Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-346/2022 30.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X11 oğlunun sədrliyi ilə, hakimlər – X9 və X4 ibarət tərkibdə, Allahverdiyev Elçin Sərhəng oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər: Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2iştirakları ilə, xx.xx.1975-ci ildə Əli-Bayramlışəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə külli miqdarda yəni 63.667 qram çəkidə narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, daşıyaraq saxlamış, həmin narkotik vasitə olan heroinin 61.047 qramı Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən 08 yanvar 2022-ci il tarixdə, saat 14 radələrində onun yaşadığı, ünvan 1 ünvanında yerləşən evə baxış keçirilərkən evdəki dolabdan bir ədəd sellofan kəsiyi bükümündə, 2,620 eynitərkibli qramı isə polis şöbəsində həmin gün saat 17 radələrində üzərinə şəxsi axtarış aparılan zaman başında olan papağın astar hissəsindən bir ədəd sellofan kəsiyi bükümündə aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək öz ifadəsində göstərmişdir ki, o 2021-ci ilin dekabr ayından narkotik vasitə istifadə etməmiş, Maştağada müalicə olunmuş, müalicədən sonra uşaqlarını görmək üçün evə gəlmiş, xx.xx.2022-ci il tarixdə Cəlilabada yas mərasiminə gedəcəyindən bu məqsədlə maşın danışmaq üçün günorta saatlarında “Şirvan klub” adlı yerin yaxınlığında olarkən adının Elnur olduğunu deyən polis əməkdaşı ona yaxınlaşaraq onu polis şöbəsinin rəis müavininin görmək istədiyini demiş və şöbəyə dəvət etmişdir. Onunla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmiş, polis şöbəsində olarkən polis əməkdaşları üzərinə bir neçə dəfə şəxsi axtarış keçirsələr də, üzərindən heç nə aşkar etməmişlər. Sonra əlinə qandal vurub onu döymüşlər, başında olan papağını götürüb otaqda olan divanın üstünə atmışlar. Bundan sonra ona yaşadığı evə baxış keçirilməli olduğunu bildirərək şöbənin həyətinə düşürmüşlər. Həyətdə olan zaman papağı yenidən gətirib onun başına qoymuşlar. Sonra onu yaşadığı evə gətirərək razılığı olmadan iki nəfər hal şahidlərinin iştirakı ilə onunla birlikdə evə daxil olmuşlar. Evdə otaqlara ayrıayrılıqda baxış keçirilmiş, baxış keçirilən zaman hal şahidlərindən biri evdə yataq otağında olan dolabın siyirməsinin içinə, yəni uşaqlarının paltarlarının içinə nəyisə atmışdır. Həmin vaxt o hal şahidinə etirazını da bildirmişdir. O, isə heç bir söz deməmişdir. Sonra baxış zamanı otaqda olan dolabın həmin siyirməsindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Onun heç bir günahı yoxdur, özü gedib müalicə almışdır, narkomaniyadan müalicəyə ehtiyacı olması barədə ekspert rəyini düzgün hesab etmir.Yataq otağında dolabın siyirməsinə narkotik vasitəni o qoymamışdır, dolabın siyirməsindən aşkar olunan narkotik vasitəni polis əməkdaşları özləri ora qoydurmuş, narkotik vasitə onun olmamışdır. Papağının içinə narkotik vasitəni də o qoymamışdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, onun törətmiş olduğu cinayət əməlləri məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Şirvan rayon polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 08 yanvar 2022-ci il tarixdə şöbəyə Təqsirləndirilən şəxs hal-hazırda Şirvan şəhəri ərazisində olması və onun yaşadığı evdə və üzərində narkotik vasitə olması, həmçinin narkotik vasitələrin satışı, saxlaması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, bu barədə rəhbərliyə məlumat verərək əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etmiş və əməliyyat qrupunun üzvləri ilə birlikdə saat 14 radələrində onun yaşadığı ünvana getmişlər. Qapını döydükdən bir qədər sonra Təqsirləndirilən şəxs özü qapını açmış, təhqiqatçı ona özünü təqdim etmiş və evinə baxış keçirilməsinin zəruriliyi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs da evə baxış keçirilməsinə narazılığı olmadığını bildirmişdir. Sonra hal şahidləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmuşlar və evdə ayrı-ayrı otaqlara baxış keçirdikdən sonra onun özünün yataq otağı olduğunu bildirdiyi otağa baxış keçirilərkən otaqda olan dolabın siyirməsindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin ona məxsus olmadığını bildirməklə protokola imza etməkdən imtina etmişdir. Bundan sonra orada Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarışın keçirilməsi anası və özü səs-küy saldıqları üçün mümkün olmadığına görə o, Şirvan ŞPŞ-nə dəvət edilmiş, orada hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə və videoçəkilişlə onun üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi-axtarış zamanı Yadigarın başında olan papağın iç hissəsində olan astarın altından 01 ədəd sellofana bükülmüş narkotik vasitə olan heroin aşkar olunmuşdur. O, həmçinin ifadəsində göstərmişdir ki, onlar birbaşa evə gedib axtarış keçirmişlər. Təqsirləndirilən şəxs özü axtarış keçirilməsinə icazə vermiş, evdə axtarış aparılarkən təhqiqatçı və hal şahidləri iştirak etmiş, müdafiəçi olmamışdır. Evə girəndə o qabaqda olmuş, həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və onun anası evdə olmuşdur. Yataq otağında dolaba baxış keçirilərkən Təqsirləndirilən şəxs özü qabaqda durmuş, hal şahidləri isə böyürdə dayanmışlar. Həmin vaxt dolabın siyirməsinə nəsə atmaq mümkün deyildi.Onlar evə baxış keçirərkən yataq otağına sonuncu baxmışlar. Təqsirləndirilən şəxs papağından aşkar olunan narkotik vasitənin də onun olmadığını bildirmiş, ona qarşı zor tətbiq olunmamış, şöbədə də vəkil ondan bu barədə soruşanda o, vəkilə də ona qarşı zor tətbiq olunmadığını demişdir. Evə baxış hal şahidlərinin iştirakı ilə keçirildiyindən videoçəkilişə lüzum görməmişlər. Təxirəsalınmaz əməliyyat axtarış tədbirinin keçirilməsi haqqında qərarı o vermiş, əməliyyatda təhqiqatçı İbrahim Qəhrəmanlı iştirak etmiş, əməliyyat axtarış tədbirləri haqqında qanuna əsaslanaraq əməliyyat axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul etmiş, həmin vaxt təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi zəruri olmuşdur. Məhkəmə iclasında, şahid qismində dindirilən Şirvan rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 08 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə və üzərində narkotik vasitə olması, həmçinin narkotik vasitələrin satışı, saxlaması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, o da əməliyyat qrupunun tərkibində digər polis əməkdaşları ilə birlikdə onun yaşadığı evə getmişdir. Onlar ora çatdıqda qapını döymüş, Təqsirləndirilən şəxs özü gəlib darvazanın qapısını açmışdır. Onlar özlərini təqdim edib evə baxış keçirilməsinin zəruriliyini və bu barədə qərar olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs da evə baxış keçirilməsinə razılıq vermişdir. Onlar evə daxil olmamışdan əvvəl 2 nəfər hal şahidi də dəvət etmişlər və onların da iştirakı ilə evə baxış keçirilmişdir. Evə baxış keçirilərkən yataq otağının sol hissəsində olan dolabın birinci siyirməsində 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Sonra onlar polis şöbəsinə gəlmişlər və o xidməti əraziyə qayıtmışdır. Evə onlardan qabaqda heç kim girməmiş, Yadigar öndə, onlar isə arxasınca otaqlara girib baxış keçirmişlər. Baxışı Şahid2 keçirmiş, onlar hamı bir yerdə otağa girmişlər. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitə olan heroinin ona məxsus olmadığını bildirmişdir. O polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməmişdir. Onlar polis şöbəsinə gedəndə Təqsirləndirilən şəxs baş geyimi üstündə olmuşdur. Baxış keçirilərkən və şöbəyə gələrkən Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamışdır. Məhkəmə iclasında, şahid qismində dindirilən Şirvan rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 08 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə və üzərində narkotik vasitə olması, həmçinin narkotik vasitələrin satışı, saxlaması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. O da əməliyyat qrupunun tərkibində digər polis əməkdaşları ilə birlikdə onun yaşadığı evə getmiş və evə baxış keçirərkən yataq otağında olan dolabın birinci siyirməsindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Otaqlarda axtarış aparılarkən otaqlara eyni vaxtda, polislər arxada, Yadigar özü isə öndə daxil olmuşlar. Bundan sonra polis şöbəsində Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmiş, şəxsi-axtarış zamanı onun başında olan papağın iç hissəsində olan astarın altından 01 ədəd sellofana bükülmüş narkotik vasitə olan heroin aşkar olunmuşdur. Məhkəmə iclasında, şahid qismində dindirilən Şirvan rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, o 08 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə və üzərində narkotik vasitə olması, həmçinin narkotik vasitələrin satışı, saxlaması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında digər polis əməkdaşları ilə birlikdə saat 14 radələrində əməliyyat qrupunun tərkibində onun yaşadığı evə getmişdir. Onlar qapını döydükdən bir qədər sonra Təqsirləndirilən şəxs qapını açmış, ona məqsədlərini izah etmişlər və evə baxış keçirərkən yataq otağında olan dolabın siyirməsindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. O polis şöbəsində Yadigarın üzərinə baxış keçirilməsində isə iştirak etməmiş, Təqsirləndirilən şəxs anası səs-küy saldığı üçün evdə onun üzərinə şəxsi axtarışın keçirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında, şahid qismində dindirilən Şirvan rayon polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid5 ifadəsində göstərmişdir ki, o 08 yanvar 2022-ci il tarixdə polis şöbəsində olan zaman əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 və digər polis əməkdaşları ilə birlikdə saat 14 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, onlar qapını döydükdən bir qədər sonra Təqsirləndirilən şəxs qapını açmışdır. Ona evinə baxış keçirmək istədiklərini bildirmişlər. O, evə baxış keçirilməsinə razılıq vermiş, sonra küçədən iki nəfər vətəndaş hal şahidi kimi dəvət olunmuş və onlar Təqsirləndirilən şəxs, həmçinin hal şahidləri ilə birlikdə evə daxil olmuşlar. Evə girəndə zalda Yadigarın anasının divanda oturduğunu görmüş, evdə ayrı-ayrı otaqlara baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs özünün yataq otağı olduğunu bildirdiyi otağa baxış keçirilmişdir. Baxış zamanı yataq otağında olan dolabın siyirməsindən 01 ədəd sellofan büküm aşkar olunmuş və onun içərisində narkotik vasitə olan heroinə bənzər maddə olmuşdur. Məhkəmə iclasında, şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, o 08 yanvar 2022-ci il tarixdə saat təxminən 14 radələrində Şirvan şəhərində küçə ilə getdiyi zaman polis əməkdaşları onu hal şahidi kimi dəvət etmişlər və əvvəllər tanımadığı Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsində iştirak etmişdir. Onlar təhqiqatçı ilə qapını döyüb içəri girmişlər. Təqsirləndirilən şəxs özü evə baxış keçirilməsinə razılıq vermiş, həmin vaxt işləmədiyini, anasının pensiyası ilə dolandığını demişdir. Evdə ayrı-ayrı otaqlara baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs özünün yataq otağı olduğunu bildirdiyi otağa baxış keçirilmiş və yataq otağında olan şkafın siyirməsindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs əvvəlcə içərisində heroinə bənzər maddə olan bükümün ona məxsus olmadığını bildirmiş, sonra isə şər ataraq «bu atdı, polis atdı» demişdir. O isə sadəcə baxdığını bildirmişdir.Həmin vaxt qapının yanında durmuş, narkotik vasitə olan bükümü şkafa o atmamışdır, yataq otağına girəndə şkafın siyirməsinin bağlı və ya açıq olması yadında deyil. Məhkəmə iclasında, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, o 08 yanvar 2022-ci il tarixdə evdə divanda istirahət etmiş, Yadigarın otağında isə qızı olmuşdur. Gəlini evdə olmamış, saat 11 radələrində isə Yadigar gəlinin bibisi oğlu rəhmətə getdiyindən ora maşın tutub getmək məqsədilə evdən çıxmışdır. Evdə olarkən saat 14-15 radələrində qapı döyüldüyü vaxt nəvəsi Xədicə gedib qapını açmış, Yadigarı polislər əli qandallı evə gətirmişlər. Uşaq qapını açandan sonra bir qoşun polis işçisi içəri girmiş, uşaq ona «gör bunlar kimdir» demişdir. Polis işçiləri Yadigara görə gəldiklərini deyib yataq otağının hansı otaq olduğunu soruşmuşlar. Onlarla mübahisə edib «nə olub, Yadigar adam öldürüb?» demiş, sonra hirslənib otağı göstərmişdir. Polis işçiləri qoşunla həmin otağa girmiş və qapını bağlamışlar. Onlar içəridə iş görərək, güya nəyisə axtarmışlar. Həmin otaqdakı şkafdan səhər gəlin corab götürdüyündən orada narkotik vasitə ola bilməsi mümkün olmamış, polislər qapını bağlamış və açmamışlar. Onlar Yadigarı aşağıda saxlamış, özü onlarla otağa girmək istəyəndə isə onu sinəsindən vurmuşlar və arxaya getmişdir. Bu zaman nəvəsi qorxmuşdur. Həmin vaxt yataq otağındakı şkafa narkotika atılmış, sonra Yadigarı gətirmişlər və yataq otağına salıb qapını bağlamışlar. İki nəfər polis əməkdaşı isə zalda qalmışdır. bir polis əməkdaşı da əlində telefon ona «sən yaxşısı budur gətir bizə çay ver» demişdir. Yadigar içəridən iki dəfə «mama özləri öz əlləri ilə atdılar» deyərək qışqırmışdır. O, belə deyəndə polislərin gətirdikləri narkotiki şkafın içinə atmalarını nəzərdə tutmuşdur. Onun oğlumun ona verilmiş ittihamda göstərilən cinayətə aidiyyəti yoxdur, o, narkotik vasitədən aslılığının qurtarması ilə bağlı müalicə olunaraq narkotik vasitə istifadə etməmişdir. Qapını Yadigar çöldən «Xədicə aç qapını» dediyi üçün nəvəsi Xədicə açmışdır. Məhkəmə iclasında, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən azyaşlı X5 ifadəsində göstərmişdir ki, evdə nənəsi zalda olduğu vaxt qapı döyülmüş, o əvvəl qapını açmaq istəməsə də sonra atası Yadigarın səsini eşitdiyinə və onun dediyinə görə qapını açmış, atasını polis işçiləri çöldə saxlayaraq evə keçib qonaq otağına girmişlər, sonra isə onu çöldən qolları qandallı vəziyyətdə evə çağıraraq otağa aparmışlar. Onun nənəsini isə həmin otağa qoymamışlar. Atası otaqdan ona şər atıldığını demiş, sonra isə atasını götürüb aparmışlar. Polislər evə girəndən sonra onun nənəsini otağa girməmək üçün itələmiş, onların hərəkətləri pis olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə X3 Regional Bölməsinin 09 yanvar 2022-ci il tarixli 18/22 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-2,620 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında sonuncunun yataq otağında olan dolabın siyirməsindən aşkar edilmiş 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi- 61,047 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqsirləndirilən şəxs evindən və üzərindən aşkar olunmuş cəmi 2 bükümdə, ümumi çəkisi- 63,667 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli 1350 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş İstintaq zamanı əməliyyat tapşırığına verilmiş 20 mart 2022-ci il tarixli cavabdan görünür ki, əməliyyat tapşığında qeyd edilmiş xüsusatlarla bağlı bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: 1.Təqsirləndirilən şəxs şəhər ərazisində mütəmadi olaraq narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin satışı ilə məşğuldur. Lakin Təqsirləndirilən şəxs konkret olaraq kimə, nə vaxt və hansı şəraitdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin satmasını müəyyən etmək mümkün olmamışdır. (Əsas:Agentura və digər mənbələrdən əldə edilmiş məlumatlar). 2.Təqsirləndirilən şəxs məxsus yaşadığı evdən və üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini haradan, kimdən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. 3.Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini satış məqsədilə əldə edib saxlamışdır. (Əsas:Agentura və digər mənbələrdən əldə edilmiş məlumatlar). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-ə verilmiş tələbnaməyə xx.xx.2022-ci il tarixli cavab arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materillarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 və X2 ifadələrində evdə baxış keçirilərkən polis əməkdaşlarının kobud rəftarına, Təqsirləndirilən şəxs evdə olmayıb polis əməkdaşları tərəfindən evə gətirilməsinə dair göstərdikləri xüsusatlara tənqidi yanaşaraq, hesab edir ki, onların bu cür ifadələr verməsi təqsirləndirilən şəxsi müdafiə xarakteri daşıyır və digər şahidlərin ifadələri, həmçinin işin faktiki halları ilə kifayət qədər təkzib olunur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, ilk dəfə cinayət törətməsini və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmadığını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-də maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs evindən və üzərindən aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalan 63,567 qram narkotik vasitə olan heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd kompakt diskin cinayət işi materiallarında saxlanılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertiza xərci olan cəmi 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 08 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserdə qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-də maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs evindən və üzərindən aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalan 63,567 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd kompakt disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.
Məhkəmə qərarları › İş №1(099)-346/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-346/2022
30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver