Məhkəmə qərarları › İş №1(099)-346/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-346/2024

09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-346/2024 09.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X7 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Müdafiəçi Ələsgər oğlu və təqsirləndirilən şəxs Fərhadi X2 iştiraklar ilə xx xxxxxx 1980-ci ildə İran İslam Respublikasının Salehabad rayonu, Salehabad şəhər mərkəzi, İsmailabad qəsəbəsində doğulmuş, İran İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası X19 Cam şəhərində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Fərhadi X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə edilməsi, saxlanması, daşınması, İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən 34 kq 68,65 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, təsiredici maddəsinin ümumi miqdarı 144,4 qram olan 3610 ədəd metadon həblərini, külli miqdarda 500,1 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini İran İslam Respublikasında cinayətkar qrupun üzvündən qəbul etmiş, həmçinin qrup üzvünün ona təqdim etdiyi paramotor uçuş aparatından istifadə etməklə həmin maddələri ona ödənilməli olan 2.000 ABŞ dolları müqabilində qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirərək şəxslərə təhvil verib geri qayıtmaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasının Aslanduz şəhərindən uçuş aparatı ilə uçmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda müəyyən sənədlər olmadan qanunsuz olaraq keçməklə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni uçuş aparatında daşımaqla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli olaraq, qaçaqmalçılıq yolu ilə keçirmiş, lakin paramotor uçuş aparatının yanacağı qurtardığından Azərbaycan Respublikası Füzuli rayonu, Qarabağ kəndi ərazisinə məcburi eniş edərək əldə etdiyi maddələrdən metamfetamini, metadon həblərini və qurudulmuş marixuananın bir hissəsini satış məqsədi ilə Füzuli rayonu, Qarabağ kəndi ərazisində gizlətmiş, qurudulmuş marixuananın qalan hissəsini isə satış məqsədi ilə üzərində saxlamaqla Füzuli rayonu, Mahmudlu-2 kəndi ərazisinə daşımış, xx.xx.2023-cü il tarixdə saat 07:30-da Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Füzuli rayonu, Mahmudlu-2 kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 09:10 radələrində üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə 18,65 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətlərinin davamı olaraq 28 avqust 2023-cü il tarixdə saat 19:12-dən etibarən Füzuli rayonu Qarabağ kəndi ərazisində Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman sonuncunun həmin kənddə içərisində su olmayan qamışlıq arxda satış məqsədi ilə gizlətməklə saxladığı 02 ədəd narıncı rəngli sintetik torbada ümumilikdə 34 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 595qram; 570qram; 600qram; 1045qram; 1035qram; 485qram; 610qram; 555qram; 1030qram; 560qram; 870qram, 1045qram; 425qram; 520qram; 1045qram; 1045qram; 580qram; 875qram; 1100qram; 690qram; 560qram; 770qram; 550qram; 560qram; 575qram; 530qram; 705qram; 630qram; 1035qram; 610qram; 3960qram; 3780qram; 3905qram və 600qram olmaqla ümumi çəkisi külli miqdarda 34050qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, təsir maddəsinin ümumi miqdarı külli miqdarda 144,4 qram olan 361 ədəd konvalyutda 3610 ədəd metadon həbi və 01 ədəd sellofan torbada təmiz çəkisi külli miqdarda 500,1 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə elan olunmuşi ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 12 avqust 2023-cü il tarixdən təxminən bir ay yarım əvvəl İran İslam Respublikası Biləsuvar şəhərində yaşayan Əli adlı dostu ilə Məşəd şəhərində görüşmüş və Əli onu İran İslam Respublikası Aslandüz şəhər sakini Nadir adlı şəxs ilə tanış etmişdir. 2023-cü ilin avqust ayının əvvəllərində Aslandüz şəhərinə gedib orada Nadir ilə görüşərkən Nadir ona narkotik vasitə olduğunu və həmin narktotik vasitələri İran İslam Respublikası Aslandüz şəhəri ilə Azərbaycan Respublikası Füzuli rayonu arasında olan sərhəddən keçirib azərbaycanlı şəxslərə çatdırmaq lazım olduğunu demişdir. O Nadirdən bu işi necə yerinə yetirəcəyini soruşduqda bildirmişdir ki, bir tanışı var və həmin tanışının uçuş aparatı var. Ona həmin aparatı göstərmişlər. Həmin aparat öndən velosipedə oxşamış və arxasında pər olmuşdur. Eləcə də orta hissəsində hava şarı olmuşdur. Həmin aparat həm motorla, həm də hava şarı ilə hərəkət etmişdir. Orada 3 gün qalmış və 3 gün ərzində həmin dağlıq ərazidə Nadirin tanışı ona uçuş aparatını idarə etməyi öyrətmişdir. Nadir ona demişdir ki, uçuş aparatını sürməyi tam öyrəndikdən sonra ona narkotik vasitə verəcək və o həmin aparatla Azərbaycan sərhədini keçəcəkdir. Sərhədi keçəndən sonra aparatla aşağı məsafədən uçacaq və həmin ərazidə olan azərbaycanlılar ona fənər ilə işıq yandırıb siqnal verəcəklər. O da həmin aparatla işıq gələn tərəfə gedib narkotik vasitəni oraya atacaqdır. Bundan sonra aparatla İrana geri qayıdacaqdır. Bunun qarşılığında Nadir ona 2000 ABŞ dolları pul verməli imiş. Uşaqları avtoqəzaya düşdüklərinə və ona pul lazım olduğuna görə Nadir adlı şəxsin təklifi ilə razılaşmışdır. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Nadir ona iki narıncı rəngli kisədə narkotik vermişdir. Nadirin deməsinə görə həmin narkotiklərin çəkisi 34 kiloqram olmuş və narkotiklərin hamısı qurudulmuş marixuana olmuşdur. O həmin kisələri aparata yerləşdirmiş və iplə onları bağlamışdır. Bundan sonra Aslandüz şəhərində olan dağlıq ərazidən uçuş aparatını işə salıb havalanmışdır. Özü də narkotik vasitə qurudulmuş marixuana istifadəçisi olmuşdur. Ona görə də, İrandan çıxanda Nadirdən xahiş etmişdir ki, öz istifadəsi üçün də marixuana versin. Nadir etiraz etməmiş və onun istifadəsi üçün kiçik bir torbada marixuana vermişdir. O həmin torbanı cibinə qoymuşdur. İran İslam Respublikası ilə Azərbaycan Respublikası sərhəddini hava məkanından keçmişdir. Sərhədi keçərkən səs hiss olunmasın deyə aparatın mühərrikini söndürüb paraşüt ilə hərəkəti davam etdirmişdir. Ona bağlamanı atmaq üçün işıq siqnalı verilməli olsa da, işıq siqnalını görmədiyi üçün biraz irəli getməyi fikirləşmişdir. Lakin, uçuş aparatının yanacağının bitməsi ilə bağlı sonradan adını öyrəndiyi Füzuli rayonu Qarabağ kəndi yaxınlığında boş sahədə uçuş aparatını çətinliklədə olsa da, yerə endirməyi bacarmışdır. Həmin vaxt kənarda şəxslərin olduğunu hiss etmiş və ona görə də təcili olaraq narkotik vasitə olan torbaları götürüb oradan uzaqlaşmışdır. Torbalar ağır olduğundan onları özü ilə gəzdirə bilməmiş və düşdüyü otlaq sahəsinin kənarında olan, üzəri qamışlıq otlarla bağlanmış arxın içərisinə həmin torbaları atmışdır. Bundan sonra oradan uzaqlaşıb ağaclıq hissəyə qaçmışdır. Təxminən 10 gün müddətində həmin yerlərdə gizlənərək gününü keçirmişdir. Lakin, xx.xx.2023-cü il tarixdə, səhər saatlarında polis əməkdaşları onu saxlayıb rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsinin inzibati binasında tərcüməçi və vəkil ilə təmin edilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sol cibindən bir ədəd “Nokia” markalı sadə telefon və bir ədəd “Samsung A8” markalı çoxfunksiyalı mobil telefon, əynində olan qara rəngli cins şalvarın sağ cibindən qara sellafon tobaya bükülü vəziyyətdə olan narkotik vasitə olan qurudulmuş marixuananı təqdim edib şəxsi istifadəsi üçün üzərində saxladığını, həmçinin İran İslam Respublikasının Aslandüz şəhərində sərhədi keçərək Azərbaycan Respublikası Füzuli rayonu ərazisinə uçuş aparatı vasitəsilə keçdiyini, uçuş aparatında olan 8-9 kiloqram narkotik vasitəni bilmədiyi yerdə gizlətdiyini bildirmişdir. Aşkar edilmiş qara sellafona bükülü vəziyyətdə olan kütlə elektron tərəzidə çəkilərkən təxmini çəkisi 15.8 qram olması müəyyən edilmişdir. Həmçinin, əlində olan sarı rəngli kisə torbaya baxış keçirilərkən özünə adi olan digər əşyalar aşkar edilmişdir. Üzərindən aşkar edilmiş maddə qablaşdırılmış və üzəri imzalanmışdır. Bundan sonra keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol tərcüməçi tərəfindən ona tərcümə edilmişdir. Protokol düzgün tərtib edildiyindən iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sonrakı müddətdə o gizlətdiyi narkotik vasitələri təqdim etməsi üçün Füzuli rayonu, Qarabağ kəndinə gətirilmiş, orada yenə də tərcüməçi və müdafiəçi ilə təmin olunmuşdur. Orada ona təklif edilmişdir ki, narkotik vasitələri gizlətdiyi yeri göstərsin. O narkotik vasitələri gizlətdiyi yeri göstərmişdir. Oradan gizlətdiyi 02 kisə aşkar edilmiş və həmin kisələrə baxış keçirilmişdir. Baxış zamanı kisələrin birinin içərisindən 23 bağlamada qurudulmuş marixuana, digər kisənin içərisindən isə 12 bağlama çıxmışdır. 12 bağlamadan 11-nin içərisindən qurudulmuş marixuana, 1 bağlamanın içərisində isə metadon həbləri və metamfetamin aşkar edilmişdir. Nadir ona demişdir ki, maddələrin hamısı qurudulmuş marixuanadır və orada başqa maddələrin olduğunu bilməmişdir. Həmin maddələr Nadir tərəfindən qablaşdırılmış və qablaşdırılan vaxtı o orada olmamışdır. Nadir həmin kisələri ona hazır vəziyyətdə vermişdir. Təqdim etdiyi kisələrə baxış keçiriləndən sonra onlar qablaşdırılmış və götürülmüşdür. Bundan sonra Füzuli polisinə gəlmiş və orada protokol tərtib edilmişdir. Protokol ona tərcüməçi tərəfindən tərcümə edilmiş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün etirafedici ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. İran İslam Respublikasının vətəndaşı X8 Azərbaycan Respublikası ərazisində saxlanılmasından sonra o, qaçaqmalçılıq yolu ilə gətirdiyi narkotik vasitələri Füzuli rayonu Qarabağ kəndi ərazisində gizlətdiyini bildirdiyindən onun ifadəsi 28 avqust 2023-cü il tarixdə saat 18-19 radələrində Füzuli rayonu, Qarabağ kəndi ərazisinə yoxlanılarkən Fərhadi Hosein sahənin kənarında içərisində su olmayan və qamışlıq olan arxın içərisində qamışlıqların altında narkotik vasitələr saxladığını bildirərək oraya yaxınlaşmış və oradan 02 ədəd böyük həcmli, narıncı rəngli kisələri təqdim etmişdir. Həmin kisələr düzən sahəyə gətirilmiş və orada həmin kisələrə baxış keçirilmişdir. Birinci kisənin içərisindən 23 bağlama aşkar edilmişdir. Həmin bağlamalar bir-bir açılmış və hər birinin içərsindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması aşkar edilmişdir. Həmin kütlələr yenidən narıncı rəngli kisəyə yığılmış və qablaşdırılmışdır. Bundan sonra ikinci kisəyə baxış keçirilmişdir. İkinci kisənin içərisindən 12 ədəd bağlama aşkar edilmişdir. Həmin bağlamalaraq tək-tək açılmış və onlardan 11 ədədinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. 01 ədəd bağlamanın içərisindən isə “M40” metadon həblərinə bənzər həblər və 01 ədəd plastik qab müəyyən edilmişdir. Plastik qab açılan zaman içərisində sellofan bağlama, həmin bağlamanın içərisində isə psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş maddələrdən 11 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr bir kisədə, metadon həblərinə bənzər həblər və psixotrop maddə metamfetaminə bənzər kütlə isə digər kisədə qablaşdırılmışdır. Bundan sonra qablaşdırılmış 03 ədəd bağlamalar möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Fərhadi Nossein həmin narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikasına uçuş apparatı vasitəsi ilə keçirdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməkdaşları Şahid2 və Şahid4 da Şahid3 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid5 göstərdi ki, Füzuli Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi vəzifəsində işləyir. 24 avqust 2023-cü il tarixdə işlədiyi Şöbənin əməkdaşları tərəfindən Füzuli rayonu Mahmudlu-2 kəndi ərazisində azərbaycan dilində sərbəst danışa bilməyən, əlində kisə olan bir nəfər özünü şübhəli apardığından saxlanılaraq şöbəyə gətirilmişdir. Həmin şəxsin İran İslam Respublikası vətəndaşı X10 olması məlum olmuşdur. O, şübhəli şəxs qismində tutulmaqla üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarının ciblərindən qara sellafon tobaya bükülü vəziyyətdə olan kütləni, 01 ədəd “Nokia” və 01 ədəd “Samsung” markalı mobil telefonları təqdim etmişdir. Təqdim edilmiş torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Fərhadi Hosein həmin maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını, həmçinin İran İslam Respublikasının Aslandüz şəhərində sərhədi keçərək Azərbaycan Respublikası Füzuli rayonu ərazisinə uçuş aparatı vasitəsilə keçdiyini, uçuş aparatında olan 8-9 kiloqram narkotik vasitəni bilmədiyi yerdə gizlətdiyini bildirmişdir. Aşkar edilmiş kütlə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Eləcə də, aşkar edilmiş telefonlar əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı Şahid6 məhkəmədə şahid kimi dindirilərkən göstərdi ki, 24 avqust 2023-cü il tarixdə şöbənin polis nəfəri X15 ilə Füzuli rayonu Mahmudlu-2 kəndi ərazisində xidmətdə olarkən təpəlik ərazidə olan bir nəfərin özünü şübhəli aparması diqqətlərini çəkmişdir. Bunun üçün həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edərək özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxsin azərbaycan dilində sərbəst danışa bilmədiyini, əlində bir kisə olduğunu müəyyən etmiş və özünü şübhəli apardığından onu şöbəyə dəvət etmişlər. Həmin şəxs onlarla şöbəyə gəlmişdir. Həmin şəxsin İran İslam Respublikası vətəndaşı X10 olması məlum olmuşdur. Hadisə yerinə baxış keçirmə haqqında protokoldan görünür ki, Füzuli rayonu Qarabağ kəndi ərazisində yerləşən otlaq sahəsinə baxış keçirilərkən orada uçuş aparatı aşkar olunmuş, onun hadisə yerində fotoşəklləri çəkilmişdir. X8 üzərində şəxsi axtarış və əlində aşkar edilmiş kisə torbaya baxış keçirilməsi haqqında 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Nokia” və 01 ədəd “Samsung” markalı mobil telefonlar, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən isə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan qara sellofon torba aşkar edilmişdir. Füzuli Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən tərtib edilmiş 24 avqust 2023-cü il tarixli uçuş aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi uçuş aparatının əlamətləri müəyyən edildmişdir. İfadənin yerində yoxlanılması haqqında 28 avqust 2023-cü il tarixli protokoldan və aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi yol ilə Füzuli rayonu Qarabağ kəndi ərazisində otlaq bir sahəyə gəlinmiş və sonuncu həmin sahənin kənarında içərisində su olmayan və qamışlıq olan arxın içərisindən 02 ədəd böyük həcmli, narıncı rəngli kisələri təqdim etmişdir. Həmin kisələrin içərisində ümumilikdə 34 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 01 ədəd bağlamanın içərisində “M40” metadon həblərinə bənzər həblər və 01 ədəd plastik qabın içərisindəki sellofan bağlamada psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 24 avqust 2023-cü il tarixli, 3-16-16/2- 7/1205 nömrəli rəyində göstərilmişdir ki, təqdim olunmuş 1 ədəd qara rəngli sellofan bükülüdə təmiz çəkisi 18,65 qram olan, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Materialların məhkəmə ekspertizasının 29 avqust 2023-cü il tarixli, 3-16- 16/2-6/4593 nömrəli rəyində göstərilmişdir ki, X8 təqdim etdiyi 01 ədəd sellofanda təmiz çəkisi 500,1 qram olan, ağ rəngli, kristallşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində “Methadone 40” göstəricisi olan 361 ədəd konvalyutda hər konvalyutda 10 həb olmaqla ümumilikdə 3610 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitəmetadondur, 3610 ədəd metadon həbinin təsir maddəsinin ümumi miqdarı 144,4 qram (üzəindəki göstəricilərə əsasən bir həbdə 0,04 qram) təşkil edir. Məhkəmə-bioloji ekspertizasının 29 avqust 2023-cü il tarixli, 3-16-16/2- 7/1221 nömrəli rəyində göstərilmişdir ki, X8 təqdim etməsi göstərilmiş 1-ci narıncı rəngli sintetik torbada 11 ədəd üzərləri skoçla bağlanmış sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-595qram; 570qram; 600qram; 1045qram; 1035qram; 485qram; 610qram; 555qram; 1030qram; 560qram; 870qram, ümumi çəkisi- 7955qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır. -Tədqiqata təqdim olunmuş 2-ci narıncı rəngli sintetik torbada 23 ədəd üzərləri skoçla bağlanmış sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri- 1045qram; 425qram; 520qram; 1045qram; 1045qram; 580qram; 875qram; 1100qram; 690qram; 560qram; 770qram; 550qram; 560qram; 575qram; 530qram; 705qram; 630qram; 1035qram; 610qram; 3960qram; 3780qram; 3905qram; 600qram, ümumi çəkisi-26095qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır. Təqdim olunmuş 2 ədəd narıncı rəngli sintetik torbada ümumi sayı 34 ədəd bağlamalarda olan marixuamaların ümumi çəkisi-34050qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş 1 ədəd qara rəngli sellofan bükülüdə olan marixuana ilə 2 ədəd narıncı rəngli torbada olan marixuanalar tərkiblərinə görə eynidir. Məhkəmə-narkoloji ekspertizasının 01 sentyabr 2023-cü il tarixli, 5617 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixatrik ekspertizasının 01 sentyabr 2023-cü il tarixli, 2479 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Fərhadi Hossein əvvəllər Azərbaycan Respublikasında məhkum olunmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı, metadon həblərini və psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və özü ilə daşıyaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələridən kənarda qanunsuz olaraq keçməklə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına keçirməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliym tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətlərinin başlanğıcı 24 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə təqsirləndirilən şəxsə CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza da təyin edilməli, CM-nin 52.1-1-ci maddəsinə əsasən məhkumluqları ödənilədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmiş baxış keçirilməsi və ifadənin yerin yoxlanılması zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə saxlanılan 34 kq 66,91 qram narkotik vasitə qurudulmuş marixuana, 3549 ədəd metadon həbləri və 499,9 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd paramotor uçuş aparatı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə verilməlidir. Ekspertiza xərci 274 manat Təqsirləndirilən şəxsdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 318.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkümlüğu ödənilədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüqu məhdudlaşdırılsın. İş üzrə maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmiş baxış keçirilməsi və ifadənin yerin yoxlanılması zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerində saxlanılan 34 kq 66,91 qram narkotik vasitə qurudulmuş marixuana, 3549 ədəd metadon həbləri və 499,9 qram psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd paramotor uçuş aparatı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə verilsin. Ekspertiza xərci 274 (iki yüz yetmiş dörd) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlikedən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar