Məhkəmə qərarları › İş №1(099)-363/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-363/2025

12.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-363/2025 12.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədli Ənnağı Əbdül oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, Katib katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxxx 2001-ci ildə ünvan1 doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla üzərində 2 (iki) il 5 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş müddəti 1 (bir) il 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 5 (beş) ay 20 (iyirmi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu olan, ünvan1 qeydiyyatda olmaqla, orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti, yəni qazanc əldə etməsi üçün satış məqsədilə şəxsiyyəti “Araz” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı ilə “WhatsApp” ani mesajlaşma mübadiləsi sistemi vasitəsilə danışıb, istintaqa və məhkəməyə məlum olmayan şəraitdə və vaxtda Bakı-Ələt- Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən “Stansiya” adlanan ərazidəki dəmir lövhənin arxasına qoyulmuş bir ədəd qara rəngli kisədə olan külli miqdarda 58,483 qram psixotrop maddə metamfetamini, külli miqdarda 2040,0 qram narkotik vasitə həşiş qatranını, külli miqdarda 6990,0 qram narkotik vasitə qurudulmuş marixuananı və on ədəd konvalyutda ümumi sayı 100 (bir yüz) ədəd olan qəhvəyi rəngli, dairəvi formalı, təsiredici maddəsinin ümumi miqdarı 4,0 qram olan külli miqdarda narkotik vasitə metadon həblərini əldə edib daşımaqla üzərində saxlamış, 17 mart 2025-ci il tarixdə, saat 21 radələrində Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, həmin ünvanda üzərində yoxlama və götürmə aparılarkən əlində saxladığı qara rəngli kisənin içərisindən bir ədəd bükülüdə ümumi təmiz çəkisi 58,483 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin, bir ədəd bükülüdə ümumi təmiz çəkisi 2040,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qatranı, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2150,0 qram, 1960,0 qram, 2025,0 qram, 855,0 qram olmaqla, ümumi təmiz çəkisi 6990,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və on ədəd konvalyutda ümumi sayı 100 (bir yüz) ədəd olan qəhvəyi rəngli, dairəvi formalı, təsiredici maddəsinin ümumi miqdarı 4,0 qram olan narkotik vasitə metadon həbləri, həmçinin əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan “Sobranie” markalı siqaret qutusunun içərisindən üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd kağız borucuq aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir. Tutulmamışdan təqribən bir ay əvvəl özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Araz” adlı şəxs “İnstagram” sosial şəbəkəsində ona yazmış, danışıq zamanı ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşmuş, cavabında narkotik vasitə istifadə etdiyini bildirmişdir. Həmin şəxslə bir neçə gün danışdıqdan sonra “WhatsApp” tətbiqi vasitəsi ilə danışmağa başlamışlar. “Araz” adlı şəxs ona narkotik verə biləcəyini bildirmiş, bunun üçün iranlıya 40 (qırx) manat yol pulu göndərmişdir. Bundan sonra iranlı ona Lənkərana narkotik göndərməsinin alınmadığını, təqribən on gün sonra isə Cəlilabad rayonunda “mal” olduğunu bildirərək, götürüb Lənkərana çatdırmasını istəmiş, o da razılaşmışdır. Belə ki, ilk dəfə idi ki, “Araz” adlı şəxsdən narkotik vasitə alacaqdır. 17 mart 2025-ci il tarixdə iranlı ona axşam saatlarında Cəlilabad şəhərinə getməyi, Cəlilabadda olan zaman ona ünvan atacağını və həmin yerdən narkotik vasitəni götürməyi xahiş etmiş, Lənkəran şəhərində yerləşən avtovağzala yaxınlaşıb tanımadığı taksiyə əyləşib Cəlilabad şəhərinə getmiş, Cəlilabadda taksidən düşmüş, “Araz” adlı şəxs “WhatsApp” tətbiqi vasitəsi ilə ona ünvan və şəkil atmış, o da Cəlilabad rayonunun Uzuntəpə kəndinə getmişdir. Orada narkotik vasitənin qoyulduğu ünvana baxmış, lakin narkotik olmadığını görüb geri qayıtmışdır. Bu vaxt iranlı ona zəng edərək hasar boyunca 200-300 metr irəli getməli olduğunu, “malın” orada, aliminium hasarın dibində olduğunu bildirmiş, irəli gedərək deyilən yerə çatmışdır. Bu vaxt onu orada gözləyən polis əməkdaşları çatan kimi üzərinə gəlmiş və tutub sürüyə-sürüyə aparmışlar. Polis əməkdaşları hasarın dibindən “malı” çıxardıb ona məxsus olduğunu bildirərək, götürməsini istəmişlər. Məcbur qalıb həmin predmeti götürmüş, buna səbəb döyülməyi və təzyiq altında qalması olmuşdur. Hadisə yerindəki videoçəkiliş saxlanıldıqdan bir-iki saat sonra aparılmışdır. Müstəntiqə təzyiq altında olduğunu, heç nəyə toxunmadığını, heç nə götürmədiyini bildirmiş, müstəntiq də ona İran vətəndaşlarının polislə əməkdaşlıq etdiklərini bildirmişdir. Məqsədi iranlı üçün Lənkərana “mal” aparıb qoymaq deyil, öz istifadəsi üçün narkotik vasitə əldə etmək olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, “kakos”, “şüşə”, “ot” kimi müxtəlif növ narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Əsasən, narkotik vasitələri Astarada adını xatırlamadığı tanışlarından əldə etmişdir. Əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. İranlıdan narkotik almaq ona sərf etdiyi üçün ondan almaq qərarına gəlmişdir. Çünki, Lənkəranda narkotik tapmaqda çətinlik çəkmiş, qiymətlər baha olmuşdur. “Araz” ona “kakos”, “patı” və “ot” göndərəcəkmiş, polislər isə ona başqa narkotikləri də “yükləmişlər”. İranlının ona dəqiq hansı miqdarda “mal” göndərəcəyini bilməsə də, ittiham olunduğu miqdarda narkotik arxasınca getməmişdir. Hər birindən nə qədər olacağını bilməsə də, iranlı ona təqribən 500 qrama yaxın “mal” göndərəcəkmiş. İranlı ona fotoşəkil göndərərək narkotik vasitələrin bir bağlamada olduğunu bildirmişdir. Bağlamada ən çox marixuana olacaqmış. Düşündüyü qədər bağlamada, təqribən, 300 qram marixuana, 100 qram metamfetamin, qalanı da heroin olmalı imiş. Həmin bağlamanı Lənkərana aparıb deyilən ünvana qoymalı imiş və bunun qarşılığında həmin bağlamadakı narkotikdən götürəcəkmiş. Lakin, iranlı ona nə qədər narkotik götürə biləcəyini deməmişdir. 17 mart 2025-ci il tarixdə, axşam saat 16-17 radələrində yola çıxmış, narkotikin olduğu yerə çatanda hava yenicə qaralmışdır. Taksidən Cəlilabad şəhərinin girəcəyində düşmüşdür. Polis əməkdaşları tərəfindən saat 19-20 radələrində saxlanılmış, şöbəyə aparılıb hadisə yerinə geri qaytarılmamışdır. Tutulduğu vaxt videoçəkiliş aparılmamışdır. Onu tutan şəxslər başqaları olmuş, videoçəkilişdə iştirak edən şəxslər olmamış, sonuncular sonradan gəlmişlər. Tutulduğu günün səhərisi vəkili müvəqqəti saxlama yerinə gəlib onunla görüşmüşdür. Vəkilinə on kiloqram narkotik üçün gəlmədiyini demiş, vəkili ondan soruşduqda əlaqə saxlaması üçün ailə üzvlərinin nömrəsini vermiş və valideynləri bundan sonra onun tutulduğunu bilmişlər. Cəlilabad Rayon Məhkəməsində hazırkı məhkəmədə dediklərini deməmişdir, çünki, dərman verildiyi üçün özündə olmamışdır. Xatırladığına görə məhkəməyə on kiloqram “mal” üçün gəlmədiyini demiş, lakin ona dərman verildiyini bildirməmişdir. Təzyiq altında olmuşdur və hesab etmişdir ki, məhkəmədə nəsə desə, müvəqqəti saxlama yerində onu öldürə bilərlər. Polislər onun başına vurmuşlar, üzərində xəsarətləri olmuş, ekspert tələb etmiş, lakin müstəntiq dəvət etməmişdir. Təcridxanaya daxil olarkən başında şiş olmuş, lakin bu barədə kiməsə bildirməmişdir. Polislər onu bağlamanı boynuna götürmədiyi üçün döymüşlər. Onu döyənlərin adını bilmir, görəcəyi halda bir-ikisini tanıya bilər. Şəxsi axtarış zamanı müdafiəçisi iştirak etməmiş, müdafiəçisini yalnız bir dəfə görmüş, müdafiəçinin iştirakı ilə ifadəsi alınmamışdır. Sanksiya məhkəməsində müdafiəçi görməmiş, məhkəmə prosesi iclas zalında deyil, “kabinetdə” keçirilmişdir. Əvvəl iclas zalında gözləmiş, sonra “kabinetə” aparılmışdır. İş materialları ilə tanışlıq zamanı müdafiəçisi yanında olmamışdır. 40 (qırx) manat pulu “M10” elektron pulqabı xidmətində “Nar” mobil operatoruna məxsus nömrə ilə açılmış hesaba köçürmüş və qəbzi iranlıya göndərmişdir. Pulu Cəlilabada getməmişdən on gün əvvəl göndərmişdir. Ödəmə terminalı vasitəsilə “Birbank” kartına pul yükləmiş, oradan da iranlının verdiyi “M10” hesabına göndərmişdir. Kart hesabına pulu Siyavar kəndində yerləşən “Favorit” marketdə yükləmişdir. İranlı həmin pulun qarşılığında Lənkərana “kakos”, “patı” və “ot”dan ibarət ümumilikdə 50 qram narkotik göndərəcəkmiş. Pulu göndərdiyi günün axşamı iranlı onun üçün Lənkərana narkotik göndərəcəyini demiş, sonradan isə adamının narkotiki gətirə bilmədiyini, Lənkərana narkotik çatdırmağın alınmadığını bildirmişdir. Şərti olaraq azadlığa buraxıldıqdan sonra tutulana qədər işləməmiş, evdə olmuşdur. Tutulana qədər narkotik vasitələr alıb istifadə etmişdir. Narkotik almaq üçün pulu valideynlərindən almışdır. Doqquz ildir ki, narkotik istifadəçisidir. Valideynləri ona pul verəndə həmin pulu nəyə istifadə edəcəyini bilirmişlər. Narkotik əldə etmək üçün valideynlərindən xəbərsiz evdən əşyaları götürməsi kimi hallar da olmuşdur. Mütəmadi olaraq narkotik vasitələrdən istifadə etdiyinə görə valideynləri ondan polisə şikayət etmişlər. Dörd dəfə narkomaniyadan müalicə almış, “Maştağa xəstəxanası”nda yatmış, lakin müalicədən çıxdıqdan bir müddət sonra yenə narkotik istifadəsinə başlamışdır. Polislər onu tutub 40-50 metr sürüyə-sürüyə aparmış, özləri hasarın dibindən bağlamanı çıxarıb ona vermiş, aşkar olunan miqdarda narkotik üçün gəlmədiyini deyəndə onu döyməyə başlamış, əlləri ilə başına, bədəninə vurmuşlar. Döyülərkən sifətinə vurulmadığı üçün videoçəkilişdə döyülmüş olması hiss olunmamışdır. Valideynləri döyülməsi ilə bağlı şikayət etmişlər. “Araz” adlı şəxs onunla Cəlilabad ləhcəsi ilə danışmışdır. Ona verilmiş ittihamda qeyd olunan psixotrop maddə və narkotik vasitələrin bazar dəyərini bilmir, 100.000-150.000 manat civarında ola bilər. Saxlanılarkən üzərində bir ədəd kağız borucuq olmuş, narkotik olmamışdır. Mobil telefonları qaytarılmamışdır. İranlı ilə bağlamanı Lənkəranda deyilən ünvana qoyacağı barədə razılığa gəlsə də, əslində bağlamanı ünvana qoymayacaqmış. Valideynləri ondan əvvəllər də polisə şikayət etmişlər. Sonuncu dəfə valideynləri məcburi müalicəyə göndərilməsi üçün polisə müraciət etmişlər. Yalnız öz istifadəsi üçün narkotik götürməyə getmiş, lakin narkotiki götürməmişdir. Ona görə özünü təqsirli bilmir. Videoçəkilişdə boynundan asdığı görünən çantanı iranlının göndərdiyi 500 qram “malı” içinə qoymaq üçün götürmüşdür. İranlı bağlamanın olduğu yerin şəklini tutulmamışdan on-on beş dəqiqə əvvəl ona atmışdır. Metadon və həşiş götürmək üçün getməmişdir. Mobil telefonundakı İran mobil operatorlarına məxsus nömrələri özü qeyd etmişdir. X21 tanımamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi xx.xx.2025-ci il tarixli ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən ziddiyyət yaranan hissədə elan edilmiş və məlum olmuşdur ki, o, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı “Araz” adlı şəxs “WhatsApp” tətbiqi vasitəsi ilə ona ünvan (konum) atmış, o da Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən ünvana getmişdir. Ünvanı çətinliklə tapmış, əvvəlcə kənardan başqa şəxslərin olub-olmamasını müşahidə etmiş, tək olduğuna əmin olduqdan sonra qara kisənin içərisində bir neçə bükümdən ibarət olan narkotik vasitə və psixotrop maddəni götürmüşdür. Həmin yerdən piyada uzaqlaşmaq istəyəndə mülki geyimdə olan dörd-beş nəfər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. Həmin şəxslərə üzərində qanunla qadağan edilmiş predmetlərin olduğunu bildirmiş və əlində olan içərisində narkotik vasitə və psixotrop maddələrin olduğu kisəni polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərində axtarış aparıldıqda üzərindən “şüşə” istifadə etmək üçün siqaret qutusunda olan borucuq aşkar olunaraq götürülmüşdür. Üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə olan kütlələr, borucuq polis əməkdaşı tərəfindən qablaşdırılıb götürülmüş və bu barədə videoçəkiliş aparılmışdır. Daha sonra polis əməkdaşları ilə birlikdə Cəlilabad Rayon Polis Şöbəsinə gəlmiş, orada təqdim olunan iki ədəd diskə baxış keçirilmiş, saxlanılan zaman polis əməkdaşlarına təqdim etdiyi narkotik vasitə və psixotrop maddə, üzərindən aşkar olunmuş metamfetamin istifadə etmək üçün siqaret qutusunda olan borucuq ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Həmin kütlələri “Araz” adlı iran vətəndaşı ilə sosial şəbəkədə danışıb əldə etmişdir. “Araz” kütlələri Lənkəran rayonuna aparacağı təqdirdə ona narkotik vasitə verəcəyinə söz verdiyi üçün həmin kütlələri Cəlilabad rayonunun Uzuntəpə kəndindən götürmüşdür. Həmin kütlələrdən istifadə etməmiş, üzərində psixotrop maddə və narkotik vasitələr olmasından hər hansı başqa şəxsin məlumatı olmamışdır. Aşkar edilərək götürülmüş psixotrop maddə və narkotik vasitələri satmaq niyyəti olmamış, narkotik vasitə əldə etmək müqabilində Lənkəran şəhərinə daşımaq niyyətində olmuşdur. Üzərindən aşkar olunmuş psixotrop maddə və narkotik vasitələr bükümlərlə birlikdə elektron tərəzidə çəkilmiş, ona görə də rəydə olan çəki düzdür. Nə saxlanılarkən, nə də üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyi ilə həyata keçirilmişdir. İstifadəsində (050) ***-**-** saylı mobil nömrə olmuş və həmin nömrə ilə “WhatsApp” sosial şəbəkəsində qeydiyyatdan keçmişdir. Əvvəllər heç bir iran vətəndaşı ona narkotik vasitə göndərməmişdir. Cəlilabad rayonu ərazisindən götürdüyü narkotik vasitə və psixotrop maddənin oraya kim tərəfindən yerləşdirilməsi barədə məlumatı olmamışdır. “Araz” adlı şəxsi görmədiyi üçün şəxsiyyəti və əlamətləri barədə heç bir məlumatı yoxdur. “Araz”ın adını mobil telefonunda “araznyrwyy” kimi qeyd etmişdir (iş vərəqi 80-84). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı döyülməsi ilə əlaqələndirmiş, ifadəsi alınarkən müdafiəçisinin yanında olmadığını, həqiqəti bildirmək üçün yenidən ifadə vermək istədiyini, lakin müstəntiqin ondan ifadə götürməməsini, ona görə sənədləri imzalamaqdan imtina etdiyini bildirərək, məhkəmədə elan olunmuş ifadəsini təsdiq etməmişdir. Doqquz-on ildir ki, narkotik vasitə istifadəçisi olduğunu, yalnız şəxsi istifadəsi üçün narkotik vasitə dalınca getdiyini, polis əməkdaşlarının onu “yüklədiklərini” bildirərək, son sözündə məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesi iştirakçılarını (təqsirləndirilən şəxsi və şahidləri) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 17 mart 2025-ci il tarixdə Lənkəran rayonu, Siyavar kənd sakini Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında rəhbərliyinin müvafiq əmrinə əsasən özü də daxil olmaqla Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid5, Şahid3 Rafael oğlu və Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 17 mart 2025-ci il tarixdə, saat 21:26 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müəyyən edilmiş və o, Cəlilabad rayonunun Uzuntəpə kəndində yerləşən “Stansiya” adlanan ərazidə tərəflərindən əməliyyat müşahidəsinə götürülmüş, təxminən on dəqiqə müşahidə etdikdən sonra Ruslana yaxınlaşıb özlərini təqdim edərək, gəlişlərinin səbəbini bildirmişlər. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs hazırda əlində olan qara rəngli kisədə narkotik vasitə və psixotrop maddə olan həşiş qatranı, metamfetamin, dörd ədəd bükülüdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə və on ədəd listdə metadon həblərinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs elə həmin yerdə üzərində yoxlama və götürmə aparılacağı bildirilmiş, hüquq və vəzifələri tərəfindən elan edildikdən sonra yoxlama və götürmə zamanı videoçəkilişdən istifadə olunacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmiş, Ruslan da əlindəki qara rəngli kisəni təqdim edərək, içərisində narkotik vasitə qurudulmuş marixuana, qatran həşişi, metadon həbləri və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin kisə açıldıqda içərisində bir ədəd bükülüdə narkotik vasitə həşiş qatranına bənzər kütlə, bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, dörd ədəd bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və on ədəd listdə metadon həblərinin olduğu müəyyən edilmişdir. Həmin narkotik vasitələr və psixotrop maddə tərəfindən tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılıb üzəri möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd “Sobranie” adlı siqaret qutusunun içərisindən metamfetamin çəkmək üçün istifadə edilən kağız borucuq aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotiki təxminən bir ay bundan qabaq “İnstagram” sosial şəbəkəsində tanış olduğu “Araz” adlı İran İslam Respublikası vətəndaşının atdığı “konum” vasitəsilə Cəlilabad rayonunun Uzuntəpə kəndinə gəlib, oradan əldə etdiyini, həmin kisəni Lənkəran şəhərinə aparacağı təqdirdə, “Araz” adlı şəxsin ona “nəşə” vəd etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Cəlilabad Rayon Polis Şöbəsinə dəvət edilmiş, şöbədə əməliyyat-axtarış tədbirinin videoçəkilişini özündə əks etdirən disklə birlikdə təhqiqatçıya təhvil verilmişdir. Şöbədə videoçəkiliş aparılmaqla təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinin yoxlanılmasının videoçəkilişinə, həmçinin aşkar edilmiş içərisində narkotik olan bükülülərin qablaşdırıldığı bağlamaya baxış keçirilmiş, həmin bükülülərdə narkotik vasitə olan qurudulmuş marixuanaya, həşiş qatranına bənzər kütlələr, həmçinin psixotrop maddə metamfetaminə bənzər kütlə, metadon həbləri aşkar edilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış, yekunda tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Əməliyyat məlumatı ona gün ərzində axşamtərəfi daxil olmuşdur, saatı dəqiq xatırlamır. Müşahidə zamanı Ruslanın əraziyə gedib-qayıtmasını görməmişdir, həmçinin onun kiminləsə telefonla danışmasını xatırlamamışdır. Ruslan onlardan yayınmağa çalışmamışdır. Ruslanı saat təxminən 21:26-da saxlamışlar. Saxlanılma zamanı videoçəkilişin aparılmaması şəraitlə əlaqədar olmuşdur. Həmin vaxt qara bağlama Ruslanın əlində olmuşdur. Ruslanın mobil telefonuna baxmamışdır. Həmin gün onlardan qabaq Ruslanı hansısa polis əməkdaşı saxlamamışdır. Ruslanın üzərində öz payını götürmək üçün ayrıca torba da olmuşdur. Ruslanın qara torbanı götürdüyü anı görməmiş, əlində olarkən yaxınlaşanda görmüşdür. Torba Ruslanın qucağında deyildi, sağ və yaxud sol əlində olmasını da xatırlamır. İş materiallarındakı sənədlərdə Ruslanın saxlanılma vaxtının fərqli qeyd olunması texniki səhvdir. Ruslanla bağlı portal məlumatını çıxartmamışdır. Axşamtərəfi daxil olan məlumat Təqsirləndirilən şəxs rayon ərazisində olması ilə bağlı olmuşdur və ola bilsin ki, Ruslanın narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, istifadə etməsi və daşıması barədə məlumat həmin vaxtdan əvvəl daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahidlər Cəlilabad Rayon Polis Şöbəsi Cinayət- Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3 Rafael oğlu, polis leytenantı Şahid5, polis kiçik leytenantı Şahid6 hər biri ayrı-ayrılıqda ifadələrində Şahid1 ifadəsində bildirdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişlər. Şahid2 ifadəsində əlavə olaraq bildirmişdir ki, hadisə yerinə 17 mart 2014-cü il tarixdə, saat 21 radələrində getmişlər. Hadisə yeri barədə məlumatın necə alındığı haqda heç bir söz deyə bilməz. Əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürmüşlər. Onlar müşahidəyə başlayanda artıq Ruslan kisəni götürmüşdür. Ruslanı kisəni götürdüyü yerdən nə qədər aralaşdıqdan sonra saxladıqlarını xatırlamır. Ruslan saxlanılarkən onlardan yayınmağa çalışmamışdır. Kisə Ruslanın həmin vaxt çiynində olmuşdur. Kisənin çiyinə keçirilən yeri vardı. Ruslan yoldan aralı və tək idi. Ruslan səmimi olaraq əməllərini etiraf etmişdir. Ruslanı özlərinə məxsus avtomobildə polis şöbəsinə aparmışlar, lakin həmin avtomobilin konkret olaraq kimə məxsus olması yadında deyildir. Tədbir vaxtı videokamera ilə təmin edilməmişlər, bundan başqa, qaranlıq olduğu üçün müşahidə və saxlanılma anını videoçəkilişlə apara bilməmişlər. Ruslanın kisəni götürdüyü yeri dəqiq xatırlamasa da, götürməsi anını görmüşdür. Ruslan kisəni götürdükdən sonra ona yaxınlaşmışlar. Hadisə yerindən polis şöbəsinə olan məsafə sürətdən asılı olaraq on beş-iyirmi beş dəqiqə ola bilər. Şahid3 ifadəsinə əlavə olaraq bildirmişdir ki, şəxsən özü tərəfindən Təqsirləndirilən şəxslə heç bir söhbət aparılmamışdır. Uzun müddət keçdiyi üçün əməliyyat məlumatının nə vaxt daxil olduğunu, müşahidəyə haradan başladıqlarını, Ruslanın hansı istiqamətdə hərəkət etdiyini dəqiq xatırlamamışdır. Ruslan torpaq yerdə tək olmuş, müşahidə təxminən beş-on dəqiqə çəkmişdir. Əməliyyat tədbiri təxminən otuz dəqiqə və ya bir saat ərzində baş tutmuşdur. Ruslanın saxlanılma vaxtı, videoçəkilişin nə vaxt və haradan başlamasını xatırlamamışdır, hava qaranlıq olmuşdur. Ruslandan aşkarlanan içərisində narkotik olan qara rəngli məktəbli çantası onun çiynində və ya əlində olmuşdur. Həmin çantanın götürüldüyü yeri və vaxtı bilməmişdir. Ruslanın hansı maşınla şöbəyə aparılmasını, müddəti, şəxsi axtarışın keçirilmə vaxtlarını xatırlamamışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Ruslanı axşam saxlamışlar. Məlumatın nə vaxt daxil olduğunu bilmir. Şahid6 ifadəsinə əlavə olaraq bildirmişdir ki, əməliyyat tədbirinə gedəndə kimi saxlayacaqları barədə məlumat verilməmiş, istiqamətləri qrup rəhbəri müəyyən etmişdir. Təqsirləndirilən şəxs olduğu yer yaşayış məntəqəsindən hardasa 200 metr məsafədə idi. Videoçəkilişdə vəkilin iştirak etməsini xatırlamamışdır. Hadisə yerindən polis şöbəsinə məsafə hardasa 12 km, on beş-iyirmi dəqiqəlik olar. Şahid5 ifadəsinə əlavə olaraq bildirmişdir ki, əməliyyat tədbirinə kimin rəhbərlik etdiyini və Təqsirləndirilən şəxs saat neçədə saxlanılmasını xatırlamasa da, Ruslan axşam saatlarında saxlanılmışdır. Əməliyyat tədbirində iştirak edənlərdən Hüseyn Mirzəli və Şahid1 xatırlamışdır. Müşahidə hardasa on-on beş dəqiqə çəkmişdir. Saxlanılma anının videoçəkilişinin aparılmaması ilə bağlı heç bir fikri yoxdur. Ruslanın içərisində narkotik olan kisəni haradan götürməsini görmüşdür və həmin yerdən polis şöbəsinə kimi hardasa on beş dəqiqəlik yol var. Hadisə yerində videoçəkiliş aparılan müddət ərzində qalmışlar və oradan şöbəyə hansı avtomobildə qayıtdığını xatırlamamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində məhkəməyə dəvət olunmuş Hacıyeva (Səmədova) Günay Nəriman qızı cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Hazırkı cinayət işində oğlunun günahı yoxdur, oğluna böhtan atılmışdır. Bir ana kimi oğlunun narkotikdən uzaqlaşması üçün əlindən gələni etmişdir. Bir il əvvəl də oğlunu özü tutdurmuşdur. Sonuncu dəfə oğlunu tutdurmaq niyyətinə gəlmişdir ki, oğlu doğru yola gəlsin. Heç kimin onun oğlundan şikayəti yoxdur. Ruslanın narkotik istifadə etməsi səbəbindən evlərində dəfələrlə mübahisə olmuş, əri ilə birlikdə polisə zəng edərək övladlarının narkotik istifadə etməsi barədə məlumat vermişlər. İstəkləri Ruslanı məcburi müalicəyə göndərmək olmuşdur. Polislər evə gələrək izahat almış, bir-iki günə işlərini həll edəcəklərini bildirmişlər. Evlərinə gələn iki polis əməkdaşını tanımamışdır. Ruslanın polis əməkdaşları tərəfindən saxlanılmasını öyrənəndə məcburi müalicəyə göndərilməsi üçün saxlanıldığını düşünmüş, lakin sonradan oğlunun qarşısına on kiloqram narkotik qoyulduğunu öyrənmişdir. Övladı heç vaxt belə hərəkət etməmişdir. Sonradan oğlu ilə görüşüb baş verənlər barədə soruşmuşdur. Ruslan ona and içərək narkotikə əlinin dəymədiyini, saxlanıldığı gün polislərin ondan valideyninə zəng etməsini istədiklərini, özü isə polislərin bunu pul almaq üçün istədiklərini, ailəsində pul qoymadığını, elə ailəsinin özünü polisə verdiyini, narkotikə əl vurmadığı və həmin miqdarda narkotikdən xəbərsiz olduğu üçün polislərin onu buraxacaqlarından arxayın olduğunu, bu kimi səbəblərdən onlara zəng etmədiyini bildirmişdir. Ruslan qırx manat pul göndərdiyi halda heç kim on kiloqram narkotikdən bezib onu kiməsə verməz. Heç kim Ruslana pulsuz narkotik verməmiş, pul almaq üçün evlərində mübahisələr olmuşdur. Bütün yalanlar göz qarşısındadır. Ruslana hər dəfə imkanları çatdığı qədər, məsələn qırx-əlli manat pul vermişlər. Ruslanın narkotik istifadə etməsi onları bezdirmiş, bu halın davam etməsinə dözə bilməmişlər. Oğlunun narkotiki kimdən və ya kimlərdən əldə etdiyini bilməmiş, narkotik satan şəxslərlə telefonla əlaqə saxladığını bilmişdir. Ruslan tutulmamışdan qabaq heç bir işlə məşğul olmamışdır. Ruslanın evdən narkotik almaq üçün çıxdığını bilmiş, lakin Cəlilabad rayonuna gedəcəyini, eləcə də nə qədər narkotik almaq üçün getdiyini bilməmişdir. Ruslan onlardan pul aldıqdan sonra narkotik dalınca getdiyini bilmişdir. Oğlu narkotik almaq üçün hara getdiyini onlara deməmişdir. Ruslan tutulduqdan sonra “102” xidmətinə zəng vuraraq onun qayıtmadığını bildirmişlər. Ruslanı dörd dəfə Lənkəran Rayon Narkoloji Xəstəxanasında, bir dəfə Maştağadakı xəstəxanada, bundan başqa reabilitasiya mərkəzində müalicə etdirmişdir. Həmin yerlərə oğlunu onun öz istəyi ilə aparmış, sağalması üçün əlindən gələn hər şeyi etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, toplanmış fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (iş vərəqi 01). Cəlilabad Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 04). Cəlilabad Rayon Polis Şöbəsi xx.xx.2025-ci il tarixli qərarı, əmri və məktublarından görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayətprosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 05-09). Cəlilabad Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” xx.xx.2025-ci il tarixli, “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokollarından görünür ki, videoçəkilişlə aparılmış əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:34-21:36 dəqiqədə Cəlilabad rayonunun Uzuntəpə kəndində “Stansiya” adlanan ərazidə əlində bir ədəd qara rəngli kisə ilə piyada hərəkətdə olarkən saxlanılmış, əlindəki qara rəngli kisəni təqdim edərək, içərisində narkotik vasitə olduğunu bildirmiş, həmin kisə açıldıqda içərisində bir ədəd bükülüdə narkotik vasitə həşiş qatranına bənzər kütlə, bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, dörd ədəd bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, on ədəd listdə metadon həblərinin olduğu müəyyən olunmuşdur. Həmin narkotik vasitələr və psixotrop maddə tərəzidə çəkildikdə marixuanaya bənzər kütlələrin çəkisinin ayrı-ayrılıqda 2100 qram, 2325 qram, 2205 qram, 975 qram, metamfetaminə bənzər kütlənin çəkisinin 69,31 qram, həşiş qatranına bənzər kütlənin çəkisinin 2175 qram, on listdə isə hər birində 10 ədəd metadon həbinin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən həmçinin borucuq, bir ədəd “Samsung”, bir ədəd “Nokia” markalı mobil telefonlar aşkar edilmiş, kütlə və predmetlər qablaşdırılaraq götürülmüş, videogörüntüləri özündə əks etdirən, protokollara əlavə olunmuş DVD disklərə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 10-12; 16-18). Cəlilabad Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2025-ci il tarixli protokolu və məktubundan görünür ki, azadlığı faktiki olaraq xx.xx.2025-ci il tarixdə, saat 21:34 dəqiqədən məhdudlaşdırılmış Təqsirləndirilən şəxs həmin tarixdə, saat 00:50-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və yaxın qohumuna bu barədə məlumat verilməsi təmin olunmuşdur (iş vərəqi 27-28). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Lənkəran Regional Bölməsinin 19/122 nömrəli, xx.xx.2025-ci il tarixli “məhkəmə-kimyəvi və bioloji ekspertizası”nın rəyi, ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükülüdə təmiz çəkisi 58,483 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir; bir ədəd bükülüdə təmiz çəkisi 2040,0 qram olan maddə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qatranıdır; dörd ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 2150,0 qram, 1960,0 qram, 2025,0 qram, 855,0 qram olmaqla, ümumi təmiz çəkisi 6990,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; on ədəd konvalyutda ümumi sayı 100 (bir yüz) ədəd olan qəhvəyi rəngli dairəvi formalı həb metadon həbləridir. Həblərin təsiredici maddəsinin ümumi miqdarı 4,0 qramdır (bir həbdə 0,04 qr); üzərində “Vət. Təqsirləndirilən şəxs götürələrək CAB tərəfindən təqdim olunmuş.....” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd kağız borucuğun içərisində psixotrop maddə metamfetamin izləri vardır. Metamfetamin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş metamfetaminlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə metamfetamin 58,383 qram, narkotik vasitələr olan həşiş qatranı 2039,9 qram, marixuana 6989,6 qram və 90 ədəd metadon həbi istintaq orqanına qaytarılmışdır. Aparılmış tədqiqatın dəyəri 130 (bir yüz otuz) manat müəyyən edilmişdir (iş vərəqi 44-48). Cəlilabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A55 5G” markalı mobil telefonda “WhatsApp” proqramı mövcuddur. Həmin proqramda İran İslam Respublikasına məxsus +98 ********** saylı mobil nömrə ilə “araznyrwyy” kontakt adı ilə qeydiyyatdan keçirilmiş şəxslə Təqsirləndirilən şəxs arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məzmunda müxtəlif vaxtlarda danışıqlar aparılmış, fotoşəkillər aşkar edilmişdir (iş vərəqi 65). Cəlilabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 71-72). Cəlilabad Rayon Məhkəməsinin 4(073)-18/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 17 mart 2025ci il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 90-93). Cəlilabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” xx.xx.2025-ci il, “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokollara əlavə edilmiş iki ədəd DVD disk, maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmiş; həmçinin, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkiləri 58,383 qram olan psixotrop maddə metamfetamin, 2039,9 qram narkotik vasitə həşiş qatranı, 6989,6 qram narkotik vasitə qurudulmuş marixuana, 90 (doxsan) ədəd narkotik vasitə metadon həbi və üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd kağız borucuq maddi sübut kimi tanınaraq saxlanılması üçün həmin şöbənin maddi sübutları saxlama otağına təhvil verilmişdir (iş vərəqi 94-95). Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Siyavar Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışı və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan1 yaşamışdır, atası 3-cü qrup əlildir, özü yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (iş vərəqi 113-114). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsi, hökm və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla üzərində 2 (iki) il 5 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş müddəti 1 (bir) il 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 5 (beş) ay 20 (iyirmi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (iş vərəqi 120-121; 128-133; 135- 139; 141-145). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3 və 83.3.3-cü maddələrinə əsasən, məhkumluq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş hesab olunur. 83.4-cü maddədə göstərilir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Bu mənada Təqsirləndirilən şəxs əməlində cinayətin residivi vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin “ambulator məhkəmə-psixiatrik ekspertizasının” xx.xx.2025-ci il tarixli, 1005 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir və onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür (iş vərəqi 152-153). Cəlilabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, ona həmin maddələrlə yenidən ittiham elan edilməklə qərarın surəti təqdim olunmuş və barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır (iş vərəqi 155-156, 159-161, 173). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasında Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın xx.xx.2025-ci il tarixli, 288 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində 2023-cü ildən (opium narkomanlığı) diaqnozu ilə qeydiyyatda durur (iş vərəqi 192). Cəlilabad Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “sübutların qiymətləndirilməsi haqqında” və “cinayət işinin materiallarından başqa cinayət işi ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış; külli miqdarda narkotik vasitələr və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi məqsədilə hazırki cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılmışdır (iş vərəqi 194-207; 211-212). Məhkəməyə daxil olmuş Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş 4(073)-18/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar keçirilmiş məhkəmə iclasının audio-video yazısı aparılmamış, Təqsirləndirilən şəxs həmin məhkəmə iclasında ondan həqiqətən də narkotik vasitə aşkar olunduğunu və törətdiyi əməldən peşman olmasını bildirmişdir. Azərbaycan Respublikası Ədlliyə Nazirliyi Tibb Baş İdarəsindən daxil olmuş 1332/2025 nömrəli “Məhkumun Tibbi Kitabçası”ndan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs sağ qolun aşağı nahiyəsində cərrahiyyə əməliyyatından sonrakı köhnə çapıq toxuması aşkar edilmiş və o, həbs olunarkən zədə almadığını bildirmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(099)-363/2025 nömrəli qərarı əsasında, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Cəlilabad Rayon Vəkil Bürosunun vəkili X7 istifadəsində olan (055) 992-26-96 saylı mobil nömrənin müvafiq operatorda qeydə alınmış 18 mart 2025-ci il, saat 00:00-dan 20 mart 2025-ci il, saat 00:00dək; 08 may 2025-ci il, saat 00:00-dan 10 may 2025-ci il, saat 00:00-dək; 23 may 2025-ci il, saat 00:00-dan 28 may 2025-ci il, saat 00:00-dək olan müddətdə anten dairəsi məlumatları barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş CD disk məhkəmədə tədqiq edilərkən müəyyən olunmuşdur ki, həmin mobil nömrə xx.xx.2025-ci il tarixdə, saat 00:13:11-də Cəlilabad şəhəri, Məktəbli küçəsində, bir də saat 02:01:49da eyni ünvanda; saat 18:59:41-dən 19:59:13-dək Cəlilabad şəhəri, Bakı-Astara avtomobil yolu, “Cəlilabad avtovağzal”; xx.xx.2025-ci il tarixdə, saat 15:00:41-dən 16:03:12-dək Cəlilabad şəhəri, Bakı-Astara avtomobil yolu, “Cəlilabad avtovağzal” və Cəlilabad Telekommunikasiya Qovşağı, H.Əliyev, 150 ünvanlarda aktiv olmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(099)-363/2024 nömrəli qərarı əsasında, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbirində iştirak etmiş Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının istifadəsində olmuş mobil telefon nömrələrinin müvafiq operatorlarda qeydə alınmış girişçıxış zəngləri və anten dairəsi məlumatlarını özündə əks etdirən "xxxx" MMC-nin xx.xx.2025-ci il, "xxxx" MMC-nin xx.xx.2025-ci il, Azerfon” MMC-nin xx.xx.2025-ci il tarixli məktubları və həmin məktublara əlavə olunmuş CD disklərin məhkəmədə tədqiqi zamanı məlum olmuşdur ki, Şahid1 istifadəsində olmuş (051) ***-**-** mobil nömrəsinin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək olan müddətdə, həmçinin, (070) ***-**-** mobil nömrəsinin istifadəsi aşkar olunmamış, (055) ***-**-** mobil telefon nömrəsinin anten məlumatları isə xx.xx.2025-ci il tarixdə, saat 16:55-də Lənkəran şəhəri, Ləvəngi dairəsində, bir də saat 20:16-da Cəlilabad rayonunun Uzuntəpə kəndinin ərazisində; Şahid5 istifadəsində olmuş (050) ***-**-** mobil telefon nömrəsinin anten məlumatları xx.xx.2025-ci il tarixdə, saat 11:49, 15:56, 16:24, 18:04-də Cəlilabad rayonunun ərazisində, sonuncu zəngi saat 18:04-də ünvan 11 ünvanda; Elmin İskəndərlinin istifadəsində olmuş (055) ***-**-** mobil telefon nömrəsinin anten məlumatları xx.xx.2025-ci il tarixdə, saat 21:17-dən 22:18-dək Cəlilabad rayonunun Uzuntəpə kəndinin ərazilərində qeydə alınmışdır. Məhkəmədə yaranmış zərurətlə əlaqədar, həmçinin işin baxılmasının operativliyini təmin etmək məqsədilə icraatda olmuş digər cinayət işi üzrə (1(099)-107/2025 nömrəli) məhkəmənin sorğusu əsasında "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş sənədə istinad olunmuş və sözügedən məktub qoşması ilə birlikdə əldə edilərək məhkəmə iclasında tədqiq edilmişdir. Həmin sənədlərdə Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasının yerləşdiyi ünvan 12 ünvanına xidmət göstərən "xxxx" MMC-yə aid baza stansiyalarının siyahısı əks olunmuşdur. Siyahıya əsasən həmin baza stansiyaları aşağıdakılardır:- JalilabadATS (ünvan və kordinat: Cəlilabad Telekommunikasiya Qovşağı, Heydər Əliyev, 150; 39.21044 48.5027); Jalilabad_Avtopark (ünvan və kordinat: Cəlilabad şəhəri, Bakı-Astara avtomobil yolu, “Cəlilabad Avtovagzal”; 39.212551 48.523842); Celilabad_KC (ünvan və kordinat: Cəlilabad şəhəri, M.Məhəmməd xiyabanı 198; 39.202566 48.493408); Jalilabad Yeni Sahe (ünvan və kordinat: ünvan 169.21556 48.48297); Jalilabad 20 Yanvar (ünvan və kordinat: Cəlilabad şəhəri, Heydər Əliyev pr 87; 39.208086 48.511761). Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(099)-363/2025 nömrəli qərarı əsasında Təqsirləndirilən şəxs (FİN:xxxxxxx) adına olan "xxxx" ASC-yə məxsus bank kartı (Birbank) vasitəsilə 28 fevral 2025-ci il tarixdən 17 mart 2025-ci il tarixinədək aparılmış əməliyyatlar, yəni karta mədaxil və məxaric olunan pul vəsaitlərinin məbləği, həmin vəsaitlərin göndərildiyi hesab nömrələri sahiblərinin kimliyi barədə məlumatların əks olunduğu çıxarışlar məhkəmədə tədqiq edilərkən xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs “M10” ödəniş sistemi vasitəsilə (077) 325-93-54 nömrənin hesabına 40 (qırx) manat pul göndərdiyi müəyyən olunmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(099)-363/2025 nömrəli qərarı əsasında “M10” ödəniş sistemində qeydiyyatdan keçmiş (077) 325-93-54 nömrəsi ilə bağlı elektron pul kisələrə, yəni həmin elektron pul kisələrinin açılmasına dair sənədlər (müqavilə, müraciət və s.), həmin kisələrin hesablardan çıxarışlarının, kisələrə pul vəsaiti göndərən və həmin kisələrdən pul vəsaitinin köçürüldüyü kisələrin və ya bank hesablarının nömrələri və sahiblərinə dair məlumatların əks olunduğu "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktuba əlavə olunmuş anket məlumatlarından görünür ki, (077) 325-93-54 nömrəli “M10” hesabı Xaçmaz rayon sakini X22 məxsusdur. Azərbaycan Respublikası Baş Prokurorluğu Xidməti Araşdırmalar İdarəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki, psixi işgəncə və təzyiqlərə məruz qalması faktı öz təsdiqini tapmadığı üçün toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsi olmadıqda) əsasən cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy A55 5G” markalı mobil telefona məhkəmə iclasında baxış keçirilərkən “WhatsApp” proqramında İran İslam Respublikasına məxsus +98 ********** saylı mobil nömrə ilə, “araznyrwyy” kontakt adı ilə qeydiyyatdan keçirilmiş şəxslə Təqsirləndirilən şəxs arasında danışıqlar olduğu müəyyən edilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs “araznyrwyy” kontakt adlı şəxsə “Başa düşdüme səni qardaşım, indi diysən tema mən gedib Cəlilabadda olaceyda, yəni tema Cəlilabaddadı da başqa yerdə döyül, yəni Cəlilabaddan diysən götürəcəyəm də” məzmunlu, “araznyrwyy” kontakt adlı şəxs isə ona, “Ay ürəyim, birbaşa sənə malın kunumunu atmıyacam ki, hələ sən çıxmamış mən mal atmıyacam ki, mən sənə konum atacayam ki, qardaş gəl Cəlilabadın filan yerə, mən sənə o filan yerin konumunu atacayam ki, gəl orda filan yerə mən də malı atım, bir kəlmə. Gəldin sən o konuma çatdın, mən orda mal atacağam sənə, şəkil zadı atacam. Mən hindidən durub sənə diyə bilmərəm ki. Məsələn sənə kunum ata bilərəm indidən, məsələn gəl filan yerdə durginan. Yoo indidən mən sənə malın kunumun ata bilmərəm. Sən gərək ora çatana 10 dəyqə, 20 dəyqə qala mən malı atam çatana kimi. Belə iş görə bilərəm” məzmunlu səsli mesajlar; xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs həmin şəxsə “Gec yazacaqsan qaqam braaz tez elə qoy tez çıxım gedim”, “Danış ətraflı yaz mənə”, “Braz tez danış işivi kutar məndə qoy tez çıxam yola”, Nə qədər tez gedib gəlsəm bizə xeyirdi bu gün sənçün temada verəcəm qardaşın bu gün pulda atacaq sənə tema yerbəyir edib pul vuracam sençün klentlerden demişem çoxuna axşam olacaq gözdüyəcəylər məni yəni, bidene salamatlıq olsun mərdiməzar bizdən uzaq olsun qoy işimi görüm bax qardaşın neyniyirdə sənçün özün görecey neyniyirdə qardaşın”, “İnsallah qaqa bidene salamat götürem yəni pul tərəfdən problemimiz daha olmazda qardaşın hər gün pul vuracaq sənə”, “İstəsən yığıb birdən çox atım istəsən hər gün gündə neçə dəfə nə qazandim atim necə istəsən edərikdə elə”, “Mənədə lazımdəki birinci sənin poluvu verim sora nə qazandim özümə yığım yenə abarot eləməy üçün” məzmunlu, həmin şəxs isə cavabında “Yo yig polo bir seri kom at he mende yaxşı olsin de yeni birden mene kom gelnde mendde yaxşı olor basina donom senin” məzmunlu mesajlar, danışığın davamında Təqsirləndirilən şəxs “Sən danış sən onla mən yazaram birazdan çıxaram 15-20 dəyqəyə”, “Özüm biraz gec çıxıramki orda qalmayim”, “araznyrwyy” kontakt adlı şəxs cavabında “Sen biraz hele gej cix”, “Pirablem deyil negder garanix olsa heble bize yaxsidi basga adam gormesin”, “Her sey yaxşı oljaga bodene bo isimiz assin elimize pol gelsin” və sair məzmunlu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar mesajlar yazmışlar. Lənkəran Şəhər Narkoloji Xəstəxanasının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən “Opium narkomanlığı” diaqnozu ilə Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının narkoloji qeydiyyatındadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbisosial Ekspertiza və Reabilitasiya Xidməti 32 saylı Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il və xx.xx.2015-cı il tarixli müayinə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs anası X14 müddətli ikinci dərəcəli (müddəti bitmişdir), atası Asəf Hacıyev isə üçüncü qrup gözdən müddətsiz əlilliyi olan şəxsdirlər. Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqsirləndirilən şəxsə məhkəmədə göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 31 (otuz bir) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməllərin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında həm müdafiə, həm də ittiham tərəfin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, müdafiəçisi tərəfindən vəsatətlər verilmiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Sözügedən Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Haqqında bəhs olunan Məcəllənin 145.1 və 145.2-ci maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni narkotik istifadəçisi olsa da, satışı ilə məşğul olmaması, “İnstagram” sosial şəbəkəsində tanış olduğu özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Araz” adlı şəxsin göndərdiyi narkotiki yalnız şəxsi istifadəsi üçün əldə etməyə getməsi, 17 mart 2025-ci il tarixdə, axşam saat 16-17 radələrində yola çıxaraq Cəlilabad rayonunun Uzuntəpə kəndinə gedib iranlının dediyi narkotik vasitənin qoyulduğu ünvanda narkotik olmadığını görüb geri qayıtması, iranlının ona zəng edərək aliminium hasar boyunca 200-300 metr irəli getməli olduğu, “malın” orada, hasarın dibində olduğunu bildirməsindən sonra irəli gedərək deyilən yerə çatanda onu orada gözləyən polis əməkdaşları tərəfindən saat 19-20 radələrində tutulması, polislərin hasarın dibindən “malı” çıxardıb ona məxsus olduğunu bildirərək, götürməsini istəmələri, döyülməklə fiziki və psixoloji təzyiqlərə məruz qalması nəticəsində məcbur qalıb həmin predmetləri götürməsi, hadisə yerindəki videoçəkilişin saxlanıldıqdan bir-iki saat sonra aparılması, onu tutan şəxslərin başqaları olması, videoçəkilişdə iştirak edən şəxslərin sonradan gəlmələri, məqsədinin iranlı üçün Lənkərana “mal” aparıb qoymaq deyil, öz istifadəsi üçün narkotik vasitə əldə etmək olması, “Araz”ın ona “kakos”, “patı”, “ot” göndərəcəyi, polislərin isə ona başqa narkotikləri “yükləmələri”, iranlının ona dəqiq hansı miqdarda “mal” göndərəcəyini bilməsə də, ittiham olunduğu miqdarda narkotik arxasınca getməməsi, vəkilinə, müstəntiqə on kiloqram narkotik üçün gəlmədiyini desə də, bunun nəzərə alınmaması, xatırladığına görə sanksiya məhkəməsində də bu barədə deməsi, sanksiya məhkəməsinin məhkəmə iclası zalında deyil “kabinetdə” və vəkilinin iştirakı olmadan keçirilməsi, müdafiəçisini yalnız bir dəfə görməsi, ifadəsinin müdafiəçinin iştirakı olmadan alınması, həqiqəti bildirmək üçün yenidən ifadə vermək istəsə də, müstəntiqin ondan ifadə almaması, vəkilinə əlaqə saxlaması üçün ailə üzvlərinin nömrəsini verəndən sonra valideynlərinin onun tutulduğu barədə məlumat almaları barədə bildirdikləri əsassız olaraq törətdiyi əməllərdə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə iclasında cinayət işinin materiallarındakı “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokola əlavə olunmuş DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:36 dəqiqədə (videoçəkilişin 0:00:02-0:00:05-ci saniyəsində müstəntiqin mobil telefonda saatı nümayiş etdirməsi əsasında) Cəlilabad rayonunun Uzuntəpə kəndinin “Stansiya” adlanan ərazisində çiynində bir ədəd qara rəngli çanta ilə saxlanılması, çantanın içərisində narkotik vasitə olduğunu bildirməsi, içərisindən ayrı-ayrı bükümlərdə həşiş qatranı, qurudulmuş marixuana, metamfetaminə bənzər kütlələrin, listlərdə metadon həblərinin olduğu, üzərindən psixotrop maddə istifadə etmək üçün istifadə olunan borucuq, iki ədəd mobil telefon, həmçinin boynundan asılmış vəziyyətdə sarı rəngli torbanın aşkar edilməsi, həmin torbadan “malı” götürmək üçün istifadə edəcəyini bildirməsi aydın müşahidə olunmuşdur (iş vərəqi 10-12). Bundan başqa, Cəlilabad Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2025-ci il tarixli məktubundan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması barədə atası X15 rəsmi qaydada məlumat verilməsi məlum olmuşdur. (iş vərəqi 28). Bundan əlavə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra verdiyi ilkin izahatında, vəkilinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən qismində verdiyi 18xx.xx.2025-ci il tarixli ifadələrində özünü ona elan olunmuş ittihamla təqsirli bilərək “Araz” adlı iranlının “WhatsApp” tətbiqi proqramı vasitəsi ilə ona atdığı ünvana (konum), yəni Cəlilabad rayonunun Uzuntəpə kəndinə gedib, içərisində bir neçə bükümdə narkotik vasitə və psixotrop maddənin olduğu qara rəngli çantanı götürməsini və bu zaman mülki geyimdə olan dörd-beş nəfər polis əməkdaşı tərəfindən saxlanıldığını, həmin kütlələri “Araz”ın dediyi kimi Lənkəran rayonuna aparacağı təqdirdə, sonuncunun ona narkotik vasitə verəcəyinə söz verdiyi üçün götürməsini bildirmişdir (iş vərəqi 37-38; 59-62; 80-84). Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik vasitələr və psixotrop maddə barədə Məhkəmə Ekspertizası Mərkəzi Lənkəran Regional Bölməsinin 19/122 nömrəli, xx.xx.2025-ci il tarixli “məhkəməkimyəvi və bioloji ekspertizası”nın rəyi ilə tanış olarkən həmin rəylə bağlı heç bir vəsatətinin olmadığını bildirmişdir (iş vərəqi 63). Bundan əlavə, cinayət işinin materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinə dair 4(073)-18/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında Ruslanın narkotik vasitələrin həqiqətən də ondan aşkar olunduğunu bildirməsi qeyd olunmuşdur (iş vərəqi 92). Bununla əlaqədar Cəlilabad Rayon Məhkəməsindən sorğu əsasında əldə olunmuş eyni tarixli və nömrəli məhkəmə iclasının protokolunda məhkəmə iclasının Cəlilabad Rayon Məhkəməsinin inzibati binasındakı məhkəmə iclas zalında keçirilməsi və Təqsirləndirilən şəxs həmin məhkəmə iclasında narkotik vasitənin həqiqətən də, ondan aşkar olunduğunu, əməlindən peşiman olduğunu bildirməsi öz əksini tapmışdır. Bundan başqa, cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolda Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A55 5G” markalı mobil telefonda “WhatsApp” proqramının mövcud olması və həmin proqramda İran İslam Respublikasına məxsus +98 ********** saylı mobil nömrə ilə “araznyrwyy” kontakt adı ilə qeydiyyatdan keçirilmiş şəxslə onun arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məzmunda müxtəlif vaxtlarda danışıqların aparılması müəyyən edilmiş, fotoşəkillər aşkar edilmişdir (iş vərəqi 65). Sözügedən mobil telefon tələb olunaraq məhkəmə iclasında da tədqiq edilmiş və qeyd olunan xüsusat bir daha öz təsdiqini tapmışdır. Müdafiə tərəfinin Təqsirləndirilən şəxs 17 mart 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saat 21 radələrində deyil, təxminən saat 19-20-də saxlanılması barədə alibisi ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin əməliyyat-axtarış tədbirində iştirak etmiş əməliyyatçıların istifadələrində olan mobil telefon nömrələrinin anten məlumatlarından onların Ruslanın saxlanıldığını iddia etdiyi vaxtda həmin ərazidə olmaları öz təsdiqini tapmamışdır. Əməliyyatçılardan bir tək Elmin İskəndərlinin istifadəsində olan mobil telefon nömrəsinin anten məlumatlarının saat 21 radələrindən əvvəl də Cəlilabad rayonunun Uzuntəpə kəndində qeydə alınması məlum olmuşdur ki, bu hal 17 mart 2025-ci il tarixdə gün ərzində səhər saatlarından müəyyən fasilələrlə Uzuntəpə kəndi ərazisində qeydə alınmışdır. Bundan başqa, təqsirləndirilən şəxs özü məhkəmə iclasında cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq 17 mart 2025-ci il tarixdə əməliyyatçılar tərəfindən saxlanıldıqdan sonra polis şöbəsinə aparılıb hadisə yerinə geri qaytarılmadığını bildirmişdir. Bundan başqa, Cəlilabad Rayon Polis Şöbəsi İstintaq Bölməsindən tələb olunaraq məhkəmədə tədqiqi olunmuş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A55 5G” markalı mobil telefonun “qalareyası”nda olan görüntülərdən onun iran mobil operatoruna məxsus nömrə ilə xx.xx.2025-ci il tarixdə, saat 20:08 və 20:12-də yazışmalarının olması, səsyazılarından qarşı tərəfin iran ləhcəsi ilə danışması müəyyən olunmuşdur (yazışmaların (səs yazılarının) məzmunu hökmün təsviri hissəsində geniş şəkildə öz əksini tapmışdır). Bundan əlavə, məhkəmədə şahid qismində dindirilmiş Cəlilabad Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3, polis leytenantı Şahid5, polis kiçik leytenantı Şahid6 hər biri ayrı-ayrılıqda ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün 17 mart 2025-ci il tarixdə, saat 21 radələrində hadisə yerinə getmişlər, saat 21:26 radələrində Ruslanın ola biləcəyi yerlər müəyyən edilmiş və sonuncu Cəlilabad rayonunun Uzuntəpə kəndində yerləşən “Stansiya” adlanan ərazidə tərəflərindən əməliyyat müşahidəsinə götürülmüş, təxminən on dəqiqədən sonra isə saxlanılmışdır. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı tələb etdiyi halda müstəntiq tərəfindən ifadəsinin alınmaması barədə bildirməsi də məhkəmədə elan olunmaqla tədqiq edilmiş cinayət işinin materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarında olan Cəlilabad Rayon Polis Şöbəsinin “təqsirləndirilən şəxsin yenidən dindirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin tarixdə şöbənin inzibati binasında dindirilməsi üçün şərait yaradılsa da, o, ittiham olunduğu əməllərlə özünü təqsirli bilmədiyi üçün ifadə verməkdən, həmçinin həmin protokolu imzalamaqdan imtina etmişdir (iş vərəqi 167- 168). Müdafiəçinin çıxışında qeyd etdiyi kimi müvəkkilinin ibtidai istintaq zamanı vəkili olmuş şəxsin vəkil qismində təyin olunması sənədləri, istifadəsində olan mobil telefon nömrəsinin anten məlumatları əsasında onun təqsirləndirilən şəxslə bağlı ibtidai istintaqda həyata keçirilmiş əməliyyat-istintaq hərəkətlərində iştirak etmədiyinin məlum olması səbəbindən təqsirləndirilənin müdafiə hüququnun pozulması, bundan başqa, təqsirləndirilənin saxlanılma vaxtının raport və protokollarda ayrı-ayrı vaxtlarda qeyd olunması səbəbindən qeyd etdiklərinin öz əksini tapdığı sənədlərin sübutlar siyahısından çıxarılmalı olması barədə qeydi ilə bağlı məhkəmə heyəti bildirir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına təyin olunmuş vəkil Loğman Eynullayevin istifadəsində olan (055) 992-26-96 saylı mobil telefon nömrəsinin anten məlumatları, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasının yerləşdiyi ünvanda mövcud mobil operatora məxsus baza stansiyalarının siyahısı, sanksiya məhkəməsinin qərarı və protokolundan adı hallanan vəkilin təqsirləndirilənin şübhəli şəxs qismində tutulması, izahat, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verməsi, hüquq və vəzifələrinin elan edilməsi, etiraz edilə bilən şəxslər barədə məlumatların verilməsi, ekspert rəyləri ilə tanış olması, barəsində ibtidai istintaq orqanı və məhkəmənin qərarları çıxarılan zamanlarda iştirak etməsi öz təsdiqini tapmışdır. Odur ki, ibtidai istintaq vəkilinin iştirak etmədiyi iddia olunan təqsirləndirilən şəxsin yenidən dindirilməsi, ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi, onları cinayət işinin materialları ilə tanış etmə kimi ibtidai istintaq zamanı həyata keçirilmiş prosessual hərəkətləri, habelə təqsirləndirilənin saxlanılması vaxtının xx.xx.2025-ci il tarixdə, saat 21:34 və 21:36 kimi qeyd olunmasını özündə əks etdirən sənədlərin sübutların siyahısından çıxarılmasının, təqsirləndirilən şəxsə verilmiş ittiham cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla kifayət qədər sübuta yetirildiyindən və öz təsdiqini tapdığından təmin edilməsinə ehtiyac yoxdur, bundan başqa, qeyd olunan pozuntularla bağlı işin ibtidai istintaqını aparmış məsul şəxs barəsində xüsusi qərar çıxarılmışdır. Bundan başqa, ibtidai istintaq vəkilinin iştirak etmədiyi iddia olunan təqsirləndirilən şəxsin yenidən dindirilməsi, ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi, onları cinayət işinin materialları ilə tanış etmə kimi ibtidai istintaq zamanı həyata keçirilmiş prosessual hərəkətləri özündə əks etdirən protokollarda təqsirləndirilən şəxsin imza etməkdən imtina etməsi qeyd olunmuş, həmçinin məhkəmə yekun qərara gələrkən təqsirləndirilənin ittiham olunduğu əməlləri törətməsində sözügedən sənədlərə istinad etməmişdir. Müdafiəçinin müdafiə nitqinə əlavə etdiyi CD diskin özünə qaytarılması hissəsində məhkəmə bu qənaətə gəlmişdir ki, müdafiəçi təqsirləndirilən şəxsin valideynlərinin bildirdiklərinə görə hətta müstəntiqin onlarla telefon əlaqəsi zamanı Təqsirləndirilən şəxs üçün az miqdarda narkotik göndərilməli olduğu, çəkini çox qoymaları ilə bağlı danışığını özündə əks etdirdiyini iddia etdiyi həmin disk məhkəmə istintaqı zamanı təqdim olunmaması səbəbindən məhkəmədə tədqiq olunmamışdır. Belə olan halda, cinayətprosessual qanunvericiliyin tələbinə görə məhkəmə öz yekun qərarında məhkəmə istintaqı zamanı tədqiq edilməmiş sübutlara istinad edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndinin tələbinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona göstərilmiş fiziki, psixoloji təzyiq və təsirlə əlaqələndirmiş, bununla əlaqədar şikayətlə hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, əksinə, ibtidai istintaq zamanı izahat və ifadələrində polis əməkdaşları tərəfindən hər hansı zorakılıq hərəkətlərinə yol verilməməsini bildirmişdir (iş vərəqi, 39, 61, 84). Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki, psixi təzyiq və təsirlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istərsə də vəkili ibtidai istintaq dövründə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət olunmamış, təqsirləndirilən özü bununla bağlı bildirmişdir ki, zorakılığa məruz qalması barədə yalnız valideynlərinə bildirmişdir. Məhkəməyə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş Xidməti Araşdırmalar İdarəsinin xx.xx.2025-ci il tarixli qərarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs anası X8 oğlu Ruslanın xx.xx.2025-ci il tarixdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işgəncəyə, törətmədiyi cinayət əməlini etiraf etməyə məruz qalması barədə müraciəti əsasında aparılmış araşdırmanın nəticəsində Ruslanın fiziki, psixi işgəncə və təzyiqlərə məruz qalması faktı öz təsdiqini tapmadığı üçün toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsi olmadıqda) əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ona fiziki və psixi təsir, təzyiq göstərilməsi ilə əlaqədar məsələni araşdırarkən yuxarıda qeyd olunanla kifayətlənməmiş, bu istiqamətdə araşdırmanı davam etdirərək, tutulduqdan sonra saxlanıldığı istintaq təcridxanasından “məhkumun tibbi kitabçası”nın surətini əldə etmiş və məlum olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs sağ qolun aşağı nahiyəsində cərrahiyyə əməliyyatından sonrakı köhnə çapıq toxuması aşkar edilmiş və o, həbs olunarkən (tutularkən) zədə almadığını bildirmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təsir nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təsirlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun ibtidai istintaq ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Con Murrey Birləşmiş Krallığa qarşı” iş üzrə xx.xx.1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə həmin ifadələrində polis əməkdaşları tərəfindən hər hansı qanunazidd hərəkətlərə məruz qalmamasını bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Bundan əlavə, məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs anası X10 oğlunun ittiham olunduğu cinayət əməli barəsində günahı olmaması, oğluna böhtan atılması, Ruslanın narkotik istifadə etməsi səbəbindən evlərində dəfələrlə mübahisə olması nəticəsində əri ilə birlikdə polisə zəng edərək övladlarının narkotik istifadə etməsi barədə məlumat vermələri və bundan sonra oğlunun külli miqdarda narkotik vasitələr və psixotrop maddənin qanunsuz dövriyyəsində ittiham olunması, halbuki sonuncunun heç vaxt belə bir iş görməməsi barədə dediklərini iş üzrə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici, şahidlərin ifadələri, həmçinin digər mötəbər sübutlarla tam təkzib olunduğundan, eləcə də, şahidin təqsirləndirilənin anası olduğu üçün oğlunu məsuliyyətdən yayındırmaq məqsədi güdməsi ilə əlaqələndirərək, sübut kimi qəbul etmir və bu ifadəni təqsirləndirilənin müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizəsi baxımından yanlış təqdim etməsi kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, yuxarıda qeyd olunanlardan başqa, ondan aşkar olunan narkotik vasitələrin həşiş qatranı, qurudulmuş marixuana, metadon, psixotrop maddə metamfetamin kimi müxtəlif növlərdə olması, həmin narkotik vasitələr və psixotrop maddənin çəkiləri onlara münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 31, 32.2, 34.2-ci maddələrinə əsasən, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Məcəllənin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri ondan ibarətdir ki, əvvəla, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi isə cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etdiklərini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Qanunun ümumilikdə mənasına görə, qeyd olunan cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, həmin Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən "qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarın 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 960-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 56 və 146-cı bəndlərinə əsasən həşiş, həşiş qatranı, həşiş yağı və marixuana (kannabis) dövriyyəsi qadağan edilmiş, İİ Siyahısının 1-ci hissəsinin 6-cı bəndinə əsasən metadon dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələrdir; İ Siyahısının 2-ci hissəsinin 27-ci bəndinə əsasən metamfetamin dövriyyəsi qadağan olunmuş psixotrop maddədir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 86-ci bəndinə əsasən 40 qramdan 4.000 qramadək çəkidə narkotik vasitə həşiş qatranı, 109.1ci bəndinə əsasən təmiz halda 500 qramdan 50.000 qramadək çəkidə qurudulmuş marixuana; 111-ci bəndinə əsasən təmiz halda 1,6 qramdan 160 qramadək çəkidə metadon, İİ Siyahısının 118-ci bəndinə əsasən təmiz halda 2 qramdan 400 qramadək çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edirlər. Məhkəmə hazırki işin faktiki hallarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-ci fəslində göstərilən normalar, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli, o cümlədən, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli Qərarlarının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə dair hissələrini tənzimləyən müddəaları ilə əlaqəli şəkildə təhlil edərək, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində ondan aşkar olunan narkotik vasitələri və psixotrop maddəni götürmək üçün 2025-ci il mart ayının 17-də “Araz” adlı iranlı ilə əlaqə saxladıqdan sonra evdən çıxaraq Cəlilabad rayonunun Uzuntəpə kəndinin ərazisinə getməsinə dair xüsusatın istifadəsində olan mobil nömrənin anten məlumatları, mobil telefonundakı məlumatlarla (səsli və mətnli yazışmalar) təsdiq olunması, təqsirləndirilən şəxsin narkotik vasitəni iranlının dediyi yerə qoymağa görə ona pul verəcəyini vəd etməsi müqabilində razılaşması, onların artıq qabaqcadan əlbir olaraq cinayət barədə razılığa gəlmələrinə, təqsirləndirilən şəxsin həm şəxsi marağı (iranlının göndərdiyi narkotik vasitənin bir hissəsini şəxsi istifadəsi üçün götürməsi), həm də mənfəət əldə etməsi (iranlının ona göndərdiyi narkotiki dediyi yerdən götürüb deyəcəyi yerə qoyduğu təqdirdə pul vəd etməsi) müqabilində iranlı ilə əlbir olmasına dəlalət edir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayətin digər şəxslə qabaqcadan əlbir olaraq törədilməsi məsələlərinin həlli zamanı “digər şəxsin” şəxsiyyətinin konkret olaraq bəlli olmaması halı əməlin tövsüfi üçün əhəmiyyət kəsb etmir. Analoji ittihamların təsdiqi üçün “digər şəxsin” cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri əvvəlcədən əlbir olmaqla icra (qismən icra) etməsi kifayətdir və konkret halda, məhkəmə iclasında tədqiq edilmiş sübutlar “digər şəxs”in təqsirləndirilən şəxslə qabaqcadan əlbir olmaqla cinayətin obyektiv cəhətini təşkil edən müəyyən hərəkətləri icra etməsi təsdiq olunduğundan təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham əsaslı hesab edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edərək qiymətləndirmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici izahat, habelə şahid qismində dindirilmiş Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının ifadələri ilə yanaşı, keçirilmiş əməliyyat-axtarış, həmçinin istintaq hərəkətləri nəticəsində tərtib olunmuş protokollar və həmin protokollara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, əməliyyatçının isifadəsində olan mobil telefon nömrəsinin anten dairəsi məlumatları, maddi sübutlar, ekspert rəyləri və digər sənədlər, yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə də ittiham elan edilmiş, lakin dövlət ittihamçısı çıxışında Ruslanın əməlində həmin maddədə nəzərdə tutulan cinayət tərkibinin sübuta yetirilməməsi əsası ilə ittihamdan imtina etmiş və məhkəmənin qərarı ilə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin sözügedən maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Cinayət-Prosessual Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir, əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1 və 9.2-ci maddələrinə əsasən, Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət-hüququ nəzəriyyəsinə görə ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəliliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs atasının 3-cü qrup müddətsiz əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməllərində cinayətlərin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən (cinayətin residivinin olması) əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinərək məhkum edildiyi azadlığın məhdudlaşdırılması cəzasının həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə çəkilməmiş müddəti 1 (bir) il 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edildiyi cəzasının 5 (beş) ay 20 (iyirmi) gün hissəsi Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə, yəni hökmlərin məcmusu qaydasında hazırki hökmlə ona təyin ediləcək cəza ilə qismən birləşdirilməklə, üzərində qəti cəza müəyyənləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6 və 76.6.3-cü maddələrinə əsasən, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsində göstərilmişdir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.4-cü maddənin tələbinə görə hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur, eyni zamanda onun əməllərində cinayətin residivi müəyyən olunmuşdur. 56.1.3-cü maddənin tələbinə görə cinayətin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Bu mənada, məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkiləri 58,383 qram olan psixotrop maddə metamfetamin, 2039,9 qram narkotik vasitə həşiş qatranı, 6989,6 qram narkotik vasitə qurudulmuş marixuana, 90 ədəd narkotik vasitə metadon həbi və üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd kağız borucuq məhv edilməli; cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A55 5G”, “Nokia 105” markalı mobil telefonlar onun yaxın qohumuna qaytarılmalı; “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” xx.xx.2025-ci il, “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” haqqında xx.xx.2025-ci il tarixli protokollara əlavə edilmiş DVD disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, həmin disklər iş materiallarında saxlanılmalıdırlar. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi olmadığına görə məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmənin ilkin mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 130 (bir yüz otuz) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq hərəkətlərinin faktiki məhdudlaşdırıldığı vaxtdan şübhəli şəxs qismində tutulanadək, həmçinin tutulduğu, habelə həbsdə saxlanıldığı ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 17 mart 2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinərək məhkum edildiyi azadlığın məhdudlaşdırılması cəzasının həmin məhkəmənin xx.xx.2024cü il tarixli qərarı ilə çəkilməmiş müddəti 1 (bir) il 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edildiyi cəzasının 5 (beş) ay 20 (iyirmi) gün hissəsi Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə, yəni hökmlərin məcmusu qaydasında hazırki hökmlə ona təyin edilən cəza ilə qismən birləşdirilsin və o, qəti olaraq 9 (doqquz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 130 (bir yüz otuz) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkiləri 58,383 qram olan psixotrop maddə metamfetamin, 2039,9 qram narkotik vasitə həşiş qatranı, 6989,6 qram narkotik vasitə qurudulmuş marixuana, 90 ədəd narkotik vasitə metadon həbi və üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd kağız borucuq məhv edilsin; cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A55 5G”, “Nokia 105” markalı mobil telefonlar onun yaxın qohumuna qaytarılsın; “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” xx.xx.2025-ci il, “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” haqqında xx.xx.2025-ci il tarixli protokollara əlavə edilmiş DVD disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disklər iş materiallarında saxlanılsınlar. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar