Məhkəmə qərarları › İş №1(099)-367/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-367/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-367/2025 02.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1963-cü ildə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağsu şəhəri, M.Ə.Sabir küçəsi, ev 11-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli və külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, cinayətkar qrupun şəxsiyyətləri məlum olmayan üzvləri tərəfindən bir ədəd torbada qablaşdırılmış xüsusilə külli miqdarda-1990 qram psixotrop maddə olan metamfetaminin və külli miqdarda-4000 qram narkotik vasitə olan qurudulmuş marixuananın köhnə Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonun Günəşli kəndinin ərazisindən keçən 118-ci kilometrliyində yol kənarındakı ağacın altında gizlədilməsi barədə məlumat verməsindən sonra idarə etdiyi “Ford Edge” markalı, **-BN- *** dövlət qeydiyyat nişanlı avtomobillə 30 aprel 2025-ci il tarixdə, saat 21 radələrində köhnə Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonun Günəşli kəndinin ərazisindən keçən 118-ci kilometrliyinə gəlib yolun kənarındakı ağacın altında gizlədilmiş yerdən bir ədəd torbada qablaşdırılmış xüsusilə külli miqdarda-1990 qram psixotrop maddə olan metamfetamini və külli miqdarda-4000 qram narkotik vasitə olan qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb və bu maddələri idarə etdiyi avtomobilin dayandığı yerə daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin (bundan sonra DİN-in BNMİ-nin CBRŞ-nin) əməkdaşları tərəfindən 30 aprel 2025-ci il tarixdə, saat 21 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin yerdə saxlanılıb üzərində yoxlama aparılarkən əlində saxladığı bir ədəd torbada qablaşdırılmış iki ədəd bağlamada, ayrıayrılıqda 95,0 qram və 995,0 qram olmaqla cəmi- xüsusilə külli miqdarda psixotrop maddə olan metamfetamin və beş ədəd bağlamada, ayrı-ayrılıqda 1025,0 qram, 955,0 qram, 815,0 qram, 760,0 qram və 445,0 qram olmaqla cəmi-külli miqdarda-4000 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, Ağsu şəhəri, M.Ə.Sabir küçəsi, ev 11-də qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fərdi qaydada Ağsu şəhərində icarəyə götürdüyü obyektdə “Çay evi”ni işlətmişdir. Əvvəllər, təxminən 20-30 il əvvəl bir neçə dəfə oğurluqla bağlı məhkum olunmuşdur. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və narkotik vasitlərin satışı ilə də məşğul olmamışdır. İstifadəsində üzərində 055/719-28-34 saylı mobil telefon nömrəsi olan “Samsung” markalı mobil telefon olmuşdur. Tutulduğu vaxtdan bir müddət əvvəl o, Bakı şəhərində olarkən özünü “Hadi” kimi təqdim edən İran vətəndaşı ilə tanış olmuş, sonradan həmin şəxslə bir neçə dəfə görüşüb oturub yemək yeyib söhbətlər etmişdir. Söhbət zaman iranlı ona qızıl məmulatları işi ilə məşğul olduğunu bildirib ona İrandan Azərpbaycana qızıl külçələri keçirməyi təklif edib İrana getdikdən sonra ona zəng edəcəyini və bir nəfər çobanın qızıl külçələri gətirib ona çatdıracağını, o da həmin qızılı aparıb Bakıda deyəcəyi zərgərə verəcəyni və bunun qarşılığında hər külçə üçün 500 manat olmaqla iki ədəd külçəyə görə ona 1000 manat pul veriləcyini demiş, maddi imkanı çətin olduğundan o da “Hadi” adlı iranlının təklifi ilə razılaşmışdır. Tutulmamışdan qabaq iranlı ona İran telefon nömrəsi ilə zəng edib Cəlilabad rayonun Günəşli kəndi ərazisində yolun 118-ci kilometrliyində (köhnə Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonun Günəşli kəndinin ərazisindən keçən 118-ci kilometrliyində) yol kənarında olan ağacın arxasında içərisində qızıllar olan torbanın gizlədildiyini, axşam gedib oradan içərisində qızıllar torbanı oradan götürməyi, Bakıya çatandan sonra dediyi zərgərə qızılları verməyi tapşırmışdır. 30 aprel 2025-ci il tarixdə o, dostunun avtomobilini (“Ford Edge” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili) götürüb Masallı və Cəlilabad rayonuna gəzməyə getmək adı ilə arvadı Rəhilə ilə birlikdə əvvəl Masallı rayonuna, sonra isə Cəlilabad rayonuna getmişdir. Cəlilabad rayonun Günəşli kəndinin ərazisinə, iranlının dediyi yerə-yolun 118 km-nə çatıb, yolun kənarında olan ağacın arxasına qoyulmuş torbanı görüb götürmüş, sonra avtomobilə tərəf gedən anda polis əməkdaşları onu orada tutmuşdur. O, polis əməkdaşlarına iranlının göndərdiyi qızılı götürməyə gəldiyini demiş, polis əməkdaşları isə ona torbada narkotik maddənin olduğunu bildirmişlər. Sonra orada videoçəkilişlə götürdüyü torbaya baxış keçirilmiş və torbanın içərisindən narkotik maddələr aşkar olunmuşdur. O, torbanın içərisində narkotik maddələr olmasını əvvəlcədən bilməmiş, polis əməkdaşları tərəfindən torbaya baxış keçirilib və torbadan narkotik maddələr aşkar olunan vaxt ona məlum olmuşdur ki, iranlının göndərdiyi torbanın içərisində qızıl yox, narkotik maddələr olmuşdur. Onun iranlının dediyi torbanı götürmək üçün Cəlilabad rayonun ərazisinə gəlməsindən arvadı Rəhilənin məlumatı olmamışdır. Sonra polis əməklaşları onu, arvadını və idarə etdiyi avtomobili polis şöbəsinə (BNMİ-nin CBRŞ-nə) gətirmiş, daha sonra isə sənədləşmə aparılmışdır. O, iranılının sözünə inanıb içərisində qızıl olması güman etdiyi torbanı götürmək üçün Cəlilabad rayonuna getdiyinə görə əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, təxminən 6 ay əvvəl Bakı şəhərində təsadüfən bir nəfər İran vətəndaşı ilə tanış olmuşdur. Söhbət zamanı maddi vəziyyəti ilə bağlı gileyləndiyini görən iranlı ona başqa bir İran vətəndaşının nömrəsini verib bildirmişdir ki, həmin şəxs ona köməklik edə bilər. Verilən telefon nömrəsinin sahibi olan iranlının adı “Hadi” olmuşdur. Tanış olduğu iranlı ona bildirmişdir ki, “Hadi”yə də onun telefon nömrəsini verəcəkdir. Təxminən 3-4 gün əvvəl həmin nömrədən ona bir nəfər zəng edib özünü təqdim edib bildirmişdir ki, “Hadi” adlı şəxsdir. Telefon danışığı zamanı “Hadi” onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu deyib ona bu işdə kömək etməyi və bunun müqabilində yaxşı gəlir əldə edə biləcəyini təklif edib İrandan Azərbaycana göndərdiyi narkotik vasitələri göstərilən yerdən götürüb deyilən ünvana çatdıracağı təqdirdə, ona 1000 manat pul veriləcəyini bildirmişdir. Təklif əlverişli göründüyündən o, bu işlə məşğul olmağa qərar vermişdir. Sonuncu danışıqlar zamanı “Hadi” ona təxminən 5-6 kq narkotik vasitə göndərəcəyini demişdir. 30 aprel 2025-ci il tarixdə “Hadi” ona zəng vurub Cəlilabad rayonun ərazisində narkotik vasitələrin olduğunu bildirib, həmin yeri izah edib ona gedib narkotik vasitələri götürməyi tapşırmışdır. Şübhə yaratmamaq üçün o, arvadı Rəhiləni də özü ilə aparmış, ona “Cənub zonası”na gəzintiyə apardığını demişdir. 30 aprel 2025-ci il tarixdə, axşam saatlarında idarə etdiyi avtomobillə Masallı rayonuna çatmış, saat 21-22 radələrində isə Cəlilabad rayonu ərazisində “Hadi”nin izah etdiyi yerə, yəni Cəlilabad rayonun Günəşli kəndinin ərazisinə, Ələt-Astara avtomobil yolunun 118-ci kilometrliyinə getmiş, orada yolun kənarında avtomobili saxlayıb Rəhiləyə tualetə çıxdığını bildirib avtomobildən yerə düşmüş, Rəhilə isə avtomobildə qalmışdır. Sonra o, “Hadi”nin dediyi yerə piyada gedib orada-yolun kənarında gizlədildiyi yerdən qara rəngli torbanı əlinə götürüb avtomobil tərəf gedib avtomobilə yaxınlaşarkən mülki geyimdə olan şəxslər onu saxlayıb polis əməkdaşları olduqlarını bildirilib ona X3 dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması izah edilmişdir. Sonra videoçəkilişlə üzərinə, torbaya və avtomobilə baxış keçirilmişdir. Baxış zamanı torbanın içərisində beş ədəd bükümdə qurudulmuş marixuana və iki ədəd bükümdə metamfetamin kütləsi aşkar olunmuşdur. Aşkar olunmuş maddələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. Üzərində və avtomobildə hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, aşkarlanmış narkotik maddələri əvvəllər tanış olduğu “Hadi” adlı İran vətəndaşından əldə etdiyini və 1000 manat müqabilində Bakı şəhərinə aparıb deyiləcək yerə yerləşdirməyi planlaşdırdığını və buna görə ona veriləcək pulun bank kartı hesabına köçürülməli olmasını, həmçinin arvadı Rəhilənin narkotik vasitədən xəbəri olmadığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şəxsin üzərində yoxlama ilə, eləcə də təqdim edilmiş maddi sübutlara baxış keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri qismən təsdiq edib, əlavə ifadəsində göstərmişdir ki, o, iranlının göndərdiyi torbanın içərisində narkotik maddələr olmasını bilməmiş, iranlı ilə razılaşmasına görə torbanın içərisində qızıl məmulatı olmalıymış, lakin iranlının dediyi yerdən götürdüyü torbaya baxış zamanı torbanın içərisindən qızıl yox, narkotik maddələr (marixuana və metamfetamin) aşkar olunmuşdur. O, narkotik vasitələrdən istifadə etməmiş və narkotiklərin satışı ilə məşğul olmamış və bununla bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin iranılının sözünə inanıb içərisində qızıl olmasını güman etdiyi torbanı götürmək üçün Cəlilabad rayonuna getdiyinə görə əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərmişdir ki, o, BNMİ-nin CBRŞ-nin əməkdaşıdır. 30 aprel 2025-ci il tarixdə ona, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edib Cəlilabad rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və 30 aprel 2025-ci il tarixdə, saat 21 radələrində köhnə Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonun Günəşli kəndinin ərazisindən keçən 118-ci kilometrliyində əməliyyat-axtarış tədbiri keçirilmişdir. Əməliyyat tədbiri zamanı köhnə Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonun Günəşli kəndinin ərazisindən keçən 118-ci kilometrliyində bir avtomobilin (“Ford Edge” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin) dayandığı və bir nəfər şəxsin, yəni sonradan şəxsiyyəti müəyyən edilmiş Təqsirləndirilən şəxs əlində bir ədəd torba ilə avtomobilə yaxınlaşması müşahidə edildikdən sonra əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs saxlanılıb ona polis əməkdaşları olduqları, X3 dövriyyəsində şübhəli olduğu bildirilib üzərinə, əlindəki torbaya və gəldiyi avtomobilə baxış keçiriləcəyi izah edilmiş, Təqsirləndirilən şəxs də etiraz etməmişdir. Sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üstü yoxlanılmış, əlində olan torbaya və avtomobilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstündə qadağan olunmuş əşyalar aşkar edilməmiş, lakin torbanın içərisində marixuanaya və metamfetaminə oxşar kütlələr aşkar olunmuşdur. Həmçinin avtomobildə bir nəfər qadın, yəni Təqsirləndirilən şəxs arvadı Rəhilə adlı qadın olmuş və baxış zamanı avtomobildən qanunsuz əşyalar aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş marixuana və metamfetamin kütlələrini tanış olduğu “Hadi” adlı İran vətəndaşı ilə danışıb əldə etdiyini, 1000 manat qarşılığında həmin maddələri Bakı şəhərinə aparıb deyiləcək yerə çatdırmalı olduğunu, arvadı Rəhilənin bu işdən məlumatı olmadığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qaşlaşdırılıb götürülmüş, sonra saxlanmış şəxs və avtomobil CBRŞ-nə gətirilmiş, bundan sonra aparılmış əməliyyat tədbiri ilə bağlı müvafiq sənədləşmə aparılmış, daha sonra materiallar və maddi sübutlar, eləcə də saxlanmış şəxs və avtomobil təhqiqatçıya təhvil verilmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əridir. O, əri ilə birlikdə bir neçə dəfə Azərbaycanın müxtəlif bölgələrinə, xüsusən də görməli yerlərə səyahətlər etmişlər. Sonuncu dəfə 30 aprel 2025-ci il tarixdə əri Maarif “Cənub bölgəsi”nə, əsasən də Cəlilabad rayonu istiqamətində getməyi təklif etmiş, o da razılaşmış və şəxsi əşyalarını yığıb avtomobillə yola düşmüşlər. Axşam saatlarında Masallı rayonuna çatdıqdan sonra Maarifin tanışının evinə getmişlər, lakin evdə heç kim olmadığından bir neçə dükana baş çəkdikdən sonra Cəlilabad rayonu istiqamətində hərəkət etmişlər. Saat 21-22 radələrində Cəlilabad rayonun ərazisində yolda Maarif avtomobili yolun kənarında saxlayıb ayaqyoluna gedəcəyini bildirib avtomobildən yerə düşmüşdür. O, avtomobilin arxa oturacağında əyləşdiyi üçün, həm də avtomobilin yan şüşələrinin qara olması və ərazidə işıqlandırmanın olmaması səbəbindən Maarifin hara getdiyini bilməmiş, həmçinin çöldə baş verənləri müşahidə edə bilməmişdir. Təxminən 5-10 dəqiqə sonra avtomobilin qapısını tanımadığı şəxs açmış, o, yerə düşərkən Maarifin mülki geyimli şəxslərlə birlikdə avtomobilin yanında dayandığını və qarşısında qara rəngli bir torbanın olduğunu görmüşdür. Polis əməkdaşları onların razılığı ilə avtomobilə baxış keçirmişlər, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra ona məlum olmuşdur ki, əri Maarif narkotik vasitə əldə etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Maarifin narkotik vasitələr əldə etməsi ilə bağlı onun heç bir məlumatı və xəbəri olmamışdır. Həmçinin Maarif yol kənarından hər hansı əşyanı götürəcəyi, İran vətəndaşı ilə telefonla danışığı barədə ona heç bir məlumat verməmişdir. İşdə olan, BNMİ-nin CBRŞ-nin 30 aprel 2025-ci il tarixli “Raport”u və “Əməliyyataxtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsi haqqında” 30 aprel 2025-ci il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edib Cəlilabad rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında yaradılmış əməliyyat qrupu tərəfindən 30 aprel 2025-ci il tarixdə, saat 21 radələrində köhnə Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonun Günəşli kəndinin ərazisindən keçən 118-ci kilometrliyində əməliyyataxtarış tədbiri keçirilmişdir. Əməliyyat tədbiri zamanı köhnə Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonun Günəşli kəndinin ərazisindən keçən 118-ci kilometrliyində yolun kənarında saxlanılmış “Ford Edge” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında bir nəfər şəxs (Təqsirləndirilən şəxs) əlində bir ədəd qara rəngli sintetik torba ilə əməliyyat qrupu tərəfindən saxlanılmışdır. Saxlanılan şəxs Təqsirləndirilən şəxs X3 dövriyyəsində şübhəli olduğu bildirilib üzərinə, əlindəki torbaya və gəldiyi avtomobilə baxış keçiriləcəyi izah edilmiş, Təqsirləndirilən şəxs də etiraz etməmişdir. Sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üstü yoxlanılmış, əlində olan torbaya və avtomobilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstündə qadağan olunmuş əşyalar aşkar edilməmiş, lakin torbanın içərisində marixuanaya və metamfetaminə oxşar kütlələr aşkar olunmuşdur. Həmçinin avtomobildə bir nəfər qadın, yəni Təqsirləndirilən şəxs arvadı Rəhilə Mirzəyeva olmuş və baxış zamanı avtomobildən qanunsuz əşyalar aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş marixuana və metamfetamin kütlələrini tanış olduğu “Hadi” adlı İran vətəndaşı ilə danışıb əldə etdiyini, 1000 manat qarşılığında həmin maddələri Bakı şəhərinə aparıb deyiləcək yerdə qoyacağını, arvadı Rəhilənin bu işdən məlumatı olmadığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qaşlaşdırılıb götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon təhqiqat orqanı tərəfindən götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 01 may 2025-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə BNMİ-nin CBRŞ-nin təhqiqatçısı Famil Həsənov tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkilişlə təhqiqat orqanın əməkdaşları tərəfindən götürülmüş bir ədəd qara rəngli sintetik torbaya baxış keçirilmişdir. Baxış zamanı torbanın içərisində 5 ədəd bağlamada qurudulmuş marixuanaya oxşar və 2 ədəd bağlamada metamfetaminə oxşar kütlələr aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş və baxışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi və bioloji ekspertizasının 01 may 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxsnın üzərindən ...” yazısı və imzalar olan paketdəki beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1025,0 qram, 955,0 qram, 815,0 qram, 760,0 qram və 445,0 qram olmaqla ümumilikdə 4000 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 995,0 qram və 995,0 qram olmaqla ümumilikdə 1990 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra qalıq narkotik vasitə olan qurudulmuş marixuana 3999,5 qram və qalıq psixotrop maddə olan metamfetamin 1989,6 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edir. İşdə olan, “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 19 may 2025-ci il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Samsung” markalı mobil telefonun üzərində 055/719-28-34 saylı mobil telefon nömrəsi vardır. Mobil telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlara baxış zamanı yaddaşda İran telefon operatoruna aid “+98(936) ***-**-** saylı telefon nömrəsi “Hadi Huseyn lii” adı ilə qeydiyyatdan keçmişdir. Həmin telefonun nömrəsi ilə vatsapla 30 aprel 2025-ci il tarixdə, saat 12:18-dən saat 21:12-dək olan müddət ərzində telefonda danışıqlar qeydə alınmış, habelə 30 aprel 2025-ci il tarixdə, saat 17:08-dən 20:21-dək olan müddət ərzində İran mobil telefon operatorlarına məxsus +98 (910) ***-**-** nömrəsi ilə də danışıqları aparılmışdır. İşdə olan, “Maddi sübut hesab edilməsi haqqında” 02 may 2025-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 22 may 2025-ci il tarixli qərarlarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 3999,5 qram qurudulmuş marixuana, qalıq 1989,6 qram metamfetamin, həmçinin bir ədəd “Samsung” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra BMCMİ-nin) Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, habelə əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şəxsin üzərində yoxlama ilə və təqdim edilmiş maddi sübutlara baxış keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 01 may 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 22 may 2025-ci il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən X1 barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 22 may 2025-ci il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən “Hadi” adlı şəxs və qeyrilərinin barəsində CM-nin 206.3.2 və 234.4-1-ci maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid və Rahilə Mirzəyevanın ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (iranlı ilə razılaşmasına görə götürəcəyi torbanın içərisində qızıl məmulatının olması, iranlının göndərdiyi torbanın içərisində narkotik maddələr olmasını əvvəldən bilməməsi, Cəlilabad rayonun ərazisinə narkotik maddə götürmək üçün yox, qızıl məmulatını götürmək üçün getməsi və narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid və Rahilə Mirzəyevanın ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şəxsin üzərində yoxlama, habelə təqdim edilmiş maddi sübutlara baxış keçirilməsi ilə bağlı protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni iranlı ilə razılaşmasına görə götürəcəyi torbanın içərisində qızıl məmulatının olması, iranlının göndərdiyi torbanın içərisində narkotik maddələr olmasını əvvəldən bilməməsi, Cəlilabad rayonun ərazisinə narkotik maddə götürmək üçün yox, qızıl məmulatını götürmək üçün getməsi və narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid və Rahilə Mirzəyevanın ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şəxsin üzərində yoxlama, habelə təqdim edilmiş maddi sübutlara baxış keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, bir ədəd torbada aşkar olunmuş qurudulmuş marixuana və metamfetamin kütlələrinin ona məxsus olmasını və həmin maddələri tanış olduğu “Hadi” adlı İran vətəndaşı ilə danışıb əldə etdiyini, 1000 manat qarşılığında həmin maddələri Bakı şəhərinə aparıb deyiləcək yerə çatdırmalı olduğunu bildirib ittihamda göstərilən bütün halları təsdiq etmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik və psixotrop maddələr əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ və İİ Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddə narkotik vasitə və “Metamfetamin” olan maddə psixotrop maddədir. Qurudulmuş marixuananın 5 qramdan və metamfetamin 0,15 qramdan artıq hissəsi xeyli miqdar, qurudulmuş marixuananın 500 qramdan 50000 qramadək və metamfetaminin 2 qramdan 400 qramadək hissəsi külli miqdar, qurudulmuş marixuananın 50000 qramı və metamfetaminin 400 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 1990 qram metamfetamin xüsusilə külli miqdar və 4000 qram qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətkar qrupun üzvləri ilə razılaşmasına əsasən qazanc əldə etmək məqsədi ilə (müəyyən miqdarda pul müqabilində xüsusilə külli və və külli miqdarda psixotrop və narkotik maddələri qrupun digər üzvlərinə çatdırılmasına görə) xüsusilə külli miqdarda metamfetamin və külli miqdarda qurudulmuş marixuana əldə edib, saxlayıb, daşıması onun həmin maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda metamfetamin və külli miqdarda qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4-1-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 aprel 2025-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Bakı şəhəri Oktyabr Rayon Xalq Məhkəməsinin 23 avqust 1984-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qüvvədə olmuş CM-nin 143-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Xalq Məhkəməsinin 22 may 1986-cı il tarixli qərarı ilə cəkilməmiş cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin 19 mart 1987-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qüvvədə olmuş CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin 03 mart 1993-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qüvvədə olmuş CM-nin 143-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 24 avqust 1996-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin 08 may 1997-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qüvvədə olmuş CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 26 mart 2004-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Ağsu Rayon Məhkəməsinin 18 sentyabr 2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 300 manat miqdarında cərimə cəzasına məhkum edilmiş və barəsində amnistiya qərarı tətbiq edilib cərimə cəzasından azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin müddəalarına əsasən məhkəmə hesab edir ki, qeyd olunan hökmlər üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və hazırda o, məhkumluğu olmayan şəxsdir. İşdə olan sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs evlidir və ünvan 1 ünvanda yaşamışdır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrdə göstərilən və başqa) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CM-nin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətdiyinə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 30 aprel 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 3999,5 qram qurudulmuş marixuana və 1989,6 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X5 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut olan və DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs arvadı Rəhilə Mirzəyevaya (ünvan: ünvan 2nayət işinə əlavə edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şəxsin üzərində yoxlama ilə və təqdim edilmiş maddi sübutlara baxış keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 30 aprel 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 3999,5 qram narkotik vasitə olan qurudulmuş marixuana və 1989,6 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Habelə hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs arvadı X2 (ünvan: ünvan 3 olan və cinayət işinə əlavə edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şəxsin üzərində yoxlama ilə və təqdim edilmiş maddi sübutlara baxış keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim:Oruc Cəlilov Hakimlər: Xamməd Nuriyev Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar