Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-349/2023 06.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər Səfərli Cavid Şamil oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1991-ci ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda, qanunsuz olaraq külli miqdarda 595,244 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla yaşadığı Ağcabədi rayonu, Avşar kəndində yerləşən evə daşımış, bundan sonra əldə etdiyi həmin maddədən 10,244 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı ayırıb bir ədəd “LD” markalı siqaret qutusunun içərisində qablaşdıraraq üzərində gəzdirmiş, qalan 585 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə yaşadığı yuxarıda qeyd olunan evdə gizlətməklə saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən 20 dekabr 2022-ci il tarixdə, saat 04:30-da keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Ağcabədi rayonu, Avşar kəndi ərazisində yaşadığı evin yaxınlığında saxlanılaraq Ağcabədi RPŞ-yə aparılmış, üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd “LD” markalı siqaret qutusunun içərisindən qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 10,244 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, daha sonra həmin tarixdə saat 08:15-də yaşadığı Ağcabədi rayonu, Avşar kəndində yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı evin yataq otağında çarpayının üzərində olan döşəyin alt hissəsindən bir ədəd bükümdə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı külli miqdarda 585 qram çəkidə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuana ilə eyni tərkibli olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 19 dekabr 2022-ci il tarixdə Ağcabədi rayonunda «Şah sarayı»nda toyda olmuş və toydan sonra evə getmişdir. 20 dekabr 2022-ci il tarixdə gecə saat 3 radələrində evdə yatarkən polis əməkdaşları tərəfindən evinə basqın olmuş, polislər evin qapısını qıraraq içəri daxil olub onu Ağcabədi rayon polis şöbəsinə aparmışlar. Şöbədə olarkən polislər tərəfindən ona işgəncə verilmiş və döyülmüşdür. Şöbədə masanın üzərinə narkotik qoyularaq üzərinə götürməsini, çəkiliş zamanı narkotikin özünə aid olduğunu deməsini bildirsələr də, bunu qəbul etməmişdir. Saxlanıldığı gecənin səhərisi polis əməkdaşlarının və özünün iştirakı ilə videoçəkilişlə evinə baxış keçirmişlər. Videoçəkilişdən əvvəl polislər marixuananı evə qoymuş və ona çəkiliş zamanı həmin narkotikin özünə məxsus olduğunu deməsini məcbur etmişlər. Polislərin hədəsindən qorxduğu üçün onlarla razılaşmışdır. Saxlanılan zaman üzərində öz istifadəsi üçün saxladığı 2-3 çəkimlik marixuana olmuşdur. Narkotikdən istifadə edir. Üzərində olan marixuananı Ağcabədi rayonunda, yol kənarında yerdən tapmışdır. Heç kimə narkotik satmamış və verməmişdir. Hazırda İ qrup əlildir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində özünü təqsirli bilərək tutulduğu gündən bir gün əvvəl yaşadığı Avşar kəndində gəzərkən yerdə içərisində «nəşə» olan bir ədəd bağlama tapdığını, marixuananı gətirib evdə gizlətdiyini, həmin marixuanadan az miqdarda olan hissəsini istifadəsi üçün ayırıb boş siqaret qutusuna qoyduğunu, 20 dekabr 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb Ağcabədi RPŞ-yə aparıldığını, üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilərkən şalvarının sağ yan cibindən siqaret qutusuna doldurub qoyduğu «nəşə»ni təqdim etdiyini, üzərində aşkar olunan digər əşyaların isə özünə qaytarıldığını, şifahi sorğu zamanı nəşənin bir hissəsini evində gizlətdiyini, özünün iştirakı ilə yaşadığı evə baxış keçirildiyini, yataq otağındakı çarpayının üzərindəki döşəyin altında gizlətdiyi “nəşə”ni çıxarıb təqdim etdiyini, marixuananı şəxsi istifadəsi üçün evində saxladığını göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübut və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 19 dekabr 2022-ci il tarixdə Ağcabədi rayonu Avşar kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. 20 dekabr 2022-ci il tarixdə saat 04 radələrində Eynur evlərində saxlanılaraq Ağcabədi rayon polis şöbəsinə aparılmışdır. Ona hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən əvvəlcə ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etsin. Bu təklifdən sonra Eynur şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunu çıxarıb masanın üzərinə qoyaraq içərisində “nəşə” olduğunu etiraf etmişdir. Bundan sonra onun üzərindən şəxs əşyalar çıxmış, həmin əşyalar özünə qaytarılmışdır. Şifahi sorğu zamanı bildirmişdir ki, marixuananı bir gün əvvəl yaşadığı kəndin ərazisindən taparaq şəxsi istifadəsi üçün özündə və yaşadığı evdə saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Avşar kəndindəki evinə yollanmışlar. Videoçəkilişlə və vəkilin iştirakı ilə evə baxış keçirilmiş, o, evin yataq otağında olan çarpayının üzərindəki döşəyin altından bir bükümdə qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Eynur bildirmişdir ki, marixuananı şəxsi istifadəsi üçün saxlamışdır. Daha sonra aşkar edilmiş maddələr götürülərək elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Ona qarşı fiziki və ya psixoloji təzyiq olmamışdır. Eynurun kiməsə narkotik vasitə satmasının şahidi olmamışdır. Onun narkotik satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Eynurun üzərinə və evinə heç kim tərəfindən narkotik vasitə qoyulmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, X2 Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə oxşar məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs qarşı heç kim tərəfindən zor tətbiq olunmadığını, hər hansı bir şəxs tərəfindən onun üzərinə və evinə narkotik vasitə qoyulmadığını göstərmişlər. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Hadisə baş verən günü gecə saat 3 radələrində evdə yatarkən koridorun qapısının qırıldığını eşitmiş və əri ilə birlikdə həyəcanla koridora qaçmışlar. Koridorda 5-10 polis əməkdaşının olduğunu görmüş, polislər ərini yerə yıxmış və əllərini boynunun arxasına qoymuşlar. Polislər üzərlərinə avtomat yönəltmiş, qışqıraraq narazılığını bildirdikdən sonra paltarını geyinməyə icazə vermişlər. Bundan sonra oğlu Eynuru polislər aparmış, özlərini isə başlarında avtomatlı polislərlə səhərə qədər evdə saxlamışlar. Oğlu Eynur anadangəlmə xəstədir, qıcolmaları tez-tez tutur, İ qrup əlildir. Eynurun narkotik istifadəsi və satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Eynurun qanunsuz tutulması barədə heç bir quruma şikayət etməmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 20 dekabr 2022-ci il tarixli 7/1424 №-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd “LD” adlı siqaret qutusunda təmiz çəkisi-10,244 qram və üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd polietilen torbada təmiz çəkisi- 585 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi – 595,244 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi çəkisi – 595,244 qram (1-2№ ob), tədqiqata istifadə olundu – 0,2 qram, (hər obyektdən 0,1 qram) qalıq – 595,044 qram. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 7742 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə, 5 aydır ki, arabir narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edib. Təqsirləndirilən şəxs “Kannabioidlər”dən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 05 yanvar 2023-cü il tarixli 4801/K nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində Tramal və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edildi. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 20 dekabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd siqaret qutusunun içərisində təmiz çəkisi 10,244 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş və iş materillarında olan 20 dekabr 2022-ci il tarixli “evə baxış və götürmə aparılması haqqında” protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayonu Avşar kəndində yerləşən evin yataq otağında çarpayının üzərində olan döşəyin alt hissəsindən bir ədəd bükümün içərisində təmiz çəkisi 585 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 3 mart 2023-cü il tarixli DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 595,244 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi barədə əlavə məlumat əldə olunsa da, həmin narkotik vasitəni hansı yolla və kimlərin vasitəsi ilə əldə etməsini, onun narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, digər cinayətlərin törədilməsində iştirakının müəyyən edilməsi barədə məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarında olan 19 yanvar 2023-cü il tarixli «telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsinə aid xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində onun narkotik vasitələrin qanunsuz dövriyyəsi (satışı) ilə məşğul olmasına dair iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qərarı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qəbul etdiyi “əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə dair” 19 dekabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan 27 dekabr 2022-ci il tarixli qərarla ekspertiza tədqiqatından sonra qalıq qalmış 595,044 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan 28 fevral 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla videoçəkilişlər aparılmış iki ədəd DVD disklər maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək üzərində 10 qramdan artıq deyil, az miqdarda 2-3 çəkimlik marixuana olduğunu, evində aşkar olunan qurudulmuş marixuananın ona məxsus olmadığını, marixuananın üzərinə və evinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində döyüldüyündən məcbur olub qeyd olunan çəkidə üzərində və evində aşkar olunmuş qurudulmuş marixuananın özünə məxsus olmasını yalandan etiraf etdiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması və döyülməsi ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq başlandığı ilk gündən istintaq başa çatanadək hər hansı bir şəxs tərəfindən zorakılığa məruz qalması, evinə və üzərinə narkotikin polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı heç yerə şikayət etməmiş, ümumiyyətlə ifadələrində bu xüsusatla bağlı hər hansı bir fikir irəli sürməmişdir. Habelə, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 21 dekabr 2022-ci il tarixli 596 №-li rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan dərhal sonra tibbi müayinədən keçirilmiş, onun bədən səthində xəsarət aşkar edilməmişdir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-12 /11/2013, &&23-27? 11 yanvar 2007) Həmçinin, Təqsirləndirilən şəxs üzərində 10,244 qram deyil, 2-3 çəkimlik az miqdarda və evində külli miqdarda - 585 qram aşkar olunan qurudulmuş marixuananın ona məxsus olmaması, narkotikin polis əməkdaşları tərəfindən üzərinə və evinə qoyulması ilə bağlı göstərdiyi xüsusatlar ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri ilə yanaşı videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması, evə baxış keçirilməsi haqqında istintaq hərəkətinin protokolları, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Məhkəmədə tədqiq olunmuş videoçəkilişlərdən də görünür ki, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şalvarının cibindən bir ədəd siqaret qutusunda olan marixuananı, habelə evinə keçirilən baxış zamanı yataq otağındakı çarpayının üzərində olan döşəyin altından 585 qram qurudulmuş marixuananı çıxarıb təqdim edərək narkotikin özünə məxsus olduğunu etiraf edir, narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması və ya hədə-qorxuya məruz qalaraq polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hər hansı bir dəlil irəli sürmür. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin məhkəmədə tədqiq edilmiş ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadəsini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması”, “evə baxış keçirilməsi və götürmə» haqqında protokolları, əməlini etiraf etməsinə dair videoçəkilişləri və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin anası Gülnarə Əmiraslanovanın evlərinə gecə vaxtı polis əməkdaşları tərəfindən basqın edilməsi, polis əməkdaşlarının ərinə qarşı zor tətbiq etmələri ilə bağlı ifadəsində göstərdiyi xüsatlara hüquqi qiymət verərək hesab edir ki, həmin xüsusatlar işin obyektiv hallarına uyğun olmayan övladı Təqsirləndirilən şəxs müdafiə etmək və cinayət məsuliyyətindən yayındırmaq məqsədi ilə uydurulmuş, işin faktiki halları ilə təkzib olunan xüsusatlar kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan «əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi haqqında» 19 dekabr 2022-ci il tarixli qərar Ağcabədi Rayon Məhkəməsinin qərarı ilə qanuni hesab edilmişdir. Bundan başqa, Gülnarə Əmiraslanova ibtidai istintaq başlandığı ilk gündən başa çatanadək polis əməkdaşlarının onun evinə basqın etmələri barədə hər hansı bir dövlət orqanlarına müraciət etməmişdir. Odur ki, məhkəmə onun ifadəsində göstərdiyi bu xüsusatları əsassız hesab edir və ittihamın qanuni və ədalətli həlli üçün iş üzrə mötəbər sübut kimi qəbul etmir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan qurudulmuş marixuana narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara əsaslanaraq Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsinə dair müqayisəli təhlil apararaq hesab edir ki, ibtidai istintaq orqan tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmamışdır. Belə ki, CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma cinayət məsuliyyəti yaradır. Şəxsin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri şərt onun külli miqdarda narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədi ilə əldə etməsidir. Yəni, şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun narkotik vasitəni və ya psixotrop maddənin satış məqsədi ilə əldə etməsi və yaxud qanunsuz olaraq həmin vasitəni, maddəni satması sübuta yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquq pozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını güman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız həmin Məcəllədə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş qurudulmuş marixuananın ümumi çəkisi külli miqdar – 595,244 qram təşkil etsə də, iş materiallarında onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Belə ki, CM-nin 234.4.3-cü maddəsinə əsasən cinayət məsuliyyəti həmin Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə yaranır. CM-nin 234.2-ci maddəsinə əsasən cinayət məsuliyyətini satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma yaradır. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə görə isə cinayət məsuliyyəti satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə əldə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Aparılan araşdırma ilə müəyyən olunur ki, nə ibtidai istintaq, nə də ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edən hər hansı bir sübut (sübutlar məcmusu) mövcud olmamışdır. Bunun əksinə olaraq iş materiallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs kannabioidlərin istifadə etmə halları olub, üzərində saxladığı siqaret qutusunda 10,244 qram və evində saxladığı 585 qram qurudulmuş marixuananı öz istifadəsi üçün əldə etmiş və onların satışı ilə məşğul olmamışdır. İş materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etməsi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji və məhkəmə-kimyəvi (qan və sidik nümunələrində tərkibində tramal və çətənə bitkisindən alınan kannabinoid aşkar olunmuş) ekspertizasının rəyləri ilə təsdiq olunmuşdur. Bu halda narkotik vasitədən istifadə edən və həmin narkotik vasitələri mütəmadi digər şəxslərdən maddi vəsait hesabına əldə edən şəxsin öz istehlakı üçün lazım olan narkotik vasitəni və ya psixotrop maddəni satmaq niyyətində olması inandırıcı olmayan ehtimaldır. Bundan başqa, iş materiallarında olan Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması ilə bağlı əməliyyat tapşırığının cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində onun qurudulmuş marixuananı hansı yolla və kimlərin vasitəsi ilə əldə etməsini, onun narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, digər cinayətlərin törədilməsində iştirakının müəyyən edilməsi barədə məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarında olan telefon danışıqlarına baxış keçirilməsi haqqında protokolla müəyyən olunur ki, Eynur Əmirsalanovun narkotik vasitələrin satışı ilə məşğul olması barədə iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Məhkəmə istintaqında müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə cinayət işində heç bir rəsmi məlumat yoxdur. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin özünü müdafiə məqsədi ilə irəli sürdüyü, yəni onda aşkar olunmuş ümumi çəkisi külli miqdarda 595,244 qram qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə etməsinə dair dəlilləri təkzib edən hər hansı sübut mövcud olmadığı halda, həmçinin təqsirləndirilən şəxsin marixuanananı satış məqsədilə əldə etməsini, bu məqsədlə hər hansı şəxslə danışıqlar aparmasını, alıcı ilə əlbir olmasını, psixotrop maddəni və ya narkotik vasitələri satmaqda şübhəli olması ilə əlaqədar əməliyyat məlumatlarının mövcudluğunu və sair zəruri halları sübuta yetirən mötəbər dəlillər olmadan ibtidai araşdırma orqanı əsassız olaraq onun satış məqsədi ilə qanunsuz olaraq yuxarıda qeyd olunan çəkidə qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşıması qənaətinə gələrək ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən ittihamın əsası kimi yalnız ona istinad etmişdir ki, aşkar olunmuş heroinin çəkisi külli miqdarda olmuşdur. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 21.3-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabehin) müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş ümumilikdə 595,244 qram qurudulmuş marixuananın olmasına görə şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair gəldiyi qənaəti ilə bağlı qeyd edir ki, həmin maddənin çəkisinin külli miqdar təşkil etməsi onun satış məqsədi ilə əldə etməsinə şübhələr yaratsa da, iş materiallarında təqsirləndirilən şəxsin qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsinə dair əsaslı və mötəbər sübutlar müəyyən edilmədiyindən ibtidai istintaq orqanının bu barədə gəldiyi nəticəni əsassız hesab edir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxsin əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması, onun tərəfindən həmin cinayətin törədilməsi barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş, iş materiallarında da belə sübut yoxdur və təqsirləndirilən şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham konkret və mötəbər sübutlarla deyil, mülahizələrlə əsaslandırıldığından onun əməli həmin məcəllənin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə və saxlama kimi tövsif edilməli və həmin maddə ilə ixtisaslaşdırılmaqla ona cəza təyin olunmalıdır. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. 20 dekabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 21 dekabr 2022-ci il tarixdə CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə Ağcabədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, barəsində yaşayış yeri üzrə İcra nümayəndəliyinə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının məlumatından görünür ki, Təqsirləndirilən şəxs “proqresivləşən əzələ distrofiyası miopatiya travmatik ensefalopatiya qıcolma tutmaları ilə intellekt enməsi” diaqnozu ilə müddətsiz olaraq birinci dərəcəli əlildir. Məhkəmə, Təqsirləndirilən şəxs İ dərəcəli müddətsiz əlil olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün, habelə barəsində həmin Məcəllənin 62 və 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-1-ci maddənin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, müddətsiz İ qrup əlil olmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində müəyyən edilmiş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 20 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ümumi çəkidə 595,044 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 78 (yetmiş səkkiz) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə təyin edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə. HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan – 20 dekabr 2022-ci ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ümumi çəkidə 595,044 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-349/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-349/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver