Məhkəmə qərarları › İş №1(099)-367/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-367/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-367/2024 02.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X15, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun Müdafiəçi və tərcüməçi X9 iştirakları ilə xx.xx.1966-ci ildə İran İslam Respublikasının Təbriz şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, orta təhsili, subay, fərdi əməklə məşğul olan, İran İslam Respublikası, Təbriz şəhərində qeydiyyatda olmaqla, Azərbaycan Respublikası Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əlillər binasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama, daşıma barədə İran İslam Respublikasında (bundan sonra İİR) olan digər şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən külli miqdarda 03 ədəd bükümdə təmiz çəkiləri: 985 qram, 1245 qram və 1390 qram olmaqla ümumilikdə, 3620,0 qram narkotik vasitə tiryəki və külli miqdarda psixotrop maddə olan 1010,0 qram metamfetamini İİR-də olan digər şəxs Ələt Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən 103-cü kilometrliyini göstərən yol nişanın yanında gizlədib, bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra, sonuncu həmin narkotik vasitə və psixotrop maddəni əvvəlcədən razılaşdıqları kimi satış məqsədi ilə əldə etməkdən ötrü 13 oktyabr 2023-cü il tarixdə saat 18:20 dəqiqədə idarə etdiyi “Hyundai Santafe” markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək qeyd edilən narkotik vasitə və psixotrop maddəni gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən 141-ci kilomterliyində yerləşən “Turist-5” kafesinin yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, baxış keçirilərkən həmin narkotik vasitə və psixotrop maddələr bir ədəd sellofan bağlamada olmaqla avtomobilin arxa sağ ayaqaltı hissəsindən aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittihamlarda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, qızı anadan olandan Azərbaycan Respublikasında miqrasiyada rəsmi qeydiyyatdadır. Bu qeydiyyatın bir il, bir il və iki il olmaqla uzatmışdır. Həmin ayda qeydiyyatın uzatmaq məqsədilə müraciət etdikdə, bildirmişlər ki, qızının ata adında hərf səhvi var, ə hərfi əvəzinə a hərfi ilə yazılıb. Bu səbəbdən də qeydiyyatı uzanmamış, 2023cü ilin sentyabr ayında İİR-ə qayıtmışdır. Daha sonra Azərbaycan Respublikasına gəlmək üçün viza istəmiş, vizanın gəlməyi 25 gün çəkmişdir. Oktyabr ayının 9-da isə Azərbaycan Respublikasına geri qayıtmışdır. Qızının ata adında olan yanlışlığın düzəldilməsi və qeydiyyatı üçün isə 2000 manat pul lazım olmuşdur. 12 oktyabr gündüz saat dörd radələrində ona zəng gəlmişdir. Həmin zəng vuran şəxs özünü anasıgilin qonşusu Məzahirin qaynı kimi təqdim etmiş və demişdir ki, “sənə 600 manat hörmət etmək istəyirəm”. Qarşılığında nə etməli olduğunu soruşduqda isə demişdir ki, “bir bağlama var Bakıdan qıraqda, onu götürüb mən deyən ünvana atarsan”. Özü də razılaşıb sabahısı 13 oktyabr 2023-cü ildə rent cardan maşın icarəyə götürmüşdür. Həmin şəxs bağlamada 400 qram marixuana olduğunu demişdir. Pula ehtiyacı olduğundan onunla razılaşmışdır. Sonra isə yoldaşını, qızını və yoldaşının nəvəsini də özü ilə götürüb Biləsuvara yola düşmüşdür. Həmin şəxs adının Həbib olduğunu demişdir. Salyanı falan keçdikdən sonra isə həmin şəxs 103 km löhvənin şəklini göndərib, demişdir ki, bağlama löhvənin yanındadır. Özü də həmin löhvəni tapıb yanına getmişdir. Həmin vaxt uşağın ayaqyolusu olmuş, maşını biraz qabaqda saxlamış ki, yoldaşı uşağı aparsın. Özü də maşından uşağın gödəkçəsin götürüb, gedib həmin yerdən bağlamanı götürüb gödəkçənin içinə qoyub gətirib maşının arxa ayaqaltısına qoymuşdur. Daha sonra geri qayıdanda polis əməkdaşları tərəfindən tutulmuşdur. Onu polis idarəsinə aparmışlar, orada sual-cavab eləyib çəkiliş etmişlər. Çəkiliş zamanı orda görmüş ki, bağlamadan metamfetamin və tiryək çıxdı. İlk dəfə həmin narkotikləri orda görmüş, əvvəlcədən narkotiklərlə bağlı anlayışı olmamışdır. Özü çox böyük bir səhvə yol vermişdir, qoca kişi olub, himayəsində azyaşlı qızının olmasını nəzərə alıb, imkan daxilində aşağı həddə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Biləsuvar RPŞnin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. İİR vətəndaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 13 oktyabr 2023-cü il tarixdə ona daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun cinayət əməlinin ifşa edilməsi məqsədi ilə həmin tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Biləsuvar RPŞ-nin, CAB-nin baş əməliyyat müvəkkili Fikrət İskəndərovun, NMQ-nun əməliyyat müvəkkili Şahid2, RPŞ-nin DYPB-nin, YPX-nin əməkdaşlarının iştirakı ilə əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 13 oktyabr 2023-cü il tarixdə saat 18:20 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi olduğu “Hyundai Santafe” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən “LUK OİL” X12 yaxınlığında hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqədən sonra RPŞ-nin, DYPB-nin əməkdaşları tərəfindən Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən küçən 141-ci kilometrliyində yerləşən “Turist-5” kafesinin yaxınlığında saxla işarəsi verilmiş və avtomobil saxlanılmışdır. Daha sonra onlar qeyd olunan avtomobilə yaxınlaşıb özlərini təqdim etdikdən sonra avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və sərnişin qismində olan Şahid3 və orada olan azyaşlı uşaqları avtomobillə birlikdə RPŞ-nə dəvət edərək gətirmişlər. Şöbədə vəkilin iştirakı və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçrilmiş, lakin şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Santafe” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə Biləsuvar RPŞ-nin həyətində baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa sərnişin oturacağının ayaqaltı hissəsində İİR-də qonşusunun qaynı Həbib adlı şəxsin göndərdiyi narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilin arxa qapısını açaraq oturacağın alt hissəsindən bir ədəd qara rəngli sellofan bağlamanı təqdim edərək, içərisində özünə məxsus narkotik vasitə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd qara rəngli sellofan bağlama açılıb baxılmışdır. Baxış zamanı həmin qara rəngli sellofan bağlamın içərisində ayr-ayrı 4 ədəd şəffaf rəngli sellofan bükülü olması, həmin bükülülərdən birincisi açılıb baxıldıqda metamfetaminə bənzər maddə, digər üç bükülü açılıb baxıldıqda isə tiryəkə bənzər maddə aşkar edilmişdir. Daha sonra avtomobildən aşkar edilib götürülmüş 1 ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan bükülü və 3 ədəd narkotik vasitə tiryəkə bənzər maddə olan bükülü elektron tərəzidə çəkilərək, bir ədəd bağlamaya qoyularaq qablaşdırılmış və götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, o, 2012-cü il tarixdə İİR vətəndaşı Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Daha sonra həmin iran vətəndaşı Təqsirləndirilən şəxs ilə o, Azərbaycan Respublikası, Bakı şəhərində evlənmişdir. Bu ailədən onların bir qız övladı vardır. Ailə həyatı davam edən zaman aralarında olan münaqişələrə görə onlar təxminən 1 il bundan əvvəl ayrılmışlar. Onların arasında rəsmi qaydada nikah aktı olmamışdır. Onlar ayrılmalarına baxmayaraq övladlarına görə hələdə görüşürlər və əlaqə saxlayırlar. Təqsirləndirilən şəxs İİR-dən dəsmal, hamam xalatları, çantalar və digər ev əyşayaları gətizdirirərək Bakı şəhərində satmaqla məşğuldur. 2023-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxs müvvəqqəti yaşamaq üçün qeydiyyat vaxtı bitdiyi üçün sonuncu İİR-ə getmişdir. Təqsirləndirilən şəxs 09 oktyabr 2023-cü il tarixdə İİR-dən Azərbaycan Respublikasına qayıtmışdır. 12 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs ona zəng vurmuş Biləsuvar şəhərinə gedəcəyini, onun da aparmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla telefonla danışan zaman iran vətəndaşının nümunə kimi bir ədəd xalça göndərdiyini bildirmişdir. 13 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs kirayə götürdüyü “Hyundai Santafe” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evə gəlmiş və onunla, qızı Aytən və nəvəsi Hamili götürmüşdür. Daha sonra onlar Biləsuvar şəhərində yerləşən Gömrük idarəsinə getmək üçün Bakı şəhərindən Biləsuvar şəhərinə doğru hərəkətə başlamışlar. Avtomobildə o, qabaqda sərnişin qismində əyləmişdir. Yolda olan zaman Təqsirləndirilən şəxs gömrükdən götürəcəyi nümunə xalçasını ona pay verməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona xalçanı verməsi barədə heç bir vədd etməmiş, baxarıq demişdir. Onlar Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs yolun kənarında olan kafedə saxlamış və onlar həmin kafedə çay içməyə başlamışlar. Daha sonra onlar kafedən çıxmışlar və yolun sol tərəfində “Lukoil” yanacaq doldurma məntəqəsinə getmişlər. Təqsirləndirilən şəxs ona “zəng gözləyirəm, zəng gəlsin gedərik” sözlərini demişdir. Daha sonra o, Təqsirləndirilən şəxs “Aytən ayaqyoluna getməlidir” sözlərini demişdir. Təqsirləndirilən şəxs da ona “biraz gözlə xəbər gəlsin gedərik” sözlərini demişdir. Təqsirləndirilən şəxs avtomobillə yanacaq doldurma məntəqəsindən çıxmış və yolun kənarda üzü gömrük istiqamətində saxlamışdır. Bundan sonra o, avtomobildən düşmüş və yolun kənarında Aytəni ayaqyoluna aparmışdır və daha sonra avtomobilə geri qayıtmışdır. O, həmin vaxt avtomobildən uzaqlaşmamışdır. Biraz sonra Təqsirləndirilən şəxs ona “gömrükdən zəng gəldi, bu gün gözlədiyimiz xalça gəlməyəcək” sözlərini demişdir. Onlar biraz hərəkət etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs saxla işarəsi vermişlər. Təqsirləndirilən şəxs da avtomobili yolun kənarına çəkərək saxlamışdır. Bundan sonra polis əməkdaşları onları gəldiyi avtomobillə ilə birlikdə polis şöbəsinə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Santafe” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin salonun sağ arxa ayaqaltı hissəsindən bir ədəd sellofan bağlama aşkar olunmuş, onda məlum olmuşdur ki, avtomobildə narkotik var. O, Təqsirləndirilən şəxs Biləsuvar şəhərinə narkotik vasitələr götürmək üçün gəldiyini əvvəlcədən bilməmiş və avtomobildən bağlama aşkar olunana kimi də məlumatı olmamışdır. İş materiallarında olan Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli Biləsuvar RPŞ-nin rəisi Nəsib Məmmədova ünvanladığı “Raport”undan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (c 1, i.v 4) İş materiallarında olan «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» 13 oktyabr 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c 1, i.v 5-6) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:15-də şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 29) İş materiallarında olan “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş video-çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Santafe” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə Biləsuvar RPŞ-nin həyətində baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa sərnişin oturacağının ayaqaltı hissəsində İran İslam Respublikasında qonşusunun qaynı Həbib adlı şəxsin göndərdiyi narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilin arxa qapısını açaraq oturacağın alt hissəsindən bir ədəd qara rəngli sellofan bağlamanı təqdim edərək, içərisində özünə məxsus narkotik vasitə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd qara rəngli sellofan bağlama açılıb baxılmışdır. Baxış zamanı həmin qara rəngli sellofan bağlamın içərisində ayr-ayrı 4 ədəd şəffaf rəngli sellofan bükülü olması, həmin bükülülərdən birinci açılıb baxıldıqda metamfetaminə bənzər maddə şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 1020 qram, ikinci bükülü açılıb baxıldıqda tiryəkə bənzər maddə şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 990 qram, üçüncü bükülü açılıb baxıldıqda tiryəkə bənzər maddə şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 1250 qram, dördüncü bükülü açılıb baxıldıqda tiryəkə bənzər maddə şöbənin elektron tərəzisi ilə çəkildikdə çəkisinin 1405 qram olması müəyyən edilmişdir. (c 1, i.v 66-68) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə kimyəvi ekspertizasının 14 oktyabr 2023cü il tarixli 19/930 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Santafe” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş içində tiryəkə bənzər maddələr olan bağalama və içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan bağlama ....... " sözlər və imzalar olan bir ədəd paketdəki, 3 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 985 qr, 1245, və 1390 qram olmaqla ümumi təmiz çəkisi 3620 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; bir ədəd sellofan bükülüdə təmiz çəkisi: 1010,0 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Qeyd: Tiryəkin ümumi təmiz çəkisi 3620,0 qram, cəmi təhqiqata sərf edildi 0,3 qr (hər.ob- 0,1 qr), qalıq 3619,7 qr, metamfetaminin təmiz çəkisi 1010,0 qram, cəmi təhqiqata sərf edildi 0,1 qr, qalıq 1009,9 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat təşkil edir. (c 1, i.v 77-80) İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(022)- 60/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 oktyabr 2023-cü ildən hesablanmışdır. (c 1, i.v 140-143) İş materiallarında olan şəxsiyyət vəsiqəsinin, doğum haqqında şəhadətnamənin və atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X25 adlı Azərbaycan Respublikası vətəndaşı olan uşağı vardır. (c 1, i.v 148) İş materiallarında olan 17 oktyabr 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə tiryəkin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalığı maddi sübut kimi tanınmış və Biləsuvar RPŞ-nin saxlancına təhvil verilmişdir. (c 1, i.v 152) İş materiallarında olan xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd mobil telefon korpusu mavi rəngli olmaqla «REDMİ NOTE 12» markalıdır. Telefonda «Azerfon» mobil operatoruna məxsus ***-***-**-** saylı nömrə olması və İİR-ə məxsus operatora məxsus olan +98 914 234 5267 saylı mobil nömrələrin olması müəyyən edilmişdir. Telefonun «zənglər», «mesajlar», vatssap, instaqram, videolar və facebook proqramlarına baxış keçirilmiş, baxış zamanı ifadəsində qeyd olunan İİR-də tanıdığı Məzahir adlı şəxsin +**********70 saylı mobil nömrəsinin İran hərfləri ilə qeydiyyatda olması müəyyən edilsə də hər hansı bir mesajlaşma müəyyən edilməmişdir. Bundan başqa istifadəsində qeyd olunan Həbib adlı İİR vətəndaşının istifadəsində olan +98 901 818 9018 saylı mobil nömrənin qeydiyyatda olması müəyyən edilmişdir. Həmin nömrə ilə o, Vatssap sosial şəbəkəsi vasitəsi ilə mesajlaşmışdır. Həmin mesajlara baxış zamanı Həbib adlı şəxsin ona “bağlama Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yol kənarında olan üzərində 103 nömrəli yol nişanın altındadı get götür” sözləri yazmışdır. O da Həbib adlı şəxsə “yaxşı götürüb sənə xəbər edəcəm” sözlərini yazaraq cavab vermişdir. Bütün bunlardan başqa telefondan iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumata rast gəlinməmişdir. (c 1, i.v 157) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (c 1, i.v 159) İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(022)- 285/2023 saylı qərarından görünür ki, Biləsuvar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat axtarış tədbirinin keçirilməsinə dair 13 oktyabr 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (c 1, i.v 177) İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 957 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. (c 1, i.v 199) İş materiallarında olan xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən hissəsində yolun sağ kənarında quraşdırılmış üzərində 103-cü km göstərən yol nişanının yanından narkotik vasitə və psixotrop maddəni götürdüyü yeri əyani surətdə göstərmişdir. (c 1, i.v 207-210) İş materiallarında olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd mobil telefon cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Biləsuvar RPŞ-nin saxlancına təhvil verilmiş, Şahid3 ittiham elan edilməsi üçün kifayət qədər sübutlar olmadığı üçün onun barəsində cinayət təqibi başlanılması rədd edilmişdir. (c 1, i.v 223-235) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasıiş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir. Təqsirləndirilən şəxs ifadələrinin təhlili göstərir ki, Təqsirləndirilən şəxs digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitənin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmişdir. Belə ki, həm cinayət işinin materialları əsasında, həm də təqsirləndirilən şəxsin istər məhkəməyədək icraat zamanı, istərsə də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxs digər şəxslə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin vasitələr və maddə ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdəsinə götürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun digər şəxslə (Həbib adlı şəxs, lakin onun şəxsiyyəti ibtidai isitntaq zamanı müəyyən edilməmiş, bu səbəbdən də məhkəmə Həbib adını şərti olaraq qəbul edir) cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə razılıq əldə etməsini, cinayət əlaqəsinə girdiyi şəxsin Ələt Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən 103-cü kilometrliyini göstərən yol nişanın yanında narkotik vasitə və psixotrop maddə qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə təqsirləndirilən şəxsə dəqiq məlumatlar ötürməsini, cinayət əlaqəsinə girdiyi şəxsin niyyətinin ölkə ərazisində külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin satışını həyata keçirmək olmasını, ən əsası isə təqsirləndirilən şəxsin həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxsin məqsədinin külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdi onun cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu başqa şəxsin qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, cinayət törədilərkən qüvvədə olmuş Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Tiryək” olan maddə narkotik vasitələrdir. Tiryəkin 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 50 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Habelə bu Qanunun İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmədə tədqiq olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs İİR vətəndaşı olsa da onun himayəsində Azərbaycan Respublikasının vətəndaşı xx.xx.2015-ci il təvəllüdlü X6 adlı bir azyaşlı övladı vardır. Məhkəmə hesab edir ki, CM-nin 52.2.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini səmimi etiraf edib, peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitə və psixotrop maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 13 oktyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 3619,7 qram olan tiryək, 1009,9 qram olan metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd Redmi markalı mobil telefon cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 13 oktyabr 2023-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Biləsuvar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 3619,7 qram olan tiryək, 1009,9 qram olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan və Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş bir ədəd Redmi markalı mobil telefon cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar