Məhkəmə qərarları › İş №1(099)-35/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-35/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-35/2023 17.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi2 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxxx 1977-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Neftçala rayonu, Bankə qəsəbəsi, C.Mikayılov küçəsi, ev 98-də qeydiyyatda olmaqla, Salyan rayonunun Qardili kəndində yaşamış, barəsində 06 iyun 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 26 may 2022-ci ildə saat 18 radələrində Salyan rayonunun Qardili kəndində birgə yaşadıqları evdə arvadı Şahid1 ondan xəbərsiz olaraq yas mərasiminə getməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunu döyüb evdən qovmuş, Şahid1 sığınacaq kimi qardaşı Şahid2 evinə getmiş, sonuncunun oğlu Zərərçəkmiş şəxs evlərində olan söz-söhbətdən bibisi Şahid1 əri Cəmilə Əliyev tərəfindən döyülərək evdən qovulmasını eşidib 27 may 2022-ci ildə axşam saat 23 radələrində Təqsirləndirilən şəxslə baş vermiş münaqişənin səbəbini araşdırmaq istəyərkən sonuncu ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs əlində olan uzun dəmir parçası ilə başından vuraraq ona yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun həm qaynının, həm də qudasının oğludur. 2022-ci ilin may ayının 26-da saat 18 radələrində işdən evə qayıdarkən arvadı Cəmilənin ona demədən qardaşının yas mərasiminə gedib-gəldiyini eşidib onunla mübahisə edərək onu döyüb evdən qovmuş, hadisədən 3 gün sonra arvadının qardaşı oğlu Əliqayıd ona zəng edərək onu nalayiq ifadələrlə söymüş, nə üçün bibisi Cəmiləni döyərək evdən qovduğunu demiş, axşam saat 23 radələrində sərxoş halda evdən çıxıb, yerdən uzun bir dəmir parçasını götürüb Əliqayıdın yaşadığı evə getmiş, sonuncunun həyətinə daxil olarkən onun həyətdə tək halda dayanıb siqaret çəkdiyini görüb ona yaxınlaşaraq əlində olan dəmir parçası ilə onun başına bir dəfə zərbə vurmuş, Əliqayıdın qışqırdığını və başından qan axdığını görmüş, sonra həyətdən çıxıb evinə gedib yatmış, növbəti gün, saat 09 radələrində Salyan rayon polis şöbəsinə könüllü gedərək hər şeyi etiraf etmişdir. Hazırda təqsirini etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, onunla barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki göstərmişdir ki, mayın 27-də axşam saatlarında evdə olarkən bibisi Cəmilənin əmisi Ramizin yas mərasiminə getdiyi üçün əri Cəmil tərəfindən döyülərək evindən qovulduğunu eşitmiş, həmin gün saat 22 radələrində bibisi və sonuncunun oğlu Mirməhəmməd onlarda olarkən Cəmil oğlu Mirməhəmmədə zəng edərək ona qarşı nalayiq ifadələr işlətdiyini eşidib əsəbləşdiyi üçün Mirməhəmməddən telefonu alıb sonuncuya bibisi Cəmilənin və Mirməhəmmədin onlarda qalacaqlarını, evə qayıtmayacaqlarını deyərkən Cəmil onun da, ünvanına nalayiq ifadələr işlətmiş, o da Cəmilə qarşılıq verərək eyni şəkildə nalayiq ifadələrlə cavab vermiş, təxminən 1 saat sonra həyətdə durub siqaret çəkdiyi vaxt Cəmilin həyətə gəldiyini və əlində uzun dəmir parçası olduğunu görmüş, Cəmil ona yaxınlaıb onun başına bir dəfə zərbə vurmuş, zərbənin təsirindən yerə yıxılmış, qışqırıq səsinə valideynləri bayıra çıxaraq atası Təcili-Tibbi Yardıma və DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş, təcili yardım avtomobili gələrək onu Salyan rayon mərkəzi xəstəxanasına aparmışdır. Hazırda təqsirləndirilən şəxslə qohum olduğunu ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, onu bağışladığını bildirmiş və məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Cəmil əri, zərər çəkmiş şəxs Əliqayıd isə qardaşı oğludur. 26 may 2022-ci ildə əri Cəmil işdə olduğundan ona heç bir söz demədən qardaşının yas mərasiminə getmiş, axşam saatlarında Cəmil evə gələrkən onun yas mərasiminə getdiyini eşidib onunla mübahisə edərək onu döyüb evdən qovalamış, mayın 27-də qardaşı Namiqgildə olarkən qardaşına əri Cəmilin ona zor tətbiq edərək evdən qovması barədə danışmış, həmin vaxt bu söhbəti eşidən qardaşı oğlu Əliqayıd DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, səhərisi gün saat 22 radələrində qardaşının evində olarkən Cəmil oğlu Mirməhəmmədə zəng eədərək onunla birlikdə evə qayıtmalarını demiş, həmin vaxt Əliqayıd oğlu Mirməhəmməddən telefonu alıb ərinə onun və oğlu Mirməhəmmədin artıq onlarda qalacaqlarını, öz evinə qayıtmayacaqlarını deyərkən aralarında sözlə mübahisə yaranmış, təxminən bir saat sonra Əliqayıdın qışqırıq səsini eşidən valideynləri evdən həyətə çıxmış, o, həyətdə nə baş verdiyini görməmiş, qardaşı Namiqin deməsinə görə əri Cəmilin həyətə gələrək Əliqayıdın başına dəmirlə vuraraq ona xəsarət yetirdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 da zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Şahid1 ifadəsində göstərilənləri təsdiq etməklə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 02 iyun 2022-ci il tarixli, 275 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, alın sümüyünün sınığı, baş-beynin sağ yarımkürəsinin, alın payının epidural hematoması, hemorragik kontuziyası ocağı, dərialtı hematoması küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni 27 may 2022-ci ildə dəmir parçası ilə vurma nəticəsində əmələ gələ bilərdi. Xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 06 iyun 2022-ci il tarixli, 18/675 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet – kustar üsulla hazırlanmış, təsərrüfatda və məişətdə istifadə edilmək üçün nəzərdə tutulmuş metal predmetin hissəsidir, üzərində təyinatını dəyişdirən dəyişiklik edilməmiş, istifadəyə yararlıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 iyun 2022-ci il tarixli, 1458 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarına əlavə edilmiş Salyan rayon polis şöbəsinin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 27 may 2022-ci ildə saat 23 radələrində Salyan rayonunun Həsənli kəndində Şahid2 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində Təqsirləndirilən şəxs aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlində olan dəmir parçası ilə qohumu Zərərçəkmiş şəxsin baş nahiyəsinə vuraraq sağlamlığına ağır xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında qohumluq əlaqələri var, əvvəlki müddətdə münasibətləri yaxşı olmuş, aralarında ədavət və ya qərəzli münasibət olmamışdır. Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməsinə səbəb həmin gün saat 21 radələrində telefon danışığı zamanı sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsi olmuş, onların arasındakı mübahisə qısa müddətdə baş vermiş və Zərərçəkmiş şəxs valideynləri hadisəyə şahid olmuşlar. Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə məhkum olunması və onun fərdi əməklə məşğul olması məlum olmuş, kənd sakinləri arasında müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 13 iyun 2022-ci il tarixli, 1399 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2015-ci ildən Narkoloji kabinetdə “Çətənə narkomaniyası” diaqnozu ilə dispanser qeydiyyatda olsa da, Psixonevroloji kabinetdə isə qeydiyyatda olmamışdır. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi kustar üsulla hazırlanmış, üzərində təyinatını dəyişdirən dəyişiklik edilməmiş, istifadəyə yararlı olan və soyuq silah hesab edilməyən, təsərrüfatda və məişətdə istifadə edilmək üçün nəzərdə tutulmuş metal predmetin hissəsi maddi sübut kimi tanınaraq Salyan rayon polis şöbəsinin maddi sübutları saxlanılması otağında saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və işdə olan digər sənədləri də sübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı ona elan edilmiş ittihamda nəzərdə tutulan ictimai təhlükəli əməlin törədilməsini, həmin əməlin törədilməsində təqsirləndirilən şəxsin qəsdən iştirak etməsini, törədilmiş əməlin ona aid edilməsini təsdiq edən, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayəti zərər çəkmiş şəxslə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun əməlini Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından Təqsirləndirilən şəxs əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi, eyni zamanda onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Əliyev X3 rayon məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 sentyabr 2016cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya Qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan 09 avqust 2016-cı il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” qərarın surətindən görünür ki, “28 MAY – Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 2.5-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əliyev X2 rayonu, Bankə qəsəbəsi, C.Mikayılov küçəsi, ev 98-də qeydiyyatda olmaqla, Salyan rayonunun Qardili kəndində himayəsində heç bir yerdə işləməyən arvadı və uşaqları ilə birgə orada yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərər çəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada, eləcə də zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, təqsirini etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, həmçinin himayəsində heç bir yerdə işləməyən arvadının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ağır cinayət törətdiyini nəzərə alaraq onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir və ona azadlıqdan məhrum etmə cəzasını təyin etməklə çəkiləcək bu cəzanın maksimum dərəcədə onun islah olunması məqsədinə xidmət edəcəyini əsas götürür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin izah və tələblərinə əsasən (mad. 41.2) “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs kimi tutulduğu gündən, yəni 04 iyun 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, Salyan rayon məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 04 iyun 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Salyan rayon polis şöbəsində saxlanılan kustar üsulla hazırlanmış, üzərində təyinatını dəyişdirən dəyişiklik edilməmiş, istifadəyə yararlı olan və soyuq silah hesab edilməyən, təsərrüfatda və məişətdə istifadə edilmək üçün nəzərdə tutulmuş metal predmetin hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Qeyd edilənlərlə yanaşı, Təqsirləndirilən şəxs 57 (əlli yeddi) manat, 40 qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04 iyun 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Salyan rayon polis şöbəsində saxlanılan kustar üsulla hazırlanmış, üzərində təyinatını dəyişdirən dəyişiklik edilməmiş, istifadəyə yararlı olan və soyuq silah hesab edilməyən, təsərrüfatda və məişətdə istifadə edilmək üçün nəzərdə tutulmuş metal predmetin hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 57 (əlli yeddi) manat, 40 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cəlil Nəbiyev Hakimlər: Cavid Səfərli Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar