Məhkəmə qərarları › İş №1(099)-332/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-332/2022

17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-332/2022 17.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi - hakim Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər: Nəbiyev Cəlil Cabbar oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1970-ci ildə Lerik rayonu, Cəngəmiran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Lerik rayonu, Cəngəmiran kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdə, saat 11 radələrində Lənkəran rayonunun Qurumba kəndinin ərazisində Lənkəran rayonunun Yuxarı-Nüvədi kənd sakini X1 şəxsi istehlak miqdarından artıq 0,211 qram çəkidə psixotrop maddə hesab olunan metamfetamini, şəxsi istehlak miqdarından az miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 3,894 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 10,766 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz əldə edərək üzərində saxlamaqla daşımış, həmin gün Lerik RPŞ-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində o, saat 13:50-də Lerik şəhəri, Nəriman Nərimanov küçəsində saxlanılmış, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarının arxa sol cibində saxladığı bir ədəd “Classic” markalı siqaret qutusunun içərisində olan bir ədəd kibrit qutusu və bir ədəd siqaret kağızından hazırlanmış bükümdə təmiz çəkiləri – 3,894 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd “Kenu” markalı siqaret qutusunun içərisində olan dörd ədəd sellofan bükümdə təmiz çəkiləri - 10,766 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və siqaret kağızından hazırlanmış yeddi ədəd bükümdə təmiz çəkiləri – 0,211 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci il yanvar ayının 26-da saat 13 radələrində Lənkəran şəhərinin Qurumba kəndində “Mamu” adı ilə tanınan Şahin Mustafayevdən narkotik alıb Lerik şəhərinə qayıdarkən Ədalət adında polis əməkdaşı tərəfindən rayonun girəcəyində saxlanılmış və Lerik rayon polis şöbəsinə aparılmışdır. Şöbədə vəkilin iştirakı ilə baxış zamanı şalvarının cibində olan iki ədəd siqaret qutularından yeddi ədəd bükümdə metamfetamin və bir ədəd kibrit qutusunda marixuana aşkar olunmuşdur. Cibində iki qutu siqaret olmuşdur. Narkotiki Mamu adlı şəxsdən 70 manata almışdır. Həm marixuana həm də metamfetamindən istifadə etmişdir. Ondan heroin aşkar olunmamışdır. Heroin polis əməkdaşı tərəfindən fotoçəkiliş vaxtı stolun üstünə qoyulmuşdur. Heç kimə narkotik satmamışdır. Saxlanılmamışdan bir neçə gün sonra qızının toyu olmalı idi, narkotkin bir hissəsini satıb qızına üzük almaq istəmişdir. Şahini çoxdan tanıyır, əvvəllər onunla bir neçə dəfə görüşmüş, lakin ondan narkotik almamışdır. Polis əməkdaşı Şahid1 dəfələrlə ona narkotkidən istifadə etdiyinə və satdığına görə tutulacağı barədə xəbərdarlıq etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Lerik rayon polis şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Lekrik rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən 26 yanvar 2022-ci il tarixdə saat 13 radələrində o, rayonun ərazisində saxlanılmış və şöbəyə aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun sağ arxa cibində “Kenu” və “Classic” markalı siqaret qutuları, “Classic” markalı siqaret qutusunun içərisində kibrit qutusunda siqaret kağızına bükülmüş narkotik vasitəyə oxşar yaşıl rəngli kütlələr, “Kenu” markalı siqaret qutusunun içərisində isə 4 ədəd sellofan bükümdə içərisində narkotik vasitəyə oxşar qəhvəyi rəngdə toz halında kütlələr, həmçinin siqaret kağızından hazırlanmış 7 ədəd bükümdə isə ağ rəngli, toz halında kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotiki Lənkəran rayonu Qurumba kəndinin ərazisində Şahin adlı şəxsdən əldə etdiyini bildirmişdir. Səhərisi gün keçirilmiş əməliyyat axtarış tədbirinin davamı olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik satan şəxs Lənkəran rayonunun Yuxarı-Nüvədi kənd sakini X3r. Bundan sonra Şahin Mustafayevin yaşadığı evə baxış keçirilmiş və evində narkotik vasitə aşkar edilmişdir. Sonra o, saxlanılmış və barəsində qanuni tədbir görülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə mahiyyətcə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 26 yanvar 2022-ci il tarixdə saat 15 radələrində polis şöbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olan Lerik rayon sakini Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış və axtarışda hal şahidi qismində iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ arxa cibində “Keno” və “Classic” markalı siqaret qutuları aşkar edilmişdir. “Classic” markalı siqaret qutusunun içərisində bir ədəd kibrit qutusunda və mürəkkəb rəngində siqaret kağızına bükülmüş bükümdə içərisində narkotik vasitəyə oxşar yaşıl rəngli kütlələr aşkar edilmişdir. Həmin siqaret qutusunun içərisində qurumuş halda yaşıl rəngdə kütlələr olmuşdur. “Kenu” markalı siqaret qutusunun içərisində isə 4 ədəd sellofan bükümdə içərisində narkotik vasitəyə oxşar qəhvəyi rəngdə toz halında kütlələr, həmçinin siqaret kağızından hazırlanmış 7 ədəd bükümdə isə ağ rəngli, toz halında kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin aşkar olunmuş narkotik vasitəyə oxşar kütlələrin ona məxsus olduğunu və istifadə etmək məqsədilə aldığını demişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi-bioloji ekspertizasının 26 yanvar 2022-ci il tarixli, 19/101 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -3,266 qr; -0,628 qram, ümumi təmiz çəkisi 3,894 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -7,081 qr; -1,492 qr; -1,333 qr; -0,86 qram, ümumi təmiz çəkisi -10,766 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,037 qr; -0,038 qr; -0,021 qr; - 0,028 qr; 0,031 qr; -0,024 qr; -0,032 qram, ümumi təmiz çəkisi -0,211 qram olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 29 yanvar 2022-ci il tarixli, 111 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən və metamfetamin-dən sui-istifadə edilməsi ilə nəticələnən polinarkomaniya xəstəliyi aşkar olunur. Polinarkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 mart 2022-ci il tarixli, 729 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, cinayət hadisəsini törədərkən və hadisədən əvvəl xroniki psixi xəstəlik, kəmağıllıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri qeyd edilməyib. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk və idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak edə bilər. Onun əməli CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmədə tədqiq edilmiş 26 yanvar 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarının sol cibindən “Kenu” və “Classik” markalı siqaret qutuları, “Classik” markalı siqaret qutusunun içərisində 1 ədəd kibrit qutusunda və mürəkkəb rəngində kağıza bükülmüş bükümdə narkotik vasitəyə oxşar qurumuş halda yaşıl rəngli kütlələr, “Kenu” markalı siqaret qutusunun içərisində sellofanda 4 ədəd bükümdə narkotik vasitəyə oxşar toz halında qəhvəyi rəngli kütlələr və mürrəkkəb rəngli siqaret kağızından hazırlanmış 7 ədəd bükümdə içərisində toz halında ağ rəngli psixotrop maddə metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Məhkəmədə tədqiq edilmiş telefon danışıqlarına baxış keçirilməsi haqqında 15 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Lerik rayonunun Cəngəmiran kənd sakini Təqsirləndirilən şəxs 01, 03, 05, 06, 07, 08, 09, 10, 11, 12, 13, 14, 15, 22, 23, 24, 25 yanvar 2022-ci il tarixlərdə mütəmadi olaraq Lənkəran rayonunun Yuxarı-Nüvədi kənd sakini X2 istifadəsində olan ***-***-**-** saylı mobil abunə nömrələri ilə danışmış, onlardan 05, 06, 10, 11, 12 yanvar 2022-ci il tarixlərdə aparılan danışıqlar zamanı hər ikisi eyni, yəni Lənkəran rayonunun Yuxarı-Nüvədi kəndinin anten əhatə dairəsində olmuşlar. 1 fevral 2022-ci il tarixli qərarla ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,854 qram marixuana, 10,646 qram heroin və 0,141 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Lerik RPŞ-nin əşyaları saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** və Lənkəran rayonu Yuxarı-Nüvədi kənd sakini X2 istifadəsində olan ***-***-**-** saylı mobil abunə nömrələri ilə 01 yanvar 2022-ci il tarixdən 01 fevral 2022-ci il tarixədək olan müddətdə hansı ötürücü stansiyaların əhatə dairəsində aparılan danışıqlar, daxil olan və çıxan zənglər, SMS-lər, eləcə də həmin mobil telefon sahiblərinin anket məlumatları özündə əks etdirən 1 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 14 mart 2022-ci il tarixli qərarla həmin cinayət işindən X4 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında narkotik vasitə heroinin ona məxsus olmaması, şöbədə baxış və fotoçəkiliş aparılarkən heroinin stolun üstünə qoyulmasına dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunan külli miqdarda heroinin ona məxsus olmaması ilə bağlı göstərdiyi xüsusat 26 yanvar 2022-ci il tarixli şəxsi axtarış aparılması və götürmə haqqında istintaq hərəkəti protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 Təqsirləndirilən şəxs üzərində aşkar olunan az miqdarda marixuana və metamfetaminlə yanaşı külli miqdarda heroinin də aşkar olunduğunu bir daha israrla təsdiq etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində saxlanılmamışdan bir neçə gün sonra qızının toyuna hazırlaşdığını, qanunsuz üzərində saxlayıb daşıdığı narkotiki satıb qızına üzük alacağını, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə bu əməllərə son qoyulması ilə bağlı polis əməkdaşı Şahid1 tərəfindən dəfələrlə ona xəbərdarlıq olunduğunu etiraf etmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən Təqsirləndirilən şəxs narkotikləri Lənkəran rayon sakini Şahin Mustayevdən 70 manat pulun müqabilində Qurumba kəndinin ərazisində əldə edib siqaret qutularında daşıyıb üzərində qanunsuz saxlaması və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələri və psixotrop maddəni qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin və marixuana narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramdan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tanışı Şahin Mustafayevdən 70 manat pulun müqabilində aldığı külli miqdarda narkotik vasitə heroini, habelə şəxsi istehlak miqdarından az miqdarda qurudulmuş marixuananı və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs CM-nin qeyd olunan maddəsi ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 26 yanvar 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 28 yanvar 2022-ci il tarixdə CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Lerik Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakerizə olunur (ictimai yerlərdə fəal iştirak etmiş, Vətənin mənafeyini öz şəxsi mənafeyindən üstün tutmuş, vətənpərvərliyi ilə seçilmişdir). İş materiallarında olan 13 aprel 2022-ci il tarixli 74 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2004 və 2006-cı il təvəllüdlü Fidan və Ravin adında iki uşağı vardır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddənin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 26 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin olunmaqla, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və hazırda Beyləqan RPŞ-də saxlanılan 3,854 qram marixuana, 10,646 qram heroin, 0,141 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 01 ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 26 yanvar 2022-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin olunmaqla, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Lerik RPŞ-nin maddi sübutları saxlama anbarında saxlanılan 3,854 qram qurudulmuş marixuana, 10,646 qram heroin və 0,141 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar