Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-348/2025 25.08.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci ildə Astara rayonu Məsçitməhəllə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmuş, Astara rayonu Məsçitməhəllə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə istifadəsində olan +**********95 saylı mobil telefon nömrəsinin “Whatsapp” proqramı vasitəsi ilə özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxslə sonuncunun istifadəsində olan +98 903 *** **** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb danışaraq Astara rayonu Pəlikəş kəndi ərazisində “Sərin kafe” sözləri yazılmış lövhənin altına qoyulacaq xüsusilə külli miqdarda narkotik vasitə heroinin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması barədə qabaqcan əlbir olub bir qrup şəxs zalında cinayət əlaqəsinə girərək ona ödənilməli olan 15000 manat məbləğində pul müqabilində heroini qoyulduğu yerdən götürməklə özünün müəyyən etdiyi yerə qoyaraq fotoşəkilini çəkib cinayətkar qrupun üzvünə göndərəcəyini öhdəsinə götürmüş, cinayətkar qrupun üzvünün 7775 qram çəkidə heroinin qoyulduğu ərazinin fotoşəklini ona göndərməsindən sonra ümumi cinayətkar razılığa uyğun olaraq 06 fevral 2025-ci il tarixdə saat 02:10 radələrində sifariş etdiyi, taksi sürücüsü Şahid7 idarə etdiyi “Toyota Prius” markalı, **-UU-*** qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Pəlikəş kəndi ərazisinə, üzərində “Sərin kafe” yazılan lövhənin olduğu yerə gedərək oradan 01 ədəd göy rəngli sellofanın içərisindəki 03 ədəd şəffaf bağlamada qeyd olunan çəkidə narkotik vasitə heroini götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edərək avtomobil istiqamətində daşıyarkən bu barədə məlumat almaqla əməliyyat-axtarış tədbirləri həyata keçirən Astara Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, üzərində yoxlama aparılmaqla bağlamaya baxış keçirilən zaman 01 ədəd göy rəngli sellofanın içərisində 03 ədəd şəffaf bağlamada ayrıayrılıqda çəkiləri 2520 qr, 2575 qr və 2660 qr olmaqla ümumilikdə 7775 qr kustar üsulla hazırlanmış, xüsusilə külli midarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, əvvəllər Astara Rayon Polis Şöbəsində post patrul xidmətinin tağım komandiri işləyən Şahid3 dayısı ilə narkotiklə bağlı birlikdə tutulmuşlar. Şahid3 Dayısının tutulmasında ondan şübhələnmiş və onunla düşmənçilik aparmışdır. Ona görə də Şahid3 Astara rayonu, Pəlikəş kəndi ərazisinə narkotik qoyduraraq onu tutdurmuşdur. Onu əslində 2025-ci il fevral ayının 5-də tutmuşlar, sənədləşmə fevralın 6-də aparılmışdır. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Astara rayonu Məsçitməhəllə kəndində yaşamış, təxminən 15 ilə yaxın müddətdir ki, narkotik vasitənin müxtəlif növlərindən istifadə etmişdir. 05 fevral 2025-ci il tarixdə özünü Cəmşid kimi təqdim edən şəxs +98 903 *** **** saylı mobil telefon nömrəsinin “WhatsApp” mobil tətbiqetməsi vasitəsi ilə onunla əlaqə saxlayaraq danışmış, onun üçün narkotik vasitə göndərəcəyini, narkotik vasitəni götürməklə özünün müəyyən etdiyi yerə qoyaraq həmin yerin fotoşəklini çəkib ona göndərməli olduğunu və bui şin müqabilində ona 1500 manat pul verəcəyini demişdir. O, həmin şəxslə razılaşmışdır. Bir neçə saat sonra həmin şəxs onunla əlaqə saxlayaraq narkotik vasitə heroinin Astara rayonu Pəlikəş kəndini ərazisində üzərində “Sərin kafe” yazılan lövhənin yanında qoyulduğunu bildirmişdir. O, narkotik vasitəni götürmək üçün “1635” taksi şirkətindən taksi sifariş etmiş və taksi ilə Astara rayonu Pəlikeş kəndinə getmişdir. Taksi sürücüsünün onun niyyəti barədə məlumatı olmamışdır. Sürücüyə Pəlikeş kəndinə bal götürmək üçün getdiyimi demişdir. Yolda gedərkən bir neçə dəfə həmin şəxslə əlaqə saxlamış, o, heroini Astara rayonu Pəlikəş kəndində yolun kənarında “Sərin kafe” sözləri yazılmış lövhənin yaxınlığında qoydurduğunu bildirmişdir. 06 fevral 2025-ci il tarixdə gecə saat 02:10 radələrində Pəlikeş kəndi ərazisində qeyd olunan ərazidə taksi sürücüsündən avtomobili dayandırmasını xahiş etmişdir. Avtomobildən düşüb yolun kənarında “Sərin kafe” sözləri yazılmış lövhənin yaxınlığında qoyulmuş 1 ədəd göy rəngli sellofan torbanı götürmüş və avtomobilə aparan zaman polis əməkdaşları onu saxlamaqla videoçəkilişdən istifadə olunmaqla üzərində olan əşyalara keçirilən baxış zamanı bağlamada heroin olduğunu, həmin bağlamanı ona iranlının göndərdiyini, bağlamanı özünün müəyyən edəcəyi yerdə qoyub həmin yerini şəklini İran vətəndaşına atması müqabilində 1500 manat pul alacağını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən bağlamalara baxış keçirilmiş və 03 ədəd bağlamada heroin olması müəyyən edilmişdir. Bundan sonra onu Astara polis şöbəsinə gətirmiş və onun da iştirakı ilə aşkar edilmiş 03 ədəd şəffaf bağlamada olan heroinə baxış keçirilmiş və götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Astara Rayon Polis Şöbəsində Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirməklə 06 fevral 2025-ci il tarixdə saat 02:10-da əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs Astara rayonu Pəlikəş kəndi ərazisində əlində göy rəngli sellofan torba olmaqla yolun kənarında dayanmış “Toyota Prius” markalı avtomobil istiqamətində hərəkətdə olarkən saxlamışlar. Təqsirləndirilən şəxs əlindəki torbada nə olduğunu soruşduqda o, torbada narkotik vasitə heroin olduğunu, heroini “WhatsApp” vasitəsi ilə əlaqə saxladığı İran İslam Respublikası vətəndaşının göndərdiyini, taksi ilə həmin yerə gələrək yolun kənarından götürdüyünü, həmin narkotik vasitəni Ələt-Astara avtomobil yolunun kənarında özünün müəyyən etdiyi yerə qoyduqdan sonra həmin yerin fotoşəklini çəkib iranlıya bildirməli olduğunu, bunun müqabilində həmin şəxsin ona 1500 manat pul göndərməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba açılaraq baxış keçirildikdə içərisində 3 ədəd şəffaf sellofan bağlamalarda narkotik vasitə heroinəbənzər maddələrin olması müəyyənləşdirilmişdir. Həmin kütlələr hər biri ayrıayrılıqda elektron tərəzidən istifadə olunmaqla çəkilmiş və müvafiq qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təsir-təzyiq göstərməmişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən polis əməkdaşları Şahid5 Bəhrəm oğlu, Şahid4, Şahid6, Şahid2 Müqabil oğlu və Şahid3 da Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstəçrdiyi xüsusatları təsdiq edirlər. Bundan əlavə, Şahid3 göstərmişdir ki, bir neçə il bundan əvvəl dayısı ilə Təqsirləndirilən şəxs narkotiklə bağlı olaraq tutulmuşlar. Dayısı cəzasını çəkib qurtarmışdır. Bununla əlaqədar olaraq onun Təqsirləndirilən şəxs qarşı heç bir narazılığı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid7 göstərdi ki, “1635” taksi şirkətində Toyota Prius markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. 06 fevral 2025-ci il tarixdən təxminən 20 gün əvvəl sifariş gəlmiş, sifariş üzrə Astara rayonu Sım kəndinə getmiş və oradan sonradan adının Mirtaleh olduğunu bildiyi şəxsi götürərək Astara rayonu Məçitməhəllə kəndinə yaşadığı ünvana aparmışdır. Mirtaleh onun əlaqə nömrəsini almış və gələcəkdə taksi lazım olarsa, zəng edəcəyini bildirmişdir. 06 fevral 2025-ci il tarixdə Mirtaleh zəng edərək Lənkəran şəhərində “Qala Xiyabanı” deyilən ərazidə olduğunu bildirmiş və onu Astara rayonuna yaşadığı evə aparmasını xahiş etmişdir. Mirtalehlə razılaşmış, onu qeyd olunan ərazidən götürmüşdür. Mirtaleh yol boyu əlində mobil telefonla 2 dəfə ona konum göndərmişdir. Həmin konum əsasında Astara rayonunda yerləşən Pəlikəş adlı dağ kəndinə getmiş, “Sərin” adlı restoranın yaxınlığında həmin şəxs avtomobildən düşmüşdür. Mirtaleh təxminən 1 saat həmin yerdə nə isə axtarmış, bu zaman mobil telefonla danışaraq axtardığını tapa bilmədiyini demişdir. Bir müddət sonra Mirtaleh əlində göy rəngli sellofan torba ilə avtomobilə yaxınlaşarkən polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları onu da saxlamışlar. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin şəxsin əlində olan göy rəngli sellofan torbanın içərisindən 3 ədəd bağlamada narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə götürməyə getməsini bilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş 06 fevral 2025-ci il tarixli əməliyyat-axtarış tədbrinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan göründüyü kimi, həmin tarixdə daxil olmuş məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuş, 06 fevral 2025-ci il tarixdə, saat 02:10-da Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni əldə edərək Şahid7 idarə etdiyi Toyota Prius markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avotmobil istiqamətində hərəkət edərkən saxlanılmış, üzərilərində yoxlama və əlində olan torbaya baxış keçirilən zaman içərisində 3 ədəd şəffaf sellofan bağlamalar olması müəyyən edilmiş, həmin bağlamalar açılıb baxıldıqda hər birinin içərisində narkotik vasitə heroinəbənzər kütlələr aşkar edilmiş, bütün bağlamalar ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bir daha heroini satış məqsədi ilə əldə etdiyini, Şahid7 narkotik vasitə əldə edəcəyindən xəbərinin olmadığını bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli əməliyyat-axtarış tədbirin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə aşkar olunmuş bağlamalara baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olmasını, 05 fevral 2025-ci il tarixdə İİR vətəndaşı olan şəxslə “WhatsApp” vasitəsi ilə əlaqə saxladığını, həmin şəxs tərəfindən narkotik vasitə heroin Astara rayonu, Pəlikəş kəndi ərazisində qoyulduğunu, taksi ilə gedərək həmin kütlələri götürdüyünü, kütlələri avtomobilə qoyarkən polis əməkdaşları gəlib onu saxladığını, həmin kütlələri özünün müəyyən etdiyi yerdə qoyub həmin yerin fotoşəklini çəkərək İİR vətəndaşına göndərməli olduğunu və bunun əvəzində 1500 manat pul almalı olduğunu bildirmişdir. 06 feval 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı mobil telefonun “Whatsapp” mobil tətbiqinə baxış zamanı Təqsirləndirilən şəxs +98 903 *** **** saylı İİR vətəndaşına məxsus mobil telefon nömrəsindən mesajların gəldiyi, həmin mesjlarda Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin yerləşdirildiyi göy rəngli sellofanın və «Sərin kafe» adlanan yerin fotoşəklinin əks olunması müəyyən olunmuşdur. Həmin mobil nömrədən daxil olmuş səs yazılarına baxış zamanı həmin şəxsin Təqsirləndirilən şəxs “qardaş qayıdanda sağda olur”, “Miri qayıtdın düşdün aşağılığaye gəl üstə qayıtaran yolun butərəfindədi”, “mənə desəydin nə maşınlasan deyərdim burdadı”, “bir dənə telefonu qoy mən sənə köməklik eliyim götür qayıt orda çox gicəllənmədə” məzmunlu mesajların göndərilməsi, bundan sonra İİR vətəndaşı ilə Təqsirləndirilən şəxs zəngləşərək 58 saniyə danışmaları görünmüşdür. Materialların məhkəmə ekspertizasının 06 fevral 2025-ci il tarixli, 19/47 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2520 qram, 2575 qram, 2660 qram-ümumi təmiz çəkisi 7755 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xarici görünüşürnə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 12 fevral 2025-ci il tarixli, 69 №-li rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 26 fevral 2025-ci il tarixli tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə ona 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin cinayəti çəkib qurtarmamış yenidən cinayət törətdiyindən Xəzər rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, əvvəlki hökm üzrə təyin edilmiş və çəkilməmiş 02 il 11 ay 01 gün müddətə azadlıqdın məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə həmin cəzanın çəkilməmiş 11 ay 16 gününü çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Hər bir cinayətə görə məhkumluq müddəti xx.xx.2019-cu il tarixdən etibarən müstəqil hesablanmaqla CM-nin 234.1-ci maəddəsində nəzərdə tutulmuş az ağır cinayətə görə CM-nin 83.3.3-cü maddəsi ilə müəyyən edilmiş iki il məhkumluq müddəti keçmişdir. Lakin CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ağır cinayətlərə görə CMnin 83.3.4-cü maddəsi ilə müəyyən edilmiş altı il məhkumluq müddəti xx.xx.2025-ci ildə başa çatmalı olduğu halda hazırkı, CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş xüsusilə ağır cinayəti 06 fevral 2025-ci il tarixdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətlərin xüsusilə təhlükəli residivi yaranır. Ailə tərkibi haqqında xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2002-ci ildə doğulmuş bir uşağı vardır. Yaşayış yeri üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə mənfi səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xüsusilə külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət tərkibinin, cinayət hadisəsinin olması və təqsirliliyi kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs xüsusilə külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməməsi, heç bir cinayət əməlini törətməməsi, bir neçə il əvvəl Astara Rayon Polis Şöbəsinin əməkdaşı Şahid3 dayısı ilə narkotiklə bağlı birlikdə tutulmaları və məhkum olunmalarından sonra Şəhriyar Əliyevin dayısının tutulmasında ondan şübhələndiyinə görə onun narkotiklə bağlı tutulmasını təşkil etməsi barədə məhkəmə istintaqında verdiyi ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsini işin faktiki halları ilə tam uyğunluq təşkil etdiyindən obyektiv ifadə hesab edir və sübut kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaqda CM-nin 206.3.2-ci maddəsi ilə ittiham verilsə də, məhkəmə baxışı zamanı dövlət ittihamçısı həmin ittihamdan imtina etdiyindən məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə iş üzrə CM-nin 206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4-1-ci maddəsi ilə təqsirli bilinməklə ona cəza təyin ediməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, xüsusilə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə cinayət məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəx Təqsirləndirilən şəxs cəza təyin edərkən həmçinin Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.4cü maddəsinə əsasən əməlində cinayətlərin xüsusilə təhlükəli residivi olduğundan cəzacını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 06 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Astara Rayon Polis Şöbəsində saxlanılan 7754,7 qram heroin məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “İphone“və «Samsung” markalı mobil telefonlar onun ailəsinə verilməlidir. İş materiallarına əlavə olunmuş istintaq hərəkətləri barədə 06 ədəd disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 65 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Astara Rayon Polis Şöbəsində saxlanılan 7754,7 qram heroin məhv edilsin. Təqsirləndirilən şəxs məxsus “İphone“və «Samsung” markalı mobil telefonlar onun ailəsinə verilsin. İş materiallarına əlavə olunmuş istintaq hərəkətləri barədə 06 ədəd disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-348/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-348/2025
25.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver