Məhkəmə qərarları › İş №1(099)-360/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-360/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-360/2024 29.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 27 avqust 1994-cü ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, ev 85A-da qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda 10,662 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, ev 85A ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdə saat 12:10da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 14:30-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 10,662 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə marixuannada istifade etmişdir. 03 noyabr 2023-cü il tarixdə saat 12-13 radələrində yaşadığı evdə olarkən 4 nəfər polis əməkdaşı evinə gələrək onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona təziqlər edərək 10 qram psixotrop maddə üzərinə qoyaraq ona məxsus olmasını demişlər, o da məcbur qalaraq videoçəkiliş zamanı üzərindən aşkar olunmuş metamfetaminin ona məxsus olmasını etiraf etmişdir. Əslində onun üzərində heç bir nraotik vasitə və psixotrop maddə olmamış, heç vaxt narkotik vasitələrinin satışı ilə məşğul olmamışdır. Polis şöbəsində vəkilinin iştirakı və videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Günahı olmadığı üçün məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında Təqsirləndirilən şəxs verdiyi ifadələr arasında ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilmişdir. Həmin ifadədə o göstərmişdir ki, tutulmamışdan təxminən 2 gün əvvəl yaşadığı Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, ev 85A ünvanının yaxınlığında yerdən təsadüfən 01 ədəd şəffaf sellofan büküm tapmış, həmin büküm onun diqqətini cəlb etdiyi üçün götürüb açıb içinə baxmış və yerdən tapdığı sellofan bükümün içərisində “patı” adı ilə tanıdığı narkotik maddə olduğunu görmüşdür. O, həmin maddədən hazırda istifadə etməsə də onun “patı” adlı narkotik maddə olduğunu maddənin formasından və rəngindən tanımışdır. Sosial şəbəkədə həmin maddəni dəfələrlə görmüş, həmin maddədən neçə istifadə edilməsi qaydasını, həmin maddədən istifadə edildiyi təqdirdə adamın gümrah olmasını və bədənində olan ağrıları hiss etməməsini bilirmiş. Onun uzun müddətdir böyrəklərindən ağrılar olduğu üçün həmin maddəni götürüb əynində olan şalvarının cibinə qoyub özündə saxlamışdır ki, ağrıları olduğu zaman istifadə etsin. Hadisə ilə bağlı Təqsirləndirilən şəxs bildirmişdir ki, 03 noyabr 2023-cü il tarixdə saat 12:10 radələrində yaşadığı ünvan 2 ünvanın yaxınlığında olduğu zaman ona 2 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üstündə “patı” adı ilə tanıdığı narkotik maddə vardır. Bundan sonra polis əməkdaşları onu Sabirabad Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, üstündə “patı” adı ilə tanıdığı narkotik maddə olduğunu bildirib, əynində olan göy rəngli şalvarının sağ yan cibində olan 01 ədəd sellofan bükümü və 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. O, təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində “patı” adı ilə tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Onun təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisindən kristal formalı maddələr aşkar edilmiş və polis əməkdaşları həmin maddənin psixotrop maddə metamfetaminə oxşar maddə olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, o, əslində həmin maddənin adının metamfetamin olduğunu sosial şəbəkədən oxumuşdur, lakin istifadə edən şəxslər həmin maddəyə çox vaxt “patı” dedikəri üçün o, da şəxsi axtarış zamanı üzərində “patı” adı ilə tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Sorğu zamanı o, üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini 2 gün əvvəl yaşadığı ünvan 2 ünvanın yaxınlığında təsadüfən tapdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, qablaşmanın üzəri möhürlənmiş və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqdim etdiyi 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün onun özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrində əlavə olaraq göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən özünə qarşı heç bir fiziki və ya psixi təsir olmamışdır. Özü də polis əməkdaşlarının göstərişlərinə tabe olmuş, heç bir müqavimət göstərməmişdir. Özü narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur, hər hansı bir şəxsə narkotik vasitə və psixotrop maddə satmamışdır. Üzərindən aşkar edilmiş həmin psixotrop maddədən hər hansı bir şəxsə verməmiş, həmçinin özü də istifadə etməmişdir. Yaşadığı mənzildə, yaxud da başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə, eləcə də cinayət yolu ilə əldə olunmuş hər hansı bir əşya gizlədib saxlamamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini yerdən təsadüfən tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını qeyd etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “polis əməkdaşlarının üzərinə psixotrop maddə qoyması, ona təziq təsirlər etdikləri üçün məcbur qalıb psixotrop maddəni üzərinə götürməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Vüsal Hüseynovunun ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edir və sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 02 noyabr 2023-cü il tarixdə işlədiyi Baş İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, bu məqsədlə qeyd edilən maddələr əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdu. Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdə saat 12:10 radələrində ünvan 2 ünvanın yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilmiş və onunla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qəbul edilmiş qərar ona elan edilmişdir. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğu, əgər üzərində bu kimi qanunsuz maddə və ya predmet saxlayırsa məlumat verməsi bildirilmişdir. Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən səmimi şəkildə etiraf edib hazırda üzərində “patı” adı ilə tanıdığı narkotik maddə olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığından o, Sabirabad Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı və videoçəkilişlə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində “patı” adı ilə tanıdığı narkotik maddə olduğunu bildirib, əynində olan göy rəngli şalvarının sağ yan cibində olan 01 ədəd sellofan bükümü və 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. O, təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində “patı” adı ilə tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisindən kristal formalı psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni 2 gün əvvəl yaşadığı ünvan 2 ünvanın yaxınlığında təsadüfən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Polis Şöbəsinə dəvət edilib aparılarkən və yaxud orada olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, qanunsuz hərəkətlər edilməmişdir, belə hallar olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə fiziki-kimyəvi ekspertizasının 03 noyabr 2023-cü il tarixli 3-16-16/2-6/5897 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 7 nömrəli“ dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 10,622 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Qeyd: Metamfetaminin təmiz çəkisi – 10,622 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 10,522 qramdır.Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edır. İş materiallarında olan 04 noyabr 2023-cü il tarixli 7238 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehdiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 24 noyabr 2023-cü il tarixli 4081/K saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki,Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan Metamfetamin və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən Kannabinoid aşkar edilmişdir.Barbitur turşusu törəmələri, alkoloidlərin (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. İş materiallarında olan 04 dekabr 2023-cü il tarixli 456/MEŞ saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – sağ budun qançırı və sol saidin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, zərəkçəkmiş şəxsin göstərdiyi tarixdə və şəraitdə əmələ gələ bilərdilər. (Müayinə zamanı Təqsirləndirilən şəxs təxminən 2-3 gün əvvəl fəhlə kimi iş görərkən zədə aldığını bildirmişdir). Həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin axtarışın videogörüntülərindən görünür ki, şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 01 ədəd sellofan bükümü və 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 01 ədəd sellofan büküm və Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 04 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 03 noyabr 2023-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli «maddi sübut kimi tanınma haqqında» qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 10,522 qram narkotik psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış DİN-in BMCMİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla görünür ki, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin qərarla Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd «Samsung» markalı mobil telefonun yaxın qohumlarına qaytarılması qərara alınmışdır İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Ataşov X3 Rayon Məhkəməsinin 10 fevral 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 1 il islah işlərinin 10% cəzasına məhkum edilmiş, Milli məclisin 20 may 2016-cı il tarixli amnistiya haqqında qərarının 1.5-ci bəndinə əsasən 18 iyul 2016-cı il tarixdə azad edilmişdir. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan 25 noyabr 2023-cü il tarixli 02 nömrəli X1 məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə xəstəxanaya müraciət etməmişdir. İş materiallarında olan 05 dekabr 2023-cü il tarixli Respublika Psixatriya Xəstəxanası Publik Hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə xəstəxanaya müraciət etməmişdir. İş materiallarında olan Sabirabad şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Ataşov X3 şəhəri, İ.İsgəndərov küçəsi 85 A nömrəli ünvanda qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi anası və qardaşından ibarətdir yaşadığı müddətdə barəsində heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərarla Təqsirləndirilən şəxs aşkar olunmuş metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işinin materiallarından ayrıca cinayət işi ayrılmışdır. İş materiallarında olan 03 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verilmiş əməliyyat tapşırığına alınan cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilən psixotrop maddə metamfetaminin onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi aşkar edilmişdir. Bundan başqa onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə də əlavə əməliyyat məlumatı əldə edilmiş, lakin Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetamin aldığı şəxsin müəyyən edilməsi, həmçinin, digər cinayət əməllərinin törədilməsində iştirakının olubolmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi psixotrop maddənin nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin sözü gedən maddənin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, onu satmaq niyyətində olması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktı nə ibtidai araşdırma zamanı, nədə ki, məhkəmə baxışında toplanmış sübutlarda öz təsdiqini tapmamışdır. İstintaq orqanı ittihamda satış məqsədini yalnız ona görə göstərmişdir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddə metamfetaminin 2 qramdan artıq olmaqla külli miqdar təşkil edir, başqa digər hər hansı bir sübut isə olmamışdır. Əgər iş materiallarında belə sübutlar olsaydı, bundan sonra şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, həmçinin narkotik vasitəsinin miqdarı da nəzərə alınmalı idi. Sözü gedən maddənin külli miqdar təşkil etməsi məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, həmin maddənin miqdarının çox olması o halda sübut növü kimi qəbul edilə bilər ki, satış məqsədini təsdiq edən digər sübutlar da mövcud olsun. İbtidai araşdırma orqanı belə bir sübuta istinad etməmiş və iş materiallarında da belə bir sübut növü müəyyən olunmamışdır. Bununla da istintaq orqanı yalnız ehtimala əsaslanmaqla Təqsirləndirilən şəxs satış məqsədi barədə müvafiq ittiham vermişdir. Halbuki, qanunvericilik yalnız ehtimala əsaslanmaqla şəxsə hər hansı ittiham verilməsini qadağan edir. Belə bir halda psixotrop maddənin külli miqdar təşkil etməsi həmin maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən amil kimi qiymətləndirilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il, №15-li Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 37-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilir ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər satış məqsədi ilə törədilsin. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin deyil, həmin Məcəllənin 234.1-1-ci maddələsinin dispozisiya şərtlərinə uyğun gəlir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-in 28.1 və 28.4-cü maddələrində göstərilir ki, məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs psixotrop maddənin onun tərəfindən xırda bükümlərə (bağlamalara) bölünməməsi, onların hazırlanması üçün üzərində hər hansı bir avadanlığın olmaması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktının müəyyən edilməməsi nəzərə alınaraq sözü gedən maddələrin satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanunauyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə metamfetamin “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən, narkomaniyadan məcburi müalicəyə ehdiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 10,522 qram narkotik psixotrop maddə metamfetamin məhv edilməli, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 03 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 noyabr 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 10,522 qram narkotik vasitə heroin məhv edilsin. İş materiallarına əlavə olunmuş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanılması müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar