Məhkəmə qərarları › İş №1(099)-334/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-334/2022

03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-334/2022 03.06.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 2001-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvələr məhkum olunmamış, işləməyən, Salyan şəhəri, Qalalı küçəsi ev 2-də qeydiyyatda olmaqla barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına «Azər» adı ilə tanıdığı şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü tərəfindən qanunsuz olaraq əldə edilib, daşınaraq Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən 104-cü kilometrliyində, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında, Əliabad-Xırmandalı sözləri yazılmış yol nişanının yanında gizlədilmiş bir ədəd çantanın içərisindəki külli miqdarda, 1955,0 qram narkotik vasitə heroinin, külli miqdarda, 4465,0 qram psixotrop maddə metamfetaminin, külli miqdarda, 2,8 qram narkotik vasitə metadon və şəxsi istehlak miqdarından artıq miqdarda, 75,108 qram narkotik qurudulmuş marixuananı əldə etmək məqsədilə 05 yanvar 2022-ci il tarixdə saat 19:20 radələrində cinayətdən xəbərsiz olan tanışı Şahid5 ilə həmin yerə gələrək qeyd edilən narkotik vasitəni və psixotrop maddəni gizlədildiyi yerdən götürüb, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən, daxil olmuş məlumat əsasında Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən 104-cü kilometrliyində, Lukoil yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində əlindəki çantaya baxış keçirilən zaman bir ədəd plastik qabın içərisində külli miqdarda, 1955,0 qram narkotik vasitə heroin, 3 ədəd plastik qabda, ayrıayrılıqda 1475,0 qram, 1510,0 qram, 1480 qram, ümumilikdə 4465,0 qram psixotrop maddə metamfetamin, tərkibindəki metadon narkotik vasitəsinin təsiredici maddəsinin ümumi miqdarı 2,8 qram təşkil edən 14 ədəd konvalyutda hər biri 5 ədəd olmaqla ümumilikdə 70 ədəd metadon həbləri və bir ədəd mavi rəngli sellofan torbadan şəxsi istehlak miqdarından artıq miqdarda, 75,108 qram narkotik qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən (yəni narkotik vasitə deyil, zinyət əşyaları gətirmək üçün Biləsuvar rayonuna getməkdə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamış, baş vermiş hadisəyə qədər cəmi iki dəfə qurudulmuş marixuana istifadə etmişdir. 2020-ci ildə hərbi xidmətdə olmuş, İkinci Qarabağ müharibəsi zamanı əsgər kimi müharibə zonasına ezam olunaraq hərbi əməliyyatlarda iştirak etmişdir. Bakı şəhərində yerləşən “Meyvəli” bazarında fəhlə kimi işləyərək ailəsini dolandırır. Azər adlı şəxsi Biləsuvar rayonuna gəlməmişdən təxminən 3 gün əvvəl “Meyvəli” bazarında Azərə məxsus olan avtomobilin yük yerinə meyvə yükləyən zaman tanımışdır. Həmin vaxt Azər ona məxsus olan mobil telefon nömrəsini götürmüş və Salyan rayonunda yerləşən yaşadığı evə gəlib-gəlmədiyini soruşmuşdur. O da Azərə Salyan rayonuna xəstə anasını həkim yanına aparmaq üçün gəldiyini bildirmişdir. 05 yanvar 2022ci il tarixdə saat 16:40 radələrində Azər ona “WhatsApp” proqramı vasitəsilə zəng edərək Biləsuvar rayonunda Vüsal adlı bir şəxsin olduğunu və Biləsuvar rayonuna gəlib Vüsalın arvadına və uşağına məxsus olan qızıl zinyət əşyalarının yığıldığı çantanı Vüsal adlı şəxsdən götürüb Bakı şəhərinə aparmasını istəmişdir. Həmin çantanı Azərə aparması qarşılığında Azər ona 200 manat pul verəcəyini bildirmişdir. Pula ehtiyacı olduğuna və anasının müalicəsi üçün dərman almaq lazım olmasına görə Azərin bu təklifi ilə razılaşmışdır. Həmin vaxt yaşadığı evin həyətində işləyən dostu Şahid5 onunla birlikdə Biləsuvar rayonunda Vüsal adlı şəxsdən bir çantanı götürmək üçün gəlməsini xahiş etmişdir. Şahid5 da onun bu sözünə heç bir etiraz etməmiş və Biləsuvar rayonuna gəlməyə razılaşmışdır. Azər ona həmin çantanı Biləsuvar rayonunun giriş hissəsində yanacaqdoldurma məntəqəsinin yaxınlığında Vüsal adlı şəxsdən götürəcəyini bildirmişdir. Bundan sonra həmin gün saat 17:30 radələrində Salyan rayon avtovağzalına Şahid5la birlikdə getmiş və tanımadığı bir şəxsin idarə etdiyi “Mercedes” markalı avtomobilə əyləşib onları Biləsuvar rayonuna gətirməsini istəmişdir. Bİr müddət sonra Biləsuvar rayonuna gəlib rayonun giriş hissəsində yerləşən “Lukoyl” yanacaqdoldurma məntəqəsinin yanında taksidən düşmüşlər. Azərə “WhatsApp” proqramı vasitəsilə zəng edərək dediyi yerdə avtomobildən düşdüyünü və çantanı götürmək üçün Vüsal adlı şəxsi gözlədiyini bildirmişdir. Azər isə ona gözləməsini bildirmiş və fotoşəkil göndərərək çantanın həmin fotoşəkildə olan plakatın yanında olduğunu demiş, çantanı plakatın yanından götürməsini istəmişdir. O da avtomobildən düşdüyü yerdən təxminəm 100 metr uzaqlaşaraq “Xırmandalı-Əliabad” yazısı yazılmış plakata tərəf getmiş, lakin həmin plakatın yanına çatmağa az qalmış mülki paltarda olan polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş və hər ikisini saxlayaraq polis şöbəsinə gətirmişlər. Həmin vaxt polis əməkdaşları onun götürəcəyi çantanı da götürmüşlər. Polis şöbəsində həmin çantaya baxış keçirilərkən içərisindən külli miqdarda narkotik vasitə və metamfetamin aşkar edilmişdir. Əməlindən peşimandır, gənc olduğu üçün səhv əməl törədib, İkinci Qarabağ müharibəsində iştirak etmiş, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. 05 yanvar 2022-ci il tarixdə saat 16:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən bağ sahəsini fəhlə kimi şumlayarkən Aləddin ona yaxınlaşıb Biləsuvar rayonunda babasına məxsus olan VAZ- 2101 markalı avtomobilin xarab olduğunu, buna görə də birlikdə babasına köməklik etmək üçün Biləsuvar rayonuna gəlməsini xahiş etmiş, o da Təqsirləndirilən şəxs bu sözlərinə heç bir etiraz etməmiş və Biləsuvar rayonuna gəlməyə razılaşmışdır. Bundan sonra Aləddinlə birlikdə Salyan rayon mərkəzi avtovağzalına getmiş və yoldan keçən avtomobillərdən birini saxlayıb onları Biləsuvar rayonuna gətirməsini xahiş etmişdir. Bundan sonra “Mercedes” markalı avtomobillə Biləsuvar rayonuna gəlmişlər. “Lukoyl” yanacaqdoldurma məntəqəsinin yaxınlığına çatarkən Aləddin sürücüdən avtomobili saxlamasını istəmiş, avtomobil dayandıqdan sonra onlar yerə düşmüşdür. O, Aləddindən ayırılıb təxminən 10 metr uzaqlaşıb təbii ehtiyyaclarını ödəmək üçün yolun kənarına getmişdir. Təxminən 2-3 dəqiqə sonra Aləddinin yanına qayıdıb babasının idarə etdiyi avtomobilin harada olmasını soruşmuşdur. Aləddin isə ona yalan danışdığını, babasının idarə etdiyi avtomobil üçün Biləsuvar rayonuna gəlmədiyini, bir çantanı götürmək üçün gəldiyini bildirmişdir. O, yolun kənarında dayanmış, Aləddin isə Xırmandalı-Əliabad sözləri yazılmış lövhə istiqamətində piyada hərəkət etmişdir. Bundan təxminən 2 dəqiqə sonra mülki paltarda olan polis əməkdaşlarının Aləddini saxlamasını görmüşdür. Həmin polis əməkdaşları ona yaxınlaşıb Aləddinlə birlikdə olub-olmadığını soruşmuş, o da polis əməkdaşlarına Aləddinlə birlikdə Biləsuvar rayonuna gəldiyini bildirmişdir. Buna görə onu da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs olduğunu izah edərək Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Şöbədə onun üzərinə baxış keçirilsədə qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Aləddin götürdüyü çantadan narkotik vasitələr aşkar edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Salyan rayon sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. 05 yanvar 2022-ci il tarixdə saat 19:20 radələrində Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində “Lukoyl” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Xırmandalı kəndi istiqamətində başqa bir şəxslə piyada hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüş, Təqsirləndirilən şəxs yanındakı şəxsdən ayrılıb “Əliabad-Xırmandalı” sözləri yazılmış lövhənin yaxınlığına gedərək həmin lövhənin yanından bir ədəd çantanı götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs və yanında olan digər şəxsə yaxılaşıb özlərini təqdim etmiş, narkotik vasitələrin və psixotrop maddələrində qanunsuz dövriyyəsində şübhəli olmasını izah edərək Təqsirləndirilən şəxs əlindəki çanta ilə birlikdə rayon polis şöbəsinə gətirmişlər. Orada Təqsirləndirilən şəxs əldə etdiyi çantaya baxış keçirildikdə içərisində külli miqdarda heroin, metadon və qurudulmuş marixuana narkotik vasitələri, həmçinin metamfetamin psixotrop maddəsi aşkar edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşları Şahid4 və Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-fiziki kimyəvi və bioloji ekspertizasının 06 yanvar 2022-ci il tarixli 19/15 saylı rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində «... Təqsirləndirilən şəxs məxsus olan idman çantasından aşkar edilmiş kütlələr....» sözləri və imzalar olan bir ədəd bağlamadakı 1 ədəd plastik qabda təmiz çəkisi 1955,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 03 ədəd plastik qablarda ayrı-ayrılıqda təmiz çəkiləri 1470,0 qram, 1510,0 qram, 1480 qram, ümumi təmiz çəkisi 4465,0 qram olan ağ kristal formada olan maddələr metamfetamindirlər, 01 bükümdə təmiz çəkisi 75,108 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadır və 14 ədəd kobvalyut kəsiklərində hər birində 05 ədəd olmaqla ümumi sayı 70 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər metadondur, həblərin təsiredici maddəsinin ümumi miqdarı 2,8 qramdır (hər bir həbdə 0,04 qram) Heroinin təmiz çəkisi 1955,0 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 1954,95 qram, metamfetaminin ümumi təmiz çəkisi 4465,0 qram, cəmi tədqiqata sərf edildi 0,15 qram, qalıq 4464,85 qram, Marixuananın təmiz çəkisi 75,108 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 75,088 qram, Metadon həb-70 ədəd, cəmi tədqiqata sərf edildi 7 ədəd, qalıq 63 ədəd. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan 10 fevral 2022-ci il tarixli 159 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 05 yanvar 2022-ci il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar ərazisindən götürdüyü çanta açılıb baxıldıqda 4 ədəd plastik qabın olması və üzəri letlə bağlanmış iki ədəd bağlamanın olması müəyyən edilmişdir. Ümumilikdə isə çantada heroin, 70 ədəd həb metadon və qurudulmuş marixuana narkotik vasitələri, həmçinin metamfetamin psixotrop maddə aşkar edilmişdir. İş materiallarında olan 28 yanvar 2022-ci il tarixli Aləddin Həsəova məxsus «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan, həmçinin məhkəmə istintaqı zamanı da keçirilmiş baxışdan müəyyən edilmişdir ki, Həsənov X2 məxsus olan mobil telefon «Samsung J-2 » markalı, qızılı rəngli mobil telefondur. Telefonun “mesajlar”, hissəsinə baxarkən İran İslam Respublikasının operatorlarına məxsus olan +**********99 mobil nömrəsindən adı “Bratva” kimi yazılmış şəxs tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəngin gəlməsini göstərən mesajın göndərilməsi müəyyən edilmişdir. Həmin mobil telefonun “Qalareya” bölümünə baxış keçirilərkən Təqsirləndirilən şəxs içərisində külli miqdarda narkotik vasitə və psixotop maddə olan çantanı götürdüyü Əliabad-2, Xırmandalı-3, Bəydili-4, Biləsuvar-9 sözləri yazılmış yol nişanını göstərən göy rəngli lövhənin və həmin lövhənin yaxınlığındakı boş ərazinin fotoşəklinin göndərilməsi müəyyən edilmişdir. Telefonun kontaktlar hissəsinə baxan zaman “Bratva” adının qeyd edildiyi +**********99 saylı mobil nömrəsinin olması müəyyən edilmişdir. Telefonun “WhatsApp” proqramına baxış keçirilən zaman isə adını “Bratva” kimi yazdığı +**********99 saylı mobil nömrəsindən 05 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Biləsuvar ərazisindən narkotik vasitələr əldə etməsi mövzusunda qarşılıqlı danışıqlar aparılmışdır. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 08 yanvar 2022-ci il tarixli qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 1954,95 qram narkotik vasitə heroin, 4464,85 qram psixotrop maddə metamfetamin, 75,088 qram narkotik vasitə qurudulmuş marixuanna və 63 ədəd metadon həbi maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında» 07 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Samsung Galaxsy J-2” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Biləsuvar Rayon Polis Şöbəsinin saxlanc otağına təhvil verilmişdir. İş materiallarında olan «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» 07 aprel 2022-ci il tarixli qərardan görünür ki, “Azər” adlı şəxsin, habelə Şahid5 törədilmiş cinayətə aidiyyətinin, cinayətin digər iştirakçılarının müəyyən etmək məqsədilə cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrı icraatda cinayət işi ayrılmışdır. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair Biləsuvar Rayon Polis Şöbəsinin Cinayət axtariş bölməsinin 05 yanvar 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” Şahid2 qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan 05 yanvar 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 05 yanvar2022-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Salyan şəhər İnzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 fevral 2022-ci il tarixli ailə tərkibi haqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu ünvan ünvanda qeydiyyatda olmaqla, ailə tərkibi təqaüddə olan babası və nənəsi, işləməyən anası və tələbə olan iki bacılarından ibarətdir, atası vəfat edib, yaşadığı müddətdə onun barəsində nümayəndəliyə şikayət və narazılıq daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “Biləsuvar rayonu ərazisində götürməli olduğu çantanın içərisində narkotik vasitələr deyil, zinyət əşyaları olmasını düşündüyünü” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, ifadəsinin qeyd olunan hissəsi obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddəni satış məqsədi ilə əldə etmişdir. Məhkəmə, onun ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edib, özündə saxlamaqla daşımasına görə pul qazanmaq niyyətində olması, onun məhz narkotik vasitəni əvəzli olaraq yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddələr “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc olması, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşiman olması, ilk məhkumluğunu məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin (təqaüddə olan babası və nənəsi, işləməyən anası və tələbə olan iki bacısı) həyat şəraitinə təsiri nəzərə almaqla cəzanın məqsədlərini təmin etmək üçün cəzanın daha ciddi həddinin təyin edilməsinə hər hansı bir əsas olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq ekspertiza tədqiqatından sonrakı qalıq 1954,95 qram narkotik vasitə heroin, 4464,85 qram psixotrop maddə metamfetamin, 75,088 qram narkotik vasitə qurudulmuş marixuanna və 63 ədəd metadon həbi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxsy J-2” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin əvvəlinin 05 yanvar 2022-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 yanvar 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq ekspertiza tədqiqatından sonrakı qalıq 1954,95 qram narkotik vasitə heroin, 4464,85 qram psixotrop maddə metamfetamin, 75,088 qram narkotik vasitə qurudulmuş marixuanna və 63 ədəd metadon həbi məhv edilsin. Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxsy J-2” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar