Məhkəmə qərarları › İş №1(099)-367/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-367/2023

05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-367/2023 05.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, hakimlər X7 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı– Azərbaycan Respublikası baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdadiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi– X2 və müdafiəçi– Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, vətəndaş Təqsirləndirilən şəxs – xx xxxxxx 1988-ci il tarixdə Neftçala rayonu, İİ Qaralı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Neftçala rayonu, İİ Qaralı kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə “şübhəli şəxs” qismində tutulmuş, barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçılmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan bir şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 13 dekabr 2022-ci il tarixdə, saat 21:30 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi özünə məxsus olan “OPEL-ASTRA” minik markalı, “**-VR-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə Salyan-Neftçala avtomobil yolunun Neftçala rayonu, İİ Qaralı kəndi ərazisindən keçən hissəsində 90-100 km/saat sürətlə Neftçala şəhəri istiqamətində hərəkətdə olarkən “X12” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən, yaşayış məntəqəsində 60 km/saatdan artıq olmayan sürətlə avtomobili idarə etməli, həmin Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən avtomobili sürücülük vəsiqəsi əsasında idarə etməli, həmin Qanunun 37-ci maddəsinin 1ci hissəsinin 8-ci bəndinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, həmin tələblərə əməl etməyərək yolun sol tərəfindən sağ tərəfinə hərəkət edən piyada xx.xx.1985-ci il təvəllüdlü X6 idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə ehtiyatsızlıqdan vurması nəticəsində İlkin Əskərov alın və burun nahiyələrinin sıyrığı, sağ bazunun, sağ və sol bud sümüklərinin qapalı sınıqları, sağ qabırğaların sınıqları, ağciyərin travmatik cırılması, daxili qanaxma, travmatik şok ilə müşayiət olunan həyatı üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər almaqla daxili qanaxma və travmatik şok nəticəsində ehtiyatsızlıqdan İlkin Əskərovun hadisə yerində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 01 iyul 2022-ci il tarixdə “OPEL-ASTRA minik” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil alıb və həmin vaxtdan etibarən avtomobili özü idarə edir. Onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. 13 dekabr 2022-ci il tarixdə, axşam təxminən saat 21 radələrində yaşadığı kənddə kafedə bir bakal pivə içib və orada oturub bir az dincəlmişdir. Sonra, axşam təxminən saat 21:30 radələrində kafedən çıxıb kəndlərinin ərazisində olan çayxanaya çay içməyə getmişdir. Salyan-Neftçala yolu ilə Neftçala rayonu, İİ Qaralı kəndi ərazisi ilə Neftçala istiqamətində hərəkət etmiş, idarə etdiyi avtomobildə tək olub və idarə etdiyi avtomobilin sürəti təxminən 90-100 km/s olmuşdur. O, Neftçala rayonu istiqamətində hərəkətdə olarkən hərəkətdə olduğu yolun sol tərəfindən bir nəfər şəxs ani olaraq hərəkət edə-edə onun hərəkət yoluna çıxıb yolu soldan sağa doğru keçmək istəmişdir. O, idarə etdiyi avtomobilin sükanını sol tərəfə çəkib yol-nəqliyyat hadisəsindən yayınmaq istəsədə bu alınmamış və o idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə həmin şəxsi vurmuşdur. Həmin vaxt avtomobil zərbəsindən sonra həmin şəxs avtomobilin qabaq sağ tərəfinə dəyib yuxarı qalxıb və avtomobilin ön şüşəsinə dəyib daha sonra isə hərəkətdə olduğu yolun sağ ehtiyyat hissəsindən sonra olan boş sahəyə düşmüşdür. O, tez idarə etdiyi avtomobilini yolun hərəkət hissəsində yəni, elə hadisə yerində saxlamış və idarə etdiyi avtomobildən aşağı düşərək həmin vurduğu şəxsə yaxınlaşmışdır. Həmin şəxsdə həyat əlamətləri olmamış, o, xırıldamışdır. O, birbaşa hadisə yerində X10 Yardım Stansiyasına zəng vurmuş və baş vermiş hadisə barədə məlumat verdikdən sonra hadisə yerində dayanıb qalmışdır. Bundan təxminən 30 dəqiqə sonra hadisə yerinə X16 və Neftçala RPŞ-nin əməkdaşları gəlmişlər. Polis əməkdaşları hadisə yerində lazımı sənədləşmə işləri aparmışlar. Onun avtomobillə vurduğu şəxs artıq çoxdan hadisə yerində ölmüşdür. Hadisə yerində polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş şəxsin onun həmkəndlisi X8 olduğunu bilmişdir. Hadisə baş verən zaman ətrafda heç kim olmamış, baş vermiş yol-nəqliyyat hadisəsini yalnız onun yanında sərnişin olan tanışı Şahid1 görmüş, hadisə təxminən 5-10 dəqiqə ərzində baş vermiş, onun hərəkəti üçün təhlükəli məqam piyada İlkin Əsgərovun onun hərəkət yoluna çıxdığı vaxt yaranmışdır. Həmin vaxt onlar arasındakı məsafə təxminən 9-10 metr olmuş, həmin vaxt piyada İ.Əsgərov onun hərəkət yoluna çıxdığı üçün o, idarə etdiyi avtomobilin sükanını sola çəkib hadisənin baş verməməsi üçün yayınsa da, bu alınmamışdır. O, idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə piyada İ.Əsgərovu vurub onu hərəkətdə olduğu yolun sağ ehtiyat hissəsindən sonra olan boş sahəyə tullamışdır. Əlavə olaraq, Təqsirləndirilən şəxs məhkəməyə bildirmişdir ki, törətdiyi əmələ görə peşmançılıq hissləri keçirir və hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etmiş və buna nail olmuşdur. Buna görə də cəza təyin edərkən məhkəmədən mərhəmətli olmasını xahiş etmişdir. Cinayət işi üzrə təsvir olunan xüsusatlarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli öz etirafından başqa iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, İlkin Əskərov onun oğludur. Onunla bir evdə öz ailəsi ilə birlikdə yaşamışdır. 2022-ci il dekabr ayının 13-dən 14-nə keçən gecə işi ilə əlaqədar olaraq Hacıqabul rayonu, Talış kəndində olarkən qardaşları ona mobil telefon vasitəsilə yolnəqliyyat hadisəsinin baş verdiyini və hadisə nəticəsində oğlu İlkin Əskərovun öldüyünü bildirmişlər. 14 dekabr 2022-ci il tarixdə, gecə təxminən saat 04:30 radələrində Hacıqabul rayonundan daimi yaşadığı Neftçala rayonu, İİ Qaralı kəndi ərazisindəki evinə gəlmişdir. O, evə gəlib çatandan sonra ona məlum olmuşdur ki, 13 dekabr 2022-ci il tarixdə axşam təxminən saat 21:30 radələrində yaşadıqları kəndin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində kənd sakini Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə sürücülük hüququ olmadan idarə etdiyi özünə məxsus olan “OPEL-ASTRA minik” markalı, “**-VR-***” dövlət qeydiyyat nişanlı avtomobillə Salyan-Neftçala yolu ilə Neftçala rayonu istiqamətində hərəkətdə olarkən yolu soldan sağa keçmək istəyən piyada oğlu- İlkin Əskərovu idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə vurmuş və nəticədə oğlu elə hadisə yerindəcə yəni, yolun sağ ehtiyyat hissəsindən sonra olan boş sahəyə düşərək orada ölmüşdür. Bundan başqa o, bildirmişdir, hadisə baş verən axşamı təqsirləndirilən şəxsin qohumları onlara gəlməyiblər. Səhərisi günü təqsirləndirilən şəxsin atası hüzürə gələrək köməklik məqsədilə pul təklif edib, amma o, razı olmamışdır. Sonra isə təqsirləndirilən şəxsin atası və anası onlara üzrxahlıq məqsədilə gəliblər. Məhkəmə hazırlıq iclasından sonra təqsirləndirilən şəxsin atası və dayısı onlara gələrək köməklik məqsədilə 10000 manat veriblər. Həmin vaxt, o özünü pis hiss etdiyi üçün bayıra çıxmışdır. Təqsirləndirilən şəxsin anası xəstəxanada xadimə işləyir, təqsirləndirilən şəxsin atası arvadının yerinə gəlinini xəstəxanaya xadimə kimi işə düzəldəcəyinə söz vermiş, lakin hələ də həmin iş alınmayıbdır. Əgər onlar gəlinini işə düzəldərlərsə onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmayacaqdır. Əlavə olaraq, zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmədən mərhəmətli olmasını xahiş etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala rayonu, İİ Qaralı kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Onunla yaxşı və səmimi münasibəti var. Təqsirləndirilən şəxs özünə məxsus olan “Opel-Astra” markalı, “**- VR-***” dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobili özü idarə edir. 13 dekabr 2022-ci il tarixdə axşam radələrində Təqsirləndirilən şəxs özünə məxsus olan mobil telefonla ona zəng vurub demişdir ki, hazırlaşsın bir azdan onun arxasınca gəlib onu yaşadığı kənddən götürüb öz kəndlərindəki kafeyə yemək yeməyə aparacaq. O, yaşadığı evdə olub və hazırlaşıb Təqsirləndirilən şəxs gözləmişdir. Axşam təxminən saat 21:10 radələrində Təqsirləndirilən şəxs ona zəng vurub evlərinin qabağında avtomobilin içərisində onu gözlədiyini bildirmişdir. O, küçəyə çıxıb onun avtomobilində qabaqda əyləşmiş, birlikdə Neftçala rayonu, Pirəbbə kəndindən İİ Qaralı kəndinə avtomobillə gəlmişlər. Həmin vaxt, avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. Onlar Neftçala rayonu, İİ Qaralı kəndi ərazisinə gəlib çatandan sonra Neftçala şəhəri istiqamətində hərəkətdə olduğu zaman Təqsirləndirilən şəxs avtomobili təxminən 90-100 km/s sürətlə idarə etmişdir. Neftçala istiqamətində hərəkətdə olarkən hərəkətdə olduqları yolun sol tərəfindən bir nəfər şəxs ani olaraq hərəkət edə-edə onların hərəkət yoluna çıxmış və yolu soldan sağa doğru keçmək istəmişdir. Həmin vaxt, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sükanını sol tərəfə çəkib yol-nəqliyyat hadisəsindən yayınmaq istəsədə bu alınmamış və o idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə həmin şəxsi vurmuşdur. Avtomobil zərbəsindən sonra həmin şəxs avtomobilin qabaq sağ tərəfinə dəyib yuxarı qalxıb və avtomobilin öz şüşəsinə dəyib daha sonra isə hərəkətdə olduqları yolun sağ ehtiyyat hissəsində sonra olan boş sahəyə düşmüşdür. Həmin vaxt, Təqsirləndirilən şəxs tez idarə etdiyi avtomobilini yolun hərəkət hissəsində yəni, elə hadisə yerində saxlayıb birlikdə avtomobildən aşağı düşərək həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsdə həyat əlamətləri olmamış və o, xırıldamışdır. Təqsirləndirilən şəxs birbaşa hadisə yerindən X10 Yardım Stansiyasına zəng vurub və baş vermiş hadisə barədə məlumat verdikdən sonra hadisə yerində dayanıb qalmışlar. Bundan təxminən 30 dəqiqə sonra hadisə yerinə X11 və Neftçala RPŞ-nin əməkdaşları gəlmişlər. Polis əməkdaşları hadisə yerində lazımı ilkin sənədləşmə işləri aparmışlar. Təqsirləndirilən şəxs avtomobillə vurduğu şəxs artıq çoxdan hadisə yerində ölmüşdür. Hadisə yerində polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş şəxsin Neftçala rayonu, İİ Qaralı kənd sakini X8 olduğunu bilmişlər. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Neftçala RPŞ-nin X18 Bölməsinin yol patrul xidməti komandiri olmaqla polis kapitanıdır. 13 dekabr 2022-ci il tarixdə, Neftçala RPŞ-inn növbətçi hissəsinə daxil olmuş piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Neftçala rayonu, İİ Qaralı kəndi ərazisinə xidmət yoldaşı polis baş serjantı Şahid3 ilə birlikdə getmişdir. Axşam təxminən saat 22 radələrində hadisə yerinə çatanda onlara məlum olmuşdur ki, Salyan-Neftçala yolunun Neftçala rayonu, İİ Qaralı kəndi ərazisində keçən hissəsində təxminən saat 21:30 radələrində kənd sakini Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş vəziyyətdə sürücülük vəsiqəsi olmadan idarə etdiyi “OPEL-ASTRA” markalı, “**-VR-***” dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonu istiqamətində hərəkətdə olarkən hərəkətdə olduğu yolu soldan sağa keçmək istəyən piyada, Neftçala rayonu, İİ Qaralı kənd sakini X6 idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə vurmuş və piyada aldığı bədən xəsarətləri nəticəsində elə hadisə yerindəcə ölmüşdür. Bundan sonra, sürücü Təqsirləndirilən şəxs hadisə yerində qalaraq oradan birbaşa X10 Yardım Stansiyasına kömək üçün zəng edərək məlumat vermişdir. Bundan sonra, tibbi personal və Neftçala RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək orada lazımı aidiyyatı işləri görmüşlər. Məhkəmə iclasında, şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 da Şahid2lə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 26 saylı rəyində göstərilmişdir ki, 1985-ci ildə anadan olmuş X5 meyitinin məhkəmə tibbi müayinəsinə, əlavə müayinənin cavabına və qərarda qoyulan sualları nəzərə alıb aşağıdakı nəticəyə gəlinmişdir: 1. X5 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar olunmuşdur- Alın və burun nahiyələrinin sıyrığı, sağ bazunun, sağ və sol bud sümüklərinin qapalı sınıqları, sağ qabırğaların sınıqları, ağciyərin travmatik cırılması, daxili qanaxma, travmatik şok. Bu xəsarətlər birlikdə həyatidirlər, ölümündən bir qədər əvvəl bərk küt əşyaların təsiri nəticəsində ola bilsin ki, qərarın təsviri hissəsində göstərilən gündə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə minik maşınının piyadanı vurması nəticəsində əmələ gəlmişdir. Dərəcəsinə görə həyat üçün təhlükəli olan hansı ki, onun ölümünə səbəb olmuş sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. X5 ölümünə səbəb-almış olduğu xəsarətlər nəticəsində baş vermiş daxili qanaxma və travmatik şok olmuşdur. X5 meyidindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 1,6 %-dir. Bu da canlı şəxslərdə orta dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Cinayət işinin materiallarında olan, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/156 saylı rəyində göstərilmişdir ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “Opel-Astra” markalı, “**-VR-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, sürücü Təqsirləndirilən şəxs “Opel-Astra” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, sürücü Təqsirləndirilən şəxs “Opel-Astra” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, sürücü Təqsirləndirilən şəxs “Opel-Astra” markalı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq yəni, 90- 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-cü hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı istintaqa verdiyini ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin xx.xx.2022-ci il tarixli 953 №-li protokolunda göstərilmişdir ki, müayinə zamanı sürücü Təqsirləndirilən şəxs “yüngül dərəcəli” alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işinin materiallarında olan, “BD 240170” saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “OPEL-ASTRA minik” markalı, “**-VR- ***” dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxsdur. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası DİN-nin DYP-nin “veb portalı”ndan edilmiş çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi yoxdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs evlidir, 2 azyaşlı uşaq atasıdır, işləmir. O, Neftçala rayonu, İİ Qaralı kəndində qeydiyyatda olmaqla orada yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, aparılan yoxlamalar zamanı Təqsirləndirilən şəxs ruhi-əsəb olmadığı və narkoloji qeydiyyatda olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 14 dekabr 2022-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə “şübhəli şəxs” qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 15 dekabr 2022-ci il tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs “təqsirləndirilən şəxs” qismində cəlb edilməklə ona ittiham elan edilmiş və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi və şahid ifadələri, məhkəmə-tibb və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyləri, hadisə yerinə baxış protokolu, hadisə yerinin sxemi, sərxoşluğun müayinə protokolu, ifadənin yerində yoxlanlması haqqında protokol və digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsinə cəhd etməsi və buna nail olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində səmimi peşmançılıq çəkməsini, və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, habelə zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını da yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə işin hallarını, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, onun törədilmə motivlərini, təqsirləndirilən şəxsi xarakterizə edən sənədləri tədqiq edib, sanksiyada nəzərdə tutulmuş cəzanın həddində Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməklə cəmiyyətdən təcrid olunmaqla islah və tərbiyə olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdən 15 dekabr 2022-ci il tarixədək “şübhəli şəxs” qismində tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə hesablanmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası tədqiqatının dəyərinə görə 85 (səksən beş) manat məbləğində olan məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun yaşadığı və qeydiyyatda olduğu ərazi üzrə Neftçala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlak və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdən 15 dekabr 2022-ci il tarixədək “şübhəli şəxs” qismində tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası tədqiqatının dəyərinə görə 85 (səksən beş) manat məbləğində olan məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun yaşadığı və qeydiyyatda olduğu ərazi üzrə Neftçala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. X13 Cinayətlər Məhkəməsinin vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə 20 (iyirmi) gün müddətinə apellyasiya qaydasında şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar