Məhkəmə qərarları › İş №1(099)-356/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-356/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-356/2023 12.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1977-ci ildə Əli-Bayramlı (Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri, 20 Yanvar küçəsi ev 26A, mənzil 28-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,249 qram psixotrop maddə olan metamfetamin əldə etmiş, saxlamış və həmin maddəni 12 dekabr 2022-ci il tarixdə, saat 09 radələrində Şirvan şəhəri, 20 Yanvar küçəsində hərəkət etməklə üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında həmin gün saat 09:22 radələrində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, Şirvan şəhəri, 20 Yanvar küçəsində saxlanıb üzərində şəxsi axtarış zamanı əynindəki idman şalvarının cibindən bir ədəd sellofan bükümdə külli miqdarda-2,249 qram psixotrop maddə olan metamfetamin heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, əvvəllər Ukraynada yaşamış, orada qeyri-rəsmi qaydada evli olmuş, sonradan Azərbaycana qayıdıb Şirvan şəhəri, 20 Yanvar küçəsi ev 26A, mənzil 28-də yaşamışdır. Bir dəfə oğurluq etdiyinə görə məhkum olunmuş, 2015-ci ildə cəzasını çəkib qurtardıqdan sonra Rusiyaya getmiş, bir müddət orada yaşadıqdan sonra yenidən Azərbaycana qayıdıb Şirvan şəhərindəki evində yaşamağa başlamış, heç bir yerdə işləməmiş, xəstə anasının təqaüdü ilə dolanmışdır. O, əvvəllər narkotik maddələrdən istifadə etsə də, sonradan isə narkotiklərdən istifadə etməmişdir. 11 dekabr 2022-ci il tarixdə, saat 09 radələrində yaşadığı evdə olarkən bir neçə polis əməkdaşı evinə gəlib onu tutub polis şöbəsinə aparmışlar. Evindən aparılarkən xəstə anası evdə olmuş, o da bunların şahidi olmuşdur. Polis şöbəsinə aparılarkən üzərində narkotik və ya psixotrop maddələr olmamışdır. Polis şöbəsində ona narkotiklə bağlı cinayət məsuliyyətinə cəlb olunmalı olduğu bildirilmiş, etiraz etdiyi üçün ona qarşı təzyiqlər olmuş, sonra o, məcburən az miqdarda narkotiklə bağlı cinayət məsuliyyətinə cəlb olunmasına razılaşmışdır. Səhərisi gün, yəni 12 dekabr 2022-ci il tarixdə Fərman adlı polis əməkdaşı cibinə bir büküm narkotik qoyub onun CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağını bildirmiş, o da razılaşmış və bundan sonra vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü cibində olan bir bükümdə olan narkotiki çıxarıb polislərə təqdim edib həmin narkotik maddəni küçədə yerdən tapdığını və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Orada polis əməkdaşların ona qarşı təzyiqləri olduğu üçün o, üzərində aşkar olunmuş maddənin, yəni metamfetaminin özünə məxsus olmasını bildirmişdir. Əslində isə üzərində aşkar olunmuş metamfetamin ona məxsus deyil, həmin maddəni cibinə Fərman adlı polis əməkdaşı qoymuşdur. Həmçinin sonradan ona məlum olmuşdur ki, ona CM-nin 234.1-ci maddəsi ilə yox, CM-nin 234.1-1-ci maddəsi ilə ittham verilmişdir. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, üzərində aşkar olunmuş metamfetaminlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, qısa müddət psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. 12 dekabr 2022-ci il tarixdə, səhər saatlarında yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən yolun kənarında yerdən sellofan bükümdə metamfetamin tapmış və özü istifadə etməsi üçün metamfetamin bükümünü cibinə qoymuşdur. 12 dekabr 2022-ci il tarixdə, saat 10 radələrində yaşadığı 20 Yanvar küçəsində hərəkətdə olarkən bir neçə polis əməkdaşı onu saxlayıb üzərində narkotik vasitələr gəzdirməsində şübhəli olduğu bildirib onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış, axtarış zamanı özü əynindəki idman şalvarının cibindən bir ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim edib bükümdə metamfetamin olmasını bildirmişdir. Sonra aşkar olunmuş metamfetamin polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Şifahi sorğu zamanı o, aşkar olunmuş metamfetamini yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. O, narkotiklərdən istifadə etsə də, narkotiklərin satışı ilə məşğul olmamışdır. O, polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində narkotik maddə olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olduğunu bildirmişdir. Əslində üzərində aşkar olunmuş metamfetamini üzərinə Fərman adlı polis əməkdaşı qoymuşdur. Tutulduqdan sonra polis əməkdaşların ona qarşı təzyiqlər etməsi ilə bağlı şikayət etməmiş, həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən o, məhkəmədə (Şirvan Şəhər Məhkəməsində) üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını demiş, onun belə deməsinə səbəb isə polis əməkdaşlarının ona qarşı olan təzyiqləri olmuşdur. O, üzərində aşkar olunmuş metamfetaminlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir və həmin ittiham üzrə ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, Şirvan ŞPŞnin əməkdaşıdır. 12 dekabr 2022-ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik maddələr əldə etməsi, istifadəsi və üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatına əsasən özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 09 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Şirvan şəhəri, 20 Yanvar küçəsində saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib Şirvan ŞPŞ-nə aparılmışdır. Polis şöbəsində təhqiqatçı İsmail Qasımov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki idman şalvarının cibindən bir ədəd büküm çıxarıb təqdim edib bükümün içərisində metamfetamin olduğunu, özünün istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Həmin bükümün içərisində metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş metamfetamini bir müddət əvvəl küçədən yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. İşdə olan, Şirvan ŞPŞ-nin əməkdaşının 12 dekabr 2022-ci il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi və satışı ilə məşğul olmaqla şübhəli olması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin gün saat 09:22 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Şirvan şəhəri, 20 Yanvar küçəsində saxlanılıb şöbəyə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 dekabr 2022-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Şirvan ŞPŞ-nin TB-nin təhqiqatçısı İsmail Qasımov tərəfindən müdafiəçi Emil Quliyevin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki idman şalvarının cibindən bir ədəd bükümdə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin metamfetamin olduğunu, Şirvan şəhərində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 12 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, “… Təqsirləndirilən şəxs üzərindən…” sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen kəsiyi bükümündə, təmiz çəkisi 2,249 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra qalıq metamfetamin 2,199 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 qəpik təşkil edir. İşdə olan, “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin 29 dekabr 2022-ci il tarixli arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın narkoloji kabinetində “Opoidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatdadır. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 yanvar 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, Şirvan ŞPŞ-nin 05 yanvar 2023-cü il tarixli məktubu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetamini satış məqsədi ilə üzərində saxlaması, həmin maddəni kimdən əldə etməsi, kimsə satması və ya satacağı, habelə narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olubolmaması ilə bağlı məlumatlar əldə edilməmişdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 10 mart 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 2,199 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Şirvan ŞPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutu və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə Şahid2 ifadəsi yalnız özünün birbaşa şahid olduğu hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadəni mötəbər sübut hesab edir, onun göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (polis əməkdaşları onu 11 dekabr 2022-ci il tarixdə küçədə yox, yaşadığı evdə tutması, tutularkən üzərində narkotik və ya psixotrop maddələrin olmaması, üzərindən aşkar olunmuş metamfetaminin ona məxsus olmaması və həmin metamfetamini cibinə polis əməkdaşı tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olmasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən Şahid2 ifadəsi, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (həmin vaxt o, üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını, özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir) təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni polis əməkdaşları onu 11 dekabr 2022-ci il tarixdə küçədə yox, yaşadığı evdə tutması, tutularkən üzərində narkotik və ya psixotrop maddələrin olmaması, üzərindən aşkar olunmuş metamfetaminin ona məxsus olmaması və həmin metamfetamini cibinə polis əməkdaşı tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Şahid2 ifadəsi, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (həmin vaxt o, üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərindən aşkar olunmuş metamfetaminin özünə məxsus olması və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı psixotrop maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddənin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Şirvan Şəhər Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini, bədənində ağrıları olduğu üçün metamfetamindən istifadə etdikdə ağrıları azaldığını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayəti törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 2,249 qram psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübuta və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,249 qram metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Şirvan Şəhər Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli qərarı ilə müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12 dekabr 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 01 iyun 2005-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 11 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 24 aprel 2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən (ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir) 01 iyun 2005-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və o, hazırda məhkumluğu olmayan şəxsdir. İşdə olan, Şirvan şəhər 1 №li İƏD üzrə Nümayəndəlikdən verilmiş 23 yanvar 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, 20 Yanvar küçəsi ev 26A, mənzil 28-qeydiyyatda olmaqla yaşamış və yaşadığı müddətdə qənaətbəxş (nümayəndəliyə ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 12 dekabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli, habelə onun yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutlar otağında saxlanılan 2,199 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 12 dekabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə onun yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 2,199 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar