Məhkəmə qərarları › İş №1(099)-34/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-34/2023

09.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-34/2023 09.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən) Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid ŞTəqsirləndirilən şəxs oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Abbasov Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1988-ci ildə Sabirabad rayonu Güdəcühür kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şirvan Şəhər Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Şirvan şəhəri, Heydər Əliyev küçəsi ev 18 mənzil 1-də qeydiyyatda olan və Şirvan şəhəri, M.İbrahimov küçəsi, ev 63-də yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Abbasov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə -CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Abbasov Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda, yəni 2,578 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək əynində olan göy rəngli şalvarının sol yan cibində saxlamaqla daşımış, Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının 01 iyun 2022-ci il tarixdə, saat 11 radələrində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Şirvan şəhəri, Mübariz İbrahimov küçəsində, yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman qanunsuz saxladığı külli miqdarda 2,578 qram çəkidə psixotrop maddə metamfetamin əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Abbasov Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 01 iyun 2022-ci il tarixdə yemək yeyərkən mobil telefonuna polis əməkdaşı Telmandan zəng gəlmiş, Telman ona arxa məhləyə çıxmasını bildirmişdir. O, məhləyə çıxdıqdan sonra Telman ona avtomobilə əyləşməsini bildirmiş, avtomobilə əyləşdikdən sonra onu polis şöbəsinə aparmışlar. Şöbədə olarkən polis əməkdaşları onun üzərinə az miqdarda narkotik qoyaraq narkotikin özünə aid olmasını etiraf etməyi, əgər etiraf etməsə evindən külli miqdarda, yəni bir kiloqram narkotik çıxaracaqlarını bildirmişlər. Polis əməkdaşlarının hədəsindən qorxaraq narkotikin özünə aid olduğunu demişdir. Heç vaxt narkotikdən istifadə etməmişdir. Hazırda 2 ci qrup əlildir, himayəsində 2 azyaşlı uşağı var, ağ ciyərində olan xəstəlikdən müalicə olunur. Təqsirləndirilən şəxs Abbasovun məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici izahatı və ifadələri elan olunmuş, o, həmin ifadələrində özünü qismən təqsirli bilərək narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini, 1 iyun 2022-ci il tarixdə saat 9 radələrində evdən çıxıb məhlədə gəzərkən bir bükümdə metamfetamin tapıb cibinə qoyduğunu, bundan sonra saat 11 radələrində yaşadığı M.İbrahimov küçəsində polis əməkdaşları tərəfindən saxlanılıb şöbəyə aparıldığını, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoyduğunu, həmin maddəni yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini etiraf etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs Abbasov törətmişdir. Onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, həmin qrupun sabiq baş əməliyyat müvəkkili Şahid1 Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Abbasovun narkotik vasitələri saxlama, daşıma və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən o, 1 iyun 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı M.İbrahimov küçəsində saxlanılmış və Təqsirləndirilən şəxs maşına mindirib şöbəyə apırmışlar. Təqsirləndirilən şəxs özünün seçdiyi vəkilin iştirakı ilə şöbədə videoçəkiliş aparılmaqla onun üzərində axtarış aparılmış və o, şalvarının cibində bir ədəd selofan büküm təqdim edərək içərisində metamfetamin olduğunu, bükümü yaşadığı evin yaxınlığında yerdən tapdığını, metamfetamini öz istifadəsi üçün cibində saxladığını etiraf etmişdir. Şahid2 ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs Abbasovun üzərinə şöbədə heç kim narkotik vasitə və ya psixotrop maddə qoymamış, ona heç kim hədə qorxu gəlməmiş, onun bu barədə dedikləri yalandır, üzərində aşkar olunan metamfetamin özünə məxsusdur. Məhkəmədə elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nın Narkotiklərlə Mübarizə qrupunun sabiq baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 01 iyun 2022-ci il tarixdə Şirvan şəhəri, M.İbrahimov küçəsi ev 67-də yaşayan Təqsirləndirilən şəxs Abbasovun üzərində qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni daşımaqla saxlayır və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, polis əməkdaşları Şahid2 və X1 ibarət əməliyyat qrupu yaradılmışdır. 01 iyun 2022-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs Abbasov saxlanılmış və Şirvan şəhər polis şöbəsinə aparılmış, vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, o, əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim edərək həmin bükümdə psixotrop maddə metamfetaminin olmasını, həmin metamfetamini yaşadığı binanın yaxınlığında yerdən tapdığını və istifadə etmək üçün üzərində gəzdirdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs Abbasovun üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs Abbasov, müdafiəçi və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs Abbasovun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmamışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 01 iyun 2022-ci il tarixli, 18/611 N-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «01 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş Abbasov Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…» sözləri yazılmış kağız paketdəki 1 ədəd ağ rəngli sellofan bükümündə təmiz çəkisi 2,578 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 15 iyul 2022-ci il tarixli, 3829 N-li rəyində göstərilmişdir ki, müayinə zamanı Abbasov Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası Nazirlər Kabimnetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psıxotrop maddələr məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edılmış məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Abbasov Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 iyul 2022-ci il tarixli, 1838 N-li rəyində göstərilmişdir ki, Abbasov Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs Abbasovda xasiyyətin isterik cizgiləri müəyyən edilir, cinayət törətdiyi vaxt hər hansı psixi xəstəlik müəyyən edilməyib, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs Abbasov ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Abbasov hazırda da əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs Abbasovun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs Abbasovda hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs Abbasovun hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə və cəmiyyətdən təcrid olunmasına ehtiyac yoxdur. Məhkəmədə tədqiq edilmiş 01 iyun 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Abbasov Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd sellofanda psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş əməliyyat tapşırığının cavab məktubundan görünür ki, Abbasov Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı Abbasov Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə, eləcə də 01 iyun 2022-ci il tarixdə üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini satmaq məqsədinin olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. İş materiallarında olan «Şirvan şəhər mərkəzi xəstəxanası» X4 21 iyun 2022-ci il tarixli, 601 N-li məktubunda göstərilmişdir ki, Abbasov Təqsirləndirilən şəxs ŞMP-nın ruhiəsəb və narkoloji, nevroloji kabinetlərində qeydiyyatda yoxdur. 23 avqust 2022-ci il tarixli qəraın 6-cı bəndinə əsasən Təqsirləndirilən şəxs Abbasovun üzərində aşkar olunan psixotrop maddə metamfetamini əldə etmə mənbəyini müəyyən etmək üçün cinayət işindən ayrıca icraata material ayrılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Abbasov vermiş olduğu ifadəsindən görünür ki, üzərində aşkar olunan psixotrop maddənin ona məxsus olmadığı üçün o, özünü CM-nin 234.1-1-ci maddəsilə təqsirli bilməmiş, lakin cinayət işinin materiallarından görünür ki, o, ilkin ifadələrində üzərində aşkar olunan metamfetaminin ona məxsus olmasını etiraf edərək ziddiyyətli ifadələr vermişdir. Təqsirləndirilən şəxs Abbasovun məhkəmə istintaqında üzərində aşkar olunan psixotrop maddə metamfetaminin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən hədələndəyindən qorxaraq metamfeatminin guya ona aid olduğunu yalandan etiraf etməsi, heç vaxt narkotikdən və spixotrop maddədən istifadə etməməsi, metamfetaminin üzərinə polis şöbəsində qəsdən qoyulmasına dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şirvan şəhər polis şöbəsində Təqsirləndirilən şəxs Abbasovun öz seçimi ilə dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən axtarış zamanı cibindən olan bir büküm metamfetamini çıxarıb təqdim edərək həmin maddənin ona məxsus olduğunu etiraf etmişdir. Bundan başqa o, məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə vermiş olduğu ilkin izahat və ifadələrində metamfetaminin özünə məxsus olduğunu etiraf edərək polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmadığını etiraf etmişdir. Eyni zamanda, iş materiallarından göründüyü kimi, ibtidai araşdırmanın başlandığı ilk günündən başa çatanadək öz seçimi ilə cəlb edilmiş peşakar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs Abbasov, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə, yəni polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda Təqsirləndirilən şəxs Abbasov da özü bu halı hər hansı bir dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Artıq yuxarıda qeyd olunan hallar təqsirləndirilən Təqsirləndirilən şəxs Abbasovun üzərində aşkar olunan metamfetaminin ona məxsus olmaması, polis şöbəsində hədələndiyindən qorxduğu üçün metamfetaminin özünə məxsus olmasını yalandan etiraf etməsinə dair məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs Abbasovun ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələrini, şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin, metadon və həşiş qətranı narkotik vasitələrdir, metamfetamin isə psixotrop maddədir. Metamfetaminin 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abbasovun üzərində aşkar olunan psixotrop maddə külli miqdarda olsa da belə həmin maddəni satmaq niyyəti ilə deyil, öz istifadəsi üçün üzərində qanunsuz saxlayıb daşıması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Beləliklə, Təqsirləndirilən şəxs Abbasovun Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Abbasov CM-nin qeyd olunan maddəsi ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalı, həmin cəza çəkilməlidir. 1 iyun 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Abbasov həmin gün saat 11.10-da şübhəli şəxs qismində tutulmuş, 3 iyun 2022-ci il tarixdə CM-nin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Şirvan Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 1 iyun 2022-ci il tarixdən hesablanmışdır. 3 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Abbasovun əməli CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş, 5 iyul 2022-ci il tarixdə Şirvan Şəhər Məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, 23 avqust 2022-ci il tarixdə onun əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Abbasov Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkəməyə təqdim olunmuş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbə rəisinin 13 dekabr 2022-ci il tarixli 2301 №li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abbasovun cəzasının əvvəli 11 mart 2022-ci il tarixdən hesablanmağa başlamış və 1 iyun 2022-ci il tarixə kimi (tutulduğu tarix) cəzasının 2 (iki) ay 20 (iyirmi) günü çəkilmiş, 2 (iki) il 6 (altı) gün çəkilməmiş cəzası qalmışdır. CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Odur ki, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Abbasov əvvəlki hökmlə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduğundan onun hazırki əməli cinayətlərin residivini yaratmır. İş materiallarında olan doğum haqqında şahdətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Abbasovun xx.xx.2014-cü il təvəlludlu Abbasova Ebru Təqsirləndirilən şəxs qızı və xx.xx.2013-cü il təvəllüdlü Abbasov Ələsgər Təqsirləndirilən şəxs oğlu adlı-iki azyaşlı uşaqları vardır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, yaşayış yeri üzrə barəsində yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəməyə təqdim olunmuş 119033 №li vəsiqədən görünür ki, Abbasov Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Abbasov “xroniki obstruktiv bronxidin kəskinləşməsi ” diaqnozu ilə xəstəlikdən əziyyət çəkir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Abbasovun himayəsində iki azyaşlı uşağının olmasını, habelə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən 2-ci qrup əlil olmasını və hazırda “xroniki obstruktiv bronxidin kəskinləşməsi ” diaqnozu ilə xəstəlikdən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Abbasovun cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Abbasovun təqsirləndirildiyi CM-nin 234.1-1-ci maddəsi “ağır”, cinayətlər kateqoriyasına aiddir, həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hallar əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs Abbasov törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Abbasova Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Şirvan Şəhər Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Abbasova təyin olunmuş və çəkilməmiş 2 (iki) il 6 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə, yəni 1 (bir) il 3 (üç) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs Abbasov barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə o, dərhal məhkəmə iclas zalında həbs edilməli, saxlanılması üçün Lənkəran ŞRPŞ-nın X2 təhvil verilməli və Bakı İstintaq Təcridxanasına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs Abbasovun həbsdə və “ev dustaqlığı”nda saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu -1 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abbasova təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psıxotrop maddələr məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edılmış məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Abbasov Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir, buna görə də o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Şirvan ŞPŞ-nın maddi sübutların saxlama otağına təhvil verilmiş 2,528 qram metamfetamin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirənin təyin edilməsi üçün hər hansı bir əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Abbasov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şirvan Şəhər Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Abbasova təyin olunmuş və çəkilməmiş 2 (iki) il 6 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə, yəni 1 (bir) il 3 (üç) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abbasov barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə dərhal məhkəmə iclas zalında həbs edilsin, saxlanılması üçün Lənkəran ŞRPŞ-nın X2 təhvil verilsin və Bakı İstintaq Təcridxanasına keçirilsin. Təqsirləndirilən şəxs Abbasov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 1 iyun 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Abbasov ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,528 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar