Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-340/2022 31.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1992-ci ildə Kürdəmir rayonunun Xırdapay kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər Kürdəmir rayon məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını tam çəkməmiş, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 26 yanvar 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 2,644 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,328 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, 24 yanvar 2022-ci ildə axşam saat 20 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, Kürdəmir rayonunun Xırdapay kəndində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin qabaq sol cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 2,644 qram psixotrop maddə metamfetamin və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,328 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, himayəsində heç bir yerdə işləməyən arvadı və iki azyaşlı uşağı ilə birgə Kürdəmir rayonunun Xırdapay kəndində yaşamış və fərdi əməklə məşğul olmaqla ailəsini dolandırmışdır. Bir neçə aydır ki, narkotik vasitə və psixotrop maddədən istifadə etməyə başlamış, istifadə etdiyi heroini və metamfetamini rayonda tanımadığı şəxslərdən almışdır. Həbs olunmamışdan təxminən 3 ay öncə Bakı şəhərində olarkən “Vatsap” vasitəsi ilə bir nəfər şəxslə tanış olmuş, sonuncunun kartına pul köçürməklə ondan 3 dəfə az miqdarlarda metamfetamin və heroin alaraq istifadə etmişdir. 24 yanvar 2022-ci ildə axşam saat 20 radələrində küçədə piyada gedərkən Kürdəmir rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə aparmış, şöbəyə dəvət olunmuş müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilərkən əynində olan qara rəngli gödəkcəsinin sol cibindən bir ədəd “ARQO” markalı siqaret qutusunu çıxarıb, içərisində olan iki ədəd göy rəngdə kağız bükümləri polis əməkdaşına təqdim edərək bükümün birinin içərisində heroin, digərinin içərisində isə metamfetamin olduğunu bildirmiş, heroin və metamfetamin elektron tərəzidə çəkilərək qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər, eləcə də onun tərəfindən imzalanmışdır. Sorğu-sual zamanı bildirmişdir ki, üzərində aşkar olunan heroin və metamfetamin ona məxsus olmuş, onları həmin şəxsdən 30 manata 3-4 ay ərzində şəxsi istifadəsi üçün almış, onlardan heç kimə satmamış, satmaq niyyəti olmamış, heroin və metamfetamin bir bükümdə olmuşdur. Əməlindən peşmançılıq keçirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və iki azyaşlı uşağının olmasını nəzərə alıb əməlini CM-in 234.1-ci maddəsinə tövsif etməklə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, Kürdəmir RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 məhkəmə iclasında şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı göstərmişdir ki, 24 yanvar 2022-ci ildə Kürdəmir rayonunun Xırdapay kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında əməliyyat qrupu yaradılaraq təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmiş, Təqsirləndirilən şəxs həmin gün axşam saat 20 radələrində yaşadığı kəndin ərazisində şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərinə müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsi ilə baxış keçirilərkən əynində olan qara rəngli gödəkcəsinin sol cibindən bir ədəd “ARQO” markalı siqaret qutusunu çıxarıb, içərisində iki ədəd göy rəngdə kağız bükümləri polis əməkdaşına təqdim etmiş, bükümün birinin içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər, digər bükümün içərisindən isə ağ rəngli, kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmiş, psixotrop maddəyə bənzər kütlə elektron tərəzidə çəkilərkən təxmini çəkisi 2,91 qram, narkotik vasitəyə oxşar kütlənin çəkisi isə 0,56 qram olmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini, onları satmaq məqsədi olmadığını bildirmişdir. Şəxsi axtarışla bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, lakin konkret olaraq kimə və ya kimlərə narkotik vasitə və yaxud psixotrop maddə satması ilə bağlı konkret fakt olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, 24 yanvar 2022-ci ildə axşam saat 20.00 radələrində Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçrilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəkliş aparılmaqla müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində qara rəngli dəri qış gödəkçəsi, boz rəngli köynək, qara şalvar, qara rəngli ayaqqabı olmuş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və ya qanunla qadağan əşyalar olduğu halda könüllü təhvil verməsi təklif olunarkən o, üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu bildirib əynində olan qara rəngli dəri materialdan olan qış gödəkçəsinin qabaq sol cibindən bir ədəd “ARQO” markalı siqaret qutusunu çıxarmış, qutunu açaraq içərisində iki ədəd göy rəngli kağız bükümləri təqdim etmiş, şəxsi axtarış aparılan zaman bir ədəd 1 manatlıq, 1 ədəd 500 Rus Rublu, 1 ədəd alışqan aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin biri açılaraq, içərisində qəhvəyimtil rəngli, toz formalı, narkotik vasitə heroinə bənzər kütlə və digər bükümün içərisində ağ rəngli, kristal hissəciklərdən ibarət, psixotrop maddə metamfetaminə bənzər kütlə olmuş, psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, təxmini çəkisi 2,91 qram, narkotik vasitə heroinə bənzər kütlənin çəkisi təxmini 0,56 qram olması müəyyən edilmiş, pullar və alışqan özünə qaytarılmış, narkotik vasitə və psixotrop maddə qablaşdırılaraq 137 saylı möhürlə möhürlənib götürülmüş, şifahi soğru zamanı Nurlan Əliyev üzərindən aşkar edilmiş kütlələr ona məxsus olmuş və həmin kütlələri İran İslam Respublikasının vətəndaşı “Seyid” ləqəbli şəxsdən “Vatsap” vasitəsilə danışaraq əldə etmiş, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 25 yanvar 2022-ci il tarixli, 18/96 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “imza var /S.Təqsirləndirilən şəxs şəxsi axtarış” sözləri yazılmış və imzalar olan kağız paketdəki: -1 ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi- 2.644 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; -1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0.328 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan Kürdəmir rayon mərkəzi xəstəxanasından daxil olan xx.xx.2022-ci il tarixli 110 nömrəli məktubdan görünür ki, Əliyev X3 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və norkoloqun qeydiyyatında durmur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 12 aprel 2022-ci il tarixli 472 saylı rəyindən görünür ki, əsasən Təqsirləndirilən şəxs narkotik vasitə heroindən və psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, və psixotrop maddə metamfetamini hansı şəraitdə və hansı mənbədən əldə etməsini müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin qanunsuz istifadəsi və satışı ilə məşğul olmuş, əvvəllər də onun narkotik vasitə və psxiotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur.Onun həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini naməlum şəraitdə əldə etməsi barədə məlumatlar daxil olsa da, hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmiş, o narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə üzərində saxlamışdır.Əlavə olaraq bildiririk ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi “Seyid” adlı şəxsin şəxiyyətini müəyyən etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, maddi sübut kimi tanınan və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi çəkisi 2,644 qram psixotrop maddə metamfetaminin və ümumi çəkisi 0,328 qram narkotik vasitə heroin Kürdəmir rayon polis şöbəsində saxlanılır, bir ədəd disk isə iş materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir və qiymətləndirir. Məhkəmə iş üzrə obyektiv həqiqəti müəyyən edərkən təqsirləndirilən şəxsin məhkəməyədək və məhkəmə icraatı zamanı verdiyi ifadələrini düzgün, obyektiv, məntiqli və işin faktiki hallarına uyğun gəldiyi qənaətinə gəlir. Məhkəmə toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs “psixotrop maddəni və narkotik vasitəni satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etməsi” haqqında göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun gəldiyindən özünü müdafiə xarakteri daşımır. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxsin psixotrop maddəni və narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, onları satmaq niyyətində olması, əvvəllər onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məhkum olması, eləcə də, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktı nə ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə baxışında toplanmış sübutlarda öz təsdiqini tapmamışdır. İstintaq orqanı ittihamda satış məqsədini yalnız ona görə vermişdir ki, psixotrop maddə olan metamfetamin külli miqdardan, yəni 2 qramdan 0,644 qram artıq olmuş, başqa digər sübut isə olmamışdır. Əgər iş materiallarında belə sübutlar olsaydı, bundan sonra şəxsin psixotrop maddəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, psixotrop maddənin miqdarı da nəzərə alınmalı idi. Psixotrop maddənin miqdarının çox olması məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, həmin maddənin miqdarının çox olması o halda sübut növü kimi qəbul edilə bilər ki, satış məqsədini təsdiq edən digər sübutlar da mövcud olsun. İbtidai araşdırma orqanı belə bir sübuta istinad etməmiş və iş materiallarında da belə bir sübut növü müəyyən olunmamışdır. Bununla da istintaq orqanı yalnız ehtimala əsaslanmaqla Təqsirləndirilən şəxs satış məqsədi barədə müvafiq ittiham vermişdir. Halbuki, qanunvericilik yalnız ehtimala əsaslanmaqla şəxsə hər hansı ittiham verilməsini qadağan edir. Belə bir halda psixotrop maddənin külli miqdardan artıq olması həmin psixotrop maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən amil kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilir ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər satış məqsədi ilə törədilsin. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin deyil, həmin Məcəllənin 234.1-ci maddələsinin dispozisiya şərtlərinə uyğun gəlir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həl edilir. Azərbaycan Respublikası CPM-in 28.1 və 28.4-cü maddələrində göstərilir ki, məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsə də, eləcə də məcburi müalicəyə ehtiyacı olmasa da onun narkotik vasitə heroindən və psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olması, narkotik vasitənin onun tərəfindən xırda bükümlərə (bağlamalara) bölünməməsi, onların hazırlanması üçün üzərində hər hansı bir avadanlığın, o, cümlədən əvvəllər onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məhkum olunmaması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktının müəyyən edilməməsi, eyni zamanda psixotrop maddənin külli miqdardan, az bir miqdarda, yəni 0,6447 qram artıq olması həmin psixotrop maddənin satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanunauyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 24 yanvar 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Kürdəmir rayon məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 24 yanvar 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Əliyev X3 rayon məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-in 69.3-cü maddəsinə əsasən 2 (iki) il, 5 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Kürdəmir rayonu İcra və Probasiya şöbəsinin 05 mart 2022-ci il tarixli 63-2021/5 nömrəli məktubundan görünür ki, Əliyev X3 Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respubliklası CM-in 177.2.3-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il, 5 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 14 gününü çəkmişdir. Eyni zamanda həmin məktubla müəyyən olunur ki, Kürdəmir rayon məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində «8 Noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndi tətbiq edilməklə Kürdəmir rayon məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il, 5 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il azaldılmış və hazırda Təqsirləndirilən şəxs 1 (bir) il, 5 (beş) ay, 12 (on iki) gün çəkilməmiş cəzası qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Azərbaycan Respublikası CM-in 67.1, 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən hesab edir ki, Kürdəmir rayon məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il, 5 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il, 5 (beş) ay, 12 (on iki) gün hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla çəkilməmiş 8 (səkkiz) ay, 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Əliyev X4 rayonunun Qumbaşı kəndində qeydiyyatda olmaqla himayəsində qoca anası, heç bir yerdə işləməyən arvadı və bir azyaşlı uşağı olmaqla orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, təqsirini səmimi etiraf etməklə əməlindən peşmançılıq keçirməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatları nəticəsində qalıq çəkisi 2,644 qram psixotrop maddə olan metamfetaminin və ümumi çəkisi 0,328 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk isə iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 49 (qırx doqquz) manat, 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1, 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Kürdəmir rayon məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib təyin edilmiş 2 (iki) il, 5 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il, 5 (beş) ay, 12 (on iki) günün iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla çəkilməmiş 8 (səkkiz) ay, 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24 yanvar 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi çəkisi 2,644 qram psixotrop maddə metamfetaminin və ümumi çəkisi 0,328 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat, 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-340/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-340/2022
31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver