Məhkəmə qərarları › İş №1(099)-365/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-365/2022

01.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-365/2022 01.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X6 oğlunun sədrliyi ilə, hakimlər – X4 və X2 ibarət tərkibdə, Allahverdiyev Elçin Sərhəng oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər: Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, 26 avqust 1995-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, Cəlilabad rayonu Alar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və xx xxxx 1983-cü ildə Biləsuvar rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Biləsuvar rayon məhkəməsinin 25 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbvaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək 01 il, 11 ay, 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə cəza çəkən, Biləsuvar şəhəri, H.Əliyev prospekti, ev 14, mənzil 7-də qeydiyyatda olmaqla, Biləsuvar şəhəri, şəhid Pərvin Əliyev küçəsi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 18 yanvar 2022-ci il tarixdə saat 15:30 radələrində tanışı Təqsirləndirilən şəxs2 yaşadığı Biləsuvar şəhəri, şəhid Pərvin Əliyev küçəsində yerləşən evinin həyətində sonuncudan qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq - 0,891 qram çəkidə narkotik vasitə heroini və təsiredici maddəsinin miqdarı 0,04 qram olan bir həb narkotik vasitə metadonu 35 (otuz beş) manata əldə edib, üzərində saxlayaraq daşımış, daxil olmuş məlumat əsasında Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 19 yanvar 2022-ci il tarixdə saat 22:05 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində, «Mədəniyyət Mərkəzi» inzibati binasının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki gödəkcənin sağ yan cibindən ayrı-ayrılıqda çəkiləri 0,03 qram, 0,025 qram, 0,024 qram, 0,022 qram, 0,79 qram olmaqla beş ədəd bükümdə ümumi təmiz çəkisi 0,891 qram narkotik vasitə heroin, habelə təsiredici maddəsinin miqdarı 0,04 qram olan bir həb narkotik vasitə metadon aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,891 qram çəkidə narkotik vasitə heroini və təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən 1 (bir) ədəd narkotik vasitə metadon həbini əldə edib, özündə saxlayaraq daşımış, 18 yanvar 2022-ci il tarixdə saat 15:30 radələrində yaşadığı Biləsuvar şəhəri, şəhid Pərvin Əliyev küçəsində yerləşən evinin həyətində həmin narkotik vasitələri Təqsirləndirilən şəxs1 35 (otuz beş) manata satmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib, özündə saxlayaraq daşıdığı külli miqdarda 6,301 qram çəkidə narkotik vasitə heroin və təsiredici maddəsinin miqdarı 0,08 qram təşkil edən 2 (iki) ədəd narkotik vasitə metadon həbi 24 yanvar 2022-ci il tarixdə saat 16:20 radələrində yaşadığı Biləsuvar şəhəri, şəhid Pərvin Əliyev küçəsində yerləşən evinə keçirilən axtarış zamanı evin giriş qapısının qarşısında, həyətə tərəfə olan pilləkəndə stolun üzərinə qoyulmuş istifadəyə yararsız paltaryuyan maşının altından aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, o, bir ildən artıq müddətdə narkotik vasitə olan heroin qəbul etmiş, son 5-6 ayda bir neçə dəfə, dəqiq tarixini bilmədiyim vaxtlarda Biləsuvar şəhər sakini Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin alaraq istifadə etmişdir. Sonuncu dəfə 18 yanvar 2022-ci il tarixdə günortadan sonra İradəyə zəng edib ondan heroin istəmiş, İradə razılıq verdikdən sonra onun yaşadığı ünvana getmiş, həyətdə onunla görüşərək 35 manat pul verərək təxminən bir qram narkotik vasitə heroin və bir ədəd narkotik vasitə metadon dərman həbini alıb getmişdir. Həmin naroktik vasitə heroinin bir qismini sonradan özü istifadə etmiş, qalanını isə xırda-xırda hissələrə bölüb ayrı-ayrılıqda siqaret kağızına bükmüşdür.Həmin bükümləri və metadon həbini bir ədəd sellofana büküb üzərində saxlamışdır ki, arabir istifadə etsin. 19 yanvar 2022-ci il tarixdə gecə Biləsuvar şəhərində piyada gedərkən polis əməkdaşları onu saxlayıb rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə onun üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış həyata keçirilmiş və əynindəki gödəkçənin sağ yan cibində saxladığı, içərisində narkotik vasitə olan bükümlərin olduğu bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə olduğunu və onu Biləsuvar şəhər sakini İradədən öz şəxsi istifadəsi üçün alıb üzərində saxladığını demişdir. Həmin sellofan büküm açılıb baxılmış və içərisində 5 ədəd balaca bükümlərdə narkotik vasitə heroin və bir ədəd metadon həbi olduğu məlum olmuşdur. O, daha sonra etdiyi əməlindən peşman olduğunu bildirərək ona güzəşt edilib yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilmədiyini, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini bildirərək öz ifadəsində göstərmişdir ki, o, psixotrop maddə metamfetamindən istifadə etmiş, amma evimin giriş qapısından sağ tərəfdə stolun üzərinə qoyulmuş köhnə paltaryuyan maşının altından tapılan 4 (dörd) ədəd sellofan kəsiyi bükümlərdə olan heroin və 2 (iki) ədəd həblər onun olmamışdır. Həmin narkotik vasitədən xəbəri yoxdur, O, heç kimə, həmçinin Təqsirləndirilən şəxs1 narkotik vasitə satmamışdır.2019-cu ildən sonra metamfetamin istifadə etmiş, üzərindən polis şöbəsində metamfetamin çıxdığına görə Biləsuvar rayon məhkəməsinin 25 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Evindən çıxan narkotik vasitə ona məxsus olmamış, onu kimin paltaryuyan maşının altına qoyduğunu bilmir, özünü narkotik vasitə stifadəçisi olduğuna görə təqsirli bilir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə tərəfindən müəyyən olunmuş törətdiyi cinayət əməllərinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq müəyyən olunmuş hallar üzrə həmin ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri Təqsirləndirilən şəxs1 etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Biləsuvar RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələrin və psixotrop maddələrin olması barədə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 19 yanvar 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul etmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. 19 yanvar 2022-ci il tarixdə saat 22:00 radələrində Təqsirləndirilən şəxs1 Biləsuvar şəhərində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, yəni özü könüllü olaraq etirazı olmadan polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs1 üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış həyata keçirilmiş, şəxsi axtarış zamanı o, əynindəki gödəkcənin sağ yan cibindən sellofana bükülmüş bir ədəd bükülünü təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 30 manata İradə adlı şəxsdən şəxsi istifadəsi üçün alaraq üzərində saxlaşdığını bildirmişdir. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş, sellofanın içərisində iki bükülü olmuş, bir bükülü açıldıqda içərisindən altı ədəd siqaret kağızına bükülmüş bükülülər aşkar edilmiş, bükülülərin hər biri açılıb baxılmış, bir bükülünün içərisindən heç nə aşkar edilməsə də digər bükülülərin hər biri açılıb baxıldıqda içərilərindən narkotik maddələr aşkar olunmuşdur. O, Təqsirləndirilən şəxs2 evində aparılan axtarışda iştirak etməmiş, Təqsirləndirilən şəxs1 saxlanılarkən polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda məlumatlar olmuş, lakin əsaslı fakt olmadığından əvvəllər tədbir keçirib yaxalaya bilməmişlər, Təqsirləndirilən şəxs1 polis şöbəsində üzərinə baxış keçirilərkən narkotik vasitəni İradədən aldığını bildirmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Biləsuvar RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 19 yanvar 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında Şahid2 tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. O, həmin əməliyyat qrupunun üzvü olmuş, 19 yanvar 2022-ci il tarixdə saat 22:05 radələrində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs1 Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Mədəniyyət Mərkəzinin inzibati binasının yaxınlığında piyada hərəkətdə olan vaxt saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, onun üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış həyata keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki gödəkcənin sağ yan cibindən sellofana bükülmüş bir ədəd bükülünü təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni İradə adlı şəxsdən şəxsi istifadəsi üçün alaraq üzərində saxlaşdığını bildirmişdir. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş, sellofanın içərisində iki bükülü olmuş. bir bükülü açıldıqda içərisindən altı ədəd siqaret kağızına bükülmüş bükülülər aşkar edilmiş, bükülülərin hər biri açılıb baxıldıqda bir bükülünün içərisindən heç nə aşkar edilməsə də digər bükülülərin hər biri açılıb baxıldıqda içərilərindən narkotik maddələr aşkar olunmuşdur. Sonra 24 yanvar 2022-ci il tarixdə saat 16:20 radələrində Təqsirləndirilən şəxs1 narkotik vasitəni satmaqda şübhəli olan Təqsirləndirilən şəxs2 yaşadığı Biləsuvar şəhərindəki evi və həmin evin həyətindəki yardımçı tikililərdə axtarış keçirilmiş, axtarış zamanı müdafiəçi iştirak etmiş və videoçəkilişdən istifadə edilmiş, axtarış zamanı köhnə paltaryuyan maşını qaldırarkən müstəntiq tərəfindən həmin maşının altından dörd ədəd sellofan kəsiyi bükümü və iki ədəd həblər aşkar edilərək götürüldü. Dörd ədəd sellofan kəsiyi bükümləri açılaraq baxış keçirildikdə həmin bükülülərin hər birində narkotik vasitə heroinə bənzər maddələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 həmin vaxt aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını bildirmiş, evdə axtarış aparılmasına etiraz etməmişdir, Təqsirləndirilən şəxs2 narkotik maddələr satışı ilə məşğul olması barədə onlara məlumatlar daxil olmuş, ancaq əvvəllər tutulması üçün fakt olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, o, 24 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitəni satmaqda şübhəli olan Təqsirləndirilən şəxs2 yaşadığı Biləsuvar şəhərindəki evi və həmin evin həyətindəki yardımçı tikililərdə axtarış keçirilməsində iştirak etmiş, axtarış zamanı müdafiəçi iştirak etmiş və videoçəkilişdən istifadə edilmiş, axtarış zamanı evin giriş qapısından sağ tərəfdə stolun üzərinə qoyulmuş köhnə paltaryuyan maşını qaldırarkən müstəntiq tərəfindən həmin maşının altından dörd ədəd sellofan kəsiyi bükümü və iki ədəd həblər aşkar edilərək götürülmüş, dörd ədəd sellofan kəsiyi bükümləri açılaraq baxış keçirildikdə həmin bükülülərin hər birində narkotik vasitə heroinə bənzər maddələrin olması müəyyən edilmişdir. O, Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etməmiş, Təqsirləndirilən şəxs2 evində axtarış keçirilərkən o, evdə tək olmuş, həmin vaxt Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Şəxsi axtarış keçirilməsi barədə 19 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, araşdırma zərurəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və psixotrop maddə olması şübhəsi yarandığından videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki gödəkçənin sağ yan cibindən narkotik vasitə olan bükümlərin olduğu bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə vardır, həmin narkotik vasitəni Biləsuvar şəhər sakini İradə adlı qadından öz şəxsi istifadəsi üçün alıb üzərində saxlamışdır. Həmin sellofan büküm açılıb baxılmış, içərisində ayrı-ayrılıqda, cəmi 6 (altı) ədəd balaca bükümlərdə narkotik vasitə heroin və bir ədəd metadon həbi olduğu məlum olmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də başqa heç nə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş evə axtarış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 24 yanvar 2022-ci il tarixli protokoldan görünür ki,Təqsirləndirilən şəxs2 Biləsuvar şəhəri, şəhid Pərvin Əliyev küçəsində yerləşən yaşadığı evə videoçəkiliş aparılmaqla axtarış həyata keçirilmişdir. Axtarış zamanı evin giriş qapısından sağ tərəfdə stolun üzərinə qoyulmuş köhnə paltaryuyan maşını qaldırarkən həmin maşının altından dörd ədəd sellofan kəsiyi bükümü və iki ədəd üzərində «Faran» sözləri yazılmış həblər aşkar edilərək götürülmüşdür. 4 (dörd) ədəd sellofan kəsiyi bükümlərinə açılaraq baxış keçirildikdə həmin bükülülərin hər birində narkotik vasitə heroinə bənzər maddələrin olması müəyyən edilmişdir. Həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdə müvafiq olaraq birinci bükümün 2,0 qram, ikinci bükümün 1,49 qram, üçüncü bükümün 2,54 qram, dördüncü bükümün 1,47 qram çəkilərdə olmaları müəyyənləşdirilmişdir. Bundan başqa aşkar edilərək götürülmüş 2 (iki) ədəd həblər də elektron tərəzidə çəkilərkən müəyyən olunmuşdur ki, birinci həb 0,67 qram, ikinci həb isə 0,69 qram çəkidədir. Bundan sonra aşkar edilərək götürülmüş narkotik vasitələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.Evə axtarış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin X3 20 yanvar 2022-ci il tarixli 19/78 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bükülülər...» sözlər və imzalar olan bir ədəd paketdəki, 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri:-0,03 qram, -0,025 qram, -0,024 qram, -0,022 qram, -0,79 qram; ümumi təmiz çəkisi-0,891 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər və 01 ədəd qəhvəyi rəngli həb metafondur və həbin təsiredici maddəsinin miqdarı -0,04 qramdır (bir həbdə 0,04 qr). Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına» daxildir. (Siyahı İ) Metadon «Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra № 6) daxildir. Qeyd edilən tədqiqata təqdim edilmiş 0,891 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı 0,791 qram qalığı, bir ədəd metadon həbinin tədqiqatdan sonrakı 0,5 ədəd qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin X3 25 yanvar 2022-ci il tarixli 19/96 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər 04 ədəd büküm...» sözlər və imzalar olan 1 (bir) ədəd zərfdəki, 04 (dörd) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-1,158 qram, 1,586 qram, 2,222 qram, 1,335 qram, ümumi təmiz çəkisi 6,301 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkibinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş üzərində «Faran» sözləri yazılmış həblər...» sözlər və imzalar olan 1 (bir) ədəd zərfdəki, 02 (iki) ədəd qəhvəyi rəngli həblər metadondurlar, xarici görünüşlərinə və kimyəvi tərkibinə görə bir-biriləri ilə eynidirlər və həblərin təsiredici maddəsinin miqdarı 0,08 qramdır (bir həbdə 0,04). Tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər 04 ədəd büküm...» sözlər və imzalar olan 1 (bir) ədəd zərfdəki, 04 (dörd) büküm heroinlər ilə üzərində «Təqsirləndirilən şəxs1 məxsus 5 (beş) büküm heroinlər 01 (bir) ədəd metadon Rəy №19/78...» sözlər və imzalar olan 1 (bir) ədəd zərfdəki 0,5 ədəd metadon xarici görünüşünə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına» daxildir. (Siyahı İ) Metadon «Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra № 6) daxildir. Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş 6,301 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı 6,181 qram qalığı, 2 (iki) ədəd metadon həbinin tədqiqatdan sonrakı 1 (bir) ədəd qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus «ZTE» markalı telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlara baxış protokolundan görünür ki, həmin telefonun yaddaş kitabçasında Təqsirləndirilən şəxs2 istifadəsində olan +994 51-504-62-14 nömrəsi qeyd edilmişdir. Təqsirləndirilən şəxs2 həmin telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında 18 yanvar 2022-ci il tarixdə saat 14:50 dəqiqədən başlayaraq 15:33 dəqiqəyə qədər ümumilikdə 8 (səkkiz) dəfə zəng qarşılıqlı zənglər olunaraq danışıqlar aparılmışdır.Telefonun «Whatsapp» proqramına baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 istifadəsində olan +994 51-504-62-14 nömrəsi qarşılıqlı olaraq aşağıdakı səsli mesajların göndərmələri müəyyən olunmuşdur: Təqsirləndirilən şəxs1: Neynisən, axşamın xeyir, neynədin, nə iş gördün? (səsli mesaj) Təqsirləndirilən şəxs2: Heç bir şey,nağayraq. (səsli mesaj) Təqsirləndirilən şəxs1: Neynədin, pulu düzəldib verə bildin yoxsa yox, noldu? Düzələr inşallah, borcululara zəng vur da, bir-bir zəng vur deynən ki, pulumu verin, hərəniz əlli manat, yüz manat köməklik eləyin də, nolar ki, zəng vur da, zəng vur, hamıya zəng vur. Yenə dəftərdə bir-bir bax deynən ki, adama əlli manat, qırx manat, yüz manat, nə bilim nə gücü çatırsa gətirin köməklik eləyin vəziyyətdən çıxım. Nədi iyirmi nəfərə adama əlli manatdan versə elə düzəlir də, kimin tövbə eliyirsən elə, məni o sıraya qatma,özün bilirsən məndə yalan yoxdu, indi görüm yarım saata, qırx dəqiqəyə pul verməlidirlər, əlli manat, altmış manat mən sənə verərəm, pul gözdüyürəm mən də, paltar alacam. 150-200 manat pul verməlidilər mənə. Verməlidilər deyəndə atam verəcək də bir azdan, ancaq əlli manat altmış manat sənə köməklik eləyərəm, amma məni o sıraya qatma. Tövbə deyirsən nə deyirsən, məni o sıraya qatma xahiş edirəm, maraqlanım görüm hələ neyləmək olar. (səsli mesaj) Təqsirləndirilən şəxs2: Sənə qurban bir maraqlan da, başına dönüm, başqa yerdən min tapa bilsəm, yəni ki, gətirdim verdim, bağlayıram borcu, sərbəstliyə çıxım, qalmışam belə, inşallah atan pul verər gətirib sən də verərəsən mənə, allah böyükdü. Vəziyyətim bildiyin kimi deyil, allah haqqı deli olmuşam ee. Görək nolacaq, qalmışam belə. Bir maraqlan da səndə faizə, yəni bir aylıq iki min, mən onu bir ay yox ee, on günə ödəyəcəm. adı bir ay getsin də, başa düşdün. (səsli mesaj) Təqsirləndirilən şəxs1: Narahat olma, bir-iki adam var əlaqə saxlayaram, görüm hələ neynəmək olar. (səsli mesaj) Təqsirləndirilən şəxs2: Yaxşı qadası, yaxşı səndən xəbər gözlüyürəm. Bir dənə iş kartı, bir dənə pensiya kartı, bir dənə də evin sənədidi, lap bir aya, iki aya iki min mənə versin, 2000-2500, 3000. Mən onu bir aya gözlətmiyəcəm, faizi nədisə artıqlaması ilə ödəcəyəcəm, maraqlan qurban olum sənə, vəziyyətim yəni bildiyin kimi deyil. (səsli mesaj. Bu barədə müvafiq qaydada protokol tərtib edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Ambulator məhkəmə-narkoloji ekspertizasının 21 yanvar 2022-ci il tarixli 69 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Ambulator məhkəmə-narkoloji ekspertizasının 26 yanvar 2022-ci il tarixli 94 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən toksikomaniya xəstəliyi aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 Biləsuvar rayon məhkəməsinin 25 yanvar 2022-ci il tarixli hökmü ilə 01 (bir) il 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda cəza çəkir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 31 yanvar 2022-ci il tarixli 240 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 rayon mərkəzi xəstəxanasının Poliklinika şöbəsinin Psixonevroloji kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materillarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. Cinayət işinin materillarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilənin etirafedici ifadəsi, şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs1 istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edib hərəkətindən səmimi peşman olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilmədi) halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə narkoloji ekspertizasıının rəyinə əsasən Təqsirləndirilən şəxs1 yaşadığı ərazi narkoloji kabinetində qeydiyyata alınmaqla Azərbaycan Respublikası CM-nin 93.1.2ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 haqqında olan hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə hüquqi qiymət verilərkən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, həmin Məcəllənin 234.4.2-ci maddəsi ilə isə düzgün tövsif edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5-ci maddəsində isə qeyd olunur ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Cinayət qanununun analoqiya üzrə tətbiqinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə, cinayət qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan şərhinə əsaslanaraq Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlinə hüquqi qiymət verərkən hesab edir ki, onun törətmiş olduğu cinayət əməli yalnız Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkibini yaradır. Ona görə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi il verilmiş ittiham ittihamdan xaric edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 18 yanvar 2022-ci il tarixdə saat 15:30 radələrində yaşadığı Biləsuvar şəhəri, şəhid Pərvin Əliyev küçəsində yerləşən evinin həyətində Təqsirləndirilən şəxs1 35 (otuz beş) manata satdığı və 24 yanvar 2022-ci il tarixdə saat 16:20 radələrində yaşadığı Biləsuvar şəhəri, şəhid Pərvin Əliyev küçəsində yerləşən evinə keçirilən axtarış zamanı evin giriş qapısının qarşısında, həyətə tərəfə olan pilləkəndə stolun üzərinə qoyulmuş istifadəyə yararsız paltaryuyan maşının altından aşkar edilərək götürülmüş narkotik vasitə heroin və metadon həbləri eyni tərkiblidirlər və onların Təqsirləndirilən şəxs2 tərəfindən təkrarən əldə edilib, özündə saxlayaraq daşıması barədə hər hansı bir sübut aşkar olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə verilmiş ittihamın xaric edilməsini təklif etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli Qərarının 3-cü hissəsində göstərilir ki, məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının təklifində irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətmiş olduğu əməl yalnız Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqında tədqiq edilmiş sübutlar:Təqsirləndirilən şəxs1 etirafedici ifadəsi, şahidlərin ifadələri, həmçinin işin digər obyektiv halları həmin cinayət əməlinin məhz Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsini tam təsdiq edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanı yüngülləşdirən hal müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 18.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlləri cinayətlərin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmadığını və cəzanı ağırlaşdıran halı, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 oğlunun cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi narkoloji kabinetində qeydiyyata alınmaqla ona Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Biləsuvar rayon polis şöbəsində saxlanılan 0,761 qram çəkidə narkotik vasitə heroinin, 6,181 qram çəkidə narkotik vasitə heroinin, 1,25 qram çəkidə narkotik vasitə metadon həblərinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus bir ədəd «ZTE» markalı mobil telefonun hökm qanuni qüvvəyə mindikdən sonra onun özünə qaytarılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertiza xərci olan xərci olan cəmi 130 (yüz otuz) manat təqsirləndirilən şəxslərdən, yəni 65 manat Təqsirləndirilən şəxs1 və 65 manat Təqsirləndirilən şəxs2 alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, hərbi məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 üzərinə Cəlilabad rayonu ərazisi hüdudlarını tərk etməmək, yaşadığı Cəlilabad rayonu Alar kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri və kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi narkoloji kabinetində qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 qızna qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5 və 66.3-cü maddələrinə əsasən hazırki hökmlə təyin olunmuş cəza Biləsuvar Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs2 qəti cəza 10 (on) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli 25 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi narkoloji kabinetində qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 hal-hazırda cəza çəkməsi ilə əlaqədar həbsdə olması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan cəmi 130 (yüz otuz) manat təqsirləndirilən şəxslərdən, yəni 65 manat Təqsirləndirilən şəxs1 və 65 manat Təqsirləndirilən şəxs2 alınaraq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar rayon polis şöbəsində saxlanılan 0,761 qram çəkidə narkotik vasitə heroin, 6,181 qram çəkidə narkotik vasitə heroin, 1,25 qram çəkidə narkotik vasitə metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus bir ədəd «ZTE» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun özünə qaytarılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.Təqsirləndirilən şəxs2 münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar