Məhkəmə qərarları › İş №1(099)-363/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-363/2022

28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-363/2022 28.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X4 oğlunun sədrliyi ilə, hakimlər – Cəlilov Oruc Yusif oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Elçin Sərhəng oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü ildə Naxçıvan MR, Şərur rayonu, Mahmudkənd kəndində anadan olmuş, orta təhsilli, subay,əvvəllər məhkum olunmamış, işsiz, Naxçıvan MR, Şərur rayonu, Mahmudkənd kəndində qeydıyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün şəxsiyyəti istintaqa Behruz adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qanunsuz olaraq satış məqsədilə İran İslam Respublikasında əldə edilib, saxlanılıb və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilmiş külli miqdarda narkotik vasitələr, külli miqdarda psixotrop maddə və külli miqdarda güclü təsir edən maddəni qanunsuz olaraq satış məqsədilə əldə edib, saxlayıb daşıması barədə razılıq əldə etmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti istintaqa məlum olmayan şəxslər tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə edilib saxlanılıb daşınmaqla istintaqa dəqiq məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş külli miqdarda narkotik vasitələr, ümumi təmiz çəkisi 890 qram heroinin, ümumi təmiz çəkisi 6840 qram qurudulmuş marixuananın, təsir maddəsinin ümumi miqdarı 891 qram olan 5940 həb şəklində külli miqdarda güclü təsir edən preqabalinin, külli miqdarda psixotrop maddə olan təmiz halda çəkisi 220 qram metamfetaminin Azərbaycan Respublikasına keçirilməsi və gizlədildiyi yer barədə 24 avqust 2021-ci il tarixdə Behruz adlı cinayətkar qrupun üzvü tərəfindən ona məlumat verildikdən sonra o, taksi ilə Sumqayıt şəhərindən Füzuli rayonu ərazisinə gedərək, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının 15-ci xidməti sahəsinin arxa hüdudunda gizlədildiyi yerdən 1 ədəd bağlamada qablaşdırılmış vəziyyətdə həmin külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddəni vəkülli miqdarda güclü təsir edən maddəni 25 avqust 2021-ci il tarixdə gecə saat 03:37-də götürməklə qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, ondan cinayətkar qrupa məxsus 1 ədəd bağlamadahəmin külli miqdarda narkotik vasitələr, külli miqdarda psixotrop maddə və külli miqdarda güclü təsir edən maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində yaşadığı evdə olarkən 24 avqust 2021-ci il tarixdə axşam İran vətəndaşı olan Behruz “Whatsap”-da onunla əlaqə yaradaraq Füzuli rayonu ərazisinə narkotik vasitə qoyulduğunu və onu bildirdiyi yerdən götürməyini demişdir. O da həmin gün İlahəyə zəng vuraraq Behruzun onunla əlaqə saxladığını və Füzuli rayonu, Horadiz ərazisində gizlədilmiş narkotik vasitəni götürməyini dediyini bildirmişdir. İlahə isə ona Sumqayıt şəhərinə, yəni onun yanına gəlməyini demişdir. O taksi ilə Sumqayıt şəhərinə getmiş və saat 19 radələrində Sumqayıt şəhərində İlahə ilə görüşmüşdür. İlahə ona hadisə barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat verdiyini bildirmiş və gələcək tanış taksi ilə yola çıxmağını, özlərinin də arxadan gələcəklərini demişdir. O İlahəni Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı kimi tanımış, sonuncu ona idarəyə məlumat verdiyini dediyindən narkotik vasitəni götürməyə getmişdir. Taksi ilə Behruzun narkotik vasitələrin gizlədildiyi ərazini nişan verdiyi istiqamətə hərəkət etmiş, yolda olduğu zaman İlahə onunla həm zəng etməklə, həm də“whatsapp”la əlaqə saxlayaraq işin gedişatını soruşmuşdur. O 25 avqust 2021-ci il tarixdə saat 03 radələrində Füzuli rayonunda nişan verilən yerə çatdıqdan sonra avtomaşından düşərək narkotik vasitənin gizlədildiyi yerə tərəf hərəkət edib işıq dirəyinin dibindən ağ kisədə Behruzun dediyi narkotik vasitəni götürüb uzaqlaşmaq istəyərkən sərhədçilər tərəfindən saxlanılmışdır. Behruzla İlahənin tanışlığı olmuş, İlahə onun telefon nömrəsini Behruza vermiş, ona da Behruzun nömrəsini İlahə vermişdir. İlahə onun qeyri rəsmi birgə yaşadığı Nuranə adlı qızın bacısı olmuşdur. Behruz onunla danışarkən İlahəyə zəng çatmadığını bildirmiş, o İlahənin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bilmiş, Behruz ona «mal»ın həmin yerə atıldığını demiş, İlahə həmçinin onun yanında baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşı ilə danışmış, o taksi ilə Biləsuvara getmiş, İlahə 100 manat verib onu yola salmış, Biləsuvarda başqa maşına minmiş, məqsədi narkotik vasitəni İlahəyə çatdırmaq olmuş, İlahə ilə Sumqayıtda 9-cu mikrorayonda görüşmüş, İlahə onun yanımda narkotiklərlə mübarizə idarəsinin əməkdaşı ilə görüntülü danışmış, İlahə ilə 2 kiloqram narkotik vasitənin ona çatacağı barədə söhbəti olmamış, İlahəyə inanıb axmaqlıq edərək narkotik vasitəni gətirmək üçün getdiyinə görə özünü qismən təqsirli bilir, əməlindən peşmandır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, onun törətmiş olduğu cinayət əməlləri özünün qismən etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş N saylı hərbi hissənin təminat bölüyü minik avtomobilləri tağımının qrup komandiri, gizir Şahid1 ifadəsində göstərmişdir ki, o xx.xx.2021-ci il tarixdə saat 23:00-dan xx.xx.2021-ci il tarixə saat 04:00-dək Şahid2 ilə birlikdə 16-cı sərhəd zastavasının 15-ci sahəsinin arxa istiqamətində «Pusqu» sərhəd naryadı xidmətinə təyin olunmuşdır. Orada sərhəd xidmətini apardıqları vaxt gecə yarısı kənd istiqamətindən əraziyə bir avtomobilin hərəkət etdiyini müşahidə etmişlər. Həmin avtomaşın yolun kənarında dayanmış və bir nəfər avtomaşından düşərək su kanalına tərəf getmişdir. Həmin şəxşin qamışlıq ərazidən bir ədəd kisəni götürüb avtomaşına doğru hərəkət etdiyini gördükdə ona «Dayan» çağırışı vermişlər. O, çağırış komandasına məhəl qoymayaraq avtomobilə tərəf qaçmaq istədiyi vaxt onlar tərəfindən saxlanılmışdır. Saxlanılan Təqsirləndirilən şəxs maşına tərəf qaçarkən onu Fərid yaxalamış, maşın isə həmin vaxt işlək vəziyytdə yolda dayanmış və yüksək surətlə ərazidən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs tutulan vaxt onu İlahənin göndərdiyini demiş, o, kisəni götürüb qaçan zaman saxlanılmış, saxlanılarkən döyülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş N saylı hərbi hissənin ÇHT-nun 2-ci bölüyünün baş texniki, gizir Şahid2 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2021-ci il tarixdə saat 23:00-dan xx.xx.2021-ci il tarixə saat 04:00-dək gizir Şahid1lə birlikdə 16-cı sərhəd zastavasının 15-ci sahəsinin arxa istiqamətində «Pusqu» sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Orada əlverişli mövqe seçib maskalanmaqla sərhəd xidmətini təşkil etmişlər. Xidmət zamanı gecənin 2-ci yarısında Füzuli rayonu, Arayatlı kəndi istiqamətindən bir avtomobilin hərəkət etdiyini müşahidə etmişlər. Həmin avtomaşın xidmət apardıqları ərazidə yolun kənarında dayanmış və bir nəfər avtomaşından düşərək su kanalını keçərək əkin sahələrinə doğru hərəkət etmişdir. O bu barədə aidiyyəti üzrə məlumat vermiş və həmin şəxsi fasiləsiz müşahidə altında saxlamışlar. Həmin şəxşin əkin sahəsində olan qamışlıq ərazidən bir ədəd kisəni götürüb avtomaşına doğru hərəkət etdiyini gördükdə ona «Dayan» çağırışı vermişdir. Lakin həmin şəxs çağırış komandasına məhəl qoymayaraq avtomobilə tərəf qaçaraq uzaqlaşmaq istədiyi vaxt onlar tərəfindən saxlanılmışdır. Həmin vaxt gizir Şahid1 qaçaraq avtomaşına doğru hərəkət etmiş, lakin avtomaşın yüksək surətlə ərazidən uzaqlaşmışdır. Daha sonra, həmin əraziyə hərbi qulluqçular gəlmiş və saxlanılan şəxsi təhvil verib xidməti davam etdirmişlər. Saxlanılarkən Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamış, lakin qaçmağa cəhd etdiyinə görə qarşısı alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 25 avqust 2021-ci il tarixdə onu 16-cı sərhəd zastavasının inzibati binasına hal şahidi kimi dəvət etmişlər. Şahid4 da həmin vaxt ora gəlmiş və onlara Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilən bağlamanı götürdüyü hadisə yerinə, həmin bağlamaya, həmin şəxsin üzərinə və hadisə yerinə baxış keçiriləcəyi bildirilmişdir. Sonra hadisə yerinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Həmin yer sərhədin yaxınlığında olan əkin və otlaq sahəsi olmuş, oraya baxış zamanı əkin sahələrinin kənarında olan qamışlıq ərazidən bir ədəd politilen bağlama aşkar edilərək götürülmüşdür. Sonra zastavanın inzibati binasına gəlmişlər. Orada da videoçəkiliş aparılmaqla həmin bağlamaya baxış keçirilmişdir. Bağlamadan üzərində “Preqobalin 150” sözləri yazılmış dərman preparatları, narkotik vasitə olan qurudulmuş marexuanaya, heroinə və psixotrop vasitə olan metanfitaminə oxşar maddələr aşkar olunmuşdur. Aşkar olunmuş narkotik, psixotrop vasitələrə oxşar maddələr və dərman preparatları çəkilərək qablaşdırılmışdır. Hadisə yeinə və bağlamaya Təqsirləndirilən şəxs özünün iştirakı ilə baxış keçirilmiş, o, bağlamada narkotik və psixotrop maddələr olduğunu demişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində zor tətbiq olunma əlamətləri olduğunu görməmiş, həmin vaxt o, döyülməsi barədə şikayət etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş bağlamanın onun olmadığını, bir qadının adını çəkərək onun olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 25 avqust 2021-ci il tarixdə onu və Elvin Xəsəmmədovu 16-cı sərhəd zastavasının inzibati binasına hal şahidi kimi dəvət etmişlər. Orada onlara Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirdiyi bağlamanı götürdüyü hadisə yerinə, həmin bağlamaya, həmin şəxsin üzərinə və hadisə yerinə baxış keçiriləcəyi bildirilmişdir. Sonra hadisə yerinə baxış keçirilərkən Təqsirləndirilən şəxs saxlanıldığı yeri göstərmişdir. Həmin yer Füzuli rayonu, Arayatlı kəndi yaxınlığında olan əkin və otlaq sahəsi olmuşdur. Oraya baxış zamanı Təqsirləndirilən şəxs saxlanıldığı maneə çəpərindən 500 metr aralı yerdən, əkin sahələrinin kənarında olan qamışlıq ərazidən bir ədəd politilen bağlama aşkar edilərək götürülmüş və həmin bağlamaya baxış keçirilmişdir. Bağlamadan üzərində “Preqobalin 150” sözləri yazılmış dərman preparatları, narkotik vasitə olan qurudulmuş marexuanaya, heroinə və psixotrop vasitə olan metanfitaminə oxşar maddələr aşkar olunmuşdur. Aşkar olunmuş narkotik, psixotrop vasitələrə oxşar maddələr və dərman preparatları çəkilərək qablaşdırılmışdır. Baxış keçirilərkən Təqsirləndirilən şəxs döyülüb, incidildiyini deməmiş, aşkar edilmiş bağlamanı götürmək üçün əraziyə gəldiyini, onu İlahə adlı şəxsin göndərdiyini demişdir. Cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin komandiri polkovnik Zəfər Bayramovun xx.xx.2021-ci il tarixli 16/2337 nömrəli məktubundan görünür ki, 25 avqust 2021-ci il tarixdə saat 03:37-də 16-cı sərhəd zastavasının 15-ci sahəsinin arxa istiqamətində “Pusqu” xidmətinə təyin edilmiş sərhəd naryadları, Füzuli rayonu, Arayatlı kəndi istiqamətində bir avtomaşının hərəkət etdiyini, həmin avtomobildən bir nəfər şəxsin düşdüyünü, qeyd olunan kənddə olan əkin sahələrinin kənarından qamışlıq ərazidən bir ədəd torbanı götürüb ərazidən uzaqlaşdığını görmüş, bundan sonra həmin şəxs saxlanılmış, bu şəxsi Füzuli rayonu, Arayatlı kəndi ərazisinə gətirən avtomaşın ərazidən uzaqlaşmış, saxlanıldığı ərazidən bir ədəd torba aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının 15-ci sahəsidir. Həmin istiqamətdə Füzuli rayonu, Arayatlı kəndi yaxınlığında əkin sahəsində saxlanılmış Təqsirləndirilən şəxs saxlanıldığı yerdən 01 ədəd bağlama aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs həmin bağlamanı götürmək üçün əraziyə gəldiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş aşkar edilmiş predmetlərə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş olan bağlamaya baxış keçirilən zaman içərisindən bükümlərlə birlikdə üzərində “Preqobalin 150” yazıları yazılmış 396 konvolyut və hər konvolyutda 15 ədəd olmaqla ümumilikdə 5940 ədəd dərman preparatı, narkotik vasitə olan qurudulmuş marixuanaya, heroinə və psixotrop vasitə olan metamfetaminə oxşar maddələr aşkar olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının 26 avqust 2021-ci il tarixli 7/832-6/3690 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bağlamada olan 1 ədəd bağlamada təmiz çəkisi 220 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 1 ədəd bağlamada ümumi təmiz çəkisi 890 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 1 ədəd bağlamada təmiz çəkisi 6840 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marexuanadır, 396 ədəd üzərində “Pregabaline 150” yazılan konvalyutda, hər konvalyutda 15 kapsul olmaqla, cəmi 5940 ədəd kapsul güclü təsir edən maddə olan preqabalin dərman preparatlarıdır. Ümumi sayı 5940 ədəd olan preqabalin kapsulunun tərkibində preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 891 qram təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş mobil telefona baxış keçiriməsi haqqında 27 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman onun üzərindən aşkar edilərək götürülmüş «Redmi» markalı mobil telefonda olan “WhatsApp” tətbiqinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, qeyd olunan mobil telefonda “WhatsApp” proqramı mövcuddur və həmin proqram üçün istifadə olunan mobil nömrə “070 919-00-85”-dür. Qeyd olunan “WhatsApp” proqramında olan mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə mobil telefonun yaddaşında adı “Behruz qardas” kimi qeyd edilmiş şəxsin “+98-***-***-**-**” saylı nömrəsi arasında “Ay qardaş Horadizə getmiyəcəydin ki, sən. Bə mən sənə dedim qayıt dala, qayıt dala”sənə dedim bu plakatı görəndə, dönəcəksən sağa, 1-ci stolba yox, 2-ci stolbanın dibində Horadizə niyə gedirdin sən, qayıt dala, ay daa, bə sən niyə belə eliyisən, o, uşağın orda əsiri çıxdı, mən burda öldüm. “Qardaşım sənin başa dönərəm, bunu nəyin dibinə qoyubdur, hansı stolbanın”. Ay qadan alım 1-ci yox 2-ci stolba baa plakatdan kı, gedirdin içəri, birinci yox, ikinci stolbanın.” İçərisində narkotik vasitələr olan bağlamanın gizlədildiyi yerin fotoşəkili”. ”Üzərində tam aydın görünməyən, Füzuli rayonu yazılmış plakat fotoşəkili”. “Qardaşım düz plakatın yanındayam o, gig.....ğa denən ki, çıxart at yolun qırağına çıxaq gedək burda s.....ə dolamasın məni burda, burda eee”. “Tam aydın görsənməyən üzərində yazı olan plakat fotoşəkili”. ”Ziyad, ikinci beton stolbanın dibində qamışlığın içində ürəyim sənə qurban, başa dönüm sənin”. “İçərisində narkotik vasitələr olan bağlamanın gizlədildiyi yerin foto şəkili”. “Bunu neue X5” “Ay qardaşım bir balaca şey deyil e, yekə meşokdur, mən koram, nəyəm, onu görmürəm ay Bəhruz, denən çıxard at asfaltın qırağına, znakın dibinə ee.” “Qardaşım atmırsa, sənin qadan alaram, mən çıxıram gedəm Bakıya, mən sənə açığını deyirəm, mən beş saatdı burda kəndin içindəyəm, elə kartoşka gəlib götürmürəm burdan”. “Balamın canı, balamın canı, bütün dirəklərin dibinə, hamısına baxmışam, qəriş-qəriş, düşmüşəm qamışlığa, bütün dirəklərə baxmışam, mənnən oyun oynamasın ki, Bəhruz. “Ziyad ürəyim sənə qurban, bax, elə bil ki, bu uşaq İrandan aparıb bunu ayrı ölkəyə qoyub, 2 dənə də balaca uşaqdı, 16 yaşında uşaqdı, birinin 16 yaşı var, birinin 14. Bu uşaq qorxur, indi gələ onun deyişə yerin. O, haçıya sarı niyə gedirsən, sən bax, yolun qırağınnan, yavaş-yavaş ged, birincini redd elə, ikincini dön dalınnan götür. Birinci yox, ikinci işıq stolbası var, beton stolba, ürəyim sənə qurban ta mənə qardaşlıq eliyisən, fərri başlı qardaşlıq elə də.” Qardaş hey, o, tir var ha, o tir, 15 metr, yoldan fasiləlidir. Sən yolun qırağın kəsirsən, 15 metr yoldan qıraqdadır, ikinci tirin dibindədir də, uşaq elə bil İrandan gəlib ora, sən indi, sən özün, hələ sən özün Azərbaycanlısan, orda qorxusan gəzməyə, bu uşaq atır ora, gəlir uzaqdan durur baxır, ələm ordan qorxubdur, deyir, uzaqdan-uzaqdan, deyir düzdü, mən bidənə işıq gördüm vəl bilmirəm nə maşınıdır, deyir, uzaqdan baxıram, qaranlıqda. Başa dönüm sənin onu, qardaşa bir qardaşlıq elə da, mən sənə güvəndim səni yolladım Ziyad. Neçə aydır mənə deyirsən qardaşa iş vermirsən, iş vermirsən, bu da sənin işin. İşi də verirəm, belənçi eliyisən, esəbləşisən.” “İçərilik getdin qamışlığa, 15 metr yoldan kənarda da o, beton tinin dibində, asfaltdan kənardadır ba, beton görsənir, sən yolun qırağında, iznaklara baxarsan ha, iznak tirinə baxarsan, işıq stolbasıdır, ba yolun qırağında beton tirdir.” Qardaşım, ikinci yox e, beşincinə qədər hamısına bir-bir baxmışam, yoxdur mənim əzizim, yoxdur mənim gözəl qardaşım. Neçə dəfə mən sənə deyim Bəhruz, burda kəndin içindəyəm e mən.” “Ziyad hey, uşaq ora qoyub, çəkilib durub kənarda, ora gedən də, olmuyub ku, ora gedən olmuyub da, biri də götürə, onu götürsün. Bə sənnən yarımsaat qabaq onu qoyublar ora çəkilib durublar kənərda, ora heç getmiyib ki, sənnən başqa. Ordadır, sən səhv baxıbsan, başa dönərəm sənin o, zınakdan gedirsən qabaqlıq, birinci tir yox, ikinci tirin dibində.” “Zınaq yox e, mənim əziz, gözəl qardaşım, stolbaların dibinin hamısına baxmışam, yoldan qıraqda 15 metr. Qamışdıq, düşdüm, getdim ayaqnan, dərədir, dərədən düşdüm düz qamışlığa. Uşaq deyiləm ki, ay qardaşım mənim, belə onlar uşaq, muşaqdılar, sən məə bilirsən də, xasiyyətimi. Allaha and olsun, əsəbi olmuşam. Ə, denən çıxart, götür, tulla asfaltın üstünə. Mən gedim götürüm, onsuz da burda heç kim yoxdur.” “Qardaş hey, zınaqdan kəndə sarı gedəndə, ikinci beton stolba, ürəyim sənə qurban, ta mənə qardaşlıq eliyibsənsə, axıra kimi yaxçı qardaşlıq elə, mənim veşim orda qalmalıdı ha Ziyad, o, uşaq qayıdıb onu götürəsi dəyil. Çün sən hələ Azərbaydandasan belə qorxursan, olar İrandan gəlib Azərbaycana, özünün də 16 yaşı var, başa dönüərəm sənin qardaş.” “Qardaş sənin ordan nə qədər məsafən var, ürəyim sənə qurban.” “Ay mənim gözəl qardaşım, sənin qadan alaram, mən neynim ba Bəhruz , bir 50 dəfə düşmüşəm, bir dəfə də, düşərəm. Sür dayı, sür ora, sür bir dəfə də sənin xətrinə düşüm ora, mən nə qədər düşüm ora. Mən girmişəm bax qardaşım bu kəndin içinə, hardasa təsəvvür elə ora 500 metr, 1000 metr girmişəm kəndin içinə düz. Qardaşım sənə qurban olaram, ona denən çıxart at yolun qırağına ay uşaq, denən səni heş kim burda yemiyəcək, eləməyəcək, denən at yolun qırağına, camaat 500 kilometr gəlib e ordan bura, atmırsa qardaşım, mən düşüb deyir e, ancaq səhərdən direk dibi fırlanıram e, belə şey olar.” “Ürəyim sənə qurban ə, gir o, ikinci tirin dibinə, qardaşın sənə yaxşı yetişikəcək ay Ziyad, ə, Allahın oğlu, görə bilsəydin gəl səfər 40 kilo 50 kilo veş olacaqdı, özü də ora yaxşıdır, bizə də ora yaxındır, ancaq bir yerə qoyardıq, ürəyim sənə qurban.” Yarıya qədər düşmüşəm qamışlığın, palçığın içinə, qardaşın sənə deyir boş söhbətdir, orda heş zad yoxdur, kim sənə nə deyir hamsı yalan deyir, qardaşın sənə deyir ki, stolbaların dibini qəriş-qəriş gəzmişəm, heçnə yoxdur, bax elə səmi də belə at o, uşağa. Denən, çıxardıb atsan, at orda zınak var onun dibinə. Orda oyun oynamasın.” Ay qağa, bu mənim həmişə iş görən uşağımdır, hər həftə veş gətirən uşağımdır. Mənim keçən həftə uşaq maşınnan gedəndə maşını aşırdıb, maşını əzdi, özü də yaralanıb, xəstəxanadadır, ona görə işi sənə tapşırdım. Ürəyim sənə qurban, ikinci beton stolbanın dibindədir ba. Elə yolun qırağından kəndə sarı gedəndə say bir, iki, 15 metr yolun qırağında, düş onu götür başına dönüm sənin.” “Qardaş hey, ikinci stolbanın dibindən şəkil at, başına dönüm sənin.” Ziyad bə bu telfonu aç görək qardaş, ə qardaş götür də bu telefonu nə oldu, bə mənim evimi niyə yıxırsan ay qardaş. Bə telefonu götür dana, ay qardaş adboy eləmə, yaxçı iş görmürsən, o. Malı yeyə bilmərsən, götürürsən deyirsən, indi adboy elisən, burda bir şey yoxdur. Ay qardaş nə oldu.” Qardaş telefonumun zaryatqası ölmüşdü, indi narahat olma götürmüşəm gedirəm yolda. Qardaşım Bakıya çatım, sənə xəbər edirəm, narahat olma, yoldayam.” Salam qardaş kefin necədir, qardaş hardasan qadan alım ,” məzmununda audio və SMS yazışmalar, xx.xx.2021-ci il tarixdə qeyd olunan İran operatoruna məxsus mobil nömrədən yığılmış, lakin cavablandırılmamış bir neçə audio və video zənglərin olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakcell MMC-dən daxil olmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs məxsus “070 919-00-85” saylı nömrənin xx.xx.2021 ci tarixdə saat 20:28-də Dörd-Qardaş, Sumqayıt şəhəri, 6-cı mikrorayon, C.Məmmədquluzadə küçəsi 24, 23:29 Sabirabad rayonu, Zalqarağac kəndi, xx.xx.2021 ci il tarixdə saat 00:23-də Saatlı şəhəri,Heydər Əliyev prospekti 56, 01:29 İmişli rayonu, Sarxanlı kəndi, 01:30 Beyləqan rayonu, Bünyadlı kəndi, 01:30 İmişli rayonu, Cəfərli kəndi, 01:38 Beyləqan rayonu, Əhmədli kəndi, 01:42 Beyləqan rayonu, Eyvazlı kəndi, 01:42 Beyləqan rayonu, 1-ci Şahsevənkəndi, 01:42 İmişli rayonu, Bəhramtəpə qəsəbəsi, 01:46 Beyləqan rayonu, 1-ci Şahsevənkəndi, 01:47 Biləsuvar rayonu, 1 saylı qəsəbə, 01:59 Füzuli rayonu, Bala Bəhmənli kəndi, 02:16 Fizuli rayon, Horadiz qəsəbəsi, 02:41-dən 11:33 –dək Fizuli rayon, Horadiz qəsəbəsi, Gənclər prospekti 11, 11:33:29-da Fizuli rayonu Böyük Bəhmənli kəndi,11:46 Fizuli rayon, Horadiz qəsəbəsi, Gənclər prospekti 11, 11:47 Fizuli rayon, Bala Bəhmənli kəndi, 11:51 Beyləqan rayonu, 1-ci Şahseven, 11:56 İmişli rayonu, Cəfərli kəndi, 12:04 İmişli rayonu, Şahverdili kəndi, 12:55 saatlı rayonu Mustafabəyli kəndi, 13:12 Sabirabad rayonu, Qaratəpə kəndi, 14:01 Qaradağ rayonu Ələt qəsəbəsi, 14:59 Bakı şəhəri, Səbail rayonu, 15:27 Dənizkənarı Milli park, Bakı şəhəri, Səbayil rayonunda anten məlumatları qeyd olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Respublika Narkoloji Mərkəzinin xx.xx.2021-ci il tarixli 5104 nömrəli rəyindən görünür ki, müayinə zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 2389 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubunda Təqsirləndirilən şəxs DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi ilə hər hansı bir əməkdaşlığının olmadığı və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məlumatlar vermədiyi göstərilmişdir. Cinayət işinin materillarında olan tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını ağırlaşdıran və yüngülləşdirən halların olmadığını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 889,95 qram narkotik vasitə olan heroin qalığının, 219,95 qram psixotrop maddə olan metamfetamin qalığının, 5930 kapsul Preqabalin qalığının və 6839, 50 qram narkotik vasitə olan marixuananın qalığınınhökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 25 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 889,95 qram narkotik vasitə olan heroin qalığı, 219,95 qram psixotrop maddə olan metamfetamin qalığı, 5930 kapsul Preqabalin qalığı və 6839, 50 qram narkotik vasitə olan marixuananın qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhvedilsin. İş üzrə keçirilmiş ekspertiza xərci olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar