Məhkəmə qərarları › İş №1(099)-343/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-343/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-343/2023 01.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X13 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikasi Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağir Cinayətlər Məhkəmələrində Dövlət İttihaminin Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Ağdam rayonunun Mərzili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonunun Mərzili kəndində qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Abdullayev küçəsi, nömrəsiz evdə yaşayan, Ruslan Abdullayev küçəsi nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qitimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 126.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Şahid1 olan 1.150 manat borcunu vaxtında ödəmədiyi və onun telefon zənglərinə cavab vermədiyindən həmin məsələ ətrafında söhbət etmək üçün Şahid1 tanışı Zərərçəkmiş şəxs ilə birlikdə 28 noyabr 2022-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs işlədiyi Ağcabədi rayonunun Təzəkənd kəndində olan plastik qapıpəncərə sexinin qarşısına gələrək onunla həmin mövzuda mübahisə etməklə sifət nahiyəsinə bir dəfə sillə zərbəsi vurmasından sonra, o Şahid1 onun işlədiyi sexə gətirdiyinə görə Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə istintaqla müəyyən edilməyən vaxtda və mənbədən əldə etməklə saxladığı qeyri-müəyyən formalı olan, deşici-kəsici xassəyə malik alətlə Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən iki dəfə zərbə vurmaqla, ona ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid ümumilikdə iki ədəd xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, plastik qapı pəncərə ustasıdır. Əvvəllər Şahid1 qapı-pəncərə sexi üçün material almış, Teymura borcu qalmış, 3 il müddətində həmin borcu ödəyə bilməmişdir. 28 noyabr 2022-ci il tarixdə təxminən saat 14:50 radələrində işlədiyi sexdə olan zaman Teymur Zərərçəkmiş şəxs ilə onun yanına gəlmiş, Teymur onu çağırmış, o, çölə çıxan kimi onunla salamlaşaraq onun sağ üz nahiyəsindən qəflətən şillə ilə bir dəfə vurmuşdur. O, nə baş verdiyini anlamamış və Teymura yumruq vurmaq istəmiş, lakin ara qarışmış və onları ayırmışlar. Ona Teymuru vurmağa imkan verməmişlər. O, Teymuru onun işlədiyi sexə İlqarın gətirdiyini güman edib, onu bura gətirmisən ki, məni vursun demiş, sonra da oradan aralanmışdır. Bir qədər keçdikdən sonra o işlədiyi sexə qayıtmış və Teymurla İlqarın sexin qarşısında dayandıqlarını görüb, onlara yaxınlaşaraq üzərində olan pəncərə-qapı düzəldərkən istifadə etdiyi metal parçasını çıxarıb İlqardan qisas almaq üçün onun qarın nahiyyəsinə iki dəfə zərbə vurmuş, sonra da oradan qaçıb getmiş və gedərkən İlqarı vurduğu metal parçasını yolun kənarında atmışdır. Lakin həmin vaxt çox həyəcanlı olduğu üçün həmin metal parçasını haraya atdığını xatırlamır. İlqar Teymurla yaxın dostluq münasibətində olmuşlar. İlqarın Teymuru onun işlədiyi sexə gətirdiyinə və Teymurun onu sillə ilə vurub təhqir etdiyinə görə o bərk əsəbiləşmiş və İlqardan qisas almaq üçün onu vurmuşdur. İstintaq vaxtı Teymuru vurmasını qarşısını aldığına görə İlqarı vurması barədə ifadəsini təsdiq etmir. Çünki o elə ifadə verməmişdir, ifadəsini oxumadan imza etmişdir. O İlqarı vurduğuna görə əməlindən peşmandır. İlqardan üzr istəmiş və onunla barışmışdır. Öhtəsində azyaşlı uşağının və İ qrup əlil nənəsinin olmasını cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs yuxarıda təsvir edilən cinayət əməlini törətməsi, özünün məhkəmədə tədqiq olunmuş ifadəsindən başqa, zərəçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, məhkəmə tibbi və məhkəmə psixiatirik ekspertizasının rəyləri, sənədlər və işin faktiki halları ilə ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 28 noyabr 2022-ci il tarixdə dostu Teymur Laçın adlı tanışı ilə onun yaşadığı Təzəkənd kəndinə gedərək ona bir kisə kartof pay vermiş o da həmin kisəni idarə etdiyi “muravey” markalı motisikiletə qoymuşdur. X14 borclu olduğu pulu almasını tapşırmış, o da Teymurun yaxında işlədiyini bildirib, onu Turalın işlədiyi qapı-pəncərə sexinə aparmışdır. Həmin vaxt Teymur Turalı sexdən çölə çağırmış, və Turalın sifət nahiyəsinə bir dəfə şillə ilə vurmuş, Tural isə oradan qaçıb getmiş və gedərkən ona arxanca adam salıb gətirmisən, gör indi səni nə edəcəm demişdir. Bundan 5-6 dəqiqə sonra Tural qaça-qaça qayıdıb gəlmiş, o, qabağa durub Turalı tutmaq istəyən zaman Tural cibindən iti bir alət çıxarıb onun qabırğa nahiyəsinə iki dəfə vurmuş, sonra da qaçıb getmişdir. Teymurla Laçın onu avtmobilə qoyub rayon mərkəzi xəstəxanasına aparmışlar. Hadisəyə səbəb onun Turalın iş yerini Teymura göstərməsi olmuşdur. O Turalla barışmışdır. Ondan heç bir tələb və şikayəti yoxdur. Dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 28 noyabr 2022-ci il tarixdə təxminən saat 09 radələrində o idarə etdiyi Prado markalı 99HK095 dövlət qeydiyyat nişanlı avtomobilin texniki baxışdan keçirmək üçün Gəncə şəhərinə getmiş, Gəncə şəhərindən qayıdan zaman yolun kənarından 3 kisə kartof almışdır. Bir kisə kartofu isə İlqar üçün almış və həmin kartofu İlqara vermək üçün tanışı Şahid2lə birlikdə İlqarın yaşadığı Ağcabədi rayonu Təzəkənd kəndinə getmişdir. Kənddə İlqarla görüşmüş, bir kisə kartofu İlqara vermiş, o da həmin kisəni idarə etdiyi “Muravey” markalı motosikletin yük yerinə qoymuşdur. Həmin vaxt o İlqardan kənddə Tural adında bir nəfərin ona borcu olduğunu, borcunu qaytarmadığını və onun telefonunu açmadığını bildirib, həmin pulu ondan almasını demiş, İlqarda Turalın yaxınlıqda sexdə işlədiyini bildirmiş və onlar İlqarla birlikdə Turalın işlədiyi sexə getmişlər. O, Turalı sexdən çölə çağıraraq onunla salamlaşmış sonra da qəflətən sol əli ilə Turalın sağ qulaq nahiyəsinə şillə ilə vurmuşdur. Tural İlqara arxanca adam gətirmisən, gör səni nə edəcəm deyib oradan getmiş, təxminən 5 dəqiqə sonra Tural qayıdıb həmin yerə gəlmiş və əlində olan dəmirlə iki dəfə İlqarın sol qabırğa nahiyəsinə vurmuş, sonra da qaçıb getmişdir. O, dərhal İlqara yaxınlaşmış, İlqarın sol qabırğa nahiyəsindən qan gəldiyini görüb, Laçınla birlikdə onu idarə etdiyi avtomobilə qoyub kənddə yerləşən tibb məntəqəsinə aparmışlar. Orada İlqara ilkin tibbi yardım göstərildikdən sonra onu Ağcabədi rayon mərkəzi xəstəxanasına aparmışlar. Hadisəyə səbəb İlqarın Turalın işlədiyi yeri ona göstərməsi olmuşdur. Dindirilmiş Şahid2 və Şahid3 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. Cinayət işinin materiallarında olan 06 yanvar 2023-cü il tarixli baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, hadisə baş verdiyi yerə baxış keçirilmiş, hadisənin Ağcabədi rayon Təzəkənd kəndi ərazisində qapı -pəncərə sexinin qarşısı olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 15 fevral 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təstiq etməklə hadisə yerini təqdim etmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 25 yanvar 2023-cü il tarixli 52 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir: qarının sol yarsından sol qabırğaaltı nahiyədən qarın boşluğuna keçərək mədənin və qara ciyərin zədələnməsi və daxili qanaxma ilə müşahidə edilən deşilmiş-kəsilmiş yara; sol qabırğaaltı nahiyədən ön aksilyar xətt üzrə 9-cu qabırğaarası sahədən qarın boşluğuna keçərək mədənin və qara ciyərin zədələnməsi ilə müşahidə edilən deşilmiş-kəsilmiş yara.Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-iti kənarlı əşyanın (əşyaların) təsirindən törənmişdir, kənar şəxs tərəfindən hər hansı iti kənarlı əşya ilə vurulma nəticəsində yetirilə bilərdi, şəxsin özü-özünə yetirməsi üçün xarakterik deyildir, xəsarətlərin yetirilmə müddəti 28 noyabr 2022-ci il tarixə uyğun gəlir.Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin hər ikisi ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Ağdam rayon poliklinikasının tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs 03 yanvar 2007-ci il tarixdən «MSS-də dəyişiklik» diaqnozu ilə X24 Dispanser müşahidəsində olub. Məhkəmədə tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 21 yanvar 2023-cü il tarixli, 37 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara müqayisəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İlqar Cəfərova ictimai vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq deyil, aralarında baş verən şəxsi münasibətlər zəmnində münaqişə zamanı ondan qisas almaq məqsədi ilə xəsarət yetirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da özünün «qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 7-cı bəndinin 3-cü hissəsində ictimai borcunu yerinə yetirməsi niyyətilə törədilən əmələ münasibətdə məhz bu mövqedən çıxış etmişdir. Qərarda göstərilmişdir ki, ictimai borcunu yerinə yetirmək dedikdə vətəndaşların həm onların üzərlərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələri, həmdə cəmiyyətin xeyrinə digər ictimai fəaliyyəti (məsələn hüquq posuntusunun qarşısının alınması, törədilən və törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) həyata keçirməsi başa düşülür. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, əməlin CM-nin 120.2.3-cü maddəsi ilə tövsif edilməsi üçün təqsirkarın zərərçəkmiş şəxsi və ya onun yaxın qohumlarını həmin şəxsin xidməti vəzifələrini və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar öldürdüyünü dərk etməsi zəruridir. Məhkəmə ictimai borcunu yerinə yetirməsi ilə əlaqdar qəsdən sağlamlığa ağır zərər vurma anlayışına Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarlarının tövsiyyələrini əsas götürərək belə hesab edir ki, həmin cinayətin motivi zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar olmamışdır. Belə ki, məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs İlqar Cəfərov, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri və məhkəmədə tədqiq edilmiş sübutlarla mübahisəsiz surətdə təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X20 Quliyevi onun işlədiyi sexə gətirməsi və Şahid1 onu sillə ilə vurması səbəbindən qisas almaq niyyəti ilə hadisə yerinə qayıdaraq üstündə olan metal parçası ilə İlqar Cəfərova bədən xəsarətləri yetirmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, həqiqətən X20 Quliyevlə dostluq münasibətində olmuşlar. X20 Quliyevi Təqsirləndirilən şəxs işlədiyi sexə gətirdikdən sonra onun Təqsirləndirilən şəxs hamının gözü qarşısında vurmasından hiddətlənən Təqsirləndirilən şəxs İlqar Cəfərova bunu irad tutmuş, hadisə yerindən aralandıqdan sonra yenidən həmin yerə qayıdaraq İlqar Cəfərovdan qisas almaq məqsədi ilə onun sağ qabırğa nahiyyəsinə üzərində olan metal parçası ilə xəsarətlər yetirib, dərhal hadisə yerindən uzaqlaşmışdır. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs Tural X5 ictimai borcunu yerinə yetiməsi ilə əlaqədar zərərçəkmiş şəxsə ağır xəsarət yetirməsi müəyyən edilməmiş, eyni zamanda bu xüsusatlar məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmçinin CPM-nin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə yuxarıda göstərilən, məhkəmədə tədqiq olunmuş sübutları və işin faktiki hallarını, cinayətin iş üzrə verilmiş ittihamda göstərildiyi kimi zərəçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi niyyəti ilə törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, CM-nin 126.2.2-cü maddəsində nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bu Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin bu Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispoziyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 126.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı sübuta yetməmişdir. İnsan Hüquqlarının və X6 X4 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 126.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 126.1-ci maddəsinə tövsif olunmalı və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1988-ci il tarixdə Ağdam rayonunun Mərzili kəndində doğulmuşdur. Ağdam rayonunun Mərzili kəndində qeydiyyatda olmaqla faktiki Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Abdullayev küçəsi nömrəsiz evdə yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir.Himayəsində 1917-ci il təvəllüdlü oğlu Miryusif və öhtəsində İ qrup əlil nənəsi X15 vardır. İşdə olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o həmin ərizəsində Təqsirləndirilən şəxsla barışdığını və ondan heç bir tələb və şikayəti olmadığını qeyd etmişdir. İşdə olan Ağdam Rayon İcra Hakimiyyəti Başçısının 22 oktyabr 2022-ci il tarixli 184 saylı sərəncamından görünür ki, Təqsirləndirilən şəxs arvadı X7 onun nənəsi İ qrup əlil Tofiqə İmanovaya patronaj təyin edilmişdir. İşdə olan 18 oktyabr 2019-cu il tarixli M/V 088104 sayl vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs atası X2 Müharibəsi iştirakçısıdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs arvadının qardaşı X3 Müharibəsi iştirakçısı olmaqla İİ qrup əlildir (qazidir). İşdə olan Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Ergi Qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin təsdiq etdiyi Ağdam rayonu bir qrup şəhid ailələrinin və qazilərin müraciətindən görünür ki, həmin müracətdə Təqsirləndirilən şəxs Qarabağ döyüşlərində hərbiçilərə, şəhid ailələrinə və qazilərə maddi və mənəvi dayaq olması göstərilməklə ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etmişlər. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlimatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan ibtidai istintaq orqanının 05 dekabr 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıda göstərilənləri nəzərə alır. Belə ki, CM-in 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin etmənin ümumi əsaslarını təsbit edən CM-in 58.3-ci maddəsində cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki,cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə CM-nin 59-cu maddəsində sadalanan, eləcədə 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilənşəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinəəsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 59.2-ci maddəsi isə bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində birbaşa göstərilməyən, o cümlədən şəxsin əməlindən peşmançılıq çəkməsi, başqa şəxslərin qayğısına qalması kimi halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasını istisna etmir. Ona görə ki, cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-nin 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirə bilərlər. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərəçəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmamasını, CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, öhtəsində İ qrup əlil nənəsinin olmasını, arvadının qardaşının Vətən Müharibəsi iştirakçısı-qazi olmasını, ailədə yeganə qazanc gətirən olmasını, atasının Vətən Müharibəsi iştirakçısı olmasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, şəhid ailələri və qazilərin ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edən müraciətlərini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmədə müəyyən edilmiş yuxarıda sadalanan hallar Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qanunun qeyd edilən tələblərini və Ali Məhkəmə Plenumunun tövsiyələrini rəhbər tutaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini,cəzasını ağırlaşdıran hallar olmamaqla kifayət qədər cəzanı yüngülləşdirən halların olmasını və işin vəziyyətini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsi tətbiq edilərək təqsirləndirildiyi maddədə müəyyən ediləndən də daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədə uyğundur. Bu cəza onun islah olunmasına və bu yolla cəzanın məqsədinə nail olunması mümkündür. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalıdır. Ona təyin edilən cəzanın icrası faktiki yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs qarşı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, cinayətin aləti olan bir ədəd metal parçasının tapılıb işə əlavə edilməsinin mümkün olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 44, 132, 346, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın. Ona təyin edilən cəzanın icrası faktiki yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmdən onun elan olunduğu gündən 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar