Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-354/2024 06.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər - Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində doğulmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, ailəli, işsiz, Beyləqan rayonu 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli yolla keçiriləcək külli miqdarda narkotik vasitəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə həmin şəxslərə köməklik etməsi barədə əvvəlcədən razılığa gəlmişdir. Əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti məlum olmayan “Əmi” adlı şəxs və cinayətkar qrupun şəxsiyyətləri məlum olmayan digər üzvləri tərəfindən İran İslam Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikası ərazisinə satış məqsədilə qanunsuz olaraq keçirilmiş və içərisində külli miqdarda - 7946,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın yeri barədə “Əmi” adı ilə məlum olan İİR vətəndaşı 24 iyun 2023-cü ildə Təqsirləndirilən şəxs məlumat verdikdən və götürüləcək narkotik vasitənin məkanını göndərdikdən sonra, o, tanımadığı taksi ilə Füzuli rayonu Böyük Bəhmənli kəndinin ərazisində yerləşən Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 18-ci sərhəd zastavasının 20-ci sahəsinə gəlmiş, həmin sahənin arxa tərəfindən 1 ədəd bağlamada qeyd olunan külli miqdarda narkotik vasitəni 24 iyun 2023-cü il tarixdə, saat 22:10 radələrində qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, bağlamaya baxış keçirilərkən içərisində külli miqdarda ümumi təmiz çəkisi 7946,8 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər hərbiçi olmuş, Silahlı Qüvvələrdə xidmət etmiş, 2020-ci ildə erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmiş və başından yaralanmışdır. Hazırda 3-cü qrup əlildir. Saxlanılmamışdan əvvəl heç yerdə işləməmişdir. Əvvəllər ona mobil telefon nömrəsinə iran nömrəsindən «WhatsApp»a zəng gəlmiş və yazmışlar. Ona təklif olunmuşdur ki, nəsə var, onu Füzuli rayonu, Böyük Bəhmənli kəndinin ərazisindən 153 №-li işarənin yanından götürmək lazımdır. Sərhədə yaxınlaşmamış, yolun kənarında saxlanılmışdır. Telefonuna şəkil atmışlar ki, narkotik həmin yerdədir, onu götür. Əvvəlcə onunla razılaşmasa da, sonradan həmin şəxsin kim olduğunu bilmək onda maraq doğurduğu üçün onunla razılaşmışdır. 24 iyun 2023-cü il tarixdə danışdığı şəxsin ona göndərdiyi konuma əsasən həmin məkana gəlmiş, Beyləqan-Füzuli magistral yolunun kənarında olan 153 nömrəli nişanın yanındakı narkotiki götürmək istəyərkən sərhədçilər tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, onda heç bir iranlının nömrəsi olmamışdır. Həmin nömrə sərhədçilərin qurmasıdır, ifadəsini müstəntiq özü düzüb qoşmuşdur. Həmin yerə getməkdə məqsədi narkotiki götürmək olmamış, ona zəng edən şəxsin kimliyini öyrənib polisə məlumat vermək olmuşdur. Sərhədçilər tərəfindən saxlanılarkən ona “narahat olma, hər şey yaxşı olacaq” deyərək söz vermişlər. Bundan sonra hərbi hissəyə gətirilmiş, videoçəkiliş zamanı etirafedici ifadə vermişdir. Marixuanadan istifadə etməmişdir. Bağlamanı götürməmişdir. Heç kimə narkotik satmamışdır. Döyüşlərdə iştirak etdiyi üçün medallarla təltif olunmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində özünü təqsirli bilərək 2023-cü ilin aprel ayında “Əmi” adında iranlı ilə külli miqdarda narkotik vasitənin göndərilməsi, həmin narkotiki satıb iranlıya 5000 manat pul göndərəcəyini, habelə narkotikin sərhəddən götürmək barədə əvvəlcədən +**********57 mobil telefon vasitəsilə «WhatsApp»da danışarkən razılığa gəldiyini, 23 iyun 2023-cü ildə Əmi adlı şəxsin narkotikin olduğu yerin «konum»unu göndərdiyini, 24 iyun 2023-cü ildə həmin «konum»a əsasən Füzuli rayonu, Əhmədbəyli kəndinin ərazisinə, oradan da tanımadığı taksi ilə “Əmi” adlı şəxsin ona göndərdiyi məkana yollandığını, həmin məkana çatdıqda narkotik vasitəni götürmək istəyərkən sərhədçilər tərəfindən saxlanıldığını, Əmi adlı şəxsin göndərdiyi bağlamada narkotik vasitələrin olmasından məlumatının olduğunu, lakin narkotiki kimə satacağını hələ bilmədiyini göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadələri ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş N saylı hərbi hissənin 18-ci sərhəd zastavasının rəisi baş leytenant Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən saat 22 radələrində N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının 20-ci sahəsində xidmətdə olarkən İran istiqamətinə 1 nəfər naməlum şəxsin hərəkətini və ərazidə nə isə axtarmağa başladığını görmüş, qaranlıqda bir ədəd torbanı götürüb ərazidən uzaqlaşmaq istəyərkən, “Dayan” əmrini verərək sərhəd pozucusunu saxlamışdır. Həmin şəxs zastavaya gətirilmiş məlum olmuşdur ki, saxlanılan şəxs Təqsirləndirilən şəxsdur. Torba sarı rəngdə olmuş, içərisində 9 bağlama marixuana aşkar edilmişdir. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, Həsən əlini atıb torbanı götürüb uzaqlaşarkən saxlanılmışdır. Zeynalovun saxlanılmasında iki nəfər iştirak etmiş. Həsəni döyməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının əsgəri Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə oxşar məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs saxlanılarkən əlində sarı rəngli torbanın olduğunu, Həsəni zastavaya gətirəndən sonra baxışda iştirak etmədiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam vaxtı evdə olarkən bir nəfər tərəfindən 18-ci sərhəd zastavasına çağırılmış və ona bildirmişlər ki, bir nəfər saxlanılıb, hal şahidi kimi iştirak etsin. Adını sonradan bildiyi Təqsirləndirilən şəxs saxlanıldığı 18-ci sərhəd zastavasının 20-ci sahəsinin arxa istiqamətidə Füzuli rayonunun Böyük Bəəhmənli kəndinin ərazisində qamışlıq və sıx kolluqdan sarı rəngli 01 ədəd torbanı götürdüyü yeri göstərmişdir. Torbanın içərisinə baxış keçirilərkən içərisində olan bükümlərdə narkotik aşkar edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə bioloji ekspertizasının 25 iyun 2023-cü il tarixli, 7/933 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 9 ədəd sellofan bağlamalarda ümumi təmiz çəkisi 7946.8 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Məhkəmədə tədqiq edilmiş və işdə olan ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 4683 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 3914 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri, anamnezində keçirilmiş kəllə-beyin travması müəyyən edilir, hadisə baş verən dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan kompüter texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 5/1041 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürümüş “Xiomi Redmi 10A” markalı arxa məlumat lövhəsinə görə “220233L2G” modeli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “Qrafik açarla” mühafizə olunan ekran kilidini keçmək üçün “7.65.0.247 versiya UFED 4PC” adlı proqram təminatı vasitəsi ilə tədqiqat işləri aparmaq istədikdə qurğunun proqram təminatının metodlar bazasında mobil smartfonun yaddaşında olan məlumatları silmədən ekran kilidini sıfırlamaq üçün texniki imkan olmaması müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 24 iyun 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının 20-ci sahəsinin arxa hüdududur. Həmin istiqamət İranla sərhəd olan Füzuli rayonu, Böyük Bəhmənli kəndi yaxınlığında sıx qamışlıq və kol bitkiləri olan ərazidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 24 iyun 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş olan bağlamada baxış keçirilən zaman içərisindən şəffaf və qara yapışqan selofanla sarınmış halda 9 (doqquz) ədəd böyük bükümdə ümumi çəkisi 8200 (səkkiz min iki yüz) qram, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması aşkar olunmuşdur. İşdə olan 3 iyul 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs əlində olan bağlamada aşkar edilmiş 7946,35 qram narkotik vasitə olan qurudulmuş marixuana qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin İstintaq və Təhqiqat idarəsinə təhvil verilmişdir. İşdə olan aktdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzdən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində müalicə olunmayıb və qeydiyyatda yoxdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək «Əmi» adında iranlının göndərdiyi «konum» əsasında hadisə yerinə gəlsə də, narkotik vasitə olan bağlamanı götürmədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu dəlilə tənqidi yanaşaraq ifadənin bu hissəsini işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, məhkəmədə dindirilmiş şahidlər ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs saxlanılarən əlində sarı rəngli bağlama olmuş, bağlamaya baxış keçirilərkən içərisində narkotik vasitə marixuana aşkar edilmişdir. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs dindirilməsinə dair videoçəkilişlə də müəyyən olunur ki, onun Füzuli rayonu Böyük Bəhmənli kəndinin ərazisinə gəlməkdə məqsədi məhz «Əmi» adında iranlının ona göndərdiyi narkotik vasitəni götürmək olmuş, aralarında olan razılaşmaya əsasən narkotiki satdıqdan sonra iranlıya 5000 manat pul göndərəcək imiş, saxlanılarkən ona qarşı zor tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, ibtidai istintaq zamanı sərbəst ifadə verərkən Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün gətirdiyi dəlillə bağlı göstərdiyi xüsusat hadisə yerinə və bağlamaya baxış keçirilməsi haqqında istintaq hərəkətinin protokollar, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə bağlamanı əlinə götürməməsi barədə göstərdiyi xüsusatın məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli olduğunu göstərir, ümumiyyətlə qeyd olunan xüsusatla bağlı verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün şahidlərin ifadələrini, ekspertizanın rəylərini, “ baxış” protokollarını, əməlini qismən etiraf etməsinə dair videoçəkilişi və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin bağlamanı götürməməsinə dair gətirdiyi dəlil əsassız hesab edilməlidir. Beləliklə də, Təqsirləndirilən şəxs gömrük nəzarətindən kənar gizli olaraq İrandan ona göndərilən külli miqdarda narkotik vasitə olan bağlamanı Füzuli rayonu Böyük Bəhmənli kəndinin ərazisindən Əmi adında iranlının tapşırığı ilə sonuncunun dediyi yerdən götürüb özündə qanunsuz daşımaqla saxlaması və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də külli miqdarda narkotik vasitəni satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan qurudulmuş marixuana narkotik vasitədir. Qurudulmuş mariuxananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması– miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir» «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdə şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının (bundan sonra -İİR) vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli yolla keçiriləcək külli miqdarda narkotik vasitəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə həmin şəxslərə köməklik etməsi barədə əvvəlcədən razılığa gəlməsi məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və onun bu əməlləri düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli (hazırki işə münasibətdə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin....Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi» ilə törədilir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, “Əmi” adlı İİR vətəndaşının və digər şəxslərin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddindən gömrük nəzarətindən gizli qaydada məlum olmayan vaxtda keçirdiyi yuxarıda qeyd olunan narkotik vasitəni Təqsirləndirilən şəxs əldə etmək və satmaq məqsədi ilə yaşadığı Beyləqan rayonu 1-ci Şahsevən kəndindən Füzuli rayonu, Pəlikəş-Sim kəndinin ərazisinə gələrək “Əmi”nin ona göndərdiyi «konum»a əsasən 18-ci sərhəd zastavasının 20-ci sahəsindən narkotik vasitə olan bağlamanı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq sərhədçilər tərəfindən saxlanılmışdır. Məhkəmə tərkibi işin faktiki hallarına əsasən təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində rollarının qiymətləndirilməsində ibtidai istintaq orqanın səhvə yol verdiyini hesab edərək aşağıdakı əsaslara görə sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini də düzgün saymır. Buna görə də, ilk olaraq Təqsirləndirilən şəxs qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakının növü dəqiq müəyyən edilməli və bundan sonra həmin növə uyğun olaraq əməli tövsif edilməlidir. Qeyd olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamda “Əmi” adlı şəxslə yanaşı təqsirləndirilən şəxsin də qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakları–cinayətin icraçısı kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası CM-in 32.2-ci maddəsinə əsasən “Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcədə bu Məcəllənin nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır”. Qanunun qeyd olunan normasına əsasən şəxs üç halda – birincisi cinayəti bilavasitə törətdikdə, ikincisi başqa şəxslə birlikdə onun törədilməsində bilavasitə iştirak etdikdə və nəhayət cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətdikdə cinayətin icraçısı sayılır. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu bəndinin təhlili göstərir ki, icraçılıq fəaliyyəti cinayətin obyektiv cəhətinin qismən və ya tam icra edilməsində, cinayətin obyektiv cəhətinin bilavasitə icrasına kömək göstərilməsində də ifadə oluna bilər. Belə ki, qeyd olunan Plenum qərarının həmin bəndinə əsasən qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhəddinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhəddindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhəddini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Qanunun qeyd olunan normasının məzmunundan, habelə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqedən görünür ki, cinayətin icraçısının hərəkəti cinayətin icrasına başlanan andan icranın başa çatma anınadək olan dövrü əhatə edir. Yəni cinayət başa çatdıqdan sonra hər hansı bir şəxsin həmin cinayətdə bu və ya digər formada iştirakı yalnız köməkçi qismində (əgər cinayətin icraçı tərəfindən törədiləcəyi köməkçinin qəsdi ilə əhatə olunursa) ola bilər. Cinayətin icra edilməsi dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və güclü təsir edən maddələrin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Bu cinayət-hüquqi normaları hazırki iş üzrə müəyyən edilmiş hallarla əlaqələndirdikdə görünür ki, baxılan işdə narkotik vasitənin və güclü təsir edən maddənin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini yaradan hərəkətlər həmin maddənin Azərbaycan Respublikasına gömrük sərhəddindən (İİR-lə Azərbaycan Respublikası arasında olan dövlət sərhəddindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir. Bu o deməkdir ki, şəxsin qaçaqmalçılığı icra etməkdə və bu cinayəti bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (CM-in 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun əvvəla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri bilavasitə yerinə yetirməsi, ikincisi həmin hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 16-cı bəndin dördüncü yarımbəndinə əsasən “Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir”. Məhkəmə baxışı zamanı “Əmi” adlı şəxsin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddindən narkotik vasitəni nə vaxt və hansı üsulla, tək və ya başqaları ilə birlikdə, yaxud da, kim(lər)insə vasitəçiliyilə keçirməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən “Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın məzmununu nəzərə alaraq hesab edir ki, iş üzrə qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini “Əmi” adlı şəxs təkbaşına icra etmişdir. Təqsirləndirilən şəxs isə həmin hərəkətləri “Əmi” ilə birgə icra etməmiş, o, yalnız cinayətin predmeti olan əşyaların dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçirildiyi andan (qaçaqmalçılıq cinayəti başa çatdırıldıqdan) sonra məlum olmayan şəxsə satmaq niyyəti ilə Füzuli rayonu, Böyük Bəhmənli kəndinin ərazisinə gələrək 18-ci SZ-nın ərazisində qanunsuz olaraq əldə edib saxlamaqla həmin (qrup deyil, bir nəfər tərəfindən törədilən) cinayətdə (qaçaqmalçılıqda) köməkçi qismində iştirak etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsi müəyyən olunduğu üçün onun sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini də düzgün olub-olmamasını müəyyənləşdirilməsi üçün işin faktiki hallarının cinayətdə iştirakçılıq institutunun mahiyyəti baxımından təhlilini də, zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən «Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur». Qeyd olunan normaların müqayisəli təhlilindən görünür ki, “qabaqcadan əlbir olan bir qrup şəxs” cinayət-hüquq kateqoriyasını “bir qrup şəxs” anlayışından fərqləndirən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə bu iki anlayış tamamilə üst-üstə düşür. Ona görə də, nə qədər ki, CM-in 34.1-ci maddəsi cinayətin “bir qrup şəxs” tərəfindən törədilməsini onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilməsi kimi təsbit etmişdir, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər (ən azı iki nəfər) tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təfsir olunmalıdır. Analoji hüquqi mövqe «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu, habelə “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli Plenumunun 10 və 11-ci bəndlərində, habelə Ali Məhkəmənin 2016, 2018 və 2019-cu illər üçün dərc olunmuş bülletenlərinin 3 (səh. 40-44), 1 (səh. 28-33) və 4 (səh. 35-37) nömrəli buraxılışlarında dərc olunmuş qərarlarda da əks olunmuşdur. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı hazırki iş üzrə Təqsirləndirilən şəxs elan olunmuş yekun ittihamda qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin məhz “Əmi” adlı şəxs və ya cinayətkar qrupun digər üzvləri tərəfindən icra olunduğu qənaətinə gəlmişdir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri məhz “Əmi” adlı şəxs təkbaşına icra etmiş, Təqsirləndirilən şəxs isə bu əməldə (cinayət başa çatdıqdan sonra) köməkçi qismində iştirak etmişdir. Qanunvericinin bu cür, yəni bir icraçı və bir köməkçi olan (ən azından iki icraçı olmadığı) vəziyyətdə əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qəbul etməməsi CM-in 33.2 və 33.3-cü maddələrinin məzmunundan da aydın olur. Belə ki, CM-nin 33.2-ci maddəsi birgə icraçılıq olduğu halda cinayətin 32-ci maddəyə istinad edilmədən CM-nin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddə ilə tövsif edilməsini təsbit etdiyi halda, CMnin 33.3-cü maddəsi cinayətdə təşkilatçı, təhrikçi və köməkçi iştirak etdiyi hallarda (əgər bu iştirakçılar həm də icraçı deyillərsə) onların əməllərinin CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə (iştirakçıların razılaşdırdıqları və bu razılaşmaya uyğun olaraq icraçının yerinə yetirdiyi əməlin CM-nin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmasından asılı olaraq) tövsif edilməsini tələb edir. Qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən ibtidai istintaq orqanının hazırki cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin məhz “Əmi” adlı şəxs tərəfindən törədilməsini müəyyən etdiyini, həmin cinayətin törədilməsində digər şəxs(lər)in iştirakını müəyyən etmədiyini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı bir qrupa deyil, məhz “Əmi”yə kömək etmişdir ki, həmin bağlamanın içərisində olan narkotik vasitəni satmağa köməklik etsin, bundan sonra 5000 manat pulu iranlıya göndərsin. Buna görə də, təqsirləndirilən şəxsin həmin cinayətdə köməkçi olması “qabaqcadan əlbir olan bir qrup şəxs”ə deyil (“Əmi” adlı şəxsdən başqa icraçı müəyyən edilməyib), yalnız bir şəxsə – “Əmi”yə yönəlmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”.Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinə münasibətdə əməli Azərbaycan Respublikası CMnin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Habelə, dövlət İttihamçısı çıxışında Təqsirləndirilən şəxs əməlinin CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, o, CM-nin qeyd olunan maddələri ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 24 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin günü inzibati qaydada tutulmuş, 25 iyun 2023-cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilib dindirilmiş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 24 iyun 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı Əfsanə Zeynalovadan, xx.xx.2011-ci il təvəllüdlü qızı Nuray Zeynallıdan, xx.xx.2013-cü il təvəllüdlü qızı Nilay Zeynallıdan,xx.xx.2015-ci il təvəllüdlü oğlu Fərman Zeynalovdan, atası Fərman Zeynalovdan və anası Saçlı Zeynalovadan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim olunmuş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2-ci Qarabağ Müharibəsində iştirak etmiş və atılan mərminin partlaması nəticəsində qapalı kəllə beyin travması almış, İİİ dərəcəli əlildir, “Xocavənd rayonunun azad edilməsinə” dörə və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək yaralanmasını, İİİ dərəcəli əlil olmasını, Xocavənd rayonunun azad edilməsinə” ğörə və “Cəsur döyüşçü” medalları ilə təltif olunmasını CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 32.5, 206.2-ci maddəsi “az ağır”, 234.4.1, və 234.4.3 -cü maddələri isə “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 32.5, 206.2-ci maddənin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qaçaqmalçılıq cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, gömrük nəzarətindən kənar qadağan olunmuş əşya və maddələrin ölkəyə gətirilməsi daxili ictimai asayişi, əhalinin sağlamlığını və başqa mühüm dəyərləri ciddi təhlükə altına alır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və o, cəzasını çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 24 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda DSX-nın İstintaq və təhqiqat idarəsinin saxlanılan 7946,35 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin dindirilməsini özündə əks etdirən bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99- 1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2023-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq DSX-nın İstintaq və təhqiqat idarəsində saxlanılan 7946,35 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin dindirilməsini özündə əks etdirən bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov Cavid Səfərli Cəlil Nəbiyev
Məhkəmə qərarları › İş №1(099)-354/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-354/2024
06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver