Məhkəmə qərarları › İş №1(099)-355/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-355/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-355/2023 05.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X7 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2 və Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1990-cı il tarixdə Ukrayna Respublikası, Dneprodzerjinsk şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq külli miqdarda 1015,778 qram çəkidə narkotik vasitə heroini əldə edib, həmin heroini elektron tərəzi vasitəsilə ölçüb ayrı-ayrılıqda 0,159 qram, 0,129 qram, 0,151 qram, 0,130 qram, 0,209 qram, 1015,0 qram olmaqla 6 ədəd bükümlərə qablaşdıraraq, 1 ədəd bükümdə 1015,0 qram çəkidə narkotik vasitə heroini yaşadığı Şirvan şəhəri, Xanlar küçəsində yerləşən fərdi yaşayış evində gizlətməklə saxlamış, digər 5 ədəd bükümlərdə narkotik vasitə heroinləri isə üzərində daşımaqla saxlamış və 08 yanvar 2023-cü il tarixdə saat 19:55 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Xanlar küçəsində, yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində satış məqsədi ilə qanunsuz saxladığı 0,159 qram, 0,129 qram, 0,151 qram, 0,130 qram, 0,209 qram olmaqla ümumi təmiz çəkisi 0,778 qram olan narkotik vasitə heroin 5 ədəd bükümlərdə əynində olan qara rəngli şalvarın sağ yan cibindən, 1015,0 qram çəkidə narkotik vasitə heroin isə 1 ədəd bükümdə əməliyyat axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 21 radələrində yaşadığı Şirvan şəhəri, Xanlar küçəsində yerləşən 45 saylı fərdi yaşayış evinə baxış aparılan zaman evin yataq otağında taxta döşəmənin altından aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş təqsirləndirilən şəxs X4 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu polis əməkdaşları saxlamamışlar. 06 yanvar 2023-cü il tarixdə o evində tək olmuşdur. Həmin tarixdə 6 nəfər Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları onun evinin pəncərəsini qırıb evə girərək onun üstünə silah da çıxartmışlar. Sonra da onu Polis şöbəsinə aparıb üstünü axtarmışlar və üzərindən 5 bükümdə narkotik aşkarlanmışdır. Sonra da ona evdə olan malı hara qoymusan deyə soruşmuşlar. O da evdə heçnə yoxdur demişdir. Evinə videoçəkilişlə baxış keçirmişlər. Baxış zamanı evindəki şifaneri açmışlsr.Sonra da servantı axtardılar, divanı qaldırıb baxsalarda heç bir şey tapmamışlar. O isə söyüş söyərək evində narkotik olmadığnı, nə var üzərindən aşkar olunan narkotik olduğunu demişdir. İsmayıl da söyərək, evdə narkotik olduğunu, olmasada 10 kilo çıxacağını demişdir. Evə baxışdan qabaq polislərlə razılaşmışdır ki, ev razılaşmışlar ki, narkotiki oradan götürmələri barədə razılaşmışlar. Döşəmədə olan kəsikdən evimizin hər iki otağında var, ora bankalar yığırlar. Ona pois şöbəsində narkotiki ora qoyacaqlarını oradan götürəcəyini demişdilər. O sualları cavablandırarkən göstərmişdir ki, onun yaşadığı evə videoçəkilişlə baxış keçirilmişdir. Həmin vaxt evindən döşəmənin altından aşkar edilərək götürülmüş narkotikin ona aid olduğunu bildirmiş, heç bir etiraz etməmişdir. Onun üzərindən aşkar edilmiş 5 bükümdə heroin ona aiddir. O həmin heroini Etibar adlı şəxsdən almışdır. Aldığı heroindən istifadə etmişdir. Əvvəllər də narkotiki Etibardan almışdır. Etibar dünyasını dəyişmişdir. Evindən götürülmüş narkotik ona aid deyil, həmin narkotik onun evinə qoyulmuşdur. Elektron tərəzidən onun xəbəri yoxdur. İranlı ilə heç bir əlaqəsi olmamışdır. İfadə verməyə məcbur olmuşdur. O özünü üzərindən aşkar edilmiş 5 ədəd bükümlərdə olan heroinə görə təqsirli bilir. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək uzun müddətdir ki, narkotik vasitə heroin qəbul etdiyini, hər gün 2-3 qram heroin istifadə etdiyini,narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını,öz şəxsi istifadəsindən ötrü, narkotik vasitə almaq üçün, İran İslam Respublikası vətəndaşı Elşən adlı şəxslə tanış olduğunu, 30 dekabr 2022-ci il tarixdə o, Elşənlə “WhatsApp” proqramı vasitəsi ilə danışan zaman ondan şəxsi istifadəsi üçün narkotik vasitə heroin istədiyini və Elşəndə onunla razılaşaraq, həmin günün axşamı ona zəng vuraraq, istədiyi narkotik vasitə olan heroini Şirvan şəhər “Sever“ adlanan ərazidə yolun kənarında olan “yulğun” ağacının yanına qoymasını bildirdiyini, o da həmin yerə gedib Elşənin qoyduğu heroini “yulğun” ağacının dibindən götürüb öz yaşadığı evə gətirdiyini, bu müddət ərzində heroindən bir qismini istifadə edib bir hissəsini də götürüb bükümlərə büküb əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyduğunu, qalan heroini isə evin otağında, döşəmənin altında gizlətdiyini, 08 yanvar 2023-cü il tarixdə axşam saatlarında yaşadığı ünvandan çıxıb gedərkən özlərini Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları kimi təqdim edib ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirdikdən sonra onu Şirvan şəhər polis şöbəsinə apararaq orada vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirildiyini və şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif edildikdə, o, əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd ağ rəngli sellofan bükümdə içərisində ayrı-ayrılıqda 5 ədəd qızılı rəngli kağız bükümləri çıxarıb masanın üzərinə qoyaraq, həmin sellofan bükümlərdə heroin olduğunu və həmin narkotik vasitələri yaşadığı Şirvan şəhəri, Xanlar küçəsi, 45 saylı fərdi yaşayış evində saxladığı narkotik vasitənin üzərindən götürdüyünü bildirdiyini, yaşadığı evə baxış keçirilməsinə dair etirazının olmaması barədə ərizə verdikdən sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə vidioçəklişdən istifadə edilməklə, Şirvan şəhəri Xanlar küçəsi 45 saylı evinə baxış keçirildiyini, orada döşəmənin altında gizlətdiyi sellofan torbada olan heroini və bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etdiyini, polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmişdir. Məhkəmədə təıqsirləndirilən şəxs X2 ittiham olunan cinayət əməlini törətməsi özünün məhkəmədə verdiyi qismən etirafedici ifadəsindən başqa, məhkəmədə tədqiq olunmuş onun ibtidai istintaq zamanı vəkilinin içştirakı ilə verdiyi ifadəsi, dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş şahid Şirvan Şəhər Polis Şöbəsinin Baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 08 yanvar 2023-cü il tarixdə ona Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi, gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. O bu barədə rəhbərliyə məlumat verildikdən sonra təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. Məlumatda göstərilən ünvana gedərək, Təqsirləndirilən şəxs Şirvan şəhəri Xanlar küçəsində görüb, ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu Şirvan Şəhər Polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəklişlə onun üzərində şəxsi axtarış keçirilmiş, üzərindən bir ədəd selofan bükümün içərisində 5 ədəd bükümdə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Daha sonra Mehman Abbasovun yaşadığı Şirvan şəhəri, Xanlar küçəsi, 45 saylı evinə həmin əməliyyat qrupunun üzvləri və müdafiəçinin iştirakı ilə videoçəklişlə baxış keçirilmiş və baxış zamanı onun yaşadığı evindən bir ədə selofan torbada heroinə bənzər maddə və bir ədəd elektron tərəzi aşkar olunuaraq götürülmüşdür. Hər iki halda protokol tərtib edilmişdir.Onlar Mehmanı 08 yanvar 2023-cü il tarixdə saat təxminən 20 radələrində saxlamışlar. Həmin vaxt və sonra ona hər hansı təsir və ya təzyiq olunmamışdır. O özü evinin döşəməsinin altında gizlətdiyi heroini təqdim etmişdir. O həmin narkotiki Şirvan şəhərində “sever” deyilən yerdən götürdüyünü və narkotiki İran İslam Respublikasının vətəndaşı ndan əldə etdiyini bildirmişdir. Dindirilmiş Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verdi. Cinayət işinin materiallarında olan 08 yanvar 2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, vəkilin iştirakı ilə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 5 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işini materiallarında olan 08 yanvar 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs Şirvan şəhəri, Xanlar küçəsi, 45 saylı yaşadığı evə baxış keçirilən zaman evin yaşayış otağının döşəməsində xüsusi düzəldilmiş yerdən bir bağlamada narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 09 yanvar 2023-cü il tarixli 18/28 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 5 ədəd “qızlı” rəgli kağız bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-0,159qram, 0,129qram, 0,151qram, 0,130 qram, 0,209 qram, ümumi çəkisi-0,778qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evdə...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi-1015,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də müqayisəli tədqiqatın aparılması mümkün olmadığından onun miqdaını və digər maddələr ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş ümumi çəkisi 1015,778 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Heroin-28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (Siyahı İ). Məhkəmədə tədqiq edilmiş 28 yanvar 2023-cü il tarixli, 439 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş məhkəmə-psixiatriya ekspertizasının 04 fevral 2023-cü il tarixli, 262 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəalliyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. X3 məcburi mülaicəyə ehtiyacı yoxdur. X6 hazırki psixi vəziyyətinə görə hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək iqtidarındadır X6 yalan danışmaq, özündən qondarma fikirlər söyləməyə meyilli olubolmaması barəsində qoyulmuş suala ekspert psixoloqun səlahiyyətinə aid olduğu üçün cavablandırılmır. «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ-6-35/2-22/2023 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan şəhəri, Xanlar küçəsi, ev 45-də ünvan sakini Abasov X5 ŞMX-nın ruhi-əsəb narkoloji kabinetində “Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. Məhkəmədə təqsirləndirilən şəxs Mehman Abbasov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, üzərindən aşkar edilərək götürülmüş 5 ədəd bükümdə heroinlərin ona aid olduğunu, lakin yaşadığı evdən aşkar edilərək götürülmüş bir bağlamada olan heroinin ona aid olmadığını və həmin heroinin onun evinə qoyulduğunu bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilməyən və işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə tədqiq edilmiş mötəbər sübutlarla tamamilə təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxs Mehman Abbasovun ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi işin faktiki hallarına uyğun gələn səmimi etirafedici ifadəsi, dindirilmiş şahidin ifadəsi, məhkəmədə tədqiq edilmiş vəkilinin iştirakı ilə videoçəkilişlə Mehman Abbasovun üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, üzərindən aşkar edilərək götürülmüş heroinlərin evindən aşkar edilmiş heroinlə eyni tərkibli olması barədə ekspertiza rəyi, əldə olumuş maddi sübutlar və işin faktiki halları ilə tamamilə təkzib edilir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxs Mehman Abbasovun ibtidai istintaq zamanı ondan aşkar edilərək götürülmüş kütlələri satış məqsədi ilə əldə etməməsi barədə hissələr istisna olmaqla verdiyi ifadələri işin faktiki hallarına uyğun gələn ifadələr kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə həmçinin hesab edir ki, Mehman Abbasovun üzərindən və evindən aşkar edilərək götürülmüş heroinlərin çoxlu sayda bükümlərdə və əhəmiyyətli dərəcədə çox olması halı onun həmin narkotikləri məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi , narkotik vasitələrin xırda bükümlərə ayrılması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs oğlu CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənəndlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1990-cı il tarixdə Ukrayna Respublikası, Dneprodzerjinsk şəhərində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır. Şirvan şəhəri, Xanlar küçəsi, ev 45-də qeydiyyatda olmaqla orada yaşayır. Qeydiyyatda olduğu yer üzrə müsbət səciyyələndirilir. İşdə olan Şirvan Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 08 yanvar 2023-cü tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıda göstərilənləri nəzərə alır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanın təyin etmənin ümumi əsaslarını təsbit edən CM-nin 58.3-ci maddəsində cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanı yüngülləşdirən hallar dedikdə CM-nin 59-cu maddəsində sadalanan, eləcədə 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə CM-nin 59.2 maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirlməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halın olması müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan orta həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin cəzanı çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 08 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Şirvan Şəhər Polis Şöbəsində saxlanılan qalıq çəkisi 1015,478 qram çəkidə heroin və bir ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə məhkəmə xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 44, 51-2,132, 318,344- 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı 08 yanvar 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyşdirilməsin. Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. O ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Şirvan Şəhər Polis Şöbəsində saxlanılan qalıq çəkisi 1015,478 qram çəkidə heroin və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə məhkəmə xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu gündən (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar