Məhkəmə qərarları › İş №1(099)-332/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-332/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-332/2023 20.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi - X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə 19 sentyabr 1996-cı ildə Ağcabədi rayonu, Sarvanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağdam şəhəri, Füzuli küçəsi, ev 11-də qeydiyyatda olmaqla, Ağcabədi rayonu, Kəhrizli kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin dördüncü hissəsinin tələblərinə zidd olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan 24 noyabr 2022-ci il tarixdə saat 19 radələrində anası X2 məxsus “VAZ 2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə maksimum hərəkət surətinin 50 km/saata qədər məhdudlaşdırıldığı Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli – Şərəfxanlı kənd avtomobil yolunda Şərəfxanlı kənd tam orta məktəbi istiqamətində həmin Qanunun 64-cü maddəsinin birinci hissəsinin tələblərinə zidd olaraq 80-90 km/saat sürətlə hərəkət edərkən həmin yolun Şərəfxanlı kəndi ərazisindən keçən hissəsində qarşıdan gələn nəqliyyat vasitəsinin fara işıqları onun gözlərini qamaşdırdığından göstərilən Qanunun 73-cü maddəsinin dördüncü hissəsinin üçüncü bəndinin tələblərinə əsasən sürücünün gözü qamaşdıqda qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişdirmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı olduğu, qeyd edilən tələblərə riayət edəcəyi təqdirdə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda onlara riayət etmədiyindən hərəkət zolağında piyada hərəkət edən X5 vuraraq sonuncunun ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sağ bud sümüyünün qapalı qəlpəli sınığı, sol bud sümüyünün qapalı qəlpəli sınığı, sağ baldır sümüklərinin qapalı qəlpəli sınıqları, sol baldır sümüklərinin açıq qəlpəli sınıqları, belin sağ tış səthində qançır, sol qasıq nahiyəsində sıyrıq, hər iki baldır nahiyəsində əzilmiş yara, travmatik şok kimi xəsarətlər alaraq ehtiyatsızlıqdan Asim Əliyevin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, bundan sonra zərərçəkmiş şəxsə ilkin tibbi yardımın göstərilməsi və yaxınlıqdakı tibb müəssisəsinə çatdırılması üçün mümkün olan tədbirləri görmədən qeyd olunan Qanunun 37-ci maddəsinin dördüncü bəndində nəzərdə tutulan digər vəzifələri yerinə yetirmədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi halda qəsdən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur, lakin harasa getməyə lazım olanda anasının adına olan özlərinə məxsus VAZ 2106 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı maşından istifadə edir. 24 noyabr 2022-ci il tarixdə axşam saat 18-19 radələrində çörək almaq üçün həmin avtomobillə Ağcabədi rayonu, Kəhrizli kəndi ərazisi istiqamətindən Şərəfxanlı kəndi istiqamətinə hərəkət etmiş, maşında özündən başqa heç kim olmamışdır. Avtomobili təxminən 80-90 km/saat sürətlə idarə edərkən qarşıdan gələn hansısa avtomobil onun yanından keçdikdən sonra yolun hərəkət hissəsi ilə qarşı tərəfdən piyada gələn şəxsi görməmiş və avtomobilin qabaq orta hissəsi ilə həmin şəxsi vurmuş, 10-15 metrdən sonra maşını saxlamış, geri qayıdaraq vurduğu şəxsə yaxınlaşmışdır. Həmin vaxt yanında adını sonradan bildiyi Heydər adlı şəxs maşını saxlamış, təcili tibbi yardıma zəng etmiş, lakin təcili tibbi yardım gəlmədiyi üçün onlar Asimi Heydərin maşınına qoyub Ağcabədi rayon mərkəzi xəstəxanasına yola düşmüşlər. Ağcabədi rayonu, Hüsülü kəndi ərazisində qarşıdan gələn təcili tibbi yardım avtomobilini saxlatdırmış, atası Mürşüd onların yanına gəlmiş, Asimi həmin maşına qoyub xəstəxanaya yola salmışlar. Atası onu təcili tibbi yardım avtomobilinə əyləşməyə qoymamış və demişdir ki, oradan qaçıb çıxıb evə getsin. O, da atasının həmin yerə gəldiyi Qazel markalı maşına əyləşib evə getmişdir. Evdə olarkən eşitmişdir ki, atası Mürşüd polis şöbəsinə gedib hadisəni öz üzərinə götürmüşdür. Bundan sonra hadisə yerinə qayıtmamış və evdə qalmışdır. Bir neçə gündən sonra polis əməkdaşları vasitəsilə müəyyən edilmişdir ki, hadisəni atası yox, o törətmişdir. Hadisəni törədən zaman sərxoş vəziyyətdə olmamışdır. Ağdam rayonunda qeydiyyatda olsa da, faktiki olaraq məcburi köçkün kimi Ağcabədi rayonu Kəhrizli kəndində məskunlaşmışlar. Hazırda vərəm xəstəliyindən əziyyət çəkir və İxtisaslaşdırılmış müalicə müəssisəsində müalicə alır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsin atası ilə barışmışlar. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməlləri özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, mərhum Asim Əliyev onun doğma oğludur. 24 noyabr 2022ci il tarixdə axşam saatlarında qardaşı oğlu Elvin ona zəng edərək Asimi avtomobil vurmasını və rayon mərkəzi xəstəxanasına aparılmasını bildirmiş, dərhal Ağcabədi rayon Mərkəzi Xəstəxanasına getmiş, xəstəxanaya çatanda artıq Asim ölmüşdür. Xəstəxanada eşitmişdir ki, Kəhrizli kəndində, Qarqar çayının yaxınlığında yaşayan Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi avtomobil ilə oğlu Asimi Şərəfxanlı kəndi ərazisində vurmuşdur, daha sonra hadisə yerindən qaçmışdır. Onun hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, Qadirlə barışmışdır. İş materiallarında olan və məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X1 notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 24 noyabr 2022-ci il tarixdə saat 19:00 radələrində evdə olarkən kimsə ona zəng edərək oğlu Qadirin maşınla adam vurduğunu bildirmişdir. Dərhal hadisə yerinə yollanmış, hadisə yerində Qadiri görməmişdir. Hadisə yerinə toplaşan camaatdan eşitmişdir ki, Qadir vurduğu adamı taksi ilə xəstəxanaya aparmışdır. Dərhal maşınına minib Ağcabədi rayon istiqamətinə yollanmış, Hüsülü kəndinə çatdıqda görmüşdür ki, Qadir taksi sürücüsü Heydər ilə birlikdə xəsarət alanı təcili tibbi yardım maşınına yerləşdirirlər. Orada Qadirə demişdir ki, maşına minib evə getsin, Asimi özü xəstəxanaya çatdıracaq. Asimi təcili tibbi yardım avtomobili ilə Ağcabədi rayon mərkəzi xəstəxanasına aparmış, Heydər isə geri qayıtmışdır. Xəstəxanaya çatdıqda Asim orada ölmüşdür. Daha sonra özü rayon polis şöbəsinə gedib yol-nəqliyyat hadisəsi törətməyi barədə yalandan məlumat vermişdir. Bunu ona görə etmişdir ki, oğlu Qadir yeni ailə qurduğundan oğlunun tutulmasını istəməmişdir. Sonradan polislər tərəfindən müəyyən edilmişdir ki, hadisəni oğlu Qadir törətmişdir. Etdiyi hərəkətə görə çox peşmandır. Ağdam şəhəri, Füzuli küçəsi ev 11-də qeydiyyatda olsa da, ailəsi ilə birlikdə məcburi köçkün kimi Ağcabədi rayonu Kəhrizli kəndində məskunlaşmışdır. Hazırda oğlu Qadir vərəm xəstəliyindən əziyyət çəkir. Mərhum Asimin atası İldırım Əliyevlə barışmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 24 noyabr 2022-ci il tarixdə saat 19 radələrində Şərəfxanlı kəndi ərazisində yolun ortasında bir neçə tanımadığı şəxsin toplaşmasını görüb maşını saxlamış, orada Qadiri görmüş, ondan nə baş verməsini soruşmuş, Qadir ona bildirmişdir ki, avtomobil idarə edən zaman bir nəfər şəxs qarşısına qəflətən çıxmış, onu vurmuşdur. Hadisə yerində dərhal təcili tibbi yardıma zəng etmiş, lakin təcili tibbi yardım gəlib çıxmadığından onlar xəsarət alanı maşına mindirib Qadirlə birlikdə Ağcabədi rayon mərkəzi xəstəxanası istiqamətinə yollanmışlar. Ağcabədi rayonu, Hüsülü kəndi ərazisinə çatdığı zaman təcili tibbi yardım maşınını görüb onu saxlatdırmış, öz maşınından Asimi təcili tibbi yardım maşınına yerləşdirmişlər. Həmin vaxt Qadirin atası Mürşüd də oraya gəlmiş və Asimi təcili tibbi yardım maşını ilə xəstəxanaya aparmış, özü isə oradan evə qayıtmışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 46 saylı rəyindən görünür ki, X3 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - sağ bud sümüyünün qapalı, qəlpəli sınığı, sol bud sümüyünün qapalı qəlpəli sınığı, sağ baldır sümüklərinin qapalı, qəlpəli sınıqları, sol baldır sümüklərinin açıq qəlpəli sınıqları, belin sağ tış səthində qançır, sol qasıq nahiyəsində sıyrıq, hər iki baldır nahiyəsində əzilmiş yara, travmatik şok. - yuxarıda qeyd olunan xəsarətlər X3 ölümündən bir qədər əvvəl bədənin ağır küt travması nəticəsində törənmişlər, qeyd edilən bütün xəsarətlər həyati olmaqla, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə birbaşa səbəbli əlaqədədirlər. - X3 ölümünə səbəb hər iki bud sümüklərinin və hər iki baldır sümüklərinin çoxsaylı sınıqları nəticəsində əmələ gəlmiş travmatik şok olmuşdur. - meyit əlamətlərinin inkişaf dinamikasına əsasən demək olar ki, X3 ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-4 saat əvvəl, yəni xx.xx.2022-ci il tarixdə baş vermişdir. - X3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1 (bir) promilli etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir (4411/K saylı, xx.xx.2022-ci il tarixli məhkəmə-kimyəvi akt). Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 02 dekabr 2022-ci il tarixli 4416/K №-li rəyindən görünür ki, Şahid1 götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 09 dekabr 2022-ci il tarixli, 752 N-li məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-lifli materialların kriminalistik ekspertizasının 27 dekabr 2022-ci il tarixli 6/6833 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid1, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və VAZ-21063 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol oturacağının üzlüklərinin (oturacaq və söykənəcək hissələrin üzlükləri) səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş VAZ-21063 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol oturacağının üzlüklərinin (oturacaq və söykənəcək hissələrin üzlükləri) üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Şahid1 məxsus olduğu qeyd edilən cins şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş VAZ-21063 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol oturacağının üzlüklərinin (oturacaq və söykənəcək hissələrin üzlükləri) üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən cins şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Şahid1 məxsus olduğu qeyd edilən cins şalvarın üzərindən aşkar edilmiş qırmızı rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə VAZ-21063 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol oturacağının üzlüklərinin (oturacaq və söykənəcək hissələrin üzlükləri) tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən cins şalvarın üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında VAZ-21063 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol oturacağının üzlüklərinin (oturacaq və söykənəcək hissələrin üzlükləri) tərkib liflərindən yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 15 fevral 2023-cü il tarixli 8/339 №-li rəyindən görünür ki, VAZ 2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ 2106 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanserinin 03 mart 2023-cü il tarixli, 370 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 24 noyabr 2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Ağcabədi rayonu, Şərəfxanlı kəndi ərazisində yerləşir. Hadisə baş verən ərazinin yaşayış yeri olması, maksimum hərəkət sürətinin 50 km/saat olması, yolun bir hərəkət hissəli, iki hərəkət istiqamətli, iki hərəkət zolaqlı olmaqla döngəsiz, asfalt örtüklü, quru, düz və hamar olması, görmə məsafəsinin məhdud olmaması, yolun sağ və sol kənarlarında yol çiyni olması, həmin ərazidə heç bir yol nişanlarının olmaması, yolun hər iki hərəkət istiqamətinin eninin 3 metr olması müəyyən edilmişdir. Cinayət işində olan X12 Dispanserinin 28 fevral 2023-cü il tarixli 212 N-li arayışından görünür ki, Təqsirləndirilən şəxs X12 Dispanserində dispanser müşahidəsində deyildir. Cinayət işində olan Ağdam rayon Mərkəzi xəstəxanasının 28 fevral 2023-cü il tarixli 103 N-li arayışından görünür ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyatda yoxdur. Cinayət işində olan Ağcabədi RQİ və TBŞ-dən alınan xx.xx.2023-cü il tarixli 3-13- 16-1/2-189/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi DİN-in BDYPİ-nin mərkəzi informasiya sistemində qeydə alınmamışdır. İş materiallarında olan 28 fevral 2023-cü il tarixli 103 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam şəhəri, Füzuli küçəsi, ev 11-də qeydiyyatda olsa da, hazırda ailəsi ilə birlikdə Ağcabədi rayonu Kəhrizli kəndində yaşayır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayonu Kəhrizli kəndi üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınan təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirməmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası daxilində ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilməsinə, habelə şərti məhkum etmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, hazırda Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində vərəm xəstəliyindən müalicə almasını, ailəsinin Ağdam rayonundan məcburi köçkün və ailəyə yeganə qazanc gətirən şəxs olmasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarının, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr 2013-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, eləcə də, cinayət məsuliyyətindən yayınmamasına dəlalət edən və əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aşağı həddə azadlıqdan məhrum etmə cəzası və CM-nin 264-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası, həmin Məcəllənin 68.1.1-1, 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunacaq əsas cəzaları qismən, əlavə cəzaları isə tam toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-in 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı bir mövcud olduğu halda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda qeyd olunan qanunun müddəasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 263-1.3-cü maddəsində azadlıqdan məhrum etmə cəzasının son həddi 8 il olduğundan ona həmin cəzanın dörddə üçündən, yəni 6 ildən artıq azadlıqdan məhrum etmə cəzası, CM-nin 264-cü maddəsində azadlıqdan məhrum etmə cəzasının son həddi 2 il olduğundan ona həmin cəzanın dörddə üçündən, yəni 1 il 6 aydan artıq azadlıqdan məhrum etmə cəzası təyin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan yüngülləşirən hallar təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hallardır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə təyin ediləcək qəti cəza ilə bağlı cəzaçəkmə müəssisəsinin növünə münasibət bildirərək qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyun 2013-cü il tarixli qərarına əsasən şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyinə əsasən məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə qəsdən törədilən böyük ictimai təhlükə törətməyən – Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə əsas cəza qismində azadlıqdan məhrum etmə deyil, azadlığın məhdudlaşdırılması cəzası təyin olunacağından, eyni zamanda ehtiyatsızlıqdan törədilən – Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə təyin olunacaq əsas cəzanın – azadlıqdan məhrum etmənin müddəti 5 ildən artıq olmadığından, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. 4 dekabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 6 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin gün barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 4 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli onun faktiki həbsə alındığı andan, yəni 4 dekabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi və mənəvi zərərlə bağlı, yaşadığı ərazi üzrə, rayon (şəhər) məhkəməsində mülki iddia vermək hüququnun olmasını izah edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 174 (yüz yetmiş dörd) manat tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut yoxdur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiqinə zərurət yoxdur. Belə ki, Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2 maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bu iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hesab edilsin, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən və əlavə cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 dekabr 2022-ci ildən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 174 (yüz yetmiş dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar