Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-34/2024 12.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilsiz, evli, himayəsində 4 (dörd) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində 21 dekabr 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar təşkil edən, 23,002 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlamış, 20 dekabr 2022-ci il tarixdə saat 04:50-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbiri nəticəsində yaşadığı Ağcabədi rayonu, Avşar kəndi ərazisində yerləşən evinin qarşısında saxlanılaraq Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 23,002 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 dekabr 2022-ci ildə evdə olduğu vaxt gecə saatlarında maskalı polis əməkdaşları evinə gəlmiş. alt paltarında rayon polis şöbəsinə aparılmış, şöbədə polis əməkdaşları içində narkotik vasitə olan 1 bükümdə heroini qarşısına qoyaraq bunun ona məxsus olduğunu demiş, lakin həmin vaxt üzərində heç bir narkotik vasitə olmamışdır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmə istintaqında elan olunmaqla tədqiq edilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan olunarkən özünü həmin ittihamda qismən təqsirli bilərək törədilmiş cinayət haqqında ətraflı ifadə verərək göstərmişdir ki, narkotik vasitəni saxlanılmazdan 3-4 gün əvvəl yaşadığı Avşar kəndində əkin sahəsində olan zaman təsadüfən yerdən tapmış, şəxsi sitifadəsi üçün götürmüş, sonradan tutulmaqdan qorxduğu üçün tapmış olduğu narkotik vasitəni atmaq qərarına gəlmiş, lakin yadından çıxdığına görə narkotik vasitə əynindəki qara rəngli gödəkçənin sağ cibində qalmış, 20 dekabr 2022-ci ildə saat 04:50 radələrində yaşadığı evin qarşısında olarkən mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq Ağcabədi rayon polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində narkotik vasitə heroin olduğunu bildirərək əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən içində nakotik vasitə heroin olan 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, şəxsi axtarışla bağlı protokol tərtib edilərək iştirakçılar, eləcə də onun tərəfindən imzalanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 19 dekabr 2022-ci ildə Ağcabədi rayonunun Avşar kəndi sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, 20 dekabr 2022ci ildə gecə saat 04:30 radələrində Cəsarət İmamquliyev yaşadığı evin qarşısında saxlanılaraq Ağcabədi rayon polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində “kakos” olduğunu bildirərək, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, 01 ədəd sellofan büküm açıldıqda həmin sellofan bükümlərin içərisində narkotik vasitə heroinə oxşar maddə olduğu müəyyən edilmiş, bükümdə olan kütlə qablaşdırılaraq götürülmüş, tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Cəsarət İmamquliyev istər saxlanılarkən, istərsə də polis şöbəsinə gətirilərkən, şöbədə olarkən ona qarşı heç bir fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 20 dekabr 2022-ci il tarixə keçən gecə üzü maskalı 30 nəfərə yaxın polis əməkdaşları yaşadığı evə gələrək oğlu Cəsarətin yatdığı otağa girmiş, Cəsarət polis əməkdaşları tərəfindən alt paltarında çölə çıxarılmış, sonra sonuncunun arvadı Bahar oğlunun paltarlarını gətirdikdən sonra Cəsarət palatarlarını geyinərək avtomobilə əyləşdirilib polis şöbəsinə aparılmışdır. Oğlu Cəsarətin üzərində heç bir narkotik vasitə olmamış, narkotik vasitə polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X1 və X5 da digər şahid İmamquliyev Bakir Temur oğlunun ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış aparılması haqqında” 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, 20 dekabr 2022-ci ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs gecə saat 04:50-də Ağcabədi rayonunun Avşar kəndində yaşadığı evin qarşısında saxlanılaraq Ağcabədi Rayon Polis Şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümü, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd ”Samsung” markalı mobil telefonu və yaşadığı evin açarını çıxardıb masanın üzərinə qoymaqla onlara təqdim etmiş, sellofan bükümə baxış keçirilən zaman tünd qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddənin olması müəyyən edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə istintaq hərəkəti həmin gün saat 07:21-də başlamış və saat 07:33-də başa çatmışdır. İş materiallarında olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 20 dekabr 2022-ci il tarixli 6/7109 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş və üzərində “AR DİN “Zərflər üçün №6” möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 23,002 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi: 23,002 qram, tədqiqata sərf edildi - 0,1 qram, heroinin qalıq çəkisi: 22,902 qram təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 21 dekabr 2022-ci il tarixli 7739 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər “barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydlarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs ll dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspetizasının 05 yanvar 2023-cü il tarixli 4805/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan metamfetamin və amfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatların verilməsi çıxarışından görünür ki, Təqsirləndirilən şəxs «Qarışıq astma, TC İİ dərəcə, Sadə xroniki bronxit» xəstəliyindən əziyyət çəkir və ona müddətsiz İİ dərəcəli əlillik təyin olunmuşdur. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(017)- 102/2022 nömrəli qərarından görünür ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 19 dekabr 2022-ci il tarixli əməliyyat - axtarış tədbiri qanuni hesab edilmişdir. İş materiallarında olan 01 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus «Samsunq» markalı mobil telefon üzərindəki qara rəngdi kabura ilə birlikdə onun atası X3 təhvil verilmişdir. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınan və qalıq çəkisi - 22,902 qram narkotik vasitə heroin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır, şəxsi axtarışla bağlı videogörüntü olan 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi qismən etirafedici, şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutu, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə iş üzrə obyektiv həqiqəti müəyyən edərkən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələrini düzgün, obyektiv, məntiqli və işin faktiki hallarına uyğun gəldiyi qənaətinə gəlir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək üzərində aşkar olunan heroinin ona məxsus olmadığını, narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində təzyiqlərə məruz qaldığından məcbur olub narkotik vasitə heroinin özünə məxsus olmasını yalandan etiraf etdiyini, müstəntiqə verdiyi ifadəsini təsdiq etmədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Belə ki, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılarkən sonuncu ona verilən ittihamla razılaşaraq istintaq orqanının çağırışlarına vaxtlı-vaxtında gələcəyini (vəd verməklə) öhdəsinə götürərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması ilə bağlı göstərdiyi xüsusat ibtidai istintaq zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, eləcə də barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə bu hal barədə heç bir fikir bildirməməsi, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Məhkəmədə tədqiq olunmuş videoçəkilişdən də görünür ki, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək heroinin özünə məxsus olduğunu etiraf edir, narkotik vasitənin üzərinə polis əmkdaşları tərəfindən qoyulması və ya hədə-qorxuya məruz qalaraq polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hər hansı bir dəlil irəli sürmür. Məhkəmə hesab edir ki, artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə icraatı zamanı verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə, başqa sözlə onun cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələrini ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadəsini, həmçinin barəsində məhkəmədə həbs qətimkan tədbiri seçilərkən cinayəti etiraf etməsini, eyni zamanda şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu, əməlini etiraf etməsinə dair videoçəkilişi və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqan tərəfindən düzgün tövsif olunmamışdır. Məhkəmə yuxarıda qeyd olunan və iş materiallarında olan digər subutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir. Belə ki, CM-in 234.4.3-cü maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma cinayət məsuliyyəti yaradır. Şəxsin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri şərt onun külli miqdarda narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədi ilə əldə etməsidir. Yəni, şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun narkotik vasitəni və ya psixotrop maddənin satış məqsədi ilə əldə etməsi və yaxud qanunsuz olaraq həmin vasitəni, maddəni satması sübuta yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquq pozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını güman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız həmin Məcəllədə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş bir bükümdə narkotik vasitə heronin çəkisi külli miqdar – 23,002 qram təşkil etsə də, iş materiallarında onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Belə ki, CM-in 234.4.3-cü maddəsinə əsasən cinayət məsuliyyəti həmin Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə yaranır. CM-in 234.2-ci maddəsinə əsasən cinayət məsuliyyətini satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma yaradır. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə görə isə cinayət məsuliyyəti satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə əldə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Aparılan araşdırma ilə müəyyən olunur ki, nə ibtidai istintaq, nə də ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edən hər hansı bir sübut (sübutlar məcmusu) mövcud olmamışdır. Bundan başqa, iş materiallarında olan Təqsirləndirilən şəxs narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığının cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əlavə məlumatların əldə edilməsinin, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamasının, yaxın əlaqələrinin müəyyən edilməsinin, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsinin, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat - axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı Babək Haqverdiyevin 20 dekabr 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən həmin gün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Ağcabədi rayon polis şöbəsinə aparılmışdır. Məhkəmə istintaqında müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə cinayət işində heç bir rəsmi məlumat yoxdur. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin özünü müdafiə məqsədi ilə irəli sürdüyü, yəni onda aşkar olunmuş 23,002 qram narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etməsinə dair dəlilləri təkzib edən hər hansı sübut mövcud olmadığı halda, həmçinin təqsirləndirilən şəxsin heroini satış məqsədilə əldə etməsini, bu məqsədlə hər hansı şəxslə danışıqlar aparmasını, alıcı ilə əlbir olmasını, psixotrop maddəni və ya narkotik vasitələri satmaqda şübhəli olması ilə əlaqədar əməliyyat məlumatlarının mövcudluğunu və sair zəruri halları sübuta yetirən mötəbər dəlillər olmadan ibtidai araşdırma orqanı əsassız olaraq onun satış məqsədi ilə qanunsuz olaraq 23,002 qram heroini əldə etməsi, saxlaması və daşıması qənaətinə gələrək ona qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən ittihamın əsası kimi yalnız ona istinad etmişdir ki, aşkar olunmuş heroinin çəkisi külli miqdarda olmuşdur. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 21.3-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabehin) müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş 23,002 qram narkotik vasitə heroinin külli miqdarda olmasına görə şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair gəldiyi qənaəti ilə bağlı qeyd edir ki, həmin maddənin çəkisinin külli miqdar təşkil etməsi onun satış məqsədi ilə əldə etməsinə şübhələr yaratsa da, iş materiallarında təqsirləndirilən şəxsin heroini satış məqsədi ilə əldə etməsinə dair əsaslı və mötəbər sübutlar müəyyən edilmədiyindən ibtidai istintaq orqanının bu barədə gəldiyi nəticəni əsassız hesab edir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxsin əməlində CM-in 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması, onun tərəfindən həmin cinayətin törədilməsi barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş, iş materiallarında da belə sübut yoxdur və təqsirləndirilən şəxsə CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham konkret və mötəbər sübutlarla deyil, mülahizələrlə əsaslandırıldığından onun əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi tövsif edilməli və həmin maddə ilə ixtisaslaşdırılmaqla ona cəza təyin olunmalıdır. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CMin 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 20 dekabr 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağcabəçdi rayon məhkəməsinin 06 fevral 2020-ci il tarixli hökmü ilə, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il, 08 ay, 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 03 dekabr 2012-ci ildə cəza müddəti başa çatmış, hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayonunun Avşar kəndində qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı, 2011, 2013 və 2016-cı ildə doğulmuş 3 azyaşı uşaqları ilə birgə həmin ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, oğlu «Qarışıq astma, TC İİ dərəcə, Sadə xroniki bronxit» xəstəliyindən əziyyət çəkməklə müddətsiz İİ dərəcəli əlil olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 99.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub - olmaması məsələsini həll edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində və ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 22,902 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus «Samsunq» markalı mobil telefonun üzərindəki qara rəngdi kabura ilə birlikdə onun atası X3 təhvil verilməsi nəzərə alınmalı, şəxsi axtarışla bağlı videogörüntü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 20 dekabr 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində və ekspertiza tədqiqatından sonra qalıq çəkisi –- 22,902 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus «Samsunq» markalı mobil telefonun üzərindəki qara rəngdi kabura ilə birlikdə onun atası X3 təhvil verilməsi nəzərə alınsın, şəxsi axtarışla bağlı videogörüntü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 109 (yüz dodduz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli
3. Müşfiq Məmmədov