Məhkəmə qərarları › İş №1(099)-342/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-342/2022

18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-342/2022 18.08.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1964-cü il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 2,721 qram təşkil edən narkotik vasitə olan heroini (bundan sonra - heroin) şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, ünvan 2 ünvanında yerləşən yaşadığı evə (bundan sonra – yaşadığı ev) daşımış, həmin heroinin şəxsi istifadəsinə hazırlamaq məqsədi ilə böldüyü, altı ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,042 qram, 0,043 qram, 0,044 qram, 0,044 qram, 0,045 qram, 0,047 qram olmaqla, ümumi təmiz çəkisi 0,265 qram təşkil edən hissəsini onlardan şəxsi istifadə niyyətinə bilavasitə işarə edən, içərilərindən heroin izləri aşkar edilmiş üç ədəd şpris və bir ədəd şüşə ampula ilə birlikdə yaşadığı evin yataq otağındakı dolabda olan bir ədəd siqaret qutusunda, iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,189 qram, 1,267 qram, ümumi təmiz çəkisi 2,456 qram təşkil edən hissəsini isə əynində olmuş şalvarın sağ cibində saxlamışdır. Həmin kütlələr və əşyalar 13 yanvar 2022-ci il tarixdə Kürdəmir Rayon Polis Şöbəsinin (bundan sonra – Kürdəmir RPŞ) əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış və üzərinə şəxsi axtarış keçirilərkən göstərilən yerlərdən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, əvvəllər heroini hər gün inyeksiya yolu ilə qəbul etmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İş üzrə tutulmamışdan təxminən üç gün əvvəl Bakı şəhərində “Kubinka” adlanan yerdə “Elman” adlı tanışından satış məqsədi ilə deyil, şəxsi istifadə məqsədi ilə aldığı bir ədəd bükümdə 0,5 qram heroini ünvan 2 ünvanında yerləşən yaşadığı evə gətirmiş, həmin heroinin 0,3 qramından təxminən 2-3 dəfəyə istifadə etdikdən sonra qalan 0,2 qramını isə şəxsi istifadəsinə hazırlamaq məqsədi ilə iki ədəd bükümlərə bölüb yaşadığı evin yataq otağındakı dolabda saxlamışdır. 13 yanvar 2022-ci il tarixdə Kürdəmir RPŞ-nin əməkdaşları yaşadığı evə onun yazılı razılığı ilə baxış keçirərkən yataq otağındakı dolabda, bir ədəd siqaret qutusunda iki ədəd bükümlərdə olan heroin, onun heroini inyeksiya yolu ilə qəbul etmək üçün istifadə etdiyi üç ədəd şpris və bir ədəd sınmış ampulanı aşkar etmiş, qablaşdırıb götürmüşlər. Sonradan polis əməkdaşları iki ədəd bükümlərdə olmuş heroini onun görmədiyi şəraitdə cəmi altı ədəd bükümlərə bölmüşlər. Həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Kürdəmir RPŞ-yə aparıldıqdan sonra orada tanımadığı polis əməkdaşı onun əynində olmuş şalvarın cibinə iki ədəd bükümlərdə heroin qoymuş və onu əks halda ailə üzvlərinin də cinayət məsuliyyətinə cəlb ediləcəyi ilə hədələməklə həmin kütlələrin özünə məxsus olmasını etiraf etməyə məcbur etmişdir. Lakin hər hansı polis əməkdaşı ona zor tətbiq etməmişdir. Göstərdiyi səbəbdən videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən məcburiyyət qarşısında qalıb əynindəki şalvarın sağ cibində olmuş heroinləri çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin kütlələrin özünə məxsus olduğunu demiş, bu barədə tərtib edilmiş protokola, kompüterdə adından tərtib edilmiş izahat və ifadələrə müdafiəçisinin iştirakı ilə imza etmişdir. Göstərdiklərinə əsasən şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş heroinlər ona məxsus deyildir. İş üzrə yaşadığı evə baxış və üzərinə şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokollar, ibtidai araşdırma zamanı adından tərtib edilmiş izahat və ifadələrin hazırki ifadəsi ilə ziddiyyət təşkil edən hissələrini təsdiq etmir. Törətdiyini etiraf etdiyi əməlindən səmimi peşimandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsini və barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə 13 yanvar 2022ci il tarixdə videoçəkiliş aparılmaqla yaşadığı evə baxış və üzərinə şəxsi axtarış keçirilərkən şifahi qaydada verdiyi izahatı, sonra şübhəli şəxs qismində şəxsən yazdığı izahatı, 14 yanvar 2022-ci il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, iş üzrə tutulmamışdan bir neçə gün əvvəl Kürdəmir rayonu ərazisində “Elman” adlı tanışından aldığı bir ədəd bükümdə heroini şəxsi istifadəsinə hazırlamaq məqsədi ilə on iki ədəd bükümlərə bölmüş, onların bir hissəsindən istifadə etmiş, altı ədəd bükümlərini yaşadığı evin yataq otağındakı dolabda, iki ədəd bükümlərini isə əynində olmuş şalvarın sağ cibində saxlamışdır. Həmin kütlələr 13 yanvar 2022-ci il tarixdə Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən müvafiq olaraq yaşadığı evə baxış və üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür (səh. 8-10, 33-38, 52-54, 63-65). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin əməliyyat müvəkkili Şahid1 və polis nəfəri Şahid4 ifadələrində iş üzrə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri, yaşadığı evə baxış və şəxsi axtarışın nəticələri barədə sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadələri ilə eyni məzmunda göstərmiş, həmçinin ibtidai istintaq zamanı özlərinin verdikləri ifadələrinin məzmununu təsdiq etmişlər. Məhkəmə iclasında Şahid1 ifadəsində əlavə olaraq göstərmişdir ki, 13 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs (bundan sonra - Musa) yaşadığı evdə və üzərində şəxsən istifadə etmək məqsədi ilə narkotik vasitə saxlaması barədə ona daxil olmuş əməliyyat məlumatı üzrə qəbul etdiyi əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar əsasında yaşadığı evdə saxlayıb Kürdəmir RPŞ-yə gətirmişlər. Həmin tarixdə ona daxil olmuş əməliyyat məlumatında Musanın narkotik vasitələrin satışı ilə məşğul olması göstərilməmişdir. Lakin əvvəllər sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitmişdir. Amma Musanın kim(lər)ə narkotik vasitə satması barədə məlumatı yoxdur. Sonuncu yaşadığı evə baxış və üzərinə şəxsi axtarış keçirilərkən hər hansı hala etiraz etməmiş, yaşadığı evdən altı ədəd bükümlərdə, üzərindən iki ədəd bükümlərdə aşkar edilmiş heroinlərin ona məxsus olduğunu etiraf etmişdir. Polis əməkaşları tərəfindən Musanın yaşadığı evdən aşkar edilmiş heroinlərin bükümləri artırılmamış və üzərinə narkotik vasitə qoyulmamış, sonuncuya qarşı hər hansı qanunsuz hərəkət edilməmişdir. Məhkəmə iclasında Şahid4 Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 13 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatının daxil olduğu barədə raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun yaşadığı evə baxış və üzərinə şəxsi axtarış keçirilməsi barədə protokollar, onlara əlavə edilmiş videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri, yaşadığı evə baxış və üzərinə şəxsi axtarışın keçirilməsi əsasları, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin, o cümlədən ibtidai istintaq zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri qaydada baş verdiyi, sonuncunun yaşadığı evə baxış və üzərinə şəxsi axtarış keçirilərkən hər hansı hala etiraz etmədiyi, yaşadığı evdən altı ədəd bükümlərdə və üzərindən iki ədəd bükümlərdə aşkar edilmiş heroinlərin ona məxsus olmasını hər hansı qanunsuz təsir olmadan bildirdiyi müəyyən edilir (səh. 3, 4, 8-11, 33-35). - Materialların-məhkəmə ekspertizasının 14 yanvar 2022-ci il tarixli, 18/54 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən ...” sözləri yazılmış kağız paketdəki altı ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,042 qram, 0,043 qram, 0,044 qram, 0,044 qram, 0,045 qram, 0,047 qram olmaqla, ümumi təmiz çəkisi 0,265 qram, üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış kağız paketdəki iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,189 qram, 1,267 qram, ümumi təmiz çəkisi 2,456 qram, cəmi təmiz çəkisi 2,721 qram təşkil edən maddələr kustar üsulla hazırlanmış heroinlərdir, xarici əlamətləri və kimyəvi komponentlərinə görə eyni tərkiblidir. 3 ədəd 1ml-lik şpris və yuxarı hissəsi sındırılmış bir ədəd ampulada heroin izləri vardır. Tədqiqata sərf edildikdən sonra heroinin ümumi qalıq çəkisi 2,561 qram təşkil edir. Ekspertiza xərci 49,74 manatdır (səh. 46-48). - Məhkəmə-narkoloji ekspertizasının 20 aprel 2022-ci il tarixli, 522 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür (səh. 134). - “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” X6 19 yanvar 2022-ci il tarixli, 65 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji kabinetində qeydiyyatdadır (səh. 85). Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi bütün izahat və ifadələrində üzərindən və yaşadığı evdən aşkar edilmiş heroinlərə dair niyyətinin satış deyil, şəxsən istifadə etmək olması, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə üzərindən aşkar edilmiş heroinlərin üzərinə Kürdəmir RPŞ-nin tanımadığı əməkdaşı tərəfindən qoyulmasına görə ona aidiyyətinin olmaması, yaşadığı evdən iki ədəd bükümlərdə aşkar edilmiş heroinlərin sonradan polis əməkdaşları tərəfindən altı ədəd bükümlərə bölünməsi və yaşadığı evdən aşkar edilmiş heroinlərə dair niyyətinin satış deyil, şəxsən istifadə etmək olması barədə özünü müdafiə etmək üçün dəlillər irəli sürmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində irəli sürdüyü dəlillər (yaşadığı evdən aşkar edilmiş heroinlərə münasibətdə olan niyyəti ilə bağlı olan dəlil istisna olmaqla) ibtidai araşdırma zamanı yaşadığı evdən altı ədəd bükümlərdə və üzərindən iki ədəd bükümlərdə aşkar edilmiş heroinlərin özünə məxsus olması barədə verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, ona həmin izahatı verməyə məcbur etməsi, üzərinə iki ədəd bükümlərdə heroinlər qoyması və yaşadığı evdən iki ədəd bükümlərdə aşkar edilmiş heroinləri sonradan altı ədəd bükümlərə bölməsini göstərdiyi Kürdəmir RPŞ-nin əməkdaşını tanımadığını bildirməsinin həmin xüsusatların araşdırılmasının mümkün olmaması ilə nəticələnməsi, yaşadığı evə baxış və üzərinə şəxsi axtarış keçirilməsi barədə protokollar, onlara əlavə edilmiş videogörüntülər, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin verdikləri ifadələrlə tamamilə təkzib edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı yaşadığı ev və üzərindən aşkar edilmiş heroinlərin ona məxsus olması barədə verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci və “Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarlarında göstərilmişdir ki, “cinayətin tövsifi” törədilən konkret cinayət əməlinin faktiki hallarının cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi proses olmaqla, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə və ona həmin cinayətə görə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Məhkəmə göstərilən hüquqi mövqeyi nəzərə alaraq, Təqsirləndirilən şəxs ümumilikdə götürüldükdə üzərindən və yaşadığı evdən aşkar edilmiş heroinlərə dair niyyətinin satış deyil, şəxsən istifadə etmək olması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilə və törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən tövsif edilməsinə hüquqi qiymət verilməsi üçün aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: - 63.İ maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. - 63.İİ maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in): - 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olmasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. - 139.0.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. - 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. - 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. - 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin göstərilən müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 2,721 qram, yəni külli miqdar təşkil edən heroini əldə etmiş, ünvan 2 ünvanında yerləşən yaşadığı evə daşımış, həmin heroinin altı ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,042 qram, 0,043 qram, 0,044 qram, 0,044 qram, 0,045 qram, 0,047 qram olmaqla, ümumi təmiz çəkisi 0,265 qram təşkil edən hissəsini yaşadığı evin yataq otağındakı dolabda olan bir ədəd siqaret qutusunda, iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,189 qram, 1,267 qram, ümumi təmiz çəkisi 2,456 qram təşkil edən hissəsini isə əynində olmuş şalvarın sağ cibində saxlamışdır. Cinayət işi materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 20 aprel 2022-ci il tarixli qərardan (səh. 136-148) görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs yaşadığı ev və üzərindən aşkar edilmiş heroinlərə münasibətdə satış məqsədinin olması barədə nəticəyə gələrkən bununla bağlı hər hansı birbaşa sübut növü əldə etmədən, yalnız sonuncunun əldə etdiyi ümumi təmiz çəkisi 2,721 qram təşkil edən heroinin şəxsi istehlak miqdarından 18 dəfə artıq olması, həmin heroini əldə etdikdən sonra cəmi səkkiz ədəd bükümlərə bölməsi və Kürdəmir RPŞ-nin əməliyyat-tapşırığına verdiyi cavabda Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmasının göstərilməsindən ibarət ümumi hallara əsaslanmışdır. Məhkəmə iclasında dövlət ittihamçısı da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə etdiyi xahişini ibtidai istintaq orqanının irəli sürdüyü, yuxarıda göstərilmiş dəlillərlə izah etmişdir. Halbuki, Kürdəmir RPŞ-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi 13 yanvar 2022-ci il tarixli raportda iş üzrə ona daxil olmuş əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması deyil, yaşadığı evdə və üzərində saxladığı narkotik vasitələrdən istifadə etməsi barədə olduğu göstərildiyi halda, bunun əksinə olaraq, Kürdəmir RPŞ-nin 14 yanvar 2022 və 28 fevral 2022-ci il tarixli məktublarında (səh. 44, 107) RPŞ-yə əvvəllər də Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatlarının daxil olduğu göstərilmişdir. Məhkəmə hesab edir ki,: - əgər, həqiqətən də Kürdəmir RPŞ-yə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanmasından əvvəl sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsaydı, bunun məntiqi davamı olaraq, Kürdəmir RPŞ-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi 13 yanvar 2022-ci il tarixli raportda iş üzrə ona daxil olmuş əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr əldə etməsi, daşıması, üzərində və yaşadığı evdə saxlaması barədə olduğunu göstərməli idi. - Kürdəmir RPŞ-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi 13 yanvar 2022-ci il tarixli raportda iş üzrə ona daxil olmuş əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması deyil, yaşadığı evdə və üzərində saxladığı narkotik vasitələrdən istifadə etməsi barədə olduğunu göstərməsi özü-özlüyündə Kürdəmir RPŞ-nin 14 yanvar 2022 və 28 fevral 2022-ci il tarixli məktublarının RPŞ-yə əvvəllər də Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatlarının daxil olmasına dair hissəsinin inandırıcı və mötəbər olmadığını göstərir. Məhkəmə bu barədə nəticəyə gələrkən Kürdəmir RPŞ-nin həmin məktublarında Təqsirləndirilən şəxs konkret olaraq kim(lər)ə satmasının müəyyən edilməməsinin göstərildiyini də nəzərə alır. Digər tərəfdən, Kürdəmir RPŞ-nin 14 yanvar 2022-ci il tarixli məktubunda Təqsirləndirilən şəxs yaşadığı ev və üzərindən aşkar edilmiş heroinləri satış məqsədi ilə saxlaması, 28 fevral 2022-ci il tarixli məktubunda isə sonuncunun üzərindən aşkar edilmiş heroinləri şəxsi istifadə məqsədi ilə saxlamasının müəyyən edilməsi bir-biri ilə kəskin ziddiyyət təşkil edən məzmunda göstərilmişdir. Məhkəmə hesab edir ki, göstərilən hal özü-özlüyündə Kürdəmir RPŞ-nin 14 yanvar 2022-ci il tarixli məktubunun Təqsirləndirilən şəxs yaşadığı ev və üzərindən aşkar edilmiş heroinləri satış məqsədi ilə saxlamasına dair hissəsinin inandırıcı və mötəbər olmadığını göstərir. Məhkəmə bu barədə nəticəyə gələrkən Kürdəmir RPŞ-nin 28 fevral 2022-ci il tarixli məktubunun Təqsirləndirilən şəxsla bağlı aparılmış əməliyyat-axtarış tədbiri ilə bağlı sonuncu məlumatı özündə əsk etdirməsini də nəzərə alır. Cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən yoxlanılmamış, qiymətləndirilməmiş və mötəbərliyi müəyyən edilməmiş məlumat özü-özlüyündə sübut əhəmiyyəti daşımır. Məhkəmə göstərilənlərə əsasən Kürdəmir RPŞ-nin 14 yanvar 2022 və 28 fevral 2022-ci il tarixli məktublarını məhkəmə istintaqı zamanı təsdiqini tapmamış, mötəbər olmayan və yalnız ehtimal xarakterli məlumat kimi xarakterizə edir. Bu nəticə həmin məktubların Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə faktiki və hüquqi əhəmiyyətinin itirməsi ilə nəticələnir. Məhkəmə bu səbəbdən həmin məktubları sonuncuya qarşı irəli sürülmüş ittiham üzrə sübut kimi qiymətləndirmir. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs (bundan sonra - o) qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də - məhkəmə-narkoloji ekspertizasının 20 aprel 2022-ci il tarixli, 522 nömrəli rəyinə əsasən onda heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyinin aşkar olunması, - onun yaşadığı ev və üzərindən aşkar edilmiş heroinlər cəmi səkkiz ədəd bükümlərdə olsa da, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən hüquqi mövqeyinə uyğun olaraq, bu halın özü-özlüyündə deyil, işin digər faktiki halları ilə birlikdə götürüldükdə satış niyyətini ehtiva edə bilməsi, həmin heroinlərin ümumi təmiz çəkisinin 2,721 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 0,721 qram çox olması, göstərilən bükümlərdəki heroinlərin təmiz çəkilərinin ayrı-ayrılıqda birdəfəlik şəxsi istifadə miqdarına uyğun olması, yaşadığı evdən heroinlərin onlardan şəxsi istifadə niyyətinə bilavasitə işarə edən, içərilərindən heroin izləri aşkar edilmiş üç ədəd şpris və bir ədəd şüşə ampula ilə birlikdə yataq otağındakı dolabda olan bir ədəd siqaret qutusundan aşkar edilməsi, üzərindən iki ədəd bükümlərdə heroinlərin onun ictimai yerdə deyil, yaşadığı evdə saxlanılarkən aşkar edilməsi, - onun ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində yaşadığı ev və üzərindən, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə yaşadığı evdən aşkar edilmiş heroinləri satış deyil, şəxsən istifadə etmək məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını göstərməsi, - ibtidai istintaq orqanının onun əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması, yaşadığı ev və üzərindən aşkar edilmiş heroinlərə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olubolmadığını yoxlamaq üçün onun istifadəsində olmuş mobil telefona baxış keçirməməsi, onun istifadəsində olmuş bir neçə mobil nömrəyə dair telefon danışıqları haqqında məlumatları götürülməsinə əsas verəcək Kürdəmir Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qərarını (səh. 115, 116) əldə etsə də, icrasını təmin etməməsi, nəticədə həmin məlumatları götürməməsi və cinayət işi materiallarına əlavə etməməsi, - göstərilən halların ümumi məcmusunun onun yaşadığı ev və üzərindən aşkar edilmiş heroinləri əldə etməsi, üzərində saxlaması və daşımasındən ibarət hərəkətləri həmin heroinlərdən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütlələrə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də onun xeyrinə təfsir edilməli olması, - eləcə də, onun sonuncu dəfə Kürdəmir Rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə bilinməsi iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə göstərilənlərə əsasən ibtidai istintaq orqanı və dövlət ittihamçısının Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi ilə bağlı irəli sürdüyü dəlilləri əsassız, sonuncunun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində yaşadığı evdən aşkar edildiyini etiraf etdiyi, ümumi təmiz çəkisi 0,265 qram təşkil edən heroinləri, eləcə də ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edildiyini etiraf etdiyi, ümumi təmiz çəkisi 2,456 qram təşkil edən heroinləri şəxsi istifadə məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, həmin kütlələrə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili isə əsaslı hesab edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi tam etirafedici və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı Şahid1 və Şahid4 şahid qismində verdikləri ifadələri, Təqsirləndirilən şəxs yaşadığı evə baxış və üzərinə şəxsi axtarış keçirilməsi barədə protokollar və onlara əlavə edilmiş videogörüntülər, materialların məhkəmə ekspertizasının 14 yanvar 2022-ci il tarixli, 18/54 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 20 aprel 2022-ci il tarixli, 522 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (səh. 89, 90). - Kürdəmir Rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 19 yanvar 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, arvadı, bir nəfər yetkinlik yaşına çatmış və bir nəfər yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə yaşamış, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (səh. 87, 88). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş heroinin ümumi təmiz çəkisinin 2,721 qram olması, məhkumluğu olmayan şəxs olması və yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olması və əməlindən səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının 1 (bir) il müddətə təyin edilməsi zəruridir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 13 yanvar 2022-ci il tarixdən hesablanmalı və Kürdəmir Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qərarı (səh. 72, 73) ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 20 aprel 2022-ci il tarixli, 522 nömrəli rəyi və “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” X6 19 yanvar 2022-ci il tarixli, 65 nömrəli məktubu nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,561 qram təşkil edən heroin, eləcə də Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən götürülmüş üç ədəd şpris və yuxarı hissəsi sındırılmış bir ədəd ampula məhv edilməli, sonuncunun yaşadığı evə baxış və üzərinə şəxsi axtarış keçirilməsi barədə protokollara cəmi iki ədəd disklərin yaddaşına yazılaraq əlavə edilmiş videogörüntülər iş materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 13 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,561 qram təşkil edən heroin, eləcə də Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən götürülmüş üç ədəd şpris və yuxarı hissəsi sındırılmış bir ədəd ampula məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs yaşadığı evə baxış və üzərinə şəxsi axtarış keçirilməsi barədə protokollara cəmi iki ədəd disklərin yaddaşına yazılaraq əlavə edilmiş videogörüntülər iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar