Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-350/2025 18.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş qismində tanınmış hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq M ü ə y y ə n e t d i: Həmin cinayət işi üzrə ittiham aktı 23 may 2025-ci il tarixdə Hacıqabul rayon prokuroru, baş ədliyyə müşaviri Lalə Hüseynova tərəfindən təsdiq olunmuş və cinayət işi 26 may 2025-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Cinayət işinin materiallarından məlum olur ki, iş üzrə aparılmış ibtidai istintaq nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, "xxxx" MMC-də nəzarətçi vəzifəsində işlədiyi müddət ərzində öz qulluq mövqeyindən istifadə və MMC-nin rəhbərliyinin ona olan etibarından sui-istifadə edərək vəzifə səlahiyyətlərinin həyata keçirilməsi üçün şirkətə daxil olan yük avtomobillərinin çəkisi hesablanaraq gətirilmiş yük həcmində pulun hesablanması məqsədilə nəzarətin həyata keçirilməsi ona tapşırılmış tərəzi vasitəsilə kağız məhsullarının (kardonların) həqiqi çəkisini gizlədib tərtib etdiyi qəbzdə daha ağır çəki qeyd edərək artıq çəki miqdarına görə alınmış pul vəsaitlərinin hesabına özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyəti ilə 2023-cü ilin may ayından 2024-cü ilin aprel ayınadək olan müddət ərzində istintaqa dəqiq məlum olmayan vaxtlarda hər kiloqramı 0,17 manat dəyərində qiymətləndirilən kağız məhsullarının (kardonların) həqiqi çəkisindən 482924 kiloqram artıq çəki qeyd etməklə, sürücülərə yol haqqı və kağız məhsullarını (kardonları) satan şəxslərə məhsulun satış qiyməti qismində verilən pul vəsaitlərini çıxmaq şərtilə cəmi külli miqdar təşkil edən 82097,08 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmiş, yəni "xxxx" MMC-nə məxsus külli miqdar təşkil edən 82097,08 manat pul vəsaitini aldatma və etibardan sui-istifadə etmək yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz və əvəzsiz olaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib öz ehtiyyacları üçün xərcləməklə sonuncuya külli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Cinayət işinə məhkəmə hazırlıq iclasında baxılarkən Dövlət ittihamçısı cinayət işinin baxılmasına xitam verilməsi və onun istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və müstəntiq barəsində xüsusi qərar çıxarılmasına dair vəsatət vermişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi dövlət ittihamçısının vəsatətini əsaslı hesab etməklə vəsatətin təmin olunmasını xahiş etmişlər. Zərərçəkmiş qismində tanınmış hüquqi şəxsin nümayəndəsi Nümayəndə isə məhkəmədən dövlət ittihamçısının vəsatətinin təmin edilməməsini, təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı öz vəsatətini Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın qeyri-müəyyənliyi, ittihamda Təqsirləndirilən şəxs 2023-cü ilin may ayından 2024-cü ilin aprel ayına kimi olan müddət ərzində istintaqa məlum olmayan vaxtlarda şirkətə avtmobillərlə gətirilmiş kağız məmulatlarının miqdarını tərəzidə çəkərkən artıq göstərməklə müəssisə tərəfindən kağız məhsullarına görə ayrılmış 82097,08 manat məbləğində pul vəsaitni vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirilməsi göstəilsə də, konkret olaraq hansı tarixdə, hansı avtomobil ilə gətirilmiş kağız məmulatlarının miqdarını nə qədər artırması, buna görə hansı məbləğdə pulu, hansı üsul və vasitələrlə ələ keçirməsinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəlləsi) 223.3.2-ci maddəsinin tələbinə zidd olaraq cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulunun göstərilməməsi ilə əsaslandırmışdır. Dövlət ittihamçısı həmçinin Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittihamın qeyri-müəyyən olmasını təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamın mahiyyətini, hansı məzmunda ittihamdan müdafiə olnmasını bilməməsi, bununla da müdafiə hüququnun pozulması kimi qiymətləndirməklə həmin kobud pozuntu aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından məhkəmədən cinayət işinin baxılmasına xitam verilməsi və onun istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 223.3 və 223.3.2-ci maddələrinin tələbinə əsasən şəxsin təqsirləndirilən şəxs kimi cəlb edilməsi barədə qərarda cinayətin motivi və tövsifedici əlamətləri ilə yanaşı cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu və nəticəsi də göstərilməlidir. Həmin Məcəllənin 289.3.1-ci maddəsinin tələblərinə əsasən ittiham aktının təsviriəsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Həmin Məcəllənin 289.4-cü maddəsində göstərilmişdir ki, ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Lakin Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, onun ayrı-ayrı epizodlar üzrə hansı tarixdə, vaxtda, kimə məxsus avtomobil ilə müəssisəyə gətirilən kağız məhsullarının çəkisini konkret olaraq hansı miqdarda artırması və buna görə qanunsuz olaraq hansı məbləğdə pul ayrılmasına nail olması, artıq göstərmiş olduğu kağız məhsullarına görə müəssisə tərəfindən ayrı-ayrı hallarda ayrılmış pul vəsaitlərini hansı üsulla ələ keçirməsi göstərilməmişdir. İttihamın konkret və əsaslandırılmış olması o deməkdir ki, ittihamda hadisənin yeri, vaxtı, təsviri və təqsirləndirilən şəxsin hərəkətləri dəqiq göstərilməlidir. Təqsirləndirilən şəxsə verilmiş ittihamın məzmunca aydın olmaması müdafiə hüququnun həyata keçirilməsinə mane ola bilər, yəni müdafiə tərfinin alibli və ya digər əhəmiyyətli sübutları təqdim etməsini çətinləşdirir və ya məhdudlaşdırır ki, bu hal Konstitusiyamızın 60 və 63-cü maddələrinə əsasən ədalətli məhkəmə araşdırması prinsipinə ziddir. Bu ziddiyyətin məhkəmə baxışı zamanı aradan qaldırılması mümkün deyildir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mattoccia İtaliyaya qarşı və Pelissier və Sassi Fransaya qarşı” qərarlarında qeyd etmişdir ki, ittihamın konkretliliyi və şəxsin onu vaxtında bilməməsi ədalətli məhkəmə araşdırması üçün şərtdir. Əgər ittiham qeyri-müəyyəndirsə və bu, müdafiəyə təsir göstərirsə Konvensiyanın 6-cı maddəsi pozulur. Məhkəmə tərkibi ibtidai istintaq orqanının diqqətinə çatdırır ki, ədalətli məhkəmə prinsipi, itthamın yalnız bildirilmiş olmasını deyil, həm də onun mahiyyətinin başa düşülməsini və müdafiə üçün kifayət qədər imkan verilməsini tələb edir. Məhkəmə tərkibi bildirir ki, təqsirləndirilən şəxsə verilmiş ittihamın qeyri-müəyyən olması Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində göstərilən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına daxildir. Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsində göstərilmişdir ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3-cü maddəsinin tələblərinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması, xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə, cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılır. Konstitusiya Məhkəməsi Pelnumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmənin hazırlıq iclasının əhəmiyyəti ondan ibarət olur ki, məhz bu mərhələ faktiki halları tam şəkildə tədqiq edilməmiş işlərin, eləcə də prosessual qanunun kobud pozulmasına yol verilmiş işlərin məhkəmə baxışına verilməsinin qarşısının alınmasına təminat yaradır. Başqa sözlə, məhkəmənin hazırlıq iclası məhkəmə baxışı üçün zəruri şəraitin yaradılmasını, məhkəmə iclasının uğurla həyata keçirilməsini təmin edir. Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətdə göstərilən fakt və cinayət işinin materialları məhkəmə tərkibi tərəfindən hərtərəfli, tam və obyektiv yoxlanılmış və müəyyən edilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində göstərilən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) tələbinin pozulması halına yol verilmişdir. Məhkəmə tərəflərin fikrini dinləyərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilməli, məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməli, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 300.3-cü maddəsinə əsasən bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə həmçinin məhkəməyədək icraat zamanı bu Məcəllənin 303.3-cü maddəsində göstərilən kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri” dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 306.1.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığına dair qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məsəlləsinin 299, 300.1, 300.1.5, 303.3, 303.3.1 və 306.2-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə r a r a a l d ı:
1. Dövlət ittihamçısı vəsatəti təmin edilsin.
2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.
3. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri” dəyişdirilmədən saxlanılsın.
4. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321.4-cü maddəsinə əsasən qərar elan edildikdən dərhal sonra qüvvəyə minir.
5. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə, dövlət ittihamçısına və zərərçəkmiş şəxs "xxxx" MMC-nə göndərilsin.
6. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz.
Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov