Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-365/2024 01.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X1 (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət tərkibdə, Elbrus Əlisahib oğlu Mikayılovun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə proses tərəflərindən məhkəməyə təqdim olunmuş vəsatətlərə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 09 yanvar 2024-cü il tarixli, 1(106)-20/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 may 2023-cü il tarixli, 1(099)-307/2023 nömrəli hökmü və təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışı iclasının təyin edilməsi barədə 29 mart 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ləğv edilmiş, cinayət işi yenidən baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılmış və iş 24 yanvar 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Həmin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası 01 fevral 2024-cü il tarixə təyin edilmiş, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması üçün ilkin dinləmələr aparılmışdır. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı2 cinayət prosesi iştirakçılarına çıxışının məzmununu elan edib, məhkəməyə təqdim edərək, vəsatətdə göstərdiklərinə görə cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs müdafiə hüquqlarının pozulmasını və bunun da məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsini qeyri-mümkün etdiyini, ona görə də, məhkəmədən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməklə, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Bundan başqa təqsirləndirilən şəxsin vəkili Müdafiəçi2 məhkəməyə vəsatət təqdim edərək, həmin vəsatətdə qeyd etdiklərinə əsasən, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində Lənkəran Rayon Məhkəməsi tərəfindən 12 may 2022-ci il tarixli, 4(049)-175/2022 saylı qərarla seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəməyə təqdim olunmuş hər iki vəsatət ayrı-ayrılıqda müzakirəyə çıxarılmışdır. Müdafiəçi2 dövlət ittihamçısının məhkəməyə təqdim etdiyi vəsatətin cinayət işinin materiallarına əlavə edilməsinə etiraz etmədiyini, təmini məsələsinə gəlincə cinayət işinin materiallarının baxılmasına hansı əsaslarla xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora hansı əsaslarla qaytarılması tam olaraq izah edilmədiyindən, bununla da əsassız olduğuna görə təmin edilməməsini, bundan başqa, vəsatətdə göstərilən məsələnin məhkəmədə aradan qaldırılmasını mümkün hesab etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həm dövlət ittihamçısı, həm də müdafiəçinin məhkəməyə təqdim etdikləri vəsatətlərlə bağlı sonuncu ilə həmfikir olduğunu bildirmişdir. Dövlət ittihamçısı2 müdafiəçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin dəyişdirilməsinə dair məhkəməyə təqdim etdiyi vəsatətin cinayət işinin materiallarına əlavə edilməsinə etiraz etmədiyini, lakin əsaslı hesab etmədiyindən təmin olunmamasını xahiş etmişdir. Məhkəmə heyəti proses iştirakçılarının fikirlərini dinləyib, iş materiallarını nəzərdən keçirərək, qanunvericiliyin tələblərini rəhbər tutaraq belə qənaətə gəlmişdir ki, məhkəməyə təqdim olunmuş vəsatətlərdən dövlət ittihamçısının vəsatəti təmin olunmaqla, müdafiəçinin vəsatəti isə rədd edilməklə, hər iki vəsatət cinayət işinin materiallarına əlavə olunmalı, habelə Cinayət-Prosessual Məcəllənin tələblərinin kobud pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı X4 barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən, cinayət mühakimə icraatının əsas prinsipləri cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən etmək, insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin etmək, hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən etməkdən ibarətdir. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Məhkəmə heyəti Cinayət-Prosessual Məcəllənin yuxarıda göstərilən müddəasının tələbləri baxımından hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən cinayət prosesinin prinsipləri və şərtləri pozulmuşdur, buna görə də, hazırki cinayət işi üzrə başa çatmış icraat etibarsız sayılmalı, iş üzrə qəbul edilmiş yekun qararlar ləğv edilməlidir. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 299-cu maddəsinə görə məhkəmənin hazırlıq iclası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədilə ilkin dinlənilmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında müzakirə olunan məsələlər sırasında məhkəməyə daxil olmuş cinayət işi üzrə aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması və qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmamasının müəyyənləşdirilməsi yer alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 sentyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət- Prosessual Məcəllənin 299.1-ci maddəsinə müvafiq olaraq məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmçinin məhkəmənin hazırlıq iclası zamanı ittiham və müdafiə tərəflərinin məhkəmə baxışı zamanı təqdim etdikləri sübutların siyahısı barədə, məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi barədə məsələlər həll edilir (Cinayət-Prosessual Məcəlləsinin 299.4.2 və 299.4.3-cü maddələri). Bu mənada Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-cu maddəsinin məzmunundan göründüyü kimi, məhkəmənin hazırlıq iclasının mahiyyəti ondan ibarətdir ki, məhkəmə iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətlər etmədən və məhkəməyə verilmiş şəxsin təqsirlilik məsələsini həll etmədən, bu məsələlərin məhkəmə iclasında həll edilməsi üçün faktiki halların kifayət edib-etməməsi və məhkəmə baxışının təyin edilməsinin mümkün olub-olmaması ilə bağlı tərəflərin fikrini öyrənərək müəyyən nəticəyə gəlir. Məhkəmənin hazırlıq iclasının əhəmiyyəti isə ondan ibarət olur ki, məhz bu mərhələ faktiki halları tam şəkildə tədqiq edilməmiş işlərin, eləcə də prosessual qanunun kobud pozulmasına yol verilmiş işlərin məhkəmə baxışına verilməsinin qarşısının alınmasına təminat yaradır. Başqa sözlə, məhkəmənin hazırlıq iclası məhkəmə baxışı üçün zəruri şəraitin yaradılmasını, məhkəmə iclasının uğurla həyata keçirilməsini təmin edir. Həmin Məcəllənin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3 və 303.3.1-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Həmin Məcəllənin 91.5.1-ci maddəsinə əsasən, nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) təqsirləndirilən şəxsin hüququdur. Bu hüquqa müvafiq olaraq cinayət prosesini həyata keçirən orqan şəxsi təqsirləndirilən şəxs qismində cəlb edərkən onun nədə ittiham olunduğunu ona izah etməlidir. Təqsirləndirilən şəxsin hansı əməli törətməkdə təqsirləndirildiyi onun bu prosessual statusu qazanmasının rəsmiləşdirildiyi prosesssual sənəddə (təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda) öz əksini tapır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan sonra təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 224-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə ittiham elan edilir. Məhz ittiham elan edilərkən şəxsin nədə təqsirləndirildiyi ona müfəssəl şəkildə izah edilir. Təqsirləndirilən şəxsin nədə ittiham olunmasını dəqiqliyi ilə bilməsi onun öz müdafiəsini təşkil etməsində mühüm əhəmiyyətə malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Bu baxımdan cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il, “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X9 Federasiyasına qarşı” iş üzrə 18 fevral 2010-cu il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi, xüsusən də həmin maddənin 3-cü bəndi işlər birinci instansiya məhkəməsinə göndərilməzdən əvvəl o vaxt əhəmiyyət kəsb edə bilər ki, onun tələblərinin ilkin pozuntusu məhkəmə araşdırmasının ədalətliliyinə toxuna bilər. Həmin qərarda Avropa Məhkəməsi həmçinin, qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsi şəxslərə cinayət işləri üzrə ittiham elan edildiyi andan tətbiq edilməyə başlayır. Azərbaycan Resublikası Cinayət-Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən, ictimai ittiham və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar olmalıdır. Cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya media subyektinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər, əsas isə cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır. Həmin Məcəllənin 90.1 və 91.1-ci maddələrində qeyd olunur ki, ittiham elan olunması üçün barəsində tutulma haqqında qərar çıxarılmış, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş, haqqında həbs, girov və ya ev dustaqlığı istisna olmaqla, qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılmış şəxs şübhəli, müstəntiq, prokuror və ya məhkəmənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı fiziki şəxs isə təqsirləndirilən şəxs qismində tanınır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 25 yanvar 2022-ci il tarixli qərarından görünür ki, 02 yanvar 2022-ci il tarixdə, saat 10:30 radələrində Lənkəran rayonu ilə Lerik rayonu sərhəddində, Lənkəran rayonu, Təngivan kəndində istintaqa məlum olmayan səbəbdən Lerik rayonu, Piran kənd sakini Təqsirləndirilən şəxs ilə Astara rayonu, Pensər kənd sakini Zərərçəkmiş şəxs arasında baş verən dava-dalaş zamanı sonuncunun qarının qapalı travması, dalağın zədələnməsi və daxili qanaxma, sol Xİ qabırğanın sınığı, sağ əlin V barmağı nahiyəsində sıyrıq, döş qəfəsi nahiyəsində qançır kimi sağlamlığa ağır zərər vurmaya aid olan xəsarətlər alması faktı əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir (cild 01, i.v. 01). Cinayət işinin materiallarında olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 28 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə istintaq hərəkətlərinin keçirilməsi üçün onun həmin bölməyə məcburi qaydada gətirilməsi qərara alınmışdır (cild 01, i.v. 74). Cinayət işinin materiallarında olan Lənkəran Rayon İcra Hakimiyyəti Başçısının Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin m2/61 nömrəli, 07 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sorğu edilən vaxtda, yəni, 2022-ci ilin yanvar-fevral aylarında həmin ərazidə yaşamamışdır (cild 01, i.v. 85). Cinayət işinin materiallarında olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 01 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasında olması səbəbi ilə cinayət işi üzrə icraat dayandırılmışdır (cild 01, i.v. 97). Cinayət işinin materiallarında olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 01 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir (cild 01, i.v. 98). Cinayət işinin materiallarında olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 04 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmaqla, qərarın surətinin verilməsi qərara alınmışdır (cild 01, i.v. 99). Cinayət işinin materiallarında olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 01 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasında olduğundan cinayət işi üzrə icraat dayandırılmışdır (cild 01, i.v. 100). Cinayət işinin materiallarında olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 05 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmiş və istintaqı davam etdirilməsi üçün icraata qəbul edilmişdir (cild 01, i.v.101). Cinayət işinin materiallarında olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 05 may 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən və Rusiya Federasiyasında olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cild 01, iş vərəqi 102). Cinayət işinin materiallarında olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsi Cinayət- Axtarış Bölməsinin 05 may 2022-ci il tarixli raportundan görünür ki, ibtidai istintaqdan qəsdən yayındığı üçün haqqında müvafiq qərar qəbul edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış işi açılmışdır (cild 01, i.v. 103). Cinayət işinin materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 4(049)-175/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli tutulduğu gündən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 112-116). Cinayət işinin materiallarında olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 12 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasında olması səbəbi ilə cinayət işi üzrə icraat dayandırılmışdır (cild 01, i.v. 117). Cinayət işinin materiallarında olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsi Cinayət- Axtarış Bölməsinin 09 avqust 2022-ci il tarixli raportundan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs hadisədən sonra, yəni 05 yanvar 2022-ci il tarixdə, saat 08:48-də Azərbaycan Respublikası hüdudlarını tərk edib, Heydər Əliyev adına Beynəlxalq aeroportundan Rusiya Federasiyasının Moskva şəhərinə getmiş, tərəflərindən onun barəsində yerli, dövlətlərarası və beynəlxalq axtarış verilmişdir (cild 01, i.v. 119). Cinayət işinin materiallarında olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 10 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmiş və istintaqı davam etdirilməsi üçün icraata qəbul edilmişdir (cild 01, i.v. 120). Cinayət işinin materiallarında olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 10 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Moskva şəhərində olması səbəbi ilə cinayət işi üzrə icraat dayandırılmışdır (cild 01, i.v. 122). Cinayət işinin materiallarında olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 09 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmiş və istintaqı davam etdirilməsi üçün icraata qəbul edilmişdir (cild 01, i.v. 126). Cinayət işinin materiallarında olan Moskva Şəhər Troitskiy Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs saxlanılması qanuni və əsaslı hesab edilmişdir (cild 01, i.v. 136-138). Cinayət işinin materiallarında olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 2023-cü ilin fevral tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə onun əməli Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.2 və 126.2.4-cü maddələrinə tövsif edilməklə, ona bu maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (cild 01, i.v. 213). Cinayət işinin materiallarında olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 21 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur. (cild 01, i.v. 215-216). Cinayət işinin materiallarında olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin 21 fevral 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (cild 01, i.v. 226-236). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı X4 tərəfindən aparılaraq tamamlanmış, cinayət işi üzrə ittiham aktı 03 mart 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş Prokurorluğunun Lənkəran Rayon Prokuroru tərəfindən təsdiq edilərək, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (cild 01, i.v. 247-255; cild 02, i.v. 01). Beləliklə, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ilkin sübutların məcmusu ilə zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs 02 yanvar 2022-ci il tarixdə, saat 10 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X11 Təsərrüfatı Mərkəzi direkoturunun 20 dekabr 2021-ci il tarixli, 305 nömrəli əmri ilə yaradılmış Lerik meşəbəyliyinin 5, 14 və 15 saylı meşə dolaylarında meşələrin qorunub mühafizə edilməsi məqsədi ilə qəfləti yoxlama aparılmasından ötrü yaradılmış komissiyanın sədri, meşələrin qorunması və mühafizəsi üzrə baş mühəndis əvəzi Şahid1 göstərişi ilə sonuncu ilə birlikdə həmin əmrin icrası ilə əlaqədar yoxlama aparmaq üçün meşə ərazisinə getmiş, komissiyanın üzvü olan mərkəzin Astara meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində işləmiş Zərərçəkmiş şəxs Lerik meşəbəyliyinin 5, 14 və 15 saylı dolaylarında aparacağı yoxlamaya etiraz olaraq idarə etdiyi “VAZ2109” markalı avtomobillə qeyd olunan əraziyə gedərək, həmin vaxt Lənkəran-Lerik avtomobil yolunun hər iki rayonun sərhədinin yaxınlığında, Lənkəran rayonu, Təngivan kəndi ərazisinə düşən hissəsində Şahid1 məxsus “Niva” markalı avtomobildə əyləşmiş Zərərçəkmiş şəxs yaxınlaşaraq, Lerik rayonuna getməyə və orada meşələri yoxlamağa curətinin çatmadığını və buna istənilən formada mane olacağını inadkarlıqla bildirərək, onun xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, yəni qeyd olunan meşə dolaylarında mərkəzin direktorunun müvafiq əmri ilə yaradılmış komissiyanın sədri və üzləri ilə birlikdə aparacağı yoxlamadan ibarət yerinə yetirəcəyi həmin qanuni fəaliyyətə mane olmaq üçün əvvəllər aralarında heç bir qərəzli münasibət olmadığı halda, guya Lerik rayonu ərazisində yerləşən meşə dolaylarında ağacların qanunsuz kəsilməsi ilə bağlı müraciətlərinin nəticəsiz qaldığını bəhanə edərək, əslində heç bir səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına davranışı ilə açıq etinasızlıq göstərməklə və özünü ətrafdakılara qarşı qoymaqlaəlləri ilə Zərərçəkmiş şəxs yaxasından tutub onu iradəsinə zidd olaraq avtomobildən düşürərək yerə yıxdıqdan sonra qəsdən təpiklə sonuncunun döş qəfəsi, qarın və sağ əl nahiyələrinə bir neçə zərbə vuraraq, ona yetirildiyi anda insan həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid qarının qapalı küt travması, dalağın zədələnməsi və daxili qanaxma, sol Xİ qabırğanın sınığı, sağ əlin V barmağı nahiyəsində sıyrıq və döş qəfəsi nahiyəsində qançırdan ibarət xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar xuliqanlıq niyyətilə həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Cinayət işinin materiallarında olan Lənkəran Rayon Prokurorluğunun 03 mart 2023cü il tarixli, ********* nömrəli məktubundan və məhkəmə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuş və hakim Səfərli Cavid Şamil oğlunun icraatına verilmişdir (cild 02, i.v. 20). Cinayət işinin materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 may 2023-cü il tarixli, 1(099)-307/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələrindən həmin Məcəllənin 126.2.4-cü (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) bəndi itthamdan xaric edilmiş və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 02, i.v. 97-106). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun 27 oktyabr 2023-cü il tarixli məktubu və ona əlavə edilmiş vəsatətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunması barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 may 2023-cü il tarixli, 1(099)-307/2023 nömrəli hökmündən apellyasiya protestinin verilməsi müddətinin bərpa olunması və eyni tarixli apellyasiya protestində məhkəmənin sözü gedən hökmü, həmçinin 29 mart 2023-cü il tarixli hazırlıq iclası qərarının ləğv edilməsi, cinayət işinin birinci instansiya məhkəməsinə hazırlıq iclası mərhələsinə göndərilməsi xahiş olunmuşdur (cild 02, i.v. 278-288). Cinayət işinin materiallarında olan Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 09 yanvar 2024-cü il tarixli, 1(106)-20/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 may 2023-cü il tarixli, 1(099)-307/2023 saylı hökmü və təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışı iclasının təyin edilməsi barədə 29 mart 2023-cü il tarixli hazırlıq iclasının qərarı ləğv edilmiş və cinayət işi yenidən baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılmışdır (cild 02, iş vərəqi 302-305). Məhkəmədə tədqiq olunmuş cinayət işinin materiallarından göründüyü kimi Rusiya Fedarasiyasının ərazisizində tutulan və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işinin ibtidai araşdırması aparılan Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması məqsədi ilə Azərbaycan Respublikasına verilməsi məsələsinə baxılmasına dair Rusiya Fedarasiyasının Baş Prokurorluğuna sorğu edilmiş, həmin məktubda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına verilməsinə səbəb olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunacağı barədə zəmanət verilmiş, Rusiya Fedarasiyası Baş Prokurorluğunun 24 oktyabr 2022-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti təmin edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Rusiya Fedarasiyasının aidiyyatı qurumları tərəfindən Azərbaycan Respublikasına təhvil verilmişdir. Lakin, ibtidai istintaq orqanı tərəfindən razılığa gələn tərəf olan Rusiya Fedarasiyasının razılığı olmadan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə ittiham irəli sürməklə, dövlət ittihamını müdafiə edən prokuror tərəfindən doğru olmayaraq həmin ittiham müdafiə edilmiş, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsi ilə təqsirli bilərək ona cəza təyin etmiş və nəticədə cinayət qanununun norması düzgün tətbiq edilməməklə təqsirləndirilən şəxsin müdafiə hüququ kobud qaydada pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi üzrə icraat fəslində olan müddəalarında göstərilir ki, cinayət işlərinə dair hüquqi yardım və ekstradisiya məsələləri Azərbaycan Respublikasının Konstitusiyası, bu Məcəllə, "Cinayət işlərinə dair hüquqi yardım haqqında" və “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə tənzimlənir (488.1-ci maddə). Həmin Məcəllənin 489.1-ci maddəsinə əsasən, hüquqi yardım sorğu verildiyi zaman sorğu edən xarici dövlətin müvafiq səlahiyyətli orqanı tərəfindən istintaq edilən və ya məhkəmə baxışında olan cinayətlərlə bağlı müvafiq hərəkətlərin həyata keçirilməsindən ibarətdir. Həmin Məcəllənin 503-cü maddəsinin tələbinə görə cinayət təqibinin həyata keçirilməsi xahişi ilə rəsmi müraciətdə barəsində cinayət təqibinin həyata keçirilməsi xahiş olunan əməlin təfsiri göstərilməlidir. “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının 15 may 2001-ci il tarixli, 132-İİQ nömrəli Qanununun verilən şəxsin cinayət təqibinin hüdudlarından bəhs edən 4-cü maddəsinə əsasən, xarici dövlətin sorğusuna əsasən verilən şəxs yalnız onun verilməsinə əsas olan cinayətin törədilməsinə görə həmin dövlətin qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təqib edilə bilər. Verilən şəxs verilmədən əvvəl törətdiyi və verilməyə əsas olmayan cinayətə görə Azərbaycan Respublikasının səlahiyyətli orqanının razılığı olmadan məsuliyyətə cəlb oluna, yaxud üçüncü dövlətə verilə bilməz. Verilmə haqqında sorğuda nəzərdə tutulmayan əmələ görə şəxsin cinayət məsuliyyətinə cəlb olunmasına yalnız bu Qanunun 2-ci maddəsinin (ekstradisiyanın şərtləri:- xarici dövlət tərəfindən verilməsi sorğu edilən şəxs yalnız onun törətdiyi əməl Azərbaycan Respublikasının və sorğu edən dövlətin qanunvericiliyinə uyğun olaraq cinayət sayıldıqda və həmin əməlin törədilməsinə görə azı bir il azadlıqdan məhrumetmə cəzası, yaxud daha ağır cəza növü nəzərdə tutulduqda verilə bilər; törətdiyi cinayətə görə xarici dövlətin məhkəməsi tərəfindən azadlıqdan məhrumetmə cəzasına, yaxud daha ağır cəza növünə məhkum olunmuş şəxs cəzanın icrası üçün verilə bilər. Bu halda azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş müddəti altı aydan az ola bilməz; bir neçə cinayətə görə verilməsi sorğu edilən şəxs yalnız törədilməsinə görə nəzərdə tutulan cəzanın növü və həddi bu Qanunun 2.1-2.2-ci maddələrində cəzanın növü və müddəti ilə əlaqədar müəyyən edilmiş şərtlərə cavab verən cinayətə və ya cinayətlərə görə verilə bilər. Belə hallarda həmin şəxsə bu Qanunun 4-cü maddəsinin müddəaları şamil edilir) tələbləri nəzərə alınmaqla razılıq verilə bilər. Məhkəmənin göstərilənlərin nəticəsində gəldiyi qənaətə görə, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin müdafiə hüququnu kobud qaydada pozmuşdur, hansı ki, bu pozuntunun məhkəmədə aradan qaldırılması mümkün görünmür və belə olan halda cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.2-ci maddəsinə əsasən, cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi milli məhkəmələrə tövsiyə edir ki, aşağı məhkəmədə işə baxan hakim apardığı məhkəmə icraatının 6-cı maddəyə uyğunluğunu təmin etməyə görə cavabdehlik daşıdığı üçün yuxarı məhkəmənin onun səhvlərini düzəldəcəyinə arxayın olmamalıdır. Şərh edilənlərdən göründüyü kimi cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün kifayət qədər əsaslar var. Məhkəmə eyni zamanda, müdafiəçinin məhkəməyə hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına dair vəsatəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən, qətimkan tədbiri cinayət işi üzrə icraatda şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi ilə və bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulmuş hallarda onların barəsində seçilən prosessual məcburiyyət tədbiridir. Həmin Məcəllənin 155.1, 155.2 və 155.3-cü maddələrində göstərilir ki, qətimkan tədbirləri müvafiq təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən aşağıdakı hərəkətlərin edilməsi ehtimalına kifayət qədər əsas versin:- cinayət prosesini həyata keçirən orqandan gizlənmək; cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq; cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq; cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq; məhkəmə hökmünün icra edilməsinə maneə törətmək. Qətimkan tədbirinin seçilməsinin zəruriliyi və onlardan hansının konkret şübhəli və ya təqsirləndirilən şəxsə tətbiq edilməsi məsələsi həll edilərkən təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsə istinad edilən əməlin ağırlığını, xarakterini və törədilmə şəraitini; şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını və səhhətini, məşğuliyyət növünü, ailə, maddi və sosial vəziyyətini, o cümlədən himayəsində şəxslərin və daimi yaşayış yerinin olmasını; əvvəllər cinayətin törədilməsini və qətimkan tədbirinin seçilməsini; şübhəli və ya təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edib-etməməsini, cinayət nəticəsində vurulmuş ziyanın ödənilibödənilməməsini və digər əhəmiyyətli halları nəzərə almalıdır. Həbs qətimkan tədbiri yalnız aşağıdakı şəxsə tətbiq oluna bilər:- bu Məcəllənin 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq məqsədi ilə, 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə; cinayət prosesini həyata keçirən orqandan gizlənməsinin qarşısını almaq məqsədi ilə, 2 (iki) ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə; əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə. Həmin Məcəllənin qətimkan tədbirlərinin seçilməsinin ümumi qaydasından bəhs edən 156.1 və 156.2-ci maddələrinə görə qətimkan tədbirləri müvafiq olaraq təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qərarına əsasən seçilir. Qətimkan tədbirinin seçilməsi barədə qərarda şəxsin şübhəli bilindiyi və ya ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və müvafiq qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğuna dəlalət edən ilkin sübutlar göstərilməlidir. Həbs müstəntiqin vəsatəti əsasında və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı, habelə cinayət işinə baxan məhkəmənin öz təşəbbüsü ilə və yalnız məhkəmənin qərarına əsasən seçilə bilər. Beləliklə, məhkəmə müdafiəçinin yazılı vəsatəti ilə bağlı qeyd edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinin prosessual əsaslarının və məhz bu qətimkan tədbirinin seçilməsini zəruri edən halların aradan qalxması hazırda müəyyən edilmir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ona elan edilmiş əməlin ağırlığına və xarakterinə uyğun seçildiyindən, vəsatətin təmin edilməsi üçün əsaslar yoxdur və vəsatət təmin edilməməlidir. Məhkəmə heyəti həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Həmin Məcəllənin 306.2-ci maddəsinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada, eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti sözü gedən qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Cinayət işinin materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 09 yanvar 2024-cü il tarixli, 1(10xx-xx/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclası mərhələsində baxılandək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində əlavə istitaq aparılmasının zərurətini və ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbirinin seçilməsi əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun haqqında olan həbs qətimkan tədbiri 2 (iki) ay müddətə uzadılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarlarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə heyəti hazırlıq iclasında qeyd olunan məsələləri müzakirə edib, cinayət prosesi tərəflərinin fikirlərini dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, dövlət ittihamçısının məhkəməyə təqdim etdiyi vəsatətdə göstərildiyi kimi məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində nəzərdə tutulan kobud pozuntuya yol verildiyi üçün cinayət işinə baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, həmçinin cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına əsas vermiş kobud prosessul pozuntuya yol vermiş cinayət işi üzrə ibtidai istintaqı aparmaqla yekunlaşdırmış müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalı; müdafiəçinin təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatəti əsassız olduğundan rədd edilməli; həbs qətimkan tədbirinin müddəti uzadılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərini təşkil edir. 197.2-ci maddədə göstərilir ki, bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 saylı Qərarına uyğun olaraq təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 (altı) manat məbləğində haqq ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə təyinatla Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili X7 müdafiə etmişdir. Məhkəməyə təqdim olunmuş hesabatdan görünür ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar işlə tanış olmaq və məhkəmə hazırlıq iclasında cəmi 4 (dörd) saat 30 (otuz) dəqiqə iştirak etmişdir. Belə olan halda dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi üçün 27 (iyirmi yeddi) manat məbləğdə pul fəaliyyət göstərdiyi Lənkəran Rayon Vəkil Bürosunun nəfinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 299, 300.1, 300.1.5, 300.4, 300.4.1, 300.5, 303.3, 303.3.1, 303.4, 306 və 307-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Dövlət ittihamçısı2 tərəfindən məhkəməyə təqdim olunmuş vəsatət cinayət işinin materiallarına əlavə edilməklə, təmin olunsun. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair iş üzrə məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntusuna yol verildiyi üçün cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Müdafiəçi2 məhkəməyə təqdim etdiyi vəsatət cinayət işinin materiallarına əlavə edilsin və qərarın təsviri-əsaslandırıcı hissələrində qeyd olunan səbəblərdən rədd edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 2 (iki) ay müddətə, yəni 01 aprel 2024-cü il tarixinədək uzadılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntusuna yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı X2 barəsində ayrıca xüsusi qərar çıxarılsın. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına X3 ödənilməsi üçün 27 (iyirmi yeddi) manat məbləğdə pul fəaliyyət göstərdiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun nəfinə köçürülsün. Qərarın surətinin 3 (üç) gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Sədrlik edən hakim Esmira Məmmədova Hakimlər Nahid Hüseynov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-365/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-365/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver