Məhkəmə qərarları › İş №1(099)-352/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-352/2024

11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-352/2024 11.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər Səfərli Cavid Şamil oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Cəlal oğlunun iştirakları ilə xx.xx.1991-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Lənkəran Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayında, Lənkəran şəhərində yerləşən böyük bazar adlanan ərazidə dəqiq müəyyən edilməyən vaxtda və mənbədən 03 (üç) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,063 qram, 0,979 qram, 0,714 qram, ümumi təmiz çəkisi - 2,756 qram olmaqla külli miqdar təşkil edən, ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 25 iyul 2023-cü il tarixdə, saat 13:05 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Lənkəran şəhəri, Koroğlu küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən həmin bükümlərdə və çəkidə eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər CM-nin 234.1-ci maddəsilə məhkum olunmuşdur. Evdə qardaşı ilə yaşayır, subaydır, valideynləri rəhmətə gediblər. 25 iyun 2023-cü il tarixdə səhər saat 8 radələrində tanımadığı bir neçə şəxs yaşadığı evə daxil olub otağına girmişlər. Sonradan həmin şəxslər polis əməkdaşları, əməliyyatçılar olduqlarını bildirmişlər. Əməliyyatçılar evində narkotik olduğunu, evini axtarmalı olduqlarını ona demişlər. Evi axtarmışlar və evdən narkotik aşkarlanmamışdır. Bundan sonra onu və qardaşını polis şöbəsinə aparmışlar. Onu və qardaşını şöbədə ayrı-ayrı otaqlarda döymüşlər. Əməliyyatçı Nəriman qarşısına az çəkidə narkotik qoyaraq onu öz üzərinə götürməsini, CM-nin 234.1ci maddəsilə «gedəcəyini», əgər onun dediyi kimi etməsə evindən çoxlu narkotik çıxaracaqlarını bildirmişdir. Polis əməkdaşları onu hədələdikdən sonra məcbur qalıb videoçəkilişdə 1 qram “patı”nın özünə aid olduğunu demişdir. Heç kimdən narkotik almamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərinə qoyulan narkotik ümumi 3 büküm olmaqla 1 qram olmuşdur. Narkotiki üzərinə Əlvan adlı polis əməkdaşı qoymuşdur. Məhkəmədə bilmişdir ki, narkotikin çəkisi 2 qramdır. Evə Səbuhi adında polis əməkdaşı daxil olmuşdur. Əlvanı, Faridi və Ruhidi tanıyır, onlar da evə daxil olmuşlar. Üzərində heçnə olmamışdır. Axtarışda vəkil iştirak etmişdir. Narkotikdən hərdən bir, ayda bir dəfə istifadə etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində göstərmişdir ki, təxminən iki ildir narkotikdən çəkmə üsulu ilə istifadə edir. 25 iyul 2023-cü il tarixdə Lənkəran şəhəri böyük bazar deyilən ərazidə üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən üç bükümdə şüşə deyilən psixotrop maddə metamfetamin 30 manata almış və üzərində saxlamışdır, həmin üç bükümdə narkotik vasitəni üzərində saxlamaqda məqsədi sonradan istifadə etmək olmuşdur. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Həmin gün saat 13 radələrində Lənkəran şəhəri Koroğlu küçəsində polis əməkdaşları tərəfindən saxlanılmış və şöbəyə aparılmışdır. Şalvarının sol yan cibindən bükümlərdə olan metamfetamini çıxarıb təqdim etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli məhkəmədə tədqiq olunmaqla elan olunmuş ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq hərəkətinin protokolları, maddi sübut və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 Baləddin oğlu ifadəsində göstərmişdir ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz döyriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmış, 25 iyul 2023-cü il tarixdə saat 13 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cavid Lənkəran şəhəri Koroğlu küçəsində saxlanılaraq polis şöbəsinə aparılmışdır.Videoçəkilişlə vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış həyata keçirilmiş, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin sellofana baxış keçirilən zaman içərisində üç ədəd göy rəngli kağıza bükülmüş kütlələr aşkar edilmişdir. Təqdim edilən bükümlərə baxış keçirilən zaman içərilərində qəhvəyi rəngli, toz şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Cavid şifahi sorğu zamanı üzərindən aşkar edilmiş kütlələrin metamfetamin olduğunu, özünə məxsus olduğunu, Lənkəran şəhəri böyük bazar deyilən ərazidə tanımadığı şəxsdən 30-40 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şahid1 verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamış, onun üzərinə heç kim tərəfindən metamfetamin qoyulmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 Naib oğlu Şahid1 Baləddin oğlunun ifadəsində göstərdiyi xüsusatlar üzrə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 25 iyul 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 03 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin 03 ədəd psixotrop maddə metamfetaminin çəkisi 1,16 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr psixotrop maddə metamfetamindir, özünə məxsusdur, Lənkəran şəhəri böyük bazar deyilən ərazidə tanımadığı şəxsdən ümumilikdə 30 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 26 iyul 2023-cü il tarixli 19/758 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 03 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri -1,063 qram, -0,979 qram, - 0,714 qram, ümumi təmiz çəkisi -2,756 qram olan ağ rəngli kristallardan ibarət olan maddələr metafetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə mühəndis-texniki ekspertizasının 19 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş elektron tərəzinin «ON/OFF» düyməsinin basmaqla tərəzinin tablosunda siqnallar yaranır və avtomatik olaraq kalibrovka (“sıfırlaşma”) olunur, ekranda «0,00g» göstəricisi əmələ gəldikdən sonra tərəzinin çəki gözünə hər hansı əşya (konkret halda çəki daşı) qoyulduqda ekranda həm əşyanın çəkisinə uyğun, həm də uyğun olmayan rəqəmlər görünür. Tərəzinin üzərində mexaniki zədə və çatışmazlıqlar yoxdur, aparılmış tədqiqatla elektron tərəzinin işlək vəziyyətdə olmaqla istismara yarasız olduğu müəyyən edildi. Məhkəmədə tədqiq edilmiş və işdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 27 iyul 2023-cü il tarixli, 768 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (taksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan xx.xx.2023-cü il tarixli 10723 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. İşdə olan əməliyyat tapşırığının cavabından görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələri əldə edib istifadə etmiş, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. 27 dekabr 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd bükümdə, təmiz çəkisi -2,756 qram psixotrop maddə metamfetaminin ekspertizadan qaytarılmış 2,666 qram qalığı və 01 ədəd CD diskdə videogörüntü maddi sübut qismində tanınmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək üzərində aşkar olunan metamfetaminin ona məxsus olmadığını, metamfetaminin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində döyüldüyündən və hədəqorxuya məruz qaldığından məcbur olub az çəkidə olan psixotrop maddənin özünə məxsus olmasını yalandan etiraf etdiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması və ya hədə-qorxu gəlmələri ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, işdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 743 №li rəyinə əsasən onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ibtidai istintaq başlandığı gündən başa çatanadək polis əməkdaşları tərəfindən döyülüb incidilməsi, işgəncələrə məruz qalması barədə hər hansı bir rəsmi orqanlara müraciət etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-12 /11/2013, &&23-27? 11 yanvar 2007) Həmçinin, Təqsirləndirilən şəxs üzərində aşkar olunan metamfetaminin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması ilə bağlı göstərdiyi xüsusatlar ibtidai istintaq zamanı özünün etirafedici ifadəsi ilə yanaşı müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Məhkəmədə tədqiq olunmuş videoçəkilişdən də görünür ki, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şalvarının cibindən bükümlərdə olan metamfetamini çıxarıb təqdim edərək bükümlərin özünə məxsus olduğunu etiraf edir, həmin bükümlərin üzərinə polis əmkdaşları tərəfindən qoyulması və ya hədə-qorxuya məruz qalaraq polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hər hansı bir dəlil irəli sürmür. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadəsini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu, əməlini etiraf etməsinə dair videoçəkilişi və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan metamfetamin psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş və qanunsuz saxladığı külli miqdarda psixotrop maddə metamfetamini satmaq niyyəti olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin çəkisinin bir qram olduğu halda, sonradan metamfetaminin çəkisinin artdığını, lakin ekspertə təqdim olunmuş metamfetaminin çəkisi ilkin çəkidən xeyli artıq olduğu müəyyən olunmuşdur. Həmin ziddiyəti aradan qaldırmaq məqsədi ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmuş və 19 dekabr 2023-cü il tarixli ekspertizanın rəyində, elektron tərəzinin nasaz vəziyyətdə olduğu qeyd edilmişdir. Məhkəmə, psixotrop maddənin çəkisi ilə bağlı olan xüsusata hüquqi qiymət verərək hesab edir ki, məhkəmə kimyəvi ekspertizasının çəki vahidi əsas götürülməli və elektron tərəzinin nəsaz olması nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də, ona həmin maddədə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmaldır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. İşdə olan 25 iyul 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 27 iyul 2023-cü il tarixdə CM-nin 234.1-1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Lənkəran Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 iyul 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. İşdə olan məhkumluq haqqında tələbnamədən, həmçinin hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 30 dekabr 2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün azadlığa buraxılmış və məhkumluğu ödənilməmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları ğündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Hazırki iş üzrə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs iki il keçmədən, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülmədiyindən və ya ödənilmədiyindən onun qəsdən CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş ağır cinayət əməlini törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yünğülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-1-ci maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hallar əhalinin sağlamlığına ciddi zərər vurur. Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutlmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. Bundan başqa, CM-nin 65.2-ci (residivə görə cəzanın təyin olunması) maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin - 8 ilin yarısından, yəni 4 ildən az ola bilməz. CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 iyul 2023-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Lənkəran ŞRPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq ümumi çəkisi olan 2,666 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə aparılması haqqında 1 ədəd disk isə cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 165 (yüz altmış beş) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1).Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 25 iyul 2023-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi olan 2,666 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 165 (yüz altmış beş) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov Cavid Səfərli Cəlil Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar