Məhkəmə qərarları › İş №1(099)-359/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-359/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-359/2025 10.07.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakları ilə, 01 avqust 1998-ci ildə İmişli rayonu Qızılkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonu Qızılkənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan 15 yanvar 2025-ci il tarixdə saat 19:30 radələrində atası X5 istifadəsində olan “Mercedes Benz E200 CDİ” markalı, **-MX-*** qeydiyyat nişanlı minik avtomobilini idarə etməklə Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ilə 4 saylı qəsəbənin arasında yerləşən “Şirvan post” adlanan dairəvi yol ayrıcından Biləsuvar-Bəhrəmtəpə avtomobil yolu istiqamətində hərəkət edərkən Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndi və 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçı olaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkət və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, eləcə də nəqliyyat vasitəsini yaşayış məntəqəsindən kənarda olan yollarda maksimum icazə verilən 90 km/saat sürətdən artıq sürətlə idarə etməməli, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd edilən tələblərə əməl etməyərək avtomobili 100 km/saat sürətlə hərəkət etdirərkən idarəetməni itirdiyindən həmin asfalt yolun sağ kənarı ilə onunla eyni istiqamətdə piyada hərəkət edən X6 idarə etdiyi avtomobilin sağ qabaq qanadı ilə vurmuş, hadisə nəticəsində sonuncu həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid ənsə sümüyünün təpə sümüyünə və kəllə əsası sümüyünə keçən yerini dəyişən sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beyinin sərt və yumşaq qişasında, qişaaltına və baş beyin toxumasına qansızma, kəllə əsası sümüyünün yerini dəyişməyən sınığı, sol gözün bayır bucaq nahiyəsində sıyrıq kimi xəsarətlər almaqla hadisə yerində öldüyündən həmin əməlləri ilə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, İmişli rayonu Qızılkənd kəndində yaşayır. X1 məxsus “Mercedes E200CDİ” markalı, ** MX *** dövlət nömrə nişanlı avtomobili idarə etmişdir. Lakin onun avtomoili idarə etmək üçün sürücülük vəsiqəsi və etibarnaməsi yoxdur. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində həmin avtomobili idarə edərək Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbəyə getmişdir. Həmin tarixdə saat 19:30 radələrində qeyd olunan avtomobili idarə edərək, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ilə 4 saylı qəsəbənin arasında yerləşən “Şirvan post” adlanan dairəvi yol ayrıcından dönmüş və Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu istiqamətində təxminən 60-70 km/saat sürətlə hərəkət etməyə başlamışdır. O, həmin yolla Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu istiqamətində təxminən 450-500 metr hərəkət etmiş və bu zaman qarşıda asfalt yol ilə üç nəfər tanımadığı şəxslərin piyada onunla eyni istiqamətində hərəkət etdiklərini görmüşdür. İdarə etdiyi avtomobil ilə həmin şəxslər arasında təxminən 4-5 metr məsafə qaldığını görmüşdür. Buna görə də həmin şəxsləri vurmamaq üçün tez sükanı sola doğru döndərmiş və ayağını tormoza atmışdır. Lakin buna baxamayaraq getdiyi istiqamətdə yolun sağ tərəfi ilə piyada gedən üç nəfər şəxsdən sol tərəfdə, asfalt yolun sağ kənarı ilə piyada gedən tanımadığı, yəni sonradan adının Hörmət olduğunu bildiyi şəxsi idarə etdiyi avtomobilin qabaq sağ qanad ilə vurmuşdur. Zərbədən sonra Hörmət Nurullayevin baş nahiyəsi onun idarə etdiyi avtomobilin sağ tərəfinə dəymişdir. X11 asfalt yolun sağ kənarında olan çınqıllı yola, yəni yolun ciyninə düşmüşür. O, idarə etdiyi avtomobil ilə piyada Hörmət Nurullayevi vurduğu yerdən təxminən 15-20 metr məsafə irəli gedəndən sonra yolun sağ ehtiyyat hissəsində avtomobili saxlamışdır. Bundan sonra o, avtomobildən düşmüş və asfalt yolun sağ kənarında uzanan Hörmət Nurullayevə yaxınlaşmışdır. Bu vaxt sonuncu ilə birlikdə piyada hərəkət edən tanımadığı iki nəfər şəxs də Hörmət Nurullayevin yanında gəlmişlər. O, sonuncunun baş nahiyəsinin qana bulaşdığını görmüş, orada olan həmin şəxslərdən biri Hörmət Nurullayevin nəbzini tutmuş və sonuncunun artıq öldüyünü demişdir. Bundan sonra həmin şəxslər onun üstünə qışqıraq “nə etdin, görmürsən piyada gedirik” sözlərini demişlər və üzərinə gəlmişlər. Həmin şəxslərin onu döyəcəyindən qorxduğu üçün onlara Təcili Tibbi yardıma zəng edib həkim çağırın, mən polis şöbəsinə gedirəm” sözləri demiş və gedib idarə etdiyi avtomobilin sükanına əyləşərək, birbaşa Cəbrayıl rayon polis şöbəsinə getmişdir. Polis Şöbəsində növbətçi hissəyə yaxınlaşaraq orada olan polis əməkdaşlarına idarə etdiyi avtomobil ilə “Şirvan post”dan Biləsuvar-Bəhrəmtəpə yolu istiqamətində hərəkət edən zaman tanımadığı şəxsi vurduğunu və vurduğu şəxsin öldüyünü demişdir. Daha sonra o, polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmiş və hadisə yerini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları da hadisə yerini ölçmüşlər və bu barədə protokol tərtib etmişlər. O da həmin protokolu imzalamışdır. Bundan sonra isə orada olan həkimlər X15 Tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Hadisə nəticəsində özü xəsarət almamışdır. Hadisə nəticəsində zərərçəkmişin ailəsinə dəyən ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir.Törətmiş olduğu cinayət əməlindən peşimandır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, hadisə yerinə baxış keçirilməsi barədə protokol, ekspert rəyi və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəmə istintaqında verdiyi ifadəsində göstərdi ki, mərhum X9 onun doğma qardaşıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 15 yanvar 2025-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə olduğu zaman xatırlamadığı mobil telefon nömrəsindən onun istifadə etdiyi mobil telefon nömrəsinə bir nəfər kişi zəng edərək qardaşı X10 rayonu ərazisində yerləşən Cəbrayıl qəsəbəsində piyada yol ilə gedən zaman avtomobil vurduğunu və nəticədə sonuncunun hadisə yerində vəfat etdiyini demişdir. O, qardaşı Hörmət Nurullayevin istifadə etdiyi ***- ***-**-** saylı mobil telefona zəng etmiş, lakin həmin telefon nömrəsinə zəng çatmamışdır. Buna görə də o, dərhal Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl qəsəbəsinə getmiş və ekspert müayinəsindən sonra qardaşı Hörmət Nurullayevin meyitini yaşadıqları evə aparmışdır. Hadisədən sonra, qardaşının ölümü ilə əlaqədar onlara dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, mərhum Hörmət Nurullayevlə bir kənddə yaşayır. 15 yanvar 2025-ci il tarixdə saat 19:30 radələrində o, Hörmət Nurullayev və əmisi oğlu Şahid2 ilə birlikdə Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ilə 4 saylı qəsəbənin arasında yerləşən “Şirvan post” adlanan dairəvi yol ayrıcından dönmüşlər və Bəhrəmtəpə- Biləsuvar avtomobil yolu istiqamətində piyada getməyə başlamışlar. Bu zaman Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu istiqamətində yolun sağ tərəfi ilə o, ondan solda Şahid2 və sonuncudan solda Hörmət Nurullayev piyada getmişlər. Bu vaxt o və Şahid2 yolun sağ ehtiyyat hissəsilə, Hörmət Nurullayev isə asfalt yolun kənarı ilə getmişlər. Onlar həmin yol ilə Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu istiqamətində təxminən 450-500 metr piyada getmişlər. Bu zaman gümüş rəngli, “Mercedes” markalı avtomobil arxadan təxminən 100 km/saat sürətlə gəlmiş və həmin avtomobil qabaq sağ qanadı ilə Hörmət Nurullayevi arxadan vurmuşdur. Zərbə nəticəsində Hörmət Nurullayev göyə qalxmış bir qədər kənara, yəni getdiyi istiqamətdə yolun sağ ehtiyyat hissəsinə düşmüşdür. Bu zaman “Mercedes” markalı avtomobil gedərək, həmin yerdən təxminən 20-25 metr qabaqda dayanmış və həmin avtomobilin sükanından sonradan tanıdığı Təqsirləndirilən şəxs düşərək Hörmət Nurullayevə yaxınlaşmışdır. Onlar Təqsirləndirilən şəxs ilə birlikdə yaxınlaşaraq Hörmət Nurullayevin nəbzini tutmuşlar və onun artıq öldüyünü görmüşlər. Bu vaxt o, və Şahid2 Təqsirləndirilən şəxs acıqlanmışlar. Elçin Heydərli onlara təcili tibbi yardıma zəng edib həkim çağırmalarını, özünün isə polis şöbəsinə getdiyini demişdir. Bundan sonra Elçin avtomobilin sükanına əyləşərək, idarə edib getmişdir. Daha sonra o, DİN-in “102” zəng mərkəzieə və təcili tibbi yardıma zəng edərək hadisə barədə məlumat vermişdir. Bir qədər sonra oraya təcili tibbi yardım avtomobili və polis əməkdaşları gəlmişlər. Təqsirləndirilən şəxs da polis əməkdaşları ilə birlikdə oraya gəlmiş və hadisə yerini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları da hadisə yerini ölçmüşlər. Bundan sonra isə həkimlər Hörmət Nurullayevi təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 da Şahid1lə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Hadisə yerinə baxış keçirilməsi barədə 15 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes E200CDİ” markalı, ** MX *** dövlət nömrə nişanlı avtomobilin qabaq sağ qanadı ilə piyada X6 vurduğu və nəticədə sonuncunun aldığı xəsarətlərdən öldüyü yer Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ilə 4 saylı qəsəbənin arasında yerləşən “Şirvan post” adlanan dairəvi yol ayrıcından Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu istiqamətində hərəkət etmək üçün nəzərdə tutulan asfalt yolun sağ başlanğıcından sola doğru 0,6 metr dərinlikdə asfalt yolun üzərində yerləşir. Məhkəmə-tibb ekspertinin xx.xx.2025-ci il tarixli, 04 saylı rəyində göstərilmişdir ki, X4 meyitinin üzərində aşkar edilmiş xəsarətlər - ənsə sümüyünün təpə sümüyünə və kəllə əsası sümüyünə keçən yerini dəyişən sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beyinin sərt və yumşaq qişasında, qişaaltına və baş beyin toxumasına qansızma, kəllə əsası sümüyünün yerini dəyişməyən sınığı, sol gözün bayır bucaq nahiyəsində sıyrıq bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həyatidir, dərəcəsinə görə həyat üçün təhlükəli olan və ölümlə nəticələnən sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Xəsarətlərin xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Hörmət Nurullayevi minik avtomobili vurulması nəticəsində əmələ gələ bilərdi. Hörmət Nurullayevin meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqat nəticəsində etil spirti və güclü təsiredici maddələr aşkar edilmədi. Hörmət Nurullayevin ölümünün müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və ölümünə səbəb ənsə sümüyünün təpə sümüyünə və kəllə ənsə sümüyünə keçən yerini dəyişən sınığı nəticəsində baş beyin toxumasına qansızma olmuşdur. İş üzrə təyin edilərək keçirilmiş “məhkəmə yol-nəqliyyat hadisələri ekspretizası” nın 14 mart 2025-ci il tarixli, 8/434 №-li rəyində göstərilmişdir ki,hol-nəqliyyat hadisəsinin baş verməsi şəraitində “Mercedes Benz E200 CDİ» markalı, 90MX102 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirləndirilən şəxs avtoimobili sürücüklük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücüsü Təqsirləndirilən şəxs avtoimobili yaşayış məntəqəsindən kənarda maksimum icazə verilən 90 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə psixiatrik ekspretizasının 24 aprel 2025-ci il tarixli, 1268 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Üzvi şəxsiyyət pozuntusu formasında psixi pozuntu müəyyən edilir. Lakin ona ittiham olunan əməli barəsində anlaqlı hesab edilməlidir, əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. 15 aprel 2025-ci il tarixli, 20 saylı tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2025-ci il tarixdə saat 20:15-də müayinə olunan zaman “ayıq” olmuşdur. İşdə olan 18 fevral 2025-ci il tarixli, 3-13-12/2-79580/25 saylı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bundan əlavə, “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2025-cü il tarixli 18-1-46/2-303/2025 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs “MMS-nin üzvi xəstəliyi nəticəsində əmələ gələn kəskin şəxsiyyət dəyişikliyi, nəzərə çarpan davamlı psixopatabənzər nəzərə çarpan davamlı psixopatabənzər davranış, tez-tez baş verən qıcolma tutmaları” diqanozu ilə “İmişli MRX” PHŞ-nin ruhi-əsəb kabinetində qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 28 mart 2025-ci il tarixli 2-28-29/2-2972/2025 saylı məktubunda göstərilmişdir ki, xx.xx.1998-ci il təvəllüdlü, İmişli rayonu, Qızılkənd kəndi qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə dəfələrlə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə xəstəxanaya qəbul olunub. xx.xx.2019-cu il tarixdə xəstəxanadan evə yazılıb. Azərbaycan Respublikası Baş X19 İdarəsinin İmişli Regional Qİ və TB şöbəsindən daxil olmuş 05 fevral 2025-ci il tarixli 016-3-13-16-4/2-64/2025 nömrəli məktubundan görünür ki, İmişli rayonu Qızılkənd kənd sakini Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X8 xx.xx.2025-ci il tarixdə Cəbrayıl rayon polis şöbəsinə daxil olmuş müraciətində xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə onun qardaşı X6 vurması nəticəsində sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını göstərmiş və buna görə də sonuncunun cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi Fəxrət Nurullayev məhkəmə baxışı zamanı verdiyi ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, qardaşının yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi ilə əlaqədar onlara dəymiş ziyanın Elçin Nurullayev tərəfindən ödənilməsini, Elçin Nurullayevdən heç bir şikayət və tələbinin olmamasını göstərmiş və Elçin Nurullayevə həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir,himayəsində uşaq yoxdur. Təqsirləndirilən şəxs yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, onları biri-biri ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv təhlil edib hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüqüqu olmadan nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozması səbəbindən yol-nəqliyyat hadisəsinin baş verməsi, nəticədə ehtiyatsızlıqdan bir şəxsin ölümünə səbəb olması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58, 59, 61-ci maddələrinin tələblərini nəzərə alaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhəkmə Təqsirləndirilən şəxs cinayəti törətməsindən sonra könüllü olaraq polis şöbəsinə getməklə təqsirini boynuna almasını CM-nin 59.1.10-cu, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisləri ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın müddətini müəyyən edərkən CM-nin 60.1-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, şəxsin cəzasını CM-nin 59.1.10, 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş yüngülləşdirici hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CMnin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, Təqsirləndirilən şəxs ittiham oldunduğu CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cəzanın yuxarı həddi 8 il müəyyən edildiyindən, ona təyin olunan cəzanın cəzanın müddəti 6 ildən çox ola bilməz. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını, həmçinin şəxsiyyətini-yəni ilk məhkumluğunu, “Kəskin şəxsiyyət dəyişikliyi, nəzərə çarpan davamlı psixopatabənzər nəzərə çarpan davamlı psixopatabənzər davranış, tez-tez baş verən qıcolma tutmaları” diqanozu ilə xəstə olmasını və qeyd olunan digər halları nəzərə alaraq Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsinində nəzərdə tutulmuş aşağı həddə, yəni 5 il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs CM-nin 56.1.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes E200CDİ” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin 27 yanvar 2025-ci il tarixli qəbzlə sahibi, yəni X7 qaytarılması nəzərə alınmışdır. Ekspertiza xərci 85 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həmin müəssisədə qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes E200CDİ” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin 27 yanvar 2025-ci il tarixli qəbzlə sahibi, yəni X7 qaytarılması nəzərə alınsın. Ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar