Məhkəmə qərarları › İş №1(099)-337/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-337/2022

20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-337/2022 20.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə xx xxxxxxxx 1990-cı il tarixdə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə təqsirli bilinib 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə və xx xxxxx 1965-ci il tarixdə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Hacıqabul rayon məhkəməsinin 29 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi ev 1-də qeydiyyatda olmaqla Hacıqabul şəhəri, Nizami küçəsi, ev 11-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs2 08 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Hacıqabul şəhəri Nizami küçəsində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,895 qram psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış və 09 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, D.Ağamalıyev küçəsində yaşadığı 10 nömrəli fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Hacıqabul RPŞ-yə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman qeyd olunan çəkidə psixotrop maddə metamfetamin əynində olan qara rəngli şalvarının sağ cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Osmanov X2 Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq ümumi təmiz çəkisi 1028,313 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroini, 1,862 qram çəkidə psixotrop maddə metamfetamini, 3,64 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlamış, daha sonra psixotrop maddə metamfetaminin 0,895 qram çəkidə hissəsini 08 yanvar 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı Hacıqabul şəhəri Nizami küçəsində tanışı Təqsirləndirilən şəxs1 heç bir maddi və sair mənfəət əldə etmədən vermiş və psixotrop maddə olan metamfetaminin 0,967 qram çəkidə olan hissəsi 0,062 qram və 0,905 qram olmaqla iki dədəd kağız bükümündə, heroin 1020 qram, 1,985 qram, 0,671 qram, 0,376 qram, 0,568 qram, 0,360 qram, 0,377 qram, 0,461 qram, 0,502 qram, 0,606 qram, 0,411 qram, 0,383 qram, 0,460 qram, 0,384 qram, 0,357 qram, 0,412 qram olmaqla 16 ədəd polietilen kəsiyi bükümlərində, 3,64 qram çəkidə olan marixuana isə bir kibrit qutusunda qablaşdırılmış halda 10 yanvar 2022-ci il tarixdə saat 11 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, Nizami küçəsində saxlanılaraq Hacıqabul RPŞ-yə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman əlində olan sellofan bükülünün və əynində olan qara rəngli gödəkçəsinin sağ cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, 9 yanvar 2021-ci il tarixdə günorta vaxtları qapıdan çıxıb küçə ilə gedərkən yolda bir bükümdə metamfetamin tapmışdır. Arabir narkotik vasitə istifadə etdiyi üçün tapdığı metamfetamini cibinə qoymuşdur. Sonra yaşadığı evə gedərkən Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayaraq Polis Şöbəsinə aparmışlar. Orada onun üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı cibində olan bir bükümdə metamfeamini özü təqdim etmişdir. O təxminən bir ay olardı ki, narkotik vasitələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs2 onun əmisi yerindədir, o Hüseynin yanında siqaret belə çəkmir. Ondan aşkar edilərək götürülmüş metamfetamini özü istifadə etmək üçün üzərində saxlamışdır. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, 10 yanvar 2022-ci il tarixdə evində yatarkən, polis əməkdaşları gəlib onu yaşadığı evdən götürüb, polis şöbəsinə aparmışlar. Orada qarşısına narkotik vasitəni qoyaraq ona məxsus olduğunu bildirmişlər. Lakin onun evində və üzərində o, qədər narkotik vasitə olmamışdır. Onun üzərində kibrit qutusunda yarım karopka marixuana olmuşdur. Lakin polislərin qoyduğu qədər narkotik olmamışdır. Polis əməkdaşları onu evdən apararkən qonşuları onu necə apardıqlarını görmüşlər. Polis şöbəsində videoçəkiliş zamanı hər şeyi boynuna almışdır ki, narkotik vasitə onundur. O Mehmana narkotik vasitə verməmişdir. İranlı ona narkotik vasitə göndərməmişdir. İstintaqda verdiyi ifadəni oxumadan imzalamışdır. Özünü narkotik vasitə saxlamaqda təqsirli bilir. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o sosial şəbəkədə tanış olduğu adını bilmədiyi İran İslam Respublikası vətəndaşı ilə danışıb ondan narkotik vasitə və psixotrop maddə alaraq satmaq qərarına gəlmişdir. Həmin İran vətəndaşı ilə razılaşmalarına əsasən narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və narkotik vasitə marixuananı Hacıqabul-Şirvan yolunda yerləşən körpünün yanına qoyacaqdır. 08 yanvar 2022-ci il tarixdə səhər saatlarında Hacıqabul-Şirvan yolunda olan körpünün yanına getmiş və orada gizlədilmiş paketi götürüb yaşadığı evə gəlmişdir. Evdə həmin paketi açdıqda içərisində narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin olmasını görmüşdür. O, elektron tərəzi vasitəsi ilə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini bükümlərə ayırmış, marixuana isə kibrit qutusunda olmuş və onları ciblərinə qoymuşdur. Həmin gün saat 12 radələrində küçədə olarkən qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq bədənində ağrıların olduğunu və varıdırsa psixotrop maddə metamfetamin verməyini xahiş etmişdir. O da üzərində olan bükümlərdəki metamfetamindən bir bükümü Mehmana vermişdir. Qarşılığında Mehmandan heç nə almamış və özünə də demişdir ki, həmin metamfetamini pay verir. Bundan sonra Mehman çıxıb getmişdir. 10 yanvar 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı Nizami küçəsində olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər və Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını bildirərək, onun barəsində əməliyyat məlumatının daxil olduğunu və üzərində qanunsuz narkotik vasitə gəzdirməkdə, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün onu RPŞ-yə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Hacıqabul RPŞ-yə gəlmişlər. RPŞ-də olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkil Füzuli Eyvazov təqdim olunmuş və vəkilin, o cümlədən polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, əlində olan göy rəngli sellofan bükümü təqdim edib, həmin selofanda narkotik vasitə heroin və bir ədəd elektron tərəzi olduğunu bildirmişdir. Daha sonra o, əynində olan qara rəngli gödəkcəsinin sağ cibindən iki ədəd kibrit qutusunu təqdim edib, həmin kibrit qutusunun birində narkotik vasitə marixuana olduğunu, birində isə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra təqdim etdiyi göy rəngli selofan açıldıqda içərisindən bir ədəd elektron tərəzi və narkotik vasitə heroin, kibrit qutuları açıldıqda, birinin içərisindən marixuana, birinin içərisindən isə 15 ədəd selofan bükümlərdə narkotik vasitə heroin, 2 ədəd kağız bükülüdə isə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Daha sonra təqdim etdiyi narkotik vasitə heroinlər, psixotrop maddə metamfetaminlər, narkotik vasitə marixuana və elektron tərəzi qablaşdırılmış, sonra protokol tərtib olunmuş və o da həmin protokola imza etmişdir. Onun mobil telefon nömrəsi olmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, maddi vəziyəti yaxşı olmadığı üçün, o cümlədən iş tapa bilmədiyindən narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir zorakılıq edilməmişdir. Mehmana 08 yanvar 2022-ci il tarixdə saat 12 radələrində bir ədəd bükümdə psixotrop maddə metamfetamini o, pay vermişdir. Narkotik vasitələri və psixotrop maddəni əldə etdiyi İran İslam Respublikası vətəndaşının anket məlumatları, harada yaşaması, istifadəsində hansı mobil telefon nöbmrəsinin olması barədə heç bir məlumatı yoxdur. İran İslam Respublikası vətəndaşının göndərdiyi narkotik vasitələri və psixotrop maddəni hansı yolla əldə etməsi barədə də heç bir məlumatı yoxdur. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunan cinayət əməllərini törətmələri Təqsirləndirilən şəxs1 məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə onlara tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş şahid Hacıqabul RPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 09 yanvar 2022-ci il tarixdə xidmətdə olarkən Hacıqabul şəhəri, D.Ağamaliyev küçəsi, ev 10-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması ilə məşğul olnması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra həmin qərarın icra olunması ilə bağlı o və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra Şahid2la birlikdə saat 17 radələrində məlumatın yoxlanılması məqsədilə Hacıqabul şəhəri D.Ağamaliyev küçəsində yaşadığı evin qarşısında küçədə Təqsirləndirilən şəxs1 görüb, ona yaxınlaşaraq özlərini təqdim edib barəsində narkotik vasitələrin gəzdirməsi ilə bağlı məlumat daxil olduğunu bildirərək, Təqsirləndirilən şəxs1 polis şöbəsinə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, o üzərində olan bir bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmiş və onu küçədə yerdən tapdığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümdə psixotrop maddə metamfetamin qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Daha sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs1 psixotrop maddəni Təqsirləndirilən şəxs2 əldə etməsi müəyyən edilmiş və keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 10 yanvar 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı evin yaxınlığında saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinə aparılmış, orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı o əlində olan göy rəngli selofan bükülünü və əynində olan qara rəngli qış gödəkcəsinin sağ cibindən iki ədəd kibrit qutusunu təqdim etmişdir. Həmin sellofan bükülü açıldıqda içərisindən narkotik vasitə heroinə bənzər maddə və bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 təqdim etdiyi iki ədəd kibrit qutuları açıldıqda, kibrit qutularının birindən narkotik vasitə marixuanaya bənzər kütlə, birindən isə 15 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və 2 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi maddələrin narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin olduğunu, onları sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşından əvvəlcədən aralarında olan razılaşmaya əsasən Şirvan-Hacıqabul yolunda olan körpünün altındakı gizlədilmiş yerdən əldə etdiyini, satış məqsədi ilə gəzdirdiyini, həmçinin qonşusu Təqsirləndirilən şəxs1 psixotrop maddəni pay verdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi maddələr qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və o da bütün iştirakçılar kimi həmin protokola imza etmişdir. Dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verdi. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə barədə 09 yanvar 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ cibindən bir ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə barədə 10 yanvar 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən əlində olan göy rəngli sellofandan narkotik vasitə heroinə bənzər maddə, bir ədəd elektron tərəzi, əynində olan qara rəngli qış gödəkcəsinin sağ cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, bir ədəd kibrit qutusunda 15 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər, 2 ədəd kağız bükümdə isə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olunaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 yanvar 2022-ci il tarixli, 18/26 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kağız bükümdə təmiz çəkisi- 0,895 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 10 yanvar 2022-ci il tarixli, 18/30-31 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə...” sözləri yazılmış polietilen torbada 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi - 1020 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə...” sözləri yazılmış kağız paketdə 01 ədəd kibrit qutusunun içərisində 15 ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkisi – 1,985 qram, 0,671 qram, 0,376 qram, 0,568 qram, 0,360 qram, 0,377 qram, 0,461 qram, 0,502 qram, 0,606 qram, 0,411 qram, 0,383 qram, 0,460 qram, 0,384 qram, 0,357 qram, 0,412 qram, ümumi çəkisi 8,313 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroindir. 01 ədəd polietilen torbada və 15 ədəd polietilen kəsiyi bükümlərində olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Heroinin ümumi çəkisi – 1028,313 qramdır. 02 ədəd kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkisi – 0,905 qr, 0,062 qr, ümumi çəkisi – 0,967 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. 01 ədəd kibrit qutusunun içərisində təmiz çəkisi-3,64 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd kağız bükümdəki metamfetamin ilə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd tərəzi” sözləri yazılmış kağız paketdə olan 01 ədəd elektron tərəzinin üzərində heroinin izi vardır. Məhkəmədə tədqiq edilmiş 10 fevral 2022-ci il tarixli 638 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş 24 fevral 2022-ci il tarixli 947 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs2 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Hacıqabul rayon mərkəzi xəstəxanası Publik hüquqi şəxsin 18 mart 2022ci il tarixli, 520 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 xəstəxananın konsultativ poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda deyildir. Lakin o, xx.xx.2022-ci il tarixdən etibarən xəstəxananın narkoloji kabinetində narkoman kimi qeydiyyatda dayanır. Təqsirləndirilən şəxs1 isə xəstəxananın konsultativ poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyildir. İşdə olan verilmiş əməliyyat tapşırığına cavab olaraq Hacıqabul RPŞ-nin raportunda göstərilmişdir ki, bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin, qurudulmuş marixuana, psixotrop maddə metamfetamini əldə etdiyi İran İslam Respublikası vətəndaşının şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olubolmamaları ilə bağlı bir sıra əməliyyat tədbirləri keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur, həqiqətən də Təqsirləndirilən şəxs1 psixotrop maddəni Təqsirləndirilən şəxs2 vermiş, lakin həmin psixotrop maddəni satıb-satmaması və ya pay verib-verməməsini müəyyən etmək mümkün olmamışdır. O cümlədən keçirilmiş bir sıra əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması, o cümlədən Təqsirləndirilən şəxs2la əlbir olmaqla həmin maddələrin satışını həyata keçirmələri ilə bağlı hər hansı bir əməliyyat məlumatı əldə olunmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarın 9-cu bəndinin 2ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilsə də onda aşkar edilərək götürülmüş bir bükümdə pixotrop maddə metamfetamini tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 da ifadəsində özünü qismən təqsirli bilərək ondan aşkar edilmiş yalnız bir bükümdə narkotik vasitə marixuananın ona məxsus olduğunu, digər kütlələrin ona məxsus olmadığını, Təqsirləndirilən şəxs1 psixotrop maddə metamfetamin satmadığını bildirmişdir. Məhkəmə yuxarıda qeyd edilən ifadələri təqsirləndirilən şəxslərin özlərini və biridigərini müdafiə məqsədi daşıyan ziddiyyətli ifadələr olmaqla, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadələr olduğundan, habelə məhkəmədə tədqiq edilmiş sübutlarla təkzib edildiyindən həmin ifadələrə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzrinə axtarış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən o üzərində olan bir bükümdə psixotrop maddə metamfetamini özü təqdim etmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 üzərinə vəkilinin iştirakı ilə və videoçəkilişlə baxış keçirilməsi və götürmə protokolundan görünür ki, onun üzərinə axtarış keçirilərkən üzərindən bir bükümdə külli miqdarda heroin və bir ədəd tərəzi, bir bükümdə psixotrop maddə metamfetamin, bir ədəd kibrit qutusunda qurudulmuş marixuana və bir ədəd kibrit qutusunda içərisində heroin olan 15 ədəd xırda bükümlər aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, o ibtidai istintaq zamanı verdiyi sərbəst ifadəsində narkotik vasitələrin instaqram səhifəsi vasitəsi ilə tanış olduğu tanımadığı İran vətəndaşı tərəfindən Hacıqabul rayonu ərazisində olan körpünün altına qoyulduğunu, onu satmaq məqsədi ilə götürdüyünü və bir bükümdə metamfetamini Təqsirləndirilən şəxs1 pay olaraq verdiyini səmimi etiraf etmişdir. Məhkəmədə dindirilmiş şahidlər Şahid1 və Şahid2 da ifadələrində Təqsirləndirilən şəxs2 üzərində külli miqdarda heroin və bir ədəd elektron tərəzi olan bağlamanın, bir bükümdə psixotrop maddə metamfetamin, bir ədəd kibrit qutusunda qurudulmuş marixuana və bir ədəd kibrit qutusunda içərisində heroin olan 15 ədəd xırda bükümlər aşkar edilərək götürüldüyünü, instaqram səhifəsi vasitəsi ilə tanış olduğu tanımadığı İran vətəndaşı tərəfindən həmin kütlələrin Hacıqabul rayonu ərazisində olan körpünün altına qoyulduğunu və onları satmaq məqsədi ilə götürdüyünü bildirdiyini göstərmişlər. Məhkəmədə tədqiq edilmiş üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin eyni tərkiblidirlər. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini həqiqətə və işin faktiki hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlində CM-in 234.1-ci maddəsinin və Təqsirləndirilən şəxs2 əməlində CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş və məhz onların tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalanmalıdırlar. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Nəcəfov X3 Rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 14 avqust 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Osmanov X2 Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İşə əlavə edilmiş Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 11 gününü çəkmişdir. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 1990cı il tarixdə Qazı-Məmməd (indiki Hacıqabul) şəhərində anadan olmuş, ünvan 3 ünvanda yaşamışdır. Təqsirləndirilən şəxs2 xx xxxxx 1965-ci il tarixdə Qazı-Məmməd (indiki Hacıqabul) şəhərində anadan olmuş, Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi ev 1-də qeydiyyatda olmaqla Hacıqabul şəhəri, Nizami küçəsi, ev 11-də yaşamışdır. İşdə olan Hacıqabul Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən həbs müddətinin əvvəli 09 yanvar 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Hacıqabul Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qərarının surətindən görünür ki, həbs müddətinin əvvəli 10 yanvar 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edərkən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, onun şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halın olması müəyyən edilmədi. Lakin CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 İİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halın olması müəyyən edilmədi. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Nəcəfov X3 Rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli hökmünə əsasən CM-in 181.1-ci maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 14 avqust 2021-ci il tarixdə cəzadan azad olunmuşdur. Göründüyü kimi o məhkumluğu ödənilmədən qəsdən yenidən az ağır cinayət törətmişdir. Onun əməlində CM-in 18-ci maddəsinə əsasən cinayətlərin residivi halı mövcuddur. Ona görə də bu hal CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmaqla, CM-in 65.2-maddəsinin tələbinə əsasən onun təqsirləndirildiyi maddədə müəyyən edilmiş cəzanın son həddinin yarısından az olmamaqla müddəasına əsaslanmaqla ona cəza təyin edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, eləcədə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onlara yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməli və onlar həmin cəzanı çəkməlidirlər. Məhkəmədə müəyyən edilmişdir ki, Osmanov X2 Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və o təyin edilmiş həmin cəzanın 11 günün çəkmiş, üzərində 1 il 11 ay 15 gün çəkilməmiş cəzası qalmışıdr. CM-in 67-ci maddəsinin tələbinə əsasən Hacıqabul Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş qalan 1 il 11 ay 15 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 11 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirməklə ona qəti cəza təyin edilməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli, CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 isə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 09 yanvar 2022-ci il tarixdən və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 10 yanvar 2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Eyni zamanda məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 İİ qrup əlil olmaqla ona narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunması istisna olunduğundan o ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0,907 qram metamfetamin, qalıq çəkisi 1027,813 qram olan heroin və qalıq çəkisi 3,62 qram qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi 95 manat 85 qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 47 manat 92 qəpik alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2,132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: 1.Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. O ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

2. Təqsirləndirilən şəxs2 CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Hacıqabul Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli hökmünə əsasən, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 11 (on bir) ay 15 (on beş) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, hesablanaraq 11 (on bir) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs2 qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 10 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. O ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0,907 qram metamfetamin, qalıq çəkisi 1027,813 qram olan heroin və qalıq çəkisi 3,62 qram qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə məhkəmə məsrəfi 95 manat 85 qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 47 manat 92 qəpik alınmaqla dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar