıq hissəsi xeyli miqdar, 500 qram və ya ondan artıq hissəsi külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adı qeyd edilmiş şəxsin ifadələri, eləcə də şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı etirafedici ifadəsi, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokol, eləcə də, məhkəmə-kimyəvi ekpertizasının 15 mart 2025-ci il tarixli, 16/268 nömrəli, məhkəmə-narkoloji ekspertizasının 07 aprel 2025-ci il tarixli, 1931 nömrəli rəyləri, mobil telefon cihazına baxış keçirilməsi haqqında protokol və cinayət işinə əlavə edilən digər ilkin araşdırma materialları ilə sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsində cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş aşağıda qeyd olunanları nəzərə alır: - DİN-in BƏSİİ-dən verilmiş 25 mart 2025-ci il tarixli tələbnamədən hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib Şəki Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. (i.v. 129-146) - Balakən RİHB-nin Sarıbulaq kənd İƏÜN tərəfindən verilmiş 07 aprel 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1992-ci ildə Balakən rayonu Sarıbulaq kəndində anadan olmuşdur. Əvvəllər qəsdən adam öldürmə maddəsi ilə məhkumluğu olmuşdur. Himayəsində İki azyaşlı övladı- 10 noyabr 2022-ci il təvəllüdlü X4 və 27 iyul 2022-cü il təvəllüdlü X5 var. Cəzaçəkmə müəssisəsindən qayıtdıqdan sonra kənddə yaşadığı müddət ərzində onun barəsində Sarıbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. ( i.v. 160-165) Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını ARCM-in 59.1.4-cü maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ARCM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Göründüyü kimi, qanuna əsasən Təqsirləndirilən şəxs 8 ildən aşağı həddə cəza təyin edilə bilməz. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarını, əməlin ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların məcmusunu, cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, həmçinin, Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində elə həddə cəzalandırılmalıdır ki, ailəsi onun varlığının maddi və mənəvi təminatından minimum həddə məhrum olunsun, bununla belə cəzanın məqsədlərinə xidmət etsin. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, “Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 15 mart 2025-ci il tarixdən hesablanmalı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2025-ci il tarixli, 4(005)-351/2025 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün 60,80 ( altımış manat səksən) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60,80 ( altımış manat səksən) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan- faktiki olaraq təmiz çəkisi 8 kq 216,8 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilməsini və avtomobilə baxış keçirilməsini, eləcə də təqdim olunan əşyaya baxış aparılmasını özündə əks etdirən 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 15 mart 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan- 8 kq 216,8 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bir ədəd “Redmi" markalı mobil telefon təqsirləndiirlən şəxsin ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatı xərci kimi 60,80 ( altımış manat səksən) qəpik məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Aqil Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-331/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-331/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver